Məhkəmə qərarları › İş №2(103)-5849/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5849/2025

24.10.2025 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5849/2025 24.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MTK-ya qarşı iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), qızından ibarət tərkibdə, İddiaçı Cavabdeh MTK-ya qarşı gecikdirilmiş əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e- 2(005)-1599/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(005)- 3409/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh MTK-nın xx.xx.2023-cü il tarixdə bağlanmış əmək müqviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli əmrinin ləğv edilməsi, İddiaçı əvvəlki vəzifəsinə bərpa edilməsi və ona məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi qət edilmiş, gecikdirilmiş məbləğin üzərinə gündəlik 1% оlmaqla hesablanmış ödənc məbləğinin tutulması hissəsində iddia təmin edilməmişdir.

Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh MTK-ya qarşı gecikdirilmiş əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK-dan hər gecikdirilmiş gün üçün ona əmək haqqının azı bir faizi məbləğində ödənc olaraq 17.280 manat verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.2023-cü il tarixdə Cavabdeh MTK-da rəsmi olaraq hüquqşünas kimi işləməyə başlamışdır. Diplomun surətini, əmək kitabçasını təqdim etmişdir. Cavabdeh tərəfindən ona rəsmi olaraq “X2” təqdim edilmişdir. Əmək haqqı aylıq 400 manat təşkil etmişdir. Mükafat kimi ona mənzil veriləcəyinə də söz verilmişdir. Əmək funksiyası müqavilələrin və digər hüquqi sənədlərin təftişi, tərtibi və rəsimləşdirilməsi və s. olmuşdur. İşlədiyi müddətdə cavabdeh əmək qanunvericiliyi normalarını kobud şəkildə pozaraq əmək haqqını ödəməmişdir. Dəfələrlə müraciət etməsinə baxmayaraq əmək haqqının ödənilməsini gecikdirmişdir. Yeni Yasamalda tikilən mənzildən ona ev veriləcəyinə söz verilmişdir. "xxxx" MMC ilə cavabdeh arasında xx.xx.2021-ci il tarixdə ünvan 1 ünvanında hündür mərtəbəli binanın inşa etdirməsi ilə bağlı müqavilə vardır. Müqavilə əsasında 450000 manat vəsait ödəmişdir. Əsas iş yeri həmin ünvanda olan ofis olmuşdur. Cavabdehin "xxxx" MMCilə müqavilə münasibətlərində mübahisələri yaranmışdır. 2024-cü il yanvar ayının sonları yığılmış əmək haqqını tələb etdikdə Şirkət rəhbəri ilə mübahisə yaranmışdır. Ona deyilmişdir ki, “işlərini davam etdir, əmək haqqını və kooperativ tərəfindən mənzilini ən geci aprel 2024-cü il tarixdə alacaqsan”. Kooperativ tərəfindən ona deyilmiş son tarixə kimi gözləmiş, lakin yenidən aldanıldığını anlamışdır. xx.xx.2024-cü il taixdə kooperativdən şikayətçi olmaqdan ötrü Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə müraciət etmişdir. Ona öz ərizəsi ilə fevral 2024-cü il tarixdə işdən azad olunduğu bildirilmişdir. xx.xx.2024-cü il tarixdə X3 Xidmətinin rəisinə ərizə ilə müraciət edərək Kooperativ tərəfindən 8-ay əmək haqqının ödənilmədiyini və onun razılığı olmadan qanunsuz olaraq əmək müqaviləsinə xitam verildiyindən əmək haqqınn ödənilməsinə və işə bərpa olunmağı barədə müvafiq tədbirlər görülməsini, habelə kooperativi inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Nərimanov Rayon Məhkəməsinin 2(005)-3409/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, CavabdehMTK-nın xx.xx.2023-cü il tarixdə bağlanmış əmək müqviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli əmrin ləğv edilməsi, onun əvvəlki vəzifəyə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi qərara alınmışdır. Bu günə kimi cavabdeh məhkəmə qətnaməsini icra etməmişdir. Göründüyü kimi, cavabdeh Azərbaycan Respublikası Əmək qanunvericiliyinin müvafiq müddəalarını kobud şəkildə pozduğunu ört-bastır edilməsindən və inzibati məsuliyyətdən yayınmaqdan ötrü müvafiq sənədləri Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Bakı şəhər İdarəsinə verilməsindən və həqiqəti bildirməsindən imtina etmişdir. Cavabdeh xx.xx.2023- cü il tarixdən bu günə kimi əmək haqqını verməməklə ona maddi ziyan vurmuşdur. Cavabdeh ona əmək haqqının verilib və ya verilməməsini təsdiq edən haqq-hesab sənədlərini verməkdən imtina edir. Bununla da ona əmək haqqının verilməməsi öz təsdiqini tapmışdır. Cavabdeh, Əmək Məcəlləsinin əmək münasibətlərinə xitam verilməsindən ötrü nəzərdə tutulan maddələri kobud şəkildə pozaraq qanunsuz olaraq əmək münasibətlərinə xitam vermişdir. xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixədək əmək haqqının hər gecikdirilmiş gün üçün azı bir faizi məbləğində ödənc hesablanaraq, cavabdeh tərəfindən ödənilməsi təmin edilməlidir

4. Daha sonra iddia tələbin dəqiqləşdirilməsinə dair ərizə verərək, Cavabdeh MTK-dan xx.xx.2023-cü il tarixdən xx.xx.2024-ci il tarixədək ödənilməmiş əmək haqqı kimi 2.400 manat, əmək haqqının ödənilməsi gecikdirildiyindən hər gecikdirilmiş gün üçün əmək haqqının xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixədək azı bir faizi məbləğində ödənc olaraq 14.400 manat, xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixə kimi ödənilməmiş əmək haqqının hər gecikdirilmiş gün üçün azı bir faizi məbləğində ödənc olaraq 10.080 manat olmaqla, ümumilikdə 26.880 manat pulun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı tələbin dəqiqləşdirilməsinə dair növbəti ərizə verərək, Cavabdeh MTKdan xx.xx.2024-ci il tarixdən hazırki vaxta kimi əmək haqqı gecikdirildiyindən hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində ödəniş edilməsi və 2.400 manat ödənilməmiş əmək haqqının və xx.xx.2023-cü ildən bu günə kimi hər gecikdirilmiş gün üçün bir faizi məbləğində ödənc olaraq pulun cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(005)- 1599/2025 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək xx.xx.2024-cü il tаriхdən ödənilməmiş məcburi iş buraxma müddəti üçün əmək haqqının hər gecikdirilmiş gün üçün bir faizi məbləğində ödəncin ödəniş gününə qədər hesablanmaqla Cavabdeh MMC-dən alınaraq İddiaçı ödənilməsi qət edilmişdir.

7. Həmin Məhkəmənin xx.xx.2025-ci il tarixli, e-2(005)-1599/2025 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh MTK-ya qarşı gecikdirilmiş əmək haqqının ödənilməsi tələbinin xx.xx.2023-cü il tariхdən xx.xx.2024-ci il tarixə kimi əmək haqqının gecikdirildiyindən hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində ödəniş edilməsi və 2.400 manat ödənilməmiş əmək haqqının cavabdehdən tutularaq ona verilməsi hissəsində хitam verilmişdir.

8. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(103)-4720/2025 nömrəli qərardadı ilə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilməsi və İddiaçı Cavabdeh MTK-ya qarşı iddiasının xx.xx.2023cü il tariхdən xx.xx.2024-ci il tarixə kimi əmək haqqı gecikdirildiyindən hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində ödəniş edilməsi və 2.400 manat ödənilməmiş əmək haqqının cavabdehdən tutularaq ona verilməsi hissəsində baxılması üçün mülki işin Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

9. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(005)- 1599/2025 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh MTK-ya qarşı gecikdirilmiş əmək haqqının ödənilməsi tələbinə dair icraata iddia ərizəsinin xx.xx.2023-cü il tariхdən xx.xx.2024-cü il tarixə kimi əmək haqqı gecikdirildiyindən hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində ödəniş edilməsi və 2.400 manat ödənilməmiş əmək haqqının cavabdehdən tutularaq ona verilməsi hissəsində хitam verilmişdir.

Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə:

10. İddiaçı həmin qərardaddan şikayət verərək onun ləğv edilməsini və işə bu hissədə də mahiyyəti üzrə baxılması barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir.

11. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə 2(005)-3409/2024 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə qeyd etmişdir ki, iddiaçı əmək müqaviləsinə uyğun olaraq 8 ay müddətində əmək haqqının almadığını iddia etsədə əmək haqqına dair bank hesabından müvafiq çıxarışları əldə etməmiş, bu halı isə əmək haqqının almaması ilə əsaslandırmışdır. Belə olduğu təqdirdə isə məhkəmə hesab etmişdir ki, iddiaçı müvafiq bankdan lazımi qaydada müraciət edib əmək haqqı hesabına 8 ay ərzində hər hansı pul məbləğlərinin mədaxil olub olmamasına dair mötəbər sübut təqdim etməmişdir. Cavabdeh müvafiq sənədləri istər X3 Xidməti Bakı şəhər İdarəsinə verilməsindən və istərsə də məhkəmənin e-2(005)-3409/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadını icra etməyərək həqiqəti bildirməsindən imtina etmişdir. Yuxarıda qeyd edilən qərardad cavabdeh tərəfindən icra olunmamışdır. “Cavabdeh ona əmək haqqının verilməsindən ötrü hər hansı kart təqdim etməmişdir. Cavabdeh qərəzli olaraq məhkəməyə gəlmədiyindən və iddiaçı olaraq mötəbər sübutlar təqdim edilmədiyinə əsasən xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixədək əmək haqqı alıb almadığı sübuta yetirilməmişdir. Bu əsasla iddia tələbi həmin hissədə təmin edilməmiş, mahiyyəti üzrə işə baxıb həmin hissəyə hüquqi qiymət verilməsi mümkün olmamışdır. Habelə, mübahisələndirilən qərardad ilə açıq-aşkar müəyyən edilir ki, məqsədli şəkildə apellyasiya instansiyası məhkəməsinin məcburi göstərişini qərəzli olaraq yerinə yetirməyərək işə mahiyyəti üzrə baxmayaraq yenidən icraata xitam vermişdir. Məhkəmə məqsədli şəkildə həmin hissədə işə baxmır ki, iddiası həmin hissədə təmin ediləcəkdir. Habelə, hara nə vaxt necə müraciət etməyi qərardad ilə göstərilməmişdir. Məhkəmə cavabdeh MTK-nın təsdiqlədiyi xx.xx.2025-ci il tarixli ona edilən işdən çıxarılmağı ilə bağlı xəbərdarlığı yazılı sübut kimi qanunsuz olaraq qəbul etməmişdir. Onun işə bərpa olunduqdan sonra yeni iddianın əsası kimi iddia tələbinin qəbul edilməsi anlamına gəldiyi halda, qərəzli olaraq yazılı sübut kimi qəbul etməyərək icraata xitam vermişdir.

12. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

13. İddiaçı məhkəməyə vəsatətlə müraciət edərək, işə şifahi icraat qaydasında baxılmasını xahiş etmişdir. Vəsatətdə qeyd edilmişdir ki, cavabdeh onun əməl kitabçasında – xx.xx.2025-ci il tarixdə işə bərpa edildiyini və xx.xx.2025-ci il tarixində əmək müqaviləsinə xitam verilməsini qeyd etmişdir. Göründüyü kimi, onun cavabdehə qarşı gecikdirilmiş əmək haqqının ödənilməsi tələbinin xx.xx.2024-cü il tarixdən xx.xx.2024-ci il tarixə kimi əmək haqqının gecikdirildiyindən hər gecikdirilkmiş gün üçün əmək haqqının 1% məbləğində ödəniş edilməsi və 2.400 manat ödənilməmiş əmək haqqının cavabdehdən tutularaq ona verilməsi iddia tələbi əmək müqaviləsi hüquqi cəhətdən qüvvədə olduğu zaman verilmişdir. Odur ki, cavabdedhin xx.xx.2025-ci il tarixli əmək haqqının xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək ödəniləcəyinin təsdiqləməsi barədə arayışının və digər sənədlərin məhkəmə iclasında baxılması və iştirakı ilə araşdırılması zərururəti yaranmışdır.

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.

15. Məhkəmə kollegiyası işə şifahi icraat qaydasında baxılmasına əsaslar olmadığı qənaətinə gəlmişdir.

16. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq:

17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 261.0.2. Eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. Maddə 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Maddə 262.3. Bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququna malikdir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

18. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

19. İşdən görünür ki, iddiaçı tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş iddia tələbin dəqiqləşdirilməsinə dair sonuncu ərizədə, Cavabdeh MTK-dan xx.xx.2024-ci il tarixdən hazırki vaxta kimi əmək haqqı gecikdirildiyindən hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində ödəniş edilməsi və 2.400 manat ödənilməmiş əmək haqqının, xx.xx.2023-cü ildən bu günə kimi hər gecikdirilmiş gün üçün bir faizi məbləğində ödənc olaraq pulun cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

20. İşdə olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(005)-3409/2024 nömrəli qətnaməsindən müəyyən edilir ki, iddiaçının xx.xx.2023-cü il tarixindən xx.xx.2024-ci il tarixinədək 2.400 manat məbləğində ödənilməmiş əmək haqqı və həmin dövr üzrə əmək haqqının hər gecikdirilmiş günu üçün azı bir faizi məbləğində ödəncin Cavabdeh MTK-dan tutulması barədə tələblərinə artıq hüquqi qiymət verilmişdir.

21. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi həmin tələblərlə bağlı hissədə iş üzrə icraata xitam verməkdə haqlı olmuşdur. O da qeyd edilməlidir ki, mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən qeyd olunan əsasla iş üzrə icraata xitam verildiyi təqdirdə məhkəmə tərəfindən iddiaçının hansı orqana müraciət etməli olması qərardadda göstərilməməlidir.

22. Şərh olunanlara əsasən kollegiya hesab edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi üçün əsas deyil.

23. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qərara aldı:

Şikayət təmin edilməsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(005)- 1599/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Hakimlər:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar