Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5836/2022 28.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti X1rşı iş üzrə (Açar sözlər: əmək haqqının və son haqq-hesabın ödənilməsi tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı Əsgərov Xanəhməd Əli oğlunun, Cavabdehin nümayəndəsi X6 oğlunun iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5091/2020 saylı 20 oktyabr 2020ci il tarixli qətnaməsindən iddiaçı Əsgərov Xanəhməd Əli oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin (bundan sonra cavabdeh və ya Birlik) X7 Sovxozunun 1 nömrəli Tingliyinin 13-cü dərəcəli sex rəisi vəzifəsində işləmiş, şəxsi ərizəsi və sovxoz direktorunun rəyi əsasında 01 aprel 2020- ci ildən vəzifəsindən azad edilmişdir.
2. 03 aprel 2020-ci il tarixli, 27 nömrəli ödəniş tapşırığına əsasən iddiaçının hesabına həmin tarixdə 815,05 manat pul köçürülmüşdür.
3. 08 may 2020-ci il tarixli, 50 nömrəli ödəniş tapşırığına əsasən iddiaçının hesabına həmin tarixdə 2731,21 manat pul köçürülmüşdür.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qanunvericiliyə uyğun olaraq əmək kitabçası verilən günə qədər olan dövr üçün əmək haqqının hesablanaraq ödənilməsi, son haqq hesabının vaxtında ödənilməməsinə görə gecikdirilmiş aylar üzrə son haqq hesabın hər gününə bir faizdən az olmamaq şərtilə ödəncin ödənilməsi, şəxsi vəsaiti hesabına aldığı mal material və tikililər üçün ödədiyi vəsaitin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı iddia tələbini əsaslandıraraq qeyd etmişdir ki, işdən çıxdığı gün son haqq hesabı və əmək kitabçası ona təqdim edilməmişdir. xx.xx.2020-ci il tarixdə işdən çıxmağına baxmayaraq son haqq hesabı xx.xx.2020-ci tarixində ona ödənilmiş, lakin bu günə qədər əmək kitabçası verilməmişdir. Dəfələrlə müəssisənin kadrlar şöbəsinin rəisinə müraciət etsə də, əmək kitabçası ona verilməmişdir. Bundan başqa işlədiyi müddət ərzində tərəfindən müəssisə üçün öz vəsaiti hesabına parnik təsərrüfatı sahəsinin damının bağlanması, iki kilometrə yaxın su xəttinin çəkilməsi, 550 kvadrat metr yardımçı təsərrüfatın tikilməsi üçün materialını almış və bütün işləri öz şəxsi vəsaiti hesabına gördürmüşdür. Bundan əlavə bir ədəd işıq transformatoru, onun işə salınması üçün lazım olan bütün material və bir ədəd özünə məxsus qaynaq aparatı (SAK) şəxsi vəsaiti ilə alınaraq lazımi sənədləri mühasibatlığa təqdim etmiş və müəssisənin rəhbəri tender keçiriləcəyini bildirərək onun pullarını veriləcəyini demişdir. Lakin tender keçirilsə də, pulu ödənilməmişdir.
6. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5091/2020 saylı 20 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim Etibar Mustafayev) iddianın rədd edilməsi qət edilmişdir.
7. Məhkəmə müəyyən etmişdir ki, iddiaçıya xx.xx.2020-ci ildə işdən azad edildiyinə görə 2731 manat 21 qəpik pul (işdə olan əmək haqqı üzrə hesabat forma T-52) hesablanaraq xx.xx.2020-ci il tarixli 50 nömrəli ödəniş tapşırığı ilə ödənilmişdir. Bununla yanaşı, iddiaçıya məxsus əmək kitabçası cavabdehin nümayəndəsi tərəfindən məhkəmə iclasında ona təqdim etmişdir.
8. İddia tələbinin iddiaçının şəxsi vəsaiti hesabına aldığı mal material və tikililər üçün ödədiyi vəsaitin ödənilməsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən bu barədə məhkəməyə heç bir rəsmi sənəd təqdim olunmamışdır.
9. Məhkəmə öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra – Əmək Məcəlləsi) 42.1, 43.1, 68.2, 83.2, 135.2, 144.2, 172.4, 172.5, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 77.1, 81-ci maddələrinə istinad etmişdir.
b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat
10. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh əmək kitabçasının təqdim edilməsindən ötrü ona dəfələrlə zəng edilərək idarəyə dəvət olunduğunu bildirsə də, bunu sübut edə bilməmiş, həmçinin əgər həqiqətən də telefon zənglərinə reaksiya vermədiyi halda ünvanına hansı səbəbdən rəsmi məktublar göndərilməməsi səbəbləri izah edilməmişdir. Məhkəmə əmək kitabçasının gec verilməsinə hüquqi qiymət verməmiş, 1 ay 7 gün müddətinə faizlərin hesablanmaması səbəbini aydınlaşdırmamışdır. Qanunun mətnində açıq-aydın qeyd olunur ki, işçiyə, yəni konkret halda ona çatacaq bütün ödənclər tam məbləğdə işdən çıxarıldığı gün 01 aprel 2020-ci il tarixdə verilməli idi. Qanunda işçiyə çatacaq məbləğin idarə tərəfindən hesablandığı gündən deyil, onun sonuncu iş günü, yəni onun işdən azad edildiyi 01 aprel 2020-ci il tarixdə, sonuncu iş günündə verilməsindən bəhs edilir. Məhkəmə qətnaməsində əmək kitabçasının ona idarənin nümayəndəsi tərəfindən məhkəmə baxışı zamanı 19 oktyabr 2020-ci il tarixdə, məhkəmə zalında verilməsi qeyd olunmuş, amma bunun işçinin və ya işəgötürənin təqsiri üzündən baş veribverməməsi araşdırılmamış, ikinci halda, yəni qanunla müəyyən edilmiş vaxtda verilməsi işəgötürənin təqsiri üzündən ləngidildiyinə görə, o işə düzələ bilmədiyi 3 ay 20 gün müddət üçün orta əmək haqqı ödənilməsi məsələsinə qiymət verilməmişdir. Şəxsi vəsaiti hesabına həmin təşkilat üçün aldığı malmaterial və apardığı tikililər üçün sərf etdiyi pulun ödənilməsi barədə tələbi də ətraflı araşdırılmamışdır.
12. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2219/2021 saylı iş üzrə xx.xx.2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Emin Mehdiyev (sədrlik edən və məruzəçi), Şərafət Məmmədova və Xəyal Sarıyev) apellyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmışdır.
13. Məhkəmə kollegiyası öz mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv üçün əsas təşkil etmir.
14. Məhkəmə kollegiyası öz mövqeyini Əmək Məcəlləsinin 42.1, 43.1, 68.2, 83.2, 135.2, 144.2, 172.4, 172.5-ci maddələrinə istinadla əsaslandırmışdır.
c) Kassasiya instansiyası məhkəməsində birinci icraat
15. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2020-ci il tarixində işdən azad edilsə də, ona ödənilməli olan son haqq-hesab 1 ay 7 gün gecikdirilərək xx.xx.2020-ci il tarixində ödənilmişdir. Bundan başqa əmək kitabçası cavabdeh tərəfindən iddiaçıya xx.xx.2020-ci ildə verilməli olduğu halda 19 oktyabr 2020ci ildə məhkəmə iclasında yəni 6 ay 18 gün gecikmə ilə verilmişdir.
17. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)- 4605/2021 saylı iş üzrə xx.xx.2021-ci il tarixli qərarı ilə (hakimlər Ələsgər Əliyev (sədrlik edən və məruzəçi), Mehparə Əhmədova və İsmayıl Xəlilov) kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi əmək kitabçası verilən günə qədər olan dövr üçün əmək haqqının hesablanaraq ödənilməsinin və son haqq hesabın vaxtında ödənilməməsinə görə gecikdirilmiş aylar üzrə son haqq hesabın hər gününə bir faizdən az olmamaq şərtilə ödəncin ödənilməsinin rədd edilməsi hissələrində ləğv edilmiş və iş həmin hissələrdə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmiş, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır.
18. Məhkəmə kollegiyası öz mövqeyini əsaslandıraraq qeyd etmişdir ki, qanunvericiliyə müvafiq olaraq əmək kitabçasının işəgötürənin təqsiri üzündən işçiyə verilməsi ləngidildikdə işəgötürən tərəfindən işçiyə işə düzələ bilmədiyi bütün müddət üçün orta əmək haqqı ödənilməlidir. Göründüyü kimi əmək kitabçasının verilməsinin işəgötürənin təqsiri üzündən ləngidilib-ləngidilməməsinin müəyyənləşdirilməsi hazırkı mübahisənin düzgün həll edilməsi üçün mühüm əhəmiyyətə malik olsa da, apelyasiya instansiyası məhkəməsi bu halı araşdırmamış və həmin hala hüquqi qiymət verməmişdir. Beləliklə işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, apelyasiya məhkəməsinin qətnaməsi əmək kitabçası verilən günə qədər olan dövr üçün əmək haqqının hesablanaraq ödənilməsinin və son haqq hesabının vaxtında ödənilməməsinə görə gecikdirilmiş aylar üzrə son haqq hesabının hər gününə bir faizdən az olmamaq şərtilə ödəncin ödənilməsinin rədd edilməsi hissələrində qanuni və əsaslı olmamaqla maddi və prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır.
19. Məhkəmə kollegiyası hesab etmişdir ki, qətnamənin qalan hissələrinə münasibətdə apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
20. Məhkəmə kollegiyası öz mövqeyini Əmək Məcəlləsinin 82(3), 87(3), 172(5), 172(6)-ci maddələrinə istinadla əsaslandırılmışdır.
d) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat
21. Apellyasiya instansiyası məhkəməsinin (hakimlər İlham Kərimli (sədrlik edən və məruzəçi), Akif İsgəndərov və Elşən Kazımov) 2(103)-791/2022 saylı iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə qismən ləğv edilmiş və həmin hissədə iddia qismən təmin edilmiş, iddiaçıya son haqq-hesabın vaxtında ödənilməməsinə görə cavabdehdən hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində olmaqla 1081,47 manat məbləğində pul vəsaitinin tutulub ödənilməsi, iddia tələbinin əmək kitabçasının vaxtında verilməməsinə görə ödənc verilməsi hissəsində rədd olunması qət edilmişdir.
22. Məhkəmə qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddianı son haqqhesabın vaxtında ödənilməməsinə görə gecikdirilmiş müddət üçün ödəncin verilməsi hissəsində rədd edərkən maddi hüquq normalarını səhv tətbiq etmişdir. Belə ki, iddiaçıya ödənilməli olan son-haqq hesab iddiaçıya işdən azad edildiyi gün, yəni 01 aprel 2020-ci il tarixində ödənilməli olduğu halda, həmin vəsaitin bir hissəsi 03 aprel 2020-ci ildə, qalan hissəsi isə 08 may 2020-ci il tarixində ödənilmişdir. Göründüyü kimi, iddiaçıya ödənilməli olan son haqq-hesab gecikmə ilə ödənilmişdir. İddiaçıya ödənilməli olan son haqqhesabın bir hissəsi ilkin olaraq 2 gün gecikmə ilə 03 aprel 2020-ci il tarixdə, qalan məbləğ isə 37 gün gecikmə ilə 08 may 2020-ci il tarixdə ödənilmişdir. İddiaçı işdən azad olunduqdan sonra ona 815,05+2731,21=3546,26 manat məbləğində pul hesablanıb ödənilmişdir. Göründüyü kimi, iddiaçının son haqq-hesabının 3546,26 manat hissəsi 2 gün, 2731,21 manat hissəsi isə 37 gün gecikdirmə ilə ödənilmişdir. Hər gecikdirilmiş gün üçün iddiaçıya ödənilməli olan ödənc məbləği əmək haqqının azı bir faizi nəzərə alınmaqla 01 aprel 2020-ci il tarixdən 03 aprel 2020-ci il tarixədək 3546,26 manat məbləğə görə 2 gün üçün 3546,26 : 100 x 2 =70,92 manat, 01 aprel 2020-ci il tarixdən 08 may 2020-ci il tarixədək 2731,21 manat məbləğə görə 37 gün üçün 2731,21 : 100 x 37 = 1010,55 manat, cəmi ödəncin məbləği 70,92 + 955,92 = 1081,47 manat təşkil etmişdir.
23. Məhkəmə kollegiyası bildirmişdir ki, cavabdeh iddiaçının son haqqhesabının ödənilməsinin gecikdirilməsinin üzrlü səbəbdən baş verməsi barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir.
24. Apellyasiya instansiyası məhkəməsi, həmçinin qeyd etmişdir ki, iddiaçıya məxsus əmək kitabçası cavabdehin nümayəndəsi tərəfindən birinci instansiya məhkəməsi zamanı məhkəmə iclasında ona təqdim edilmişdir. Cavabdehin nümayəndəsinın bildirdiyinə görə, əmək kitabçasının iddiaçıya təqdim edilməsi ilə bağlı dəfələrlə iddiaçıya zənglər olunsa da, iddiaçı bilərəkdən kitabçanı götürməkdən imtina etmişdir. İddiaçı isə izahatında əmək kitabçasının ona qaytarılması üçün müəssisə tərəfindən heç bir təşəbbüs göstərilmədiyini bildirmişdir. İddiaçı özü də əmək kitabçasının götürülməsinə cəhd göstərməmişdir. Beləliklə, əmək kitabçasının sonuncu iş günü iddiaçıya verilməsinin işəgötürənin təqsiri üzündən gecikdirilməsi iş materialları ilə təsdiq olunmamışdır.
25. Əmək Məcəlləsinin 172-ci maddəsinin 6-cı bəndinə əsasən işçinin əmək kitabçasının bu Məcəllənin 87-ci maddəsinin üçüncü hissəsi ilə müəyyən edilmiş vaxtda verilməsi işəgötürənin təqsiri üzündən ləngidildikdə, işçiyə yalnız işə düzələ bilmədiyi bütün müddət üçün orta əmək haqqı ödənilməlidir. İş materiallarından görünür ki, iddiaçı 1956-cı il təvəllüdlü olmaqla pensiya yaşına çatmış, habelə yenidən işə düzəlmək üçün müraciət etməsi barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir.
26. Məhkəmə kollegiyası vurğulamışdır ki, “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 nömrəli Qərarının 6.2-ci bəndinə əsasən, əmək kitabçasının poçt vasitəsilə göndərilməsinə yalnız işdən çıxan işçinin razılığı ilə yol verilir.
27. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini Əmək Məcəlləsinin 87(3), 172 (4), 172(5) və 172(6)-ci maddələrinə istinadla əsaslandırmışdır.
e) Kassasiya instansiyası məhkəməsində ikinci icraat
28. İddiaçı (vəkil X3) qətnamədən kassasiya şikayəti vermişdir.
29. İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, qanunsuz və əsassız məhkəmə qərarlarının qəbul edilməsi onun məhkəmə müdafiə hüququnu və əmək hüququnu pozulmuşdur. Əmək kitabçasının vaxtında verilməməsi onun başqa işə düzəlməyini mümkünsüz etmişdir. Əmək kitabçası ona 6 ay 18 gün gecikmə ilə verilmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi əmək kitabçasının gecikmə ilə verilməsinin iş materialları ilə təsdiq olunmadığı qənaətinə gəlmişdir. Halbuki əmək kitabçasını almaqdan imtina etdiyi halda işəgötürən bunu sadə yolla, yəni akt tərtib etməklə sənədləşdirməli idi və yaxud poçt vasitəsilə göndərməli idi. Məhkəmə Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarını düzgün tətbiq etməmiş, Qaydaların 6.2-ci bəndinin 1-ci cümləsini nəzərə almamışdır.
30. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)- 3115/2022 saylı iş üzrə xx.xx.2022-ci il tarixli qərarı ilə (hakimlər Abiddin Hüseynov (məruzəçi), Əhməd Nurməmmədov və Zaur Əliyev) İddiaçı kassasiya şikayəti qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-791/2022 nömrəli mülki iş üzrə 25 yanvar 2022-ci il tarixli qətnaməsi əmək kitabçası verilən günə qədər olan dövr üçün orta əmək haqqının ödənilməsi tələbinin təmin olunmaması hissəsində ləğv edilməsi və işin həmin hissədə yeni apellyasiya baxışına qaytarılması, qətnamənin mübahisələndirilən (baxılan) qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
31. Məhkəmə kollegiyası öz mövqeyini əsaslandıraraq qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının əmək kitabçası verilən günə qədər olan dövr üçün orta əmək haqqının ödənilməsi tələbinin təmin olunmaması hissəsində maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur.
32. Kassasiya instansiyası məhkəməsi, həmçinin qeyd etmişdir ki, əvvəlki kassasiya icraatı üzrə məhkəmə tərkibinin həmin hissə ilə bağlı mövqeyi ondan ibarət olmuşdur ki, əmək kitabçasının verilməsinin işəgötürənin təqsiri üzündən ləngidilibləngidilməməsinin müəyyənləşdirilməsi hazırkı mübahisənin düzgün həll edilməsi üçün mühüm əhəmiyyətə malik olsa da, apelyasiya instansiyası məhkəməsi bu halı araşdırmamış və həmin hala hüquqi qiymət verməmişdir.
33. Məhkəmə kollegiyası öz mövqeyini Əmək Məcəlləsinin 82(3), 87(3), 172(5), 172(6)-ci maddələrinə istinadla əsaslandırılmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları
34. Məhkəmə iclasında iştirak edən iddiaçı Əsgərov Xanəhməd Əli oğlu apellyasiya şikayəti müdafiə edərək təmin edilməsini xahiş etdi.
35. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 oğlu apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsi xahiş etdi. Əlavə olaraq bildirdi ki, əmək kitabçasının iddiaçıya təqdim edilməsi ilə bağlı dəfələrlə iddiaçıya təflik edilsə də, hətta iddiaçıya zəng olunsa da, iddiaçı bilərəkdən kitabçanı götürməkdən imtina etmişdir. Əmək kitabçası iddiaçıya birinci instansiya məhkəməsi icraatı zamanı şəxsən qəbzə imza etdirilməklə təqdim edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Əmək Məcəlləsi
36. Maddə 83, bənd 2. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.
37. Maddə 87, bənd 3. İşdən çıxan işçilərə əmək kitabçası əmək müqaviləsinə xitam verildiyi gün (sonuncu iş günü) verilir.
38. Maddə 172, bənd 4. İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir.
39. Maddə 172, bənd 5. Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir.
40. Maddə 172, bənd 6. İşçinin əmək kitabçasının bu Məcəllənin 87-ci maddəsinin üçüncü hissəsi ilə müəyyən edilmiş vaxtda verilməsi işəgötürənin təqsiri üzündən ləngidildikdə, işçiyə işə düzələ bilmədiyi bütün müddət üçün orta əmək haqqı ödənilməlidir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
41. Maddə 14.2 məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
43. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
44. Maddə 384.0.2 qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
45. Maddə 385 maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
Apellyasiya baxışının hədləri
46. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
47. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
48. Hazırki halda apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız iddia tələbinin əmək kitabçasının verilə günə qədər olan dövr üçün əmək haqqının hesablanaraq ödənilməsinin təmin edilməməsi hissəsinin qanuniliyini və əsaslılığını yoxlayır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 25 yanvar 2022-ci il tarixli qətnaməsi məhz həmin hissədə ləğv edilməklə həmin hissədə yeni apellyasiya baxışına qaytarılmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
49. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdıraraq və kassasiya instansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5091/2020 saylı 20 oktyabr 2020-ci il tarixli qətnaməsi iddia tələbinin “əmək kitabçasının verilən günə qədər olan dövr üçün əmək haqqının hesablanaraq ödənilməsinin” təmin edilməməsi hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbi təmin edilməli, cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən əmək kitabçası verilən günə, yəni 19 oktyabr 2020-ci il tarixinə qədər olan dövr üçün əmək haqqı qanunvericiliyə uyğun hesablanmaqla Əsgərov Xanəhməd Əli oğluna ödənilməlidir.
50. Kollegiya ilkin olaraq qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
51. Məhkəmə kollegiyası birinci insansiya məhkəməsinin iddia tələbinin əmək kitabçasının verilən günə qədər olan dövr üçün əmək haqqının hesablanaraq ödənilməsinin təmin edilməməsi hissəsi ilə bağlı qənaətini qanuni və əsaslı hesab etmir.
52. Belə ki, Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci bəndi işdən azad etmə barədə əmrin surətinin, işçinin əmək kitabçası və işəgötürənin son haqqhesabı ilə birlikdə sonuncu iş günü işçiyə verilməsini işəgötürənin üzərinə vəzifə kimi qoymuşdur.
53. Bu baxımdan həmin sənədlərin sonuncu iş günü işçiyə verilməsinin işəgötürənin günahı ucbatından gecikdirilmədiyini sübut etmək vəzifəsi də işəgötürənin üzərindədir. Qeyd olunan sənədləri işçiyə vaxtında təqdim etməyən işəgötürən bu halın məhz işçinin günahı üzündən baş verdiyi, yaxud sənədin ondan asılı olmayan səbəblərdən işçiyə təqdim edilmədiyi barədə sübutlarını məhkəməyə təqdim etməlidir.
54. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
55. Məhkəmə kollegiyası kassasiya instansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq hesab edir ki, cavabdehin nümayəndəsinə əmək kitabçasının təqdim edilməsinin mümkün olmadığının məhz işçinin günahı üzündən baş verdiyinə dair hər hansı sübutun təqdim edilməsini təkilf etsə də, cavabdeh tərəfindən bu hala dair hər hansı sübut təqdim edilməmiş, yalnız şifahi izahat verməklə kifayətlənmişdir. Halbuki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri).
56. İş materiallarından və tərəflərin izahatınndan müəyyən olunur ki, əmək kitabçası 19 oktyabr 2020-ci il tarixdə məhkəmə iclası zamanı iddiaçıya təqdim edilmişdir. Bu halı iddiaçı mübahisələndirməmişdir.
57. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən qanunvericiliklə onun üzərinə qoyulmuş vəzifənin pozulması, yəni iddiaçı Əsgərov Xanəhməd Əli oğluna əmək kitabçası sonuncu iş günü işçiyə verilməlmədiyi iş materialları ilə təsdiq edildiyindən, apellyasiya şikayətinin dəlilləri əsaslıdır.
58. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı yoxlanılan hissədə rədd edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmədiyindən iş üzrə qəbul edilmiş qətnamə yoxlanılan hissədə ləğv edilməli, iddia tələbi həmin hissədə təmin edilməlidir.
59. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı Əsgərov Xanəhməd Əli oğlunun apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5091/2020 saylı 20 oktyabr 2020-ci il tarixli qətnaməsi iddia tələbinin “əmək kitabçasının verilən günə qədər olan dövr üçün əmək haqqının hesablanaraq ödənilməsinin” təmin edilməməsi hissəsində ləğv edilsin. Həmin hissədə iddia tələbi təmin edilsin. Cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən əmək kitabçası verilən günə, yəni 19 oktyabr 2020-ci il tarixinə qədər olan dövr üçün əmək haqqı qanunvericiliyə uyğun hesablanmaqla Əsgərov Xanəhməd Əli oğluna ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.