Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5728/2025 07.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment öhdəliyinə xitam verilməsi barədə” iddiasına dair mülki iş üzrə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025ci il tarixli 2(001)-3259/2025 nömrəli qətnaməsindən iddiaçının apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(001)-787/2020 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment öhdəliyinə, yəni xx.xx.2018-ci il təvəllüdlü uşaq İsgəndərova Leyla-Vivien Orhan qızının saxlanması üçün uşağın atası İddiaçı uşağın anası Cavabdeh xeyrinə hər ay 170 manat aliment tutulması barədə öhdəliyə xitam verilsin. Binəqədi Rayon Məhkəməsinin qətnaməsi ilə qət olunub ki, iddia təmin edilməsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunsun. Tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. İddianın üç əsası var: birinci, uşağın anası uşaqla birlikdə Almaniyada yaşayır, lakin uşaq anadan alınaraq dövlət himayəsinə götürülüb; ikinci, Almaniyanın Bilefeld məhkəməsi uşağın saxlanması üçün uşağın atasından hər ay 177 avro aliment tələb edir; üçüncü, uşağın anası alimenti öz şəxsi ehtiyacları üçün sərf edir. Müəyyən olunur ki, Almaniyada uşaq anasından alınmayıb, ana uşağa psixoloji təsir göstərdiyinə görə, onun uşaqla ünsiyyəti 6 ay müddətinə - xx.xx.2025-ci il tarixədək məhdudlaşdırılıb. Almaniyanın məhkəmə orqanı tərəfindən uşaq üçün atadan aliment tutulması barədə qərar qəbul edilməyib. Uşağın anasının alimenti öz şəxsi ehtiyacları üçün sərf etməsi barədə məlumatın həqiqi olub-olmadığından asılı olmayaraq, belə hal aliment öhdəliyinə xitam verilməsinə əsas ola bilməz, çünki Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55.1-ci maddəsinə görə, aliment almaq uşağa məxsus olan hüquqdur. Valideyn alimenti öz şəxsi ehtiyacları üçün sərf etdikdə, bunun qarşısının alınması üçün qanunvericilikdə müəyyən edilmiş tədbirlər tətbiq oluna bilər. Bundan başqa, uşağın atası Binəqədi Rayon Məhkəməsinin qətnaməsi əsasında aliment ödədiyini təsdiq edən sübut təqdim etməyib, o, Almaniyada yaşayır. İşin bu halları birinci instansiya məhkəməsinin qətnaməsində düzgün müəyyən edilib və lazımi qaydada əsaslandırılıb. Məhkəmə qaydasında tutulan aliment öhdəliyinə xitam verilməsinə əsas olan hallar Azərbaycan Respublikası Ailə Məcəlləsinin 113.2-ci maddəsində müəyyən edilib. Həmin halların heç biri hazırkı işdə mövcud deyil. Beləliklə, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(001)-3259/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5728/2025
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5728/2025
07.11.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver