Məhkəmə qərarları › İş №2(103)-5721/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5721/2021

16.06.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5721/2021 16.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, İddiaçı, onun vəkili Vəkil2, Cavabdeh “xxxx” QSC-nin nümayəndəsi X1, vəkili Vəkil1 iştirakı ilə, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 11mart 2021-ci il tarixli, 2(006)-2096/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxx” QSC-yə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı əmək müqaviləsi əsasında “xxxx” QSC-də müxtəlif vəzifələrdə işləmiş, sonuncu vəzifəsi Cəmiyyətin Təchizat və təmır-tikinti xidmət departamenti, təchizat anbarının YSM üzrə mütəxəssis vəzifəsi olmuşdur. İddiaçı cavabdeh müəssisədə 40 ildən çox qüsursuzişləmiş, işlədiyi müddətdə heç bir intizam tənbehi olmamış, yalnız müxtəlif mükafatlarla mükafatlandırılmışdır. Cəmiyyətin 1/3 nömrəli, 07.01.2021-ci il tarixli əmri ilə ştat vahidinin ləğv edilməsi əsası ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ləğv edilmişdir. İddiaçı hesab edir ki, həmin əmr qanunsuzdur, onun işdən çıxarılması ilə Əmək Məcəlləsinin maddələri pozulmuşdur. Əmrdə həmkarlar təşkilatının qərarına istinad edilsə də, həmin qərarın tarixi kimi 23 sentyabr 2020-ci il göstərilmiş, iddiaçı isə 07.01.2021-ci ildə işdən azad edilmişdir. Həmkarlar təşkilatının qərarından 4 ay sonra iddiaçının işdən çıxarılması haqqında qərar qəbul edilmişdir. Halbuki, işçi işdən azad edilərkən onun işdən azad edilməsi barədə razılıq alınır, 4 ay əvvəldən yox. İddiaçı həmkarlar təşkilatının üzvü olsa da, həmin qərarın qəbul edilməsi zamanı iclasda iştirak etməmiş, qeyd edilən qərarın nə barədə olması iddiaçıya məlum deyildir. Ölkə başçısı - Azərbaycan Respublikasının Prezidenti llham Əliyev cənabları dəfələrlə çıxışlarında və rəsmi bəyanatlarında pandemiya rejimində işçilərin işdən çıxarılmalarının və əmək haqlarının verilməməsinin yolverilməzliyini diqqətə çatdırmış və bu barədə tapşırıqlar vermişdir. Lakin buna baxmayaraq cavabdeh təşkilat hətta ölkə başçısının tapşırıqlarını da yerinə yetirməmişdir. Belə ki, Azərbaycan Respublikasının Prezidenti Gəncə şəhərində modul tipli xəstəxananın açılışı zamanı çıxışında (dərc tarixi 20.06.2020-ci il) qeyd etmişdir ki, sosial sahədə ixtisarlar olmamalıdır. Cavabdeh isə pandemiya başa çatmamış, karantin rejimi ləğv edilməmiş, əksinə sərtləşdirilmiş bir vaxtda iddiaçını işdən çıxarmışdır. Halbuki, əslində cavabdehdə ştatların ixtisarları aparılmamışdır, belə ki, həm iddiaçı işdən çıxarıldığından əvvəl, həm də sonra müxtəlif şəxslər işə qəbul edilmişlər. Əgər boş iş yeri vardısa həmin iş yerləri ilk növbədə iddiaçıya təklif edilməli idi ki, bu da edilməmişdir. İddiaçıya təklif edilən operator işinə yazılı razılıq versə də, həmin işə keçirilməmişdir. İddiaçının pensiya yaşına çatmasına iki il müddət qalmışdır, başqa gəlir yeri yoxdur, bu yaşda iddiaçının başqa müəssisədə işə düzəlməsi də problemlidir, özü də dekabr ayında koronavirus ilə yoluxmuş, həm də şəkər xəstəsidir. Ailəsi 5 nəfərdən ibarətdir, ailədə işləyən tək iddiaçıdır, ondan başqa işləyən yoxdur. Ailəsinin yeganə gəlir yeri ancaq iddiaçının əmək haqqı idi ki, indi bu qazanc mənbəyindən məhrum olmuşdur. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli, 2(006)-2096/2021saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin məzmunu iddia tələbinin məzmunu ilə eynilik təşkil etməklə, şikayətdə qeyd olunur ki, iddiaçı tərəfindən məhkəmə iclasının gedişi zamanı vəsatət verilərək müəssisədə həqiqətən də ixtisarın aparılıb-aparılmamasının müəyyən edilməsi üçün 2020-ci il yanvarın 1-ə və 2021-ci ilin yanvarın 1-ə ştat cədvəllərinin, 2020-ci ilin sentyabr ayından 2021-ci ilin fevral ayına qədər işdən çıxan şəxslərin sayı və boşalan vəzifələr barədə məlumatın, 2020-ci ilin sentyabr ayından 2021-ci ilin fevral ayına qədər işə qəbul olunan işçilərin sayı və vəzifələri barədə məlumatın, cavabdehdə işçilərin sayının azaldılması və ya ştatların ixtisarı ilə bağlı cəmiyyət sədrinin əmrinin təqdim edilməsinin təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Lakin cəmiyyətdə işçilərin sayının azaldılması və ya ştatların ixtisarı ilə bağlı cəmiyyət sədrinin əmri məhkəməyə təqdim edilməmişdir ki, bu da faktiki olaraq cəmiyyətdə ixtisarın aparılmadığını, iddiaçının isə qərəzli şəkildə ştatın ixtisarı bəhanəsilə işdən çıxarıldığını təsdiq edir. O, şəkərli diabet xəstəliyindən əziyyət çəkir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apelyasiya şikayətini müdafiə etdi, onun məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı vəkili Vəkil2 apelyasiya şikayətini müdafiə etdi, onun məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdeh “xxxx” QSC-nin nümayəndəsi X4 apellyasiya şikayətini qəbul etmədi, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi, izahat verərək göstərdi ki, iddiaçı 15 dekabr 1979-cu il tarixindən Bakı Limanında müxtəlif vəzifələrdə çalışmış və yeni redaktədə bağlanmış 01 dekabr 2016-cı il tarixli əmək müqaviləsinə əsasən inzibati xidmətin Təchizat anbarında YSM üzrə mütəxəssis, 10 iyun 2019-cu il tarixli əmək müqaviləsinə 1 nömrəli əlavəyə uyğun olaraq, Təchizat və təmir-tikinti xidmət departamentinin Təchizat anbarında “YSM üzrə mütəxəssis" vəzifələrində əmək fəaliyyətini davam etdirmişdir. İddiaçı çalışdığı struktur bölmənin rəhbəri 17 mart 2020-ci il tarixli təqdimatla Bakı Limanının Baş direktoruna müraciət edərək iddiaçının tutduğu vəzifə ilə yanaşı digər vəzifələrin də ixtisar olunması barədə vəsatət qaldırmışdır. Təqdimatın əsaslandırma hissəsində “YSM üzrə mütəxəssis” vəzifəsinə aid olan yanacaq və sürtkü yağlarının sifariş olunması və paylanması işlərinin həmin struktur bölmənin tərkibində olan aidiyyəti üzrə Nəqliyyat sahəsinin əməkdaşları tərəfindən icra olunması təklif olunmuş və bu səbəbdən iş həcmi nəzərə alınaraq əlavə ştat vahidi kimi göstərilən vəzifənin saxlanılmasının məqsədəuyğun olmadığı qeyd olunmuşdur. Həmin təqdimata Bakı Limanının Baş direktorunun 08 noyabr 2017-ci il tarixli 3/116 nömrəli əmri ilə yaradılmış “xxxx" Qapalı Səhmdar Cəmiyyətinin İnsan resursları üzrə Komitəsinin 30 iyul 2020-ci il tarixli iclasında müsbət baxılaraq Baş direktora müvafıq təkliflər təqdim edilməsi ilə bağlı qərar qəbul olunmuşdur. Qərara əsasən "YSM üzrə mütəxəssis" vəzifəsinə daxil olan əmək funksiyalarının Nəqliyyat sahəsi tərəfindən həyata keçirildiyi nəzərə alınaraq, bu ştatın ixtisar edilməsinin məqsədəuyğunluğu qeyd edilmiş və göstərilən vəzifəni tutan işçinin, İddiaçı digər mövcud vakansiyalar üzrə qiymətləndirilməsi tövsiyə edilmişdir. Əmək qanunvericiliyinin tələbləri çərçivəsində Bakı Limanı üzrə verilmiş 2020-ci il 11 sentyabr tarixli 1/241 nömrəli əmrə əsasən Təchizat və təmir-tikinti xidmət departamentində optimallaşdırma aparılması məqsədilə 3 ştat vahidi, o cümlədən Təchizat anbarında "YSM üzrə mütəxəssis” vəzifəsi ixtisar edilmiş və bununla bağlı növbəti iş günü, yəni 2020-ci il 14 sentyabr tarixində iddiaçıya yazılı surətdə “Ştat vahidinin ixtisar edilməsi haqqında bildiriş” təqdim edilmişdir. İddiaçı bildirişlə tanış olduğunu imzası ilə təsdiq edərək ştat vahidinin ixtisar edilməsinə etiraz etdiyini qeyd etmişdir. Eyni zamanda iddiaçının ixtisası və peşəkarlıq səviyyəsi nəzərə alınaraq, onun digər işlərdə istifadə edilməsi məsələsinə baxılmış və 21 sentyabr 2020-ci il tarixdə ona təqdim edilmiş növbəti bildirişdə əvvəllər çalışdığı struktur bölmə olan Təchizat və təmir-tikinti xidmət departamentinin Təsərrüfat sahəsində mövcud olan boş vakansiya üzrə “operator (su nasosları üzrə)" vəzifəsinə keçirilməsi təklif olunmuşdur. Həmin vəzifəyə keçirilməsi təklifıni əks etdirən bildirişlə tanış edilməsi və buna münasibətini bildirməsi məqsədilə 23 sentyabr 2020-ci il tarixdə İddiaçı Təchizat və təmir-tikinti xidmət departamentinə dəvət olunmuş və o, bu vəzifədə çalışmaq istəmədiyini bildirərək bildirişi imzalamaqdan imtina etmişdir. Lakin növbəti gün, 24 sentyabr 2020-ci il tarixdə İddiaçı Təchizat və təmir-tikinti xidmət departamentinin müdirinə müraciət etməklə bildirişi imzalamış və Bakı Limanında başqa vakansiyaların olduğu halda ona bu vəzifənin təklif edildiyini, məcburiyyət qarşısında həmin işə razı olduğuna dair mülahizəsini bildirişdə qeyd etmişdir. Bildirişi imzaladıqdan və təklif edilən işə razılaşdıqdan sonra İddiaçı əmək müqaviləsinə edilmiş müvafiq dəyişikliklərin imzalanması məqsədilə insan resursları departamentinə dəvət edilsə də, o, 25 sentyabr 2020-ci il tarixindən etibarən işə gəlməmiş və 879160 nömrəli əmək qabililiyyətinin olmaması vərəqəsi aidiyyəti departamentə təqdim olunmuşdur. İddiaçı işə çıxdıqdan sonra təkrarən insan resursları departamentinə dəvət edilmiş və 13 oktyabr 2020-ci il tarixdə əmək müqaviləsinə edilmiş müvafıq dəyişikliklərin imzalanması üçün həmin departamentdə qəbul edilmişdir. Lakin İddiaçı təklif edilən işin ona uyğun olmadığını bildirərək həmin sənədi imzalamaqdan imtina etmiş və yeni vakansiyaların açılması ümidilə gözləmək istədiyini bildirmişdir. İddiaçının tutduğu vəzifə üzrə ştat vahidinin ixtisarı ilə bağlı əmək münasibətlərində işin normal ahənginə uyğun olmayan tərzdə qeyrimüəyyən davranışı və qərarını tez-tez dəyişməsi halları 23 sentyabr 2020-ci və 13 oktyabr 2020-ci il tarixli aktlarla rəsmiləşdirilmişdir. Bu müddətdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77.1-ci maddəsinə uyğun olaraq əmək stajı əsasında müəyyən olunan xəbərdarlıq müddətinin (9 təqvim həftəsi) axımı müvafiq bildirişin təqdim edilmə vaxtından - 2020-ci il 14 sentyabr tarixindən hesablanmaqla davam etmiş və həmin müddət ərzində Məcəllənin 77.2-ci maddəsinə əsasən İddiaçı hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarması üçün şərait yaradılmışdır. Eyni zamanda həmkarlar ittifaqının üzvü olmuş İddiaçı Məcəllənin 80-ci maddəsinin tələblərinə uyğun olaraq bu Məcəllənin 70-ci maddəsinin “b” bəndində göstərilən əsasla əmək müqaviləsinin ləğv edilməsinə razılıq verilməsi üçün "Limançı" həmkariar ittifaqı komitəsinə 2020-ci il 23 sentyabr tarixində əvvəlcədən əsaslandırılmıs təqdimatla muraciət edilmiş və həmin Komitənin müvafiq qərarı ilə buna razılıq verilmişdir. Bununla yanaşı xəbərdarlıq dövründə iddiaçı tərəfindən təqdim olunmuş 850861 və 853877 nömrəli digər xəstəlik vərəqələri üzrə də hüquqları təmin edilmiş, ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”yə əsasən müvafiq ödənişlər edilmişdir. 853877 nömrəli xəstəlik vərəqəsi üzrə işdən azad edilmə müddəti bitdikdən və işə başladıqdan sonra xəbərdarlıq müddətinin bitdiyi İddiaçı diqqətinə bir daha çatdırılsa da, o müvafıq vəzifə təklifinin qəbul edilməsi ilə bağlı niyyətini bildirməmişdir. Bununla əlaqədar Bakı Limanının Baş direktorunun 2021-ci il 07 yanvar tarixli 1/3 nömrəli əmri ilə İddiaçı əmək müqaviləsinə Məcəllənin 70-ci maddəsinin “b” bəndində nəzərdə tutulan əsasla xitam verilmiş, eləcə də son haqq-hesab üzrə bütün ödənişlər Bakı Limanı tərəfindən həyata keçirilmişdir. İddiaçının iddia ərizəsində irəli sürdüyü və həqiqəti əks etdirməyən mülahizələri işin halları ilə uyğunsuzluq təşkil edir. Belə ki, iddiaçı iddia ərizəsində Məcəllənin 77-ci maddəsinin müvafiq bəndlərinə istinad edərək əmək müqaviləsinə xitam verilən zaman həmin təminatların Bakı Limanı tərəfindən həyata keçirilmədiyi barədə Məhkəmədə yanlış təəssürat yaratmağa çalışmışdır. Bununla bağlı bildirir ki, qeyd olunduğu kimi, Bakı Limanı tərəfindən həmin normanın tələblərinə uyğun olaraq İddiaçı rəsmi xəbərdarlıq edilmiş, xəbərdarlıq müddəti ərzində iş yeri saxlanılmaqla, hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə azı bir iş günü əmək funksiyasının icrasından azad edilmiş və əmək müqaviləsi ləğv edilərkən əmək stajına uyğun olaraq orta aylıq əmək haqqının iki misli miqdarında işdənçıxarma müavinəti ödənilmişdir. Həmkarlar ittifaqının razılığının əmək müqaviləsinin ləğv edilməsindən “4 ay” öncə verilməsinin düzgün olmaması ilə bağlı iddiaçının mülahizələrinə dair isə bildirir ki, Bakı Limanı tərəfindən Məcəllənin 80-ci maddəsinə uyğun olaraq əsaslandırılmış təqdimat “Limançı” həmkarlar ittifaqı komitəsinə 2020-ci il 23 sentyabrda təqdim edilmiş və bu tarixdə həmin Komitə əsaslandırılmış yazılı qərarını Bakı Limanına təqdim etmişdir. İşin hallarından görünür ki, iddiaçı özü hərəkətləri ilə gözləmə mövqeyi tutaraq, ona edilmiş iş təklifinə münasibətini tez-tez dəyişməklə və həmin ərəfədə xəstəlik vərəqələri təqdim etməklə xəbərdarlıq müddətinin uzanmasına şərait yaratmışdır. Eyni zamanda, iddiaçı həmkarlar təşkilatının üzvü olsa da, onun iclasında iştirak etmədiyini iddia ərizəsində bildirmişdir ki, bu da müvafiq qərarın qüvvəsinə təsir edə bilməz. Belə ki, İddiaçı “Limançı” həmkarlar ittifaqının üzvü olsa da, həmkarlar ittifaqının əsas seçkili icra orqanı olan həmkarlar ittifaqı komitəsinin üzvü olmamış və bu səbəbdən müvafiq qərarın qəbul edilməsində iştirak etməmişdir. Ümumiyyətlə, belə iştirakı nəzərdə tutan hər hansı norma Məcəllədə də müəyyən edilməmişdir. Hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyl halları sübut etmək əvəzinə işin halları barədə yanlış mülahizələr yürütmüş və qüvvədən düşmüş aktlara istinad etmişdir ki, bu da Məhkəmə tərəfindən qəbul edilməməli və nəzərə alınmamalıdır. İddiaçı ona iş təklif edilməməsi barədə iddia ərizəsində qeyd edilən mülahizəsi də tamamilə yanlış və əsassızdır. Belə ki, iddia ərizəsinin növbəti cümləsində iddiaçı ona “operator” vəzifəsinin təklif edildiyini bildirməklə əvvəlki fikrinə zidd olaraq mövcud faktı təkzib etmiş və bununla da Bakı Limanına qarşı uydurma tələb irəli sürdüyünü nümayiş etdirmişdir. İddiaçı “operator” vəzifəsində işləməyə razı olduğuna, lakin həmin işə keçirilmədiyinə dair iddiasına gəldikdə isə, işin faktiki hallarında qeyd edildiyi kimi, o, Bakı Limanı tərəfindən edilmiş iş təklifıni əvvəlcə qəbul etməmiş, növbəti gün bununla razılaşaraq müvafiq bildirişi imzalasa da, daha sonra yenidən fikrini dəyişərək əmək müqaviləsinə edilmiş dəyişikliklərin imzalanmasından imtina etmişdir. Bu hallar da göstərildiyi kimi, müvafiq tarixlər üzrə ayrı-ayrılıqda aktlaşdırılmışdır. Təchizat və təmir-tikinti xidmət departamenti müdirinin “YSM üzrə mütəxəssis” vəzifəsi üzrə əmək funksiyalarının digər struktur bölmə tərəfindən icrası səbəbilə həmin ştatın ixtisar edilməsi barədə istinad edilən təqdimatı Bakı Limanının strukturunda aparılan optimallaşdırma zərurətindən irəli gəlmiş və bu proses çərçivəsində İddiaçı də işçi kimi mənafeyi nəzərə alınaraq ona müvafiq vəzifə təklif edilsə də, bundan imtina etməsi əmək müqaviləsinin ləğvini şərtləndirmişdir. Bununla da Məcəllənin 2-ci maddəsinin 3-cü hissəsi ilə nəzərdə tutulan əmək münasibətlərində tərəflərin mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsipi gözlənilmişdir. Əlavə olaraq, İddiaçı şəkərli diabet xəstəliyinə tutulması barədə iddia ərizəsindəki qeydinin ona işə bərpa edilməsi ilə bağlı hər hansı hüquq vermir. Məcəllənin 79-cu maddəsi, habelə Azərbaycan Respublikasının "Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” 23 dekabr 2003-cü il tarixli 563-İİQ nömrəli Qanununun 8-ci maddəsi ilə işçinin şəkərli diabetlə xəstə olması səbəbinə görə Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağan edilmişdir ki, iddiaçı ilə də əmək münasibətlərinə xitam verilməsi müvafiq əmrdən göründüyü kimi, həmin səbəblə bağlı olmamış, qanunvericilikiə nəzərdə tutulan ştat ixtisarı əsası ilə əlaqədar olmuşdur. Odur ki, iddiaçının bu kimi hallara istinad edərək xitam əmrinin ləğv edilməsini, əvvəl tutduğu vəzifəyə bərpa edilməsini, habelə buraxılmış iş vaxtına görə əmək haqqının ödənilməsini məhkəmədən tələb etməsi heç bir hüquqi əsaslara söykənmir. İddiaçı əmək hüquqlarının pozulması barədə mülahizələrinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə ünvanladığı müraciətlə bağlı X3 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən cavabdehə ünvanlanmış 13.11.2020-ci il tarixli, **********9 nömrəli və 01.12.2020-ci il tarixli **********4 nömrəli məktublarına Bakı Limanında baxılmış və lazımi məlumatlar qeyd edilməklə, eləcə də zəruri sənədlər əlavə edilməklə müvafiq olaraq 03.12.2020-ci il tarixli 2/02-17/1070 nömrəli və 09.12.2020-ci il tarixli 2/02- 17/1084 nömrəli məktublarla cavab verilmişdir. Qeyd olunduğu kimi, təqdim edilmiş məlumat və sənədlərin qanunvericiliyə uyğun olması səbəbindən X3 Xidməti tərəfindən bundan sonra hər hansı əlavə məlumat, sənədlər tələb olunmamış və araşdırma həyata keçirilməmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdeh “xxxx” QSC-nin vəkili Vəkil1 apellyasiya şikayətini qəbul etmədi, nümayəndəsi X1 izahatına uyğun məzmunda izahat verərək, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası bu kontekstdə tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, işdə olan sübutları tədqiq edərək hesab edir ki, iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli, 2(006)-2096/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Kollegiya apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir: İşin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçı 15 dekabr 1979-cu il tarixindən Bakı Limanında müxtəlif vəzifələrdə çalışmış və yeni redaktədə bağlanmış 01 dekabr 2016-cı il tarixli əmək müqaviləsinə əsasən inzibati xidmətin Təchizat anbarında YSM üzrə mütəxəssis, 10 iyun 2019-cu il tarixli əmək müqaviləsinə 1 nömrəli əlavəyə uyğun olaraq, Təchizat və təmir-tikinti xidmət departamentinin Təchizat anbarında “YSM üzrə mütəxəssis" vəzifələrində əmək fəaliyyətini davam etdirmişdir. İş materiallarında olan 11 sentyabr 2020-ci il tarixli 1/241 saylı əmrin surətindən görünür ki, təchizat və təmir-tikinti xidmət departamentinin təchizat anbarında mövcud olan 1 vahid “YSM üzrə mütəxəssis” ştatı ixtisar edilmişdir. İş materiallarında olan 07 yanvar 2021-ci il tarixli 1/3 saylı Əmrdən görünür ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (ştat vahidinin ləğv edilməsi) 07 yanvar 2021-ci il tarixdə xitam verilmişdir. İş materiallarında olan 03 dekabr 1977-ci il tarixli, ИТ-İ seriyalı ******* saylı Əmək kitabçasının surətindən görünür ki, iddiaçı 15 dekabr 1979-cu tarixdə Bakı Dəniz Limanına işə qəbul edilmiş, 07 yanvar 2021-ci il tarixli 1/3 saylı əmrlə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə (ştat vahidinin ləğv edilməsi) əsasən 07 yanvar 2021-ci il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan 14 sentyabr 2020-ci il tarixli bildirişin surətindən görünür ki, 11 sentyabr 2020-ci il tarixli 1/241 saylı "Təchizat və təmir-tikinti xidmətdepartamentinin ştat cədvəlində dəyişiklik edilməsi barədə" əmrə əsasən təchizat və təmir-tikinti xidmət departamentinin təchizat anbarında "YSM üzrə mütəxəssis" ştatının ixtisar edilməsi, xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarması üçün həftənin bir iş günü əmək funksiyasının icrasından azad edilməsi barədə iddiaçıya məlumat verilmişdir. İş materiallarında olan 21 sentyabr 2020-ci il tarixli bildirişin surətindən görünür ki, razılıq verdiyi təqdirdə Təchizat və təmir-tikinti xidmət departamentinin təsərrüfat sahəsində mövcud olan boş vakansiya üzrə “operator (su nasosları üzrə)” vəzifəsinə keçirilməsi iddiaçıya təklif olunmuş, 24 sentyabr 2020-ci il tarixdə İddiaçı Təchizat və təmir-tikinti xidmət departamentinin müdirinə müraciət etməklə bildirişi imzalamış və Bakı Limanında başqa vakansiyaların olduğu halda ona bu vəzifənin təklif edildiyini, məcburiyyət qarşısında həmin işə razı olduğuna dair mülahizəsini bildirişdə qeyd etmişdir. İş materiallarında olan “xxxx” QŞC işçilərinin “Limançı” həmkarlar ittifaqı komitəsinin 23.09.2020-ci il tarixli 13 saylı protokolundan görünür ki, “xxxx” QSC-nin işçisi həmkarlar ittifaqının üzvü İddiaçı barəsində olan təqdimata baxaraq, “xxxx” QSC işçilərinin “Limançı” həmkarlar ittifaqı komitəsi tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-cı maddəsinə əsasən Cəmiyyətin Təchizat və təmir-tikinti xidməti departamentinin, Təchizat anbarında mövcud olmuş 1 ştat vahidi “YSM üzrə mütəxəsis” vəzifəsini tutmuş həmkarlar ittifaqının üzvü olan İddiaçı ilə əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ləğv edilməsinə razılıq verilmişdir. İş materiallarında olan Son haqq hesabın hesablanması haqqında mühasibat arayışından görünür ki, iddiaçının son haqq hesabı 2059,34 manat məbləğində hesablanmışdır. İş materiallarında olan 13 oktyabr 2020-ci il tarixli aktdan görünür ki, iddiaçıya Təchizatvə təmir-tikinti xidmət departamentinin Təsərrüfat sahəsində mövcud olan boş vakansiyaüzrə “operator (su nasosları üzrə)" vəzifəsinə keçirilməsi təklif olunmuş, həmin vəzifəyə keçirilməsi təklifıni əks etdirən bildirişlə tanış edilməsi və buna münasibətini bildirməsi məqsədilə 23 sentyabr 2020-ci il tarixdə İddiaçı Təchizat və təmir-tikinti xidmət departamentinə dəvət olunmuş və o, bu vəzifədə çalışmaq istəmədiyini bildirərək bildirişi imzalamaqdan imtina etmişdir. Lakin növbəti gün, 24 sentyabr 2020-ci il tarixdə İddiaçıTəchizat və təmir-tikinti xidmət departamentinin müdirinə müraciət etməklə bildirişi imzalamış və Bakı Limanında başqa vakansiyaların olduğu halda ona bu vəzifənin təklif edildiyini, məcburiyyət qarşısında həmin işə razı olduğuna dair mülahizəsini bildirişdə qeyd etmişdir. Bildirişi imzaladıqdan və təklif edilən işə razılaşdıqdan sonra İddiaçı əmək müqaviləsinə edilmiş müvafiq dəyişikliklərin imzalanması məqsədilə insan resursları departamentinə dəvət edilsə də, o, 25 sentyabr 2020-ci il tarixindən etibarən işə gəlməmişdir. İddiaçı işə çıxdıqdan sonra təkrarən insan resursları departamentinə dəvət edilmiş və 13 oktyabr 2020-ci il tarixdə əmək müqaviləsinə edilmiş müvafıq dəyişikliklərin imzalanması üçün həmin departamentdə qəbul edilmişdir. Lakin İddiaçı təklif edilən işin ona uyğun olmadığını bildirərək həmin sənədi imzalamaqdan imtina etmiş və yeni vakansiyaların açılması ümidilə 10-15 gün gözləmək istədiyini bildirmişdir. İş materiallarında olan SN 00006 seriyalı 879160 saylı, 850861 saylı və 853877 saylı Əmək qabiliyyətinin olmaması vərəqələrindən görünür ki, iddiaçı 25.09.2020-ci il tarixdən 10.10.2020-ci il tarixədək, 10.11.2020-ci il tarixdən 12.11.2020-ci il tarixədək və 17.11.2020-ci il tarixdən 30.12.2020-ci il tarixədək əmək qabiliyyəti müvəqqəti məhdudlaşmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı 15 dekabr 1979-cu tarixdə Bakı Dəniz Limanına işə qəbul edilmiş, 07 yanvar 2021-ci il tarixdək müxtəlif vəzifələrdə işləmiş, sonuncu vəzifəsi cavabdehin təchizat və təmir-tikinti xidmət departamentinin təchizat anbarında “YSM üzrə mütəxəssis” vəzifəsi olmuşdur. Cavabdehin 11 sentyabr 2020-ci il tarixli 1/241 saylı əmri ilə təchizat və təmir-tikinti xidmət departamentinin təchizat anbarında mövcud olan 1 vahid “YSM üzrə mütəxəssis” ştatı ixtisar edilmiş və bu barədə iddiaçıya 14 sentyabr 2020-ci il tarixli bildirişlə məlumat verilərək iddiaçı xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarması üçün həftənin bir iş günü əmək funksiyasının icrasından azad edilmişdir. Sonra cavabdeh tərəfindən iddiaçıya 21 sentyabr 2020-ci il tarixli bildirişlə razılıq verdiyi təqdirdə Təchizat və təmir-tikinti xidmət departamentinin təsərrüfat sahəsində mövcud olan boş vakansiya üzrə “operator (su nasosları üzrə)” vəzifəsinə keçirilməsini təklif etmiş, 24 sentyabr 2020-ci il tarixdə İddiaçı Təchizat və təmir-tikinti xidmət departamentinin müdirinə müraciət etməklə bildirişi imzalamış və Bakı Limanında başqa vakansiyaların olduğu halda ona bu vəzifənin təklif edildiyini, məcburiyyət qarşısında həmin işə razı olduğuna dair mülahizəsini bildirişdə qeyd etmişdir. 13 oktyabr 2020-ci il tarixli akta əsasən iddiaçı 24 sentyabr 2020-ci il tarixdə bildirişi imzaladıqdan və təklif edilən işə razılaşdıqdan sonra əmək müqaviləsinə edilmiş müvafiq dəyişikliklərin imzalanması məqsədilə insan resursları departamentinə dəvət edilsə də, o, 25 sentyabr 2020-ci il tarixindən 10.10.2020-ci il tarixədək əmək qabiliyyəti müvəqqəti məhdudlaşdığından işə gəlməmişdir. İddiaçı işə çıxdıqdan sonra təkrarən insan resursları departamentinə dəvət edilmiş və 13 oktyabr 2020-ci il tarixdə əmək müqaviləsinə edilmiş müvafıq dəyişikliklərin imzalanması üçün həmin departamentdə qəbul edilmişdir. Lakin İddiaçı təklif edilən işin ona uyğun olmadığını bildirərək həmin sənədi imzalamaqdan imtina etmiş və yeni vakansiyaların açılması ümidilə 10-15 gün gözləmək istədiyini bildirmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77.1-ci maddəsinə uyğun olaraq əmək stajı əsasında müəyyən olunan xəbərdarlıq müddətinin (9 təqvim həftəsi) axımı müvafiq bildirişin təqdim edilmə vaxtından - 2020-ci il 14 sentyabr tarixindən hesablanmaqla davam etmiş və həmin müddət ərzində Məcəllənin 77.2-ci maddəsinə əsasən iddiaçıya hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarması üçün şərait yaradılmışdır. Eyni zamanda həmkarlar ittifaqının üzvü olmuş iddiaçının Əmək Məcəllənin 80-ci maddəsinin tələblərinə uyğun olaraq bu Məcəllənin 70-ci maddəsinin “b” bəndində göstərilən əsasla əmək müqaviləsinin ləğv edilməsinə razılıq verilməsi üçün "Limançı" həmkariar ittifaqı komitəsinə 2020-ci il 23 sentyabr tarixində əvvəlcədən əsaslandırılmıs təqdimatla muraciət edilmiş və həmin Komitənin müvafiq qərarı ilə buna razılıq verilmişdir. Bununla yanaşı xəbərdarlıq dövründə iddiaçı tərəfindən təqdim olunmuş 850861 və 853877 nömrəli digər xəstəlik vərəqələri üzrə də hüquqları təmin edilmiş, ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”yə əsasən müvafiq ödənişlər edilmişdir. Cavabdehin 07 yanvar 2021-ci il tarixli 1/3 saylı Əmri ilə iddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (ştat vahidinin ləğv edilməsi) 07 yanvar 2021-ci il tarixdə xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən işçilərin sayı və ya ştatları ixtisar edildikdə ləğv edilə bilər. Həmin Məcəllənin 71-ci maddəsinin 1-ci bəndinə əsasən işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. Həmin Məcəllənin 77-ci maddəsinin 1-ci hissəsinə əsasən işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir. -bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; -bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; -beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; -on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi. Həmin Məcəllənin 77-ci maddəsinin 2-ci bəndinə əsasən xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. Məhkəmə qeyd etmişdir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (MPM-nin 76.1-ci maddəsi). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-nin 76.2-ci maddəsi). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Məhkəmə hesab etmişdir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddiaçı, iddia ərizəsində qeyd olunan dəlillərlə bağlı hər hansı bir sübut məhkəməyə təqdim etməmiş, eyni zamanda iddia ərizəsində əmrin hansı əsaslarla qanunsuz olması əsaslandırılmamışdır. Əksinə cavabdeh tərəfindən iddia ərizəsində qeyd olunan dəlilləri təkzib edən bütün subutlar məhkəməyə təqdim edilmiş, həmin sübutlar əsasında müəyyən edilmişdir ki, iddiaçının işlədiyi vəzifə ixtisar edilmiş, cavabdeh tərəfindən iddiaçıya başqa vəzifə təklif olunmuş, lakin iddiaçı tərəfindən həmin vəzifənin qəbul edilməsindən imtina edilmiş, buna müvafiq olaraq iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndinə əsasən (ştat vahidinin ləğv edilməsi) xitam verilərək iddiaçının son haqq-hesabı hesablanaraq ona verilmişdir. Eyni zamanda, məhkəmə qeyd etmişdir ki, işəgötürən tərəfindən ştatların ixtisarı həyata keçirilərkən ştat üzrə digər peşənin işçiyə təklif olunması tələbi Azərbaycan Respublikası Əmək Məcəlləsinin hazırda qüvvədə olan məzmununda nəzərdə tutulmamışdır. Həmin tələbi nəzərdə tutan norma 16 may 2008-ci il tarixli 608-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71.1-ci maddəsindən çıxarılmışdır. Bununla belə, cavabdeh tərəfindən iddiaçıya ştat üzrə digər peşə təklif olunsa da, iddiaçı həmin peşədən imtina etmişdir. Beləliklə, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, məhkəmə tədqiqatı zamanı cavabdehin 1/3 nömrəli, 07.01.2021-ci il tarixli əmrinin ləğv edilməsi üçün qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilmədiyindən iddia həmin hissədə təmin oluna bilməz. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olmuş sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcburi halda hüquqi qiymət verməklə düzgün hesab etmişdir ki, iddia təmin edilməməlidir. Kollegiya apellyatorun şəkərli diabet olması ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, iddiaçının şəkərli diabet xəstəliyinə tutulması ona işə bərpa edilməsi ilə bağlı hər hansı hüquq vermir. Əmək Məcəllənin 79-cu maddəsi, habelə Azərbaycan Respublikasının “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” 23 dekabr 2003-cü il tarixli 563-İİQ nömrəli Qanununun 8-ci maddəsi ilə işçinin şəkərli diabetlə xəstə olması səbəbinə görə Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağan edilmişdir ki, iddiaçı ilə də əmək münasibətlərinə xitam verilməsi müvafiq əmrdən göründüyü kimi, həmin səbəblə bağlı olmamış, qanunvericilikiə nəzərdə tutulan ştat ixtisarı əsası ilə əlaqədar olmuşdur. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçıtərəfindən verilmiş apellyasiyaşikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli, 2(006)- 2096/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar