Məhkəmə qərarları › İş №2(103)-5734/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5734/2021

25.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5734/2021 25.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Vəkil1, Cavabdeh1, onun vəkili və nümayəndəsi Vəkil2 və üçüncü şəxs İradə Hüseynovanın iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “aliment ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Binəqədi Rayon Məhkəməsinin 01.04.2021-ci il tarixli qətnaməsindən cavabehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Münasibətlər: Mübahisə 2 uşağın saxlanması üçün aliment tutulması ilə bağlıdır. Həmin uşaqlar 23.10.2007-ci il təvəllüdlü X5 və 13.08.2009-cu il təvəllüdlü X2r. İddiaçı həmin uşaqların anası, cavabdehlər uşaqların ata babası və ata nənəsi, üçüncü şəxs X4 isə uşaqların ana nənəsidir. Uşaqların ana babası vəfat edib. Uşaqların atası azadlıqdan məhrum etmə növündə cəza çəkir. Tələb və onun həlli: İddia ərizəsində tələb olunub ki, uşaqların saxlanması üçün hər ay hər uşağa görə 170 manat, cəmi 340 manat aliment cavabdehlərdən tutularaq iddiaçıya verilsin. Qətnamə ilə qət olunub ki, iddia qsmən təmin olunsun, hər ay hər uşağa görə 170 manat, cəmi 340 manat aliment cavabdehlərin birindən – baba Firudun Ağayevdən tutularaq iddiaçıya verilsin, iddianın qalan hissəsi təmin edilməsin, 30 manat dövlət rüsumu Cavabdeh1 tutularaq dövlət büdcəsinə ödənilsin. Şikayət və izahatlar: Apellyasiya şikayətində tələb olunub ki, qətnamə iddianın təmin edilməsinə, yəni babadan aliment tutulmasına aid hissədə ləğv edilsin və həmin hissədə iddia rədd olunsun. Məhkəmə iclasında iştirak edən Cavabdeh1, onun vəkili və nümayəndəsi Vəkil2 apellyasiya şikayətinin əsaslı olduğunu bildirdilər. Məhkəmə iclasında iştirak edən İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil1, iddiaçının tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs İradə Hüseynova apellyasiya şikayətinin əsassız olduğunu bildirdilər. Qətnamənin yoxlanılması: Qətnamənin iddianın təmin edilməsinə aid hissəsi – babadan aliment tutulmasına aid hissəsi mübahisələndirildiyinə görə qətnamənin yalnız həmin hissəsinin əsaslılığı apellyassiya qaydasında yoxlanılmışdır. Yoxlanılan hissədə qətnamə ləğv edilməli və həmin hissədə iddia rədd olunmalıdır. Belə ki, Ailə Məcəlləsinin 89-cu maddəsindən görünür ki, yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Göründüyü kimi, alimentin tutulması üçün 2 şərtin mövcud olması tələb olunur: 1) nəvə öz valideynlərindən maddi yardım ala bilməsin; 2) baba və nənə nəvəyə maddi yardım göstərmək üçün zəruri vəsaitə malik olsun. 1-ci şərt barədə: 1-ci şərtdə “valideynlərindən” ifadəsindən istifadə olunub. Ona görə də uşağın bir deyil, hər iki valdeynindən maddi yardım ala bilmədiyi müəyyən olunmalıdır. Anaya münasibətdə 1-ci şərt müəyyən olunmur. Belə ki, ana bildirir ki, sağlamlıq vəziyyətinə (onkoloji xəstəliyinə) görə qazanc əldə bilmir. Lakin tibbi sənədlərdə ananın əmək qabiliyyətsiz olduğu qeyd olunmayıb. Əgər əmək qabiliyyətsizlik təsdiq olunsayıdı, hesab olunardı ki, uşaqlar anadan maddi yardım ala bilmir. Ana, Təhsil Nazirliyi Respublika X1 6 saatlıq həftəlik tədris yükü ilə fortepiano dərnəyinin rəhbəri vəzifəsində işləyir, bunu təsdiq arayış məhkəməyə təqdim olunub. Ataya münasibətdə 1-ci şərt müəyyən olunur. Belə ki, o, azadlıqdan məhrum etmə növündə cəza çəkir, ondan aliment tutulması barədə qətnamə qəbul edilsə də qətnamənin icrası barədə məlumat yoxdur. Bu isə onu təsdiq edir ki, uşaqlar atadan maddi yardım ala bilmir. 2-ci şərt barədə: 2-ci şərtdə ana və ata tərəfdən baba və nənə nəzərdə tutulur. Ata tərəfdən baba və nənə işdə cavabdehdir, ana tərəfdən nənə üçüncü şəxsdir, ana tərəfdən baba isə vəfat edib. Ana tərəfdən nənəyə qarşı iddia verilməyib, ata tərəfdən nənəyə qarşı olan iddia isə rədd olunub, bu, iddiaçı tərəfindən mübahisələndirilməyib. Ata tərəfdən babaya münasibətdə 2-ci şərt müəyyən olunmur, yəni onun nəvələri üçün aliment ödəməyə imkan verən zəruri vəsaitə malik olması bardə sübutlar yoxdur. O, xx.xx.1952-ci təvəllüdlüdür, hazırda 68 yaşı var. Bundan başqa, o, yaşa görə ayda 237,43 manat pensiya alır (iş v. 46). İddiaçı tərəfindən təqdim edilən arayışa görə (iş v. 11) baba 2 hüquqi şəxsin – "xxxx" Müəssisəsinin və "xxxx" MMC-nin rəhbəridir. Lakin baba bildirir ki, "xxxx" Müəssisəsi 2010-cu ildə fəaliyyətini dayandırıb, "xxxx" MMC isə ümumiyyətlə fəaliyyət göstərməyib. İddiaçı tərəf babanın həmin müəssisələrin rəhbəri kimi qazanc və ya gəlir əldə etdiyini təsdiq edən sübut təqdim etməyib. Beləliklə, məhkəmə hesab edir ki, qətnamə mübahisələndirilən hissədə ləğv edilməli və həmin hissədə tələb rədd olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilsin. Hazırkı iş üzrə Binəqədi Rayon Məhkəməsinin 01.04.2021-ci il tarixli qətnaməsi Cavabdeh1 340 manat aliment və 30 manat dövlət rüsumu tutulması hissəsində ləğv edilsin. Cavabdeh1 qarşı olan tələb rədd olunsun Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar