Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5764/2025 04.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh ləğv prosesində olan (LPO) Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta ödənişinin verilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: Sığorta ödənişinin tutulması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X15 (sədrlik edən və məruzəçi), X14 və X4 ibarət tərkibdə, Məhkəmə iclasının katibi Həsənova Bahar Elxan qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X2, Cavabdeh ləğv prosesində olan (LPO) Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti nümayəndəsi X12, Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə3 iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 aprel 2023-cü il tarixli, 2(006)-1412/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.İddiaçı ilə X5 nikah münasibətində olmuş və onların nikahından üç övladı vardır.
2. Şamaxı regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş AZ-İİ № 061846 seriyalı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir.
3. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qobustan rayon Polis Şöbəsi tərəfindən Dövlət Sosial Müdafiə Fonduna təqdim etmək üçün verilən Arayışdan görünür ki, mərhum X5 xx.xx.2022-ci ildən xx.xx.2020-ci il tarixə kimi Qobustan rayon Polis şöbəsinin post-patrul xidməti tağımının polis nəfəri vəzifəsində xidmət etmişdir.
4. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qobustan rayon Polis Şöbəsi tərəfindən Dövlət Sosial Müdafiə Fonduna təqdim etmək üçün verilən Arayışdan görünür ki, sabiq polis nəfəri X3 hesablanmış aylıq əmək haqqı 705.70 manat təşkil etmişdir.
5. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Daxili Təhqiqatlar İdarəsi tərəfindən Qobustan rayon Polis şöbəsinə ünvanlanan məktubdan görünür ki, polis baş serjantı Q.Abdullayev xidmətdə olarkən kəskin infarkt keçirməsi səbəbindən Bakı şəhəri 1 saylı X19 vəfat etmişdir. Bununla əlaqədar hazırlanmış rəyin təsdiq edilmiş surəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması üçün göndərilmişdir.
6. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən X6 ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, ərizəyə əlavə olunmuş sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən Daxili İşlər Nazirliyinin Rəyinin verilmə tarixi 22 dekabr 2022-ci il tarixinə təsadüf etdiyindən, Fərmana edilmiş dəyişikliyə əsasən vətəndaşlara sığorta ödənişinin verilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən həyata keçirilir, bu səbəbdən sığorta ödənişinin alınması üçün aidiyyəti üzrə Fonda müraciət edilməsi tövsiyə olunmuşdur.
7. Xidmətin təhqiqatın nəticəsinə dair xx.xx.2022-ci il tarixli rəydən görünür ki, DİN-in Maliyyə- Plan İdarəsinin xx.xx.2022-ci il tarixli məktublarında polis nəfəri Qəzənfər Abdullayevin vəfat etməsinin xidməti vəzifələrinin icrası ilə bağlı hesab ediləcəyi təqdirdə müvafiq rəyin təsdiq edilmiş surətinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim edilməsi üçün verilməsi məqsədəmüvafiq hesab edilmişdir.
8. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən ünvanlanan xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, X3 ölüm faktını təsdiq edən sənədinin – ölüm haqqında şəhadətnamənin tarixi 13 mart 2020-ci ilə aiddir. Odur ki, icbari sığorta ödənişinin verilməsi ilə bağlı aidiyyəti üzrə "xxxx" ASC-yə müraciət edilməsi tövsiyə olunmuşdur.
a)Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, həyat yoldaşı X3 21 fevral 2020-ci ildə ölümü ilə bağlı baş vermiş sığorta hadisəsi ilə əlaqədar sığorta ödənişinin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 10.İddia tələbi onunla əsaslandırılmışdır ki, onun həyat yoldaşı mərhum X5 28 Avqust 2002-ci ildən 21 Fevral 2020-ci ilədək Daxili İşlər Nazirliyi Qobustan Rayon Polis Şöbnəsində postpatrul xidməti taqımının polis nəfəri vəzifəsində xidmət edib. Həyat yoldaşı xidmətdə olarkən 21 Fevral 2020-ci ildə “kəskin ağciyər emboliyası” səbəbindən vəfat edib. Həyat yoldaşının himayəsində işləməyən pensiyaçı anası və üç yetkinlik yaşına çatmayan oğlu olub. Həyat yoldaşı vəfat etdikdən sonra icbari şəxsi sığorta üzrə sığorta ödənişlərinin verilməsi üçün nümayəndəsi X7 vasitəsilə cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə müraciət etmişdir. Cavabdeh 99/xx-xx/2023 saylı 31 Yanvar 2023-cü il tarixli məktubla bildirib ki, guya ərizəsinə əlavə olunmuş sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən Daxili İşlər Nazirliyinin Rəyinin verilmə tarixi 22 Dekabr 2022-ci il tarixinə təsadüf etdiyindən “Dövlət icbari Şəxsi Sığortası Sahəsində İdarəetmənin Təkmilləşdirilməsi ilə bağlı Tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 18 May 2021-ci il tarixli 1340 saylı Fərmanına dəyişiklik edilməsi barədə” Fərmanının 3-cü bəndinə əsasən sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənədinin tarixi 2020-ci il dekabrın 31dən sonraya aid, dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişinin (Şirkət tərəfindən 2022-ci il yanvarın 1-dək həyata keçirilmiş sığorta ödənişləri istisna olmaqla) həyata keçirilməsini 2022-ci il yanvarın 1-dən etibarən dövlət icbari şəxsi sığortası üzrə Fondda formalaşan sığorta vəsaiti hesabına Fond təmin edir. Lakin, mərhum həyat yoldaşının ölməsi ilə baş verən sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənəd, Daxili İşlər Nazirliyinin Rəyindən öncə verilmiş AZ-İİ 061846 saylı 13 mart 2020-ci il tarixli ölüm şəhadətnaməsidir.
11. Məhkəmə baxış iclasında iştirak edən cavabdehin nümayəndəsi X17 iddia tələbinə etiraz edərək izahatında qeyd etmişdir ki, iddia tələbi əsassızdır və rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan ölüm haqqında AZ-İİ 061846 nömrəli şəhadətnaməyə əsasən X1 ağciyər emboliyası səbəbindən vəfat etmişdir. İddiaçının sığorta ödənişinin alınması üçün şirkətə təqdim edilmiş ərizəsinə əlavə olunmuş Azərbaycan Respublikasının Daxili İşlər naziri, generalpolkovnik Vilayət Eyvazov tərəfindən təsdiq edilmiş vətəndaş İddiaçı müraciəti əsasında aparılmış xidməti təhqiqatın nəticəsinə dair rəyin surətinə əsasən Qobustan RPŞ PPXB-nin polis nəfəri Qəzənfər Abdullayevin ölümünün xidməti vəzifələrinin icrası ilə əlaqəsinin olması nəzərə alınmışdır. Rəyin təsviri hissəsində, həmçinin DİN-in Maliyyə-Plan İdarəsinin xx.xx.2022ci il tarixli məktublarında polis nəfəri Qəzənfər Abdullayevin vəfat etməsinin xidməti vəzifələrinin icrası ilə bağlı hesab ediləcəyi təqdirdə müvafiq rəyin təsdiq edilmiş surətinin ƏƏSMN yanında DSMF-yə təqdim edilməsi üçün ailə üzvlərinə verilməsinin məqsədəmüvafiq hesab edildiyi göstərilmişdir. Göründüyü kimi, rəydə qeyd olunanlardan aydın olduğu üzrə, habelə iş materiallarında olan digər sənədlər sığorta ödənişinin DSMF tərəfindən verilməli olduğuna görə həmin quruma təqdim edilməsi üçün verilmişdir. Bildirilir ki, hazırki iş üzrə sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən – sığorta olunanın ölümünün xidmət vəzifələrinin icrası ilə bilavasitə bağlı olması barədə DİN naziri tərəfindən təsdiq edilmiş rəyin tarixi xx.xx.2022-ci il tarixinə aid olduğundan, sığorta ödənişinin verilməsi Dövlət Sosial Müdafiə Fondunun səlahiyyətlərinə aiddir. Bu səbəbdən hazırki iddia tələbi üzrə şirkət cavabdehlik daşımır. Qeyd edilənlərə əsasən mülki iş üzrə İddiaçı tərəfindən verilmuş iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
12. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 aprel 2023-cü il tarixli, 2(006)-1412/2023 saylı qətnaməsi ilə iddianın təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
13. Məhkəmə işin faktiki halları ilə bağlı qeyd etmişdir ki, iddiaçının mərhum həyat yoldaşı X5 xx.xx.2002-ci il tarixdən xx.xx.2020-ci il tarixədək DİN Qobustan rayon Polis Şöbəsində postpatrul xidməti taqımının polis nəfəri vəzifəsində xidmət etmiş, xx.xx.2020-ci il tarixdə kəskin ağciyər emboliyası səbəbindən vəfat etmişdir. Hazırda iddiaçı mərhum həyat yoldaşının ölümü ilə bağlı baş vermiş sığorta hadisəsi ilə əlaqədar sığorta ödənişinin ödənilməsini məhkəmədən tələb edir. Cavabdeh tərəf iddia tələbi ilə razı deyildir. 14.Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, “Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli, 1340 nömrəli Fərmanının 2.7-ci bəndinə əsasən, sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənədinin tarixi 2021-ci il yanvarın 1-dən əvvələ aid, dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişi "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilir. Həmin Fərmanın 2.8-ci bəndinə əsasən sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənədinin tarixi 2020-ci il dekabrın 31-dən sonraya aid, dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişinin (Şirkət tərəfindən 2022-ci il yanvarın 1-dək həyata keçirilmiş sığorta ödənişləri istisna olmaqla) həyata keçirilməsini 2022-ci il yanvarın 1-dən etibarən dövlət icbari şəxsi sığortası üzrə Fondda formalaşan sığorta vəsaiti hesabına Fond təmin edir. Odur ki, məhkəmə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli, 1340 nömrəli Fərmanını rəhbər tutaraq hesab etmişdir ki, hazırki iddia tələbi ilə bağlı sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənəd xx.xx.2022-ci il tarixinə aid olduğundan sığorta ödənişinin verilməsi "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən deyil, Dövlət Sosial Müdafiə Fondu tərəfindən həyata keçirilməlidir. Bundan başqa, məhkəmə iddiaçının sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənədin ölüm haqqında şəhadətnamə olması iddiasına münasibətdə qeyd etmişdir ki, hazırki iddia üzrə sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənəd ölüm haqqında şəhadətnamə deyil, məhz sığorta olunanın ölümünün xidmət vəzifələrinin icrası ilə bilavasitə bağlı olması barədə DİN tərəfindən təsdiq edilmiş rəydir. Belə ki, “Məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin xx.xx.2022-ci ilədək qüvvədə olmuş redaksiyasına əsasən sığorta ödənişlərinin alınması üçün sığorta olunan, yaxud onun vərəsələri dövlət sığorta orqanlarına və ya yaşadığı ərazi üzrə həmin orqanın bölmələrinə müəyyən olunmuş formada ərizə, şəxsiyyətini təsdiq edən sənəd, əmək kitabçasının surəti və ya iş yerindən arayış, sığorta hadisəsinin xidmət vəzifələrinin icrası ilə bilavasitə bağlı olması barədə müvafiq orqanın arayışı ilə birlikdə həlak olma (ölüm) halında sığorta olunanın ölümü haqqında müvafiq icra hakimiyyəti orqanının şəhadətnaməsinin surətini təqdim edir. Odur ki, məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab etmişdir ki, iddia tələbi əsassızdır və rədd edilməlidir.
15. Məhkəmə öz mövqeyini “Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli, 1340 nömrəli Fərmanının 2.7 və 2.8-ci bəndləri; “Məhkəmə və hüquqmühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1 və 217.4-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
b) Apellyasiya şikayətinin dəlilləri
16. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. Apellyasiya şikayəti, iddia ərizəsi ilə eyni qaydada əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, hazırkı iş üzrə məhkəmənin qətnaməsi qanun qüvvəsinə mindikdən sonra o, iddia ərizəsi ilə inzibati məhkəməyə müraciət edərək həyat yoldaşı X3 21 Fevral 2020-ci ildə ölümü ilə bağ vermiş sığorta hadisəsi ilə əlaqədar onun aylıq 705,70 manat olmuş 5 illik əmək haqqı məbləğində sığorta ödənişinin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsi işə baxılmasını 2 il süründürdükdən sonra e-2-1(118)- 322/2025 saylı 25 Fevral 2025-cü il tarixli qərardadı ilə iddianı mümkünsüz hesab edib. Həmin qərardadda göstərilib ki, “Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında’’ Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 18 may tarixli, 1340 nömrəli Fərmanının 2.7-ci bəndinə əsasən, dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişinin həyata keçirilməsi sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənədinin tarixi 2021-ci il yanvarın 1-dən əvvələ aid olduğu halda, "xxxx" ASC tərəfindən təmin edilir. (18 iyun 2022-ci il tarixli, 1718 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə 2.7-ci bənd yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi: 2.7.2022-ci il yanvarın 1-dək sığorta olunanlara sığorta ödənişlərinin verilməsini Şirkət həyata keçirir.) Beləliklə, qanunvericilik normalarının təhlili ilə müəyyən olunur ki, hazırki iş üzrə iddiaya cavab verməli olan orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu deyildir. İddiaçı Sumqayıt İnzibati Məhkəməsinin həmin qərardadından apellyasiya şikayəti vermiş və şikayətini Nəsimi Rayon Məhkəməsinin sığorta ödənişinin verilməsinin Dövlət Sosial Müdafiə Fonduna aid olması barədə qanun qüvvəsinə minmiş məhkəmə qətnaməsinin mövcudluğu ilə əlaqələndirmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi də 2-1(105)-412/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə hesab edib ki, sığorta ödənişinin verilməsi ilə bağlı iddiaya cavab verməli olan orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu deyil, "xxxx" ASC-dir. Sumqayıt Apellyasiya Məhkəməsi öz qərardadının 47-ci bəndində göstərib ki, iddiaçıya hazırkı qərardadda qeyd edilən hüquqi mövqeyi nəzərə almaqla Nəsimi Rayon Məhkəməsinin 11 aprel 2023-cü il tarixli, 2(006)-1412/2023 nömrəli qətnaməsindən apelyasiya şikayəti və şikayət vermə müddətinin bərpasına dair ərizə vermək hüquqları izah edilməlidir. “Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında’’ Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 18 may tarixli, 1340 nömrəli Fərmanının 2.7-ci bəndinə əsasən, dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişinin həyata keçirilməsi sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənədinin tarixi 2021-ci il yanvarın 1-dən əvvələ aid olduğu halda, "xxxx" ASC tərəfindən təmin edilir. (18 iyun 2022-ci il tarixli, 1718 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə 2.7-ci bənd yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi: 2.7. 2022-ci il yanvarın 1-dək sığorta olunanlara sığorta ödənişlərinin verilməsini Şirkət həyata keçirir.) Həyat yoldaşı mərhum X5 28 Avqust 2002-ci ildən 21 Fevral 2020-ci ilədək Daxili İşlər Nazirliyi Qobustan Rayon Polis Şöbnəsində post-patrul xidməti taqımının polis nəfəri vəzifəsində xidmət etib və xidmətdə olarkən 21 Fevral 2020-ci ildə “kəskin ağciyər emboliyası” səbəbindən vəfat edib. Həyat yoldaşının sığorta hadisəsi hesab edilən 21 Fevral 2020-ci ildə vəfat etməsi faktını təsdiq edən sənəd (AZ-İİ № 061846 saylı ölüm şəhadətnaməsi) 13 Mart 2020-ci il tarixdə verildiyindən sığota ödənişini həyata keçirməli şəxs cavabdeh "xxxx" ASC-dir. Birinci instansiya məhkəməsi sübutlara düzgün hüquq qiyməti verməyib, cavabdeh tərəfin məhkəmə araşdırılması zamanı qanuna əsaslanmayan mövqeyini nəzərə almayıb. Məhkəmə həyat yoldaşının sığorta hadisəsi hesab edilən 21 Fevral 2020-ci ildə vəfat etməsi aktını təsdiq edən sənədi - 13 Mart 2020-ci il tarixli AZ-İİ № 061846 saylı ölüm şəhadətnaməsini nəzərə almayıb. Həmin sübuta düzgün hüquq qiyməti verməyib, gəldiyi nəticəni qanunazidd mülahizələrlə əsaslandırıb.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Cavabdeh ləğv prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi X18 apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək göstərmişdir ki, işin faktiki halları və tətbiq edilməli olan maddi hüquq normaları nəzərə alınmaqla şikayət əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Əvvəla, “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət şəxsi icbari sığortası haqqında” Qanunun (bundan sonra – Qanun) 7-ci maddəsinin xx.xx.2022-ci ilədək qüvvədə olmuş redaksiyasına əsasən, sığorta ödənişinin həyata keçirilməsi üçün sığorta olunan və ya onun vərəsələri digər sənədlərlə yanaşı, sığorta hadisəsinin xidməti vəzifələrin icrası ilə bağlı olmasını müəyyən edən müvafiq dövlət orqanının arayışını təqdim etməlidirlər. Qanunun 5ci maddəsində isə sığorta hadisəsi anlayışı açıq şəkildə müəyyən edilmişdir: yalnız sığorta olunanın xidməti vəzifələrin icrası ilə bağlı həlak olması, xəsarət alması və ya əlilliyinin müəyyən edilməsi halları sığorta hadisəsi hesab edilir. Normadan aydın görünür ki, sığorta hadisəsi kimi tanınma üçün hadisə ilə xidməti vəzifələrin icrası arasında səbəbli-nəticə əlaqəsi mütləq surətdə mövcud olmalıdır. Bu norma imperativ xarakter daşıyır və sığortaçının ödəniş etmək öhdəliyinin yaranması üçün əsas şərtdir. Başqa sözlə, istənilən ölüm faktı sığorta hadisəsi kimi qiymətləndirilə bilməz; belə qiymətləndirmə üçün ölümün birbaşa xidməti vəzifələrin icrası nəticəsində baş verməsi tələb olunur. Belə olduqda bu qəbildən olan hadisələrdə sığorta hadisəsi faktını təsdiq edən müvafiq arayışdır və müvafiq Fərmanın tələblərinə əsasən, sənədin tarixi xx.xx.2021-ci il tarixdən sonraya təsadüf etdiyi üçün Şirkətin səlahiyyətlərinə aid deyildir. Lakin, əsas məqam baş vermiş hadisənin sığorta hadisəsi olub-olmadığının müəyyən edilməsidir. Mövcud iş üzrə X11 vəfatı kəskin ağciyər emboliyası ilə əlaqədardır. Ağciyər emboliyası — müxtəlif elmi tibbi mənbələrdə də təsdiqləndiyi kimi — əsasən aşağıdakılar nəticəsində baş verir: genetik meyillilik, venoz trombozlar, uzunmüddətli passivlik, siqaret istifadəsi, artıq çəki və digər fərdi tibbi risk faktorları. Bu xəstəliyin yaranması və inkişaf mexanizmi xidməti vəzifələrin icrası ilə birbaşa funksional bağlılıq təşkil etmir və konkret olaraq iş materiallarında da belə bir bağlılığı təsdiqləyən heç bir sübut yoxdur. Mərhumun xidməti vəzifələrini yerinə yetirməsi ilə ağciyər emboliyası arasında elmi-tibbi baxımdan səbəbli əlaqə qurulması mümkün deyil. Qeyd olunan hüquqi mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin formalaşdırdığı hüquqi yanaşma ilə də tam uzlaşır. Belə ki, Ali Məhkəmənin 2(102)- 2396/2025 saylı xx.xx.2025-ci il tarixli Qərarında xidmətdə olan şəxsin onkoloji xəstəlik nəticəsində vəfatı ilə bağlı analoji mübahisədə göstərilmişdir ki, Qanunun 5-ci maddəsinə uyğun olaraq sığorta hadisəsinin mövcud sayılması üçün ölüm faktı ilə xidmət vəzifələrinin icrası arasında mütləq funksional bağlılıq və səbəblinəticə əlaqəsi müəyyən edilməlidir. Qərarda vurğulanmışdır ki, şəxsin xidmətdə olduğu dövrdə vəfat etməsi kifayət deyil; ölümün xidmət vəzifələrinin icrasının nəticəsi olması tələb olunur. Həmin Qərarda qeyd olunur - “Məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinin müvafiq maddəsinin məzmununa görə sığortaçının sığorta ödənişini həyata keçirmək vəzifəsinin yaranması üçün məhkəmə və ya hüquqmühafizə orqanları işçilərinin həlak olması (vəfat etməsi), xəsarət (yaralanma, travma, kontuziya) almasının məhz onların xidməti vəzifələrinin icrası ilə bağlı baş verməsi müəyyən edilməlidir. Burada səbəbli əlaqənin məzmunu ondan ibarətdir ki, Qanunun tətbiq dairəsinə düşən şəxsin ölümü xidməti vəzifələrinin icrası nəticəsində baş vermiş olur. Yəni şəxsin vəfat etməsi ilə icra etdiyi xidməti vəzifələri arasında müvafiq funksional bağlılığın, səbəbli-nəticə əlaqəsinin mövcudluğu müəyyən edilməlidir. Mərhum hakimin Bakı şəhəri Nizami Rayon Məhkəməsində hakim işlədiyi zaman vəfat etsə də, onun vəfat etməsinin səbəbi olan xəstəliyin xidməti vəzifələrinin icrası ilə yaranmasını müəyyən etmək mümkün olmur. Belə olan təqdirdə mərhum X9 vəfat etməsi «Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin icbari şəxsi sığortası haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində göstərilən sığorta hadisəsi hesab edilmir. Hazırki halda da, mərhumun xəstəliyinin xidməti vəzifələrinin icrası ilə bağlı olması halını müəyyən etmək mümkün olmur. X11 xidmət dövründə vəfat etməsi faktı mövcud olsa da, tibbi sənədlərdən və iş materiallarından onun ölümünə səbəb olan xəstəliyin xidməti vəzifələrin icrası ilə bağlı yarandığını göstərən heç bir sübut təqdim edilməmişdir. Bu baxımdan Qəzənfər Abdullayevin vəfatı «Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin icbari şəxsi sığortası haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində göstərilən sığorta hadisəsi hesab edilmir. Yuxarıda göstərilənlərə əsasən, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qanuni və əsaslandırılmış qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
19. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək izahatında qeyd etdi ki, onlar həm Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti, həm də Dövlət Sosial Müdafiə Fonduna müraciət etmişdir. Dövlət Sığorta Kommersiya Şirkəti cavab verdi ki, Fond ödəməlidir, Dövlət Sosial Müdafiə Fondu isə Sığorta Şirkətinin ödəməli olduğunu qeyd etdi. Onlar da sığorta hadisəsinin baş verməsini təsdiq edən sənəd ölüm haqqında şəhadətnamə olduğundan cavabdeh olaraq Dövlət Sığorta Kommersiya Şirkətini qeyd edərək məhkəməyə iddia ərizəsi ilə müraciət etdilər. Lakin, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qətnaməsində cavabdehin Dövlət Sosial Müdafiə Fondu olmalı olduğu öz əksini tapdı. Buna görə də məhkəmənin qətnaməsi qanun qüvvəsinə mindikdən sonra iddia ərizəsi ilə inzibati məhkəməyə müraciət edərək sığorta ödənişinin verilməsi vəzifəsinin cavabdeh Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin qərardadı ilə iddia mümkünsüz hesab edilib. Apellyasiya şikayəti əsasında işə baxan Sumqayıt Apellyasiya Məhkəməsi də xx.xx.2025-ci il tarixli qərardadı ilə hesab edib ki, sığorta ödənişinin verilməsi ilə bağlı iddiaya cavab verməli olan orqan Dövlət Sosial Müdafiə Fondu deyil, "xxxx" ASC-dir. Hazırda apellyasiya şikayəti və X3 21 Fevral 2020-ci ildə ölümü ilə baş vermiş sığorta hadisəsi ilə əlaqədar onun aylıq 705,70 manat olmuş 5 illik əmək haqqı məbləğində sığorta ödənişinin verilməsi vəzifəsinin cavabdeh "xxxx" ASC-nin (ləğv prosesində) üzərinə qoyulması barədə qətnamə çıxarılması ilə bağlı iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə də vermişdir. Bundan əlavə Azərbaycan Respublikası Prezidentinin 24 yanvar 2023-cü il tarixli 1998 saylı Fərmanı ilə 2.7-ci bənddə “Şirkət” sözü "xxxx" Açıq Səhmdar Cəmiyyəti” sözləri ilə əvəz edilmişdir. 16 iyul 2022-ci il tarixdə çevrilmə yolu ilə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin adı dəyişilərək "xxxx" ASC adlanıb və hazırda ləğv prosesindədir. Sığorta ödənişinin verilməsi üçün əsas sənəd ölüm haqqında şəhadətnamədir. Bu əsasla da onlar birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş edir.
20. Məhkəmə kollegiyasının iclasında cavabdeh LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti nümayəndəsi X18 apellyasiya şikayətini qəbul etmədi, izahatında və ona verilən suallara cavab olaraq qeyd etdi ki, ilk öncə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəyə münasibətdə qeyd etmək istəyir ki, hüquqi şəxslərin dövlət reyestrində mövcud olan ad dəyişilməyibsə, o, müəssisənin adı hesab olunur. Onlarda da hazırda müəssisənin adı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətidir, sadəcə olaraq 31 yanvar 2024cü il tarixli Prezident Fərmanı ilə ləğv edildiyi üçün hazırda ləğv prosesindədir. İddia tələbi ilə bağlı qeyd edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur. Bu məsələ ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarında hansı qanunların geriyə qüvvəsinin olması məsələsi Azərbaycan Respublikası Konstitusiyası ilə əlaqəli şəkildə şərh edilmişdir. 2022-ci ildə Fərman qəbul edilmiş, xx.xx.2022-ci il tarixdən səlahiyyətlər Dövlət Sosial Müdafiə Fonduna ötürülüb. Onlar də onların dövründə qüvvədə olmuş qanunvericilikdə nəzərdə tutulmuş sənədləri tələb edir. İddiaçı yeni qanunvericiliyə əsasən sadəcə ölüm haqqında şəhadətnamənin verilməsinin kifayət etməsinə istinad etsə də, bunun səbəbi yeni qanunvericiliyin Dövlət Sosial Müdafiə Fondunun altsisteminə uyğunlaşdırılmasıdır. Çünkü Fondun vətəndaşlarla bağlı olan müvafiq sənədlərə əlçatanlığı var. “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət şəxsi icbari sığortası haqqında” Qanunun 7-ci maddəsinin xx.xx.2022-ci ilədək qüvvədə olmuş redaksiyasına əsasən, sığorta ödənişinin həyata keçirilməsi üçün sığorta olunan və ya onun vərəsələri digər sənədlərlə yanaşı, sığorta hadisəsinin xidməti vəzifələrin icrası ilə bağlı olmasını müəyyən edən müvafiq dövlət orqanının arayışını təqdim etməlidirlər. Qanunun 5-ci maddəsində isə sığorta hadisəsi anlayışı açıq şəkildə müəyyən edilmişdir: yalnız sığorta olunanın xidməti vəzifələrin icrası ilə bağlı həlak olması, xəsarət alması və ya əlilliyinin müəyyən edilməsi halları sığorta hadisəsi hesab edilir. Onlar bunu müvafiq qurumun rəyi ilə müəyyən edə bilərlər. Həmin rəyin tarixi də 2022-ci ildir, ona görə də onlar hesab edir ki, bu onların səlahiyyətlərinə aid deyil. Hesab edirlər ki, bu hadisə ümumiyyətlə sığorta hadisəsi deyil. Çünkü şəxsin vəfatı kəskin ağciyər emboliyası ilə əlaqədardır. Bu xəstəliyin yaranması və inkişaf mexanizmi xidməti vəzifələrin icrası ilə birbaşa funksional bağlılıq təşkil etmir və konkret olaraq iş materiallarında da belə bir bağlılığı təsdiqləyən heç bir sübut yoxdur. Mərhumun xidməti vəzifələrini yerinə yetirməsi ilə ağciyər emboliyası arasında elmi-tibbi baxımdan səbəbli əlaqə qurulması mümkün deyil. Qeyd olunan hüquqi mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin formalaşdırdığı hüquqi yanaşma ilə də tam uzlaşır. Qərarda vurğulanmışdır ki, şəxsin xidmətdə olduğu dövrdə vəfat etməsi kifayət deyil, ölümün xidmət vəzifələrinin icrasının nəticəsi olması tələb olunur. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən arayış verilib və qeyd edilib ki, xidmətdə olduğu dövrdə xəstəlik yaranıb, müalicələr alıb, müalicələr müsbət nəticə vermədiyindən vəfat edib. Bunun xidməti vəzifələrin icrasının nəticəsi olmasının nəzərə alınması qeyd edilmişdir. Lakin rəyin elmi-tibbi əsası yoxdur. Onlar bu hadisənin sığorta hadisəsi olmadığını hesab edir. Bununla bağlı rəy alınması üçün mütəxəssisə də müraciət edilə bilər. xx.xx.2024-cü il tarixli Fərmana əsasən Nazirlər Kabinetinə göstəriş verilib, Nazirlər Kabinetinin 95S nömrəli sərəncamı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin qarşısına öhdəlik qoyulub ki, ləğvetmə komissiyası yaradılsın. Fevral ayında Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən ləğvetmə komissiyası yaradılıb və komissiya hazırda şirkətə rəhbərlik edərək, ləğv prosesini həyata keçirir. Rəy onunla bağlı alına bilər ki, bu xəstəliyin birbaşa xidməti vəzifələrin icrası nəticəsində yaranmasını müəyyən etmək mümkündür yoxsa mümkün deyil. İstənilən ölüm faktı sığorta hadisəsi hesab edilə bilməz. Şəxs polis əməkdaşı olub, ictimai asayişi qoruyarkən baş vermiş hadisə nəticəsində öldürülsəydi və ya vəfat etsəydi bu sığorta hadisəsi hesab oluna bilərdi.
21. Məhkəmə kollegiyasının iclasında iştirak edən maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə3 izahatında qeyd etdi ki, Sumqayıt Apellyasiya Məhkəməsi də xx.xx.2025-ci il tarixli qərardadında qeyd edilmiş mövqe qanuni və əsaslıdır. Həmin sığorta ödənişinin verilməsi Fondun səlahiyyətlərinə aid deyil. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin iddia tələbini rədd edərkən, onları maraqlarına toxunan şəxs qismində məhkəmə iclaslarında iştirakını təmin etməmişdir. Onların həmin işdən ümumilikdə məlumatı olmamışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qətnaməsində ödənişin Fond tərəfindən ödənilməli olması öz əksini tapmış, onlar həmin məhkəmə qətnaməsindən apellyasiya şikayəti vermişdir. Çünkü sözügedən qətnamə inzibati məhkəmədə işə baxılarkən preyudisial əhəmiyyət daşıya bilərdi. Bakı Apellyasiya Məhkəməsinin gəldiyi qənaətə əsasən isə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qətnaməsi Fond üçün preyudisial əhəmiyyət daşımır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 20 fevral tarixli Qərarı ilə təsdiq edilmiş “Dövlət icbari şəxsi sığorta ödənişinin verilməsi Qaydası’nın 4.2.1 və 4.2.2-ci bəndlərinə əsasən sığorta ödənişi almaq hüququ olan şəxs sığortaolunanın ölümü haqqında şəhadətnamə və vərəsəlik hüququ haqqında şəhadətnamə təqdim edir. Göründüyü kimi sığorta ödənişinin verilməsi üçün tələb olunan sənədlərin siyahısında baş vermiş hadisənin sığortaolunanın xidməti vəzifələrinin icrası ilə bağlı olması barədə sənədin (rəy və ya arayışın) təqdim edilməsi qeyd edilməyib. Beləliklə, sığortaolunanın həlak olmasına (vəfat etməsinə) görə dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişinin həyata keçirilməsi üçün sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənəd olaraq sığortaolunanın ölümü haqqında şəhadətnamə müvafiq normativ hüquqi aktla müəyyən edilib. Onların mövqeyinə əsasən ölüm haqqında şəhadətnamə əsas sənəddir, rəy isə törəmə sənəddir. Daxili İşlər Nazirliyi tərəfindən verilmiş rəy bir növ izah xarakteri daşıyır. Ölüm haqqında şəhadətnamə xx.xx.2020-ci ilə aid olduğu üçün hesab edir ki, ödənişin verilməsi Dövlət Sosial Müdafiə Fondunun səlahiyyətlərinə aid deyil.
Tətbiq edilən hüquq
22. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
Maddə 926.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Maddə 933.1. Sığorta ödənişi aşağıdakılardan hər birinin mövcud olduğu halda həyata keçirilir: sığorta hadisəsi baş verdikdə, sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığortaçıya ünvanladığı sığorta tələbi; sığorta hadisəsi hesab edilə bilən hadisə ilə bağlı hər hansı dövlət orqanına məlumat verilməlidirsə, həmin orqanın hadisə barədə təqdim etdiyi müvafiq sənəd; icbari sığorta qanunlarında və müvafiq sığorta qaydalarında nəzərdə tutulan, sığorta ödənişinin verilməsi üçün tələb olunan digər sənədlər.
23. “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanunu:
Maddə 5. Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin xidməti vəzifələrinin icrası ilə bağlı həlak olması (vəfat etməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması sığorta hadisələri hesab edilir (3 dekabr 2021-ci il tarixli 419-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilən dəyişikliyədək olan redaksiya). Sığorta hadisələri baş verdikdə sığorta məbləğindən faizlə aşağıdakı sığorta ödənişləri verilir; a) sığorta olunan məhkəmə və ya hüquq mühafizə orqanlarında xidmətdə olduğu zaman həlak olduqda (vəfat etdikdə) - 100 faiz; Maddə 4. Bu Qanuna uyğun olaraq hər bir məhkəmə və hüquq mühafizə orqanları işçisi onların 5 illik əmək haqqı məbləğində sığorta edilir (3 dekabr 2021-ci il tarixli 419- VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilən dəyişikliyədək olan redaksiya)
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 119.1.Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1, 385.1.2, 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır.
Apellyasiya baxışının hədləri
25.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 26.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam olaraq yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 aprel 2023-cü il tarixli, 2(006)-1412/2023 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməlidir. 28.İşin fakikti halları ondan ibarətdir ki, iddiaçının mərhum həyat yoldaşı X5 xx.xx.2002-ci il tarixdən xx.xx.2020-ci il tarixədək DİN Qobustan rayon Polis Şöbəsində post-patrul xidməti taqımının polis nəfəri vəzifəsində xidmət etmiş, xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. 29.Hazırda iddiaçı mərhum həyat yoldaşının ölümü ilə bağlı baş vermiş sığorta hadisəsi ilə əlaqədar sığorta ödənişinin ödənilməsini məhkəmədən tələb edir.
30. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən X6 ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubuna əsasən ərizəyə əlavə olunmuş sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən Daxili İşlər Nazirliyinin Rəyinin verilmə tarixi 22 dekabr 2022-ci il tarixinə təsadüf etdiyindən, Fərmana edilmiş dəyişikliyə əsasən vətəndaşlara sığorta ödənişinin verilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən həyata keçirilir, bu səbəbdən sığorta ödənişinin alınması üçün aidiyyəti üzrə Fonda müraciət edilməsi tövsiyə olunmuşdur.
31. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən ünvanlanan xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, X3 ölüm faktını təsdiq edən sənədinin – ölüm haqqında şəhadətnamənin tarixi 13 mart 2020-ci ilə aiddir. Odur ki, icbari sığorta ödənişinin verilməsi ilə bağlı aidiyyəti üzrə "xxxx" ASC-yə müraciət edilməsi tövsiyə olunmuşdur.
32. Məhkəmə “Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli, 1340 nömrəli Fərmanına istinad edərək hazırki iddia tələbi ilə bağlı sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənədin xx.xx.2022-ci il tarixinə aid olduğundan sığorta ödənişinin verilməsi "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən deyil, Dövlət Sosial Müdafiə Fondu tərəfindən həyata keçirilməli olması qənaətinə gələrək iddia tələbini rədd edmişdir.
33. Məhkəmə “Məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin xx.xx.2022-ci ilədək qüvvədə olmuş redaksiyasına istinad edərək hesab etmişdir ki, iddiaçının sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənədin ölüm haqqında şəhadətnamə olması barədə iddiası əsassızdır.
34. İş materiallarının tədqiqi ilə müəyyən edilmişdir ki, iddiaçı iddia ərizəsi ilə inzibati məhkəməyə müraciət edərək həyat yoldaşı X3 21 Fevral 2020-ci ildə ölümü ilə bağlı vermiş sığorta hadisəsi ilə əlaqədar onun aylıq 705,70 manat olmuş 5 illik əmək haqqı məbləğində sığorta ödənişinin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
35. Sumqayıt İnzibati Məhkəməsinin 25 fevral 2025-ci il tarixli, 2-1(118)-322/2025 nömrəli qərardadı ilə iddia mümkün sayılmamış, həmin qərardad Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2-1(105)-412/2025 nörməli qərardadı ilə dəyişdirilmədən saxlanılmışdır.
36. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
37. Mübahisə ilə bağlı kollegiya qeyd edir ki, “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanunun 5-ci maddəsinə əsasən məhkəmə və hüquq mühafizə orqanları işçilərinin xidməti vəzifələrinin icrası ilə bağlı həlak olması (vəfat etməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması sığorta hadisələri hesab edilir (3 dekabr 2021-ci il tarixli 419-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilən dəyişikliyədək olan redaksiya).
38. “Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında’’ Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 18 may tarixli, 1340 nömrəli Fərmanının: - 2.7-ci bəndinə əsasən sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənədinin tarixi 2021-ci il yanvarın 1-dən əvvələ aid, dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişi "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilir; - 2.8-ci bəndinə əsasən sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənədinin tarixi 2020-ci il dekabrın 31-dən sonraya aid, dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişinin (Şirkət tərəfindən 2022-ci il yanvarın 1dək həyata keçirilmiş sığorta ödənişləri istisna olmaqla) həyata keçirilməsini 2022-ci il yanvarın 1-dən etibarən dövlət icbari şəxsi sığortası üzrə Fondda formalaşan sığorta vəsaiti hesabına Fond təmin edir. - 2.7-ci bəndin xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən 2022- ci il yanvarın 1-dək sığortaolunanlara sığorta ödənişlərinin verilməsini Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti həyata keçirir.
39. Qeyd olunan normaların qarşılıqlı təhlilindən müəyyən edilir ki, dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişini həyata keçirən orqanın hansı olması sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənədin tarixindən asılıdır. Bu sənədin tarixi 2021-ci il yanvarın 1-dən əvvələ aid olduğu halda, qeyd olunan ödənişi "xxxx" ASC, həmin tarixdən sonraya aid olduğu halda isə DSMF həyata keçirir. 2022-ci il yanvarın 1-dək isə qeyd olunan ödənişləri Sığorta Kommersiya Şirkəti həyata keçirirdi.
40. Bu baxımdan, hazırkı mübahisə üzrə hüquqi qiymətləndirmə aparılarkən əsas diqqət yetirilməli olan məsələ sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənədin tarixinin müəyyən edilməsidir.
41. Bununla bağlı kollegiya qeyd edir ki, “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin məzmunundan açıq şəkildə görünür ki, xidməti vəzifələrinin icrası ilə bağlı həlak olması (vəfat etməsi) sığorta hadisəsi hesab edilir.
42. Bu norma sığorta hadisəsinin yaranmasını hər hansı əlavə inzibati və ya institusional rəyin mövcudluğu ilə deyil, məhz ölümün baş verməsi ilə əlaqələndirir.
43. Hazırkı iş üzrə iddiaçının mərhum həyat yoldaşının xx.xx.2020-ci il tarixdə ölümü haqqında şəhadətnamənin tarixi xx.xx.2020-ci il olduğundan, bu sənəd 2021-ci il yanvarın 1-dən əvvələ aid edilir və nəticə etibarilə, Fərmanın 2.7 və 2.8-ci bəndinin tələblərinə görə iddiaya cavab verməli olan orqan DSMF deyil, "xxxx" ASC-dir.
44. İddiaçının nümayəndəsi və vəkili xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsi ilə tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək sığorta ödənişinin verilməsi vəzifəsinin cavabdeh "xxxx" ASC-nin (ləğv prosesində) üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
45. Cavabdehin nümayəndəsi isə bildirmişdir ki, hüquqi şəxslərin dövlət reyestrində mövcud olan ad dəyişilməyibsə, o, müəssisənin adı hesab olunur. Onlarda da hazırda müəssisənin adı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətidir, sadəcə olaraq 31 yanvar 2024cü il tarixli Prezident Fərmanı ilə ləğv edildiyi üçün hazırda ləğv prosesindədir. 46.İş materiallarına əlavə edilmiş cavabdehin nümayəndəsinin səlahiyyətlərini təsdiq edən 2025-ci il tarixdə verilmiş etibarnamədən də görünür ki, cavabdehin adı ləğv prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti qeyd olunmuşdur.
47. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən sığorta ödənişinin verilməsindən imtina edilməsi əsassız olmuş, iddiaçı hazırkı tələblə məhkəmə müraciət etməkdə haqlı olmuşdur.
48. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi “Məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin 3 dekabr 2021-ci il tarixli 419-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilən dəyişikliyədək olan redaksiyasına istinad etsə də səhv nəticəyə gəlmişdir.
49. Həmin normaya əsasən sığorta ödənişlərinin alınması üçün sığorta olunan, yaxud onun vərəsələri dövlət sığorta orqanlarına və ya yaşadığı ərazi üzrə həmin orqanın bölmələrinə müəyyən olunmuş formada ərizə, şəxsiyyətini təsdiq edən sənəd, əmək kitabçasının surəti və ya iş yerindən arayış, sığorta hadisəsinin xidmət vəzifələrinin icrası ilə bilavasitə bağlı olması barədə müvafiq orqanın arayışı ilə birlikdə həlak olma (ölüm) halında sığorta olunanın ölümü haqqında müvafiq icra hakimiyyəti orqanının şəhadətnaməsinin surətini təqdim edir.
50. Birinci instansiya məhkəməsinin istinad etdiyi Qanunun 7-ci maddəsinin əvvəlki redaksiyası sığorta ödənişinin verilməsi üçün təqdim edilməli sənədlərin siyahısını müəyyən edir və həmin sənədlər sırasında ölüm haqqında şəhadətnamənin təqdim olunmasını birbaşa tələb edir. Bu norma ölüm haqqında şəhadətnamənin sığorta hadisəsinin mövcudluğunu təsdiq edən əsas sənəd olduğunu inkar etmir, əksinə, onu sığorta ödənişinin verilməsi üçün zəruri hüquqi əsas kimi tanıyır.
51. Kollegiya bununla bağlı qeyd edir ki, sığorta ödənişinin ödənilməsi üçün əsas, məhz Qanunun 5-ci maddəsində nəzərdə tutulan sığorta hadisəsinin baş verməsidir. Bu baxımdan, hazırki halda sığorta hadisəsi ölümün baş verməsidir.
52. İddiaçının mərhum həyat yoldaşının ölümünün onun xidməti vəzifələrinin icrası ilə bağlı olmaması barədə cavabdehin dəlillərini əsassız hesab edən kollegiya qeyd edir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin Rəyi vardır ki, həmin rəyin mötəbərliyi mübahisələndirilməmişdir.
53. Belə ki, Azərbaycan Respublikasının Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov tərəfindən təsdiq edilmiş, vətəndaş Gülarə Abdullayevanın müraciəti əsasında aparılmış xidməti təhqiqatın nəticəsinə dair Rəyin surətinə əsasən, Qobustan RPŞ PPXB-nin polis nəfəri Qəzəndər Abdullayevin ölümünün xidməti vəzifələrinin icrası ilə əlaqəli olması nəzərə alınmışdır. (i/v-48, İ cild) 54.Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Təhqiqatlar İdarəsinin 07 dekabr 2022ci il tarixli məktubunda qeyd olunur ki, polis baş serjantı Q.Abdullayev xidmətdə olarkən kəskin infarkt keçirməsi səbəbindən Bakı şəhəri 1 saylı X22 vəfat etmişdir. 55.Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən maddi hüquq normalarını düzgün tətbiq etməmiş, məhkəmənin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun gəlmir, buna görə də qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməlidir. 56.“Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq hüquq mühafizə orqanları işçisi 5 illik əmək haqqı məbləğində sığorta edilir. Sığorta olunan məhkəmə və ya hüquq mühafizə orqanlarında xidmətdə olduğu zaman həlak olduqda (vəfat etdikdə) - 100 faiz sığorta ödənişi verilir.
57. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qobustan rayon Polis Şöbəsi tərəfindən Dövlət Sosial Müdafiə Fonduna təqdim etmək üçün verilən Arayışdan görünür ki, sabiq polis nəfəri X3 hesablanmış aylıq əmək haqqı 705.70 manat təşkil etmişdir.
58. Belə olan halda kollegiya hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 aprel 2023-cü il tarixli, 2(006)-1412/2023 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməli, İddiaçı həyat yoldaşı X3 vəfat etməsi ilə əlaqədar sığorta ödənişinin ödənilməsi vəzifəsi cavabdeh ləğv prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin üzərinə qoyulmalıdır. 59.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin istinad olunan normalarına əsasən hesab edir ki, iddia tələbi təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 manat və apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş 50 manat olmaqla cəmi 150 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. 60.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
Qət etdi:
İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 aprel 2023-cü il tarixli, 2(006)-1412/2023 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. İddiaçı həyat yoldaşı X3 vəfatı ilə əlaqədar sığorta ödənişinin ödənilməsi vəzifəsi cavabdeh ləğv prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin üzərinə qoyulsun. İddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 manat və apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş 50 manat olmaqla cəmi 150 (bir yüz əlli) manat dövlət rüsumu cavabdeh ləğv prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən İddiaçı xeyrinə tutulsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən Günay Axundova Hakimlər Məhəmməd Rüstəmli Fərrux Qasımov