Məhkəmə qərarları › İş №2(103)-583/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-583/2025

05.02.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-583/2025 05.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “fərdi yaşayış evindən çıxarılma” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X6 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Abdullayeva Çiçək Pərviz qızının katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “fərdi yaşayış evindən çıxarılma” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)- 4226/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzə məhkəmə icraatı

1. xx.xx.2011-ci il tarixli AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinin surətindən görünür ki, İddiaçı özünə məxsus Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, ev 2, 66 saylı mənzili 58.016 manat məbləğinə X1. xx.xx.2011-ci il tarixli evin satılması haqqında müqavilə aktının surətindən görünür ki, ev satan X11 2 mərtəbəli evini (Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, X18, 2-ci döngə, 30B nömrəli ev) İddiaçı 52.000 dollara satmış və pulunu tam şəkildə almışdır.

2. "xxxx" MMC-nin xx.xx.2011-ci il tarixli qiymətləndirmə rəyinin surətindən görünür ki, 2008-ci ildə tikilmiş Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, X18, 2-ci döngə, 30B nömrəli evin inventar dəyəri 49.600 manat məbləğində müəyyən edilmişdir.

3. 337260 nömrəli əhalidən vergilərin qəbulu üçün verilmiş qəbzin surətindən görünür ki, İddiaçı Biləcəri qəsəbəsi, X18, 2-ci döngə, 30B nömrəli evə görə torpaq və əmlak vergisi üçün Binəqədi rayonu Biləcəri Bələdiyyəsinə 47 manat məbləğində ödəniş etmişdir.

4. xx.xx.2023-cü il tarixdə verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışın surətindən görünür ki, Cavabdeh1, Cavabdeh2, X3 və X8 Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, X18, 2-ci döngə, 30B nömrəli evdə qeydiyyatdadırlar.

5. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)- 959/2024 saylı qətnaməsinin surətindən görünür ki, ilkin iddia ərizəsinin və qarşılıqlı iddia ərizəsinin təmin edilməsi, Cavabdeh1 ilə Cavabdeh2 arasında Səadət Sarayında bağlanmış xx.xx.1997-ci il tarixli 1750 saylı nikah qeydinin ləğv edilməsi, nikah pozulduqdan sonra tərəflərin birgə nikahlarından olan xx.xx.2011-ci il təvəllüdlü X2 anası Cavabdeh2 yanında saxlanılması, xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh1 Cavabdeh2 xeyrinə hər ay 220 manat alimentin tutulması qət edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin əşyaları ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 2-ci X18, 2-ci döngə, 30B ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər onun oğlu və gəlinidir. Özünə xüsusi mülkiyyət hüququ ilə məxsus olmuş Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsində yerləşən 2 saylı evin 66-cı mənzilini 03 noyabr 2011-ci il tarixli, AN-İ № ******* saylı alqı-satqı müqaviləsinə əsasən satmışdır. Həmin evin alqı-satqısından əldə etdiyi vəsait hesabına mübahisəli fərdi yaşayış evini təmirli vəziyyətdə almışdır. Cavabdehlər də ona məxsus olan fərdi yaşayış evinə köçmüş və 2011-ci ilin dekabr ayının 05-dən evdə yaşayırlar. Cavabdehlərin arasında ailədaxili münaqişələri yaranmışdır və bununla əlaqədar onların öz aralarında və onunla münasibətləri pozulmuşdur. Evində xeyli müddətdir ki, gərginlik yaşanır. Artıq vəziyyət son həddə çatmışdır. Cavabdehlərlə bir evdə yaşamaqları qeyri-mümkündür. Ona qarşı çox mənfi münasibət bəsləyirlər və evində yaşaya bilmir. Cavabdehlərin onun evində qalıb yaşamaları mülkiyyət hüquqlarını və rahatlığını pozur. Cavabdehlərlə qarşılıqlı razılaşma yolu ilə evdən çıxmaları barədə razılığa heç cür nail ola bilmir. Ona görə də onların məhkəmə yolu ilə evdən çıxarılması qərarına gəlmişdir. Cavabdehlər qeyd etdiyi kimi, ona məxsus olan mənzilə 2011-ci ilin sonunda köçmüşlər. Bu da o deməkdir ki, mübahisəli hüquq münasibəti 2009-cu ilin oktyabrın 1-dən sonra yaranmışdır. Belə olan halda, mübahisəyə Azərbaycan Respublikasının xx.xx.2009cu il tarixdən qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir.

8. Cavabdeh2 məhkəməyə iddiaya yazılı etiraz verərək onunla əsaslandırmışdır ki, həmin mənzil özbaşına tikilidir. 2011-ci ildə həmin mənzilin alınması o və keçmiş əri Cavabdeh1 demək olar ki, eyni vəsait qoymaqla baş tutmuşdur. Dəqiq desə, 30000 manatı Babək, 35000 manatı isə atası X4 qoymuşdur. Həmçinin, ona toy zamanı hədiyyə olunmuş qızıl zinət əşyaları, anasının da bağışladığı qızıllar daxil olmaqla həmin dövrdə əri Babək tərəfindən satılmışdır. Heç ondan icazə belə istənilmirdi. İşin faktiki halı ondan ibarətdir ki, 2011-ci ildə o və əri öz aldıqları evdə bugünədək yaşayırdı. Baxmayaraq ki, 2024-cü ildə o, aliment tələb etdiyinə görə onu boşadı. Anası yəni iddaçı zorla evinə gəlir, təhdidlər edir, onu qıcıqlandıran hal ondan ibarətdir ki, oğlundan aliment tələb etmişdir. Fiziki olaraq ona hücum edir, psixoloji olaraq basqı altında saxlamağa çalışır ki, o, öz evini tərk etsin. Lakin, o, öz atasının ona zəhmətlə aldığı evi tərk eləmək niyyəti yoxdur. 2 qızı və o, iddiaçıdan fərqli olaraq ilk gündən öz evində qeydiyyatdadırlar. İddia əsassızdır. Heç bir hüquqi əsasa söykənmir. Məhz ona görə də iddianın rədd edilməsinə dair ədalətli qərar qəbul edilməsini xahiş edir.

9. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)- 4226/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. (hakim X9)

10. Məhkəmə iddia tələbini rədd edərkən ona istinad etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci maddəsinin mənasına görə özbaşına tikinti hesab edilən yaşayış evinə hər hansı əmlak hüquqlarının, o cümlədən istifadə hüququnun əldə edilməsi mümkün deyildir. Bununla yanaşı, Mülki Məcəllənin 180-ci maddəsi özbaşına tikinti hesab edilən yaşayış sahəsindən istifadə etməsini qadağan etmir, yəni həmin maddədə bunu qadağan edən müddəalar göstərilməmişdir. Eyni zamanda Mülki Məcəllənin 27.1-ci maddəsində göstərilmişdir ki, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Göründüyü kimi özbaşına tikinti olan yaşayış sahəsi də şəxsin yaşayış yeri kimi qəbul edilə bilər. Beləliklə məhkəmə, cavabdehlərin 13 ildən çox mübahisəli evdə yaşadıqlarını, həmin evdə təsərrüfat apardıqlarını, uşaqlarının Binəqədi rayonu ərazisində təhsil aldıqlarını, həmin evdə yaşadıqları müddətdə yaxşılaşdırmalar aparmaları barədə sübut təqdim edilməsə belə, bu halın ağlabatan olduğunu, cavabdehlərin başqa yaşayış yerlərinin mövcud olması barədə işdə hər hansı sübut olmadığını, mübahisəli evin özbaşına tikili olduğunu, iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququnun olmadığını nəzərə alaraq hesab edir ki, iddiaçı kimi cavabdehlərin də mübahisəli fərdi yaşayış evində yaşamaq hüquqları vardır. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.

11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14-cü, 180cı maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 119.1-ci, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Apellyasiya şikayətinin dəlilləri

12. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

13. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmış, əlavə olaraq göstərmişdir ki, cavabdehlərin evə istifadə hüquqları yoxdur və 2011-ci ildə onun hesbına alınan evə köçüblər. İstinad edilən prosessual hüquq normasının tələbinə görə, işə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları tətbiq edilmək əvəzinə guya onun subyektiv hüququnun olmadığı kimi nəticəyə gəlinmişdir ki, bununla da prosessual hüquq normasının tələbləri pozulmuşdur. Özbaşına tikili ilə bağlı birbaşa hüquq normalarının olmaması iddianı rədd etməyə və yaxud məhkəmə müdafiəsindən istifadəyə mane hesab oluna bilməz. İstinad edilən prosessual hüquq normalarına əsasən, bu halda məhkəmə analoji hüquq normalarına istinad etməlidir. Hazırkı halda isə bu yaşayış binasının tərkib hissəsindən (yaşayış evindən) istifadə ilə bağlı münasibətləri tənzimləyən yuxarıda istinad edilən maddi hüquq normalarıdır. Məhkəmə isə istinad etməli olduğu prosessual hüquq normasını tətbiq etməli olduğu halda etməmiş və qanunsuz olaraq iddianı rədd etmişdir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. ç) Proses iştirakçılarının izahatı

15. İştirka etdiyi məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.

16. Məhkəmə iclasında Cavabdeh2 apellyasiya şikayətinin təmin edilməsinə etiraz etmədiyini bildirdi.

d) Tətbiq edilən hüquq 17.Azərbaycan Respublikası Mülki Məcəlləsi: 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır;

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

e) Apellyasiya baxışının hədləri

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

21. İddiaçı tərəfindən qətnamə tam mübahisələndirilərək onun ləğv edilməsi və iddianın tələb edilməsi xahiş olunduğundan, qətnamə bütövlükdə yoxlanılır.

ə) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası cavabdehi dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas yoxdur.

23. Məhkəmə kollegiyası işin hallarına və apellyasiya şikayətinin dəlillərinə istinadən qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh1 iddiaçının oğlu, digər Cavabdeh2 isə iddiaçının keçmiş gəlinidir. Cavabdehlər bir ailə kimi 2011-ci ildən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 2-ci X18, 2-ci döngə, ev 30B ünvanında yaşamışlar. Hazırda da cavabdehlər həmin ünvanda yaşamağa davam edirlər.

24. İş materiallarından göründüyü kimi fərdi yaşayış evində çıxarılma tələb edilən ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır və mübahisəli evə dair heç bir hüquqverici sənəd olmamaqla özbaşına tikilidir. Tərəflər də bunu təkzib edəcək hər hansı hüquqmüəyyənedici sənədləri məhkəməyə təqdim edə bilməmişlər.

25. Mübahisə predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 2-ci X18, 2-ci döngə, 30B ünvanında yerləşən fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış olsa da, faktiki olaraq mövcuddur və həm iddiaçının və həm də cavabdehlərin (azyaşlı uşağı ilə birlikdə) bərabərlik prinsipinə uyğun olaraq orada eyni şərtlər daxilində yaşamaq hüquqları vardır. Bunun əksinin qəbul edilməsi, yəni, iddiaçının qanunsuz tikili hesab edilən həmin evdə yaşamasının qəbul edildiyi halda, cavabdehlərin oradan çıxarılmaları hamının qanun qarşısında bərabərliyi prinsipinin pozulmasına, iddiaçıya münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsinə və nəhayət, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə səbəb ola bilər.

26. Eyni zamanda əlavə olaraq kollegiya qeyd edir ki, həmin evdən cavabdehlərin çıxarılması üçün əsas kimi göstərilən evin satın alınmasına dair akt hər hansı bir hüquqmüəyyənedici sənəd kimi qəbul ediməməklə, həmin evə dair qanunvericiliklə müəyyən edilmiş qaydada alqı-satqı müqaviləsinin bağılanması kimi qəbul edilə bilməz. Düzdür qəbul edilməlidir ki, həmin ev özbaşına tikili olduğu üçün alqı-satqının predmeti ola bilməz. Hazırki iş üzrə Cavabdeh2 evin pulunun bir hissəsinin onun atasının tərəfindən verilməsini, eyni zamanda qalan hissəsinin də digər cavabdehlə birgə pullarının olduğunu bildirməsinə dair hər hansı bir sübutu yoxdur. İşin bu halı hər hansı bir sübutla təsdiqini tapmır. Lakin eyni zamanda iddiaçının da hazırki evin əldə edilməsi zamanına uyğun gələn zaman kəsiyində mülkiyyətindəki evi satması da mütləq şəkildə həmin pulun sözügedən özbaşına tikilinin əldə edilməsi üçün kiməsə verməsi də mütləq sübut kimi qəbul edilə bilməz. İşin faktiki hallarında müəyyən edildiyi kimi, sözügedən evin əldə ediməsindən artıq 13 ildən çoxdur həmin evdə yaşamaqla təsərrüfat aparırlar və uşaqlar da Binəqədi rayonu ərazisində təhsil alırlar, o cümlədən həmin evdə ötən illər ərzində onlar tərəfindən hər hansı təmir bərpa işlərinin aparılması da ağlabatan olmaqla istisna edilmir. Belə olan halda kollegiya hesab edir ki, mübahisəli ev özbaşına tikili olduğundan qanunvericiliyə əsasən müvafiq olaraq həmin evdən cavabdehlərin çıxarılmalarını tələb etməkdə iddiaçı haqlı deyildir. Hal hazıradək cavabeh ailəsi və uşaqları ilə orada yaşayır. Həmin fərdi yaşayış evini idarə edir.

27. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, özbaşına tikiliyə əmlak hüquqlarının əldə edilməsi qeyri-mümkün olduğundan, iddiaçının da evə dair müliyyət hüququndan irəli gələn sərəncam vermək hüququ olmadığından, cavabdehlərin mübahisəli evdən çıxarılması əsaslı hesab edilə bilməz. Həm iddiaçı həm də cavabdeh evdən istifadə etməklə faktik sahibliyi həyata keçirirlər və bu hal bir-birinə münasibətdə həmin evə dair hər hansı üstün mənafedə olmamalarını özündə ehtiva edir.

28. Bundan başqa, iddiaçının dəlillərinə münasibətdə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Nəzərə alınmalıdır ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Mənzildən və digər yaşayış sahəsindən məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Məhz buna görə də məhkəmə kollegiyası hesab edir ki, bu tip mübahisələr həll edilərkən mənzildən məhrumedilənin deyil, mənzildən məhrumedənin mənzilə hüququnun olub-olmadığı araşdırılmalı, buna əsasən mübahisə həll edilməlidir. Əgər məhrumedənin qanunvericiliklə nəzərdə tutulduğu kimi mənzilə hüququ yoxdursa, hazırki halda məhrumetmənin tələb edilməsi qanunsuz sayılmalıdır.

29. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq, belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməkdə haqlı olmuşdur. Faktlar nöqteyinəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə ləğv edilə və ya dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

30. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 382-ci, 384-cü, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi: İddiaçı tərəfindən verilən apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-4226/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar