Məhkəmə qərarları › İş №2(103)-5772/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5772/2023

25.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5772/2023 25.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh İB-nə qarşı “mənəvi ziyanın ödənilməsi” barədə iddiasına dair mülki iş üzrə (Açar sözlər: mənəvi zərər) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xəyal Əjdər oğlu Sarıyev (sədrlik edən və məruzəçi), X8 və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi Könül Seyidələkbər qızı Əhmədovanın katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 07 iyul 2023-cü il tarixli, 2(011)-4252/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.İddiaçı yeganə qız övladı olan X7 xx.xx.2012-ci il tarixdə Bakı şəhərində dəm qazı ilə zəhərlənərək vəfat etmişdir. 2.İddiaçı qızının ölümündə cavabdehin əməkdaşlarının təqsiri olduğunu iddia edərək mənəvi zərərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. a)Birinci instansiya məhkəməsində icraat 3.İddiaçı Cavabdeh İB-nə qarşı–cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən 30.000 manat məbləğində pulun mənəvi zərərə görə tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 4.İddia tələbi onunla əsaslandırılmışdir ki, cavabdehin işçisi X1, yəni vəzifəli şəxs olaraq işə vicdansız və laqeyid münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi iddiaçının yeganə qızı Təranənin ölümünə səbəb olmuşdur. Belə ki, Cavabdeh İB tərəfindən verilmiş 242 k nömrəli 02 iyul 2010-cu il tarixli əmrə əsasən Sadiq Quliyev, X14 Sahəsinin 2 saylı yaşayış yerlərində qaz xətlərinə və məişət qaz cihazlarına nəzarət xidmətində 10-cu dərəcəli usta vəzifəsində işləyib vəzifəli şəxs olmaqla, Cavabdeh İB-nin Nizami X10 rəisi tərəfindən 18 mart 2012-ci ildə təsdiq edilmiş Cavabdeh Nizami X10 yaşayış yerlərində qaz xətlərinə və məişət qaz cihazlarına nəzarət xidmətinin ustasının vəzifə təlimatı”nın 1.1.,1.2.,2.4., “Qaz Təchizatı, Layihələndirmə normaları”nın 8.46., “Qaz təsərrüfatında təhlükəsizlik qaydaları”nın 3.96., 3.97., 9.230., 9.238., 9.239 və “Qaz təsərrüfatında texniki təhlükəsizlik qaydaları”nın 3.8.5., 3.8.8-ci bəndlərinə əsasən xidmət etdiyi ərazidə yerləşən mənzillərdə qaz cihalarının quraşdırılmasına, qaz yanacağı istifadəsinə təhlükə yaranacağını aşkar edib həmin cihaza qazın nəqlinin dayandırılmasından ötrü müvafiq tədbirlər görməsi üçün vaxtlı-vaxtında nəzarət etməli, hamam otaqlarının qapıları altında havanın dəyişməsi məqsədilə dəliklər açılmadan, asma tavandan aşağı ventilyasiya kanalı, yaxud pəncərə (nəfəslik) quraşdırılmadan qazla işləyən axarlı su qızdırıcısından istifadə olunmasının qarşısını almaqdan ötrü baxışlar keçirməli, təbii qazdan təhlükəsiz və fasiləsiz xidmət göstərilməsinə, təbii qazla əlaqədar baş verə biləcək qəzaların, bədbəxt hadisələrin baş verəməsinə görə qabaqcadan yerinə yetirilən tədbirlərin, abonentlərlə təbii qazdan istifadə qaydaları barədə təlimatlandırma işinə nəzarəti həyata keçirilməsinə cavabdeh olduğu halda öz işinə vicdansız və laqeyid münasibət göstərərək öz xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməyərək, xidmət etdiyi ərazidə yerləşən Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi Yenikənd küçəsi 14 nömrəli fərdi yaşayış evində 30 noyabr 2012-ci il tarixdə texniki baxış keçirərkən səhlənkarlıq edərək, həmin nöqsanları qeyd etməyib, bu barədə xidmət sahəsinin rəisinə məlumat verməmiş və axarlı su qızdırıcısına qazın verilməsinin dayandırılması üçün müvafiq tədbir görməmiş, nəticədə ehtiyatsızlıqdan 23 dekabr 2012-ci il tarixdə saat 23:10 radələrində qızı Təranə Əhmədova yaşadığı Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Yenikənd küçəsi 14 nömrəli fərdi yaşayış evində 7,5 m az olan 6,2 m həcmli, qapısı altında havanın dəyişməsi üçün dəlikləri olmayan asma tavandan aşağı ventilyasiya kanalı pəncərə (nəfəslik) quraşdırılmayan hamam otağında yuyunarkən tüstü borusu olmayan axarlı su qızdırıcısından əmələ gələn dəm qazından zəhərlənərək ölmüşdür. İddiaçı qeyd edir ki, qızı 21 yaşında vəfat etmişdir. Onun toyunu görə bilməmiş, arzuları var idi. Heç vaxt həyata keçməyəcək arzular. Əksər ailələrdə çox istənildiyi kimi qız övladı olduğundan o da onu çox istəyir, aralarındakı mənəvi bağlılıq dərin olmuşdur. Cavabdehin işçisi iddiaçını bütün bunlardan məhrum edərək, əvəzində davamlı sarsıntı, əzab və iztirablar verdi. Özü də ömrünün sonunadək bitməyən. Eyni hissləri həyat yoldaşı da yaşayırdı. 2020-ci ildə o vəfat etdi. Yuxarıda qeyd olunan 24 aprel 2020-ci il tarixli qərara əsasən şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur. Yeganə qızının ölümünə görə iddiaçıya vurulmuş mənəvi zərərin əvəzi olaraq 50.000 manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi bəlkə iztirablarının yumşaldılmasına səbəb olar. 5.Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 07 iyul 2023-cü il tarixli, 2(011)-4252/2023 saylı qətnaməsi ilə (hakim-Sahibə Hacıyeva) iddia tələbi təmin edilərək, Cavabdehndən mənəvi zərərə görə 30000 (otuz min) manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan: 6.İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, X7 xx.xx.1991-ci il tarixdə Ordubad Əylis kəndində anadan olmuş, ata adı qrafasında İddiaçı, ana adı qrafasında X6 yazılmışdır. 7.İş materiallarında olan AZ-l №595814 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2012-ci il tarixdə Bakı şəhərində dəm qazı ilə zəhərlənmə səbəbindən ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2013-cü il tarixdə 153 № ilə qeyd edilmişdir. 8.İş materiallarında olan Nizami Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 1(007)- 208/2013 saylı hökmündən görünür ki, X9 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib və ona 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, X9 cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəli X5 məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanması, X9 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılması, iş üzrə təhlükəsizlik texnikası ekspertizasına xərclənmiş 100 manat məbləğində pul vəsaiti X3 tutularaq dövlət büdcəsinə keçirilməsi, hökmün icrası X5 yaşayış yeri üzrə icra məmuruna həvalə edilməsi hökm olunmuşdur. 9.İş materiallarında olan Bakı Şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən verilmiş “Hökmün qanuni qüvvəyə minməsinə dair” Arayışdan görünür ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 1(007)-208/2013 saylı hökmdən apellyasiya şikayəti və protesti verilməmiş, hökm 16 iyul 2013-cü il tarixdə qanuni qüvvəyə minmiş və müvafiq qaydada icraata yönəldilmişdir. 10.İş materiallarında olan ********** nömrəli qəbzin surətindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə 180 manat dövlət rüsumu ödəmişdir. 11.İş materiallarında “Elektron Məhkəmə” İnformasiya Sisemindən əldə edilmiş çıxarışdan görünür ki, iddiaçının yeganə övladı X7 olmuşdur. 12.Məhkəmə qeyd etmişdir ki, iddiaçının yeganə qız övladının ölməsində cavabdehin işçisinin təqsirli olması qanuni qüvvəsini almış məhkəmə hökmü ilə müəyyən edilmiş, göstərilən hallar qanuni qüvvəyə minmiş hökmü ilə müəyyən olunduğundan, bu məhkəmə üçün məcburidir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. İşin mübahisəsiz halları ilə müəyyən edilir ki, iddiaçının öz yeganə qız övladını itirməsi onun üçün həyatındakı ən sarsıdıcı hadisədir. Onda kədər, xəyal qırıqlığı, qəzəb, mənəvi sarsıntılar, şüurunda mənfi hallar, ümidsizlik, yaşamaq eşqinin azalması və s. kimi hallar yaradır. Belə ki, övlad itkisi valideyn yaşlandıqca onun həyatında daha çox boşluq hissinin yaşamasına səbəb olur. 13.Məhkəmə hesab etmişdir ki, övladının ölməsi nəticəsində iddiaçının çəkdiyi mənəvi ağrının hər hansı pul vəsaiti ilə azaldılması və övladının həyata qaytarılması mümkün olmasa da, mövcud şəraitdə pul kompensasiyası vasitəsi ilə o, təsəlli ala bilər. 14.Qeyd olunanlara əssaən məhkəmə hesab etmişdir ki, iddia tələbi təmin edilməli, vurulmuş mənəvi zərərin əvəzi olaraq 30.000 manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq İddiaçı ödənilməlidir. 15.Məhkəmə öz mövqeyiniAzərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 23, 1096.1, 1096.2, 1097.1, 1099.1, 1115: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020ci il tarixli qərarına;“Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li 03 noyabr 2008-ci il tarixli qərarına: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 aprel 2020-ci il tarixli qərarına; Nyu-York Apellyasiya Məhkəməsi “McDougald v. Garber” işi üzrə 1989-cu il tarixli qərarına; Mülki Prosessual Məcəlləsinin14.2, 82.4, 77.1, 217.4, 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 16.Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iş üzrə iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 17.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmələr hüquq pozuntusu nəticəsində yaranan mənəvi zərərə görə şəxsin məsuliyyətini müəyyən edərkən güclü emosional hislərlə ağır mənəvi sarsıntı və iztirab hislərini fərqləndirməlidirlər. Qeyd olunan hallara məhkəmə düzgün hüquqi qiymət verməmiş, düzgün maddi hüquq normalarını tətbiq etməmiş və bununlada hüququn tətbiq edilməsində səhv buraxmışdır. Həm Ali Məhkəmənin Plenum qərarında, həm də ki, Konstitusiya Məhkəməsinin qərarında qeyd olunub ki, mənəvi zərərin nədən ibarət olması araşdırılmalı və zərərçəkmiş şəxsin keçirdiyi mənəvi sarsıntıya uyğun olaraq mənəvi zərər ödənilməlidir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 18.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. a)Məhkəmə icraatı iştirakçılarının izahatları 19.Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini qəbul etmədi, iddia tələbində göstərilənlərə uyğun məzmunda izahat verərək, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. 20.İş üzrəCavabdeh İB-nə məkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, nümayəndə məhkəməyə gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 21.Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 22.Maddə 21.2 Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

23. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 24.Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 25.Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

26. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 27.Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 28.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 29.Maddə 82.4.Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. 30.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

31.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 32.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam olaraq yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

33.Məhkəmə kollegiyası iddiaçı tərəfi dinləyib apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 07 iyul 2023-cü il tarixli, 2(011)- 4252/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 34.Belə ki, İddiaçı yeganə qız övladı olan X7 xx.xx.2012-ci il tarixdə Bakı şəhərində dəm qazı ilə zəhərlənərək ölməsində cavabdehin işçisinin təqsirli olması qanuni qüvvəsini almış məhkəmə hökmü ilə müəyyən edilmişdir. 35.Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. 36.Beləliklə işin mübahisəsiz halı olmaqla iş materiallarında olan qanuni qüvvəsini almış Nizami Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 1(007)-208/2013 saylı hökmündən göründüyü kimi iddiaçının yeganə qız övladının dəm qazından zəhərlənərək ölməsində Cavabdeh İB-nin əməkdaşı olan X5 təqsirli olduğu müəyyən edildiyindən qeyd olunan hökmlə 314.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib və ona 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, X9 cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəli X5 məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanması, X9 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılması, iş üzrə təhlükəsizlik texnikası ekspertizasına xərclənmiş 100 manat məbləğində pul vəsaiti X3 tutularaq dövlət büdcəsinə keçirilməsi, hökmün icrası X5 yaşayış yeri üzrə icra məmuruna həvalə edilməsi hökm olunmuşdur. 37.Kollegiya qeyd edir ki, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir (AR MM-nin 1099.1-ci maddəsi). İşçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun (AR MMnin 1099.2-ci maddəsi). 38.“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli Konstitusiya Məhkəməsinin Plenum Qərarındaqeyd edilmişdir ki, mülki qanunvericilikdə şəxsin ölümü və ya sağlamlığına zərər yetirilməsi ilə əlaqədar mənəvi zərərin ödənilməsi əsaslarını müəyyən edən konkret hüquq normasının nəzərdə tutulmaması bu barədə iddia tələbinin rədd edilməsi üçün əsas ola bilməz və belə tələb Mülki Məcəllənin 23-cü maddəsinə əsaslanmaqla mənəvi zərərin ödənilməsi qaydasında irəli sürülə bilər. 39.Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, iddiaçının övladının ölümündə cavabdehin təqsiri vardır. 40.Kollegiya hesab edir ki, iddiaçının mənəvi zərər çəkməsinin müəyyən edilməsinin də iş üçün əhəmiyyəti vardır. 41.İşin mübahisəsiz halları ilə müəyyən edilir ki, iddiaçının öz doğma yeganə qız övladını itirməsi onda mənəvi sarsıntılar, şüurunda mənfi hallar, həyata ümidsizlik, yaşamaq eşqinin azalması və s. kimi hallar yaratmışdır. Çünki onların arasında formalaşmış ailə münasibətlərindən irəli gələn mənəvi bağlılıq mövcud olmuşdur. 42.“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli Qərarında da deyilir ki, mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. 43.Habelə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli qərarında göstərilir ki, şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. 44.Beləliklə, kollegiya hesab edir ki, şərh edilən hallar iddiaçının ən yaxın ailə üzvü hesab edilən övladının ölümü nəticəsində onun psixoloji stress, sarsıntı və emosional gərginlik və s. formada mənəvi zərər çəkməsi barədə nəticəyə gəlməyə tam əsas verir. 45.“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli Qərarında qeyd edilir ki, ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınları, o cümlədən ailə üzvləri keçirdikləri mənəvi sarsıntı və iztirabın dərəcəsinə, zərərçəkmiş şəxsə yaxınlıq dərəcəsinə və s. amillərə müvafiq olaraq birgə və ya ayrı-ayrılıqda təzminat almaq hüququna malikdirlər. Ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınlarından, o cümlədən ailə üzvlərindən birinin mənəvi zərərə görə təzminat almış olduğu halda, digərlərinin təzminat tələbi bu Qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən mütənasiblik və ədalətlilik meyarlarına uyğun olaraq işə baxan məhkəmə tərəfindən həll edilməlidir. Məhkəmələr tərəfindən mənəvi zərərə görə təzminatın miqdarı müəyyən edilərkən hüquqa zidd əməlin növü, dərəcəsi, davam etdiyi müddət, hansı şəraitdə, mühitdə baş verməsi və digər amillər nəzərə alınmalıdır. Mənəvi təzminatın həcmi (miqdarı, məbləği) müəyyən edilərkən iddia irəli sürən insanla ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakı şəfqət və mənəvi bağlılığının möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi, onların birlikdə və ya ayrı yaşamaları, ər-arvad olduqları təqdirdə, həmçinin evlilik həyatının müddəti və s. amillər nəzərə alınmalıdır. Ana və atanın uşaqlarının, nənə və babanın nəvələrinin ölümü və ya sağlamlığına zərər vurulması səbəbi ilə mənəvi təzminat tələblərində zərərçəkmişin tək uşaq (nəvə) olması, valideynlərin yenidən uşaq dünyaya gətirəcək yaşda olub-olmamaları kimi amillər də diqqətə alınmalıdır. Uşaqların ana və atalarının ölümü və ya sağlamlığına zərər vurulması səbəbi ilə mənəvi təzminat tələblərində onların ata və analarına möhtac yaşda olmaları, fiziki və ya əqli məhdudiyyətli olmaları əsas götürülməlidir. Hüquqa zidd hərəkətdən zərərçəkmiş qardaş və ya bacıların mənəvi təzminat tələbinə baxılarkən onlar arasında doğmalıq və sevgi hislərinin, mütəmadi və sıx ünsiyyətlərinin olub-olmaması kimi məqamlar nəzərdən keçirilməlidir. 46.Həmçinin həmin Qrarda qeyd olunur ki, şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur. Məhkəmələr mənəvi zərərə görə təzminat müəyyən edərkən hər baxılan iş üzrə sosial, psixoloji və iqtisadi qiymətləndirməni mütənasiblik və ədalətlilik prinsipləri əsasında aparmalıdırlar. Mənəvi təzminatın həcmi (miqdarı, məbləği) müəyyən edilərkən iddia irəli sürən insanla ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakı şəfqət və mənəvi bağlılığının möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi, onların birlikdə və ya ayrı yaşamaları, ər-arvad olduqları təqdirdə, həmçinin evlilik həyatının müddəti və s. amillər nəzərə alınmalıdır. 47.Kollegiya işin hallarını və Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyi nəzərə alaraq qeyd edir ki, iddiaçı mənəvi zərəri yeganə qız övladının ölümünə görə tələb edir. Ailə, məkanından və milliyətindən asılı olmayan bütün cəmiyyətlərin özəyi, milli və mənəvi dəyərlərin daşıyıcısı hesab edilir. Təsadüfi deyildir ki, Azərbaycan Respublikasının Konstitusiyası ailənin dövlətin xüsusi himayəsində olmasını təsbit etmişdir. 48.Göründüyü kimi, Cavabdeh İB-nin əməkdaşlarının səhlənkarlığı, işə laqeyd münasibətləri, xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməmələri nəticəsində iddiaçının qızının ölümü ilə nəticələnən hadisə baş vermişdir. Dəyən zərər məhz Cavabdeh İB-nin əməkdaşlarının Cavabdeh İB-nin fəaliyyəti ilə birbaşa əlaqəli olan əmək vəzifələrinin icrası zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduğundan iddiaçı cavabdehdən mənəvi zərərin ödənilməsini tələb etməkdə haqlı olmuşdur. 49.Beləliklə, işin araşdırılan halları ilə mübahisəsiz qaydada müəyyən olunur ki, cavabdeh təşkilatın əməkdaşlarının təqsirli hərəkəti nəticəsində iddiaçının qızının ölməsi iddiaçının yüksək dərəcədə mənəvi sarsıntı və iztirab keçirməsinə səbəb olmuşdur. 50.Kollegiya hesab edir ki, qızının ölümü nəticəsində iddiaçının çəkdiyi mənəvi ağrının hər hansı pul vəsaiti ilə azaldılması və onun həyata qaytarılması mümkün olmasa da, mövcud şəraitdə pul kompensasiyası vasitəsilə ilə o, təsəlli ala bilər. 51.Qeyd olunanlara əsasən məhkəmə kollegiyası iş üzrə məhkəmənin gəldiyi nəticə ilə razılaşaraq iddianın təmin edilməsi ilə bağlı mövqeyini qanuni və əsaslı hesab edir. 52.Buna görə də məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh İB tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 07 iyul 2023-cü il tarixli, 2(011)-4252/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 53.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 54.Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. 55.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. 56.Apellyasiya şikayətinin dəlilini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 57.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi: Cavabdeh İB tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 07 iyul 2023-cü il tarixli, 2(011)-4252/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər..

Sədrlik edən Xəyal Sarıyev

Hakimlər Fuad Abdıyev

Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar