Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5790/2020 22.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X12 oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili X2, Cavabdehin nümayəndəsi və vəkili X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “xx.xx.2017-ci il tarixli kredit müqaviləsinin, xx.xx.2017-ci il tarixli ipoteka müqaviləsinin və xx.xx.2018-ci il tarixli müqavilədə dəyişiklik barədə sazişin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı onunla Cavabdeh arasında bağlanılmış xx.xx.2017-cı il tarixli kredit müqaviləsinin, xx.xx.2017-ci il tarixli ipoteka müqaviləsinin, xx.xx.2018-ci il tarixli müqavilədə dəyişiklik barədə sazişin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, bazarda bir günü 7-10 manata çalışır. Ramin adlı şəxs və Cavabdeh bazarda faizə pul verən şəxslərdir. Ramin adlı şəxs ona yaxınlaşaraq bildirmişdir ki, onun borcu vardır və ödəyə bilmir. O, Ramini 6 ay müddətində tanımışdır. Həmin müddət ərzində Ramin onun etibarını qazanmışdır. Həmin şəxs Validə adında qadınla yaşayırdı. Onlar onu oyuna gətirdilər və o, evini girov qoymağa razılıq vermişdir. O, Cavabdeh əvvəldən tanımamışdır. Cavabdeh ona bildirmişdir ki, Notariat ofisinə ailə üzvlərini də gətirsin. O, Notariat ofisinə qızı və yoldaşını da aparmışdır. Onun bu məsələyə görə ailəsi dağılmışdır. Onunla Cavabdeh arasında xx.xx.2017-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. Belə ki, kredit müqaviləsi üzrə Cavabdeh 30000 manat məbləğində borca pul vermişdir. Həmin müqavilədə 30000 manat məbləğində pulu onun Cavabdeh xx.xx.2018-ci il tarixədək qaytaracağı qeyd olunmuşdur. Eyni zamanda xx.xx.2017-ci il tarixdə onunla cavabdeh arasında ipoteka müqaviləsi bağlanmışdır və Bakı şəhəri, 24 saylı notariat kontorunda təsdiq edilmişdir. Həmin ipoteka müqavilə ilə ona məxsus olan ünvan 1 ünvanda yerləşən, sahəsi 64.3 kv.m olan 62 saylı mənzil girov qoyulmuşdur. Daha sonra onunla cavabdeh arasında xx.xx.2017-ci il tarixli müqaviləyə dəyişiklik barədə xx.xx.2018-ci il tarixli saziş bağlanılmışdır. Həmin sazişdə onun Cavabdeh 30000 manat məbləğində pulu xx.xx.2019-cu il tarixədək qaytaracağı qeyd olunmuşdur. O, 300xx xxxxxx 4000 manat Ramin adlı şəxsə verməli idi, 26000 manat isə özündə qalmalı idi. Cavabdeh Ramin adlı şəxsə pul verib-vermədiyini bilmir. Onunla cavabdeh arasında qeyd olunan müqavilələr bağlansa da, Cavabdeh ona müqavilədə qeyd olunan 30000 manat məbləğində pulu verməmişdir. O, aldadıldığını bildikdə, 24-cü polis bölməsinə müraciət etmiş, lakin araşdərma nəticəsində cinayət işinin başlanılması rədd edilmişdir. Odur ki, iddianın təmin olunmasını, onunla Cavabdeh arasında bağlanmış xx.xx.2017-cı il tarixli kredit müqaviləsinin, xx.xx.2017-ci il tarixli ipoteka müqaviləsinin və xx.xx.2018-ci il tarixli müqaviləyə dəyişiklik barədə sazişin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(010)-810/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı qətnamədən apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən işin faktiki halları tam şəkildə araşdırılmamışdır. İddiaçı ilə Cavabdeh arasında ilk baxışdan real olaraq bağlanılmış xx.xx.2017-ci il tarixli kredit müqaviləsinin, xx.xx.2017-ci il tarixli ipoteka müqaviləsinin, xx.xx.2018-ci il tarixli müqavilədə dəyişiklik barədə saziş üzrə real hallar araşdırılmalı olduğu halda araşdırılmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 Əsədovanın satıcısı olduğundan, dolayısı ilə cavabdehdən asılı vəziyyətdə olduğu üçün onun ifadəsi sübut kimi qiymətləndirilə bilməzdi. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili X6 apelyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili X4 apelyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2017-ci il tarixli kredit müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, bu müqavilə ilə borcverən Cavabdeh borcalan İddiaçı 30000 manat məbləğində borc pul verir. Borcalan 30000 manat məbləğində borc pulu borcverənə xx.xx.2018-ci il tarixədək qaytarmağı öhdəsinə götürür. Tərəflər kreditin faizsiz verilməsini şərtləşdirirlər. İş materiallarına əlavə edilmiş xx.xx.2017-ci il tarixli ipoteka müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, ipoteka saxlayan Cavabdeh, ipoteka qoyan İddiaçıdur. Bu müqavilə ilə ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan əmlakını 3M/187 saylı kredit müqaviləsinə əsasən yaranmış öhdəliyinin icrasının təmin edilməsi məqsədi ilə ipoteka saxlayanın xeyrinə yüklü edir, ipoteka predmeti Bakı şəhəri Nizami rayonu Bəhruz Nuriyev küçəsi 33 saylı evin 62 sayİı mənzilidir. İş materiallarına əlavə edilmış müqavilədə dəyişiklik barədə xx.xx.2018-ci il tarixli sazişin təsdiq edilmiş surətindən görünür ki, müqavilənin predmeti Bakı şəhəri 24 saylı xüsusi notariat kontorunda xx.xx.2017-ci il tarixində rəsmiləşdirilmiş, 3M/187 reyester nömrəsi ilə qeydiyyatdan keçirilmiş kredit müqaviləsinin 2-ci bəndinə düzəlişin edilməsidir. Sazişin 2.1.1-ci bəndinə əsasən Borc verən Cavabdeh, “Borc alan krediti xx.xx.2018-ci il tarixədək Borc verənə qaytarmağı öhdəsinə götürür” bəndinə düzəliş edib, “Borc alan krediti xx.xx.2019-cu il tarixədək Borc verənə qaytarmağı öhdəsinə götürür - düzəlişinə razılaşmışdır. Həmçinin, Sazişin 2.1.2-ci bəndinə əsasən Borc alan İddiaçı “Borc alan krediti xx.xx.2018 (iyirmi iyun iki min on səkkizinci il) tarixədək Borc verənə qaytarmağı öhdəsinə götürür” bəndinə düzəliş edib, “Borc alan krediti xx.xx.2019-cu il tarixədək Borc verənə qaytarmağı öhdəsinə götürür” düzəlişinə razılaşmışdır. Bu müqaviləyə dəyişikliklər olunması, yaxud onun ləğv edilməsi tərəflərin yazılı razılığı əsasında, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həyata keçirilir. İş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarına əlavə edilmiş X7 tərəfindən yazılıb imzalanmış əlyazma qəbzin məzmunundan müəyyən olunur ki, X7 bildirmişdir ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış kredit müqaviləsinə əsasən 30000 manat məbləğində pul Cavabdeh tərəfindən X3 verilmişdir. Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli kredit müqaviləsi formal xarakterli bağlanmışdır. İş materiallarını araşdıran məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, işin müəyyən edilmiş hallarından göründüyü kimi tərəflər arasında borc münasibətləri mövcud olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Qeyd edilən Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Qanunvericiliyin yuxarıda sadalanan müddəalarına əsasən müəyyən edilir ki, tərəflər borc müqaviləsini bağlayarkən sərbəst olaraq öz iradələrini ifadə etmişlər və müqavilənin yazılı bağlanması ilə əlaqədar imperativ normanın tələbinə riayət etmişlər. İşin araşdırılan halları ilə müəyyən edilir ki, iddiaçı ilkin olaraq müqavilənin etibarsızlığı tələbi ilə məhkəməyə müraciət etmiş, lakin sonradan iddia tələbindən imtina etmişdir. Hazırda isə iddiaçı müqavilələrin ləğvi tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2.-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Bu Məcəllənin 423.2.-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Həm tərəflər arasında bağlanmış kredit müqaviləsindən, həm də İddiaçı polis idarəsinə vermiş olduğu izahatdan müəyyən olunur ki, o, Cavabdeh ilə müqavilə bağlayaraq borc pul götürmüşdür. İddiaçı sonradan Cavabdeh pretenziya məktubu göndərərək ona 30000 manat pulun ödənilmədiyini və əks halda müqavilənin ləğvi tələbi ilə məhkəməyə müraciət edəcəyini bildirmişdir. Tərəflər arasında xx.xx.2017-ci il tarixdə bağlanmış kredit müqaviləsinin surətindən görünür ki, Cavabdeh əlyazma ilə 30000 manat pulu borc verməsini, İddiaçı isə 30000 manat pulu borc almasını qeyd etmişlər. Bundan başqa, İddiaçı həmin məbləği cavabdehin ona vermədiyini bildirsə də, müqavilə bağlandıqdan bir il sonra - xx.xx.2018-ci il tarixdə tərəflə notarial qaydada yeni saziş bağlayaraq, almış olduğu borcun qaytarılması müddətinin uzadılması barədə razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı cavabdehin müqaviləni əhəmiyyətli dərəcədə pozduğunu və müqavilə üzrə nəzərdə tutulmuş məbləğin cavabdeh tərəfindən ona ödənilməməsini iddia etsə də, polis idarəsinə yazdığı ərizədə Ramin Həsənov adlı şəxsin xahişi ilə Cavabdeh 30000 manat pul götürərək və bunun müqabilində özünə məxsus olan mənzili girov qoyduğunu və pulu Ramin Həsənov adlı şəxsə verdiyini etiraf etməsi, borc müqaviləsində 30000 manat pulu almasını öz əlyazması ilə təsdiq etməsi, sonradan həmin pulun qaytarılması müddətinin uzadılması ilə bağlı cavabdehlə yeni saziş bağlaması onun bu iddiasını təkzib edir. Beləliklə, iddiaçı tərəf müqavilənin əhəmiyyətli dərəcədə pozulması və müqavilənin ləğv edilməsi ilə bağlı mötəbər sübutlar təqdim edə bilməmişdir və məhkəmə araşdırması zamanı Cavabdeh İddiaçı müqavilədə göstərilən borc məbləğini verməməsi ilə bağlı hal təsdiqini tapmamışdır. Apelyasiya şikayətinin digər dəlillərinə hüquqi qiymət verərək məhkəmə kollegiyası onları da əsaslı hesab etmir. Belə ki, apellyasiya şikayətində qeyd edilən şahid Rəsmiyyə Talıbovanın cavabdehin satıcısı olmasının, bu səbəbədən də onun ifadəsinin mötəbər olmamasıni göstərsə də, kollegiya qeyd edir ki, həmin şahidin cavabdehin işçisi olması özlüyündə onun ifadələrinin sübut kimi qəbul edilməməsinə əsas vermir. Bundan əlavə, iddiaçı apellyasiya şikayətində işin ətraflı araşdırılmamasını qeyd etsə də, kollegiya bu dəlillə də razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi işin hallarını tam və hərtəfli araşdırmışdır. Kollegiya qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hazırkı işdə sübutetmə vəzifəsi iddiaçının üzərinə düşsə də, o, öz iddia tələbini sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli Qərarında irəli sürülmüş hüquqi mövqeyə əsasən mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. X5 Məhkəməsi izah etmişdir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. ... Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. ... Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(010)-810/2020 saylı qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Şeyda Məhərrəmova
Məhkəmə qərarları › İş №2(103)-5790/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5790/2020
22.10.2020 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver