Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5726/2023 28.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: alimentin tutulması tələbi) X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X3, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “keçmiş ərdən alimentin tutulması” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(003)- 1800/2023 saylı qətnaməsindən iddiaçı X10 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra iddiaçı) ilə Cavabdeh (bundan sonra cavabdeh) arasında xx.xx.2009-cu il tarixdə nikah bağlanmışdır. Tərəflərin birgə nikahından xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X6 doğulmuşdur. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(003)-168/2020 saylı qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuş, birgə nikahdan doğulmuş uşaqlar iddiaçının yanında saxlanılmış, uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2019-cu il tarixdən cavabdehdən hər ay əmək haqqının və (və ya) başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında alimentin iddiaçının xeyrinə tutulması qət edilmişdir. “Elektron məhkəmə” informasiya sistemində olan məlumata əsasən iddiaçı "xxxx" MMC-də tərcüməçi vəzifəsində işləyir, əmək müqaviləsinə əsasən aylıq əmək haqqı 350 manat təşkil edir. Cavabdeh "xxxx" ASC-də informasiya sistemi üzrə direktor vəzifəsində işləyir, əmək müqaviləsinə əsasən aylıq əmək haqqı 3.000 manat təşkil edir.
Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, keçmiş arvad kimi özünün saxlanılması üçün cavabdehdən hər ay 1.500 manat məbləğində alimentin tutulmasını xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh onun keçmiş əridir. Onlar xx.xx.2009-cu il tarixdə nikaha daxil olub evləndikdən sonra Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, M.Əliyev küçəsi, döngə 2, dalan 1, ev 4 mənzilində qeydiyyatda olmaqla orada yaşamışlar. Birgə nikahdan iki övladları anadan olmuşdur. 2018-ci ildən cavabdehlə ayrı yaşayırlar. Nikahda olduqları müddətdə və sonrakı məhkəmə prosesləri zamanı cavabdehin ailəsi ona təsir və təzyiqlər göstərmişdir ki, hazırda o, neçə illərdir müalicələr alır. Cavabdeh əmək fəaliyyəti ilə məşğul olur və aylıq gəliri 4.215,95 manat təşkil edir. Uşaqların saxlanılmasına 2.951,65 manat sərf olunur. Hazırki işsiz və çətin vəziyyətində hesab edir ki, cavabdehin ona hər ay 1.500 manat məbləğində aliment ödəmək qabiliyyəti var.
4. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək qeyd etmişdir ki, iddia tələbi tamamilə əsassızdır və rədd edilməlidir. Belə ki, o, iddiaçı ilə xx.xx.2009-cu il tarixdə nikaha daxil olmuş, birgə nikahdan xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X6 doğulmuşdur. Münasibətləri pisləşdiyi üçün ilk olaraq faktiki, sonra isə məhkəmə qaydasında pozulmuşdur. Həmin qətnaməyə əsasən 2019-cu ilin sentyabr ayından bügünədək o, hər ay təxminən 1700 manat məbləğində aliment ödəyir. Bundan əlavə, o, mütəmadi olaraq uşaqların bütün tələbatlarını qarşılayır, alimentdən əlavə də onlara maddi yardım göstərir. İddiaçı iddia tələbini AR Ailə Məcəlləsinin 84-86-cı madəlləri ilə əsaslandırsa da iş materiallarından da məlum olur ki, iddia tələbinin təmin olunması üçün həmin maddələrdə nəzərdə tutulan əsaslardan heç biri mövcud deyildir. Belə ki, alimentin ödənilməsi ilə bağlı iddiaçı ilə aralarında hər hansı bir saziş yoxdur, bundan əlavə iddiaçı tam əmək qabiliyyətinə malikdir, birgə nikahdan doğulmuş övladlarının 14 və 8 yaşları vardır, həmçinin övladlarının sağlamlığında da hər hansı bir problem yoxdur. Bundan əlavə qanunvericiliyin tələblərinə əsasən hazırki iddia tələbi ilə bağlı tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Lakin hazırki halda iddiaçı tərəfindən qanunvericiliyin qeyd olunan tələblərinə riayət edilməmiş və hazırki tələblərlə bağlı ilkin mediasiya sessiyası keçirilməmişdir. İddiaçının iddia ərizəsinə əlavə etdiyi mediasiya prosesinə dair arayış hazırki iddia tələblərinə aid deyil və həmin arayışda göstərilən iddia tələbləri ilə bağlı məhkəmə mübahisələri artıq başa çatmışdır. Mülki Prosessual Məcəllənin 259.0.13-cü maddəsinə əsasən Mediasiya haqqında qanunun tələbləri pozulmaqla verilmiş iddialar məhkəmə tərəfindən baxılmamış saxlanılmalıdır.
5. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(003)- 1800/2023 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. (hakim X9)
6. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçı öz tələbini bir neçə ildir müalicə alması ilə əsaslandırmış, lakin onun bu dəlili keçmiş ərdən aliment almaq hüququnu yaradan əsas kimi müəyyən edilməmişdir. Eyni zamanda, iddiaçının keçmiş ərindən aliment tələb edə bilməsi üçün qanunvericilikdə sadalanan halların hər hansı birinin mövcudluğu barədə onun tərəfindən məhkəməyə sübut təqdim edilməmiş, bu halların mövcudluğu məhkəmə araşdırılması zamanı da müəyyən edilməmişdir. Məhkəmə iddianın təmin olunması üçün əsaslar müəyyən etmədiyindən, iddia tələbini əsassız hesab etmiş, buna görə də, iddia tələbini rədd etmişdir.
7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 85-ci, 86-cı, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 14.2-ci, 77.1-ci və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
8. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iş materiallarında xəstə olmağı ilə bağlı kifayət qədər xəstəlik reseptləri və hazırda burnunun qırılması ilə bağlı əməliyyata ehtiyacı olmağı barədə kifayət qədər sübutlar mövcuddur. Ona rəsmi əlillik dərəcəsi təyin edilməsə də, əlilliyin meyarlarının qiymətləndirilməsi barədə qaydalara əsasən tirioid vəzi xəstəlikləri əlillik dərəcəsi təyin edilən xəstəliklərə aid edilir. Belə ki, müalicə həkimi ona ömürlük müalicə almalı olduğunu bildirmişdir. Məhkəmə tərəfindən pozuntulara yol verilmiş, işə qərəzsiz, obyektiv və ədalətlə baxılmamış və sonda düzgün olmayan qətnamə çıxarılmışdır. Bu da qətnamənin ləğv edilərək, yeni qətnamə çıxarılması üçün əsasdır. Bununla da məhkəmə işin baxılması və həll olunması zamanı maddi və prosessual hüquq normalarına riayət etməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.
12. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq, məhkəmə apellyasiya şikayətinə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 85-ci maddəsinə əsasən 1) hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş ər (arvad); 2) 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya 18 yaşına çatanadək əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ümumi uşağa qulluq edən və maddi yardıma ehtiyacı olan keçmiş ər (arvad); 3) nikah pozulana qədər və ya nikah pozulduğu gündən bir il ərzində əmək qabiliyyətini itirən və maddi yardıma ehtiyacı olan keçmiş ər (arvad); 4) ər-arvad uzun müddət nikahda olmuşlarsa, nikah pozulduğu andan 5 il müddətindən gec olmayaraq pensiya yaşına çatan və maddi yardıma ehtiyacı olan keçmiş ər (arvad) nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdirlər; 86-cı maddəsinə əsasən aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir.
14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
16. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
17. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv olunaraq, iddianın təmin olunması xahiş olunduğundan, qətnamə tam yoxlanılır. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
18. Məhkəmə kollegiyası iddiaçı tərəfin izahatını dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilməsinə və ya ləğv edilməsinə hər hansı əsas yoxdur.
19. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən qeyd edir ki, tərəflər faktiki olaraq 2018-ci ildən ayrı yaşayır, aralarında bağlanmış nikah isə məhkəmə qaydasında 2020-ci ildə pozulmuşdur. Onlar arasında keçmiş arvadın saxlanılması ilə bağlı alimentin ödənilməsi barədə saziş yoxdur. İddiaçı "xxxx" MMC-də tərcüməçi vəzifəsində çalışır, əmək müqaviləsinə əsasən onun aylıq əmək haqqısı 350 manat təşkil edir. Cavabdeh "xxxx" ASC-də informasiya sistemi üzrə direktor vəzifəsində işləyir, əmək müqaviləsinə əsasən aylıq əmək haqqı 3.000 manat təşkil edir. İddiaçı tirioid vəzi xəstəliyindən əziyyət çəkdiyini, cavabdehin isə zəruri vəsaitə malik olduğunu bildirir və iş materiallarında çoxsaylı xəstəlik reseptlərinin mövcudluğuna istinad edərək, cavabdehdən keçmiş arvad kimi saxlanılması üçün 1.500 manat sabit pul məbləğində aliment ödənilməsini tələb edir.
20. Məhkəmə kollegiyası Ailə Məcəlləsinin 85-ci maddəsinin tələblərini rəhbər tutub apellyasiya şikayətinin dəlillərinə istinadən qeyd etməyi zəruri hesab edir ki, qanunverici arvada (iddiaçıya) ərdən (cavabdehə) aliment ödəməyi tələb etmək hüququ versə də, bu hüququn realizəsini hüquqi nəticə etibarı ilə keçmiş arvada münasibətdə bir neçə şərtdən asılı etmişdir. Digər tərəfdən həmin müddəanın dispozisiya şərtinin biri də keçmiş arvadın keçmiş ərdən aliment ödəməyi tələb etməyi üçün keçmiş ərin bunu qarşılaya biləcək zəruri vəsaitinin olmasıdır. Həmçinin, Ailə Məcəlləsinin bu maddəsində göstərilən şərtlər olmadan onun yalnız maddi yardıma ehtiyacının olması da alimentin tələb edilməsinə hüquqi əsas yaratmış olmur.
21. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, hazırki vəziyyətdə iddiaçı qeyd edilən müddəanın tələblərinə malik, keçmiş ərdən özünün saxlanılması üçün aliment tələb etmək hüququ olan şəxs deyil.
22. Belə ki, iş materiallarında olan sənədlərdən və işin hallarından görünür ki, iddiaçı hamilə deyil, 3 yaşınadək ümumi uşaqları yoxdur, birgə nikahdan doğulmuş uşaqların əlilliyi müəyyən edilməmişdir, iddiaçı əmək qabiliyyətini itirməmiş və hazırda da əmək fəaliyyəti ilə məşğul olur, eyni zamanda pensiya yaşına çatmamışdır.
23. Beləliklə, məhkəmə kollegiyası qanunvericiliyin istinad olunan müddəalarının tələblərinı nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla qətnamənin dəyişdirilməsinə və ya ləğv edilməsinə heç bir əsas vermir. Bu səbəbdən apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
24. Göstərilənlərə əsasən, habelə Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384-cü, 392-ci, 393-cü, 402-403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(003)-1800/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.