Məhkəmə qərarları › İş №2(103)-5758/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5758/2021

12.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5758/2021 12.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı, onun vəkili X4, Cavabdeh, onun nümayəndəsi və vəkili X6 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 09 aprel 2021-ci il tarixli, 2(004)-1484/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 09.06.2020-ci il tarixli, 2(004)-1083/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş 468.000 ABŞ dolları borcun yarısının, yəni 234.000 ABŞ dollarının X15 ödənilməsi öhdəliyinin Cavabdeh həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 09 aprel 2021-ci il tarixli, 2(004)-1484/2021 saylı qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, işin faktiki hallarına və iş üzrə toplanmış sübutlara əsasən 29 yanvar 2015-ci il tarixdə X9 468000 ABŞ dolları borc pul almışdır. 04 iyul 2015-ci il tarixdə göstərilən məbləğin 292 300 ABŞ dollarını qeyri-yaşayış sahəsinin satın alınması məqsədilə X10 vermişdir. X9 aldığı pulun qalan hissəsinə “Ford Tranzit”, “VAZ-21074” markalı və “X26” markalı nəqliyyat vasitələrini satın almış, həmçinin bağ evinin təmir işlərinə və sair ailə təsərrüfatının idarə edilməsinə sərf etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 22 oktyabr 2019-cu il tarixli 2(004)-2912/2019 saylı qətnaməsi ilə X3 qeyd edilən nəqliyyat vasitələrinə ½ hissədə payı tanınıb. Apellyasiya instansiyası məhkəməsinin müvafiq qətnaməsinə əsasən qeyd edilən nəqliyyat vasitələrinin dəyərinin yarısı olan 56.050 manatın ondan alınaraq X5 ödənilməsi qət edilib. Bundan başqa, məhkəmənin müvafiq qətnaməsinə əsasən onunla X16 arasında bağlanmış 20 noyabr 2016-cı il tarixli borcun etirafı haqqında müqavilə üzrə onun 292 300 ABŞ dolları tələb hüququ üzərində X7 ½ payla əmlak hüququ tanınıb. Göründüyü kimi, X9 borc aldığı pul vəsaiti hesabına əldə edilən əmlaklar və digər şəxsə ödənilmiş pul vəsaiti üzərində X7 əmlak hüquqları tanınsa da, onun X15 qaytarmalı olduğu borc pulun yarısının X12 tərəfindən qaytarılmalı olması iddia tələbi məhkəmə tərəfindən təmin edilməmişdir. X9 borc aldığı pul vəsaitinin bir qisminin qeyri- yaşayış sahəsinin əldə edilməsi məqsədi ilə digər şəxsə verilməsi, qalan məbləğlə avtomobillər alınması və ailə təsərrüftın idarə edilməsinə xərclənməsi işin mübahisəsiz halıdır. Belə olduğu halda, məhkəmə onun X15 qaytarmalı olduğu pul vəsaitinin yarısının cavabdeh K.Bağırova tərəfindən qaytarılmalı olması tələbinin təmin edilməməsini əsaslandırmamışdır. Cavabdeh K.X1 borc pulun 2015-ci ildə alındığına və tərəflərin ailə münasibətlərinin isə 2014-cü ildən kəsilməsi faktına istinad edərək borcun yarısının qaytarılmasından yayınmağa çalışır. Bunun əksinə olaraq cavabdeh 2016-cı ilin noyabr ayında X10 ödədiyi pul vəsaitinin yarısına iddialıdır və pay hüququnu məhkəmə qətnaməsi ilə tanınmışdır. Cavabdeh K.Bağırova tərəfindən qaytarılmalı olan pul vəsaitinə şərik çıxmadığı halda, ona qaytarılmalı olan pul vəsaitinə şərik çıxması qanunsuz və əsassızdır. Nəzərə alınmalıdır ki, mülki münasibətlərdə riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, hüquq sistemi hüquqdan açıqca sui-istifadə edilməsini qorumur. Dürüstlük qaydası hər bir şəxsdən dürüst bir insan olaraq gözlənilən davranışı ifadə edir; bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, bir təməl hüquq prinsipidir. Məhkəmə hüquqdan sui-istifadə halını müəyyən etdikdə bu qadağa ilə bağlı qanunun aşağıdakı tələblərini tətbiq etməyə borcludur. X9 borc alımış pulun bir qismini X10 verməyi, qalan hissəsinə “Ford Tranzit ”, “VAZ-21074” markalı və “X26” markalı nəqliyyat vasitələrini satın almağı, həmçinin bağ evinin təmir işlərinə və sair ailə təsərrüfatının idarə edilməsinə sərf etməyi işin mübahisəsi halı olsa da, cavabdeh X2 Abid Əziz oğluna qaytarmalı olduğu pula şərik çıxmaqdan yayınır, bunun əksinə, X8 almalı olduğum pula şərik çıxır. Təəssüflə qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi göstərilən halları tam, obyektiv və hərtərəfli araşdırmadan iş üzrə qanuni əsasları olmayan qətnamə qəbul etmişdir. Göstərilənlərə baxmayraq, birinci instansiya məhkəməsi iş materiallarına əlavə edilmiş sənədləri sadalamaqla işini bitmiş saymış, iddiaçının qanunla qorunan mənəafelərinə qiymət verməmişdir. Məhkəmə iclasında İddiaçı bildirdi ki, onun başqa fəaliyyəti olmayıb, yalnız biznes fəaliyyəti ilə məşğul olmuşdu. Hazırda bölünməsi tələb edilən əmlaklar da həmin fəaliyyətinin nəticəsində əldə olunan əmlakdır. Birgə nikahda olsalar da, faktiki olaraq ayrı yaşadıqları dövrdə əldə olunan əmlakı da məhkəmə birgə nikah dövründə əldə olunan əmlak kimi bölüb. Halbuki xronoloji ardıcıllıqla hansı əmlakın nə vaxt alınması göstərilib. Odur ki, məhkəmədən apellyasiya şikayətinin təmin edilməsini xahiş edir. Əvvəlki işdə şifahi şəkildə borcun bölünməsini bildirmişdi, amma yazılı şəkildə təqdim etməmişdir. Məhkəmə iclasında iddiaçının vəkili X11 bildirdi ki, hazırki iddia tələbi ilə bağlı qanunvericiliyin nəzərdə tutduğu iddia müddəti 3 ildir. Yəni, bu baxımdan iddianın verilməsinə aid müddət tələbinə əməl etmişlər. Hesab edir ki, birinci instansiya məhkəməsi hazırki işə düzgün hüquqi qiymət verməyib. Borc birgə nikah dövründə alınmışdı. Məhkəmə tərəfindən bu məsələyə də hüquqi qiymət verilməli idi. Faktiki yaşamasalar belə məhkəmə həmin dövrə əldə olunmuş əmlakı bölüb, amma faktiki yaşamamalarını əsas gətirərək borcun bölünməsi barədə iddianı təmin etməyib. Borcun bölünməsi üçün hüquqi əsaslar mövcuddur. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətinə etiraz vermiş və həmin etirazda göstərilənləri müdafiə edərək bildirdi ki, hazırki iddia süni irəli sürülmüş iddiadır. Bu müqavilə iddiaçıda var idisə, başqa məhkəmə prosesi gedişində iddiaçı ən azından həmin müqaviləni məhkəməyə təqdim edə bilərdi. Digər tərəfdən, aralarında bu cür borc münasibətləri olan tərəflər necə ola bilər ki, Ukraynada bir-birinin ad günlərində iştirak edirlər? İddiaçının bunda məqsədi ona düşən əmlakı hazırki süni yaradılmış iddia vasitəsilə ələ keçirməkdir. X20 yanına gedərək keçmiş ərinə nə vaxt borc verdiyini soruşmuşdur. Abid Əhmədov ona İddiaçıla aralarında heç vaxt borc münasibətlərinin omadığını bildirmiş, ancaq biznes münasibətləri olduğunu söyləmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili X13 apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və ya etirazın predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən qənaətini belə əsaslandırmışdır ki, iddiaçı 29.01.2015-ci il tarixdə A.Əhmədovdan borc götürdüyü zaman cavabdehlə rəsmi nikahda olduğunu əsas gətirərək aldığı borcu ailə ehtiyacları üçün xərclədiyini bildirsə də, bu halı və borcun ər-arvadın ümumi borcu olması halını sübuta yetirə bilməmişdir. Bundan əlavə, tərəflərin izahatları ilə və Yasamal Rayon Məhkəməsinin 2(004)-1083/2020 saylı, 09.06.2020-ci il tarixli qətnaməsi ilə İddiaçı borcun verildiyi 29.01.2015-ci il tarixdə tərəflər rəsmi nikahda olsalar da faktiki olaraq 2014cü ildən ər-arvad münasibətlərini kəsdikləri, ayrı ünvanlarda yaşamaqla ayrı təsərrüfat apardıqları halı müəyyən olunur. Həmçinin həmin qətnamə ilə İddiaçı götürdüyü borc məbləğini Cavabdeh ilə birlikdə ailə ehtiyacları üçün xərclədiyini sübuta yetirə bilmədiyi müəyyən olunur. Göstərilənlərə əsasən İddiaçı 09.06.2020-ci il tarixli, 2(004)-1083/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş 468.000 ABŞ dolları məbləğində borcun yarısının, yəni 234.000 ABŞ dollarının X15 ödənilməsi öhdəliyinin Cavabdeh həvalə edilməsinə dair iddia tələbi rədd edilməlidir Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi üçün əsas ola bilməz. Belə ki, hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Belə ki, iddiaçının apellyasiya şikayətinin obyektini birinci instansiya məhkəməsinin qətnaməsi, yəni iddianın təmin edilməməsi hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən apellyasiya şikayəti üzrə qətnamə yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır. Hazırki iş üzrə, ilk iddia tələbinin faktiki əsası(faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Əvvəla, iddiaçının 04 iyul 2015-ci il tarixdə qeyri-yaşayış sahəsinin satın alınması məqsədilə X10 verdiyi 292 300 ABŞ dollarının, “Ford Tranzit”, “VAZ-21074” markalı və “X26” markalı nəqliyyat vasitələrini alınması, həmçinin bağ evinin təmir işlərinə və sair ailə təsərrüfatının idarə edilməsinə sərf edilən vəsaitin hazırki iddia tələbində göstərilən vəsait hesabına həyata keçirildiyinə dair məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edilməmişdir. Bu halları sübut etməki yükü iddiaçının üzərinə düşür, ancaq o, istinad etdiyi halları sübut edə bilmir. Bu cür vəziyyətdə iddia necə əsaslı ola bilərdi ki, məhkəmə də onu təmin etməmişdir. İkincisi, iddiaçının X9 borc aldığı pul vəsaitinin bir qisminin qeyri- yaşayış sahəsinin əldə edilməsi məqsədi ilə digər şəxsə verilməsi, qalan məbləğlə avtomobillər alınması və ailə təsərrüfatının idarə edilməsinə xərclənməsinin işin mübahisəsiz halı olduğunu bəyan etməsi də açıq-aşkar absurd dəlildir. Əksinə, iddiaçının iddiada göstərdiyi pul vəsaitinin bir qisminin qeyriyaşayış sahəsinin əldə edilməsi məqsədi ilə digər şəxsə verilmədiyi, qalan məbləğlə avtomobillər alınmadığı və ailə təsərrüfatının idarə edilməsinə xərclənmədiyi işin mübahisəsiz halıdır. Çünki, qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə iddiaçının bəyan etdiyi bu hallar təkzib olunur. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin 12.10.2020-ci il tarixli, 2(103)-7519/2020 nömrəli qətnaməsi ilə müəyyən edilmişdir ki,... iş materiallarından mübahisəsiz qaydada müəyyən edilmişdir ki, Cavabdeh ilə İddiaçı borcun verildiyi 29.01.2015-ci il tarixdə rəsmi nikahda olsalar da, faktiki olaraq aralarında 2014-cü ildən ər-arvad münasibətləri kəsilmiş, ayrı ünvanlarda yaşamaqla, ayrı təsərrüfat aparmışlar. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 26.10.2018-ci il tarixli 2(004)- 6594/2018 nömrəli qətnaməsi ilə Cavabdeh ilə İddiaçı arasında bağlanmış nikah pozulmuşdur. Kollegiya qeyd edir ki, rəsmi nikahın 2018-ci il tarixdə pozulması, onlar arasında olan faktiki münasibətin 2014-cü ildən kəsilməsinin müəyyən edilməməsi nəticəsinə gəlməyə əsas vermir, həmçinin, tərəflər arasında olan nikahın pozulması və aliment tələbi barədə məhkəmə qətnaməsindən müəyyən edilir ki, Cavabdeh aliment tələbinə dair iddiasında, İddiaçı isə nikahın pozulması barədə qarşılıqlı iddiasında özləri qeyd etmişlər ki, son 4 ildə faktiki olaraq ayrı yaşayır və ayrı təsərrüfat aparırlar. Üçüncüsü, Ailə Məcəlləsinin 37.3-cü maddəsinə əsasən ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir. İşdən görünür ki, tərəflərin ümumi əmlakı məhkəmə qətnaməsinə əsasən, başqa sözlə hər ikisinin ilk və qarşılıqlı iddiasına əsasən bölünmüşdür. Ancaq iddiaçı nədənsə bu ümumi əmlaklar bölünərkən ümumi borcun bölünməsini yaxud öz öhdəliyi üzrə aldığı borcun ailə ehtiyacları üçün istifadə etdiyinə görə tələb etməyi “unutmuş”, yalnız hazırki iddianı irəli sürməzdən əvvəl xatırlamışdır. Göründüyü kimi, bu faktlar da hazırki iddianın açıq-aşkar əsassızlığını təsdiq edir. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 233.3-cü maddəsinə görə isə, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Mülki-prosessual qanunvericiliyin göstərilən müddəaları ilə müəyyənləşdirilmiş preyudisiya mexanizminə əsasən, əvvəlki məhkəmə qətnaməsi(qərardadı) ilə müəyyən olunan hallar işdə iştirak edən şəxslərə münasibətdə preyudisiya keyfiyyəti əldə edir, yəni maraqlı şəxslər tərəfindən yenidən təsdiq və inkar edilə bilməz. Bu mexanizm hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir. “Q. Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2015-ci il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, “preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir”. Məhz bu prinsipi əsas götürərək apellyasiya instansiyası məhkəməsi hesab edir ki, məhkəmə aktları ilə müəyyən edilən hallar preyudisial əhəmiyyət kəsb etdiyindən, yəni iddiada göstərilən borc məbləğinin cavabdehə aid olmadığı qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə təsdiq edildiyindən sözügedən halların əlavə araşdırılmasına ümumiyyətlə zərurət yoxdur. Bu baxımdan hazırki iddiada açıq-aşkar əsassız olduğundan apellyasiya şikayəti təmin edilə bilməz. Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla mübahisələndirilən hissədə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 09 aprel 2021-ci il tarixli, 2(004)- 1484/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar