Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5719/2021 17.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı, cavabdeh “Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “avtomobilə dəymiş zərərin, mənəvi zərərin və sığorta ödənişinin verilməsinin gecikdirilməsinə görə dəbbə pulunun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə (Şirkət) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 07.10.2020-ci il tarixdə saat 18:30 radələrində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində mülkiyyətində olan “Audi Q7” markalı avtomobilə dəymiş zərərin əvəzi qismində 4000 manatın, maddi və mənəvi zərərin əvəzi olaraq 500 manatın, həmçinin sığorta ödənişinin gecikdirilməsinə görə hər gecikdirilən gün üçün sığorta ödənişinin 0,1 faizi həcmində dəbbə pulunun Şirkətdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, 07.10.2020-ci il tarixdə saat təxminən 17:00-18:00 radələrində istifadəsində və mülkiyyətində olan ‘‘Audi Q7” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Binəqədi rayonu ərazisində qanunverciliyin bütün tələblərinə riayət edərək geriyə dönmə əməliyyatını yerinə yetirərkən hərəkət etdiyi yolun əks istiqamətindən gələn X2 idarə etdiyi “Mercedes Ateco” markalı **-OK-*** dövlət qeydiyyat nişanlı avtomobil onun avtomobilinə dəymiş, yol nəqliyyat hadisəsi barədə dərhal “Mercedes Ateco" markalı avtomobilin icbari sığorta olunduğu Şirkətə məlumat vermiş, hadisədən bir gün sonra Elşad Dünyamalıyevlə birlikdə Daxili İşlər Nazirliyinin X8 İdarəsinin Binəqədi rayon şöbəsinə yaxınlaşmış, şöbədə DYP əməkdaşı hadisə yerinin sxemini çəkmiş və yol-nəqliyyat hadisəsinin həqiqətən də Elşad Dünyamalıyev tərəfindən törədilməsini bildirmişdir. Bu barədə müvafiq protokol tərtib edilmiş, hadisə nəticəsində dəymiş zərərin ödənilməsi məqsədilə 025096 saylı arayış aidiyyəti üzrə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə göndərilmişdir. 12.10.2020-ci il tarixdə dəymiş zərərin ödənilməsi üçün Şirkətə yaxınlaşmış, zərərin əvəzinin ödənilməsinin pul vəsaitinin onun hesabına keçirilməsi ilə deyil avtomobilin şirkət tərəfindən təmir edilməsinə razılıq vermiş, cavabdeh tərəfindən avtomobilə dəymiş zərərin müəyyən edilməsi ilə bağlı qiymətləndirilmə keçirilmiş və dəymiş zərər müəyyən olunmuş, avtomobil təmir edilməsi məqsədilə 15.10.2020-ci il tarixdə “'Volvo” Bakı mərkəzinə yönləndirilmişdir. Avtomobil təmir edilməyə başlanmış, təxminən 7 gün sonra servisdən ona zəng edilərək bildirilmişdir ki, Şirkət avtomobilin təmiri üçün nəzərdə tutulmuş ödənişi etməkdən boyun qaçırır və yol nəqliyyat hadisəsi ilə bağlı araşdırmanın aparıldığını bildirir. Bundan sonra cavabdeh Şirkətə dəfələrlə yaxınlaşmasına və zəng etməsinə baxmayaraq, işin yenidən araşdırıldığı barədə ona konkret hər-hansı sübut təqdim edilməmiş, avtomobil uzun müddət sığorta şirkətinin səhlənkarlığı ucbatından “Volvo” Bakı mərkəzində təmir edilməmiş vəziyyətdə qalmışdır. Sonda məcburi halda borc-xərc edərək özü avtomobilini təmir etdirmiş, təmirə 4000 manat xərci çıxmışdır. Şirkətdən ona bildirilmişdir ki, DYP-nin yol nəqliyyat hadisəsi ilə bağlı qəbul etdiyi qərar mübahisələndirilir və DYP əməkdaşı barəsində hüquq-mühafizə orqanlarına müraciət edəcəklər. Lakin hadisədən 3 aydan artıq vaxt keçməsinə baxmayaraq ona dəymiş zərərin əvəzi ödənilməmiş və ya rəsmi qaydada dəymiş zərərin əvəzinin ödənilməsindən imtina edilməmişdir. Avtomobil servisdə qaldığı müddətdə o, həm maddi, həm də mənəvi zərərə məruz qalmış, dəfələrlə servis mərkəzinə, cavabdeh təşkilatın ünvanına yaxınlaşması, telefon danışıqları aparmağı onun üçün ciddi problemlər yaşatmışdır. Əsəb sistemi kəskin şəkildə pozulmuş, dəfələrlə müxtəlif dərman vasitələrindən, hər dəfə sözügedən müəssisələrə yaxınlaşması üçün taksi xidmətindən istifadə etmişdir. Həmçinin avtomobili boş yerə servis mərkəzində təxminən 1 aydan artıq müddətində qaldığı üçün işdən qalma halları dəfələrlə baş vermiş, bu isə öz növbəsində əmək haqqının müəyyən hissəsinin kəsilməsinə təsir göstərmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbləri qismən təmin edilmiş, 07.10.2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı mülkiyyətində olan “Audi Q7” markalı avtomobilə dəymiş 4000 manat məbləğində zərərin və hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində 600 manat dəbbə pulunun, eləcə də 30 manat dövlət rüsumunun Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkətindən tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Qətnamədən Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin 1500 manat məbləğində təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini məhkəmənin sübutlara düzgün qiymət vermədiyi, iddiaçının yol-nəqliyyat hadisəsi barədə Şirkətə hadisədən 5 gün sonra məlumat verdiyini və beləliklə də avtomobilə dəymiş ziyanın məbləğinin müəyyənləşdirilməsinə şərait yaratmadığını nəzərə almadığı, tərəflərindən təqdim edilmiş qüsur aktını “yeni” adlandıraraq əsassız yerə onun mötəbərliliyini şübhə altına aldığı, iddiaçı tərəfindən hansı formada tərtib edildiyi belə bilinməyən qüsur aktı əsas götürməklə və iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin etməyərək qanunvericiliyin tələblərini pozduğu, dəbbə pulunun hesablanması ilə bağlı mülki qanunvercilik müddəalarını yanlış tətbiq etdiyi arqumentləri ilə əsaslandırmışdır. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək izahatında həmçinin, təmsil etdiyi şirkətin iddiaçıya dəymiş real ziyanı ödəməkdən imtina etmədiyini, iddiaçını göndərdikləri “X6”nin qiymətləndirməsi ilə razılaşmadıqları üçün öz mütəxəssisləri tərəfindən yenidən qiymətləndirmə həyata keçirdiklərini, iddiaçıya 1500 manat ödəməyə razı olduqlarını, iddiaçının dəbbə pulu tələbinin əsassız olduğunu, qanunvericiliyin tələblərinə görə 7 iş günü ərzində sığorta ödənişi ödənilmədiyi təqdirdə dəbbə pulunun hesablana biləcəyini, iddiaçının qanunvericilikdə göstərilmiş sənədlərin sonuncusunu nə zaman Şirkətə təqdim etməsi ilə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etmədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmiş, işə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış üçüncü şəxsin (Daxili İşlər Nazirliyinin X7 İdarəsi) nümayəndəsi isə məhkəməyə gəlməmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Kollegiya qeyd edir ki, hazırkı apellyasiya baxışı Şirkətin, qətnamənin iddianın qismən təmin edilərək 4000 manat məbləğində sığorta ödənişinin, 600 manat dəbbə pulunun və 30 manat dövlət rüsumunun ondan alınaraq iddiaçıya verilməsi ilə bağlı hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması məzmunlu şikayəti əsasında başlanılmış, qətnaməni iddiaçı ümumiyyətlə mübahisələndirməyərək, əksinə, onun qüvvədə saxlanılmasını xahiş etmişdir. Başqa sözlə, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilmədiyi hissədə mübahisələndirilməmişdir və bu səbəblə də hazırkı apellyasiya baxışı mübahisələndirilən hissə ilə məhdudlaşmaqdadır. Eyni zamanda nəzərə alınmalıdır ki, cavabdeh Şirkət qətnamənin ləğvini xahiş etsə də, əslində onun şikayəti qətnamənin dəyişdirilməsinə yönəlmiş, iddiaçının xeyrinə daha az məbləğdə pul tutulması barədə qətnamə çıxarılması xahiş olunmuşdur. Həmçinin qeyd olunmalıdır ki, Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası bu kontekstdə izahatları dinləyib, şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən olunmuş və mübahisələndirilməyən hallarına görə, 07.10.2020-ci il tarixdə saat 18:30 radələrində Binəqədi rayonunun Natavan küçəsində X2 idarə etdiyi “Mercedes Ateco” markalı **-OK-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı idarə etdiyi “Audi Q7” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, hadisə nəticəsində “Audi Q7” markalı avtomobilə ziyan dəymiş, X1 Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 40 manat cərimə edilmişdir. İşin müəyyən olunan halı həmçinin ondan ibarətdir ki, “Mercedes Ateco” markalı **- OK-*** dövlət qeydiyyat nişanlı avtomobil 10.12.2019-cu il tarixli PDS********** saylı müqavilə əsasında 26.12.2019-cu il tarixdən 26.12.2020-ci il tarixədək Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən icbari sığorta olunmuşdur. İşin hallarından aydın olur ki, yol-nəqliyyat hadisəsinin baş verməsindən sonra iddiaçıya məxsus avtomobilə dəymiş ziyan avtomobilin rəsmi dileri olan “xxxx” MMC-də qiymətləndirilərək ziyan məbləğinin 7845 manat təşkil etdiyi təsbit olunmuş, cavabdeh şirkətin bilavasitə özünün iddiaçını yönləndirdiyi (göndərdiyi) “X6”nin tərtib etdiyi 19.10.2020-ci il tarixli aktda bu məbləğin 4000 manat olduğu müəyyənləşdirilmiş, iddiaçı tərəfindən həmin məbləğ adı çəkilən müəssisəyə ödənilmiş, cavabdeh müəssisənin özünün tərtib etdiyi aktda isə ziyanın cəmi 1500 manat təşkil etdiyi göstərilmişdir. Dövlət Sığorta Kommersiya Şirkəti, “Mercedes Ateco” markalı **-OK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün mülki məsuliyyətinin tərəfindən sığortalanmış olduğunu və 07.10.2019-cu il tarixdə sığorta hadisəsinin baş verərək həmin sürücünün təqsirindən iddiaçının avtomobilinə ziyan dəydiyini mübahisələndirmir; mübahisəli olan, sığorta hadisəsi nəticəsində iddiaçıya dəymiş ziyanın məbləği ilə bağlıdır ki, bununla əlaqədar Dövlət Sığorta Kommersiya Şirkətinin irəli sürdüyü arqumentə görə məhz özünün təqdim etdiyi akt mötəbər sübut kimi nəzərə alınaraq iddiaçıya 1500 manat sığorta ödənişi verilməlidir. Başqa sözlə Dövlət Sığorta Kommersiya Şirkəti, sığorta hadisəsinin baş verdiyini, bunun nəticəsində iddiaçının əmlakına ziyan dəydiyini, ziyanın onun sığortalısının törətdiyi hadisədən qaynaqlandığını mübahisələndirməməkdədir və bu səbəblə kollegiya, tərəflərin mübahisələndirmədikləri hallarla əlaqədar əlavə əsaslandırma aparmayaraq özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipi ilə izah edir. Mülki Prosessual Məcəllənin 80-ci maddəsində əksini tapmış həmin prinsipə əsasən məhkəmə prosesində yalnız elə faktlar və hallar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər. Birinci instansiya məhkəməsi məhz “X6”nin rəyini əsas götürərək sığortalanmış avtomobilə 4000 manat məbləğində ziyan dəydiyi və həmin məbləğin cavabdeh şirkətdən tutulmalı olduğu qənaətinə gəlmişdir. Kollegiya birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşır və iş materiallarında olan qüsur aktlarını, avtomobilin hadisədən sonra çəkilmiş fotoşəkillərini və tərəflərin izahatlarını müqayisəli şəkildə təhlil edərək belə nəticəyə gəlir ki, məhkəmə, iddiaçının avtomobilinə dəymiş zərərin həcmi kimi məhz cavabdeh şirkətin özünün təşəbbüsü ilə qiymətləndirməni həyata keçirən “X6”nin tərtib etdiyi aktı əsas götürməkdə haqlı olmuşdur. Cavabdeh şirkətin təqdim etdiyi aktla bağlı isə qeyd olunmalıdır ki, həmin aktda göstərilən qiymətlərin necə və kim tərəfindən, hansı qiymətləndirmə (servis) müəssisənin rəyinə əsasən hesablandığı qeyri-müəyyəndir və birtərəfli tərtib olunan həmin akt zərərin miqdarının müəyyənləşdirilməsi üçün əsas ola bilməz. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 926.1-ci maddəsinə görə, sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır; 925.3-cü maddəsinə əsasən isə, sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi sığorta qanunvericiliyinin tələbləri nəzərə alınmaqla, təyin olunan müstəqil ekspert tərəfindən aparılır. “İcbari sığortalar haqqında” Qanunun 16.4-cü maddəsinə görə isə, sığortaçı sığorta hadisəsinin baş verməsi barədə məlumatlandırıldığı tarixdən 7 iş günü müddətində əmlaka dəymiş zərərin məbləğinin qiymətləndirilməsini təşkil etmədikdə sığortalı və sığorta olunan, həmçinin zərər çəkmiş üçüncü şəxs təyin etdiyi qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert və ya mütəxəssis vasitəsilə əmlaka dəymiş zərərin ədalətli şəkildə qiymətləndirilməsinə və aradan qaldırılmasına başlaya bilər. Bu halda əgər sığortaçı əmlaka dəymiş zərərin vaxtında qiymətləndirilməməsini əmlak sahibinin ölümü və ya xəstəliyi, həmçinin sığortalının, sığorta olunanın və ya zərər çəkmiş üçüncü şəxsin əmlakın qiymətləndirilməsi üçün şərait yaratmaması nəticəsində baş verdiyini sübut edə bilməsə, o, zərər çəkmiş üçüncü şəxs tərəfindən bu maddədə nəzərdə tutulmuş qaydada həyata keçirilmiş qiymətləndirmənin nəticələrini qəbul etməlidir. İşin hallarından göründüyü kimi, cavabdeh şirkət sığorta hadisəsi barədə məlumatlandırıldığı tarixdən sonrakı 7 iş günü ərzində avtomobilə dəymiş ziyanın məbləğinin qiymətləndirilməsini həyata keçirməmiş, iddiaçının sığorta ödənişinin verilməsi barədə 16.11.2020-ci il tarixli müraciətinə cavab verməmiş və avtomobil iddiaçının özü tərəfindən təmir etdirilmişdir. Kollegiya, birinci instansiya məhkəməsinin iddiaçıya, 16.10.2020-ci il tarixdən qətnamənin çıxarıldığı 16.03.2021-ci il tarixədək olan 150 günün hər günü üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödənilməli olması barədə gəldiyi nəticəni də əsaslı hesab edir. Belə ki, “İcbari sığortalar haqqında” Qanunun 18.1-ci maddəsinə görə, bu Qanunun 17.1-ci maddəsində göstərilən sənədlərdən sonuncusunun sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, müvafiq hallarda zərərin qiymətləndirilməsi, əmlakın təmiri, bərpası və ya yenisi ilə əvəz edilməsi üçün yazılı qaydada təsdiqlənən tədbir görməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verməlidir. Həmin Qanunun 18.2-ci maddəsinə görə isə, sığortaçı sığorta ödənişini bu Qanunun 18.1-ci maddəsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. Kollegiya cavabdeh şirkətin apellyasiya şikayətində irəli sürdüyü, iddiaçının hadisə barədə vaxtında məlumat vermədiyi arqumentini də əsassız hesab edir. Belə ki, birincisi, iddiaçının sığorta hadisəsi barədə məlumatı hadisədən 5 gün sonra verdiyinə dair hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Digər tərəfdən, Mülki Məcəllənin “sığorta hadisəsi barədə məlumatlandırma” başlıqlı 923-cü maddəsinə əsasən, sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir. Sığorta hadisəsinin baş verməsi barədə sığortaçıya məlumat vermiş sığortalı və ya sığorta olunan şəxs, həmçinin faydalanan şəxs bu Məcəllənin 923.1-ci maddəsində nəzərdə tutulmuş səlahiyyətli dövlət orqanlarına həmin hadisə barədə xəbər verməmişdirsə sığortaçı qeyd olunan orqanları bu hadisə barədə dərhal məlumatlandırmalıdır. “İcbari sığortalar haqqında” Qanunun 13.5-ci maddəsinə görə isə, sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi barədə məlumat sığortaçıya şifahi qaydada verildikdə, şifahi məlumatın verildiyi vaxtdan 3 iş günü müddətində sığortaçı yazılı sığorta tələbinin formasını sığorta olunana və (və ya) faydalanan şəxsə təqdim etməlidir. Kollegiya hesab edir ki, tərəflər arasındakı münasibətləri tənzimləyən qanunvericilik müddəalarının yuxarıda göstərilən məzmunları konteksində iddiaçının, 07.10.2020-ci il tarixində gecə saatlarında baş vermiş hadisə barəsində hətta cavabdehin irəli sürdüyü kimi 5 gün sonra məlumat verməsi belə, sığorta ödənişinin verilməsindən imtina üçün əsas ola bilməzdi və qeyd olunan müddət “mümkün olan ən qısa müddət” olaraq qiymətləndirilməlidir. Həmçinin nəzərə alınmalıdır ki, “dərhal” ifadəsi qısa vaxt dövrünü bildirən mücərrəd ifadə olmaqla, hər bir hadisənin baş vermə yeri və vaxtı baxımından qiymətləndirilməlidir və barəsində məlumat verilməli olan hadisənin mahiyyətindən (yerindən, baş vermə vaxtından, şəraitindən və s.) asılı olaraq “dərhal”lıq 1 saat, 1 gün, 3 gün, hətta üç gündən çox da ola bilər. Qaldı ki, sığorta ödənişinin verilməsindən imtina etmək üçün cavabdeh şirkətin istinad etdiyi sözügedən arqumentin konkret mübahisə üzrə ümumiyyətlə imtinaya əsas verməli olub-olmadığı məsələsi də mülki qanunvericiliyin əlaqədar maddələrinin məzmunu və məqsədləri baxımından qiymətləndirilməlidir. Mülki Məcəllənin 935-ci maddəsinə görə, bu Məcəllənin 923.1-ci maddəsinin tələblərinə əməl edilməməsi nəticəsində sığortaçının hadisənin sığorta hadisəsi olubolmamasını müəyyənləşdirmək imkanından məhrum olması; bu Məcəllənin 935.2-ci maddəsi nəzərə alınmaqla, sığorta predmeti, həmçinin sığorta olunan şəxs və (və ya) sığorta hadisəsi barəsində sığortalının sığortaçıya qəsdən yanlış məlumat verməsi nəticəsində sığortaçının sığorta riskini qiymətləndirmək, həmçinin sığorta hadisəsinin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması sığorta ödənişinin verilməsindən imtina üçün əsasdır. Göründüyü kimi, cavabdeh şirkətin istinad etdiyi “vaxtında məlumat verilməməsi” arqumenti yalnız o halda sığorta ödənişinin ödənilməsindən imtinaya əsas verir ki, məlumatın gec verilməsi, yaxud “dərhal” kimi qiymətləndirilə bilən müddət ərzində verilməməsi sığortaçının hadisənin sığorta hadisəsi olub-olmamasını müəyyənləşdirmək imkanından məhrum olması ilə nəticələnmiş olsun; sığortalının verdiyi yanlış məlumatlar isə sığortaçını “sığorta riskini qiymətləndirmək, həmçinin sığorta hadisəsinin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum” etdiyi zaman imtinaya əsas verə bilər. Halbuki, yuxarıda gəldiyi qənaətə uyğun olaraq kollegiya hesab edir ki, iddiaçı sığorta hadisəsi barədə məlumatı “dərhal” ifadəsini də ehtiva edən mümkün olan ən qısa zamanda vermişdir və sığortaçını hadisənin sığorta hadisəsi olub-olmamasını müəyyənləşdirmək imkanından məhrum edəcək qədər uzun müddət olmamışdır. Xüsusilə nəzərə alınmalıdır ki, cavabdeh şirkət sığorta hadisəsinin mövcudluğunu mübahisələndirməyərək əmlaka dəymiş ziyanın 1500 manat olduğunu irəli sürmüşdür. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə işin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin həmin hissədə ləğvi üçün əsas təşkil etmir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2578/2021 saylı iş üzrə 16 mart 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni “07.10.2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı mülkiyyətində olan “Audi Q7” markalı avtomobilə dəymiş 4000 manat məbləğində zərərin və hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində 600 manat dəbbə pulunun, eləcə də 30 manat dövlət rüsumunun Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkətindən tutularaq İddiaçı ödənilməsi” hissəsində dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkətinə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-5719/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5719/2021
17.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver