Məhkəmə qərarları › İş №2(103)-5743/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5743/2021

23.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5743/2021 23.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi ilə, Bakı Apelyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-331/2021 saylı 16 mart 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı «sığorta ödənişinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, **-SE-*** dövlət qeydiyyat nişanlı “BMW X5” markalı avtomobil mülkiyyət hüququ əsasında ona məxsusdur. 26.06.2019-cu il tarixdə avtomobil idarə edilərkən öndə gedən avtomobilin təkərinin altından çıxan daş iddiaçının avtomobilinin ön şüşəsinə dəymiş və nəticədə şüşə yararsız vəziyyətə düşmüşdür. Sığorta hadisəsi ilə bağlı “xxxx” ASC-nin nümayəndələri dərhal məlumatlandırılmışdır. Dəymiş ziyanın müəyyən edilməsi üçün “xxxx” ASC-nin işçilərinin tələbi ilə avtomobil “Toyota Əhmədli” təmir müəssisəsində texniki müayinədən keçirilmiş və iddiaçıya 318 manat sığorta ödənişinin ediləcəyi bildirilmişdir. İddiaçı həmin məbləğlə razılaşmamış və ondan sonra sığorta ödənişi ilə bağlı heç bir məlumat verilməmişdir. Avtomobil “xxxx” ASC-nin Yasamal filialının xeyrinə ipoteka ilə yüklü olduğundan sığorta şəhadətnaməsində bank faydalanan şəxs qismində göstərilmişdir. Sonradan iddiaçıya məlum olmuşdur ki, “xxxx” ASC “xxxx” ASC-nin Yasamal filialına məktub ünvanlayaraq göstərmişdir ki, “... İ-MİC0827/19 saylı sığorta şəhadətnaməsi ilə sığortalanmış İddiaçı məxsus **-SE-*** dövlət qeydiyyat nişanlı BMW X5 markalı avtomobil 26 iyun 2019-cu il tarixdə sığorta hadisəsinə uğramış və avtomobilə 710,00 (yeddi yüz on) manat məbləğində zərər dəymişdir. Avtomobil müqavilənin müddəalarına uyğun olaraq şərtsiz azadolma 250,00 (iki yüz əlli) manat olmaqla qismən (avtomobilin dəyərinin 80%-dən) 250,00 (iki yüz əlli) manat azadolma çıxılmaqla 318,00 (üç yüz on səkkiz) manat təşkil edir. Həmin avtomobilin sizin bankda girovda olduğunu, sığortalının bankınıza cari kredit borcunun mövcudluğunu və faydalanan şəxs olduğunuzu nəzərə alaraq sığorta ödənişinin sığortalıya, sizin bank hesabınıza və ya avtomobilin təmiri üçün təmir müəssisəsinə ödənilməsi barədə məlumat vermənizi xahiş edirik...”. ”xxxx” ASC-nin Yasamal filialı isə həmin məktuba cavab olaraq göndərdiyi 28.10.2019-cu il tarixli məktubunda göstərmişdir ki, “... sığorta hadisəsi nəticəsində “BMW X5” markalı, ** SE *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana görə müəyyən edilən məbləğin sığortalı ilə (İddiaçı) razılaşdırılmaqla həmin şəxsə verilməsinə etiraz etmirlər...”. Lakin bundan sonra da cavabdeh tərəfindən iddiaçıya dəymiş zərərlə bağlı hər hansı müraciət və ya ödəniş edilməmişdir. İddiaçı hesab edir ki, sığorta ödənişi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Sığortaçı tərəfindən müəyyən edilən məbləğ həddindən artıq aşağı məbləğdir və avtomobilə dəymiş zərərin aradan qaldırılması üçün yetərli deyildir. Bu səbəbdən, dəymiş zərərin aradan qaldırılması üçün tələb olunan məbləğin müəyyən edilməsi üçün BMW AG konserninin Azərbaycanda rəsmi idxalçısı “xxxx” MMM-nin texniki xidmət mərkəzinə müraciət etmişdir. Xidmət mərkəzində avtomobilə baxış keçirilmiş və dəymiş zərərin məbləği 2000,04 manat, avtomobilin müayinə edildiyi günə olan endirimli qiymətlə isə 1891,14 manat müəyyən edilmişdir. Hamıya bəllidir ki, “BMW” markalı avtomobillərin ən keyfiyyətli və real bazar qiymətlərinə uyğun təmiri “xxxx” MMM-də həyata keçirilir. Lakin, cavabdeh tərəfindən “BMW” markalı avtomobillə heç bir əlaqəsi olmayan “Toyota Əhmədli” təmir müəssisəsi tərəfindən aparılmış qiymətləndirmə əsas götürülmüşdür. Həmçinin, “Toyota Əhmədli” təmir müəssisəsi tərəfindən tərtib edilmiş qiymətləndirməyə dair hesabatdan görünür ki, qiymətləndirmə aparılarkən material və ehtiyyat hissəsi olaraq ancaq ön alın şüşəsi və kley, bir də xidmət haqqı nəzərə alınmışdır. Lakin, “xxxx” MMM-nin texniki xidmət mərkəzi tərəfindən tərtib edilmiş qüsur aktında dəymiş zərərin aradan qaldırılması üçün ehtiyyat hissəsi olaraq, ön şüşə, şüşənin yuxarı kantı, yağış sensoru və yapışdırıcı göstərilmişdir. Bu iki rəy arasındakı əhəmiyyətli fərq onu göstərir ki, avtomobil “Toyota Əhmədli” təmir müəssisəsi tərəfindən tam müayinə edilməmiş və ön şüşə dəyişdirilərkən hansı ehtiyyat hissələrinini dəyişilməli olması belə düzgün müəyyən edilməmişdir. Bu da həmin servisin ustalarının məhz “BMW” avtomobilləri ilə bağlı təcrübəsizliyinə dəlalət edir. İddiaçı hesab edir ki, mübahisə həll edilərkən “Toyota Əhmədli” təmir müəssisəsinin deyil, “xxxx” MMM-nin qiymətləndirilməsi nəzərə alınmalıdır. Digər tərəfdən, “Toyota Əhmədli” təmir müəssisəsi tərəfindən tərtib edilmiş avtomobilin qiymətləndirilməsinə dair hesabatda yeni ön şüşənin qiyməti 630 manat göstərilmişdir. Halbuki, original ön şüşənin real bazar qiyməti 1200 manatdan aşağı deyil və heç bir yerdən 630 manata ön şüşənin alınması qəti surətdə mümkünsüzdür. Ona görə də cavabdehin təqdim etdiyi qiymətləndirmə hesabatı əsaslı hesab edilə bilməz. Sığorta ödənişi müəyyən edilərkən “xxxx” tərəfindən verilmiş Qüsur Aktında göstərilən 2000 manat əsas götürülməli və 250 manat azadolma məbləği çıxılmaqla 1750 manat sığorta ödənişi cavabdehdən iddiaçının onun xeyrinə tutulmalıdır. Bundan başqa, 06.09.2019-cu il tarixli məktubda göstərilmişdir ki, qismən sığortalandığına görə sığortalıya görə sığortalıya dəymiş zərərin 80%-i ödənilməlidir. Cavabdehin bu mövqeyi də əsassızdır. Belə ki, 19.04.2019-cu il tarixli “fiziki şəxslərə tərdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası” şəhadətnaməsindən də görünür ki, avtomobil tam sığortalanmışdır. Şəhadətnamənin xüsusi şərtlər bölməsində “sığorta hadisəsi zamanı əmlakın sığorta məbləği onun real bazar dəyərindən az olduğu halda (qismən sığorta halında) sığortaçı zərərin əvəzini sığorta məbləğinin sığorta dəyərinə olan nisbətdə ödəyir” barədə göstərilənlər müqavilənin qismən sığorta şərti ilə bağlanması nəticəsinə gəlmək üçün əsas deyildir. Belə ki, sığorta şəhadətnaməsinə daxil edilmiş bu şərti müqavilə bağlanan anda deyil, sığortalanmış əmlakın dəyərində sonradan artımın baş verməsi səbəbindən meydana gələn halı, yəni qismən sığorta halını tənzimləyir. Bu mənada, sığorta haqqını sığorta dəyərini rəhbər tutmaqla müəyyənləşdirilmiş cavabdeh MM-nin 896.1-ci maddəsində nəzərdə tutulmuş hüquqi imkandan faydalanması üçün hər hansı əsas yoxdur. Çünki yuxarıda da qeyd edildiyi kimi, MM-nin 896.1-ci maddəsindəki hüquqi imkan, habelə sığorta şəhadətnaməsindəki məlum şərt tam dəyər sığortası olaraq bağlanmış müqavilə üzrə sonradan qismən sığorta halının ortaya çıxması nəticəsində sığortaçının əleyhinə pozulan öhdəliklər arasındakı tarazlığın bərpasına xidmət edir. Cavabdeh isə müqavilə bağlanan anda sığorta dəyərinin sığorta məbləğindən artıq olmasını bilirdi və sığorta haqqını da sığorta dəyərini nəzərə almaqla təyin edilmişdir (əgər nəzərə alınmamışdırsa, bu halın riskini sığortaçı daşıyır). Nəticə etibarılə sığorta hadisəsi baş verən məqamda sığortaçı və sığortalının qarşılıqlı öhdəlikləri arasındakı tarazlıq pozulmamışdır. Ona görə də bu hallarda Mülki Məcəllənin 896-cı maddəsinin hazırki mübahisəyə tətbiqi istisna edilir. Bundan başqa, cavabdeh nə iddiaçının tələb etdiyi, nə də ki özünün təyin etdiyi sığorta ödənişini hələ də bu günədək nə faydalanan şəxsə (banka), nə də ki, iddiaçıya ödəməmiş, yaxud faydalanan şəxsə və ya iddiaçıya sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməmişdir. Bu səbəbdən iddiaçı hesab edir ki, cavabdeh sığorta ödənişi ilə bərabər eyni zamanda hər gecikdirilmiş gün üçün sığorta məbləğinin 0,1 faizi həcmində dəbbə pulu da ödəməlidir. Göstərilənlərə əsasən 1750 manat məbləğində sığorta ödənişinin və 12.11.2019-cu il tarixdən başlayaraq sığorta ödənişinin ödənildiyi günədək hər gecikdirilmiş gün üçün sığorta ödənişinin 0.1 faizi məbləğində dəbbə pulunun, habelə ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh “xxxx” ASC-dən İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Sonradan İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəməyə təqdim olunmuş ekspert rəyindən görünür ki, sığorta hadisəsi nəticəsində texniki zədə almış avtomobilin təmir-bərpa xərci 1660 manat təşkil edir. Bu səbəbdən 1410 manat məbləğində sığorta ödənişinin və sığorta ödənişinin gecikdirilməsinə görə 1500 manat məbləğində dəbbə pulunun, habelə ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh “xxxx” ASC-dən İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-331/2021 saylı 16 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, İddiaçı məxsus olan 2010-cu il buraxılışlı “BMW X5” markalı **-SE-*** dövlət nömrə nişanlı avtomobilə dəymiş zərərə görə 1078 (bir min yetmış səkkiz) manat sığorta ödənişinin və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 1108 (bir min yüz səkkiz) manat məbləğində pul vəsaitinin cavabdeh «xxxx» ASC-dən alınaraq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat məbləğində pulun cavabdeh «xxxx» ASC-dən alınaraq Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ43CTRE******************** hesabına köçürülməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı apelyasiya şikayəti verərək qətnamənin iddianın təmin olunmamış hissəsində ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə sığorta ödənişinin geckdirilməsinə görə tələb olunan dəbbə pulu hissəsində iddia tələbini təmin etməməsini onunla əsaslandırmışdır ki, “cavabdeh sığorta təşkilatı tərəfindən sığorta hadisəsi ilə bağlı sığorta ödənişinin verilməsindən imtina edilməmişdir. İddiaçı sığorta təşkilatı tərəfindən ona hesablanmış sığorta ödənişi ilə razılaşmamışdır. Belə olan halda məhkəmə sığorta ödənişinin verilməsinin gecikdirilməsi halının müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, iddia tələbi 1500 manat dəbbə pulunun tutulması hissəsində əsassızdır və təmin edilməməlidir”. Məhkəmənin bu qənaəti Mülki Məcəllənin 934-cü maddəsinin göstərişinə uyğun olmamışdır. Belə ki, işin hallarından göründüyü kimi, cavabdeh tərəfindən iddiaçıya 318 manat sığorta ödənişi təklif olunsa da, məhkəmənin özü sığorta ödənişinin məbləğini 1078 manat müəyyən etmişdir. Yəni, sığortaçı sığorta ödənişinin 760 manat hissəsini gecikdirmişdir. Belə olan halda, gecikdirilən məbləğə görə dəbbə pulu hesablanmalı olduğu halda, məhkəmə əsassız olaraq iddianı həmin hissədə rədd etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apelyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apelyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apelyasiya baxışının hədlərini qətnamənin yalnız iddia tələbinin təmin olunmayan (dəbbə pulu) hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Belə ki, İddiaçı apelyasiya şikayətində iddia tələbinin təmin edilməməsi hissəsində qətnamənin ləğv edilməsini xahiş etsə də, apelyasiya şikayətinin məzmunundan görünür ki, iddiaçı qətnaməni dəbbə pulunun təmin edilməməsi hissəsində mübahisələndirmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-331/2021 saylı 16 mart 2021-ci il tarixli qətnaməsi mübahisələndiriən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan 19.04.2019-cu il tarixli, İ-MİC-0827/19 saylı fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası şəhadətnaməsinə əsasən «xxxx» ASC tərəfindən, faydalanan şəxs “xxxx” ASC-nin Yasamal filialı göstərilməklə, sığortalı İddiaçı məxsus “BMW X5” markalı, **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobil 20.04.2019-cu il tarixdən 19.04.2020-ci il tarixədək sığortalanmış, sığortanın dəyəri 28.000 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı tərəfindən “xxxx” ASC-yə ünvanlanmış ərizədən görünür ki, **-SE-*** dövlət qeydiyyat nişanlı “BMW X5” markalı avtomobil mülkiyyət hüququ əsasında ona məxsusdur. 26.06.2019-cu il tarixdə avtomobil etibarnamə əsasında Elvin Qarabağlı tərəfindən idarə edilərkən yol-nəqliyyat hadisəsi baş vermiş və onun avtomobilinə ziyan dəymişdir. Dəymiş ziyanın müəyyən edilməsi üçün şirkətin işçilərinin tələbi ilə avtomobil “Toyota Əhmədli” təmir müəssisəsində texniki müayinədən keçsə də, bu günə kimi müayinənin nəticəsi və dəymiş ziyanın hansı məbləğdə qiymətləndirilməsi barədə ona hər hansı məlumat verilməmişdir. Əlavə olaraq bildirir ki, sığorta hadisəsi zamanı avtomobilin ön şüşəsi əhəmiyyətli dərəcədə zədə aldığından avtomobili qəza baş verdiyi gündən bu günədək istifadə edə bilmir və əsassız yerə sığorta işinin baxılmasının uzadılması da onun hüquqularının pozulmasına səbəb olur. Odur ki, mümkün qədər qısa müddətdə sığorta işinin nəticəsi barədə ona məlumat verilməsini xahiş etmişdir. İş materiallarında olan “xxxx” ASC tərəfindən “xxxx” ASC-nin Yasamal filialının rəhbərliyinə ünvanlanmış 06.09.2019-cu il tarixli 3890/İ saylı məktubun surətindən görünür ki, İ-MİC-0827/19 saylı sığorta şəhadətnaməsi ilə sığortalanmış İddiaçı məxsus **-SE-*** dövlət qeydiyyat nişanlı “BMW X5” markalı avtomobil 26.06.2019-cu il tarixində sığorta hadisəsinə uğramış və avtomobilə 710 manat məbləğində zərər dəymişdir. Avtomobil müqavilənin müddəalarına uyğun olaraq şərtsiz azadolma 250 manat olmaqla qismən (avtomobilinin dəyərinin 80%-i) sığortalanmışdır. Buna əsasən sığorta ödənişi avtomobilə dəymiş zərərin 80%-dən 250 manat azadolma çıxılmaqla 318 manat təşkil edir. Həmin avtomobilin “xxxx” ASC-nin Yasamal filialında girovda olduğunu, sığortalının bankina cari kredit borcunun mövcudluğunu və faydalanan şəxs olduğunu nəzərə alaraq sığorta ödənişinin sığortalıya, “xxxx” ASC-nin bank hesabına və ya avtomobilin təmiri üçün təmir müəssisəsinə ödənilməsi barədə məlumat verilməsini xahiş etmişlər. İş materiallarında olan “xxxx” MMM tərəfindən verilmiş 07.10.2019-cu il tarixli qüsur aktına əsasən “BMW AG” konserninin Azərbaycanda rəsmi idxalçısı “xxxx” MMM-nin texniki xidmət mərkəzinə 26.09.2019-cu il tarixdə daxil olmuş “BMW X5” markalı, 99- SE110 dövlət nömrə nişanlı, L408423 ban nömrəli avtomaşında ön şüşə zədələnmiş və onun dəyişdirilməsinə 1891,14 (ƏDV daxil) manat pul vəsaiti tələb olunmuşdur. İş materiallarında olan “xxxx” ASC-nin Yasamal filialı tərəfindən “xxxx” ASC-yə, surəti İddiaçı ünvanlanmış 28.10.2019-cu il tarixli məktubuna əsasən sığorta hadisəsi nəticəsində “BMW X5” markalı, ** SE *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana görə müəyyən edilən məbləğin sığortalı ilə (İddiaçı ilə) razılaşdırılmaqla həmin şəxsə verilməsinə etiraz etmirlər. İş üzrə “xxxx” ASC-nin 29.07.2019-cu il tarixli zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabatına əsasən “BMW X5” markalı **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri və ehtiyyat hissələrinin dəyişdirilməsi üçün cəmi 710 manat vəsait hesablanmışdır. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 27 yanvar 2021-ci il tarixli, 9/5760 №-li məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, nəzəri hesablaşma yolu ilə təqdim edilmiş 07.10.2019-cu il tarixli qüsur aktı məlumatlarına əsasən 26.06.2019-cu il tarixdə baş vermiş hadisə nəticəsində 2010-cu il buraxılışlı, “BMW X5” markalı **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 1660 manat müəyyən edilmişdir (o cümlədən dəyişilməli hissələrin qiyməti 1560 manat, təmir-bərpa işlərinin qiyməti – 100 manat). Aparılmış ekspert tədqiqatının dəyəri 50 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 934-cü maddəsinə əsasən sığortaçı sığorta ödənişini sığorta qanunvericiliyi və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, sığorta şirkəti tərəfindən hesablanan ziyan məbləği ilə razi deyil. Bu səbəbdən iddiaçı cavabdehdən vurulmuş ziyanın əvəzi kimi 1410 manat məbləğində sığorta ödənişinin və sığorta ödənişinin gecikdirilməsinə görə 1500 manat dəbbə pulunun tutulmasını xahiş etmişdir. İş materialları ilə müəyyən edilir ki, cavabdeh sığorta təşkilatı tərəfindən sığorta hadisəsi ilə bağlı sığorta ödənişinin verilməsindən imtina edilməmişdir. İddiaçı sığorta təşkilatı tərəfindən ona hesablanmış sığorta ödənişi ilə razılaşmamışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, sığorta ödənişinin verilməsinin gecikdirilməsi halının müəyyən edilmədiyindən, iddia tələbi 1500 manat dəbbə pulunun tutulması hissəsində əsassızdır və təmin edilməməlidir. Apelyasiya şikayətinin dəlilinə gəldikdə isə kollegiya qeyd edir ki, iddiaçı tərəfin qeyd etdikləri iş materialları ilə təkzib olunduğundan əsaslı sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin müəyyən edilmiş hallarına və qanunvericiliyin tələblərinə uyğun olmaqla apelyasiya şikayətində göstərilənlər yuxarıda qeyd olunanlarla təkzib edilərək qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-331/2021 saylı 16 mart 2021-ci il tarixli qətnaməsi mübahisələndiriən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-331/2021 saylı 16 mart 2021-ci il tarixli qətnaməsi mübahisələndiriən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar