Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5807/2021 10.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi (vəkili) Vəkil1 və cavabdehin nümayəndəsi Vəkil2 iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə 22.10.2019-cu il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh MMCdən onun xeyrinə tərəfindən ödənilmiş olan 22314 manat pulun, mənəvi zərərin əvəzi olaraq 50000 manat məbləğində pulun, eyni zamanda ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh MMC qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, tərəflər arasında bağlanmış 26.12.2017-ci il tarixli, 2380 saylı alqı-satqı müqaviləsinin ləğv edilməsi, müqavilənin predmeti olan “GAC GS 4 AT” markalı, tip universal, buraxılış ili 2016, rəngi ağ, **-PN-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə görə 10 ay üzrə ödənilməmiş 6700 manat əsas borcun, ilk bir ay ərzində ödənişi gecikdirilmiş hər günə görə gecikmə məbləğinin 1% həcmində 201 manat, növbəti 9 ay ərzində ödənişi gecikdirilmiş hər günə görə gecikmə məbləğinin 2% həcmində 3618 manat, cəmi 10519 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı alınaraq Cavabdeh MMC-yə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakim G.Axundova, iş № 2(004)-83/21) ilkin iddia rədd edilmiş, qarşılıqlı iddia qismən təmin olunmuş, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış 26.12.2017-ci il tarixli, 2380 saylı alqı-satqı müqaviləsinin ləğv edilməsi, cavabdeh İddiaçı 26.12.2017-ci il tarixli, 2380 saylı alqı-satqı müqaviləsi üzrə 6700 manat əsas borc, 300 manat cərimə olmaqla, cəmi 7000 (yeddi min) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pulun Cavabdeh MMC-nin xeyrinə tutulması qət edilmiş, qarşılıqlı iddia tələbi qalan hissədə təmin olunmamışdır. İlk iddiaçı qətnamədən narazı qalaraq apellyasiya şikayəti vermişdir. İşin halları: İddiaçı tələbini belə əsaslandırmışdır ki, Cavabdeh MMC-nin direktoru Mehmet Coşkun ilə iddiaçı arasında 26 dekabr 2017-ci il tarixli, 2380 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən Cavabdeh MMC-yə məxsus olan ağ rəngli, ** PN *** dövlət nömrə nişanlı, “GAC GS 4 AT” markalı avtomobil alqı-satqı müqaviləsinə əsasən iddiaçıya verilmişdir. Onlar tərəfindən 25.12.2017-ci il tarixdə ilkin ödəniş olaraq 12118 AZN, nömrə üçün 365 AZN, icbari sığorta üçün 60 AZN, kasko üçün isə 245 AZN məbləğində ödəniş edilib. Bundan sonra isə aylara uyğun olaraq müvafiq olaraq 2018-ci ilin yanvar ayı üçün 800 AZN, mart ayı üçün 700 AZN, eynilə mart ayında 680 AZN, may ayı üçün 600 AZN, yenə may ayında 650 AZN, iyun ayı üçün 504 AZN, iyul ayı üçün 700 AZN, avqust ayı üçün 600 AZN, sentyabr ayı üçün 550 AZN, oktyabr ayı üçün 150 AZN, dekabr ayı üçün 700 AZN, dekabr ayı üçün 680 AZN ödənilmişdir. Avtomobil ilk günlərdən problemli olmuş və bunun nəticəsində dəfələrlə “Sirena" MMC-yə müraciət edilmişdir. Bunun əvəzində “GAC” istehsal edən zavodla danışıqlar aparıldığı bildirilmişdir. Lakin həmin zavoda e-mail vasitəsilə məlumat əldə etmək üçün yazdıqda, zavodun bununla bağlı müraciətlərinə qədər hər-hansı məlumatının olmaması ortaya çıxmışdır. Tərəfimizdən dəfələrlə edilən ödənişin geri qaytarılması tələb edilsə də, Cavabdeh MMC tərəfindən heç bir real addım atılmamışdır. Qarşılıqlı iddia tələbi belə əsaslandırılmışdır ki, Cavabdeh MMC tərəfindən cavabdehlə 26.12.2017-ci il tarixli, 2380 saylı alğı-satqı müqaviləsi üzrə ümumi qiyməti 44278 manat olan avtomobilin dəyərini ilkin ödəniş 12118 manat olmaqla, 48 ay ərzində hər ay 670 manat olmaqla ödənilməsi razılaşdırılmışdır. Avtomobil satılarkən Cavabdeh MMC distributor olaraq özü və yaxud onun rəsmi dilleri tərəfindən satılan “Gac” markalı minik avtomobillərinə 5 il və ya 120000 km zəmanət verir. İddiaçı faktiki olaraq avtomobili dekabr ayınadək idarə etmişdir. Sonradan avtomobili motorunda problem olması bəhanəsilə cəmiyyətin servisinə gətirmişdir. Avtomobildə xırda nasazlıqların olması məlum olmuşdur. İddiaçı açarı özü ilə apardığından avtomobilə baxış keçirilməsi mümkün olmamışdır. O, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Antiinsar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciət etmişdir. Cəmiyyət avtomobilin nasaz hissələrinin quraşdırılması üçün İddiaçı iştirakının lazım olmasını və hissələrinin zəmanətə daxil olduğuna görə protokol üzrə quraşdırılması bildirilmiş, bu barədə İddiaçı dəvət məktubu göndərilmiş, eyni zamanda telefon əlaqəsi saxlanılmışdır. Lakin bütün bunlara baxmayaraq İddiaçı gəlməkdən imtina etmiş və əsassız olaraq pulu geri tələb etmişdir. Əlavə olaraq bildirir ki, avtomobil işlək vəziyyətdədir və iddia edildiyi kimi ciddi problemlər aşkar edilməmişdir. Hazırda iddiaçının 6700 manat əsas, 3819 manat cərimə borcu olmaqla ümumilikdə 10519 manat borcu vardır. Cavabdeh borcunu ödəməkdən bilərək yayınır. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İlk iddiaçı apellyasiya şikayətində iddia ərizəsində qeyd olunanlara əlavə olaraq göstərmişdir ki, bir ildə cəmi 5000 km sürülən avtomobilə görə pul ödənilmiş, daha sonra nəqliyyat vasitəsi şirkətin təklifi ilə servisə təhvil verilmişdir ki, guya düzələcək və bildiilir ki, pulun ödənişini saxlayın. Belə olan təqdirdə nə üçün şirkət düzəlməyən, sürülməsi mümkün olmayan, istifadə edilməyən nəqliyyat vasitəsinə görə ayılq ödəməli, hələ bir gecikməyə görə faiz və ekspertiza xərci ödəməlidir. Şirkət özü bildirmişdir ki, avtomobili servisə təhvil ver, ödəniş etmə. Nəqliyyat vasitəsi zavodun qüsuruna görə xarabdır, şirkətin səhlənkarlığı və məsuliyyətsizliyinə görə düzəlmir, ötürücü qutuya zəmanət verilib, amma alıcı buna görə aylıq pul ödəməli və faiz verməlidir. Bu hansı qanunla və məntiqlə izah olunur, buna dair heç bir araşdırma aparılmamışdır. İddiaçı və onun nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdilər və təmin olunmasını xahiş etdilər. Cavabdehin nümayəndəsi apellyasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin iş üzrə 16 mart 2021-ci il tarixli qətnaməsi ləğv edilərək ilkin iddia qismən təmin, qarşılıqlı iddia isə rədd olunmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları qeyd edir. İşin məhkəmə tərəfindən müəyyən olunan halları odur ki, tərəflər arasında alqı-satqı müqaviləsi bağlanaraq “GAC GS 4 AT” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli, 2016-cı il buraxılışlı avtomobil İddiaçı satılmışdır. İddiaçı avtomobildə nasazlıq aşkar etdiyini və bu səbəbdən geri qaytarmaq isədiyini bildirir və ödədiyi 22314 manat pulun və mənəvi zərərin əvəzi olaraq 50000 manatın cavabdehdən onun xeyrinə tutulmasını tələb edir. Cavabdeh isə qarşılıqlı iddiasında 26.12.2017-ci il tarixli alqı-satqı müqaviləsinin ləğv edilməsini, avtomobilə görə 10 ay üzrə ödənilməmiş 6700 manat əsas borcun, ilk bir ay ərzində ödənişi gecikdirilmiş hər günə görə gecikmə məbləğinin 1% həcmində 201 manat, növbəti 9 ay ərzində ödənişi gecikdirilmiş hər günə görə gecikmə məbləğinin 2% həcmində 3618 manat, cəmi 10519 manat pulun İddiaçı alınaraq Cavabdeh MMC-yə ödənilməsini tələb etmişdir. Birinci instansiya məhkəməsi ilk iddianı rədd, qarşılıqlı iddianı isə qismən təmin etmiş və mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı avtomobildə nasazlıqların olmasını əsas gətirərək avtomobili geri qaytarmaq istəmiş, lakin Cavabdeh MMC-nin nasazlıqların aradan qaldırılması ilə bağlı təklifi ilə razılaşmamışdır. İlkin iddia üzrə iddiaçı cavabdeh tərəfindən ona qüsurlu avtomobil verildiyini iddia etsə də bu halı sübut edə bilməmişdir. İddiaçı avtomobil üçün müqavilə üzrə borcu tam ödəməyərək öhdəlik münasibətlərini pozmuşdur. Bununla da Cavabdeh MMC-nin tələbetmə hüququ yaranmışdır. Məhkəmə iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 600.1, 601.1-ci və s. maddələri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası aşağıdakılara görə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmır. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, 19 yanvar 2019-cu ildə iddiaçı mübahisəli avtomobili cavabdehə məxsus servisə təhvil vermişdir. Hər iki tərəf məhkəmə kollegiyasının iclasında bu halı təsdiq etmişdir. Eyni zamanda cavabdeh MMCnin nümayəndəsi bildirmişdir ki, avtomobil həmin vaxtdan etibarən MMC-dədir və A.Habibaya qaytarılmamışdır. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh MMC avtomobilin dəyərinin ödənilməmiş hissəsinin geri qaytarılmasını tələb etməkdə haqlı olmamışdır. Belə ki, avtomobil 19 yanvar 2019-cu ildən etibarən iddiaçıda olmamaış və iddiaçı müqavilə şərtlərinə uyğun olaraq ondan istifadə etməmiş, faydalanmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyini əsassız, apellyasiya şikayətinin dəlillərini isə əsaslı sayaraq qeyd edir ki, tərəflər arasında bağlanmış müddətli alqı-satqı müqaviləsi öz məzmununa görə faktiki olaraq nisyə alqı-satqı müqaviləsi xarakterini daşıyır. Müqavilədə avtomobilin dəyərinin ödənilmə müddəti, onun hissə-hissə ödənilməsi şərtləri, ödəniş qaydası, müddətləri və məbləğləri konkret olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404.1, 404.2-ci maddələrinin tələblərinə görə müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün mühüm hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, mövcud mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin nisyə alqı-satqı münasibətlərini tənzimləyən 600-cü maddəsi tətbiq olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Göründüyü kimi, tərəflər arasında bağlanmış müqavilədə avtomobilin dəyərinin ödənilmə müddəti, onun hissə-hissə ödənilməsi şərtləri, ödəniş qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuşdur. Belə olan halda, hazırkı mübahisə Mülki Məcəllənin 600.2-600.5-ci maddələrinin tətbiq dairəsinə aiddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göründüyü kimi, iddiaçı alıcı olaraq təhvil aldığı əşyanın dəyərini nəzərdə tutulan müddətdə ödəmə vəzifəsini icra etməmiş (əşyanın nasazlığı səbəbindən), müəyyən müddət ödənişlər apardıqdan sonra ödənişi dayandırmışdır. 19.01.2019-cu il tarixdə isə avtomobili MMC-yə təhvil vermişdir. Həmin vaxtdan etibarən avtomobil MMC-dədir. Hazırda MMC avtomobili təhvil aldıqdan, yəni 19.01.2019-cu il tarixdən sonrakı dövr üçün aylıq ödənişlərin iddiaçı tərəfindən ona ödənilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.4-cü maddəsi bu kimi hallarda satıcıya, hazırkı vəziyyətdə MMC-yə iki alternativ hüquq müəyyən etmişdir: 1) satıcı verilmiş əşyanın ödənilməsini tələb edə bilər. 2) ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, MMC hazırkı vəziyyətdə avtomobili təhvil almış, bununla da, iddiaçıya qarşı əşyanın qaytarılmasını tələb etmək hüququnu reallaşdırmışdır. Bu səbəbdən də o, avtomobilin dəyərinin ödənilməmiş hissəsini ilk iddiaçıdan tələb etməkdə haqlı olmamışdır. İlk iddia tələbinə aid hissədə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Məhkəmə iclasında cavabdeh MMC-nin nümayəndəsi verdiyi izahatında bildirmişdir ki, avtomobili təmir etdikdən sonra başqa şəxsə satmışlar. Məhkəmə kollegiyası ilk öncə bildirir ki, iddiaçı ilə MMC arasında bağlanmış alqı-satqı müqaviləsi hazırda qüvvədədir. Belə ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsi ilə müqavilə ləğv edilmişdir ki, hazırda həmin qətnamədən şikayətə baxılır. Belə olan halda, digər şəxslə alqı-satqı müqaviləsi bağlana bilməzdi. Göründüyü kimi, MMC iddiaçının hüquqlarını pozaraq müqavilə ləğv edilmədiyi halda və iddiaçıya heç bir xəbər vermədən avtomobili özgəninkiləşdirmişdir. Bundan başqa, iddiaçı avtomobilin ona qüsurlu satıldığını, cəmi 5000 km sürüldüyünü bildirmiş və bu səbəbdən də MMC-yə dəfələrlə müraciət etdiyini göstərmişdir. Cavabdeh MMC-nin nümayəndəsi isə iddiaçıya yeni avtomobil təklif edildiyini, müqavilə predmeti olan avtomobili isə təmir etdirdikdən sonra satdıqlarını bildirmişdir. Beləliklə, cavabdeh tərəfin izahatının məzmunundan avtomobilin qüsurlu olduğu bir daha müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, ilk iddia qismən təmin edilməli, Cavabdeh MMCdən İddiaçı xeyrinə 26 dekabr 2017-ci il tarixli alqı-satqı müqaviləsi üzrə ödənilmiş ilkin ödəniş, yəni 12118 manat tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. İddiaçının mənəvi zərərin ödənilməsi ilə bağlı tələbinə münasibətdə qeyd edilir ki, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №li qərarının 1-ci bəndində göstərilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər. Həmin Qərarın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadan gəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixireaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibb sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığa xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Göründüyü kimi, ilk iddia mənəvi zərərin vurulması hissəsində sübuta yetirilməmiş, mənəvi zərərin nədə ifadə olunması müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İlk iddia qismən təmin edilsin. 12 118 (on iki min yüz on səkkiz) manat pul vəsaiti Cavabdeh MMC-dən İddiaçı xeyrinə tutulsun. İlk iddia qalan hissədə təmin olunmasın. Qarşılıqlı iddia təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov
Məhkəmə qərarları › İş №2(103)-5807/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5807/2021
10.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver