Məhkəmə qərarları › İş №2(103)-5762/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5762/2023

24.10.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5762/2023 24.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə və mənzildə yaşamağa edilən maneənin qadağan edilməsi” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “mənzilə köçürülmə və mənzildə yaşamağa edilən maneənin qadağan edilməsi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil3, Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, Nəsimi Rayon Məhkəməsinin 2(006)-1825/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun övladları X6 və X7 ilə pasport qeydiyyatında olduqları ünvan 1 ünvanına köçürülmələri və həmin mənzildə yaşamalarına dair hər hansı bir qanunsuz hərəkətlərin cavabdehə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Ə.Hüseynzadə küçəsi, ev 83 ünvanında yerləşən 1 saylı mənzil qardaşı Cavabdeh xüsusi mülkiyyətindədir. Atası ilə anası ayrıldıqdan sonra anası G.Muradova xx.xx.2001-ci ildə Bakı şəhəri, Nəsimi rayonu, Ə.Hüseynzadə küçəsi, ev 83 ünvanında yerləşən 1 saylı mənzili əldə etdi və qardaşı Cavabdeh da götürərək həmin mənzilə köçmüş, o, xx.xx.2001-ci ildə ailə qurmuş və ailə qurduqdan sonra anasının mülkiyyətində olan həmin evdə yaşamağa davam etmişdir. Həmin vaxtlar onun pasport qeydiyyatı atasının evinə olmuşdur və anası xx.xx.2003-cü ildə onu Bakı şəhəri, Nəsimi rayonu, Ə.Hüseynzadə küçəsi, ev 83 ünvanında yerləşən 1 saylı mənzilə pasport qeydiyyatına aldırmışdır. O, ailə qursa da anasının və qardaşının qulluğa ehtiyacı olduğundan, həmin evdə yaşamağa davam etmişdir. Sonradan ailə olaraq yaşadıqları evin ikinci mərtəbəsini inşa etməsi və ailəsi ilə bərabər orada yaşamaları barədə razılaşmışlar. Həmin ikinci mərtəbənin tikinti və təmir xərcləri, həm onun və həyat yoldaşının, həmçinin atalığının köməkliyi ilə xx.xx.2014-cü ildə tamamlanmışdır. Həmin ikinci mərtəbə çıxarışda qeyd edilməsə də, evin texniki pasportunda göstərilmişdir. Bundan sonra o, müvafiq idarələrə müraciət edərək, ikinci mərtəbənin su sayğacını da öz adına açdırmışdır. Bir müddət sonra anası qardaşı Alı ilə ona ikisindən birinə evi bağışlamasını təklif etmiş, o, evin ikinci mərtəbəsinin onun, birinci mərtəbəsinin isə qardaşı Alıya qalması şərti ilə evin qardaşına bağışlanmasına razı olmuş, anası evi qardaşı Cavabdeh bağışlayan zaman, yəni xx.xx.2021-ci il tarixdə qardaşı Alı evin ikinci mərtəbəsi ilə bağlı bütün hərəkətləri rahat həyata keçirməsi üçün ona etibarnamə vermişdir. Qardaşı bundan sonra çıxıb Ukrayna Respublikasına getmiş, qardaşı tez-tez başqa ölkələrdə yaşadığından, anasının bütün qulluq ehtiyaclarını o, həyata keçirmiş, onun iki övladı da həmin evdə dünyaya gəlmiş və böyümüşlər. Sonradan maddi vəziyyətləri pisləşdiyindən, həyat yoldaşı uşaqlarının orta təhsilini Siyəzən rayonunda almalarını təklif etmiş, buna görə də onlar həftənin beş gününü rayonda, digər iki gününü isə buradakı evdə yaşamışlar. Qardaşı Ukrayna Respublikasında müharibə başlayandan sonra qayıdıb evinə gəlmiş və gələndən sonra ona evdən çıxmasını tələb etməyə başlamış, sonradan isə o, rayonda olan zaman ona məxsus olan evin ikinci mərtəbəsinə öz ailəsini köçürdüyünü görmüş, bu müddət ərzində böyük qızı univeristetə daxil olduğu üçün o, birdəfəlik mübahisəli evdə yaşamaq istəsə də cavabdeh ona bunun üçün şərait yaratmamışdır. Bu müddət ərzində bir neçə dəfə qardaşına və anasına müraciət edərək onun evə buraxılmasını, maddi vəziyyətinin yaxşı olmadığını üçün kirayədə qalmağa çətinlik çəkdiyini bildirsə də, onları qəti şəkildə evə buraxmayacaqlarını bildirdilər. Hətta qardaşı ona zəng vuraraq ailə üzvləri ilə birlikdə pasport qeydiyyatından da çıxması barədə hədə-qorxu gəlmişdir. O isə evə çəkdiyi xərcləri ödəməsini, bu şərtlərlə evdə pasport qeydiyyatından çıxa biləcəyini bildirmişdir. Çünki, o, əlində olan bütün pulları evin ikinci mərtəbəsini tikməyə sərf etmişdir. Bakı şəhərində yaşamağa da başqa bir yaşayış yeri mövcud deyil, qızının biri ali təhsil alır, ikinci övladının da ali təhsil almaq vaxtı yaxınlaşır. O, isə cavabdehin təqsiri ucbatından, yəni qeyd edilən ünvanda yaşamağa icazə verməməsi səbəbindən kirayələrdə yaşamağa məcbur olmuşdur. Cavabdeh isə qapının kilidini dəyişdiyindən o, mənzilə daxil ola bilmir. O, aidiyyəti üzrə Polis Bölməsinə müraciət edərək, onun pasport qeydiyyatında olduqları evə köçürülmələrinə köməklik göstərilməsini xahiş etsə də, ona bunun yalnız məhkəmə qərarı əsasında mümkün olduğu bildirilmişdir.

3. Nəsimi Rayon Məhkəməsinin 2(006)-1825/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi (hakim Nail Abbasov) ilə iddia tələbi təmin edilməmişdir. Apellyasiya şikayəti və onun dəlilləri:

4. İddiaçı A.Orucov apellyasiya şikayəti verərək, qeyd etmişdir ki, rayon məhkəməsində maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla qətnamə qəbul edilmişdir. Belə ki, rayon məhkəməsi mülkiyyət hüququnun pozulmasını qeyd edir. Ancaq cavabdehin iddiaçının yaşadığı tikiliyə heç bir hüququnun olmadığını öz qətnaməsində göstərmir. Çünki o, ailə qurduqdan sonra 3-4 ay Siyəzəndə yaşamış, sonra əri Bakıda işlədiyindən gəlib həmin evdə 2001-ci ildən yaşamış, evin kiçik olması səbəbindən həyat yoldaşı ilə ikinci mərtəbəni inşa etmiş və orada yaşamışdır. Rayon məhkəməsi iş üzrə yerli baxış keçirə və yerində məsələyə düzgün qiymət verə bilərdi, rayon məhkəməsi bunu etməmiş, əsaslandırılmamış qətnamə çıxarmışdır. Bu səbəbdən, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:

5. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Bildirdi ki, tərəflər bacı qardaşdır, 2001-ci ildə iddiaçı ailə qurmuş, ailə qurduqdan sonra mübahisəli evdə yaşamışdır. Evin 2-ci mərtəbəsini öz vəsaiti hesabına tikmiş, buna qardaşı - Alı da razılıq vermişdir. Çıxarışda qeyd edilməsə də, texniki pasport da 2-ci mərtəbə göstərilmişdir. Əvvəl anasının adına olan ev cavabdehə bağışlanmışdır, Alı tərəfindən 2-ci mərtəbənin idarə edilməsi üçün iddiaçıya etibarnamə verilmişdir. Alı Ukrayna Respublikasına çıxıb getmiş, anasının bütün qulluğunu həmin evdə yaşayaraq iddiaçı etmişdir. Müharibə başlayandan sonra Alı ölkəyə qayıtmış və iddiaçını evdən çıxmağa məcbur etmişdir, etibarnaməni də ləğv etdirmişdir. Bütün kommunal xərcləri iddiaçı ödəyibdir, hətta sayğac da iddiaçının adınadır. Həmçinin bildirdi ki, iddiaçı ailəlidir, 2 uşağı var, Siyəzəndəki ev iddiaçının ərinə məxsusdur.

6. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti ilə razılaşmayaraq, təmin edilməməsini xahiş etdi. Bildirdi ki, qətnamə qanuni və əsaslıdır, iddiaçı əzəl gündən Siyəzəndə yaşayıbdır, ailə qurduqdan sonra da ərinin evinə köçmüş orada yaşamağa davam etmişdir, uşaqlar elə orada da məktəbə gedirlər, yəni iddiaçının özününün yaşamağa yeri vardır. Sözgedən ev hazırda cavabdehin mülkiyyətindədir, ona məxsusdur. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməsini xahiş etdi. Sübutların tədqiqi:

7. Mülki iş materiallarında olan xx.xx.2001-ci il tarixdə verilmiş qeydiyyat vəsiqəsinin surətindən görünür ki, ünvan 2 ünvanda olan 2 otaqlı evin 11.5 kv.m hissəsi mülkiyyət hüququ əsasında X11, 16.5 kv.m hissəsi Sadıxov Ağakişi Babaş oğluna məxsusdur.

8. ASAN 1 tərəfindən verilmiş arayışdan görünür ki, xx.xx.2008- ci il təvəllüdlü X6, xx.xx.2005-ci il təvəllüdlü X7 və xx.xx.1982-ci il təvəllüdlü İddiaçı ünvan 3 ünvanda qeydiyyatdadırlar.

9. X15 ilə hədiyyə alan Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə bağlanmış daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, həmin müqavilə hədiyyə verən ünvan 3 ünvanda yerləşən 11.5 kv.m 1 otaqlı evi hədiyyə alana bağışlamışdır.

10. 08.06.2021-ci il tarixdə notarial qaydada təsdiq edilmiş ərizənin surətindən görünür ki, İddiaçı ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinin X11 məxsus hissəsinin bağışlanmasına etiraz etməmişdir.

11. 41 saylı MKİS-in rəisi F.Qurbanov, mühəndisi F.Abbasov, n/texniki Ş.Əliyev tərəfindən xx.xx.2014-cü il tarixdə tərtib edilmiş akta əsasən Əlibəy Hüseynzadə küçəsi 83 ünvanına Gülzaman Muradovanın ərizəsi əsasında baxış keçirilmiş, baxış zamanı aşkar olunmuşdur ki, ona məxsus mənzil 1 otaqdan ibarət olmaqla sahəsi 11.5 kv.m təşkil edir. Sonradan sözügedən ünvanda Gülzaman Muradovanın şəxsi vəsaiti hesabına əsaslı təmir tikinti işləri aparılmış mənzilin yaşayış və ümumi sahəsi dəyişilmişdir. Hazırda onun mənzili 4 otaq 45.4 kv.m yaşayış, 71.2 kv.m ümumi sahəsi təşkil edir.

12. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışa əsasən ünvan 4, mənzil 1-in 16.5 kv.m hissəsi "xxxx" ASC-nin (qeydiyyat tarixi xx.xx.2014), 11.5 kv.m hissəsi Cavabdeh xüsusi mülkiyyətlərində olmuşdur (qeydiyyat tarixi xx.xx.2021).

13. Siyəzən şəhər M.Müşfiq adına 2 nömrəli tam orta məktəbi tərəfindən xx.xx.2023-cü il tarixdə təqdim edilmiş məktubdan görünür ki, xx.xx.2005-ci il təvəllüdlü X7 2011-2022-ci illərdə Siyəzən şəhər Mikayıl Müşfiq adına 2 nömrəli tam orta məktəbində təhsil almış və Xİ sinfi bitirrmişdir. xx.xx.2008-ci il təvəllüdlü X12 2014- 2023-cü illərdə Siyəzən şəhər Mikayıl Müşfiq adına 2 nömrəli tam orta məktəbində təhsil almış və İX-cu sinfi bitirmişdir.

14. Birinci instansiya məhkəmə iclasında şahid qismində ifadə vermiş X5 bidirdi ki, 1984-cü ildən mübahisə predmeti olan evin qonşuluğunda yaşayır. Cavabdeh anası X15 ilə qapı qonşudur. 2000-ci ildə X15 həmin evə oğlu Cavabdeh ilə birlikdə gəlmiş və həmin vaxtdan orada yaşayırlar. İddiaçı tanıyır. İddiaşı mübahisə predmeti olan evdə yaşamayıb. O, Siyəzən şəhərində yaşayıb. iddiaçının uşaqları həmin evdə olmayıb ancaq qonşusu X15 və oğlu Cavabdeh görmüşdür.

15. Birinci instansiya məhkəmə iclasında şahid qismində ifadə vermiş Sadıqova Aidə Babaş qızı bidirdi ki, mübahisə predmeti olan ev onların olmuş, daha sonra 2000ci ildə X11 bir hissəsini satmışlar. O zaman ev 1 mərtəbəli olmuş və X15 2001-ci ildə həmin evə dair çıxarış almışdır. Həmin evdə X15 və oğlu Cavabdeh ilə birlikdə yaşamışdır. 2012-ci ildə Muradov X28 Respublikasına təhsil almağa getmiş, anası X15 2014-cü ildə oğlu Cavabdeh üçün evin 2-ci mərtəbəsini tikmiş və ona buna görə də 1500 manat halallıq üçün pul vermişdir. İddiaçının toyu Siyəzən şəhərində olmuş və ordakı atası evindən gəlin köçmüşdür.

16. Birinci instansiya məhkəmə iclasında şahid qismində ifadə vermiş X19 bidirdi ki, anası ilə atası ayrıldıqdan sonra anası qardaşı Cavabdeh ilə birlikdə 2000-ci ildə Bakı şəhərinə gələrək 1-mərtəbli olan evi almışdır. Daha sonra isə 2014-cü ildə anası X15 tikiniti üçün icazə aldıqdan sonra həmin evin 2-ci mərtəbəsini tikmişdir. İddiaçı həmin evdə yaşamamışdır.

17. Birinci instansiya məhkəmə iclasında şahid qismində ifadə vermiş X24 bidirdi ki, mübahisə predtmedi olan evdə 2014-cü ildə təmir-tikinti işləri həyata keçirmişdir. Gördüyü işlərə görə X15 ödəniş etmişdir. 2014-cü ildə həmin evdə 5 ay elektrik, santexnik, suvağ və dam hissəsində təmir-tikinti işləri görmüşdür. 3 ay həmin evdə qaldığı zaman X15 və oğlu Cavabdeh ilə birlikdə həmin evdə qalırdılar. Rasim adlı şəxsdən görülücək işlərinin sifarişi alıb yerinə yetirmişdir. Mübahisə predmeti olan ev əvvəl yarımtikili olmuşdur. 2-ci mərtəbəni pulunu X15 ödəniş etmişdir.

18. Birinci instansiya məhkəmə iclasında şahid qismində ifadə vermiş X31 bidirdi ki, mübahisə predmedi olan evdə X15 onu usta kimi çağırmış və 2014-cü ildə təmir işləri həyata keçirtmişdir. Gördüyü işlərə görə X15 ona ödəniş etmişdir. Evdə malyar işi və divar kağızı vurmuş və görülən işə görədə kv.m 2 manat pul almışdır. Ev 2 mərtəbədən ibarətdir və 2-ci mərtəbədə təmir işləri görmüşdür və həmin vaxt 1-ci mərtəbə yaşayış olmuşdur. Həmin evdə X15 və Cavabdeh ilə birlikdə qalmışdır. Tərəfindən ümumi olaraq 2 ay təmir işləri həyata keçirmişdir. Daha sonra 1-ci mərtəbə də əlavə olaraq mətbəxin metlaxını vurmuşdur. Həmin evə qonşular, qızı İddiaçı yoldaşı Məmmədbağır ilə gəlib anasına baş çəkib, elə vaxt olmuşdur ki, həmin evdə qalıb daha sonra isə Siyəzən şəhərinə getmişdir. Həmin evə İddiaçı 2 ay ərzində 3-4 dəfə gəlirdi. İddiaçı yoldaşı Məmmədbağır ilə birlikdə işləmişdir. Həmin evdə teztez görüşmüşlər. Həmin evdə İddiaçı yoldaşı Məmmədbağır ad günü tədbirində olub və o da işitirak etmişdir, ancaq kimə ad günü tədbiri keçirilməsi barədə məlumatı olmamışdır. İddiaçı və yoldaşı Məmmədbağır həmin evdə 2-3 gün qalıb sonra isə Siyəzən şəhərinə getmişdir. Həmin evdə daimi yaşamasını görməmişdir. İddiaçı yoldaşı Məmmədbağır evin 2-ci mərtəbəsi tikilməmişdən əvvəl orada qalmışdır.

19. Birinci instansiya məhkəmə iclasında şahid qismində ifadə vermiş X15 bidirdi ki, mübahisə predmeti olan evi 2001-ci ildə Sadıxov Ağakişi Babaş oğlundan almışdır. Həmin evdə oğlu Cavabdeh ilə birlikdə yaşamağa başlamışdır. Daha sonra isə evin 2-ci mərətəbəsi özü tikdikdən sonra evin 1-ci mərtəbəsində özü, 2-ci mərtəbəsində isə oğlu yoldaşı ilə yaşayır. İddiaçı villa, torpaq və şəxsi maşın vermişdir. İddiaçı həmin evi tikməyib. Çıxarış aldıqdan sonra 2014-cü ildə evin 2-ci mərtəbəsini tikmiş və oğlu Cavabdeh, yoldaşı və nəvəsi ilə yaşamışlar. Həmin evə nəvələri də gəlmişdir digər oğlu X13 onunla qalmışdır. İddiaçının həmin evə köçüb yaşamasını istəmir. Savadı olmadığına görə iddiaçı evin 2-ci mərətəbəsinin işıq qaz sayğaclarını öz adına keçirmişdir.

20. Birinci instansiya məhkəmə iclasında şahid qismində ifadə vermiş X8 bidirdi ki, üzrə cavabdehin anası X15 ilə qonşudur. İş üzrə tərəflər X9 övladlarıdır. Mübahisə predmeti olan evin 2-ci mərətəbəsini X15 tikmişdir. X15 2-ci mərtəbəni tikdirəndə ustalara ödəniş edəndə görmüşdür. Hətta ustalara ödəniş etməyə nəğd pulu olmamış, ona qızıl sepini satmağa vermiş, o isə 2000-3000 manat vermişdir. İddiaçı həmin evdə yaşamayıb ancaq yay tətili və ad günü zamanı gəlmişdir. İddiaçı Siyəzən şəhərindən gəlin köçmüşdür. X15 ilə 2000-ci ildən qonşudurlar.

21. Birinci instansiya məhkəmə iclasında şahid qismində ifadə vermiş X2 bidirdi ki, cavabdehin anası X15 ilə qonşudur və eyni zamanda qohumudur. İş üzrə tərəflər X9 övladlarıdır. Mübahisə predmeti olan evin 2-ci mərətəbəsini X15 tikmişdir. X9 əziyyəti olmuşdur. X1 Vüsalə üçün Siyəzən şəhərində villa tikib vermişdir. İddiaçı mübahisə predmeti olan evdə daimi yaşamayıb, yalnız qonaq kimi gəlib getmişdir.

22. Birinci instansiya məhkəmə iclasında şahid qismində ifadə vermiş X3 bidirdi ki, o, elmi-təhqiqat universitetində həkim pediatr kimi fəaliyyət göstərir. İddiaçı çoxdan tanıyır və uşaqları xəstə olan zamanı yanına gətirərək həkim kimi müalicə və müayinə etmişdir. İddiaçı ilə münasibətləri yaxşı olmuş hər zaman bir-biri ilə əlaqə saxlamışlar. Hətta uşağını yanına gətirəndən sonra iddiaçını mübahisə predmeti olan evdə yaşadığını bildirmiş və onu həmin evə aparmışlar. Mübahisə predmedi olan ev Nizami metrosu tərəfindən keçdikdən sonra təzə bazara yaxın yerdə olan qapıdır.

23. Birinci instansiya məhkəmə iclasında şahid qismində ifadə vermiş X16 bidirdi ki, X15 atasının dayısı qızı və iddiaçının yoldaşı Məmmədbağırın isə əmisinin yoldaşıdır. İddiaçı mübahisə predmeti olan evdən Siyəzən şəhərinə gəlin aparmışlar. Siyəzən şəhərində 2-3 ay qaldıqdan sonra mübahisə predmeti olan evə anasının yanına köçmüşdür. Mübahisə predmeti olan evin 2-ci mərtəbəsini Məmmədbağır tikmişdir. O, Kubinkada kirayədə qalaraq iddiaçı ilə qonşu olmuşdur. Siyəzəndə olan evi iddiaçının yoldaşı Məmmədbağır tikmişdir. İddiaçı həm Siyəzən şəhərində həm də mübahisə predmeti olan evdə də yaşamışdır. İddiaçı həftənin cümə günü, şənbə günü və bazar günü mübahisə predmeti olan evdə qalmışdır. Mübahisə predmeti olan evdə keçirilən tədbirlərdə iştirak etmişdir. Kubinkada 15 il kirayədə qalmış və hazırda 3 ildir ki, Ramana qəsəbəsində ev alaraq orada qalır. Kirayədə qaldığı zaman iddiaçı yanına teztez gəlib getmişdir.

24. Birinci instansiya məhkəmə iclasında şahid qismində ifadə vermiş X26 bidirdi ki, iddiaçının yoldaşı ilə birlikdə usta olaraq işləmişdir. Mübahisə predtmedi olan evdə 2013- cü ildə qış aylarını ilk olaraq fəhlə kimi işləmişdir. Həmin tikintidə ondan başqa Mehman Mətləb usta olaraq işləmişdir. Həmin tikintidə ustalara rəhbərliyi iddiaçının yoldaşı Məmmədbağır etmiş, lakin işi sifariş edən Bağır adlı şəxs olmuşdur. Görülən işlərin pulunu isə Məmmədbağır adlı şəxs vermişdir. Mübahisə predmeti olan evdə fasad işlərini görmüşdür. Məmmədbağır iddiaçının yoldaşı olmaqla evi ailəsi üçün tikmişdir. Həmin tikintidə o və qardaşı Mətləb və Mehman usta olaraq işləmişlər. Tikinti zamanı 1-ci mərtəbədə X15 yemək yemişdir. Həmin ev Kubinkada yerləşmişdir. Həyətin darvazası bərbad vəziyyətdə olmuşdur. Həyətə girən kimi pilləkənlə 2-ci mərtəbəyə daxil olurdun. Həmin həyətda ilk olaraq fəhlə kimi sonra isə fasad işləri görmüşdür. Ümumilikdə həmin tikintidə 8 gün işləmişdir. Həmin həyətdə hava isti olanda fasad işini görmüşdür. Ev cəmi 6-7 aya tikilmişdir.

25. Birinci instansiya məhkəmə iclasında şahid qismində ifadə vermiş X27 bidirdi ki, mübahisə predtmedi olan evə yaxın evdə kirayədə qalmışdır. Mübahisə predmedi olan evdə yaxın evdə İddiaçı yoldaşı və uşaqları, qardaşı Cavabdeh və anası X15 qalmışlar. Mübahisə predmeti olan evin 1-ci mərtəbəsinin təmir işləri olanda onu çağırmışlar. Həmin evdə tədbir olan zamanı yəni uşağın ad günündə iştirak etmişdir. Mübahisə predmeti olan evdə olan toy mərasimində iştirak etməmişdir. Mübahisə predmeti olan evin 2-ci mərtəbəsində elektirk montaj işləri görmüşdür. Həmin evdə qardaşı da işləmişdir. Tikinti işləri 2013-cü ildə başlayıb 2014-cü ilə kimi yekunlaşmışdır. Ümumilikdə 6 ay işləmişlər. Həmin həyətdə elektirk və santexnik işləri görmüşdür. İşlədiyi zaman Bağır adlı şəxs evə gəlib getmişdir. Məmmədbağırı 2007-ci ildə tanımışdır.

26. Birinci instansiya məhkəmə iclasında şahid qismində ifadə vermiş X25 bidirdi ki, İddiaçı ilə Siyəzən şəhərindən qonşudurlar. 10 ildən çoxdur ki mütəmadi olaraq Siyəzən şəhərində yaşayırlar. İddiaçı həftənin cümə günü, şənbə günü və bazar günü mübahisə predmeti olan evə gəlib qalırdı. Həttə Bakı şəhərinə gələndə həmin evə 1 dəfə gəlmişdir. Həmin evə 2016-cı ildə gələndə 2 mərtəbəli ev olmuşdur. O, uşaqlıqdan Siyəzən şəhərində yaşayır. İddiaçı ilə 10 ildən çoxdur ki, mikrorayon deyilən ərazidə qonşudur.

27. Birinci instansiya məhkəmə iclasında şahid qismində ifadə vermiş X4 bidirdi ki, iddiaçı ilə birlikdə məktəb vaxtı paralel siniflərdə oxumuşdur. İddiaçı 2014-cü ildə mübahisə predmeti olan evdə yaşamışdır. Həmin evdə olan tədbirdə iştirak etmişdir. Həmin evə qonaq kimi gələn zamanı iddiaçı onu 2-ci mərtəbəyə dəvət etmişdir. Həmin evin 1-ci mərtəbəsində iddiaçının anası yaşayırdı. Həmin evdə olan zamanı iddiaçının anası bildirmişdir ki, bu ev iddiaçının evidir. Həmin evdə dəfələrlə qonaq olmuş və 2-ci mərtəbəyə dəvət edilmişdir. Uşaqları Siyəzən şəhərində məktəbdə eyni sinifdə oxuyurdular. O və uşaqları ilə tədbir olan zamanı iddiaçının dəvəti ilə həftə sonu olanda həmin evə qonaq kimi getmişdir. İddiaçı uşaqların dərsi olan zamanı Siyəzən şəhərinə getmiş, həftənin, şənbə günü və bazar günü mubahisə predmeti olan evə gəlmişdir. Həyətə daxil olan kimi pilləkən ilə 2-ci mərtəbəyə qalxmışdır. Lakin 1-ci mərtəbə də olmamışdır. Həmin evdə olan zaman iddiaçının anasını da görmüşdür. Tətbiq edilən maddi hüquq normaları:

28. Azərbaycan Respublikası Mülki Məcəlləsi

29. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.

30. 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.

31. 228.3. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ alğı-satqının, girovun və icarənin müstəqil predmeti ola bilməz. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər.

32. 228.4. Yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir.

33. 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır

34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına əsasən, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.

35. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 27 may 2008-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Mülki Məcəllənin 228.5-ci maddəsinin “mülkiyyətçinin razılığı” müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydada müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur və yaşayış binasının tərkib hissəsindən digər şəxslərin istifadə hüququna xitam verilməsi ilə bağlı məsələlər Mülki Məcəllənin 228.2-ci maddəsinə uyğun həll edilməlidir.

36. Konstitusiya Məhkəməsi Plenumunun N.S.Cəbrayılovanın şikayəti üzrə çıxardığı 02 dekabr 2010-cu il tarixli qərarında da göstərilmişdir ki, “mülkiyyətçinin razılığı” müddəasına verilmiş şərh MM-in 228.5-ci maddəsinə bütövlükdə deyil, həmin maddənin yalnız “digər ailə üzvlərinin (ərinin, arvadının) köçürülməsinə mülkiyyətçinin razılığı ilə yol verilir” müddəasına aiddir və mülkiyyətçinin özünün ailə üzvlərinə şamil olunmur.

37. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılması”na dair 30 iyul 2008-ci il tarixli qərarında aşağıdakıları qeyd etmişdir.

38. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir.

39. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.» Tətbiq edilən prosessual hüquq normaları: Azərbaycan Respublikasinin Mülki Prosessual Məcəlləsi

40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

42. 149.1. İddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir.

43. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

44. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

45. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

46. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

47. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

48. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

49. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

50. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır.

51. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:

52. Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

53. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

54. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının apellyasiya şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

55. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

56. İddiaçı ünvan 1 ünvanına köçürülmələri və həmin mənzildə yaşamalarına dair hər hansı bir qanunsuz hərəkətlərin cavabdehə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

57. Həmin iddiasını belə əsaslandırmışdır ki, mübahisəli evdən 2001-ci ildə ailə qurub Siyəzən rayonuna gəlin köçsə də, orada 3-4 ay qalmış, sonra gəlib həmin evdə yaşamış, uşaqları orada böyümüş, evin üstündə yəni ikinci mərtəbəsini inşa etmiş, orada ailəsi ilə yaşamış, sonra maddi imkansızlıq səbəbindən Siyəzənə getmiş, uşaqları orada məktəbə getmiş, lakin həmişə bu evə gəlib getmiş, evi anası qardaşına bağışlayan zaman evin ikinci mərtəbəsinin onun olması şərti ilə buna razılıq vermişdir. Hazırda qardaşı onu evə buraxmadığından bu iddianı vermişdir.

58. İddiaçı özü də iddia ərizəsində xx.xx.2021-ci il tarixdə əldə olunan mübahisəli mənzilə köçdüklərini, eyni zamanda da elə 2001-ci ildə də həmin mənzildən ailə qurması ilə bağlı Siyəzən rayonuna köçdüyünü qeyd edir.

59. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına əsasən, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.

60. Beləliklə, müəyyən olunur ki, iddiaçı həmin mənzildən ailə quraraq daimi yaşamaq məqsədi ilə Siyəzən rayonuna köçdüyündən, həmin vaxtdan onun mənzilə olan istifadə hüququ itirilmişdir.

61. Mübahisəli mənzilə istifadə hüququnun yaranması, itirilməsi məqamlarına diqqət yetirərək və iddiaçının mənzildə yaşamaması səbəblərini araşdıraraq Kollegiya hesab edir ki, iddiaçının uzun bir müddət ərzində mübahisəli mənzildə yaşamaması hər hansı bir üzrlü səbəblərlə əlaqədar olmayıb, onun daimi yaşaması üçün başqa yaşayış sahəsinə köçməsi (gəlin köçməsi) ilə əlaqədardır. Ona görə ki, işin materialları və faktiki halları ilə mübahisəsiz şəkildə təsdiq olunur ki, cavabdeh xx.xx.2001-ci il tarixdə ailə qurmuş, digər yaşayış yerinə köçməklə, ailə üzvü sırasından çıxmışdır.

62. İddiaçının köçürülməsini tələb etdiyi mənzilin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışa əsasən ünvan 4, mənzil 1-in 16.5 kv.m hissəsi "xxxx" ASC-nin (qeydiyyat tarixi xx.xx.2014), 11.5 kv.m hissəsi Cavabdeh xüsusi mülkiyyətlərində olması müəyyən edilir (qeydiyyat tarixi xx.xx.2021).

63. İddiaçı ailə qurduqdan sonra mübahisəli mənzilin mülkiyyətçisi olan şəxslə istifadə hüququ ilə bağlı notariat qaydasında təsdiqlənmiş razılaşma bağlanmamış, eləcə də onun istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır

64. Məhkəmə Kolegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili onun evli olduğunu və ərinin Siyəzən rayonunda evi olduğunu, iki uşağı olduğunu təsdiq etmişdir.

65. İddiaçı hazırkı iddia tələbinin əsası kimi onu qeyd edir ki, 2001-ci ildə Siyəzən rayonuna gəlin köçmüş, orada 3-4 ay qalmış, sonra gəlib həmin evdə yaşamış, uşaqları orada böyümüş, evin üstündə yəni ikinci mərtəbəsini inşa etmiş, orada ailəsi ilə yaşamış, sonra maddi imkansızlıq səbəbindən Siyəzənə getmiş, uşaqları orada məktəbə getmiş, lakin həmişə bu evə gəlib getmiş, evi anası qardaşına bağışlayan zaman evin ikinci mərtəbəsinin onun olması şərti ilə buna razılıq vermişdir.

66. İddiaçı ailə qurduqdan və daimi əsaslarla Siyəzən rayonuna getdikdən sonra hazırda köçürülməsini tələb etdiyi mənzildə daimi yaşamağa davam etməsi ilə bağlı sübutlar, eləcə də evi anası qardaşına bağışlayan zaman evin ikinci mərtəbəsinin onun olması şərti ilə buna razılıq verməsi ilə bağlı MPM-in 77.1-ci maddəsinin tələbinə əsasən sübutlar təqdim etməmişdir.

67. Əksinə, mülki iş materiallarında olan Siyəzən şəhər M.Müşfiq adına 2 nömrəli tam orta məktəbi tərəfindən xx.xx.2023-cü il tarixdə təqdim edilmiş məktubdan görünür ki, xx.xx.2005-ci il təvəllüdlü X7 2011-2022-ci illərdə Siyəzən şəhər Mikayıl Müşfiq adına 2 nömrəli tam orta məktəbində təhsil almış və Xİ sinfi bitirrmişdir. xx.xx.2008-ci il təvəllüdlü X12 2014-2023-cü illərdə Siyəzən şəhər Mikayıl Müşfiq adına 2 nömrəli tam orta məktəbində təhsil almış və İX-cu sinfi bitirmişdir.

68. Göründüyü kimi iddiaçının övladları Siyəzən şəhər M.Müşfiq adına 2 nömrəli tam orta məktəbdə oxuduqlarından, iddiaçının həmin müddətdə, azyaşlı uşaqlarından ayrı olaraq, iddia etdiyi mənzildə yaşaması inandırıcı və ağlabatan da deyildir.

69. İddiaçının həmin mənzildə pasport qeydiyyatının olması barədə isə Məhkəmə kollegiyası qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020-ci il tarixli Qərarında isə Konstitusiya Məhkəməsi aşağıdakıları qeyd etmişdir: “...Şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir və bu məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.

70. İddiaçının apellyasiya şikayətinin digər dəlili evin kiçik olması səbəbindən həyat yoldaşı ilə ikinci özbaşına mərtəbəni inşa etməsi və orada yaşaması, rayon məhkəməsinin iş üzrə yerli baxış keçirməməsi və yerində məsələyə düzgün qiymət verməməsi ilə bağlıdır.

71. Bu xüsusatla bağlı rayon məhkəməsi qeyd etmişdir ki, hazırkı iş üzrə iddiaçının köçürülməsini tələb etdiyi fərdi yaşayış evinin üzərində olan tikili özbaşına tikili olduğu, heç bir hüquq müəyyənedici sənədi olmadığı və beləliklə də həmin evin mülki qanunvericiliyə əsasən də mülki dövriyyənin predmeti olmadığı mübahisəsiz olaraq müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci, Mənzil Məcəlləsinin 16-cı maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2018-ci il tarixli qərarındakı hüquqi mövqeyinə əsasən bu cür tikililər yaşayış sahəsi hesab edilmədiyindən, həmin tikiliyə köçürülmə tələbi də təmin oluna bilməz.

72. Rayon məhkəməsinin bu mövqeyi ilə razılaşan Kollegiya bununla bağlı həm də qeyd edir ki, MPM-in 149.1-ci maddəsinə görə, iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. MPM-in 218.3-cü maddəsinə görə, 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

73. İddiaçının hazırkı iddia ərizəsindən görünür ki, iddiaçı ərizəsinində ünvan 4, mənzil 1 ünavanında cavabdeh qardaşına məxsus xüsusi mülkiyyətində olan mənzilə köçürülməsini tələb etmiş, başqa sözlə desək, onun tələbi həmin mənzilin üzərindəki özbaşına tikiliyə köçürülməsi ilə bağlı olmamışdır.

74. Beləliklə, iddiaçının köçürülməsini tələb etdiyi həmin mənzilə istifadə hüququ olması müəyyən edilmədiyindən, mənzilin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışa əsasən ünvan 4, mənzil 1-in 16.5 kv.m hissəsi "xxxx" ASCnin (qeydiyyat tarixi xx.xx.2014), 11.5 kv.m hissəsi Cavabdeh xüsusi mülkiyyətlərində olması müəyyən edildiyindən, eləcə də iddiaçının mübahisəli mənzilin mülkiyyətçisi olan şəxslə istifadə hüququ ilə bağlı notariat qaydasında təsdiqlənmiş razılaşması olmadığından apellyasiya şikayəti əsassızdır və təmin edilməməlidir. Nəticə:

75. Göstərilənlərə əsasən, Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

76. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin olunmadığından şikayətin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş iddiaçının özünə aid edilməlidir.

77. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Nəsimi Rayon Məhkəməsinin 2(006)-1825/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Sədrlik edən: İkram Şirinov Hakimlər: Namiq Cəfərov Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar