Məhkəmə qərarları › İş №2(103)-5752/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5752/2023

31.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5752/2023 31.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “aliment üzrə borcları ödəməkdən azad edilmə” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “aliment borcu ödəməkdən azad etmə” tələbi) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə Həsənova Şərqi Əlabbas qızının katibliyi, Cavabdeh nümayəndəsi (anası) Nümayəndə iştirakı ilə Binəqədi Rayon Məhkəməsinin 2(001)-3045/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı Cavabdeh qarşı “aliment üzrə borcları ödəməkdən azad edilmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e2(001)-4505/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin ödənilməsindən azad edilməsi və hazırki vaxtadək ödənilməmiş yığılıb qalmış 20.000 aliment borcunun ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ona qarşı iddi qaldıraraq birgə nikahdan olan övladlarının hər biri üçün, hər ay 170 manat olmaqla, cəmi 680 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e-2(001)-4505/2020 saylı qətnaməsinə əsasən iddia təmin edilmişdir. Lakin ailə qanunvericiliyinin tələbinə əsasən o, hesab edir ki, aliment ödəmək öhdəliyindən azad edilməlidir. Belə ki, iddia ərizəsinə əlavə olunan çıxarışa əsasən müəyyən olunmuşdur ki, o, rəsmi olaraq hazırki iddi üzrə Cavabdeh 6337 manat aliment ödəmişdir. Bundan əlavə, faktiki olaraq birlikdə yaşadıqları müddətdə 6000 manata qədər ərzaq alınmış və ailənin tələbatının ödənilməsinə xərclənmişdir. 2022-ci ilin avqust ayında hazırki iddia üzrə Cavabdeh və birgə nikahından doğulmuş uşaqlar İran İslam Respublikasına getmiş və hazırki vaxtadək geri qayıtmamışlar. Bundan əlavə, onun övladları ilə ünsiyyət hüququ pozulmuş, belə ki, cavabdeh övladlarını ondan gizlədərək, xarici ölkəyə aparmış və o, övladlarını görməyə həsrətdir, onların sağ olub-olmaması barədə məlumatsızdır. Göstərilən xüsusatlar onun aliment məbləğinin ödənilməsindən azad edilməsi ilə nəticələnməsinə əsas verə bilər. Belə ki, hazırki vaxtadək imkanı olduğu qədər alimenti ödəmiş və hazırda övladlarının sağ olub-olmaması barədə məlumatının olmaması, yüksək şəkər xəstəliyi onun aliment ödəmək öhdəliyindən azad olunması üçün əsasdır.

3. Binəqədi Rayon Məhkəməsinin 2(001)-3045/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakim Rəşad Qoşqarlı) iddia rədd edilmişdir.

4. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri:

5. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək bildirmişdir ki, cavabdeh uşaqları ölkə xaricinə çıxarmış, onların ata ilə ünsiyyətinə məhdudiyyət qoyulmuş, təqdim edilmiş qəbzlər, həmçinin onun şəkərli diabet xəstəsi olması, maddi durumu nəzərə alınmamışdır. Buna görə də şikayətin təmin edilməsini, qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:

6. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi (anası) Nümayəndə apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, qızı 2020-ci ildə iddiaçıdan boşanıbdır, 4 uşağı da atıb onların üstünə, onların da imkanı yoxdur, pensiyaya baxırlar, xəstədirlər. Dörd ilə yaxındır ki, aliment kəsilsə də, alimenti vermir. İddiaçının imkanı çox yaxşıdır, çoxlu əmlakları var. Alimenti ödəmədiyinə görə şikayət etmədiyi yer yoxdur. İddiaçı alimenti ödəməmək üçün müxtəlif yollara əl atır, qaçıb gizlənir, hazırda icra şöbəsi onu axtarır. Bundan başqa, iddiaçının müəyyən məbləğdə aliment ödəməsi ilə bağlı qeyd etdi ki, həmin məbləğlər qızının adına olan karta köçürülübdür, hansı ki, həmin kart hazırda iddiaçının özündədir, müvafiq icra şöbəsində araşdırıldıqda da müəyyən edildi ki, o, özü- özünə ödənişlər edir, o məbləğlərin heç biri qızıma çatmır, bu cür saxta yollarla alimenti ödədiyini göstərməyə çalışır, sadəcə bu illər ərzində iddiaçı uşaqlarına cəmi 1100 manat pul ödəmişdir.

7. Apellyasiya şikayətinə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, lakin iddiaçı tərəfin vəsatətinə əsasən məhkəmə prosesi bir dəfə təxirə salınmışdır. Belə olan halda, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Sübutların tədqiqi:

8. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e-2(001)- 4505/2020 saylı qətnaməsinə əsasən xx.xx.2007-ci il təvəllüdlü X9, xx.xx.2008-ci il təvəllüdlü X4, xx.xx.2009-cu il təvəllüdlü Ağazadə Fatimeyi-Zəhra Azər qızı və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh İddiaçı hər ay hər bir uşaq üçün 170 manat olmaqla, cəmi 680 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı Cavabdeh verilməsi qərara alınmışdır.

9. Cavabdeh xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, o, ali təhsilini davam etdiyinə görə İran İslam Respublikasına köçmüş və bu səbəbdən övladını məktəbdən çıxarmışdır.

10. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, xx.xx.2007-ci il təvəllüdlü X6, xx.xx.2008-ci il təvəllüdlü X3, xx.xx.2009-cu il təvəllüdlü Ağazadə Fatimeyi-Zəhra Azər qızının və xx.xx.2015-ci il təvəllüdlü X2 təhsil aldıqları müəssisənin müəyyənləşdirilməsi məqsədilə “Ümumi təhsil müəssisələrinin informasiya sistemi”ndə axtarış aparılmış, onların adları Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrinin hər hansı birində aşkar edilməmişdir.

11. Ödəniş qəbzlərindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh xeyrinə xx.xx.2021-ci il tarixdə 200 manat, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixlərdə 50 manat, xx.xx.2022-ci il tarixdə 20 manat, xx.xx.2022-ci il tarixdə 30 manat, xx.xx.2022-ci il tarixdə 90 manat məbləğlərində ödənişlər etmişdir.

12. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi DOST Agentliyi 1 saylı Bakı DOST Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və Məşğulluq” altsisteminə əsasən işsiz kimi qeydiyyatdadır.

13. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin xx.xx.2023- cü il tarixli məktubundan görünür ki, xx.xx.1981-ci il təvəllüdlü Cavabdeh, xx.xx.2007-ci il təvəllüdlü X6, xx.xx.2008-ci il təvəllüdlü X3, xx.xx.2009-cu il təvəllüdlü Ağazadə Fatimeyi-Zəhra Azər qızının və xx.xx.2015-ci il təvəllüdlü Ağayev X1 dəfə İAMAS bazasında xx.xx.2022-ci il tarixdə X8 Hava Limanından Bakı-Tehran aviareysi ilə dövlət sərhədindən hərəkətləri qeydə alınmışdır.

14. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ambulator Kitabçadan çıxarışdan görünür ki, İddiaçı 2006-cı ildən Şəkərli diabet xəstədir. Xəstəlik irsi xarakter daşıyır (Ailədə 5 nəfər Ağır Şəkər xəstəsidir). Bu illər ərzində daima REM-də müayinə və müalicələr alıb. Şikayətləri-susuzluq, ağızda quruluq, ayaq və baş ağrıları, tez-tez sidik ifrazı, çoxlu maye qəbulu, əsəbilik, görmənin zəifləməsi, ümumi zəiflik, halsızlıqdandır. Dəfələrlə stasionar müalicələr qəbul edib. Dermoid kista səbəbi ilə əməliyyat keçirib. 10 ilə yaxındır ki, REM-də ambulator mualicə alır. Tez-tez hipo və hiperqlikemik vəziyyətlərə düşür.

15. Binəqədi rayon İcra Şöbəsinin xx.xx.2020-ci il tarixli qərarı ilə borclu İddiaçı adına olan avtomobillərin üzərinə həbs qoyulmuş və barəsində axtarış elan edilmişdir.

16. Binəqədi rayon İcra Şöbəsinin xx.xx.2020-ci il tarixli qərarı ilə borclu İddiaçı barəsində axtarış elan edilmişdir.

17. Binəqədi rayon İcra Şöbəsinin xx.xx.2020-ci il tarixli qərarı ilə borclu İddiaçı adına olan avtomobillərin üzərinə həbs qoyulmuş və barəsində axtarış elan edilmişdir.

18. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli Qərarı ilə Binəqədi rayon İcra Şöbəsinin inzibati xəta haqqında protokolu əsasında AR İXM-nın 528.1-ci maddəsi üzrə təqsirli bilinib 20 gün müddətinə inzibati qaydada həbs edilmişdir.

19. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə Binəqədi rayon İcra Şöbəsinin təqdimatı qismən təmin edilərək borclu İddiaçı mülkiyyətində olan mənzilə həbs qoyulmuşdur.

20. Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e-2(001)- 4505/2020 saylı icra sənədinə əsasən İddiaçı ödəməli olduğu məbləğ 22.440 manat, ödənilmiş məbləğ 890 manat, qalıq borc isə 21.550 manat təşkil edir. Tətbiq edilən maddi hüquq normaları:

21. Azərbaycan Respublikası Konstitusiyası

22. Maddə17. 2. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.

23. Azərbaycan Respublikası Ailə Məcəlləsi

24. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.

25. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

26. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

27. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

28. Maddə 107.2. Məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər.

29. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə

30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

33. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

34. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

35. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

36. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

37. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının apellyasiya şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

38. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

39. İddiaçının apellyasiya şikayətinin bir neçə dəlili var: 1) 6337 manat aliment ödəmişdir, 6000 manat digər xərcləri qarşılamış, bununla bağlı iş materiallarında olan qəbzlər nəzərə alınmamışdır; 2) işsizliyi və şəkərli diabet xəstəliyi nəzərə alınmamışdır.

40. Kollegiya şikayətin birinci dəlili olan – 6337 aliment+6000 manat digər xərcləri ödəməsinə dair dəlili ilə bağlı qeyd edir ki, bu halı sübut etmək iddiaçının vəzifəsidir, buna baxmayaraq, iddiaçı bununla bağlı apellyasiya şikayətinə hər hansı sübut əlavə etməmişdir, halbuki AR MPM-in 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu mənada, iddiaçı tərəfin belə bir sübutu olsaydı, onu şikayətə əlavə edərdi. Deməli, iddiaçının belə bir sübutu olmamışdır. İddia ərizəsinə əlavə olunan qəbzlər isə kserosurətdir. Bundan başqa, cavabdehin nümayəndəsi (anası) şikayətə etiraz edərək bildirmişdir ki, aliment ödəmədiyinə görə müxtəlif orqanlara müraciətlər olunmuş, qızının adına olan kart İddiaçı özündə olmuş, İcra Şöbəsinin araşdırmasından sonra həqiqətən də, həmin ödənişlərin onun qızı - Cavabdeh deyil, iddiaçının özü-özünə etdiyi məlum olmuşdur, bu illər ərzində iddiaçı uşaqlarına cəmi 1100 manat pul göndərmişdir.

41. Kollegiya tərəfindən Binəqədi rayon İcra Şöbəsindən tələb edilmiş xx/xx- 152978-7 saylı icra işindən də görünür ki, 2(001)-4505/20 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə icra hərəkətləri həyata keçirilmişdir. Borclu İddiaçı əmlakları üzərinə həbs qoyulmuş, borc əmlaka yönəldilmiş, hətta xx.xx.2020-ci il tarixli qərarla onun barəsində axtarış elan edilmiş, Binəqədi rayon İcra Şöbəsinin inzibati xəta haqqında protokolu əsasında Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli Qərarı ilə AR İXM-nın 528.1-ci maddəsi üzrə 20 gün müddətinə həbs edilmişdir.

42. Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin xx.xx.2023-cü il tarixli məktubu ilə müəyyən edilir ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e- 2(001)- 4505/2020 saylı icra sənədi üzrə İddiaçı ödəməli olduğu məbləğ 22.440 manat, ödənilmiş məbləğ 890 manat, qalıq borc isə 21.550 manat təşkil edir.

43. Kollegiya şikayətin digər dəlili ilə bağlı qeyd edir ki, iddiaçının şəkərli diabet xəstəsi olması, daim müalicə alması və işsiz olması onu aliment ödəmək vəzifəsindən azad etmir. Bundan əlavə, “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı” haqqında Azərbaycan Respublikası Qanunun 6.1.-ci maddəsinə əsasən şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə xüsusi qayğı göstərilir, onların müayinəsi və müalicəsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Nəticə:

44. Göstərilənlərə əsasən, Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

45. Məhkəmə kollegiyası hesab edir ki, şikayətlər təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehin özünə aid edilməlidir.

46. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372,

47. 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

QƏT ETDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Binəqədi Rayon Məhkəməsinin 2(001)-3045/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi onun şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Sədrlik edən: İkram Şirinov Hakimlər: Namiq Cəfərov Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar