Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5767/2021 09.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Arifli Şamxal Mehdi oğlunun katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 aprel 2021-ci il tarixli, 2(001)- 1454/2021 saylı qərardadından iddiaçının nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: İddiaçı Cavabdeh1, “xxxx” Bank Olmayan Kredit X2 Cəmiyyətinə, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə və Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 ilə “xxxx” MOKT ASC arasında 14 iyul 2016-cı il tarixdə bağlanmış ipoteka və sonrakı ipoteka müqavilələrinin etibarsız hesab edilməsi, Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya Şöbəsinin sifarişi ilə “xxxx” MMC tərəfindən 24 noyabr 2020-ci il tarixli, 51/03 nömrəli protokola əsasən təşkil edilmiş hərracın nəticələrinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin, iddiaçı nümayəndəsi Vəkil vasitəsi ilə ərizə ilə məhkəməyə müraciət edərək iddianın təmini tədbiri kimi ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin üzərinə həbs qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Binəqədi Rayon Məhkəməsinin 16 aprel 2021-ci il tarixli qərardadı ilə (hakim E.Mustafayev, iş № 2(001)-1454/2021) ərizə təmin edilməmişdir. İddiaçının nümayəndəsi sözügedən qərardaddan şikayət vermiş və şikayətini onunla əsaslandırmışdır ki, hazırkı iddianı təmin etmə tədbiri barədə ərizə təkrar verilməmişdir. İddia ərizəsinə əlavə verildikdən, iddia tələbi artırılaraq əsaslandırıldıqdan və əlavə cavabdehlər cəlb olunduqdan sonra verilmişdir. İkincisi, iddia tələbinin uğurluluğu yoxlanılarkən və qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədilə nəzərə alınmalıdır ki, mübahisəli mənzil birgə nikah dövründə əldə olunduğundan iddiaçı paylı mülkiyyətçidir. Bundan başqa, iddia tələbi üzrə mübahisələndirilən predmet hərracın nəticələri və ipoteka müqaviləsi olduğundan gələcəkdə iddia tələbi təmin olunarkən mübahisəli mənzilin cavadeh “xxxx” BOKT ASC tərəfindən özgəninkiləşdirilməsi təhlükəsi mövcuddur ki, bu da qətnamənin icrasını nəinki çətinləşdirəcək, hətta mümkünsüz edəcək. Ona görə də, iddianı təmin etmə tədbiri barədə ərizənin təmin olunması zəruridir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 aprel 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İddiaçının nümayəndəsi (vəkili) məhkəmə kollegiyasının iclasında şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdi. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsa da, heç bir üzrlü səbəb göstərmədən məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini, iddiaçının nümayəndəsinin (vəkilinin) izahatını dinləyərək, şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin olunmamalı və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin iş üzrə 16 aprel 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsinin iddianın təmini tədbirinə dair ərizənin təmin edilməməsi barədə mövqeyi əsaslı olmuşdur. Şikayətçinin göstərdiyi hallar mübahisələndirilən qərardadın ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.1-ci maddəsinə görə isə, cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq növündə iddianı təmin etmək üçün tədbir görülə bilər. Qanunun mənasına görə iddianın təmini tədbiri çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirə və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Bu tədbirin görülməməsi qətnamənin icrasını gələcəkdə çətinləşdirə və ya qeyri-mümkün edə bilər. Bu baxımdan, iddianı təmin etmə tədbiri mübahisə obyektinin qorunmasına xidmət edir və həmin tədbirin prosessual-hüquqi məqsədi gələcəkdə qətnamənin icrasını təmin etməyə yönəlmişdir. Öz təbiəti etibarilə iddianın təmini tədbiri məhkəmə müdafiəsi hüququnun ayrılmaz ünsürü kimi qəbul edilən yekun məhkəmə aktının icrasının təmin edilməsinə xidmət edir. Belə ki, iddianın təmin olunması haqqında qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi özlüyündə pozulmuş subyektiv hüququn bərpasının elanıdırsa, qətnamənin icrası isə həmin subyektiv hüququn real bərpası deməkdir. Beləliklə, iddianı təmin etmə tədbiri prosessual-hüquqi tədbirdir, müvəqqəti xarakter daşıyır, işi qabaqcadan mahiyyəti üzrə həll etmir və onun yalnız prosessual-hüquqi məqsədi vardir: gələcəkdə qətnamənin icrasını təmin etmək. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” Konstitusiya Məhkəməsinin Plenumuunn 14 mart 2018-ci il tarixli qərarında qeyd olunur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin, Mülki Prosessual Məcəllənin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Həmin qərarda Konstitusiya Məhkəməsinin Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, ... iddianı təmin etmək üçün istənilən növ tədbir, tətbiq edildiyi şəxsə münasibətdə həmin şəxsin və digər şəxslərin hüquqlarını məhdudlaşdırır və bəzən onlara əsaslı dərəcədə zərər dəyməsinə səbəb olur. Buna görə Konstitusiyada təsbit olunmuş prosessual hüquq bərabərliyi prinsipindən çıxış edərək, işdə iştirak edən şəxs ərizədə iddianı təmin etmək üçün tədbirlərin görülməsi zərurətini kifayət qədər əsaslandırmalıdır... İddianın təmin tədbirinin tətbiq edilməsi Bakı Apellyasiya Məhkəməsinn 2(103)- 548/20 saylı, 19.02.2020-ci il tarixli qətnaməsinin icrasının gecikdirilməsinə səbəb ola bilər ki, bu da Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda qeyd olunan qərarında formalaşdırılan hüquqi mövqeyinə ziddir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşısa da və işi qabaqcadan mahiyyəti üzrə həll etməsə də, hazırkı iş üzrə iddianın təmini tədbiri iddia tələbinin məzmununa, həddinə və ruhuna mütənasib deyil və bu tədbirin görülməsi “xxxx” BOKT ASC-nin qanuni mənafelərinə zərər vurulması ilə nəticələnə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: İddiaçının nümayəndəsi Vəkil şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin iş üzrə 16 aprel 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Akif İsgəndərov Hakimlər İlham Kərimli Elşən Kazımov
Məhkəmə qərarları › İş №2(103)-5767/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5767/2021
09.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver