Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5829/2020 25.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi: Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, nümayəndəsi və vəkili X9, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 nümayəndəsi və vəkili X1 iştirakları ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsininxx xxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh X6 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0.03 ha olan torpaq sahəsinin, Bakı şəhəri, Səbail rayonu, 10-cu Kiçik Qala küçəsi, ev 11 ünvanında yerləşən ümumi sahəsi 72.3 kv.m olan fərdi yaşayış evinin, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, İstiqlal küçəsi, ev 10 ünvanında yerləşən ümumi sahəsi 69.9 kv.m olan fərdi yaşayış evinin və Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Sahə 126 D ünvanında yerləşən ümumi sahəsi 0.12 ha olan torpaq sahəsinin onun adına 1/2 hissəsini hədiyyə olaraq aldatma yolu ilə bağlanmış yalançı əqdlərin etibarsız hesab edilərək ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iş üzrə Cavabdeh iddiaçının doğma bacısıdır. Atası X7 xx xxxxxx 2014-cü il tarixdə kəskin ürək çatmamazlığından vəfat etmiş, anası isə xx xxxxxxxx 2017-ci il tarixdə digər formalı beyin infarktından vəfat etmişdir. Hər iki valideyninin hüzür mərasimini iddiaçı bir oğul kimi yola vermişdir. Valideynləri vəfat etdikdən sonra onlara məxsus xeyli mülkləri, əmlakları qalmışdır. Bacısı iddiaçını aldadaraq ondan xahiş etmişdir ki, iddiaçı özünə məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0.03 ha olan torpaq sahəsinin, Bakı şəhəri, Səbail rayonu, 10-cu Kiçik Qala küçəsi, ev 11 ünvanında yerləşən ümumi sahəsi 72.3 kv.m olan fərdi yaşayış evinin, Bakı şəhəri Xəzər rayonu, Mərdəkan qəsəbəsi, İstiqlal küçəsi, ev 10 ünvanında yerləşən ümumi sahəsi 69.9 kv.m olan fərdi yaşayış evinin və Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Sahə 126 D ünvanında yerləşən ümumi sahəsi 0.12 ha olan torpaq sahəsinin ½ hissəsini bağışlama yolu ilə onun adına keçirsin və bacısı da sonra eyni bağışlama yolu ilə Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi, 3-cü yaşayış massivindəki yaşayış evini və neçə ildir ki, iddiaçının ailəsi ilə birlikdə yaşadığı ünvan 4 ünvanının onun adına 1/2 hissəsini hədiyyə olaraq müqavilə bağlayacaqdır. Cavabdeh iddiaçının bacısı olduğundan ona inanmışdır. Lakin iddiaçı cavabdehin adına daşınmaz əmlakın bağışlanması müqaviləsini icra etdikdən sonra, cavabdehə dəfələrlə onun da adına iki ədəd mülkün keçirilməsini xahiş etsə də, cavabdeh bunu etməmişdir. Eyni zamanda cavabdeh ona hədə qorxu gələrək, yaşadığı evi də onun əlindən alacağını bildirmişdir. Bundan əlavə bildirir ki, anası rəhmətə gedəndə, o, onun yanında olmuşdur və anasının yatdığı yaştığın altından 55 000 ABŞ dolları və külli miqdarda qızıl, brilliyantlar çıxmışdır. O, anasına məxsus bütün qızıl-zinət əşyalarını bacısına vermiş, pulu isə yarı hissəyə özünün və bacının arasında bölmüşdür. Bütün bunlara baxmayaraq, cavabdeh acgözlüyündən valideynlərindən qalan əmlakların hamısını ələ keçirtmək istəyir. O, cavabdehin bu hərəkətləri nəticəsində özünə qəsd etmək istəmiş, lakin ailəsini, uşağını gözünün qabağına gətirib, bunu etməmişdir. Göstərilənlərə əsasən yuxarıda qeyd olunan bağışlama müqavilələrinin etibarsız hesab edilərək, ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx xxxxxx 2020-cu il tarixdə iddiaçı məhkəməyə iddia ərizəsinə əlavə ünvanlayaraq, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən, ümumi sahəsi 0.03 ha olan torpaq sahəsinə dair xx xxx 2018-ci il tarixdə 53 saylı notariat kontorunda bağlanmış bağışlama müqaviləsinin; Bakı şəhəri, Səbail rayonu, 10-cu Kiçik Qala küçəsindəki 11 saylı evə dair xx xxx 2018-ci il tarixdə 53 saylı notariat kontorunda bağlanmış bağışlama müqaviləsinin; Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, İstiqlal küçəsindəki 10 saylı evə dair xx xxx 2018-ci il tarixdə bağlanmış bağışlama müqaviləsinin; Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, sahə 126 D ünvanında yerləşən 0,12 ha torpaq sahəsinə dair xx xxx 2018-ci il tarixdə bağlanmış bağışlama müqavilələrinin etibarsız hesab olunması barədə qənamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsinə əlavəni onunla əsaslandırmışdır ki, cavabdehlə aralarında mərhum valideynlərindən miras qalmış ½ paylı mülkiyyət hüququna malik olduqları aşağıdakı daşınmaz əmlaklar mövcuddur: Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində 0.03 ha torpaq sahəsi; Bakı şəhəri, Səbail rayonu, 10-cu Kiçik Qala küçəsi, ümumi sahəsi 72,3 kv.m. olan 11 saylı ev; Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, İstiqlal küçəsində ümumi sahəsi 69,9 kv.m. olan 10 saylı yaşayış evi; Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, sahə 126 D ünvanında yerləşən ümumi sahəsi 0,12 ha torpaq sahəsi; Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivindəki yaşayış evi; Bakı şəhəri, Nərimanov rayonu, X16 küçəsi, ev 11B, mənzil 30. Valideynləri vəfat etdikdən sonra onlardan miras qalmış göstərilən daşınmaz əmlaklara cavabdehlə o, hər biri ½ paylı mülkiyyət hüququna malik olmuşlar. Həmin əmlaklarda olan payları üzrə ayrı-ayrı mülkiyyət sənədi almaq qərarına gəlmişlər. O, cavabdeh olan bacısı Günellə razılığa gəlmişdir ki, cavabdeh onun ailəsi ilə yaşadığı Badamdar qəsəbəsi, 3-cü yaşayış massivindəki yaşayış evini və Bakı şəhəri, Nərimanov rayonu, X16 küçəsindəki 11B saylı evin 10-cu mənzilində olan öz payını iddiaçıya bağışlayır, iddiaçı isə dörd ünvanda olan daşınmaz əmlaklarda olan payını bacısına bağışlayır. Bu danışıq və razılaşmaları barədə danışıq diski məhkəməyə təqdim olunmuş və dinlənilmişdir. Cavabdeh doğma bacısı olduğundan, ona olan inam və etibara əsaslanaraq, dörd ünvanda olan daşınmaz əmlaklarda ½ payını notarius vasitəsilə cavabdehə bağışlamışdır. Sonra iddiaçının istifadəsində olan iki ünvanda olan ½ pay hüququnu cavabdeh ona bağışlamaqdan imtina etdi və bildirdi ki, guya onlar arasında elə bir razılaşma olmamışdır. O zaman iddiaçıya məlum olmuşdur ki, cavabdeh olan bacısı onu aldatmışdır. Hesab edir ki, cavabdeh onu aldatmaqla daşınmaz əmlaklara olan onun ½ mülkiyyət payını bağışlama yolu ilə ələ keçirməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.1, 337, 339.2, 339.3-cü maddələrinin tələblərinə ziddir. Məhkəmə iddiaçının iddia ərizəsinə əlavə barədə xahişini mümkün hesab etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsininxx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, İddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri 53 saylı notariat ofisində bağlanmış aşağıdakı müqavilələr: xx xxx 2018-ci il tarixli Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən ümumi sahəsi 0.03 ha olan torpaq sahəsinin bağışlanma müqaviləsi; xx xxx 2018-ci il tarixli Bakı şəhəri, Səbail rayonu, 10-cu Kiçik Qala küçəsi, 11 saylı evin bağışlanma müqaviləsi; xx xxx 2018-ci il tarixli Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, İstiqlal küçəsi, 10 saylı evin bağışlanma müqaviləsi; xx xxxx 2018-ci il tarixli Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Sahə 126 D ünvanında yerləşən ümumi sahəsi 0.12 ha olan torpaq sahəsinin bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh X6 apelasiyya sikayəti verərək, Bakı şəhəri Səbail Rayon Məkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(009)-425/2020 sayli qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Ona görə də, apellyator hesab etmişdir ki, birinci instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməlidir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmuş Bakı şəhəri 53 saylı notariat kontoruna məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin notarius məhkəməyə ərizə ünvanlayaraq işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası işə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri 53 saylı notariat kontorunun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin olunmasını, Bakı şəhəri Səbail Rayon Məhkəməsininxx xxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi Nümayəndə, nümayəndəsi və vəkili X13 izahat verərək, apellyasiya şikayəti ilə razı olmadıqlarını, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmuş X5 nümayəndəsi və vəkili X3 bildirdi ki, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, sahə 126 D ünvanında yerləşən ümumi sahəsi 0,12 ha torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrindən ********** saylı, xx.xx.2019-cu il tarixli çıxarışa əsasən xüsusi mülkiyyət hüququ ilə X5 adına qeydiyyata alınmışdır. Həmin torpaq sahəsində X10 tərəfindən fərdi yaşayış evi inşa edilmiş və xx.xx.2020-ci il tarixdə həmin evə dair daşınmaz əmlakın dövlət reyestrindən ********** saylı çıxarış alınmışdır. P.R.Bağırova həmin torpaq sahəsinin vicdanlı alıcısıdır. İddia tələbi P.R.Bağırovaya məxsus torpaq sahəsinə aid hissədə təmin olunduqda belə, həmin daşınmaz əmlak P.R.Bağırovadan alına bilməz. Belə ki, mülki qanunvericiliyin tələbinə görə hədiyyə alan ancaq onun mülkiyyətində olan hədiyyəni qaytarmağa borcludur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kolegiyasi hesab edir ki, iddianin predmeti bölunməz olduğundan və apellyasiya sikayəti qətnamənin ləğvinə yönəldildiyindən qətnamə tam yoxlanılmalıdir. Apellyasiya sikayətinin və apellyasiya sikayətinə qarşı verilmiş etirazin dəlillərini, is materiallarında olan sübutlari və tərəflərin apellyasiya icraaatında verdikləri izahatları muzakirə edib, apellyasiya instansiyası məhkəmə kollegiyasi hesab edir ki, apellyasiya şikayəti təmin edilməli və qətnamə ləğv edilib, iddia rədd edilməlidir. İşin mübahisəsiz halı ondan ibarətdir ki, tərəflər bacı-qardaşdırlar. Onların ataları xx xxxxxx 2014-cü ildə, anaları xx xxxxxxxx 2017-ci ildə ölmüşdür. Tərəflərin valideynlərindən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində 0.03 ha torpaq sahəsi; Bakı şəhəri, Səbail rayonu, 10-cu Kiçik Qala küçəsi, ümumi sahəsi 72,3 kv.m. olan 11 saylı ev; Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, İstiqlal küçəsində ümumi sahəsi 69,9 kv.m. olan 10 saylı yaşayış evi; Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, sahə 126 D ünvanında yerləşən ümumi sahəsi 0,12 ha torpaq sahəsi; Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivindəki yaşayış evi; Bakı şəhəri, Nərimanov rayonu, X16 küçəsi, ev 11B, mənzil 30 miras qalmışdır.Tərəflər valideynlərindən miras qalmış Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində 0.03 ha torpaq sahəsi; Bakı şəhəri, Səbail rayonu, 10-cu Kiçik Qala küçəsi, ümumi sahəsi 72,3 kv.m. olan 11 saylı ev; Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, İstiqlal küçəsində ümumi sahəsi 69,9 kv.m. olan 10 saylı yaşayış evi; Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, sahə 126 D ünvanında yerləşən ümumi sahəsi 0,12 ha torpaq sahəsi barədə bərabər paylarda qanun uzrə vərəsəlik şəhadətnaməsi alaraq huquqlarını rəsmiləşdirib, ½ hissədə hər biri reyestrdən cıxarış almışdır. Digər iki əmlak Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivindəki yaşayış evi və Bakı şəhəri, Nərimanov rayonu, X16 küçəsi, ev 11B, mənzil 30 barədə vərəsəlik işi açılmamış və paylar müəyyən olunmamışdır. İşin mubahisəsiz halı həmçinin ondan ibarətdir ki, İddiaçı xx xxxx 2018-ci il tarixli, 4Ə-735 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsilə Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, sahə 126 D ünvanında yerləşən ümumi sahəsi 0,12 ha olan torpaq sahəsinin paylı mülkiyyət üzrə ona məxsus ½ hissəsini, xx xxx 2018-ci il tarixli, 4Ə- 474 reyestr nömrəli dasinmaz əmlakın bağışlanmasi müqaviləsilə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, İstiqlal küçəsi, ev 10 ünvanında ümumi sahəsi 69,9 kv. olan fə rdi yaşayış evinin paylı mülkiyyət üzrə ona məxsus ½ hissə, 34,95 kv.m-ni,xx xxx 2018-ci il tarixli, 4Ə-475 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsilə Bakı şəhəri, Səbail rayonu, 10-cu Kiçik Qala küçəsi, ev 11 ünvanında yerləşən ümumi sahəsi 72.3 kv.m olan fərdi yaşayış evinin paylı mülkiyyət üzrə ona məxsus 1/4 hissəni, xx xxx 2018-ci il tarixli 4Ə-473 reyestr nömrəli daşınmaz əmlakın bağışlınılması müqaviləsilə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi ünvanında yerləşən umumi sahəsi 0,03 ha olan torpaq sahəsinin tam mulkiyyət huququ ilə ona məxsus ½ hissə olan 0,015 ha-nı Cavabdeh bağışlamışdır. Bağilama muqavilələrindən sonra X6 yuxarda qeyd edilən əmlaklar uzərində tam mülkiyyət huquqlarını rəsmiləşdirərək reyestrdən çıxarışlar almış və bundan sonra mulkiyətində olan əmlaklardan biri olan Bakı şəhəri, Xəzər rayon Qala qəsəbəsi 126 D saylı sahəni xx xxx 2019-cu il tarixli alqı-satqı müqaviləsi əsasında X2 və həmin əmlak xx xxx 2019-cu il tarixdə onun adına qeydiyyata alınmışdır.İddianı təmin edən birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmısdır ki,Mülki Məcəllədə nəzərdə tutulan müqavilə növlərindən biri bağışlama müqaviləsidir. Bağışlama müqaviləsi mövcud olan əqdlərdən biri olmaqla əmlaka mülkiyyət hüququnun və ya bəzi əmlak hüquqlarının hədiyyə verəndən hədiyyə alana keçməsində ifadə olunur. Bir qayda olaraq, bağışlama müqaviləsini bağlamaq niyyəti hədiyyə verən və hədiyyə alan arasında yaranmış şəxsi münasibətlərin təsiri altında yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1.2-ci maddəsinə əsasən hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda hədiyyə verən bağışlamaqdan imtina edə bilər. Qeyd olunan normanın məzmunu və mahiyyətindən göründüyü kimi, qanunverici bağışlama müqaviləsinin ləğv edilməsinin əsaslarından biri kimi hədiyyə alanın ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozmasını nəzərdə tutulmuşdur. Normadan aydın olur ki, iddiaçının bağışlamadan imtina tələbi ilə çıxış edə bilməsi üçün üç şərtin gerçəkləşməsi zəruridir: hədiyyə alan ilə hədiyyə verən arasında ailə hüquq münasibətlərinin mövcud olması, hədiyyə alanın üzərinə sözügedən hüquq münasibətlərinə uyğun olaraq bu və ya digər vəzifənin qoyulması və hədiyyə alanın həmin vəzifələri kobudcasına pozması. Mübahisələndirilən müqavilələrin bağlanmasının təşəbbüskarı cavabdeh olmuş, həmin danışıqlarda cavabdeh iddiaçının ona bağışlayacağı 4 mülkün qarşılığında iki mülkün: Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivindəki yaşayış evinin və Bakı şəhəri, Nərimanov rayonu, X16 küçəsi, ev 11 B, mənzil 30 ünvanında olan mənzilin özünə düşən payını qardaşına bağışlayacağı vədini vermiş, lakin bağışlama müqavilələri baştutandan sonra cavabdeh həmin vədi yerinə yetirməmişdir, qeyd olunan hal isə mübahisələndirilən bağışlama müqavilələrinin etibarsızlığı üçün əsasdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin həmin mövqeyi ilə aşağıda göstərilənlərə əsasən razılaşmaq olmaz. Məhkəmə kollegiyası ilk olaraq Mülki Məcəllənin bir sıra müddəalarına diqqət yetirilməsini zəruri hesab edir. Mülki münasibətlərdən hüquq və vəzifələrin əmələ gəlməsi bilavasitə müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) olmalıdır. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Mülki hüquqla tənzimlənən münasibətlər sahəsində tətbiq olunan müqavilələr mülki hüquqi müqavilələr anlayışı ilə əhatə olunur və hüquqi fakt, müqavilə öhdəliyi, sənəd mənasında işlədilir. Mülki Məcəllənin 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Qeyd edilməlidir ki, Mülki Məcəllənin 390-cı maddəsində müəyyən edilən müqavilə azadlığı Azərbaycan Respublikası Konstitusiyasının 29-cu və həmin Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət hüququnun reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Qeyd olunan normalarda şəxslərin azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Mülki Məcəllədə nəzərdə tutulan müqavilə növlərindən biri bağışlama müqaviləsidir. Bağışlama müqaviləsi mövcud olan əqdlərdən biri olmaqla əmlaka mülkiyyət hüququnun və ya bəzi əmlak hüquqlarının hədiyyə verəndən hədiyyə alana keçməsində ifadə olunur. Bir qayda olaraq, bağışlama müqaviləsini bağlamaq niyyəti hədiyyə verən və hədiyyə alan arasında yaranmış şəxsi münasibətlərin təsiri altında yaranır. Mülki Məcəllənin 666.1-ci maddəsinə görə bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul olunduğu ehtimal olunur. Bağışlama müqaviləsinin aşağıdakı xüsusiyyətlərini fərqləndirmək mümkündür: bağışlama müqaviləsi əvəzsiz müqavilədir, yəni hədiyyə verənin təmənnasız iradə ifadəsinə əsaslanır və onun bəhrələnməsi istisna edilir; hədiyyə alanın əmlakı artır; hədiyyə alanın əmlakının artımı hədiyyə verənin əmlakının azalması nəticəsində əmələ gəlir; hədiyyə verənin hədiyyəni bağışlamaq niyyəti olur; hədiyyə alanın hədiyyəni qəbul etməyə razılığı olur. Bu müqavilənin predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. Mənəvi və ya əxlaqi borcun icrası bağışlama sayılmır (Mülki Məcəllənin 666.2 və 666.3-cü maddələri). Mülki qanunvericilikdə bağışlama müqaviləsinin real və konsensual formaları vardır. Hədiyyə verən hədiyyəni bağışlamaqla hədiyyə alanı zənginləşdirdikdə bağışlama müqaviləsi real müqavilə hesab olunur, yəni bu müqavilənin bağlanması barədə razılıq əldə olunmaqla yanaşı əmlak və ya əmlak hüquqları verilir (Mülki Məcəllənin 666.1-ci maddəsi). Hədiyyə verən hədiyyə alana gələcəkdə hədiyyəni bağışlamaq vədi verdiyi halda isə bağışlama müqaviləsinin konsensual forması mövcud olur (Mülki Məcəllənin 668.1.5-ci maddəsi). Yuxarıda qeyd olunan normalardan görünür ki, Mülki Məcəllədə tərəflər arasında bağışlama müqaviləsinin hədiyyə verənin sağlığında bağlanması nəzərdə tutulur. Hədiyyə verənin ölümündən sonra, hətta notarial qaydada təsdiq olunmuş bağışlama müqaviləsi olduqda belə, hədiyyə alanın əmlaka mülkiyyət hüquqlarının və bağışlama müqaviləsinin dövlət qeydiyyatına yol verilmir. Vərəsəlik hüququ normalarıilə kolliziya yaratmamaq məqsədi ilə mülki qanunvericilik imperativ qaydada hədiyyə verənin ölümündən sonra bağışlama barədə vəd müqaviləsinin bağlanılmasını, hədiyyənin hədiyyə verənin ölümündən sonra hədiyyə alana keçməsini qadağan edir və belə müqavilələr əhəmiyyətsiz hesab edilir. Bu növ bağışlamaya mülki qanunvericiliyin vərəsəlik qaydaları tətbiq edilir. (Mülki Məcəllənin 670.2-ci maddəsi). Mülki-hüquqi əqdlərin əvəzliliyi qanunvericiliklə hər bir müqavilənin əvəzliliyi prezumpsiyası ilə müəyyən edilmişdir.Belə ki, müqaviləyə görə tərəf öz vəzifələrinin icrası müqabilində haqq və ya digər qarşılıqlı əvəz almalıdırsa, həmin müqavilə əvəzli sayılır. Mülki Məcəllədən, müqavilənin məzmunundan və ya mahiyyətindən ayrı hal irəli gəlmirsə, müqavilənin əvəzli olduğu ehtimal olunur. (Mülki Məcəllənin 397.1 və 397.3-cü maddələri). Əvəzsiz əqdlərdə isə tərəflər bir-birilərindən qarşılıqlı təminat almırlar. Mülki Məcəllənin 397.2-ci maddəsinə əsasən müqaviləyə görə bir tərəf digər tərəfdən haqq və ya digər qarşılıqlı əvəz almadan ona nə isə verməyi öhdəsinə götürürsə, həmin müqavilə əvəzsiz sayılır. Bağışlama müqaviləsi hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmədiyindən əvəzsiz müqavilədir və bu müqavilə hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Göründüyü kimi, qanunverici bağışlama müqaviləsini yalnız hədiyyə alanın hədiyyəni qəbul etdiyi andan bağlanmış sayır. Mülki qanunvericiliyin normaları bağışlama müqaviləsinin əvəzli müqavilə olduğunu, hədiyyə alan şəxsin hədiyyə müqabilində hədiyyə verən qarşısında onun bəhrələnməsinə yönələn öhdəliklər daşıdığını deməyə əsas vermir. Əks halda bu öhdəliklər bağışlama müqaviləsinin anlayışına, mahiyyətinə və hüquqi təbiətinə zidd olardı. Digər tərəfdən bağışlamanın əvəzsiz müqavilə olması bəzi hallarda hədiyyə alanı hədiyyə verən qarşısında öhdəliklərdən və şərtlərdən azad etmir. Belə ki, hədiyyə verən hədiyyə alanın üzərinə özünün bəhrələnməsi ilə bağlı olmayan müxtəlif öhdəliklər qoya bilər. Belə öhdəliklər dövlət mənafeyi, ictimai mənafe, hədiyyə verənin və ya başqa şəxslərin xeyrinə qoyula bilər.Burada nəzərə alınmalıdır ki, öhdəlik bağışlama müqaviləsinin əvəzsizliyinə zidd olmamalı, hədiyyə verənin zənginləşməsi və ya hər hansı maddi təminatəldə edilməsi ilə bağlı olmamalıdır. Qeyd olunmalıdır ki, hər bir mülki-hüquq müqaviləsinin özünə məxsus şərtləri (müqavilənin standart şərtləri və s. şərtlər) vardır və müqavilələr bu şərtlərə riayət olunmaqla bağlanılmalıdır. MM-in 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi bir qayda olaraq hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilməməsinə baxmayaraq qanunverici bağışlama müqaviləsinin öhdəliklə şərtləndirilməsini, yəni bağışlamanı müəyyən şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilməsini istisna etməmişdir. Mülki Məcəllənin 670.1-ci maddəsinə görə bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Yəni bu növ müqavilələr müəyyən öhdəliklə şərtləndirildiyi halda belə, hədiyyə alanın hədiyyəni qəbul etməyə razılığının mövcud olması müqavilənin bağlanmış hesab olunması üçün vacibdir. Bağışlama müqaviləsi üzrə öhdəlik hədiyyə verəndə yaranır və hədiyyə predmetinin hədiyyə alana verilməsində ifadə olunur. Müqavilə üzrə hüquq və vəzifələrin icra edilməsi halları qeyri-müəyyənlik əlamətinə malik olduqda bağışlama müqaviləsi şərtlərlə bağlanmış müqavilə hesab edilir. Əgər şərt kimi qaçılmaz (labüd) olaraq yaranacaq hal göstərilmişsə, belə müqavilə şərtli bağışlama müqaviləsi hesab edilə bilməz. Bu əvvəlcədən bəlli olan, müəyyən vaxtdan hədiyyəni bağışlamaq vədini özündə əks etdirən sadə şərtsiz bağışlama müqaviləsidir. Mülki Məcəllənin 670.3-cü maddəsinə əsasən bağışlama müqaviləsinə uyğun olaraq hədiyyə verən və onun vərəsələri hədiyyə alanın götürdüyü öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi barədə iddia verə bilərlər. Əgər öhdəliyin icrası ilə ictimai mənafelərə riayət edilirsə, hədiyyə verənin ölümündən sonra icranı müvafiq icra hakimiyyəti orqanı tələb edə bilər. Beləliklə, hədiyyə alan öhdəliklə şərtləndirilən bağışlama müqaviləsini bağlamışsa və sonradan onun icrasından imtina etməmişsə, müqavilənin tam və lazımınca icrasına görə məsuliyyət daşıyır. Belə öhdəliyin icra edilməməsi və lazımınca icra edilməməsi hədiyyə verənə, onun vərəsələrinə, eləcə də müvafiq icra hakimiyyəti orqanına (ictimai mənafe tələb etdikdə) iddia qaldırmaqla pozulmuş hüquqlarının bərpa edilməsini tələb etmək hüququ verir. Bununla yanaşı nəzərə alınmalıdır ki, bağışlama müqaviləsi şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilməklə bağlandıqda müqavilə üzrə hədiyyə alan üzərinə götürdüyü öhdəliyi icra etməlidir. Bu səbəbdən də hədiyyə verənin və ya onun vərəsələrinin, müvafiq icra hakimiyyəti orqanının öhdəliyin icrasına dair iddiaları Mülki Məcəllənin 670.3-cü maddəsi ilə nəzərdə tutulmuş qaydada irəli sürməsi və ya həmin Məcəllənin 673.1-ci maddəsi ilə müəyyən edilən hallarda bağışlama müqaviləsindən imtina edilməsi hədiyyə alanın hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz. Mülki Məcəllənin 421-424-cü maddələri müqavilənin dəyişdirilməsini və ləğv edilməsini tənzimləyir. Mülki Məcəllənin 423-cü maddəsinə görə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Göründüyü kimi, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında Mülki Məcəllədə, müqavilədə və ya işgüzar adətlərdə başqa qaydalar müəyyən edilə bilər. Mülki Məcəllənin 673-cü maddəsi isə bağışlama müqaviləsinin və ya bağışlama vədinin ləğv edilməsinin Mülki Məcəllənin 421-424-cü maddələrində göstərilənlərdən fərqli xüsusi qaydasını və əsaslarını müəyyən edir.Həmin maddənin müddəaları ümumilikdə həm real, həm də konsensual bağışlama müqaviləsindən imtinaya şamil olunur. Mülki Məcəllənin 673.1-ci maddəsində qeyd edilən“bağışlamaqdan imtina” müddəası əmlak bağışlanana qədər edilən imtinanı deyil, əmlak bağışlanandan və o,hədiyyə alanın mülkiyyətinə keçdikdən sonra edilən imtinanı ehtiva edir.Həmin maddəyə əsasən hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə hədiyyə verən bağışlamaqdan imtina edə bilər. Həmin Məcəllənin 673.2-ci maddəsi ilə konsensual bağışlama müqaviləsinin, hədiyyə verənin bağışlama barəsində verdiyi vədin ləğv edilməsi və onun icrasından imtina edilməsi halları tənzimlənir. Mülki Məcəllənin 673.1-ci maddəsində göstərilən hallardan əlavə olaraq vəd verildikdən sonra hədiyyə verənin əmlak münasibətləri bağışlamanı onun üçün son dərəcə ağır yükə çevrilə biləcəyi dərəcədə dəyişməsi və ya hədiyyə verənin ailə hüquq münasibətləri üzrə əvvəllər olmamış, yaxud çox cüzi həcmdə olmuş öhdəliklərin yaranması bağışlama barəsində verdiyi vədin ləğv edilməsi və onun icrasından imtina edilməsi hallarına aiddir. Bağışlamaqdan imtina edildikdə tərəflərin bağışlama müqaviləsinədək olan vəziyyətinin bərpa olunması Mülki Məcəllənin 673.4-cü maddəsində öz əksini tapmışdır. Bu maddəyə görə bağışlamaqdan imtina edildikdə hədiyyə alan, əgər bağışlanmış predmet onun mülkiyyətindədirsə, hədiyyəni qaytarmağa borcludur. Hədiyyə alan hədiyyəni itirdikdə və ya hədiyyə predmeti onun mülkiyyətindən çıxdıqda o, hədiyyəni qaytarmağa və ya onun əvəzini ödəməyə borclu deyil, çünki belə hal bağışlama müqaviləsinin təbiətinə, onun əvəzsizlik əlamətinəuyğun olmur. İş materiallarında olan Bakı şəhəri 53 saylı notariat kontorunda bağlanmış xx.xx.2018-ci il tarixli 4Ə-475 № ilə reyestrdə qeydə alınmış, xx.xx.2018-ci il tarixli 4Ə-473 № ilə reyestrdə qeydə alınmış, xx.xx.2018-ci il tarixli 4Ə-47 № ilə reyestrdə qeydə alınmış, xx.xx.2018-ci il tarixli 4Ə-735 № ilə reyestrdə qeydə alınmış bağışlama müqavilələrindən görünür ki, həmin müqavilələr yuxarıda qeyd edilən mülki qanunvericiliyin normalarının tələblərinə uyğun olaraq hər iki tərəfin razılaşdırılmış iradə ifadəsi əsasında bağlanmış və həmin müqavilələrdə hər hansı bir şərt nəzərdə tutulmamışdır. Bağışlama müqavilələrindən görünür ki, Mülki Məcəllənin 666-674-cü maddələrinin məzmunu, bağışlama müqaviləsinin bütün şərtləri ilə əlaqədar hüquq vəzifələri, həmçinin müqavilələrin doğuracağı hüquqi nəticələr notarius tərəfindən tərəflərə izah olunmuşdur. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 673.1.2-ci maddəsinə əsaslanaraq və iddiaçının izahatına və sübut kimi təqdim etdiyi “Watsapp” yazışmalarına istinad edərək hesab etmişdir ki, cavabdeh verdiyi vədi yerinə yetirməmiş və bununla da ailə hüquq münasibətlərinə uyğun olaraq, onun üzərinə qoyulmuş vəzifələri yerinə yetirməmişdir. Kollegiyanın qənaətinə görə birinci instansiya məhkəməsinin iddia tələbini təmin edərkən qeyd edilən maddi hüquq normalarına istinadı səhv olmuşdur. Belə ki, Mülki Məcəllənin 673-cü maddəsi bağışlamadan imtinanın hüquqi əsaslarını müəyyənləşdirir və bu əsas müqavilənin ləğvini nəzərdə tutur. Lakin iddia tələbi bağışlamadan imtinanın, bağışlamanın ləğv ilə bağlı deyil, bağışlama müqaviləsinin etibarsızlığı ilə bağlıdır.Ona görə də kollegiya birinci instansiya məhkəməsi tərəfindən mübahisəni həll edərkən Mülki Məcəllənin 673.1.2-ci maddəsinə istinadını əsassız hesab edir. Kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, əqdlərin etibarsızlığı Mülki Məcəllənin XİV Fəslində nəzərdə tutulmuş maddi hüquq normaları ilə tənzimləndiyi halda birinci instansiya məhkəməsi mübahisənləndirilən müqavilələri etibarsız sayarkən Mülki Məcəllənin qeyd edilən fəsli ilə müəyyən edilmiş hər hansı bir maddi hüquq normasına istinad etməmiş və müqavilələrin etibarsızlığı ilə bağlı gəldiyi nəticələri həmin fəsildə göstərilən normalarla əsaslandırmamışdır. Bu baxımdan da kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab etmir. Kollegiya birinci instansiya məhkəməsinin iddiaçı tərəfindən təqdim edilmiş “Watsapp” audio səs yazısının sübut kimi göstərilməsini də əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 89.2-ci maddəsinə əsasən faks, elektron və ya digər rabitə vasitəsi ilə, yaxud sair üsulla əldə edilmiş materiallar məhkəmə tərəfindən o şərtlə yazılı sübut kimi qəbul edilə bilər ki, həmin sənədlərin həqiqiliyini müəyyən etmək mümkün olsun. Qeyd edilən prosessual qanunvericiliyin tələblərinə əsaslanaraq kollegiya hesab edir ki, iddiaçı tərəfindən təqdim edilmiş “Watsapp” audio səs yazısının qanunvericiliyə uyğun əldə olunması barədə sübut olmadığından, həmin səs yazısı sübut kimi qəbul edilə bilməz. Yekun olaraq kollegiya hesab edir ki, tərəflər arasında bağlanmış müqavilələr qanunvericiliyin tələblərinə uyğun bağlandığından, etibarlı əqdlərdir və həmin əqdlərin etibarsızlığı üçün faktiki və hüquqi əsas yoxdur. Beləliklə,məhkəmə kollegiyası toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətini qanunvericiliyin tələblərinə uyğun həll etməmiş və maddi hüquq normasının tətbiqində yanlışlığa yol vermişdir. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətlərini nəzərdə tutan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1 və 385.4-cü maddələrinə gorə maddi və prosessual huquq normalarının düzgün tətbiq edilməməsi, eləcə də birinci instansiya məhkəməsinin qətnamədə göstərilən nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Qeyd olunanlara və apellyasiya baxışı ilə müəyyən edilmiş hallara əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, hazırki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsininxx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilməli, iddianın rədd edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 385, 387, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsininxx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı “aldatma yolu ilə bağlanmış yalançı əqdlərin etibarsız hesab edilərək, ləğv olunması” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-5829/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5829/2020
25.08.2020 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver