Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5744/2021 22.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 və vəkili X1 iştirakları ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1052/2021 saylı, 16 mart 2021-ci il tarixli qətnaməsindən Cavabdeh Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X6 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində “X9 Company Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyini cəlb etməklə Cavabdeh Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə qarşı “sığorta ödənişinin ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, peşə əmək qabiliyyətinin itirilməsi nəticəsində ona ödənilməli olan sığorta məbləğinin hesablanaraq ödənilməsinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1052/2021 saylı, 16 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, Cavabdeh Sığorta Şirkəti ASC-nin üzərinə İddiaçı istehsalatda peşə əmək qabiliyyətinin itirilməsi və İİ qrup əlil olması, bununla da sığorta hadisəsinin baş verməsi ilə əlaqədar birdəfəlik sığorta ödənişinin hesablanaraq verilməsi vəzifəsinin qoyulması qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X6 apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin cavabdehin üzərinə birdəfəlik sığorta ödənişinin hesablanaraq verilməsi vəzifəsini qoyması işin hallarına uyğun olmamış, məhkəmə tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilməmiş və tətbiq edilməli normalar tətbiq edilməmişdir. İddiaçı 03 dekabr 2019-cu il tarixində, yəni sığorta müqaviləsinin qüvvədə olmadığı dövrdə peşə xəstəliyi səbəbindən beş il müddətinə ikinci dərəcəli əlillik təyin edilməsi işin mübahisəsiz halı olsa da, baxılan halda məhkəmənin cavabdehin üzərinə birdəfəlik sığorta ödənişinin hesablanaraq verilməsi vəzifəsini qoyması Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4№-li 24 noyabr 2005-ci il tarixli qərarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 oktyabr tarixli 192 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə birdəfəlik sığorta ödənişi məbləğinin hesablanması” Qaydasına zidd olmuş, məhkəmə cavabdehin üzərinə birdəfəlik sığorta ödənişinin hesablanaraq verilməsi vəzifəsini qoyarkən qeyd edilən maddi hüquq normalarının tələblərini nəzərə almamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş AR ƏƏSMN Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair sənədi əsasında iddiaçıya 03 dekabr 2019-cu il tarixdə peşə xəstəliyi səbəbindən beş il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. Lakin iddiaçıya əlillik təyin edilən zaman onun xeyrinə bağlanmış icbari sığorta müqaviləsi qüvvədə olmamışdır. Belə ki, iddiaçının çalışdığı “X10 Company Limited” şirkətinin Azərbaycan Respublikasında nümayəndəliyi ilə Cavabdeh SŞ-ti arasında 04 may 2016-cı il tarixli ATE16040207 saylı “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından” icbari sığorta müqaviləsi bağlanmış və iddiaçı sığorta olunanlar siyahısında göstərilmişdir. Qeyd olunan müqaviləyə 03 may 2018-ci il tarixində xitam verilmişdir. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanunun 2.0.12-ci maddəsinə əsasən, icbari sığorta müqaviləsinin qüvvədə olduğu dövr ərzində istehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi, yaxud ölümü ilə əlaqədar bu Qanuna görə sığorta ödənişinin faydalanan şəxsə ödənilməsi üçün əsas olan hal sığorta hadisəsi hesab edilir. Göründüyü kimi, Qanunun tələbinə əsasən, peşə xəstəliyi nəticəsində sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi icbari sığorta müqaviləsinin qüvvədə olduğu dövr ərzində baş verməlidir, yalnız o zaman hadisə sığorta hadisəsi hesab edilir. Lakin məhkəmə Qanunun tələbini nəzərə almadan iddiaçının xeyrinə qətnamə qət etməklə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaratmamış və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmamışdır. İşin tam, hərtərəfli və obyektiv araşdırılması məqsədilə iddiaçının əlilliyi ilə peşə xəstəliyi arasında səbəbli əlaqənin dəqiqləşdirilməsi zərurəti vardır. Belə ki, 24 iyul 2017-ci il tarixli V.Y. Axundov adına METTPİ peşə xəstəlikləri klinikasının X5 adlı sənəd əsasında iddiaçının peşə xəstəliyi müəyyən olunsa da, həmin peşə xəstəliyinin iddiaçının əlilliyi ilə bilavasitə səbəbli əlaqəsi digər iş materialları ilə sübut olunmur. Tibbi-sosial Ekspert Komissiyasının (TSEK) 21 avqust 2017-ci il tarixli sonuncu müayinəyə dair məlumatında qeyd olunur ki, köməkçi diaqnostik müayinələrdəki ağırlaşma ilə diaqnoz arasındakı fərq olduğuna görə əlilllik və ya sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsindən imtina edilib. Bir sözlə iddiaçının 2017-ci ildə təsdiq edilmiş peşə xəstəliyi nəticəsində 2019-cu ildə peşə əmək qabiliyyətini itirməsi arasında səbəbli əlaqə mövcud deyildir. Yalnız 26 sentyabr 2019-cu il tarixli V.Y.Axundov adına METTPİ peşə xəstəlikləri klinikasının X5 adlı sənədində şəxsin əlilliyinə səbəb ola biləcək peşə xəstəliyi müəyyən olunmuş və 0027003AAC2K saylı Göndəriş əsasında iddiaçının 03 dekabr 2019-cu il tarixində 2-ci dərəcəli əlilliyi müəyyən olunmuşdur. Göründüyü kimi iddiaçıda 2 dəfə müxtəlif vaxtlarda peşə xəstəliyi müəyyən olunmuş, 24 iyul 2017-ci il tarixli peşə xəstəliyinin nəticəsində əlillik təsdiq edilməmiş, yalnız 2-ci dəfə müəyyən edilmiş peşə xəstəliyinin əsasında 03 dekabr 2019cu il tarixində 2-ci dərəcəli əlillik təsdiq olunmuşdur. Bu vaxt isə iddiaçı Cavabdeh SŞ-ti ASC-də sığorta olunmamışdır. Belə ki, yuxarıda qeyd olunanlar iddiaçının əlilliyi ilə peşə xəstəliyi arasında səbəbli əlaqənin dəqiqləşdirilməsini zəruri etməsinə baxmayaraq məhkəmə bunları nəzərə almamış və iddiaçının xeyrinə qətnamə qət etmişdir. Həmçinin iddiaçı maliyyə bazarlarına nəzarət orqanı olan Azərbaycan Respublikasının Mərkəzi Bankına şikayət ərizəsi ilə müraciət etmiş və Mərkəzi Bank tərəfindən 16 iyun 2020-ci il tarixli 26-10487-2020 saylı məktubla hadisənin sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş vermədiyi, bu səbəbdən sığorta hadisəsi hesab edilmədiyi və MM-in 935.1.8-ci maddəsinə əsasən sığorta ödənişinin verilməsinin nəzərdə tutulmadığı bildirilmişdir. Bu səbəbdən Cavabdeh SŞ-ti tərəfindən məhkəməyə vəsatət verilərək Mərkəzi Bankın nümayəndəsindən mütəxəssis rəyinin alınması xahiş edilmiş, məhkəmə vəsatəti təmin etməmiş və bununla da maliyyə bazarlarının istehlakçılarının hüquqlarının qorunması üçün mübahisəli hüquq münasibətlərində müəyyənlik yaratmamışdır. Qeyd edilənlərdən əlavə isə, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş “X10 Company Limited” şirkətinin Azərbaycan Respublikasında nümayəndəliyi tərəfindən “xxxx” Sığorta Şirkətinə göndərilmiş 25 may 2018-ci il tarixli məktub əsasında müəyyən olunmuşdur ki, iddiaçı Cavabdeh SŞ ASC-də sığorta müqaviləsinin qüvvədə olmadığı dövrdə “xxxx” SŞ-də sığorta olunmuş və həmin məktubla iddiaçının peşə xəstəliyi səbəbindən 15№BŞX-də müalicəsini davam etdirdiyi barədə məlumat verilmişdir. Bu səbəbdən Cavabdeh SŞ-ti tərəfindən məhkəməyə vəsatət verilərək iddiaçının “xxxx” SŞdən sığorta ödənişi alması yaxud imtina olunması barədə məlumatın dəqiqləşdirilməsi üçün “xxxx” SŞ-nin üçüncü şəxs qismində cəlb olunması xahiş edilmiş, məhkəmə vəsatəti təmin etməmiş və bununla da mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmamışdır. Apelyasiya şikayətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1052/2021 saylı, 16 mart 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində “X9 Company Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdirr. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən həmim şəxsin iştirаkı оlmаdаn işə baxılmasını mümkün hesab etmişdir. Apelyasiya məhkəməsinin iclasında, Cavabdeh Sığorta Şirkəti ASC-nin nümayəndəsi X6 və vəkili X2 cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətini müdafiə etdiklərini bildirərək, apelyasiya şikayətinin dəlillərinə uyğun çıxış etdilər, apelyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1052/2021 saylı, 16 mart 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdilər. Apelyasiya məhkəməsinin iclasında, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil cavabdeh təşkilatın nümayəndəsi Zeynəb Kərimova tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz etdiklərini bildirərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verdilər, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1052/2021 saylı, 16 mart 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda Cavabdeh Sığorta Şirkəti ASC-nin nümayəndəsi X6 apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnaməndən narazı qalaraq, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yoxlanılmalıdır. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara əsaslanaraq belə nəticəyə gəlmişdir ki, cavabdeh tərəfindən sığorta ödənişinin verilməsindən imtina üçün göstərilmiş hal iş materialları ilə öz təsdiqini tapmadığından, cavabdehin sığorta ödənişinin verilməsindən imtinası əsassız hesab edilməli və iddiaçının sığortalı kimi hüquqlarının pozulması kimi qiymətləndirilməlidir və gəldiyi nəticəni “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan Cavabdeh Sığorta Şirkəti ASC-nin nümayəndəsi Zeynəb Kərimova qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil izahatlarını və Cavabdeh Sığorta Şirkəti ASC-nin nümayəndəsi Zeynəb Kərimovanın və vəkili Səbuhi Mikayılovun çıxışlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh Sığorta Şirkəti ASC-nin nümayəndəsi Zeynəb Kərimovanın apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Bеlə ki, iş matеriallarında olan, “Qrand Hospital” tərəfindən verilmiş 11.02.2017-ci il tarixli rəyindən görünür ki, İddiaçı “Onurğanın bel hissəsinin degenerativ-sklerotik dəyişiklikləri. L5 fəqərənin S1 fəqərəyə nisbətən İİ dərəcəli ön listezi. L1-L2 diskin degenerasiyası. L2-L3, L4-L5 intervertebral diklərin dehidrasiyası. L4-L5 intervertebral diskin dehidrasiyası və fibroz halqasının arxa fraqmentinin qabarması. L5-S1 intervertebral diskin degenerasiyası və L5 fəqərənin ön listezinə bağlı geniş arxa psevdoprotruziyası” diaqnozu qoyulmuşdur.(İş.v. 14) İş materiallarında olan Bakı şəhəri Suraxanı rayonu 15 nömrəli X4 tərəfindən verilmiş 01.05.2017-ci il tarixli xəstənin tibbi kartasından çıxarışının kserosurətindən görünür ki, “X10 Company Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyində işləyən İddiaçı “L5 fəqərəlinin intravertebral diskin listezi, L5-S1 fəqərə diskin protruziyası” disqnozu qoyulmuşdur.(İş.v. 5) İş materiallarında olan Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən “X10 Company Limited” Şirkətinin Azərbaycan Respublikasında Nümayəndəliyinə ünvanlanmış 12.06.2017-ci il tarixli məktubun kserosurətindən görünür ki, “Azərbaycan Respublikasının ”İstehsalatda bəxbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Qanuna və Nazirlər Kabinetinin 03.11.2010cu il tarixli 196 saylı Qərarına əsasən baş vermiş hadisənin sığorta hadisəsi kimi tanınması üçün faydalanan şəxsin imzaladığı sığorta tələbi; qanunvericilikdə müəyyən edilmiş formada tərtib olunmuş istehsalatda bədbəxt hadisə haqqında faktın, yaxud sığorta olunanla bağlı istehsalatda bədbəxt hadisənin baş verməsi barədə məhkəmə qərarın surəti; sığorta hadisəsi nəticəsində sğorta olunanın peşə əmək qabiliyyətini itirməsi halında Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən verilən, istehsalatda bədbəxt hadisə nəticəsində sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsini təsdiq edən şəhahətnamənin əsli; faydalanan şəxsin şəxsiyyət vəsiqəsinin surəti; sığorta olunanın əmək müqaviləsinin şirkət tərəfindən təsdiq edilmiş surəti; İddiaçı 2016-cı ilin iyun ayından 2017-ci ilin iyun ayına kimi hər ay üzrə ödənilmiş tarif (vəzifə) maaşı və digər ödənişlər barədə açıqlama Cavabdeh Sığorta Şirkəti ASC-yə təqdim olunmasını xahiş edilmişdir.(İş.v. 18) İş materiallarında olan 15 nömrəli Birləşmiş Şəhər Xəstəxanası tərəfindən “xxxx” Əməliyyat Şirkətinə ünvanlanmış 295 saylı, 28.07.2017-ci il tarixli məktubunun kserosurətindən görünür ki, 1958-ci il təvəllüdlü İddiaçı 06.02.2017-ci il tarixdən 16.03.2017-ci il tarixədək “Modern Hospital”da “L5 intravertebral disk listezi, L5-S1 intravertebral disk protruziyası, osteoporoz” diaqnozu ilə stasionar müalicədə olmuşdur. 17.03.2017-ci il tarixdən 30.04.2017-ci il tarixədək ərazi poliklinikasında həkimnevropatoloqda ambulator müalicə almış, xəstənin vəziyyəti ağırlaşdığı üçün 01.05.2017ci il tarixdə “Azərsutikinti” Xəstəxanasına göndərilmişdir. Xəstə 01.05.2017-ci il tarixdən 16.05.2017-ci il tarixədək “Azərsutikinti” Xəstəxanasının nevrologiya stasionar müalicədə olmuşdur. Diaqnoz: “Bel-oma fəqərələrinin osteoxondrozu. L4-L5 və L5-S1 fəqərəarası diskin protuziyası. L5-S1 fəqərəarası diskin arxa psevdo yırtığı güclü kökcük ağrıları ilə, aşağı ətrafların hipestenziyası”. 14.06.2017-ci il tarixdə xəstə müalicə olunmaq üçün AR Səhiyyə Nazirliyinin V.Y.Axundov adına METTPİ peşə xəstəlikləri Klinikasına göndərilmiş, 14.06.2017-ci il tarixdən 25.07.2017-ci il tarixədək orada tam müalicə almışdır. Diaqnoz: “Bel, fəqərələrin osteoxondrozu. Degenerativ sklerotik dəyişiklikləri fonunda davamlı, teztez fəsadlaşan kökcük ağrıları ilə, hissi və hərəki pozğunluqlarla gedən xroniki bel-oma radikulopatiyası”. Xəstənin sağlamlıq imkanlarının məhdudluğunun itirilmə dərəcəsinin təyin edilməsinə görə AR Sosial Müdafiə Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasına göndərilməsi üçün sorğu verilməsini xahiş edilmişlər.(İş.v. 9) İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə 21.08.2017-ci il tarixli bildirişinin surətindən görünür ki, İddiaçı əlil və sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilməsinə imtina edilib. Səbəb: Göndərişin natamam doldurulması. Ətraflı: köməkçi diaqnostikmüayinələrdəki ağırlaşma ilə diaqnoz arasında fərqin olmasını, “Xroniki depatoxolesistit. Şmorle düyünləri (yırtıqları), Bel-oma fəqərələrinin osteoxondrozu, L5 İntervertebral disk listezi. L5-S1 interverbral disk protuziyası. Osteoporoz (Peşə xəstəliyi). Qabarıq asteno-nevrotik vegetativ sindrom” diaqnozu qoyulmuşdur. İş materiallarında olan 15 nömrəli Birləşmiş Şəhər Poliklinikası tərəfindən “X10 Company Limited” Şirkətinin Azərbaycan Respublikasında Nümayəndəliyinə ünvanlanmış 209 saylı, 07.06.2018-ci il tarixli məktubun kserosurətindən görünür ki, X11 Şirkətində sementləyici aqreqatın maşinisti işləyən 1958-ci il təvəllüdlü İddiaçı 06.02.2017-ci il tarixdən 16.03.2017-ci il tarixədək Modern Hospitalda “L5 intravertebral disk listezi, L5-S1 intraverbertal disk protruziyası osteoporoz” diaqnozu ilə stasionar müalicədə olub. 11.02.2017-ci il tarixdə GRAND Hospitalda MRT müayinəsi keçib. Nəticə: “Onurğanın bel hissəsinin degenetativ sklerotiv dəyişiklikləri. L5 fəqərənin S1 fəqərəyə nisbətən İİ dərəcəli ön listezi. L1-L2 diskin dehidrasiyası. L2-L3, L3-L4 intervertebraldisklərin dehidrasiyası. L4-L5 intervebral diskin dehidrasiyası və fibros halqasının arxa fraqmentinin qabarması. L5-S1 intervertebral diskin degenerasiyası və L5 fəqərənin ön listezinə bağlı geniş arxa protuziyası”. 17.03.2017-ci il tarixdən müalicəsini müalicəsini ambulator şəraitdə həkim nevropatoloqda davam etdirib. 01.05.2017-ci il tarixdən 16.05.2017-ci il tarixədək AR SNnin “Azərsutikinti” Xəstəxanasının nevrologiya şöbəsində müalicə olunub. Diaqnoz: Beloma fərəqələrinin osteoxondrozu.L4-L5 və L5-S1 fəqərəarası diskin protruziyası. L5-S1 fəqərəarası diskin arxa psevroyırtığı. Güclü kökcük ağrıları ilə, aşağı ətrafların hipertenziyası”. İddiaçı əmək şəraitinin sanitariya-gigiyenik xasiyyətnaməsinin verilməsi barədə 15 nömrəli Birləşmiş Şəhər Poliklinikası tərəfindən 30.05.2017-ci il tarixdə Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə sorğu məktubu göndərilmiş, həmin məktuba cavab olaraq Respublikası G və EM-i 07.06.2017-ci il tarixli 7 saylı xasiyyətnaməni təqdim etmişdir. Xasiyyətnamədə bildirilmişdir ki, “İşçinin peşə xəstəliyinə tutulmaq ehtimalı yüksək olan iş yerlərinin siyahısına, AR Nazirlər Kabinetinin 15.02.2003cü il tarixli 23 nömrəli qərarı ilə təsdiq edilmiş “Fəaliyyətin məhdudlaşdırılması tələb olunan ayrı-ayrı peşə növlərinin və yüksək təhlükə mənbəyi ilə bağlı işlərin siyahısına” daxildir. Xəstə 15.06.2017-ci il tarixdən 24.07.2017-ci il tarixədək AR Səhiyyə Nazirliyinin V.Y.Axundov adına ETTPİ peşə xəstəlikləri Klinikasında müayinə və müalicə olunub. Diaqnoz: Bel-oma fəqərələrinin osteoxondrozu. Degenerativ slerotik dəyişiklikləri fonunda davamlı, tez-tez fəsadlaşan kökcük ağrıları ilə, hissi və hərəki pozğunluqlarla gedən xroniki bel-oma radikulopatiyası. Ağaşı ətrafların parezi”. ETTPİ peşə xəstəlikləri Klinikası tərəfindən xəstəyə ambulator müayinəni davam etdirmək, həmçinin əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi məqsədilə Tibbi Sosial Ekspert Komissiyasına göndərilməsi tövsiyə olunub. 01.08.2017-ci il tarixdə İddiaçı işlədiyi “X9 Company Limited” Şirkətinin Azərbaycan Respublikasında Nümayəndəliyi tərəfindən də TSEK-in sədrinə İddiaçı əlillik qrupunun və əmək qabiliyyətinin itirilməsi faizinin təyin edilməsi barədə sorğu göndərilib. TSEK-in registrinə peşə xəstəlikləri ilə əlaqədar onlayn qiymətləndirilmə daxil edilmədiyi üçün, xəstənin əlillik və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi mümkün olmayıb. Bununla əlaqədar 07.08.2017, 24.08.2017, 13.09.2017, 07.11.2017, 04.12.2017ci il və 31.01.2018-ci il tarixlərində də xəstənin əlillik və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi məqsədilə Tibbi Sosial Ekspert Komissiyasına məlumatların onlayn qaydada göndərilməsinə baxmayaraq, TSEK-in registrinə peşə xəstəlikləri ilə əlaqədar qiymətləndirmə daxil edilmədiyi üçün, xəstənin əlillik və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi mümkün olmayıb. Bu səbəbdən də İddiaçı xəstəlik vərəqəsi 10.08.2018-ci il tarixdən bağlanır.(İş.v. 19-21) İş materiallarında olan “X10 Company Limited” Şirkətinin Azərbaycan Respublikasında Nümayəndəliyinin əmək müqaviləsinə xitam verilməsi haqqında 83 saylı, 07.06.2018-ci il tarixli əmrin surətindən görünür ki, əməliyyat departamentinin nəqliyyat şöbəsinin avtonəqliyyat sahəsində sementləyici aqreqatın maşinisti peşəsində çalışan İddiaçı ilə Nümayəndəlik arasında 27.07.2015-ci il tarixdə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən 07.06.2018-ci il tarixdən xitam verilmişdir. Əsas: İddiaçı tərəfindən əmək müqaviləsinə xitam verilməsi barədə 07.06.2018-ci il tarixli ərizəsidir.(İş.v. 12) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin V.Axundov adına ETTPİ-nin Peşə xəstəlikləri Klinikası tərəfindən verilmiş 26.09.2019-cu il tarixli X5ın kserosurətindən görünür ki, xəstə İddiaçı 04.09.2019-cu il tarixdən 26.09.2019-cu il tarixədək klinikasında müayinə və müalicə olunub. Diaqnoz: Bel fəqərələrinin osteoxondrozu. Degenerativ slerotik dəyişikliklər fonunda davamlı kökcük ağrıları ilə, teztez fəsadlaşan, hərəki və vegetativ reaksiyalarla xroniki bel-oma radikulopatiyası, ağaşı ətrafların parezi”. Klinika tərəfindən xəstəyə Tibbi Sosial Ekspert Komissiyasına göndərilməsi tövsiyə olunub.(İş.v. 10) İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə 03.12.2019-cu il tarixli bildirişinin surətindən görünür ki, İddiaçı peşə xəstəliyi ilə əlaqədar ikinci qrup əlildir, 65% əmək qabiliyyətin itirmiş, “Şmorle düyünləri (yırtıqları), Bel fəqərələrinin osteoxondrozu, degenerativ sklerotik dəyişiklikləri fonunda davamlı, tez-tez fasadlaşan kökcük ağrıları ilə, hissi və hərki pozuntularla gedən xroniki bel-oma radikulopatiyası aşağı ətrafların hemiparezi. L5 fəqərəsinin S1 fəqərəyə nisbətən İİ dərəcəli ön listezi. L5-S1 interverbral disk protuziyası. Qalça sümüklərinin xroniki asteporozu. (Peşə xəstəliyi) Nevrasteniya. Qabarıq asteno-vegetativ sindrom” diaqnozu qoyulmuşdur.(İş.v. 17) İş materiallarında olan Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən İddiaçı ünvanlanmış 28.02.2020-ci il tarixli məktubun kserosurətindən görünür ki, təqdim edilən sənədlərdən görünür ki, İddiaçı 03.12.2019-cu il tarixdə peşə xəstəliyi səbəbindən beş il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, “X10 Company Limited” Şirkətinin AR nümayəndəliyi ilə Cavabdeh Sığorta Şirkəti arasında bağlanmış istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsinə “X10 Company Limited” Şirkətinin AR nümayəndəliyinin BE/14-326 saylı, 04.05.2018-ci il tarixli məktubu əsasında 2018-ci il tarixdən xitam verilmişdir. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.12-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta müqaviləsinin qüvvədə olduğu dövr ərzində istehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi, yaxud ölümü ilə əlaqədar bu Qanuna görə sığorta ödənişinin faydalanan şəxsə ödənilməsi üçün əsas olan hal hesab edilir. Beləliklə göründüyü kimi İddiaçıla hadisə baş verən tarixə qüvvədə olan və xeyrinə bağlanmış icbari sığorta müqaviləsi olmadığına görə baş vermiş hadisə sığorta hadisəsi hesab edilə bilməz. Yuxarıda göstərilənləri nəzərə alaraq Cavabdeh Sığorta Şirkəti qeyd edilən hadisə ilə bağlı sığorta ödənişinin verilməsindən imtina edir.(İş.v. 17) İş materiallarında olan Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən İddiaçı ünvanlanmış 16.06.2020-ci il tarixli məktubun surətindən görünür ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 935.1.8-ci maddəsinə görə baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi halında sığortaçı sığorta ödənişinin verilməsindən imtina edir. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Qanunun 2.0.12-ci maddəsinə görə sığorta hadisəsi - icbari sığorta müqaviləsinin qüvvədə olduğu dövr ərzində istehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi, yaxud ölümü ilə əlaqədar bu Qanuna görə sığorta ödənişinin faydalanan şəxsə ödənilməsi üçün əsas olan haldır. Qanunun 3.1.1-ci maddəsinə görə hüquqi şəxslə və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və ya Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq bağlanılmış əmək müqaviləsi və ya mülki-hüquq müqavilə əsasında əmək funksiyalarını yerinə yetirən şəxslər, dövlət orqanında çalışan dövlət qulluqçuları və digər işçilər bu Qanun əsasında bağlanılan icbari sığorta müqaviləsi üzrə icbari sığorta olunmalıdırlar. Qanunun 7.3-cü maddəsinə görə bu Qanunla sığorta etdirmək vəzifəsi daşıyan sığortalı həmin vəzifəni yerinə yetirmədikdə və ya icbari sığorta müqaviləsini qanunvericiliklə nəzərdə tutulmuş şərtlərlə müqayisəbə sığorta olunan vəziyyətini pisləşdirən şərtlərlə bağladıqda, sığorta hadisənin baş verdiyi halda bu Qanuna uyğun olaraq xeyrinə sığorta müqaviləsi bağlanmalı şəxslər qarşısında azı bu Qanunla müəyyən edilmiş sığorta təminatı həcmində öhdəlik daşıyır. Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən təqdim edilmiş sənədlərə əsasən “X10 Company” Limited şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi ilə bağlanmış ATE16040207 saylı 04.05.2016-cı il tarixli müqaviləyə 03.05.2018-ci il tarixdə xitam verilmiş və İddiaçı barəsində peşə xəstəliyi ilə əlaqədar 03.12.2019-cu il tarixdə ikinci dərəcəli əlillik təyin edilmişdir. Bu səbəbdən 03.12.2019-cu il tarixdə baş vermiş sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş vermədiyi üçün hadisə sığorta hadisəsi hesab edilməmiş və Mülki Məcəllənin 935.1.8ci maddəsinə əsasən sığorta ödənişinin verilməsi nəzərdə tutulmur.(İş.v. 15-16) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 884.1-ci maddəsinə əsasən sığorta münasibətləri sığortalının və ya sığorta olunanın əmlakı, həyatı, sağlamlığı, mülki məsuliyyəti,qanunvericiliklə qadağan olunmayan fəaliyyəti ilə bağlı olan əmlak mənafelərinin müdafiəsi sahəsində risklərin ötürülməsinə və ya bölüşdürülməsinə əsaslanır. “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunu 1-ci maddəsinə əsasən: 1.1.19. sığorta hadisəsi-qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan hal; 1.1.20. sığorta tələbi-sığorta hadisəsi baş verdikdə sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığortaçıya öz vəzifələrini qanunvericiliyə və sığorta müqaviləsinə uyğun olaraq icra etməsi barədə müraciəti; 1.1.21. sığorta ödənişi-sığorta hadisəsi baş verdikdə, qanunvericiliyə, həmçinin sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyası. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 10.1.1-ci maddəsinə əsasən sığorta hadisəsi - istehsalatda bədbəxt hadisə haqqında müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada tərtib olunmuş akt, yaxud xeyrinə icbari sığorta müqaviləsi bağlanılmalı şəxslə bağlı istehsalatda bədbəxt hadisənin baş verməsi barədə məhkəmə qərarına əsasən müəyyən edililr. Həmin Qanunun 2.0.9-cu maddəsinə əsasən istehsalat - fiziki şəxsin işləri, xidmətləri (bundan sonra əmək funksiyalarını) haqqı ödənilməklə yerinə yetirdiyi iş yeri sayılır. Həmin Qanunun 2.0.10-cu maddəsinə əsasən istehsalatda bədbəxt hadisə - əmək funksiyalarını yerinə yetirərkən xeyrinə icbari sığorta müqaviləsi bağlanılması olan şəxsin bədən üzvlərinin, toxumalarının zədələnməsi ilə sağlamlığın qəflətən və kəskin pozulması halı sayılır. Həmin Qanunun 2.0.12-ci maddəsinə əsasən sığorta hadisəsi - icbari sığorta müqaviləsinin qüvvədə olduğu dövr ərzində istehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi, yaxud ölümü ilə əlaqədar bu Qanuna görə sığorta ödənişinin faydalanan şəxsə ödənilməsi üçün əsas olan hal hesab edilir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 935.1.8-ci maddəsinə əsasən baş vermiş hadisənin qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi sığorta ödənişinin verilməsindən imtina üçün əsas kimi göstərilmişdir. Yəni sığorta ödənişinin verilməsindən imtina konkret və mötəbər faktlara söykənməli, sığortalının hərəkətləri Mülki Məcəllənin 935-ci maddəsində nəzərdə tutulmuş halların baş verməsi ilə nəticələnərsə, bu halda Sığorta Şirkəti sığorta ödənişinin verilməsindən imtina etməlidir. Odur ki, cavabdeh tərəfindən sığorta ödənişinin verilməsindən imtina üçün göstərilmiş hal iş materialları ilə öz təsdiqini tapmadığından, birinci instansiya məhkəməsi cavabdehin sığorta ödənişinin verilməsindən imtinasını əsassız hesab edərək iddiaçının sığortalı kimi hüquqlarının pozulması nəticəsinə gəlməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçıya İİ qrup əlillik dərəcəsi peşə xəstəliyin nəticəsində təyin olunduğundan və həmin xəstəliyin iddiaçının əmək funksiyalarını həyata keçirərkən baş verməsi iş üzrə toplanmış sübutlarla tam təsdiq olunduğundan, cavabdeh tərəfindən sığorta ödənişinin verilməsi ilə bağlı imtinası tam qanunsuz olmuşdur. Belə ki, cavabdeh sığorta ödənişinin verilməsindən imtina üçün əsas gətirdiyi halları qanuni əsaslarla sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəcinə əsasn: 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh Sığorta Şirkəti ASC-nin nümayəndəsi Zeynəb Kərimovanın apelyasiya şikayətində göstərdikləri dəlilləri əsassızdır. Belə ki, Cavabdeh Sığorta Şirkəti ASC-nin nümayəndəsi Zeynəb Kərimova apelyasiya şikayətində 24 iyul 2017-ci il tarixli V.Y.Axundov adına METTPİ peşə xəstəlikləri klinikasının X5 adlı sənəd əsasında iddiaçının peşə xəstəliyi müəyyən olunsa da, həmin peşə xəstəliyinin iddiaçının əlilliyi ilə bilavasitə səbəbli əlaqəsinin sübut olunmadığını, həmçinin iddiaçının məs 2017-ci ildə təsdiq edilmiş peşə xəstəliyi nəticəsində 2019-cu ildə peşə əmək qabiliyyətini itirməsi arasında səbəbli əlaqə mövcud olmadığını göstərsə də qeyd etdiyi hallarla bağlı hər hansı sübutu apelyasiya şikayətinə əlavə etməmiş və apelyasiya məhkəməsinin iclasında iştirak edərkən şikayətində göstərilən halları sübuta yetirə bilməmişdir. Halbu ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, apelyasiya şikayətində göstərilən digər dəlillər birinci instansiya məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas olmadığından, həmin dəlilərə münasibət bildirməyi zəruri hesab etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddədə göstərilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası həmçinin apelyasiya şikayətinin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin 88ci maddəsinin tələblərinə uyğun olaraq iş üzrə tədqiq olunmuş sübutlara qanuna müvafiq qiymət vermişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətində sadalanan digər dəlillər də birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kоllegiyası, Cavabdeh Sığorta Şirkəti ASC-nin nümayəndəsi Zeynəb Kərimovanın apelyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun оlaraq araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prоsessual hüquq nоrmalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Оna görə də məhkəmə kоllegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni, əsaslı və ədalətli оlduğundan, işdə, həmçinin apelyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar оlmadığından, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1052/2021 saylı, 16 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən, iş üzrə verilmiş apelyasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X6 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1052/2021 saylı, 16 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-5744/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5744/2021
22.06.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver