Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-580/2023 25.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC) iş üzrə (Açar sözlər: əmək haqqı ) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X3 ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi, İddiaçı, onun nümayəndəsi (vəkili) X4, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 iyun 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 25 yanvar 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İddiaçı Cavabdeh MMC ilə aralarında bağlanmış xx.xx.2018-ci il tarixli əmək müqaviləsi üzrə Cavabdeh MMC-də Baş mühəndisin müavini vəzifəsinə işə qəbul edilmişdir.
2. Cavabdeh MMC-nin xx.xx.2019-cu il tarixli SƏ 14/19 №-li əmri ilə iş saatları tərəflərin razılığı ilə əmək müqaviləsinə müvafiq əlavə edilməklə dəyişdirilmişdir: 1. Azərkimya" Buxar elektrik enerjisi gücünün artırılması layihəsinin tikinti sahəsində iş, həftənin bazar ertəsi - cümə günləri səhər saat 7:-45 də başlaması, saat 18:45 də bitməsi;
2. Sözü gedən layihədə həftənin şənbə günü iş günü elan edilməsi və tikinti işləri səhər saat 7:45 də başlaması, saat 17:00 da bitməsi, 3. Həftə ərzində 40 saatdan artıq işləmək hər bir işçinin öz arzusu ilə həyata keçirilməsi; 4. Əlavə iş saat(ları)ında görülən işə görə işçilərə əmək haqqı Azərbaycan Respublikasının Əmək Məcəlləsinə (maddə 165) uyğun ödənilməsi əmr edilmişdir.
3. Tərəflər arasında bağlanmış əmək müqaviləsinə işəgötürənin 20-97/K saylı, xx.xx.2020-ci il tarixli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2.”b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) xitam verilmişdir.
4. Hazırda İddiaçı 7 ay üçün natamam ödənilmiş 7847 (7 ay x 1121 manat) manat əmək haqqı, 2500 manat məzuniyyət pulu, əlavə işlənilən saat üçün 20160 manat ödənilməsini məhkəmədən xahiş edir.
a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavabdeh MMC-yə (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən iddiaçının xeyrinə ümumilikdə işlədiyi 7 ay üçün natamam ödənilmiş 7847 (7 ay x 1121 manat) manat əmək haqqı, 2500 (iki min beş yüz) manat məzuniyyət pulu, əlavə işlənilən saat üçün 20160 (iyirmi min yüz altmış) manat (336 saat x 60 manat) və 30 manat dövlət rüsumu olaraq ödənilmiş pul vəsaitini, toplam 30537 (otuz min beş yüz otuz yeddi) manat pul vəsaitinin tutulmasına dair qətnamə çıxarılmasını və layihəyə səfərbər edilmiş bütün işçilərə dair pul vəsaitlərinin vergidən yayınma faktlarının və digər qanunsuz hərəkətlərinin araşdırılması məqsədilə "xüsusi qərardad" qəbul olunmaqla araşdırılması üçün aidiyyatı üzrə prokurorluğa göndərilməsini xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı uzun illər Cavabdeh MMC-də Baş mühəndisin müavini vəzifəsini icra etmişdir. xx.xx.2018-ci il tarixində Cavabdeh MMC ilə "xxxx" MMC (X5) arasında müqavilə imzalanmışdır və imzalanmış müqaviləyə əsasən Cavabdeh MMC-nin direktoru Ramal Quliyev tərəfindən xx.xx.2019-cu il tarixli, № 12/19 və 14/19 saylı əmr imzalanaraq iddiaçı həmin layihəyə baş mühəndisin müavini vəzifəsinə təyin edilmişdir. Əmrə əsasən 6 iş günü şəraitində, səhər saat 07:45-dən 18:45-ə qədər, şənbə günü isə 07:45-dən 17:00-a qədər iş saatı təyin edilmişdir. İddiaçı "xxxx" MMC tərəfindən həyata keçirilən X1 Elektrik Stansiyasının gücünün artırılması məqsədilə xüsusi layihələndirilmiş “X6”nun tikintisi layihəsinə cəlb edilərək "Mobilizasiya işləri üzrə sahə rəisi” vəzifəsini icra etmişdir. Lakin Cavabdeh MMC onun "xxxx" MMC tərəfindən icra etdiyi vəzifə üzrə Cavabdeh MMC-yə ödənilmiş maaşı natamam şəkildə ödənilmişdir. Göründüyü kimi, cavabdeh "X10" MMC "xxxx" MMC-nin aidiyyəti layihəsini icra etdiyi zaman sifarişçi "xxxx" MMC-nin vəzifə üzrə ödədiyi pul vəsaitini mənimsəyərək iddiaçıya çatacaq əmək haqqı və digər işlədiyi əlavə saatlar üzrə nəzərdə tutulan pul vəsaitini ödəməkdən boyun qaçırmışdır.
7. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakim A.Novruzova, iş № 2(005)-155/22) iddia rədd edilmişdir.
8. Məhkəmə iddiaçının mövcud iddia tələbi üzrə qanunla müəyyən edilmiş iddia müddətini ötürdüyünü və cavabdehin mübahisəyə iddia müddətinin tətbiq olunmasını xahiş etdiyini nəzərə alaraq iş üzrə iddia müddətini tətbiq etməklə mövcud iddia tələbinin rədd edilməsi qənaətinə gəlmişdir.
9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 5-ci hissəsi, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 dekabr 2001-ci il tarixli Qərarı ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri
10. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin elan etdiyi qətnaməyə nəzər salarkən məhkəmənin şirkət tərəfindən öz işçisinə vurduğu maddi, mənəvi zərərin ödənilməsi öhdəliyi qoymadan, hətta cavabdeh tərəfin əməllərində olan qanuna zidd mənimsəmə faktlarını nəzərə almadan kobud pozuntu ilə nəticələnən qətnamə elan etmişdir. Məhkəmə eyni zamanda işin obyektiv araşdırılmasına xidmət edən müvafiq sənədlərin tələb olunması ilə bağlı sorğuya qarşı cavabdehin laqeydlıik etməsi məsələsinə düzgün qiymət verməmiş, işin bu vacib hallarını araşdırmadan, natamam məhkəmə araşdırmasına əsaslanan qətnamə elan etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. İddiaçı və nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.
14. Cavabdehin nümayəndəsi apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi.
15. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq 3-cü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməyin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə digər onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Əmək Məcəlləsi
16. Maddə 3. Əmək müqaviləsi işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir;
17. Maddə 42, hissə1. Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz;
18. Maddə 45, hissə 4. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır;
19. Maddə 47. Əmək funksiyasının xüsusiyyətlərinə, onun icrasının şərtlərinə, müddətinə görə işlərin (xidmətlərin) daimi xarakter daşımadığı və s. hallarda əmək müqaviləsi müddətli bağlanıla bilər;
20. Maddə 287. Fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır;
21. Maddə 288. Fərdi əmək mübahisələrinin predmetinə daxil olan hallardan biri də əmək müqaviləsinin ləğv olunması ilə bağlı işçi ilə işəgötürən arasında yaranan mübahisələrdir;
22. Maddə 292. İşçi bu Məcəllənin 288-ci maddəsində göstərilmiş məsələlərlə bağlı hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, həmin Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara və ya məhkəməyə müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər.
23. Maddə 296, hissə 4. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir.
24. Maddə 296, hissə 5. İşəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər.
Apellyasiya baxışının hədləri
25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
26. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən mübahisələndirildiyindən qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır və qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
28. İşdən mübahisəsiz qaydada müəyyən edilir ki, iddiaçı Cavabdeh MMC-yə xx.xx.2018-ci il tarixdə işə qəbul edilmiş, xx.xx.2020-ci il tarixli, 20-97/K saylı əmrlə əmək müqaviləsinin müddəti bitdiyinə görə işdən azad edilmişdir. İddiaçının hazırkı tələbi maddi ziyanın ödənilməsi barədədir. Əmək qanunvericiliyinə əsasən işçi işəgötürən tərəfindən ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar məhkəməyə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. Baxılan iş üzrə iddiaçı 1 ildən artıq müddət keçdikdən sonra məhkəmədə iddia qaldırmış, cavabdeh isə iddia müddətinin tətbiqi barədə ərizə vermişdir.
29. Birinci instansiya məhkəməsi iddia müddətinin ötürüldüyünü müəyyən edərək haqlı olaraq iddianın rədd olunması qənaətinə gəlmişdir.
30. Məhkəmə kollegiyası bununla yanaşı işin araşdırılan hallarına əsasən cavabdehin iddiaçı qarşısında yerinə yetirilməmiş hər hansı öhdəliyinin (ödənilməmiş əmək haqqı, məzunuyyər pulu və s.) olmasını da müəyyən etmədi.
31. Qeyd edilənlərə əsasən Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir.
32. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizə xarakterli dəlillər sayaraq hesab edir ki, MPM-nin 385.2-ci maddəsinin tələbinə əsasən həmin dəlillər faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz.
33. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
İddiaçı apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin iş üzrə 17 iyun 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.