Məhkəmə qərarları › İş №2(103)-5841/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5841/2022

25.10.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5841/2022 25.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İlk iddia üzrə İddiaçı MMC-nin Cavabdeh; Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı MMC-yə qarşı iş üzrə (Açar sözlər: “müqavilənin ləğvi və öhdəliklərə xitam verilməsi; mənzilin sahibliyə və istifadəyə verilməsi, mənzildən istifadə hüquqlarının həyata keçirilməsinə müdaxilə və maneçilik hərəkətlərinin qadağan edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi ilə, İlk iddia üzrə İddiaçı MMC-nin Cavabdeh qarşı “müqavilənin ləğvi və öhdəliklərə xitam verilməsi tələbi barədə” ilk, Cavabdeh İddiaçı MMC-yə qarşı “mənzilin sahibliyə və istifadəyə verilməsi, mənzildən istifadə hüquqlarının həyata keçirilməsinə müdaxilə və maneçilik hərəkətlərinin qadağan edilməsi barədə” qarşılıqlı iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)-427/2021 saylı qətnaməsindən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətinə 25 oktyabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016cı il tarixli müqaviləyə əsasən “MMC” Bakı şəhəri, Xətai rayonu ərazisində S.Orucov və N.Əliyev küçələrinin kəsişməsində tikilməkdə olan yaşayış binasında mənzili alıcıya satmağı, alıcı isə həmin mənzili qəbul etməyi və mənzilin dəyərini bu müqavilə ilə müəyyən edilmiş vaxtlarda ödəməyi öhdəsinə götürmüşdür. Göstərilən mənzil 3-cü mərtəbədə olmaqla, 1 otaqdan ibarətdir. Mənzilin sahəsi 60 kv.m-dən ibarətdir və nömrəsi 103-dür. Göstərilən mənzilin ümumi dəyəri 96000 manat müəyyən olunmuşdur. Müqavilənin 3.2-ci bəndində qeyd olunur ki, mənzilin dəyəri alıcı tərəfindən tam ödənilmişdir.

2. İş materiallarında olan İddiaçı MMC tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli maliyyə arayışından görünür ki, Bakı şəhəri, Xətai rayonu ərazisində S.Orucov və N.Əliyev küçələrinin kəsişməsindərb 1204-cü məhəllədə tikilən 19 mərtəbəli yaşayış binası İddiaçı MMC-yə məxsusdur. Bu binanın ikinci giriş, 3-cü mərtəbəsində yerləşən 60 kv.m, 103 saylı 1 otaqlı mənzil Cavabdeh məxsusdur. MMC-yə olan borcu tam ödənilmişdir.

3. İş materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2018-ci il tarixli məktubdan görünür ki, MTK xx.xx.2016-cı il tarixli müqavilə üzrə 96000 manatın şirkətə ödənilməli olmasını, həmin məbləğ ödənilmədiyi halda isə xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab olunacağını bildirmişdir.

4. İş materiallarından olan Bakı Şəhəri Nərimanov Rayon Prokurorluğunun “Cinayət işi üzrə icraata xitam verilməsi haqqında” xx.xx.2019-cu il tarixli qərarından görünür ki, X4 xx.xx.2017-ci il tarixdə özünü öldürməsi ilə əlaqədar Azərbaycan Respublikası CM-nın 125-ci maddəsi ilə başlanmış ********* nömrəli cinayət işi üzrə icraata həmin faktda cinayət tərkibi olmadığına görə Azərbaycan Respublikası CM-nın 39.1.2-ci maddəsinə əsasən xitam verilmişdir. Aparılmış ibtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış X6 göstərmişdir ki, Fuad Ramazanov şikayətində ilkin olaraq oğlu Elvindən 159000 ABŞ dolları və 405000 manat tələb etmişdir. Lakin sonradan isə ona qarşılıqlı razılaşmaları əsasında dostu Babayev Vəliyullahdan Bakı şəhəri, Xətai rayonundakı qadınlar üçün 4 saylı CÇM-nin yaxınlığında inşa etdirdiyi yüksəkmərtəbəli binadan 96000 manat dəyərində 1 otaqlı mənzili 78000 manata alaraq Fuad Ramazanovun xahişi ilə hazırda adını xatırlamadığı qadının adına rəsmiləşdirmiş və qadına bununla bağlı müqavilə, protokoldan çıxarış və maliyyə arayışı verilmişdir.

5. Həmin qərardan eyni zamanda göründüyü kimi, istintaq zamanı şahid qismində dindirilmiş X1 göstərmişdir ki, 2015-ci ilin mart ayında direktoru olduğu İddiaçı MMC tərəfindən Bakı şəhəri, Xətai rayonu, N.Əliyev küçəsi, 10 ünvaında 19 mərtəbəli yaşayış binasının inşaasına başladıqdan bir neçə ay sonra Əziz Əliyev ona müraciət edərək bildirmişdir ki, bacısı Nüşabə üçün həmin binadan bir ədəd bir otaqlı mənzil almaq istəyir, lakin pulunu yalnız 2 aydan sonra ödəyə biləcək. Etiraz etməyib Əziz Əliyevin dediyi Nüşabə adlı qadının adına MMC ilə həmin binanın 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 60 kv.m olan, bir otaqlı, 96000 manat dəyərində mənzilin alqı-satqısı barədə müqavilə imzalayıb Əziz Əliyevə təqdim etmiş, Əziz də həmin müqaviləyə Nüşabəyə imza etdirərək bir nüsxəsini ona vermişdir. Aralarındakı razılaşmaya əsasən mənzilin dəyərinin ödənilməsi barədə maliyyə arayışını pul ödənilən vaxt verəcəkdir. Həmin vaxt binanın hələ özülünün bir hissəsi qazılmışdır. Lakin bundan bir qədər sonra-2017-ci ilin avqust ayının sonları – sentyabr ayının əvvəllərində Əziz Əliyev ofisinə gələrək bildirmişdir ki, Mürsəlin oğlu Fuad onun oğlu Elvindən əl çəkmir və müxtəlif yerlərərə şikayət etməkdə davam edir, Fuada istədiyi pulu da nağd qaydada verə bilmədiyi üçün məcbur olub əmlakla ziyanı ödəmək istəyir. Ona görə də aralarındakı uzun illər dostluq xətrinə binadakı həmin bir otaqlı mənzilə dair 96000 manat pulun ödənilməsi barədə maliyyə arayışını yazıb verməyi xahiş etmişdir ki, Fuadla hesablaşsın. Həmçinin, demişdir ki, Fuadla aralarında olan məsələni həll edəndən sonra mənzilin dəyərini ona ödəyəcək. Aralarındakı münasibət xətrinə mənzilə görə Nüşabə adlı qadının 96000 manat pulu ödəməsi barədə 2017-ci ilin sentyabr ayında, dəqiq tarix yadında qalmayan gündə maliyyə arayışını yazıb imzalayaraq və möhürlə təsdiq edərək Əziz Əliyevə vermişdir. Əziz Əliyevin intihar etmiş oğlunun yas mərasimində isə Əziz ona bildirmişdir ki, həmin bir otaqlı mənzilin dəyərini özü ödəyəcək və daha heç kimə verən deyil.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC tərəfindən Cavabdeh adına verilmiş xx.xx.2017-ci il tarixli maliyyə arayışının etibarsız hesab edilməsi, tərəflər arasında olan öhdəliklərə xitam verilməklə xx.xx.2016-cı il tarixli müqavilənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

7. İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqaviləyə əsasən MMC-nin Bakı şəhəri, N.Əliyev 10 ünvanda tikdiyi hündürmərtəbəli yaşayış binasının 60 kv.m olan 1 otaqlı mənzilin 96000 manata alğı-satqısına dair tərəflər arasında razılığa gəlinmişdir. Müqavilənin bağlanmasına əsas səbəb ondan ibarətdir ki, cəmiyyətin direktorunun çox yaxın dostu olan Əziz Əliyev onlara müraciət edərək oğlunun külli miqdarda borcunun olduğunu, həmin şəxslərin oğluna qarşı müvafiq qaydada prokurorluq orqanına müraciət etdiyini, borcu qaytarmayacağı təqdirdə ona qarşı cinayət işinin başladılacağını bildirərək, əvvəlki şərikliyi, dostluğunu nəzərə alaraq, oğlunun azyaşlı övladının olmasını və həbsxanalarda düşməməsi üçün ona köməklik göstərməyi xahiş etmişdir. Əziz müəllim cavabdehin şəxsiyyət vəsiqəsini xx.xx.2016-cı il tarixdə MMC-yə təqdim edərək cavabdehlə sahəsi 60 kv.m olan 1 otaqlı mənzilə dəyəri 96000 manat olmaqla müqavilə bağlamalarını ondan xahiş etmişdir. O, Əziz müəllimə müqavilə bağlanmasında hər hansı bir problemin olmadığını, lakin müqavilə üzrə vəsait ödənilmədiyindən maliyyə arayışı verə bilməyəcəyini bildirmişdir. Əziz müəllim hər şeyə hazır olduğunu, nəyin bahasına olursa olsun oğlunun həbsə girməyinə izin verməmələrinə dair onlara yalvarmağa başlamışdır. Əziz müəllimə olan inam və etibarından irəli gələrək cavabdehə yuxarıda qeyd edilən mənzilin alqı-satqısına dair müqavilə imzalayaraq və guya ki, 96000 manat pulun ödənildiyi, lakin maliyyə arayışı vermədən müvafiq sənədləri Əziz müəllimə təqdim etmişlər. Əziz müəllim müvafiq sənədləri aparıb dediyinə görə borc sahiblərinə imzalatdırıb MMC-yə təqdim etmişdir. Lakin xx.xx.2017-ci il tarixdə Əziz müəllim bir daha gələrək maliyyə arayışı olmadığı üçün oğlundan Bakı Şəhər Prokurorluğuna şikayət edildiyini bildirərək bir daha pulu vəziyyətdən çıxan kimi ödəyəcəyinə söz verərək maliyyə arayışı verilməsi üçün yalvarmışdır. Təəssüf və ürək ağrısı hissi ilə bildirirlər ki, Əziz müəllimin oğlu mərhum Elvin Əziz oğlu təzyiqlərə dözməyərk özünü asaraq intihar etmişdir. Bundan sonra dəfələrlə cavabdeh müraciət edərək mənzilin pulunun ödənilmədiyini və belə davam edəcəyi təqdirdə müqaviləni ləğv edəcəyini bildirsələr də, bu günə qədər cavabdehdən hər hansı bir cavab ala bilməmişlər. Odur ki, məcbur qalaraq məsələnin məhkəmə qaydasında həll edilməsinə qərar vermişlər. Birmənalı olaraq məhkəmənin diqqətinə çatdırırlar ki, aralarında bağlanmış xx.xx.2016-cı il tarixli müqaviləyə məhz bu səbəblərdən xx.xx.2017ci il tarixdə maliyyə arayışı verilmişdir. Müqaviləyə əsasən qeyd edilən 96000 manat vəsait MMC-nin xəzinəsinə daxil olmadığına görə maliyyə arayışı yarımçıq qalmaqla mühasib tərəfindən imzalanmamışdır. Hesab edirlər ki, qeyd olunan maliyyə arayışı yarımçıq olmaqla bərabər həm də etibarsızdır. 96000 manat vəsaitin MMC-nin xəzinəsinə mədaxil olmadığı hər iki tərəfə ilk andan məlum olmuşdur. Qeyd edilən müqavilə üzrə tərəf olaraq üzərlərinə düşən öhdəliyi yerinə yetirməyə, yəni mənzili cavabdehə təhvil verməyə bu gün də hazırlar. Həmin vəsait MMC-yə ödənilməyəcəyi halda cavabdehin öhdəliklərinə xitam verilməli və müqavilə ləğv edilməlidir. Əlavə olaraq məhkəmənin diqqətinə çatdırırlar ki, yuxarıda qeyd etdikləri hal üzrə Bakı Şəhəri Nərimanov Rayon Prokurorluğunda 2018-ci ildə tarixdə cinayət işi açılmış və işin bütün halları üzrə yuxarıda qeyd etdiyi xüsusatlar öz hüquqi təsdiqini tapmışdır. Beləliklə MMC-yə 96000 manat ödənişi təsdiq edən mədaxil qəbzi olmadığına və verilən maliyyə arayışı tam olmadığına görə etibarsız hesab edilməklə mühasibin imzası olmadığından hesab edirlər ki, MMC olaraq cavabdehin qarşısında hər hansı öhdəlik daşımırlar. Beləliklə Azərbaycan Respublikasının mülki qanunvericilik sistemində vicdanlılıq ümumi prinsip kimi mülki hüquq subyektləri üçün öz hüquq və vəzifələrinin vicdanla yerinə yetirmək öhdəliyini nəzərdə tutur və istənilən mülki hüquq normasının tətbiqi zamanı bu prinsipin tələbləri nəzərə alınmalıdır. Cavabdeh tərəfindən müqavilə üzrə qeyd edilən 60 kv.m-dən ibarət bir otaqlı mənzilin haqqı MMC-yə ödənilmədiyi və maliyyə arayışı tam imzalanmadığına görə etibarsız hesab edilməli və müqavilə üzrə tərəflər arasında olan öhdəliklərə xitam verilməlidir. Göstərilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

8. Eyni zamanda Cavabdeh İddiaçı MMC-yə qarşı “mənzilin sahibliyə və istifadəyə verilməsi, mənzildən istifadə hüquqlarının həyata keçirilməsinə müdaxilə və maneçilik hərəkətlərinin qadağan edilməsi barədə” qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın rədd edilməsi, Bakı şəhəri, Xətai rayonu, S.Orucov və N.Əliyev küçələrinin kəsişməsinləki 1204-cü məhəllədə inşa edilmiş 19 mərtəbəli yaşayış binasının ikinci girişin 3 mərtəbəsində yerləşən 60 kv.m sahəsi olan 103 saylı 1 otaqlı mənzilin onun istifadəsinə verilməsi vəzifəsinin İddiaçı MMC-yə həvalə edilməsi və həmin mənzildən onun istifadə hüquqlarının həyata keçirilməsində müdaxilə və maneçilik hərəkətlərinin İddiaçı MMC-yə qadağan edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

9. Qarşılıqlı iddia ərizəsi belə əsaslandırılmışdır ki, onunla cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilə imzalanan zaman mənzilin dəyəri tam ödənilmişdir və bu halı MMC-nin rəhbərliyi öz imzası ilə təsdiqləsə də mənzilin dəyərinin ödənilməsinə dair mədaxil qəbzi və müvafiq maliyyə arayışı ona verilmədi və bunu cəmiyyətin rəhbərliyi həmin zaman cəmiyyətin mühasibinin ofisdə olmaması ilə əlaqələndirmişdir. Uzun sürən tələblərindən sonra xx.xx.2017-ci il tarixdə maliyyə arayışı cəmiyyətin rəhbərliyi tərəfindən ona təqdim olunsa da, aralarında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilədən irəli gələn öhdəliklər iddiaçı tərəfindən 4 ildən çox vaxtdır ki, icra olunmur və bununla da iddiaçı aldığı mənzilə yaranmış sahiblik və istifadə hüquqlarından onu faktiki məhrum etmişdir. Göstərilənləri nəzərə alaraq ilkin iddianın rədd edilməsi, Bakı şəhəri, Xətai rayonu, S.Orucov və N.Əliyev küçələrinin kəsişməsinləki 1204-cü məhəllədə inşa edilmiş 19 mərtəbəli yaşayış binasının ikinci girişin 3 mərtəbəsində yerləşən 60 kv.m sahəsi olan 103 saylı 1 otaqlı mənzilin onun istifadəsinə verilməsi vəzifəsinin İddiaçı MMCyə həvalə edilməsi və həmin mənzildən onun istifadə hüquqlarının həyata keçirilməsində müdaxilə və maneçilik hərəkətlərinin İddiaçı MMC-yə qadağan edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)- 427/2021 saylı qətnaməsi ilə (hakim Kəmalə Əmirxanova) ilk iddia üzrə İddiaçı MMC-nin Cavabdeh adına verilmiş xx.xx.2017-ci il tarixli maliyyə arayışının etibarsız hesab edilməsi, tərəflər arasında olan öhdəliklərə xitam verilməklə xx.xx.2016-cı il tarixli müqavilənin ləğv edilməsi barədə ilk iddiasının təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilərək Bakı şəhəri, Xətai rayonu, S.Orucov və N.Əliyev küçələrinin kəsişməsinləki 1204-cü məhəllədə inşa edilmiş 19 mərtəbəli yaşayış binasının ikinci girişin 3-cü mərtəbəsində yerləşən 60 kv.m sahəsi olan 103 saylı 1 otaqlı mənzilin Cavabdeh istifadəsinə verilməsi vəzifəsinin İddiaçı MMC-nin üzərinə qoyulması, həmin mənzildən Cavabdeh istifadə hüquqlarının həyata keçirilməsinə müdaxilə və maneçilik hərəkətlərinin edilməsinin İddiaçı MMC-yə qadağan edilməsi qət olunmuşdur.

11. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi nəticəni Konstitusiya Məhkəməsinin Plenumun “Mülki Məcəllənin 178.8-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2010-cu il tarixli qərarına, Mülki Məcəllənin 152.1, 152.3, 157.4, 178.8, 337.1, 354.1, 354.2, 375.2, 377.1, 379, 380, 382, 383, 389.1, 390.1, 404.1, 421.1, 527.1, 527.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

12. Qətnamədən ilk iddia üzrə İddiaçı MMC apellyasiya şikayəti verərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)-427/2021 saylı qətnaməsini ləğv edib ilk iddianın təmin edilməsi, qarşılıqlı iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, aşağıdakılara görə hesab edirlər ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin qətnaməsi qanunsuz və əsassız olduğundan ləğv edilməli, ilkin iddia tələbi təmin edilməsi, qarşılıqlı iddianın isə rədd edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. İlkin ddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqaviləyə əsasən iddiaçının ünvan 2 ünvanda tikdiyi hüdürmərtəbəli yaşayış binasından ümumi sahəsi 60 kv.m olan 1 otaqlı mənzilin 96000 manata cavabdehə satılmasına tərəflər razılığa gəlmiş, cavabdeh mənzilin dəyərini ödəmədiyi halda MMC ona saxta maliyyə arayışı vermişdir. Cavabdehə bu maliyyə arayışın verilməsinə isə səbəb olan hal ondan ibarət olmuşdur ki, MMC-nin rəhbəri V.Babayevin yaxın şəriki olmuş Əziz Əliyev ondan cavabdehin adına bir otaqlı mənzil sənədləşməsini xahiş etmiş, bunu etməyəcəyi təqdirdə oğlunu tutacaqlarını bildirmişdir. Ə.Əlieyin özü də cavabdehi tanımamış, oğlunun cavabdehin yaxın qohumlarına borclu olması səbəbi ilə bunu V.Babayevdən xahiş etmişdir. Ə.Əliyev oğlunun problemini həll etdikdən sonra mənzilin dəyərini V.Babayevə ödəyəcəyinə söz vermişdir. V.Babayev Ə.Əliyevlə yaxın dost olması səbəbindən etiraz etməmiş, cavabdehi görmədiyi halda onunla yuxarıda qeyd edilən mənzilin alqı-satqısına dair müqaviləni imzalamışdır.Sonradan Ə.Əliyevin oğlu intihar edərək özünü asmışdır.Bir müddət keçdikdən sonra tanımadığı iki şəxs ona yaxınlaşaraq qeyd edilən mənzilin onlara məxsus olmasını bildirdikdə V.Babayev onlara mənzilin pulunun verilmədiyini, bununla bağlı cavabdehə məktub da göndərdiyini, bağlanmış müqavilənin şərtləri tam icra edilmədyi üçün müqavilənin ləğv edildiyini bildirmişdir. Bir müddət keçdikdən sonra isə məhkəməyə müraciət edərək müqavilənin ləğv edilməsini xahiş etmişdir. Cavabdeh isə öz növbəsində məhkəməyə qarşılıqlı iddia ərizəsi verərək yuxarıda qeyd edilən mənzilin alqı-satqısına dair MMC ilə müqavilə bağladığını, MMC-yə 96000 manat pulu ödədiyini, lakin mənzilin ona təhvil verilmədiyini bildirərək məhkəmədən ödədiyi pulun müqabilində qeyd edilən mənzilin ona təhvil verilməsini, mənzildən istifadəyə dair maneənin aradan qaldırılmasını məhkəmədən xahiş etmişdir. Nərimanov Rayon Məhkəməsinin yuxarıda qeyd edilən xx.xx.2021-ci il tarixli qətnaməsi çıxarılmışdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi iş materiallarında olan İddiaçı MMC-nin X2 ünvanlanmış xx.xx.2018-ci il tarixli məktubuna istinad edərək İddiaçı MMC tərəfindən cavabdehə ünvananmış məktubda xx.xx.2017-ci il tarixli maliyyə arayışının şərtlərinin etibarsız hesab edilməsi, həmçinin MMC-nin cavabdehə ünvanladığı xx.xx.2018-ci il tarixli məktubunda təkrarən qeyd edilən müqavilə üzrə 96000 manat MMC-yə ödənilməməsi səbəbindən müqavilənin tam icra edilmədiyini bildirərək əqdin ləğv edilməsini bildirmişdir. Müqavilə isə MM-nin müvafiq mədələrinə əsasən yalnız tərəflərin qarşılıqlı razılaşması ilə mümkün olduğunu qeyd edən məhkəmə MMC-nin məhz ona görə iddia ərizəsi ilə məhkəməyə müraciət etdydiyini əsaslandırmamışdır. Cavabdehin isə 96000 manat pul vəsaitinin MMC-yə ödənildiyini məhkəmə maliyyə arayışına istinad edərək qeyd edir ki, hal-hazırda maliyyə arayışı etibarlıdır və onun etibarsızlığını sübut edən hər hansı bir hal va ya səbəb mövcud deyildir. İşin mübahisəli hallarından görünür ki, MMC tərəfindən cavabdehlə bağlanan xx.xx.2016cı il tarixli müqavilə üzrə cavabdeh tərəfindən MMC-yə ödənilmiş 96000 manat məbləğində maliyyə arayışı xx.xx.2017-ci il tarixdə verilmiş, MMC tərəfindən maliyyə arayışının ləğv edilməsi barədə cavabdehə iki dəfə məktub ünvanlanmış, cavabdeh məktubları qəbul etsə də bununla bağlı hər hansı münasibət bildirməmiş, yalnız MMC tərəfindən məhkəməyə iddia qaldırıldıqdan sonra qarşılıqlı iddia ərizəsi ilə müraciət etməklə kifayətlənmişdir. Halbuki vəsaiti ödəyən şəxs kimi cavabdeh mənzilinin dəyərinin ödənilməsi və ya mənzil tələbi ilə bağlı MMC tərəfindən ona ünvanlanmış məktubdan dərhal sonra reaksiya verməli idi. Göründüyü kimi cavabdeh müqavilə və maliyyə arayışının saxta olması barədə xəbərdar olsa da susmuşdur. İş materiallarında olan Ə.Əliyevin izahatından tam aydın olur ki, cavabdehin adına olan mənzilin satılmasına dair müqavilə məhz onun tərəfindən MMC-nin rəhbəri V.Babayevə təklif olunmuş, V.Babayev bu təklifi qəbul edərək başqa bir əqdi pərdələmək məqsədilə qeyd edilən əqdi imzalamışdır. Əslində qeyd olunan epizodun əsas mahiyyəti mənzil alqı-satqısı deyil, hansısa borc münasibətində olan öhdəliyi icra etmək məqsədi daşımışdır. Cinayət işi üzrə icraata xitam verilməsi haqqında Nərimanov Rayon Prokurorluğunun xx.xx.2019-cu il tarixli qərarında qeyd edilən xüsusatlar V.Babayev və Ə.Əliyevin verdiyi ifadələr iddia ərizəsinin predmeti ilə tam eynilik təşkil etdiyindən hesab edir ki, yuxarıda qeyd edilən müqavilənin saxta olması və tərəflərin iradə ifadəsini əks etdirməməsi tam sübut olunur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.2-ci maddəsinə uyğun olaraq, mübahisə edilən əqdlərin etibarsızlığı əqdin mübahisələndirilməsi ilə bağlı iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə şərtləndirilir. Əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa tərəflər məhkəməyə müraciət edə bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd bağlandığı andan arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Əqdin əhəmiyyətsizliyi ilə bağlı mübahisə olarsa əhəmiyyətsizliyin təsdiqi üçün məhkəmədə iddia qaldırıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə uyğun olaraq, əqdlərlə bağlı mübahisələrə baxılarkən tərəflərin bu barədə tələb irəli sürməsindən asılı olmayaraq əqdlərin etibarsızlığı (mübahisə edilən əqdlər istisna olmaqla) aşkar edilərsə, məhkəmələr bunu nəzərə almalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Belə olan halda hesab edirlər ki, cinayət işi materiallarında əqdin etibarsızlığını sübut edən bütün hallar onların xeyrinə olduğuna görə qətnamə ləğv edilməli, ilk iddia təmin edilməli, qarşılıqlı iddia rədd edilməlidir.

14. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)-10691/2021 saylı qətnaməsi ilə (hakimlər: Şərafət Məmmədova, Rafael Eyvazov, Məmməd Məmmədov) apellyasiya şikayəti təmin olunmuş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)-427/2021 saylı qətnaməsi ləğv olunmuş, ilk iddianın təmin olunması, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilənin əhəmiyyətsiz əqd olmaqla etibarsız sayılması, həmçinin, xx.xx.2017-ci il tarixli maliyyə arayışının etibarsız hesab edilməsi, qarşılıqlı iddianın rədd edilməsi qət edilmişdir.

15. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-3357/2022 saylı qərarı ilə (hakimlər: Abiddin Hüseynov, Əhməd Nurməmmədov, Zaur Əliyev) Cavabdeh kassasiya şikayəti təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-10691/2021 nömrəli iş üzrə 08 dekabr 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına qaytarılmışdır.

16. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)-5841/2022 saylı qərardadı ilə (hakimlər: Emin Mehdiyev, Xəyal Sarıyev, Namiq Cəfərov) Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)- 427/2021 saylı qətnaməsinin ilk iddia tələbinin “İddiaçı MMC tərəfindən Bakı şəhəri, Xətai rayonu, S.Orucov və N.Əliyev küçələrinin kəsişməsindəki 1204-cü məhəllədə inşa edilmiş 19 mərtəbəli yaşayış binasının ikinci girişin 3 mərtəbəsində yerləşən 60 kv.m sahəsi olan 103 saylı 1 otaqlı mənzilə dair verilmiş xx.xx.2017-ci il tarixli maliyyə arayışının etibarsız hesab edilməsinin təmin edilməməsi” hissəsində ləğv olunması, ilk iddia tələbinin həmin hissəsində mülki işin icraatına xitam verilməsi qərara alınmışdır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

18. Apellyasiya baxışı zamanı əvvəlki məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, ilk iddianın təmin edilməsi, qarşılıqlı iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

19. Apellyasiya baxışı zamanı əvvəlki məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini qəbul etməyərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

20. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişlər. Kollegiya işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

22. Həmin Məcəllənin 14.2, 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir.

23. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

24. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

25. Həmin Məcəllənin 390.1-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

26. Həmin Məcəllənin 390.3-cü maddəsinin tələbinə əsasən müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir.

27. Həmin Məcəllənin 405.1-ci maddəsinə görə tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.

28. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.

29. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

30. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır(maddə 152.2). İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər(maddə 152.3).

31. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

32. Mübahisəli mənzilə dair müqavilə bağlanarkən qüvvədə olan Mülki Məcəllənin 178.8-ci maddəsinə əsasən (həmin maddə xx.xx.2017-ci il tarixdə yeni redaksiyada verilmişdir) mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər.

33. Azərbaycan Respublikasının Konistutsiya Məhkəməsinin Plenumun “Mülki Məcəllənin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 25 oktyabr 2010-cu il tarixli qərarı ilə müəyyən edilmişdir ki, kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər.

34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apellyasiya baxışının hədləri

37. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

38. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

39. Kollegiya birinci instansiya məhkəməsinin qətnaməsini ilkin iddianın tərəflər arasında olan öhdəliklərə xitam verilməklə xx.xx.2016-cı il tarixli müqavilənin ləğv edilməsinin rədd edilməsinə və qarşılıqlı iddia tələbinin təmin edilməsinə dair hissədə yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

40. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi “ilk iddia tələbinin tərəflər arasında olan öhdəliklərə xitam verilməklə xx.xx.2016-cı il tarixli müqavilənin ləğv edilməsinin rədd edilməsinə dair” hissədə ləğv edilməli, iş üzrə həmin hissədə yeni qətnamə çıxarılmalı, ilkin iddia tələbi təmin olunmamalı, qətnamə qarşılıqlı iddia tələbinin təmin edilməsinə dair hissədə dəyişdirilmədən saxlanılmalıdır.

41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

42. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-3357/2022 saylı qərarından görünür ki, məhkəmə kollegiyasının qənaətinə görə, müqavilələrin ləğvi və etibarsızlığı mülki qanunvericilikdə ayrı-ayrı institutlar kimi müəyyən edilib. Bu tələblərin hər ikisi bağlanmış əqdin qüvvədən salınmasına yönəlsə də, əqd barəsində mübahisə etmək hüququna malik subyektlərin dairəsi, mübahisə etmə əsasları və qaydası, əqdin qüvvədən düşməsinin hüquqi nəticələri baxımından qeyd olunan institutlar biri-birindən ciddi fərqlənir. Mülki qanunvericilik müqavilənin ləğvinin məhkəməyədək xüsusi qaydasını müəyyən etdiyi halda əqdlərin etibarsızlığı ilə bağlı belə məcburi qayda müəyyən edilməmişdir. Əgər müqavilənin ləğvi mübahisənin hallarından asılı olaraq əsasən müqavilənin ləğvinədək yaranmış hüquq və vəzifələri aradan qaldırmırsa, barəsində mübahisə edilən etibarsız əqd bağlandığı andan etibarsız hesab olunur və onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur.

43. İş materialları ilə müəyyən edilir ki, ilkin iddia tələbi tərəflərin bağladığı müqavilənin ləğvi ilə bağlıdır. İddiaçı həmin tələbini onunla əsaslandırır ki, cavabdeh müqavilə üzrə pul ödəmək öhdəliyini yerinə yetirməmişdir. İddiaçı, həmçinin bildirir ki, cavabdeh bu gün də pul ödəməklə bağlı müqavilə öhdəliyini icra edərsə müqavilənin predmeti olan mənzili cavabdehə verməyə hazırdır. İddiaçı cavabdehlə aralarında bağlanmış müqavilənin məhz cavabdeh tərəfindən öhdəliyin icra edilmədiyi əsası ilə ləğvini xahiş edir. Sonradan iddiaçı şifahi izahatlarında və apellyasiya şikayətində öz tələbini əsaslandırmaq üçün müqavilənin etibarsızlığı əsaslarına istinad etmişdir.

44. Mülki Prosessual Məcəllənin 53-cü maddəsinin iddia ərizəsinin verildiyi dövrdə qüvvədə olmuş redaksiyasına görə iddiaçı iddianın əsasını və ya predmetini məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi və bununla bağlı yazılı ərizə verməklə dəyişə bilərdi. İddiaçı tərəfindən isə birinci instansiya məhkəməsində işə baxılarkən belə bir ərizə təqdim edilməmişdir.

45. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi ilkin iddia tələbini “tərəflər arasında olan öhdəliklərə xitam verilməklə xx.xx.2016-cı il tarixli müqavilənin ləğv edilməsi” hissəsində təmin etməməklə düzgün nəticəyə gəlsə də, əqdin etibarsızlığı barədə müddəalara istinad etməklə maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir.

46. Belə ki, baxılan iş üzrə ilkin iddia tələbinin ikinci hissəsində iddiaçı cavabdehlə aralarında bağlanmış müqavilənin məhz cavabdeh tərəfindən mənzilin dəyərinin ödənilməsinə dair öhdəliyin icra edilmədiyi əsası ilə ləğvini xahiş etmişdir. Birinci instansiya məhkəməsi isə düzgün olmayaraq mülki qanunvericiliyin etibarsızlıqla bağlı normalarına istinad etməklə iddianı həmin hissədə təmin etməmişdir. Yuxarıda qeyd olunduğu kimi müqavilənin ləğvi və etibarsızlığı ayrı-ayrı institutlar olduğundan, həmin iddiaların əsasları və təmin olunmasının hüquqi nəticələri fərqli müəyyən edildiyindən işə baxan birinci instansiya məhkəməsinin müqavilənin ləğvi tələbi üzrə onun etibarsız hesab etməsinə dair normalara istinad etməsi maddi hüquq normalarının pozuntusunu təşkil edir.

47. Qeyd olunanlarla yanaşı nəzərə alınmalıdır ki, müqavilənin ləğvi üçün qanunvericilikdə müəyyən edilmiş əsaslardan çıxış edərək həmin əqdin ləğvi tələbini irəli sürmüş tərəfin sonradan şifahi izahatlarında və apellyasiya şikayətində öz tələbini əsaslandırmaq üçün, həmçinin müqavilənin etibarsızlığı əsaslarına istinad etməsi də irəli sürülmüş iddianın müqavilənin etibarsız hesab edilməsinə dair normalara istinad etməsinə əsas vermir. Belə ki, tələbin düzgün qanuni əsasının tapılması iddiaçının deyil, məhkəmənin vəzifəsidir.

48. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2016-cı il tarixli müqavilə bağlanılarkən mülki qanunvericiliyin tələblərinə əməl olunmuşdur və həmin əqdin ləğv edilməsinə hər hansı əsaslar mövcud deyildir. Belə ki, mübahisəli mənzilə dair bağlanmış xx.xx.2016-cı il tarixli müqavilə ilkin iddia üzrə İddiaçı MMC tərəfindən tərəflərin qarşılıqlı razılığı əsasında tərtib edilərək Cavabdeh təqdim edilmiş, ilkin iddia üzrə iddiaçı sərbəst iradə ifadə edərək həmin müqavilənin məzmununu özü formalaşdırmış və mənzilin dəyərinin alıcı tərəfindən tam ödənildiyini qeyd etmiş, bundan sonra cavabdehə könüllü olaraq verdiyi xx.xx.2017-ci il tarixli maliyyə arayışında mənzilin dəyərinin ödənildiyini təsdiq etmişdir.

49. Qeyd edilənlər mübahisəli mənzilin dəyərinin cavabdeh tərəfindən ödənilmədiyi barədə ilkin iddia üzrə iddiaçının dəlillərinin əsassız olduğunu göstərir və həmin dəlillər hər hansı mötəbər sübutlarla təsdiq olunmur.

50. Məhkəmə kollegiyası qeyd edir ki, Bakı Şəhəri Nərimanov Rayon Prokurorluğunun “Cinayət işi üzrə icraata xitam verilməsi haqqında” xx.xx.2019-cu il tarixli qərarı üzrə hazırda mübahisələndirilən müqavilə və maliyyə arayışı araşdırma predmeti olmamış və həmin qərar hazırkı iş üzrə preyudisial əhəmiyyət kəsb etmir.

51. Azərbaycan Respublikası Mülki Prosessual Məcəclləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

52. Kollegiya hesab edir ki, tərəflər qeyd edilən müqaviləni bağlayarkən məqsədlərinin mənzilin alqı-satqısı olduğu və həqiqi iradələrinin məhz buna yönəldiyi və həmin müqavilənin ləğv edilməsinə hər hansı əsaslar mövcud olmadığı üçün ilkin iddia tələbi “tərəflər arasında olan öhdəliklərə xitam verilməklə xx.xx.2016-cı il tarixli müqavilənin ləğv edilməsi” hissəsində təmin edilməməlidir.

53. Məhkəmə kollegiyası qarşılıqlı iddia tələbi ilə bağlı qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq belə qənaətə gəlmişdir ki, qarşılıqlı iddiaçı mənzilin mülkiyyətçisi olmasa da, onun həmin mənzil üzərində sahiblik və istifadə hüquqları var və bu səbəbdən həmin hüquqların həyata keçirilməsinin məhdudlaşdırılması mülki qanunvericiliyin tələblərinə ziddir. Kollegiya hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən mənzilin dəyəri tam ödənildiyi üçün həmin mənzil üzərində sahiblik və istifadə hüquqları əldə etdiyindən birinci intansiya məhkəməsi tərəfindən düzgün nəticəyə gəlinərək, qarşılıqlı iddia tələbi təmin edilmişdir.

54. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi “ilk iddia tələbinin tərəflər arasında olan öhdəliklərə xitam verilməklə xx.xx.2016-cı il tarixli müqavilənin ləğv edilməsinin rədd edilməsinə dair” hissəsində ləğv edilməli, iş üzrə həmin hissədə yeni qətnamə çıxarılmalı, ilkin iddia tələbi təmin olunmamalı, qətnamə qarşılıqlı iddia tələbinin təmin edilməsinə dair hissəsində dəyişdirilmədən saxlanılmalıdır.

55. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)-427/2021 saylı qətnaməsi “ilk iddia tələbinin tərəflər arasında olan öhdəliklərə xitam verilməklə xx.xx.2016-cı il tarixli müqavilənin ləğv edilməsinin təmin edilməməsinə dair” hissəsində ləğv edilsin. İş üzrə həmin hissədə yeni qətnamə qəbul edilsin. İlk iddia tələbi həmin hissədə təmin edilməsin. Qətnamə qarşılıqlı iddia tələbinin təmin edilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar