Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5769/2020 29.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Arifli Şamxal Mehdi oğlunun katibliyi, İddiaçı1 iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(005)-527/20 saylı qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apelyasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Azərbaycan Respublikası “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə, Cavabdeh2 MMC-yə və üçüncü şəxslər Bakı şəhəri Yasamal Rayon İcra və Probasiya Şöbəsinə, “xxxxxx” X1 X3 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı “qiymətləndirmə rəyinin ləğvi, hərracın yekunlarının etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 5035, 3 otaqlı, 69,27 kv.metr ümumi, 46,73 kv.metr yaşayış, 22,54 kv.metr yardımçı sahədən ibarət 2 nömrəli evin 135 nömrəli mənzilin qiymətləndirilməsi barədə ekspert rəyinin ləğv edilməsi, əmlakın açıq hərracda satılması ilə bağlı tərtib edilmiş hərracın nəticələri haqqında xx xxxxxx 2018-ci il tarixli protokolun və hərracın yekunları üzrəəmlakın alqı-satqısı barədə xx xxxxxx 2018-ci il tarixli müqavilənin ləğv edilməsi və həmin sənədlər əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsi tərəfindən aparılmış qeydlərin etibarsız hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişlər. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19mart 2020-ci il tarixli qətnaməsi ilə (hakim G.Əsədova, iş N 2(005)-527/20) iddia təmin olunmamışdır. İddiaçı1 qətnamədən narazı qalaraq apelyasiya şikayəti vermişdir. İşin halları: İddiaçı tələbini ipoteka predmetinin ilkin satış qiymətinin düzgün müəyyən edilməməsi, qiymətləndiricinin rəyi və məhkəmə qətnaməsi ilə müəyyən edilmiş 55000 manatın mənzilin real bazar dəyərini əks etdirmədiyi, mənzilin həqiqi bazar dəyərinin 80000 – 90000 arasında olması, hərrac təşkilatçısının mənzili ilkin satış qiymətindən 40% aşağı qiymətə satmaqla qanunsuzluğa yol verməsi ilə əsaslandırmışdır. Cavabdeh2 MMC-nin nümayəndəsi birinci instansiya məhkəməsində izahat verərkən iddianı qəbul etməmiş və bildirmişdir ki, mənzilin 55.000 (əlli beş min) manat ilkin satış qiyməti ilə hərraca çıxarılması qünuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir. Mənzil xx xxxxxx 2019-cu il tarixdə ilkin satış qiyməti 55.000 (əlli beş min) manat olmaqla hərraca çıxarılmış, həmin hərrac baş tutmadığından xx xxxxxx 2019-cu il tarixdə təkrar hərracda 15% endirimlə hərraca çıxarılmış, lakin hərracın iştitakçısı olmadığından baş tutmamış elan olunmuşdur. İddiaçıya hərracın keçirilmə vaxtı və yeri barədə bildiriş onun icra vərəqəsində qeyd olunan ünvanına göndərilmişdir. Hərrac keçirilərkən hər hansı qanunsuzluğa yol verilməmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apelyasiya şikayətinin dəlilləri: Apelyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulması, işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmaması, iş üçün əhəmiyyətli olan bir sıra halların nəzərə alınmaması ilə əsaslandırılmışdır. İddiaçı1 məhkəmə kollegiyasının iclasında apelyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və təmin olunmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşdən göründüyü kimi, birinci instansiya məhkəməsinin qətnaməsini apelyasiya qaydasında yalnız İddiaçı1 mübahisələndirmişdir. Məhkəmə kollegiyası bunu nəzərə alaraq qətnamənin qanuniliyini və əsaslılığını yalnız onun şikayətinə münasibətdə yoxlayıb qiymət verir. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, iddiaçının izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi həmin şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə aır. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə iddiaçı “xxxxxx” X1 X2 cavabdehlər İddiaçı2 və İddiaçı1 qarşı “kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası qismən təmin edilərək cavabdeh İddiaçı2 xx xxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə cəmi 22.704,02 (iyirmi iki min yeddi yüz dörd dollar iki sent) ABŞ dolları məbləğində pul vəsaitinin tutulması, tutmanın cavabdeh İddiaçı1 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 5035, 3 otaqlı, 69,27 kv.metr ümumi, 46,73 kv.metr yaşayış, 22,54 kv.metr yardımçı sahədən ibarət 2 nömrəli evin 135 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin ilkin satış qiymətinin 55.000 (əlli beş min) manat müəyyən edilməklə açıq hərracdan satılması və s. qət edilmişdir.Qətnamə icraya yönəldilmiş, “Cavabdeh2" MMC tərəfindən ilkin hərrac xx.xx.2019-cu il tarixə təyin edilmiş, hərracın keçirildiyi yer və vaxt barədə tərəflərə poçt vasitəsilə bildiriş göndərməklə məlumat verilmiş, eləcə də kütləvi informasiya vasitələrində elan dərc edilmişdir. İlkin hərracda mənzilin ilkin satış qiyməti icra sənədinə əsasən 55000 manat elan edilmiş, lakin bu hərracda alıcı olmadığından hərrac baş tutmamış və xx.xx.2019-cu il tarixə təkrar hərrac təyin edilmiş və təkrar hərracda mənzilin satış qiyməti ilkin satış qiymətindən 15 % aşağı, yəni 46750 manat müəyyən olunmuşdur. Təkrar hərrac barədə də tərəflərə lazımi qaydada məlumat verilmiş və qəzetdə elan dərc edilmişdir. Təkrar hərrac da baş tutmamış, buna görə də əmlak tələbkara təklif edilmiş və xx.xx.2019-cu il tarixdə “xxxxxx” İKB ASCtərəfindən əldə olunmuş, bu barədə protokol tərtib edilmiş və alqı-satqı müqaviləsi bağlanmışdır. Hazırda əmlak “xxxxxx” İKB ASC-nin mülkiyyətindədir. İddiaçının hazırkı iş üzrə tələbi qiymətləndirmə barədə ekspert rəyinin, hərracın nəticələri barədə protokolun, alqı-satqı müqaviləsinin ləğv edilməsi, həmin sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydlərin etibarsız hesab edilməsi barədədir. İddiaçı tələbinin faktiki əsası kimi qiymətləndirmənin düzgün aparılmamasına, ipoteka predmetinin ilkin satış qiymətinin düzgün müəyyən edilməməsinə, eləcə də hərracda əmlakın qiymətinin əsassız yerə aşağı salındığına istinad etmişdir. Birinci instansiya məhkəməsi işin araşdırılan və müəyyən edilən hallarına əsasən belə nəticəyə gəlmişdir ki, hərracın keçirilməsi yeri və vaxtı haqqında iddiaçıya qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, mətbuatda məlumat getmiş və nəticədə iddiaçı keçirilən hərraclar barədə məlumatlı olmuşdur. Eləcə də, mənzilin ilkin satış qiyməti Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə 55.000 (əlli beş min) manat məbləğində müəyyən olunmuşdur. Məhkəmə qətnaməsi əsasında müəyyən olunmuş əmlakın satış dəyərinin yenidən müəyyən olunması isə yolverilməzdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinəəsasən - bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə qeyd olunanları nəzərə alaraq və Mülki Məcəllənin 415.1, 415.2-ci, “İpoteka haqqında” Qanunun 42.1-ci maddələrini rəhbər tutaraq bu qənaətə gəlmişdir ki, hərrac keçirilərkən qüvvədə olan qanunvericiliyin tələblərinə əməl olunmuşdur və bu səbəbdən də keçirilmiş hərracın nəticələri qanunsuz sayıla bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apelyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi həmin apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti təmin edilməməlidir. İddiaçı apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulmasına, işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmamasına, iş üçün əhəmiyyətli olan bir sıra halların, o cümlədən mənzilin qiymətinin düzgün müəyyən olunmamasının nəzərə alınmadığına istinad etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır və ilk növbədə qeyd edir ki, mənzilin ilkin satış qiyməti qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir və bu qiymət hazırkı işdə yox, həmin işdə mübahisələndirilə bilərdi. Hərrac təşkilatçısı tərəfindən əmlakın dəyərinin əsassız aşağı salnması və ucua satılmasına gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, əmlakın ilkin və təkrar hərracdakı qiymətləri “İpoteka haqqında” Qanunun 43-cü maddəsi ilə nizama salınır. Həmin Qanunun 43.5-ci maddəsində deyilir ki, təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. Həmin Qanunun 43.7-ci maddəsinin görə isə 43.1.1-ci maddədə nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracda ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Məhkəmə kollegiyası hesab edir ki, ipoteka predmetinin hərracda satışı qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun şəkildə həyata keçirilmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə kollegiyasının qənaətinə görə bu mənada iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmır. Bu baxımdan birinci instansiya məhkəməsi iddianı rədd etməkdə haqlı olmuşdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı1 apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi həmin apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov
Məhkəmə qərarları › İş №2(103)-5769/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5769/2020
29.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver