Məhkəmə qərarları › İş №2(103)-5709/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5709/2024

30.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5709/2024 30.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə Açar sözlər: apellyasiya şikayətinin geri qaytarılması Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X4 (sədrlik edən və məruzəçi), X7 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 25 iyun 2024-cü il il tarixli, e-2(008)-2967/2024 nömrəli qərardadından Cavabdeh şikayətinə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, 16 iyun 2017-ci il təvəllüdlü X2 və 10 yanvar 2023-cü il təvəllüdlü X1 üçün hər ay 800 manat alimentin və 10 yanvar 2023-cü il təvəllüdlü X3 3 yaşına çatanadək iddiaçı üçün hər ay 100 manat alimentin cavabdehdən tutularaq ona verilməsi barəsində qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 06 may 2024-cü il tarixli 2(008)- 2967/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, 04 mart 2024-cü il tarixdən başlayaraq, 16 iyun 2017-ci il təvəllüdlü X2 və 10 yanvar 2023-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay aylıq əmək haqqının (başqa gəlirlərinin) 1/3 hissəsində aliment Cavabdeh tutularaq İddiaçı verilməsi, 04 mart 2024-cü il tarixdən hesablanmaqla, 10 yanvar 2023-cü il təvəllüdlü X3 3 yaşına çatanədək uşağa qulluğa görə anaya hər ay 100 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq, İddiaçı verilməsi qət edilmişdir/

3. Qətnamə 23 may 2024-cü il tarixdə tərəflərin elektron kabinetinə yerləşdirilmişdir.

4. Həmçinin, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 10 iyun 2024-cü il tarixli 2(008)- 2967/2024 nömrəli qərardadına əsasən qətnamədə yol verilmiş yanlışlıq aradan qaldırılması qərara alınmışdır.

5. Cavabdeh 24 iyun 2024-cü il tarixdə məhkəməyə apellyasiya şikayəti təqdim edərək, qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 25 iyun 2024-cü il il tarixli, e-2(008)- 2967/2024 nömrəli qərardadı ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır.

7. Qərardadın əsaslarına görə, qətnamə qanunvericiliyin tələblərinə uyğun olaraq 23 may 2024-cü ildə elektron kabinetə yerləşdirilməklə cavabdehin nümayəndəsi Vəkil2 çatdırılmışdır. Cavabdehin həmin tarixdən 1 ay müddətində qətnamədən apellyasiya şikayəti vermək hüququ var. Lakin cavabdehin nümayəndəsi Vəkil2 qanunvericiliklə müəyyən edilmiş 1 aydan çox vaxt keçməklə, xx.xx.2024-cü ildə apellyasiya şikayəti vermiş, tərəfindən qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edən ərizə təqdim edilməmişdir.

8. Həmin qərardaddan Cavabdeh tərfindən şikayət verilmişdir.

9. Şikayətin dəlillərinə görə, Sabunçu Rayon Məhkəməsinin 06 may 2024-cü il tarixli 2(008)-2967/2024 saylı qətnaməsi 23 may 2024-cü il tarixdə cavabdeh tərəfə elektron kabinet vasitəsilə təqdim edilmişdir. Həmin tarixdən etibarən 1 aylıq müddətin sonuncu günü 23 iyun 2024-cü il tarixi hesab olunmalıdır. Lakin 23 iyun 2024-cü il tarixi qeyri-iş gününə düşdüyünə görə,apellyasiya şikayəti 24 iyun 2024-cü il tarixdə təqdim edilmişdir. Məhz bunu nəzərə alaraq, cavabdeh tərəf, təqdim etdiyi apellyasiya şikayəti ilə birlikdə buraxılmış prosessual müddətin bərpa olunmasına dair ərizə verməmişdir. Belə ki, prosessual müddətin 24 iyun 2024-cü il tarixdə saat 24:00-də bitdiyi nəzərə alınaraq, apellyasiya şikayəti prosessual müddət daxilində verilmişdir və belə olan halda, buraxılmış prosessual müddətin bərpa olunmasına dair ərizə verilməsi zərurəti yaranmamışdır

10. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 12 avqust 2024-cü il il tarixli, e-2(008)- 2967/2024 nömrəli qərardadına əsasən şikayət təmin olunmayaraq işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

Tətbiq edilən hüquq

11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir; Maddə 129.2. Müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur. Maddə 129.3. Edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir; Maddə 133.3. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.); Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Maddə 360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Maddə 363.1. Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır: Maddə 363.1.3. apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə; Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək;

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

12. İş materiallarından görünür ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 06 may 2024-cü il tarixli 2(008)-2967/2024 nömrəli qətnaməsi Cavabdeh elektron kabinetinə 23 may 2024-cü il tarixində yerləşdirilmişdir. Qətnamədən şikayət verilməsi üçün müddət aylarla hesablandığından bu halda müddətin sonuncu günü 23 iyun 2024-cü ildir.

13. Lakin 23 iyun 2024-cü il hətənin bazar, yəni, qeyri – iş gününə təsadüf edir. Belə olduğu halda MPM-nin 129.2-ci maddəsinə əsasən müddətin sonuncu günü növbəti iş günü, yəni, 24 iyun 2024-cü il hesab olunur .

14. Cavabdeh tərəfindən də apellyasiya şikayəti məhz həmin gün - 24 iyun 2024-cü il tarixdə elektron kabinet vasitəsilə verilmişdir.

15. Belə olduğu halda, işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğvinə əsasən verdiyindən şikayət təmin olunmalıdır.

16. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:

Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 25 iyun 2024-cü il il tarixli, e- 2(008)- 2967/2024 nömrəli qərardadından Cavabdeh verdiyi şikayət təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 25 iyun 2024-cü il il tarixli, e- 2(008)- 2967/2024 nömrəli qərardadı ləğv edilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar