Məhkəmə qərarları › İş №2(103)-5796/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5796/2022

28.09.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5796/2022 28.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-5796/2022 (Açar sözlər: alimentin azaldılması) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçı nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «aliment məbləğinin azaldılması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli e-2(009)-2996/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 28 sentyabr 2022-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(007)-2383/2016 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 09 fevral 2010-cu il tarixli nikahın pozulması və cavabdeh İddiaçı 24 yanvar 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının 1/4 hissəsi məbləğində alimentin tutulması və Cavabdeh1 verilməsi qət edilmişdir.

2. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(009)-2466/2021 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, İddiaçı 17 mart 2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının 1/4 hissəsi məbləğində alimentin tutulması və Cavabdeh2 verilməsi qət edilmişdir.

3. Mübahisə aliment məbləği və onun azaldılması ilə bağlı yaranıb.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 24 yanvar 2011-ci il təvəllüdlü X5 və 17 mart 2020-ci il təvəllüdlü X1 üçün ödənilən alimentin miqdarının azaldılması, aliment qazancının hər uşaq üçün ayrılıqda 1/3 hissəsinin yarısı miqdarında tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi belə əsaslandırılmışdır ki, Nizami Rayon Məhkəməsinin xx.xx.2016cı il tarixli qətnaməsi ilə iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış nikah pozulmuş və X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay iddiaçının qazancının ¼ hissəsi miqdarında alimentin iddiaçıdan tutularaq Cavabdeh1 verilməsi qət edilmişdir. Eyni zamanda Səbail rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçıdan hazırki həyat yoldaşı digər Cavabdeh2 oğlu X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay iddiaçının qazancının ¼ hissəsi miqdarında alimentin tutulması qət edilmişdir. İddiaçı hazırda hər iki uşağa ayrılıqda qazancının ¼ hissəsində miqdarında aliment ödəyir. Mövcud qanunvericiliyə görə iki uşağa görə alimentin miqdarı qazancın 1/3 hissəsi məbləğində olmalıdır.

7. Bakı şəhəri Səbail Rayon Мəhkəməsinin e-2(009)-2996/2021 saylı, 22 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim İlkin Rüstəmli) iddia tələbi təmin edilməmişdir.

8. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı iki dəfə nikaha daxil olmuş və hər nikahdan bir uşağı olmuşdur, məhkəmə müxtəlif dövrlərdə haqlı olaraq ayrı nikahlardan anadan olan uşaqlar üçün iddiaçıdan hər ay qazancının 1/4 hissəsi məbləğində alimentin tutulmasını qət etmişdir, belə ki, iddiaçı Ailə Məcəlləsinin 76.1.1 və 76.1.2-ci maddələrinə istinad etsə də, qanunvericiliyin qeyd olunan norması bir nikahdan anadan olan iki uşağı nəzərdə tutur. Aliment öhdəliklərində tərəflər uşaq və valideyndir. Bir valideyndən aliment tutulduqda tələbkar uşağın özüdür. Qeyd olunanlara əsasən hazırki işdə iddiaçının uşaqları müxtəlif nikahlardan anadan olduğundan iddiaçının istinad etdiyi hal iddia tələbinin təmin edilməsinə əsas deyildir

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1, 75.4, 76.1, Mülki Prossesual Məcəllənin 216-220, 227-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Apelyasiya şikayətinin dəlilləri

10. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apelyasiya şikayətində göstərilmişdir ki, hazırda, iddiaçı iki uşağın hər birinə qazancının ¼-i qədər aliment verməklə, ümumi olaraq qazancının yarısını ödəyir. Bu isə bir başa Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1-ci maddəsinə ziddir. Beləliklə, ödənişin miqdarı uşaqların sayından asılıdır, lakin aliment ödəməli olan valideynin qazancının və digər qazancların dörddə bir hissəsindən az və yarısından çox olmamalıdır. Birinci instansiya məhkəməsi isə öz qətnaməsində “qanunvericiliyin qeyd olunan norması bir nikahdan anadan olan iki uşağı nəzərdə tutur” anlayışı hansı normativ hüquqi akta istinad edərək vurğuladığı bəlli deyil. Qətnamədə istinad etdiyi normalar heç biri “bir nikahdan anadan olan iki uşaq” anlayışını əks etdirmir. Belə çıxır ki, hakim qanunda bir başa göstərilən normaya şərh etmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

13. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1793/2022 nömrəli 11 mart 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Ş.Məhərrəmova (sədrlik edən və məruzəçi), M.Məmmədov və R.Həsənov) İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Мəhkəməsinin e-2(009)-2996/2021 saylı, 22 dekabr 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «aliment məbləğinin azaldılması» barədə iddia tələbinin təmin edilməməsi qət edilmişdir.

14. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırki işdə iddiaçının uşaqlarının müxtəlif nikahlardan anadan olması iddianın rədd edilməsi üçün əsas olmamışdır. Çünki aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi alimentin müəyyən edilməsi zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Hazırki halda Ailə Məcəlləsinin 76.2-ci maddəsində nəzərdə tutulmuş iddiaçının maddi və ailə vəziyyətində diqqətəlayiq hər hansı hal müəyyən edilməmişdir.

15. Məhkəmə kollegiyası iddiaçının müxtəlif nikahlardan olan uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tuturaq hesab etmişdir ki, hər iki uşağa görə ümumilikdə alimentin məbləğinin iddiaçının aylıq əmək haqqının 1/3 hissəsi miqdarında müəyyən edilməsi üçün əsaslar olmamışdır.

16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1, 76.1.1, 76.2, 78.1-ci, Mülki Prosessual Məcəllənin 384.0.2, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya instansiya məhkəməsindəki icraat

17. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiya məhkməsinə göndərilməsini xahiş etmişdir.

18. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra kassasiya instansiya məhkəməsi) 2(102)-3373/2022 saylı 16 iyun 2022-ci il tarixli qərarı ilə (hakimlər A.Abbasov (məruzəçi), E.Vəliyeva və E.Şamayev) kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1793/2022 nömrəli 21 aprel 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

19. İşi yeni apellyasiya baxışına qaytararkən kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyasiya məhkəməsi Ailə Məcəlləsinin 76.2-ci maddəsinə uyğun olaraq iddiaçının maddi və ailə vəziyyətində diqqətəlayiq hər hansı halın müəyyən edilmədiyini qeyd etsə də, işin bu halın nə ilə müəyyən etməsi, bununla bağlı hansı sübutu tədqiq etməsi qətnamədən görünmür. Halbuki apellyasiya məhkəməsi iddianı məhz Ailə Məcəlləsinin 76.2-ci maddəsinə istinadən təmin etmirdisə, gəldiyi nəticəni işin bu halına qiymət verməklə əsaslandırmalı idi. Nəzərə almaq lazımdır ki, qanunvericiliyə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

20. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının hazırki əmək haqqının miqdarı, bunun uşaqların əvvəlki və bundan sonrakı təminatının səviyyəsinə nə dərəcədə təsir göstərməsinə aydınlıq gətirmədən uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasına istinad etmişdir ki, bu da əsaslı sayıla bilməz.

21. Məhkəmə kollegiyası qeyd etmişdir ki, qanunvericiliyin qətnamənin əsaslandırılmalı olması barədə tələbinin məqsələrdindən biri də odur ki, mübahisə tərəfi mübahisənin həlli ilə bağlı məhkəmənin gəldiyi nəticənin nə dərəcə düzgün olmasını özü üçün müəyyən edib, sonrakı hərəkətlərini proqnozlaşdıra bilsin. Əks halda, mübahisə tərəfində məhkəmə qərarına yaranan şübhələr ədalət mühakiməsinə inamı azaldır, yersiz və əlavə məhkəmə çəkişmələrinə yol açır. Məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Həm də məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin

Proses iştirakçılarının izahatı

22. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

23. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Ailə Məcəlləsi

24. Maddə 75.1 Valideynlər uşaqlarını saxlamağa borcludurlar.

25. Maddə 76.1.1 Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi, 2 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında aliment tutulur

26. Maddə 76.2 Bu Məcəllənin 76.1-ci maddəsinə göstərilən payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər.

26. Maddə 78.1 Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancının (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

27. Maddə 112.1 Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu

28. Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar.

29. Maddə 8. Hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür.

30. Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

31. Maddə 19. Valideynlərin uşağın tərbiyəsində bərabər hüququ və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apelyasiya baxışının hədləri

34. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

35. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

36. Kollegiya qeyd edir ki, hazırki halda işə yeni apelyasiya qaydasında baxılır və bu zaman apelyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin hüquqi mövqeləri nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

37. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi qismən təmin edilməlidir.

39. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normalarının pozulması ilə qəbul edilmiş və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmir.

40. Kollegiya qeyd edir ki, məhkəmə aktları ilə 24 yanvar 2011-ci il təvəllüdlü X6 və 17 mart 2020-ci il təvəllüdlü X7 üçün iddiaçının qazancından hər birinə 1/4 hissəsində aliment tutulmuş və göründüyü kimi iddiaçı hazırda hər iki uşağa ayrılıqda qazancının 1/4 hissəsində miqdarında aliment ödəyir. Yaranmış vəziyyət Ailə Məcəlləsinin 76-cı maddəsinin tələblərinə uyğun deyil. Qeyd olunan normanın tələbinə görə iddiaçıdan aliment şəklində iki uşaq üçün tutulan alimentin miqdarı onun aylıq qazancının üçdə birini təşkil etməlidir.

41. Məhkəmə kollegiyası hesab edir ki, iddia təmin edilməklə iddiaçıdan 24 yanvar 2011-ci il təvəllüdlü X5 və 17 mart 2020-ci il təvəllüdlü X1 üçün tutulmuş alimentin məbləği azaldılmalı və hər uşağa ödənilməli alimentin miqdarı iddiaçının qazancının 1/3 yarısı, yəni 1/6 hissəsi məbləğində müəyyən edilməlidir. Həmçinin, nəzərə alınmalıdır ki, iddiaçının orta aylıq əmək haqqına nisbətdə mövcud vəziyyətdə Aylin və Amir üçün tutulan alimentin miqdarının iddiaçının aylıq gəlirinin 1/6 hissəsi həcmində müəyyən edilməsi uşaqlar üçün ölkə üzrə yaşayış minimumundan dəfələrlə artıqdır.

43. Kollegiya, həmçinin, qeyd edir ki, ailə qanunvericiliyi uşaqların eyni və ya müxtəlif nikahdan doğulmasını alimentin müəyyənləşdirilməsində maneə kimi qiymətləndirilməməlidir.

44. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-2996/2021 saylı iş üzrə 22 dekabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2466/2021 saylı iş üzrə 13 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə tutulmuş alimentin miqdarı dəyişdirilsin. İddiaçı 17 mart 2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay qazancının (başqa gəlirlərinin) 1/6 (altıda bir) hissəsi miqdarında aliment tutularaq Cavabdeh2 ödənilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-963/2021 saylı iş üzrə 29 mart 2021-ci il tarixli qətnaməsi ilə tutulmuş alimentin miqdarı dəyişdirilsin. İddiaçı 24 yanvar 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay qazancının (başqa gəlirlərinin) 1/6 (altıda bir) hissəsi miqdarında aliment tutularaq Cavabdeh1 ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Şərafət Məmmədova Rafael Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar