Məhkəmə qərarları › İş №2(103)-5829/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5829/2023

19.09.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5829/2023 19.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh1na qarşı zaminlik öhdəliyinə xitam verilməsi tələbinə dair mülki iş üzrə Açar sözlər: iş üzrə icraata xitam verilməsi Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X4 və Sarıyev Xəyal Əjdər ibarət tərkibdə, İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh1na qarşı zaminlik öhdəliyinə xitam verilməsi tələbinə dair iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 avqust 2023-cü tarixli, 2(006)-2597/2023 nömrəli qərardadından iddiaçının verdiyi apellyasiya şikayətlərinə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ASC ilə onun arasında 13 fevral 2015-ci il tarixdə bağlanmış 130215/196768 nömrəli zaminlik müqaviləsi əsasında yaranmış zaminlik öhdəliyinə xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 avqust 2023-cü tarixli, 2(006)- 2597/2023 nömrəli qərardadı ilə iş üzrə icraata xitam verilmişdir.

3. Qərardadın əsaslarına görə, məhkəmənin sorğusu əsasında Sumqayıt şəhəri üzrə İcra idarəsi tərəfindən 13 iyul 2023-cü il tarixdə təqdim edilmiş məlumata əsasən Sumqayıt Şəhər Məhkəməsinin 20 iyul 2016-cı il tarixli, 2(060)-10108/2016 nömrəli icra sənədi üzrə borclu X6 xaric, digər borclulara münasibətdə icra tədbirləri davam etdirilir. Beləliklə, eyni tərəflər arasında olan Sumqayıt Şəhər Məhkəməsinin İddiaçı Məmmədağa oğluna münasibətdə ləğv olunmayan 20 iyul 2016-cı il tarixli qətnaməsi mövcud olmaqla, sözügedən qətnamə üzrə ondan və digər cavabdehlərdən müştərək qaydada bankın xeyrinə borcun tutulması müəyyən edildiyindən, hazırda isə İddiaçı həmin müqavilə üzrə zaminlik öhdəliyinə xitam verilməsini tələb etdiyindən hazırki mülki iş üzrə icraata xitam verilməlidir.

4. İddiaçı qərardaddan şikayət verərək, ləğv edilməsini xahiş etmişdir.

5. Şikayət onunla əsaslandırılmışdır ki, 13 iyun 2022-ci il tarixdə Sumqayıt Apellyasiya Məhkəməsinə digər zaminin müraciəti zamanı çıxarılan qətnamə zamanı ona məlum olmuşdur ki, zaminlərin şərtləri ağırlaşdırılıb və bu barədə onlara məlumat verilməyib. Məhz Sumqayıt Apellyasiya Məhkəməsinin həmin qətnaməsi ilə digər zaminə qarşı iddia rədd edilmişdir. Məhz bundan sonra zaminin öhdəlikləri ağırlaşdığı üçün cavabdehin yerləşdiri hüquqi ünvan üzrə məhkəməyə müraciət etmişdir. Mübahisənin predmeti isə müstəqil olaraq zaminlik müqaviləsinə xitam verilməsi olmuşdur. Bu hal ona əvvəllər məlum olmamışdır və məhz bu halı 2022-ci il tarixindən sonra bilmişdir. Heç bu hal Sumqayıt Rayon Məhkəməsinə də məlum olmamışdır. Olsa idi, hər bir zaminə qarşı iddia rədd edilməli idi. Eyni tərəflər arasında, eyni predmet haqqında mübahisələr üzrə icraata xitam verilməsi haqqında qərardad çıxarılır və mübahisələndirdirilmiş qərardad ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi bu əsasla icraata xitam verərək yanlışlığa yol vermişdir. Ümumiyyətlə burda predmet tamamilə fərqlidir, 2016-cı il tarixli qətnamə ilə borcun müştərək qaydada tutulması iddianın əsas predmetini təşkil etdiyi halda, hazırkı mübahisə predmeti isə zaminlik müqaviləsinə xitam verilməsi təşkil edir. Bal isə iddiaçıya düz 7 ildən sonra məlum olmuşdur və onun əsasında da iddia qaldırmışdır. Ümumiyyətlə birinci instansiya məhkəməsi iddianın obyekti ilə, iddianın predmetini qarışdırmışdır. İddianın obyekti iddia predmetinin kiçik hissəsi olmaqla bərabər fundamental olaraq iddianın predmetini təşkil etmir. Hazırkı və əvvəlki işdə iddianın obyektinə pulun tutulması və ya tutulmaması daxil olsa da, iddianın predmeti 1-ci iddiada pulun tələb edilməsi, 2-ci də isə müqaviləyə xitam verilməsidir. 2016-cı ildə olan məhkəmə qətnaməsi ilə zaminlik müqaviləsinə xitam verilməsi iddianın predmetini təşkil etməmişdir.

Tətbiq edilən hüquq

6. Maddə 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır; Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; Maddə 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır; Maddə 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.2. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa; Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək.

7. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” 27 avqust 2012-ci il tarixli Qərarı: “Prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar. Təsbit olunmuş mülki hüquqların müdafiə vasitələrini nəzərə alaraq iddiaçı məhkəmədən: ● birincisi, cavabdehi hər hansı hərəkəti yerinə yetirməyə məcbur etməyi və ya belə hərəkəti etməkdən çəkindirməyi xahiş edə bilər. Bu cür iddianın predmetini iddiaçının cavabdeh tərəfindən müvafiq öhdəliyin könüllü olaraq yerinə yetirilməməsi ilə əlaqədar müəyyən hərəkətləri tələb etmək hüququ təşkil edir. Məsələn, cavabdehdən pul vəsaitinin tutulması barədə iddianın predmetini iddiaçının bu pul məbləğinin alınmasına dair maddi subyektiv hüququ (tələb etmək hüququ) təşkil edir; ● ikincisi, iddiaçı məhkəmədən hüquq münasibətlərinin, subyektiv hüquqların və ya öhdəliklərin mövcudluğunu və ya onların olmamasını etiraf etməyi tələb edə bilər. Bu halda iddianın predmetini hər hansı əşyaya, əqli fəaliyyət nəticələrinə dair müstəsna hüquqlara aid olan mülkiyyət hüququ, əqdin etibarsızlığı və s. təşkil edir; ● üçüncüsü, iddiaçının tələbi əsasında məhkəmə hüquq münasibətlərini dəyişdirə və ya onlara xitam verə bilər (MPM-in 53-cü maddəsi). Bu zaman iddianın predmetini tərəflər arasında mövcud münasibətlərin dəyişdirilməsinə və ya onlara xitam verilməsinə dair iddiaçının birtərəfli iradə ifadəsi təşkil edir. İddianın predmeti ilə iddianın obyekti fərqləndirilməlidir. İddianın obyekti - iddiaçının əldə etməyə çalışdığı maddi nemətdir: pul məbləği, qeyri-yaşayış sahəsi, sair konkret əmlak. İddianın obyekti iddianın predmetinə daxildir və müstəqil əhəmiyyət kəsb etmir. İddia tələbinin artırılması və ya azaldılması məsələsi qaldırıldığı zaman bütövlükdə iddianın predmeti deyil, yalnız maddi obyektin həcmi dəyişdirilir.”

8. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 20 aprel 2022-ci il tarixli Qərarı: “Qüvvədə olan prosessual qanunvericilikdə iddianı fərdiləşdirən iki elementə rast gəlmək olar: iddianın predmeti və onun əsası. Bu elementlər nəinki iddianı, həmçinin iş üzrə prosesin özünü konkretləşdirməyə, onun həcmini, xarakterini, məhkəmənin fəaliyyətinin istiqamətini və xüsusiyyətlərini müəyyən etməyə imkan verir. Prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar. İddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. Onlara əqdlər, xüsusi olaraq müqavilələr, müddətin bitməsi faktı, hüquqların pozulması, ziyanın vurulması və s. aid edilə bilər. İddianın əsası adətən bir faktdan deyil, iddianın faktiki tərkibi adlanan faktların məcmusundan ibarət olur (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli Qərarı).”

9. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 14 iyun 2022-ci il tarixli Qərardadı: “Əqdə əsaslanan iddialar üzrə qanuni qüvvəsini almış məhkəmə aktı və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadı olduğu halda, işdə iştirak etmiş şəxslər tərəfindən ayrıca icraatda həmin əqdin etibarsız hesab edilməsinə dair verilmiş iddia ərizəsinin qəbulundan MPM-in 153.2.2-ci maddəsinə əsasən imtina olunmalı, belə iddialar səhvən məhkəmənin icraatına qəbul edildiyi halda isə, MPMin 261.0.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir.”

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

10. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olması əsası ilə iş üzrə icraata xitam xitam verilməsində haqlı olmuşdur.

11. İşdən görünür ki, iddiaçının tələbi Cavabdeh2 ASC ilə onun arasında 13 fevral 2015-ci il tarixdə bağlanmış 130215/196768 nömrəli zaminlik müqaviləsi əsasında yaranmış zaminlik öhdəliyinə xitam verilməsidir.

12. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 20 iyul 2016-cı il tarixli, 2(060)-10108/2016 nömrəli qətnaməsindən isə görünür ki, Cavabdeh2 ASC-nin cavabdehlər X3, X6, İddiaçı və X2 qarşı kredit məbləğinin tutulması barədə iddiası qismən təmin edilməklə, digər cavabdehlərlə yanaşı İddiaçı da borcun tutulması qət edilmişdir.

13. Göründüyü kimi, hazırkı iddianın predmeti 13 fevral 2015-ci il tarixli zaminlik müqaviləsi təşkil edir. İddiaçı bu müqavilə üzrə zaminlik öhdəliyinə xitam verilməli olmasını bildirsə də, Sumqayıt Şəhər Məhkəməsinin 20 iyul 2016-cı il tarixli, 2(060)-10108/2016 nömrəli qətnaməsi ilə məhz sözügedən zaminlik müqaviləsi üzrə onun məsuliyyəti, müqavilədən irəli gələn öhdəliyi məhkəmə qaydasında təsbit olunmuşdur. Yəni, hazırkı iddianın predmetini təşkil edən əqdin etibarlılığı və həmin əqd üzrə tərəfin öhdəlik daşıması öz təsdiqini tapmışdır. Elə buna görə də, həmin əqdin yenidən ayrı bir icraatda yoxlanılması yolverilməzdir.

14. İddiaçı şikayətində hazırkı iddia üzrə predmetin tamamilə fərqli olmasını irəli sürərək, bildirmişdir ki, 2016-cı il tarixli qətnamə ilə borcun müştərək qaydada tutulması iddianın əsas predmetini təşkil etdiyi halda, hazırkı mübahisə predmeti isə zaminlik müqaviləsinə xitam verilməsi təşkil edir.

15. Kollegiya bu mövqə ilə razılaşmayaraq qeyd edir ki, Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” 27 avqust 2012-ci il tarixli Qərarında da göstərildiyi kimi, prosesdə iddianın predmeti dedikdə iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın obyekti isə iddiaçının əldə etməyə çalışdığı maddi nemətdir: pul məbləği, qeyri-yaşayış sahəsi, sair konkret əmlak.

16. Bu yanaşma ilə, borcun tutulması özlüyündə iddianın predmeti yox, yalnız iddiaçının əldə etdiyi maddi nemət, yəni iddianın obyektidir.

17. Bu mənada məhkəmə kollegiyası şikayətin dəlilləri ilə razılaşmır və qeyd edir ki, müqavilə üzrə digər zamin kimi onun da həmin qətnamədən apellyasiya şikayəti vermək hüququ olmuşdur. Lakin hazırkı iş üzrə iddiaçı həmin məhkəmə iclasında iştirak etməsinə baxmayaraq bu hüquqlarından istifadə etməmişdir.

18. Beləliklə, hazırkı mübahisəyə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır, şikayətin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qərardadın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, qərardad dəyişdirilmədən saxlanılmalı, şikayət təmin olunmamalıdır.

19. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:

Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 avqust 2023-cü tarixli, 2(006)- 2597/2023 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 avqust 2023-cü tarixli, 2(006)- 2597/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətdə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

HAKİMLƏR Fərrux Qasımov

Fuad Abdıyev

Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar