Məhkəmə qərarları › İş №2(103)-5768/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5768/2020

04.09.2020 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5768/2020 04.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə (bundan sonra – DƏDRX Əİ) və Bakı Şəhəri Cavabdeh5na (bundan sonra – 52ci Notariat Kontoru) qarşı “ləyaqətsiz vərəsə hesab olunma və sair tələbləri barədə iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli qətnamədən iddiaçının prosessual hüquqi varisi olan X3 verdiyi apellyasiya şikayətinə əsasən işə, apellyatorun özünün və vəkili X5, Cavabdeh1 qanuni nümayəndəsi Nümayəndə, Cavabdeh2 vəkili (nümayəndəsi) X1 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 iştirakları ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı sağlığında cavabdehlərə qarşı iddia ərizəsi ilə, onun ölümündən sonra isə onun hüquqi varisi V.Soltanov Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 53-cü maddəsinə əsasən verilmiş “iddia tələbinin həcminin dəyişdirilməsi barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət etmişlər. Ümumilikdə cavabdehlərə qarşı irəli sürülmüş iddia tələbi aşağıdakılardan ibarətdir: Cavabdeh1 mərhum atasına – X4 münasibətdə ləyaqətsiz vərəsə hesab edilərək vərəsəlik hüququndan məhrum olunmalıdır; Cavabdeh1 qanuni nümayəndəsi Nümayəndə ilə Cavabdeh2 arasında Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, ev 37-də yerləşən,5 saylı mənzilə dair xx.xx.2018-ci il tarixdə bağlanmış və 52-ci Notariat Kontoru tərəfindən rəsmiləşdirilərək qeydə alınmış “Alğı-satqı müqaviləsi” etibarsız hesab olunmalıdır; mənzilin satışından əldə olunanların digər vərəsələrə verilməlidir; həmin “Alğı satqı müqaviləsi” əsasında DƏDRX Əİ tərəfindən daşınmaz əmlakın dövlət reyestri tərəfindən Cavabdeh2 adına verilmiş “Çıxarış” ləğv edilməlidir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının İddiaçı övladı Bəhruz Soltanov ilə Nümayəndə nikahda olmuşlar. Onların bir övladları var: Cavabdeh1. Bəhruz Soltanov ilə Nümayəndə nikahı məhkəmə qaydasında pozulmuşdur. Bəhruz Soltanov xx.xx.2015-ci il tarixdə ölmüşdür. Bəhruzun ölümündən sonra onun mülkiyyətində Bakı şəhəri, Nizami rayonu Q.Qarayev prospekti, ev 37-də yerləşən 5 saylı mənzil və ünvan 1 ünvanda (Rayon Məhkəməsi tərəfindən iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş) Azər Qurbanov ilə birgə mülkiyyətdə 55 kv.metrdən ibarət qeyri-yaşayış sahəsi (1/5 hissəsi Bəhruza, 5/4 hissəsi Azərə məxsus) olmuşdur. Bəhruzun vəfatından sonra Azər tərəfindən iddiaçıya həmin obyektin icarə haqqısı kimi hər ay 400 manat verilmişdir. İddiaçı da, həmin puldan 150 manatını nəvəsinin saxlanılması üçün Nümayəndə verirdi. İddiaçı oğlunun vəfatından sonra miras əmlaklara faktiki sahiblik etmiş, mirası qəbul etmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə mirasın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi, cavabdehə verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, onların əsasında miras mənzilə və qeyri yaşayış sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən verilmiş “Çıxarışların” ləğv edilməsi, miras əmlakların 1/2 hissəsinə iddiaçının payının müəyyən edilməsi qət edilmişdir. Qeyd edilən işin icraatı zamanı Məhkəmə iddiaçı tərəfindən verilmiş “iddianın təmini tədbirinin qoyulması barədə” ərizəsinə baxmamış, mənzilin üzərinə həbs qoymamış və bunun nəticəsində, qətnamə qəbul edildikdən bir neçə gün sonra Cavabdeh1 qanuni nümayəndəsi Nümayəndə mənzili qanunsuz olaraq digər Cavabdeh2 satmışdır. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnamə ilə iddia tələbinin təmin edilməməsini qət etmişdir. İddiaçının prosessual hüququ varisi V.Soltanov həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, alıcı vicdanlı əldə edən olmamışdır. Mübahisəli əmlakın yerləşdiyi binanın girişinə və girişə yaxın bir neçə yerdə mənzilin mübahisəli olmasına dair məlumatları yerləşdirmişdir. Həmin ərazidə maklerlər, notariuslar, hər kəs bilirdi ki, həmin əmlak mübahisəlidir. Nümayəndə qətnamə qəbul edildikdən dərhal sonra təcili mənzili özgəninkiləşdirmişdir. Apellyasiya baxışı iclasında iştirak edən iddiaçı tərəf apellyasiya şikayətini müdafiə etdi və apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, bildirdi ki, “Alğı-satqı müqaviləsi” etibarsız hesab olunmalıdır. Çünki alıcı vicdanlı əldə edən olmamışdır. Əmlaka dair mübahisənin olması həmin ərazidə yerləşən notariuslara, oradakı maklerlərə məlum idi. Həmin mənzilin yerləşdiyi binanın blokunun girişində mənzilə dair mübahisə olması barədə məlumatları yerləşdirmişlər. Buna görə də ola bilməz ki, alıcı bundan məlumatsız olsun. Bundan başqa, əmlak dəyərindən aşağı qiymətə satılmışdır. Bu hal da “Alğı-satqı müqaviləsinin” etibarsızlığına dəlalət edir. Cavabdeh1 qanuni nümayəndəsi (anası) Nümayəndə apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnaməsinin məzmununa uyğun izahat verdi. Cavabdeh2 vəkili (nümayəndəsi)apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnaməsinin məzmununa uyğun izahat verdi. O, əlavə olaraq bildirdi ki, təmsil etdiyi və hüquqlarını müdafiə etdiyi Cavabdeh2 vicdanlı əldə edən şəxsdir. Belə ki, Cavabdeh2 mənzillə bağlı mübahisə olduğundan məlumatlı olmamışdır. Onun mənzil almaq niyyəti əvvəldən olub və mübahisəli mənzillə bağlı məlumatları dəllaldan (maklerdən) əldə edib. Mənzili bəyənərək “Alğı-satqı müqaviləsi” bağlayıb və alğı-satqıdan 21 gün sonra hüquqlarına dair “Reyestrdən çıxarış” almışdır. Apellyasiya baxışı iclasında iştirak etmiş müstəqil tələb irəli sürməyən üçüncü şəxs A.Qurbanov apellyasiya şikayətinin təmin edilməsini Məhkəmədən xahiş edərək bildirdi ki, miras əmlakın mübahisəli olmasından Nümayəndə məlumatı olmuşdur. Hətta o, həmin iş üzrə Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən apellyasiya şikayəti də vermişdir. Nümayəndə mənzillə bağlı mübahisə olduğu üçün mənzili qanunsuz özgəninkiləşdirmişdir. Cavabdehlər DƏDRX Əİ və 52-ci Notariat Kontoru işə apellyasiya qaydasında baxılmanın vaxtı və yeri haqqında lazımı qayada xəbərdar edilmələrinə baxmayaraq məhkəmənin iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, MPM-nin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, DƏDRX Əİ tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş MA seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, mübahisəli mənzil xüsusi mülkiyyətdə olan əmlak kimi xx.xx.2010-cu il tarixdə (iddiaçının övladı, Cavabdeh1 atası) X2 adına qeydiyyata alınmışdır. AZ-İ seriyalı, 768434 nömrəli “Ölüm haqqında şəhadətnamədən” görünür ki, Bəhruz Soltanov xx.xx.2015-ci il tarixdə ölmüşdür. Nümayəndə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətinə əsasən işə baxmış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli qətnaməsindən (İş № 2(103)- 306/2017) görünür ki, işə baxmış Kollegiya apellyasiya şikayətinin təmin edilməsini, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2016-cı il tarixli qətnaməsinin ləğv edilməsini, iş üzrə yeni qətnamə qəbul edilməklə İddiaçı “miras əmlakın (mübahisəli mənzilin) qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddətin uzadılması barədə” ərizəsinin təmin edilməməsini qət etmişdir. Həmin işə kassasiya qaydasında baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarından (İş №2(102)-4294/17) görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. DƏDRX Əİ tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, mübahisəli mənzil xüsusi mülkiyyətdə olan əmlak kimi xx.xx.2017-cu il tarixdə (mərhumun övladı) iş üzrə Cavabdeh1 adına qeydiyyata alınmışdır. Cavabdeh (satıcı) Cavabdeh1 adından çıxış edən onun qanuni nümayəndəsi (anası) Nümayəndə ilə cavabdeh (alıcı) Cavabdeh2 arasında xx.xx.2018-ci il tarixdə 52-ci Notariat Kontorunda bağlanmış və reyestrdə 4Ə-1080 nömrə altında qeydə alınmış AN-İ seriyalı, ******* nömrəli “Alğı-satqı müqaviləsindən” görünür ki, mübahisəli mənzil 53.000 manata Şəhriyar Əliyevə satılmışdır. DƏDRX Əİ tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, mübahisəli mənzil xüsusi mülkiyyətdə olan əmlak kimi xx.xx.2018-ci il tarixdə Cavabdeh2 adına qeydiyyata alınmışdır. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsindən (İş №2(007)-3779/2018) görünür ki, həmin qətnamə ilə xx.xx.2015-ci il tarixində vəfat etmiş Bəhruz Soltanovdan miras qalmış mübahisəli mənzilinə və yuxarıda qeyd edilmiş (hazırki mülki iş üzrə mübahisə predmeti olmayan) qeyri-yaşayış sahəsinin 1/5 hissəsinə dair Cavabdeh1 adına verilmiş vərəsəlik haqqında şəhadətnamələr və onların əsasında verilmiş reyestrdən çıxarışların ləğv edilməsi, İddiaçı mərhumun qanun üzrə vərəsəsi kimi tanınmaqla onun payı mübahisəli mənzilə və qeyri-yaşayış sahəsinin 1/5 hissədə payının 1/2 hissəsinə tanınması, qalan 1/2 hissənin Cavabdeh1 tərəfindən qəbul olunması üçün açıq saxlanılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən (İş № 2(103)-5337/2019) görünür ki, Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qərarından (İş № 2(102)-6868/2019) görünür ki, həmin qərarla apellyasiya instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi qismən, yəni (hazırki mülki iş üzrə mübahisə predmeti olmayan) qeyri-yaşayış sahəsi üzərində miras payların müəyyən edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə mübahisə mahiyyəti üzrə həll edilmiş, qalan hissədə, yəni mübahisəli mənzilə aid hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı tərəfin irəli sürdüyü iddia tələbinin biri “Cavabdeh1 ləyaqətsiz vərəsə hesab olunaraq miras əmlakdan məhrum olması” barədədir. Bu tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh1 qanuni nümayəndəsi (anası) olan Nümayəndə mübahisəli mənzili satmaqla miras qoyanın son iradəsinin həyata keçirilməsinə qəsdən mane törətmiş, özünün miras payının artmasına şərait yaratmışdır. Müzakirə edilən bu tələbin həlli ilə bağlı qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1137-ci maddəsinə görə, miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin. Mülki Məcəllənin 1139-cu maddəsinə görə, ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsinə əsas verən hal ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsindən müəyyən əmlak nəticələri əldə edən şəxsin iddiası üzrə məhkəmə tərəfindən müəyyənləşdirilməlidir. Məhkəmə yuxarıda göstərilən maddi hüquq normalarının tələblərindən çıxış edərək bildirir ki, iş üzrə Cavabdeh1 münasibətdə ləyaqətsiz vərəsə hesab edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsasların heç biri yaranmamışdır. Belə ki, qanunun tələbindən göründüyü kimi, şəxsin ləyaqətsiz vərəsə hesab edilməsi üçün aşağıdakı halların baş verməsi zəruridir: 1) miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmə və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmə; 2) vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmə. Lakin Cavabdeh1 bu hərəkətlərdən hər hansı birini törətməsi iş materialları ilə öz təsdiqini tapmamışdır. MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bundan başqa, Məhkəmə qeyd edir ki, mübahisəli əmlakın miras qoyan şəxsin ölümündən sonra özgəninkiləşdirilməsi şəxsin ləyaqətsiz vərəsə hesab edilməsi üçün əsas ola bilməz. Çünki ləyaqətsiz vərəsə hesab edilməsi üçün əsaslar miras qoyanın sağlığı zamanı baş verməlidir. Bu hərəkətlər bilavasitə miras qoyanın son iradəsinin həyata keçirilməsinə yönəlməlidir. Lakin hazırki iş üzrə miras qoyan mübahisəli əmlakın özgəninkiləşdirilməsindən əvvəl vəfat etmişdir. İddiaçı tərəfin digər bir tələbi “alğı-satqı müqaviləsinin etibarsız hesab olunaraq onun əsasında verilmiş reyestrdən çıxarışın ləğv edilməsi barədədir. Bu tələb Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi (İş №2(007)-3779/2018) ilə müəyyən edilmiş hallara əsaslanır. Qeyd edilən həmin qətnamədən görünür ki, mübahisəli mənzilə hazırki iş üzrə iddiaçı olmuş İddiaçı qanun üzrə vərəsə kimi tanınmaqla miras əmlak üzərində onun payı 1/2 hissədə müəyyən edilmişdir. Müzakirə edilən bu tələb ilə bağlı Məhkəmə qeyd edir ki, MPM-nin tələbinə görə, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır (maddə 15.2.). İşin hallarından isə görünür ki, xx.xx.2018-ci il tarixdə Cavabdeh1 adından çıxış etmiş qanuni Nümayəndə ilə Cavabdeh2 arasında mübahisəli əmlaka dair “Alğı-satqı müqaviləsi” bağlanılan zaman Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi qanuni qüvvəsini almamışdır. Düzdür Nümayəndə həmin qətnamədən məlumatı olsa da, (mübahisəli) mənzili almış Cavabdeh2 həmin qətnamədən məlumatlı olması məhkəmə baxışı zamanı sübuta yetməmişdir. Ş.Əsədov həmin qətnamənin qəbul edilməsinə əsas olmuş mülki iş üzrə tərəf olmamışdır. Ş.Əsədovun qətnamədən başqa qaydada xəbərdar edilməsi barədə iddiaçı tərəf məhkəmələrə sübut təqdim etməmişdir. İddiaçı tərəf bildirir ki, mənzilə dair mübahisənin olması həmin mənzilin yerləşdiyi yerdə hamıya məlum olmuşdur. Buna görə də Cavabdeh2 vicdanlı əldə edən şəxs hesab oluna bilməz. Bununla bağlı Məhkəmə qeyd edir ki, Cavabdeh2 mübahisəli mənzili əldə edərkən vicdanlığını şübhə altına alan heç bir hal aşkar edilməmişdir. “Alğı-satqı müqaviləsi” bağlanılan zaman mübahisəli əmlak tam mülkiyyət hüququ ilə Cavabdeh1 mülkiyyətində olmuşdur. Reyestrin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyasına əsasən, Cavabdeh1 adına reyestrdəki qeyd həqiqi hesab edilirdi, dövlət həmin vaxtı cavabdehin mülkiyyət hüququnu tanıyırdı. Əgər dövlət cavabdehin mülkiyyət hüququnu tanıyırdısa, başqa şəxslərin (notarius, alıcı və s.) cavabdehin mülkiyyət hüququnun mübahisəli olmasına, reyestrdəki qeydin qeyri dəqiqliyinə şübhə etmək ehtimalı mövcud ola bilməzdi. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, Mülki Məcəllənin 140-cı maddəsinə görə, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2004-cü il tarixli qərarında ifadə edilmiş hüquqi mövqelərə görə, mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı, digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. Bundan başqa nəzərə alınmalıdır ki, həmin “Alğı-satqı müqaviləsinin” qanunpozuntusu ilə bağlanması faktı da, məhkəmə baxışı zamanı aşkar edilməmişdir. Bu tələbin əsası kimi iddiaçı tərəf həm də ona istinad edir ki, mübahisəli mənzil dəyərindən aşağı qiymətə satılmış, bu hal da “Alğı-satqı müqaviləsinin” etibarsızlığına dəlalət edir. Bununla bağlı Məhkəmə bildirir ki, qanunvericilik qeyd edilən əsasla alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsini nəzərdə tutmamışdır. Göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi iddia ərizəsinin müzakirə edilən hissəsinin Cavabdeh2 vicdanlı əldə edən şəxs olması əsası ilə rədd edilməsi barədə Rayon Məhkəməsinin mövqeyi düzgündür. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Odur ki, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanan Məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçının prosessual hüquqi varisi olan X3 verdiyi apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar