Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5737/2023 27.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 ASC-yə və Cavabdeh2 qarşı “zaminlik müqaviləsinin ləğv edilməsi və pulun ödənilməsi” tələbinə dair mülki iş üzrə Açar sözlər: (Zaminlik müqaviləsi üzrə mübahisələr) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, İlahə Novruz qızı Həsənzadənin katibliyi, İddiaçı, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3073/2022 saylı, 27 sentyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.xx.xx.2019-cu il tarixli, RGTK0891412A206 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 ASCnin Gəncə kart Mərkəzi filialı tərəfindən Cavabdeh2 illik 25 % dərəcəsi ilə ilə 60 ay müddətinə ödəmək şərti ilə 14.194,59 manat məbləğdə kredit verilmişdir. 2.İddiaçı Cavabdeh1 ASC ilə xx.xx.2019-cu il tarixli, Z-RGTK0891412A206 saylı zaminlik müqaviləsi bağlayaraq, qeyd olunan kredit müqaviləsi üzrə Cavabdeh2 Cavabdeh1 ASC qarşısında öhdəliyinin tam icra edilməsi üçün borcalanla birgə məsuliyyət daşımaq barədə öhdəlik götürmüşdür. 3.Zaminlik müqaviləsinin 4.2-ci bəndinə görə tərəflər razılığa gəliblər ki, bu müqavilə üzrə müəyyən edilmiş zaminlik, kredit müqaviləsi üzrə borc tam ödənilənə qədər qüvvədə olacaqdır. 4.Müqavilənin 4.5-ci bəndində müəyyən edilmiş şərtə görə, kreditorun kredit müqaviləsi üzrə əsas və faiz borclarının zaminin sərəncamı olmadan akseptsiz qaydada zaminin Cavabdeh1 ASC-də olan istənilən hesabından silə bilmək hüququ müəyyən edilib. 5.Borcalan Cavabdeh2 tərəfindən öhdəlik lazımınca icra edilməyib və Cavabdeh1 ASC-nin Lənkəran şəhər filialının 23 avqust 2022-ci il tarixli 213 saylı arayışına görə Cavabdeh2 ilə bağlanmış RGTK0891412A206 nömrəli kredit müqaviləsi üzrə gecikmələr olduğu üçün xx.xx.2019cu il tarixindən xx.xx.2022-ci il tarixinə kimi zamin İddiaçı kart hesabından ümumi 11.561,10 manat məbləğində vəsait tutulub. 6.Cavabdeh1 ASC-nin Gəncə kart Mərkəzi filialının 05 sentyabr 2022-ci il tarixli, 337 saylı arayışına əsasən, zaminlik müqaviləsinin təminatı olduğu kredit müqaviləsi üzrə cari tarixədək zaminin təqaüd kartından ümumilikdə 11.561,10 manat, subsidiya (fermer) kartından isə 57,90 manat məbləğində vəsait tutulub. a)Birinci instansiya məhkəməsində icraat 7.İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ASC-yə qarşı iddia ərizəsi və sonradan iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, onunla cavabdehlər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, Z-RGTK0891412A206 saylı zaminlik müqaviləsinin ləğv edilməsi, Cavabdeh2 və Cavabdeh1 ASC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, RGTK0891412A206 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh2 kredit borcuna görə onun əmək haqqından Cavabdeh1 ASC-nin hesabına xx.xx.2022-ci il tarixə kimi tutulmuş 11.561,10 manat məbləğində pulun, habelə ödədiyi 125 manat dövlət rüsumunun Cavabdeh2 onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 8.İddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, o, Cavabdeh2 iş yoldaşı kimi tanıyır. Cavabdeh2 borc pula ehtiyacı olduğunu, bankdan kredit götürmək istədiyini və bunun üçün kreditin qaytarılmasını təmin etmək məqsədilə ondan davamlı gəliri olan bir nəfərin zaminlik üçün tələb edildiyini ona bildirmişdir. Daha sonra o, iş yoldaşına kömək etmək məqsədi ilə sonuncuya zamin durmaq təklifini qəbul etmiş və onunla Cavabdeh1 ASC-nin Gəncə kart Mərkəzi filialı arasında xx.xx.2019-cu il tarixdə qeyd olunan zaminlik müqaviləsi bağlanmışdır. Əsas borclu Cavabdeh2 borcun ödənilməsindən kənarda qalmış, o isə bu borcun ödənilməsi ilə bağlı bank tərəfindən əmək haqqına məcburi qaydada tutma yönəldilməsi yolu ilə cəlb olunmuşdur. Qeyd etdiyi kimi, Cavabdeh2 əmək haqqı da, gəlirləri də kifayət qədərdir və hər ay borcu ödəməyə artıqlaması ilə imkan yaradır. Bütün bunlara baxmayaraq Cavabdeh1 ASC-nin Gəncə kart Mərkəzi filialından borc üzrə tələb ilk olaraq əsas borclunun əmək haqqına və gəlirlərinə yönəldilməli olduğu halda, onun əmək haqqına yönəldilmişdir. O, Cavabdeh2 zamin durmaqla bağlı məsuliyyətini dərk edir və bank (kreditor) qarşısında məsuliyyətindən yayınmaq niyyəti yoxdur. Lakin əsas borclu olan Cavabdeh2 1.500 manat məbləğində davamlı əmək haqqı alması və xeyli miqdarda digər gəlirlərinin olduğu halda, tələbin onun əmək haqqına yönəldilməsi qanunauyğun və ağlabatan deyil. Belə ki, Cavabdeh2 ondan tutulan pulun bir qismini ödəsə də, hazırda ona 10.948,8 manat məbləğində ödənilməmiş qalan borcu var. Hər ayın yekunu da ilk olaraq əsas borcludan tutulmalı olan 416.63 manat məbləğində pul (bəzən gecikmələrə görə əlavə dəbbə pulu ilə hesablanan məbləğ) yenə ondan tutulacaq. Həmçinin, Cavabdeh2 uşaqlarını təkbaşına böyütdüyünü əsas gətirərək bir müddət bu yolla borcun ödənilməsindən yayınmağa da çalışa bilər. Lakin sonuncu ərindən boşandığı üçün sonuncudan uşaqlarının saxlanılması üçün 300 manat sabit pul məbləğində aliment də alır. Yəni, borcun ödənilməsi üçün borclunun maddi vəziyyəti hər bir halda kifayət qədər qənaətbəxşdir. Bütün bu qanunsuzluqların aradan qaldırılması üçün bir müddət əvvəl Azərbaycan Respublikası Mərkəzi Bankına və Cavabdeh1 ASC-yə şikayətlə müraciət etsə də, şikayəti üzrə araşdırma aparılmamışdır. Belə ki, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən ona göndərilən cavab məktubunda Cavabdeh1 ASC-də araşdırılmanın aparılacağı və şikayətin araşdırılmasının Cavabdeh1 ASC-yə həvalə edildiyi bildirilsə də, aradan aylar keçməsinə baxmayaraq cavabdeh tərəfindən ona araşdırma barədə şifahi və ya yazılı cavab verilməmişdir. 9.Məhkəmə iclasında Cavabdeh1 ASC-nin nümayəndəsi X3 iddiaya etiraz təqdim edərək bildirmişdir ki, zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən zamin xx.xx.2019-cu il tarixli RGTK0891412A206 saylı müqavilə üzrə borcalanın kreditor qarşısında yaranmış öhdəliyinin tamamilə icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürür və zamin kreditor qarşısında borcalanla birgə məsuliyyət daşıyır. Həmçinin həmin müqaviləyə əsasən zamin kredit müqaviləsi üzrə yaranacaq borcun onun istənilən bank hesabından akseptsiz qaydada silinməsinə razılıq vermişdir. Müştərinin bank qarşısında öhdəliyinin icrasının təmin edilməsinin bir üsulu kimi müştərinin bankda olan hesablarından pul vəsaitlərinin müştərinin sərəncamı olmadan, akseptsiz qaydada silinməsi hüququ mülki qanunvericiliyin tələblərinə tam cavab verir. İddiaçı iddia ərizəsində zaminin əlavə məsuliyyət daşıdığını, həmçinin borcalan Cavabdeh2 ödəmə qabiliyyətli olduğuna istinad edərək bank tərəfindən sözü gedən kredit müqaviləsi üzrə borcun ilk olaraq borcluya məxsus müvafiq bank hesabına yönəldilməli olduğunu bildirsə də, borcalanın hazırda əmək haqqı hesabı Cavabdeh1 ASC-də olmadığından müvafiq tələbin bank tərəfindən yerinə yetirilməsi texniki cəhətdən mümkün deyil. Belə tələbin yerinə yetirilməsi üçün bank tərəfindən mülki iddia qaydasında məhkəməyə müraciət olunmalı, məhkəmə qərarı qəbul edilməli və həmin qərar icraya yönəldildikdən sonra icra qaydasında həll edilməlidir. Bundan başqa, borclunun öhdəliklərini yerinə yetirmədiyinə görə zaminə ziyan dəydikdə, o, dəymiş ziyanın ödənilməsini borcludan tələb etmək hüququna malikdir. Bundan başqa, iddiaçı həmin tələblə bağlı Mülki Məcəllənin 422-ci maddəsinə istinad edərək şəraitin əhəmiyyətli dərəcədə dəyişdiyini və bu dəyişmənin ağlabatan şəkildə əvvəlcədən görə bilmədiyini qeyd etmişdir. Lakin iddia ərizəsindən də görünür ki, borcalan hazırda da əmək qabiliyyətli olmaqla gəlirə malikdir. Yəni iddiaçı tərəfindən zaminlik müqaviləsi bağlanarkən mövcud olan borcalanın maddi vəziyyətində dəyişiklik olmamışdır. Hətta borcalanın əmək qabiliyyətini itirməsi və ya başqa səbəbdən gəlirdən məhrum olması və ya gəlirinin azalması hesab edirlər ki, bu maddədə nəzərdə tutulan halı ehtiva etmir. Belə ki, hər hansı şəxsin əmək qabiliyyətini itirməsi, işsiz qalması, gəlirdən məhrum olması gözlənilən haldır. Bu halın əvvəlcədən ağlabatan şəkildə görülməsi mümkündür. 10.Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra –məhkəmə) 27 sentyabr 2022-ci il tarixli, 2(006)-3073/2022 nömrəli qətnaməsi ilə (hakim-Ceyhun Tağıyev) iddia qismən təmin edilmiş, 11.561 manat 10 qəpik məbləğində pulun və ödənilmiş 125 manat dövlət rüsumunun Cavabdeh2 tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. 11.Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddia tələbi Cavabdeh2 pul vəsaitinin və dövlət rüsumunun tutulmasına dair hissədə əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materiallarından göründüyü kimi, tələb üzrə hüquqlar 05 sentyabr 2022-ci il tarixədək olan vəziyyətə yuxarıda qeyd edilən - 11.561 manat 10 qəpik həcmində iddiaçıya keçmişdir. İddiaçı zamin kimi ödədiyi (hesabından tutulmalar şəklində) məbləğin ona qaytarılmasını cavabdehdən tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə cavabdehə xəbərdarlıq etmiş, lakin Cavabdeh2 iddiaçıdan tutulan vəsaiti ödəməmişdir. 12.Məhkəmə həmçinin qeyd etmişdir ki, iddia tələbi zaminlik müqaviləsinin ləğv edilməsinə aid hissədə əsaslı deyildir. Belə ki, mübahisə edilən zaminlik müqaviləsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 471, 472, 389 və 390-cı maddələrinə riayət edilməklə bağlandığından, həmin müqavilənin ləğv edilməsi üçün hər hansı bir əsas müəyyən edilməmişdir. Bu səbəbdən iddia tələbi həmin hissədə təmin edilə bilməz. 13.Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 472.1, 475.1-ci, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində birinci icraat 14.Cavabdeh2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. 15.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehlə birgə biznes fəaliyyəti ilə məşğul olmaq barədə şifahi razılığa gələrək, bu məqsəd üçün vəsaitə ehtiyac olduğundan Cavabdeh1 ASC-nin Gəncə filialından xx.xx.2019-cu il tarixli müqavilə ilə cavabdehin adına 17.000 manat məbləğində kredit götürmüş, iddiaçı kreditin qaytarılmasına zamin qalmaqla özünün şərik olmasını təsdiqlədiyini nümayış etdirmiş, alınmış 17.000 manat pul vəsaiti iddiaçıda qalmış, Gəncə şəhərində kosmetoloji kabinet yaratmaq üçün iddiaçı icarəyə yer tapmış, onun təmirinə və zəruri avadanlıqların alınmasına 10.000 manat məbləğində pul xərcləmişlər, qalan 7.000 manat iddiaçıda qalmışdır ki, özünün kənd təsərrüfatı biznesinə xərcləyəcək, həmçinin hissə-hissə lazım olduqda ödənişlər etmək üçün verəcəkdir. Kosmetoloji kabinet 8 ay işlədikdən sonra icarəyə verən onları icarəyə verdiyi yerdən çıxarmış, nəticədə xeyli məbləğdə ziyana düşmüşlər. İşlədikləri dövrdə kredit üzrə ödənişləri cavabdeh etmiş, gecikmələr olduqda iddiaçının kart hesabından silmişlər. Sonradan cavabdeh onun ödədiyi məbləğin bir qismini özünə, bir qismini tapşırığına görə valyuta mübadiləsində işləyən Xəyal adlı dostuna, bir qısmini isə Cavabdeh1ın ödəniş terminalı vasitəsi ilə iddiaçının kart hesabına köçürmüşdür. Biznes fəaliyyətləri dayandığından cavabdeh iddiaçıdan onda qalmış 7.000 manat pul vəsaitini tələb etdikdə iddiaçı onun kartı vasitəsi ilə ödənişlərin aparılmasından istifadə edərək cavabdehdən qərəzli şikayət edərək 11.561,10 manat məbləğində pul vəsaitini tələb etmişdir. İddiaçının cavabdehlə şərikliyini təsdiq edən hallardan biri də ondan ibarətdir ki, iddiaçı cavabdehin komandiri olmuş, gündüzlər cavabdehin kosmetoloji salonda işləməsi üçün onu iş yerində axşam növbəsinə keçirmiş, aralarında narazılıq yarandıqda onu dərhal axşam növbəsindən çıxarıb yenidən gündüz növbəsinə keçirmişdir. Digər dəlil isə ondan ibarətdir ki, iddiaçı ilkin iddiasında pul tələbi qoymamış, zaminlik müqaviləsinin ləğv edilməsini tələb etmiş, bu tələbin qanunsuz olduğunu gördükdən sonra iddia ərizəsinə pul tələbinə dair əlavə vermişdir. Məhkəmə yalnız iddiaçının izahatına və bankdan alınmış arayışa istinad edərək iddianı pul tələbi hissəsində təmin etmişdir. Bundan əlavə, məhkəmə araşdırması zamanı Cavabdeh2 iştirakı təmin edilməmiş, onun iş üzrə izahatı alınmamış, iddiaya qarşı onun dəlilləri dinlənməmiş və araşdırılmamış, işin digər halları ilə əlaqəli şəkildə qiymətləndirilməmişdir. Cavabdeh iddiaçının kart hesabına bankın terminallarından ödədiyi ödənişlərə dair sənədləri bankdan əldə edə bilməmiş, məhkəmədə iştirak etmədiyindən məhkəmə vasitəsi ilə də həmin sənədləri əldə etmək imkanından məhrum olmuşdur. Bundan başqa, işin hallarının müəyyən edilməsi üçün şahidlərin məhkəməyə gəlib izahat vermələrinə şərait yaradılmamışdır. Mülki Məcəllənin 475.1-ci maddəsi məhkəmə tərəfindən düzgün tətbiq edilməmişdir. Həmin maddədə göstərilmişdir ki, öhdəliyi icra etmiş zaminə həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. İşin hallarından göründüyü kimi, birincisi, məhkəmə zaminlik müqaviləsini ləğv etməmiş, həmin müqavilə qüvvədədir yəni, zamin kredit üzrə öhdəliyin icrası üçün məsuliyyət daşıyır. İkincisi, bank qarşısında öhdəlik tam icra olunmamış, kreditin ödənişi davam edir. Üçüncüsü, iddiaçının kartından silinmiş pul vəsaitinin həqəqətən ona məxsus olub-olmaması araşdırılmamışdir. Dördüncüsü, cavabdehin iş və yaşayış yeri bəlli olduğu halda, ilkin borcun ondan tələb edilmədən birbaşa iddiaçının kartından pul vəsaitinin tutulması və bu səlahiyyətinin banka hansı əsasla verilməsi səbəbi aydınlaşdırılmamışdır. Qətnamədə göstərilən 11.561,10 manat məbləğində pul vəsaitinin iddiaçıya məxsus olması və iddiaçı tərəfindən banka cavabdehin borcu müqabilində ödənilməsinə dair dəlil işin hallarına uyğun deyil, həmin pul vəsaiti tərəflər arasındakı razılaşmaya əsasən cavabdeh tərəfindən iddiaçıya ödənilmiş, o da kart hesabından banka ödəmişdir. 16.İddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, iddiaçının ayrıca kredit müqaviləsi olmasının hazırkı işə heç bir aidiyyəti yoxdur. İddiaçı ilə Cavabdeh1 ASC arasında xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə iddiaçı öz öhdəliyini icra etməsinin Cavabdeh2 ilə heç bir bağlılığı yoxdur. 17.Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra-apellyasiya instansiya məhkəməsi) 30 yanvar 2023-cü il tarixli, 2(103)-896/2023 nömrəli qətnaməsi ilə (hakimlər- Ş.Məmmədova (sədrlik edən və məruzəçi), C.Yusifov və P.Hüseynov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. 18.Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi və əsaslandırması ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, cavabdeh (məhkəmə kollegiyasının iclasında vəkili) onun ödədiyi məbləğin hansı qismini nə zaman və hansı qaydada iddiaçının özünə, hansı bir qismini iddiaçının tapşırığına görə valyuta mübadiləsində işləyən Xəyal adlı dostuna harada və nə zaman ödəməsi barədə sübutlar təqdim edilməmişdir. Həmçinin, apellyasiya şikayətində göstərilsə də, lakin ödənilməli məbləğinin hansı qısminin cavabdeh tərəfindən Cavabdeh1 ASC-nin ödəniş terminalı vasitəsi ilə iddiaçının kart hesabına köçürməsi barədə sübutlar təqdim edilməmişdir. 19.Məhkəmə kollegiyası cavabdeh hansı vaxtlarda hansı hesaba ödəniş etməsi barədə məlumatları vermədiyindən, həmçinin bu barədə vəsatət verilmədiyi də nəzərə alınaraq sübutların təmini qaydasında bank terminallarından ödənişlə bağlı sənədlər təqdim edilməsinə dair qərardad qəbul etməmişdir. 20.Bundan başqa, cavabdeh şikayətində işin hallarının müəyyən edilməsi üçün şahidlərin məhkəməyə gəlib izahat vermələrinə şərait yaradılmamasını qeyd etsə də, məhkəmə kollegiyasının iclasında hansı şahidin işin hansı halı barədə ifadə verməsinə, hansı şahidin məhkəmə iclasına dəvət edilməsinə dair əsaslandırılmış vəsatət verilməmişdir. 21.Digər tərəfdən, apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçının ayrıca kredit müqaviləsi olmasının hazırkı işə aidiyyəti yoxdur. İddiaçı ilə Cavabdeh1 ASC arasında isə cavabdehin qeyd etdiyi 2019-cu ildə deyil, xx.xx.2017-ci il tarixdə kredit müqaviləsi bağlanmışdır və iş üzrə iddiaçının həmin müqavilə üzrə öz öhdəliyini icra etməsinin Cavabdeh2 ilə əlaqəsi olması müəyyən olunmamışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 22.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. b) Kassasiya instansiyası məhkəməsindəki icraat 23.Cavabdeh2 kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. 24.Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-2286/2023 saylı, 11 iyul 2023-cü il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30 yanvar 2023-cü il tarixli, 2(103)-896/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. 25.Məhkəmə kollegiyası qeyd etmişdir ki, kassasiya şikayəti üzrə mübahisələndirilən hissədə iddiaçı ilə Cavabdeh2 arasında yaranmış münasibətlər hüquqi baxımdan zaminlik müqaviləsi üzrə borcalanla zamin arasında yaranmış münasibətlərdir. Bu baxımdan Cavabdeh2 qarşı sürülən iddia tələbi, Mülki Məcəllənin öhdəliyi icra etmiş zaminin hüquqlarından bəhs edən 475-ci maddəsinin müddəaları əsasında həll olunmalıdr. Həmin normanın tətbiq olunması üçün ilk növbədə zəruri dispozisiya şərti olan öhdəliyin zamin tərəfindən icra edilməsi müəyyən olunmalıdır. 26.Lakin bu normada bəhs olunan “Ohdəliyin zamin tərəfindən icra edilməsi” ifadəsi ümumi anlayış olmaqla, müqavilə üzrə borcun tam və ya qismən ödənilməsini ehtiva etməsi dəqiq ifadə olunmamışdır. Buna görə də həmin qaydanın tətbiqi belə bir sual doğurur: Zaminin borcluya qarşı tələbi kreditora olan borc tam ödənildikdən sonra irəli sürə bilər, yoxsa borcun qismən ödənilməsi də bu cür tələb irəli sürmək üçün yetərlidir? Həmin məsələnin araşdırılması üçün ümumilikdə zaminlik institunun hüquqi təbiəti, mülki dövriyyədə funksiyası ilə bağlı müddəalar nəzərdən keçirilməlidir. 27.Bu baxımdan Mülki Məcəllənin 470, 472, 475 və 476-cı maddələrinin sistemli təhlilindən göründüyü kimi zaminlik öhdəliyinin məzmunu kreditorun tələb hüququndan və zaminin öhdəlik üzrə məsuliyyət daşımasından ibarətdir. Zaminlik hüquq münasibətləri subyekt tərkibi baxımından kreditor, borclu və zamindən ibarətdir. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, zaminin birgə məsuliyyəti nəzərdə tutulduğu halda zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Birgə məsuliyyətin başlıca cəhəti ondan ibarətdir ki, zaminlik müqaviləsi üzrə bu məsuliyyət növü razılaşdırıldığı halda kreditor əsas öhdəlik icra edilmədiyi və ya lazımıncaicra edilmədiyi təqdirdə öz istəyi və mülahizəsi ilə tələbini eyni zamanda həm əsas borcluya, həm də birgə məsuliyyət daşıyan zaminə və ya onlardan birinə qarşı yönəldə bilər. Borclunun kreditor qarşısında öhdəliyinin zamin tərəfindən ödənildiyi halda, yuxarıda qeyd olunan subyekt tərkibinə əsaslanan hüquqi konstruksiya dəyişilir. Belə ki, öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. 28.Mülki Məcəllənin 475-ci maddəsi öhdəliyi icra etmiş zaminin mənafelərinin müdafiəsi məqsədi daşıyır. Həmin normanın tətbiq edilməsi üçün başılıca şərt - zaminin borcu ödəməsidir. Bu isə kreditora mənsub olmuş tələb hüququnun zaminə keçməsinə səbəb olur. Yəni öhdəlikdə şəxslərin dəyişməsi baş verir. Borcun ödənilməsi nəticəsində kreditor öhdəlikdən çıxır və onun yerini zamin tutur. Müzakirə olunan məsələnin həlli ilə bilavasitə bağlı olan Mülki Məcəllənin 475.2-ci maddəsində deyilir ki, zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Bu norma ondan əvvəlki normanı tamamlayır və müqayisəli təhlil əsasında birmənalı anlaşılır ki, 475.1-ci maddə məzmun etibarilə zaminə keçmiş tələb hüququnun həcmini tənzimləyir. 29.475.2-ci maddə isə, zaminin borcluya qarşı tələb hüququnun yaranması üçün hüquqi əsasları müəyyən edir. Bu normaya əsasən, zaminin borcluya qarşı tələb hüququnun yaranması üçün zaminin öhdəliyi icra etməsi ilə yanaşı, kreditorun borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etmiş olmalıdır. Bu hallar onu deməyə əsas verir ki, zaminliyin hüquqi təbiəti baxımından zaminin borcluya qarşı tələb hüququ borc tam ödənildikdən sonra keçir. 30.Zaminin borcu qismən ödəməsi, onu öhdəliyin tam (qalan hissəsinin) icrasından azad etmir (zaminlik müqaviləsinin 4.3-cü bəndi). Borcun qismən ödənilməsinə baxmayaraq, onun qalan hissədə öhdəliyi davam edir və bu öhdəliyə borc tam ödənildikdən sonra xitam verilir. Zaminin kreditor qarşısında öhdəliyi davam etdiyi halda borcludan Mülki Məcəllənin 457-ci maddəsinə əsasən özünə olan borcun ödənilməsini tələb etməsi belə bir vəziyyət yaradır ki, borclu kredit müqaviləsi üzrə öhdəliyini icra etməsi ilə yanaşı, zaminə də ödəniş etməyə məcbur edilir. Bu da yuxarıda qeyd olunduğu kimi kreditorun zaminliklə təmin olunmuş öhdəliyin icrasının ləngiməsi, zaminlikdən irəli gələn birgə məsuliyyətin azalması, nəticə etibarilə zaminliyin təyinatını itirməsinə səbəb olur. 31.Beləliklə, Mülki Məcəllənin 475-ci maddəsinin tətbiq olunması üçün ilk növbədə zəruri dispozisiya şərti olan öhdəliyin zamin tərəfindən icra edilməsi müəyyən olunmalıdır. “Ohdəliyin zamin tərəfindən icra edilməsi” dedikdə, zamin tərəfindən ödənilmiş məbləğin borca nisbətdə tam və ya qismən olmasından asılı olmayaraq, müqavilə üzrə borcun tam ödənilmiş olması ehtiva edilir. Cavabdeh də apelyasiya şikayətində diqqəti buna cəlb edərək, borcun tam icra olunmadığını, kredit ödənişinin davam etdiyini bildirmişdir. Lakinapelyasiya instansiyası məhkəməsi cavabdehin bu dəlilinə heç bir münasibət bildirməmiş, borcun tam ödənilib-ödənilmədiyini araşdırmamışdır. Halbuki, işin düzgün həlli, iddia tələbinin hüquqi əsası kimi istinad etdiyi Mülki Məcəllənin 475.1-ci maddəsinin tətbiq olunması üçün bu halın müəyyən edilməsi zəruri idi. c)Apellyasiya instansiya məhkəməsindəki ikinci icraat d)Məhkəmə icraatı iştirakçılarının izahatları 32.Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə etdi, onun məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi, izahatında əlavə olaraq qeyd etdi ki, ali məhkəmənin qərarında da apellyasiya şikayətdində olduğu kimi Mülki Məcəllənin 475-ci maddəsinə istinad olunaraq qeyd edilmişdir ki, kredit müqaviləsi tam ödənildikdə kreditor borcla bağlı sənədləri təqdim etdikdən sonra zaminin məhkəməyə müraciət etmək hüququ yaranır. Sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, borc münasibətləri hələ də davam edir, borc hələ tam bağlanmayıb. 33.Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini qəbul etmədi, onun təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi, izahatında əlavə olaraq qeyd etdi ki, o bir zamin olaraq indi də zaminlikdən boyun qaçırtmır, zaminlik üzrə öhdəliyini icra edir və edəcək də, kredit müqaviləsi üzrə borc hələ tam ödənilib qurtarmayıb, borc münasibətləri hələ davam edir. 34.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq digər Cavabdeh1» ASC-nin nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməyin səbəbləri haqqında məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 35.Maddə 14.1.Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 36.Maddə 385.1.Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 37.Maddə 386.1.Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 38.Maddə 385.1.Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i. a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 39.Maddə 386.1.Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 40.Maddə 470.1.Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 41.Maddə 472.1.Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 42.Maddə 472.2.Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 43.Maddə 475.1.Öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. 44.Maddə 475.2.Zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 46.Maddə 119.1.Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 47.Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 48.Maddə 76.2.Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 49.Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 50.Maddə 106.3.Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. 51.Maddə 384.0.2.Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 52.Həmin Məcəllənin 385.1.1, 385.1.2, 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Apellyasiya baxışının hədləri 53.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 54.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın qismən təmin edilən hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılmaslı təşkil edir. Çünki cavabdeh qətnaməni həmin hissədə mübahisələndirmiş, iddiaçı isə apellyasiya şikayəti verməmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 55.Məhkəmə kollegiyası iddiaçını və cavabdehin nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. 56.Belə ki, işin müəyyən edilmiş fakitiki halları ondan ibarətdir ki, xx.xx.2019-cu il tarixli RGTK0891412A206 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 ASC-nin Gəncə kart Mərkəzi filialı tərəfindən Cavabdeh2 illik 25 % ödəmək şərti ilə 60 ay müddətinə 14.194,59 manat kredit verilmişdir. xx.xx.2019-cu il tarixli Z-RGTK0891412A206 saylı zaminlik müqaviləsinə əsasən İddiaçı kredit müqaviləsi üzrə Cavabdeh2 digər Cavabdeh1 ASC qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin icra edilməsini öhdəsinə götürmüşdür. 57.Cavabdeh2 kredit müqaviləsi üzrə ödənişləri vaxtında və tam şəkildə icra etmədiyindən, borc məbləğləri zamin kimi İddiaçı əmək haqqından tutulmağa başlamışdır. Cavabdeh2 ödənilməmiş öhdəliyinə görə iddiaçı zamin kimi ondan tutulmuş 11.561 manat 10 qəpik məbləğində vəsaitin cavabdehdən tutulmasını xahiş etmiş, məhkəmə həmin hissədə iddianı təmin etmişdir. 58.Kollegiya ilkin olaraq qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin öz qərarında şərh edilənlərdən də aydın olduğu kimi, Mülki Məcəllənin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etimş zaminin borcluya qarşı tələb hüququ borc tam ödənildikdən sonra keçir. 59.Belə ki, kassasiya instansiya məhkəməsi öz qərarında qeyd etmişdir ki, Mülki Məcəllənin 470, 472, 475 və 476-cı maddələrinin sistemli təhlilindən göründüyü kimi zaminlik öhdəliyinin məzmunu kreditorun tələb hüququndan və zaminin öhdəlik üzrə məsuliyyət daşımasından ibarətdir. Zaminlik hüquq münasibətləri subyekt tərkibi baxımından kreditor, borclu və zamindən ibarətdir. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, zaminin birgə məsuliyyəti nəzərdə tutulduğu halda zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Birgə məsuliyyətin başlıca cəhəti ondan ibarətdir ki, zaminlik müqaviləsi üzrə bu məsuliyyət növü razılaşdırıldığı halda kreditor əsas öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə öz istəyi və mülahizəsi ilə tələbini eyni zamanda həm əsas borcluya, həm də birgə məsuliyyət daşıyan zaminə və ya onlardan birinə qarşı yönəldə bilər. Borclunun kreditor qarşısında öhdəliyinin zamin tərəfindən ödənildiyi halda, yuxarıda qeyd olunan subyekt tərkibinə əsaslanan hüquqi konstruksiya dəyişilir. Belə ki, öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Mülki Məcəllənin 475-ci maddəsi öhdəliyi icra etmiş zaminin mənafelərinin müdafiəsi məqsədi daşıyır. Həmin normanın tətbiq edilməsi üçün başılıca şərtzaminin borcu ödəməsidir. Bu isə kreditora mənsub olmuş tələb hüququnun zaminə keçməsinə səbəb olur. Yəni öhdəlikdə şəxslərin dəyişməsi baş verir. Borcun ödənilməsi nəticəsində kreditor öhdəlikdən çıxır və onun yerini zamin tutur. Müzakirə olunan məsələnin həlli ilə bilavasitə bağlı olan Mülki Məcəllənin 475.2-ci maddəsində deyilir ki, zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Bu norma ondan əvvəlki normanı tamamlayır və müqayisəli təhlil əsasında birmənalı anlaşılır ki, 475.1-ci maddə məzmun etibarilə zaminə keçmiş tələb hüququnun həcmini tənzimləyir. 475.2-ci maddə isə, zaminin borcluya qarşı tələb hüququnun yaranması üçün hüquqi əsasları müəyyən edir. Bu normaya əsasən, zaminin borcluya qarşı tələb hüququnun yaranması üçün zaminin öhdəliyi icra etməsi ilə yanaşı, kreditorun borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etmiş olmalıdır. Bu hallar onu deməyə əsas verir ki, zaminliyin hüquqi təbiəti baxımından zaminin borcluya qarşı tələb hüququ borc tam ödənildikdən sonra keçir. Bunun əksinə olan təcrübə nəticə etibarilə zaminlik institunun əsas borcun ödənilməsinə təminat funksiyasına zidd olmaqla, onun kreditor üçün əhəmiyyətinin azalmasına, zaminlə borclunun məsuliyyətinin solidarlığının itməsinə səbəb olardı. Belə ki, yuxarıda qeyd olunduğu kimi iddiaçının zaminlik müqaviləsində solidar zaminliyi müəyyən olunub. Bu halda zamin kreditor qarşısında öhdəliyin icra olunması üçün borclu ilə birgə məsuliyyət daşıyır. Bu o deməkdir ki, zamin və borclu Mülki Məcəllənin 425.2-ci maddəsinin tələbinə uyğun olaraq, kreditora olan borcun ödənilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Zaminin borcu qismən ödəməsi, onu öhdəliyin tam (qalan hissəsinin) icrasından azad etmir (zaminlik müqaviləsinin 4.3-cü bəndi). Borcun qismən ödənilməsinə baxmayaraq, onun qalan hissədə öhdəliyi davam edir və bu öhdəliyə borc tam ödənildikdən sonra xitam verilir. Zaminin kreditor qarşısında öhdəliyi davam etdiyi halda borcludan Mülki Məcəllənin 457-ci maddəsinə əsasən özünə olan borcun ödənilməsini tələb etməsi belə bir vəziyyət yaradır ki, borclu kredit müqaviləsi üzrə öhdəliyini icra etməsi ilə yanaşı, zaminə də ödəniş etməyə məcbur edilir. Bu da yuxarıda qeyd olunduğu kimi kreditorun zaminliklə təmin olunmuş öhdəliyin icrasının ləngiməsi, zaminlikdən irəli gələn birgə məsuliyyətin azalması, nəticə etibarilə zaminliyin təyinatını itirməsinə səbəb olur. 60.Kassasiya instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, Mülki Məcəllənin 475-ci maddəsinin tətbiq olunması üçün ilk növbədə zəruri dispozisiya şərti olan öhdəliyin zamin tərəfindən icra edilməsi müəyyən olunmalıdır. “Ohdəliyin zamin tərəfindən icra edilməsi” dedikdə, zamin tərəfindən ödənilmiş məbləğin borca nisbətdə tam və ya qismən olmasından asılı olmayaraq, müqavilə üzrə borcun tam ödənilmiş olması ehtiva edilir. Cavabdeh də apelyasiya şikayətində diqqəti buna cəlb edərək, borcun tam icra olunmadığını, kredit ödənişinin davam etdiyini bildirmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi cavabdehin bu dəlilinə heç bir münasibət bildirməmiş, borcun tam ödənilib-ödənilmədiyini araşdırmamışdır. Halbuki, işin düzgün həlli, iddia tələbinin hüquqi əsası kimi istinad etdiyi Mülki Məcəllənin 475.1-ci maddəsinin tətbiq olunması üçün bu halın müəyyən edilməsi zəruri idi. 61.MPM-nin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. 62.Məhkəmə kollegiyasının iclasında hər iki tərəf-iddiaçı və cavabdehin nümayəndəsi və vəkili sədrlik edənin suallarına cavab olaraq bildirmişlər ki, kredit müqaviləsi üzrə borc münasibətləri davam edir, borc hələ tam ödənilməmişdir. 63.Göründüyü kimi hər iki tərəf mübahisəli xx.xx.2019-cu il tarixli, RGTK0891412A206 saylı kredit müqaviləsi üzrə borcun tam ödənilib qurtarmadığını, borc münasibətlərinin davam etdiyini məhkəmə kollegiyasının iclasında etiraf etmişlər. 64.Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin zamin tərəfindən ödənilmiş borcun kredit müaviləsi üzrə əsas borcludan tutularaq zaminə ödənilməsi barədə gəldiyi nəticə düzgün olmamışdır. 65.Kollegiya qeyd edir ki, yuxarıda şərh edilənlərdən göründüyü kimi Mülki Məcəllənin 475.1-ci maddəsi üzrə öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları borc tam ödənildikdən sonra keçdiyindən, kredit müqaviləsi üzrə borcun tam ödənilib qurtarmadığı müəyyən edildiyindən, bununla da işin faktiki halları iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığından, mübahisələndirilən hissədə iddia təmin edilə bilməz. 66.Kollegiya həmçinin hesab edir ki, qətnamə mübahisələndirilən hissədə təmin edilmədiyindən ödənilmiş 125 manat dövlət rüsumunun Cavabdeh2 tutularaq İddiaçı ödənilmsi hissəsində də təmin edilməmlidir. 67.Məhkəmə kollegiyası bu konteksdə hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini mübahisələndirilən hissədə təmin edərkən maddi və prosessual hüquq normalarını pozmuş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmənin qətnamədə göstərilmiş nəticəsi işin hallarına uyğun gəlmir. 68.Kollegiya apellyatorun digər dəlillərinə münasibətdə qeyd edir ki, cavabdeh (məhkəmə kollegiyasının iclasında vəkili) onun ödədiyi məbləğin hansı qismini nə zaman və hansı qaydada iddiaçının özünə, hansı bir qismini iddiaçının tapşırığına görə valyuta mübadiləsində işləyən Xəyal adlı dostuna harada və nə zaman ödəməsi barədə sübutlar təqdim etməmişdir. Həmçinin, apellyasiya şikayətində göstərilsə də, lakin ödənilməli məbləğinin hansı qısminin cavabdeh tərəfindən Cavabdeh1 ASC-nin ödəniş terminalı vasitəsi ilə iddiaçının kart hesabına köçürməsi barədə sübutlar təqdim edilməmişdir. 69.Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh hansı vaxtlarda hansı hesaba ödəniş etməsi barədə məlumatları vermədiyindən, həmçinin bu barədə vəsatət verilmədiyi də nəzərə alınaraq sübutların təmini qaydasında bank terminallarından ödənişlə bağlı sənədlər təqdim edilməsinə dair qərardad qəbul edilməmişdir. 70.Bundan başqa, cavabdeh şikayətində işin hallarının müəyyən edilməsi üçün şahidlərin məhkəməyə gəlib izahat vermələrinə şərait yaradılmamasını qeyd etsə də, məhkəmə kollegiyasının iclasında hansı şahidin işin hansı halı barədə ifadə verməsinə, hansı şahidin məhkəmə iclasına dəvət edilməsinə dair əsaslandırılmış vəsatət verməmişdir. 71.Digər tərəfdən, qeyd olunmalıdır ki, iddiaçının ayrıca kredit müqaviləsi olmasının hazırkı işə aidiyyəti yoxdur. İddiaçı ilə Cavabdeh1 ASC arasında isə cavabdehin qeyd etdiyi 2019-cu ildə deyil, xx.xx.2017-ci il tarixdə kredit müqaviləsi bağlanmışdır və iş üzrə iddiaçının həmin müqavilə üzrə öz öhdəliyini icra etməsinin Cavabdeh2 ilə əlaqəsi olması müəyyən olunmamışdır. 72.Buna görə də məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3073/2022 saylı, 27 sentyabr 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən-11.561 manat 10 qəpik məbləğində pul vəsaiti və ödənilmiş 125 manat dövlət rüsumunun Cavabdeh2 tutularaq İddiaçı ödənilməsi hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi qeyd olunan hissədə təmin edilməməlidir. 73.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırkı iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3073/2022 saylı, 27 sentyabr 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən-11.561 (on bir min beş yüz altmış bir) manat 10 (on) qəpik məbləğində pul vəsaiti və ödənilmiş 125 (yüz iyirmi beş) manat dövlət rüsumunun Cavabdeh2 tutularaq İddiaçı ödənilməsi hissəsində ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qeyd olunan hissədə təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov
Məhkəmə qərarları › İş №2(103)-5737/2023
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5737/2023
27.09.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver