Məhkəmə qərarları › İş №2(103)-5850/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5850/2022

14.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5850/2022 14.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi, İddiaçının vəkili X5, Cavabdeh, onun nümayəndəsi və vəkili X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “sabit məbləğdə aliment və əlavə xərclərdə iştirak etmə” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1740/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları:

1. İddiaçı Cavabdeh qarşı “sabit məbləğdə aliment və əlavə xərclərdə iştirak etmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01 aprel 2009-cu il təvəllüdlü X6 müayinə və müalicəsi üçün ödədiyi 620,22 manatın ½ hissəsi – 310 manatın cavabdehdən birdəfəlik alınaraq ona ödənilməsi, 01 aprel 2009-cu il təvəllüdlü X6 müayinə və müalicəsi davamlı olaraq davam etdirildiyindən cavabdehdən övladının xəstəliyi ilə əlaqədar hər ay əlavə xərclərə görə 100 manat sabit məbləğdə pul alınaraq ona ödənilməsi və 01 aprel 2009-cu il təvəllüdlü X6 və 08 oktyabr 2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 200 manat sabit pul məbləğində aliment tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2008-ci il tarixdə Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən 617 nömrəli akt qeydi ilə bağlanmış nikah xx.xx.2021-ci il tarixdə Yasamal Rayon Məhkəməsinin 2(004)-6261/2021 saylı qərarı ilə pozulmuş, xx.xx.2016-cı il təvəllüdlü X8 və xx.xx.2009-cu il təvəllüdlü X6 İddiaçı yanında qalması qərara alınmışdır. Həmin vaxt iddiaçı uşaqların maddi təminatının öhdəsindən gəldiyinə görə aliment tələbi barədə məhkəməyə müraciət etməmişdir. Hazırda uşaqların maddi təminatını tam ödəyə bilmədiyinə, xx.xx.2009-cu il təvəllüdlü X6 xəstəliyi ilə bağlı müayinələr və müalicələr mütəmadi olaraq davam etdiyinə, müayinə və müalicələrin 2018-ci ildən başlamasına baxmayaraq, hazırda daha da intensivləşməsinə görə təkbaşına öhdəsindən gələ bilmir. Belə ki, övladı X7 exoqrafik qalxanabənzər vəzin parenximasinin diffuz dəyişiklikləri qeyd olunur, tərkibində çoxlu hipoexogen və anexogen əlavələr qeyd olunur, müxtəlif ölçülərdə və psevdodüyünlər qeyd olunur. Həkim göstərişinə əsasən exoqrafik qalxanabənzər vəz 1-ci dərəcədədir, strukturuna görə avtoimmun tireoiditi xatırladır, hipertrofik forma (zob xaşimota), hormonal verifikasiya məsləhət görülür. X1 müayinə və müalicəsi üçün xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 1000 manata qədər pul xəcləsə də, həmin pul məbləğinin yalnız 620,22 manatını təsdiq edən qəbzləri əlavə etmişdir. Hazırda qızı Ayla 7-ci sinifdə təhsil alır, Məryəm isə məktəbə hazırlıq kursuna gedir. Onların artan tələbatını, məktəb ləvazimatlarını ödəyə bilmir.

3. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1740/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, 01 aprel 2009-cu il təvəllüdlü X6 müayinə və müalicəsi üçün ödənilmiş 620,22 manat vəsaitin ½ hissəsi yəni, 310 (üç yüz on) manatın Cavabdeh tutularaq İddiaçı ödənilməsi, xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün xx.xx.2022-ci il tarixdən hesablanmaqla hər ay hər uşağa görə 193 (bir yüz doxsan üç) manat olmaqla, cəmi 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində aliment, eyni zamanda əlavə xərclərə görə hər ay 50 (əlli) manat sabit pul məbləği Cavabdeh tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir (Sədrlik edən: Günel Əkbərli).

4. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətləri və dəlilləri:

5. Apellyasiya şikayətində qeyd edilmişdir ki, Cavabdeh ilə iddiaçı arasında olan nikah xx.xx.2022-ci il tarixdə pozulmuşdur. Cavabdeh son vaxtlaradək yəni nikah pozulanadək həmişə uşaqları ilə unsiyyətdə olmuş və əlaqə saxlamışdır. Belə olan halda cavabdeh birgə nikah müddətində heç vaxt X1 müalicəyə ehtiyacı olduğu bildirilməmişdir. Cavabdeh dəfələrlə özü övladlarını müayinə etdirmişdir, lakin heç bir xəstəlik aşkar olunmamışdır. Yuxarıda qeyd edilənləri və xəstəlik arayışlarını iddiaçı məhkəməni aldadaraq qanunsuz qətnamə çıxarılmasına nail olmuşdur. Məhkəmə işin hallarını MPM –nin 9-cu və 220.1–ci maddəsini nəzərə almadan, məhkəmə baxışı zamanı tərəflərin izahatlarını, təqdim olunan sübutları, mülahizələri və s düzgün araşdırmadan qanunsuz qətnamə çıxarmışdır. Tərəflərin izahatları:

6. Kollegiya iclasında iştirak edən iddiaçının vəkili H.Abuzərov apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

7. Kollegiya iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili G.Həsənova apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, qətnamənin ləğv edilməsini xahiş etdi.

8. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşmır və hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməlidir. Sübutların tədqiqi:

9. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflərin nikahından 01 aprel 2009-cu il təvəllüdlü X10 və 08 oktyabr 2016-cı il təvəllüdlü X8 adlı övladları vardır.

10. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(004)- 6261/2021 nömrəli qətnaməsinə əsasən Cavabdeh ilə İddiaçı arasında xx.xx.2008-ci il tarixdə Yasamal rayon Qeydiyyat şöbəsində 617 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması və 01 aprel 2009-cu il təvəllüdlü X10 və 08 oktyabr 2016-cı il təvəllüdlü X4 İddiaçı yanında qalması (saxlanılması) qərara alınmışdır.

11. Nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikah xx.xx.2021-ci il tarixdə Yasamal rayon Qeydiyyat şöbəsində pozulmuşdur və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixdə 648 nömrəsi ilə qeydiyyat aparılmışdır.

12. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(004)- 1740/2022 saylı qərardadına əsasən məhkəməyə “X14” Tibb Mərkəzi tərəfindən təqdim edilmiş məktubdan görünür ki, 01 aprel 2009-cu il təvəllüdlü X10 həmin tibb müəssisəsində stasionar müalicə almamış, lakin o, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2022-ci il tarixlərdə müxtəlif laborator analiz və müayinələrdən keçmişdir.

13. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2021-ci il tarixli 17657 nömrəli (132,02 manat), xx.xx.2021-ci il tarixli 18150 nömrəli (126,80 manat), xx.xx.2021-ci il tarixli 19386 nömrəli (74,40 manat), xx.xx.2021-ci il tarixli 37777 nömrəli (70 manat), xx.xx.2021-ci il tarixli 38179 nömrəli (24 manat), xx.xx.2021-ci il tarixli 38050 nömrəli (43 manat), xx.xx.2021-ci il tarixli 38178 nömrəli (150 manat) ödəniş çeklərindən görünür ki, tibbi müalicə üçün dərman vəsitələrinə ümumilikdə 620,22 manat vəsait ödənilmişdir.

14. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş tibbi sənədlərdən və müayinə kağızlarından görünür ki, 01 aprel 2009-cu il təvəllüdlü X10 xx.xx.2018-ci il tarixdən Azərbaycan Tibb Universiteti X3 “Cinsi yetkinliyin dəqiqləşdirilməmiş pozğunluğu” diaqnozu ilə qeydiyyata alınmış və həmin klinikada ambulator qaydada həkim müayinəsindən keçmiş, o, həkim göstərişi ilə tibbi müayinələrindən (analiz, resept vərəqələri və s.) davamlı olaraq keçir.

15. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş "xxxx" MMCnin 14 aprel 2022-ci il tarixli arayışından görünür ki, Cavabdeh həmin Cəmiyyətdə nəzarətçi vəzifəsində işləməklə əmək haqqı məbləği 1159 (bir min yüz əlli doqquz) manat təşkil edir. Apellyasiya baxışının həddləri:

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

17. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

18. Apellyasiya şikayətində cavabdeh qətnamənin ləğv edilməsini xahiş etsə də, şikayətin məzmunundan görünür ki, cavabdeh qətnaməni yalnız X6 müayinə və müalicəsi üçün ödədiyi 620,22 manatın ½ hissəsi – 310 manatın tutulması və hər ay əlavə xərclərə görə 50 manat sabit məbləğdə pul tutulması hissəsində mübahisələndirmişdir.

19. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin apellyasiya şikayətinə əsasən X6 müayinə və müalicəsi üçün ödədiyi 620,22 manatın ½ hissəsi – 310 manatın tutulması və əlavə xərclərə görə hər ay 50 (əlli) manat tutulması hissəsində yoxlayır. Tətbiq edilən hüquq:

20. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.

21. «Uşaq hüquqları» haqqında Azərbaycan Respublikası qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

22. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

23. Ailə Məcəlləsinin 81.1-ci maddəsinə görə, alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər.

24. Həmin Məcəllənin 81.2-ci maddəsinə görə, valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur.

25. Həmin Məcəllənin 81.3-cü maddəsinə görə, məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Hüquqi dəyərləndirmə:

26. Birinci instansiya məhkəməsi iddia tələbinin əlavə xərclərə görə hər ay pul tutulması hissəsini qismən təmin etmiş və mövqeyini onunla əsaslandırmışdır ki, məhkəməyə təqdim edilmiş tibbi sənədlər əsasında sübut edilir ki, X10 xx.xx.2018-ci il tarixdən Azərbaycan Tibb Universiteti X3 “Cinsi yetkinliyin dəqiqləşdirilməmiş pozğunluğu” diaqnozu ilə qeydiyyata alınmış və həmin klinikada ambulator qaydada həkim müayinəsindən keçmiş, o, davamlı olaraq həkim göstərişi ilə tibbi müayinələrindən (analiz, resept vərəqələri və s.) keçir. Eyni zamanda məhkəməyə təqdim edilmiş ödəniş çekləri ilə sübut olunur ki, 2021-ci ilin dekabr ayı üzrə tibbi müalicə üçün dərman vəsitələrinə ümumilikdə 620,22 manat vəsait ödənilmişdir.

27. Kollegiya iddia tələbinin bu hissəsinə münasibətdə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və mövqeyini onunla əsaslandırır ki, iddiaçının Paşayeva Aylanın müayinə və müalicəsinə 620 manat vəsait xərcləməsi iş materiallarında olan sübutlarla öz təsdiqini tapsa da, məhkəmə həmin sübutlara Ailə Məcəlləsinin tələbləri baxımından düzgün qiymət verməmişdir. Belə ki, iş materiallarında olan tibbi sənədlər və ödəniş çekləri Paşayeva Aylanın həmin müayinəsindən keçməsini və müayinə və müalicə üçün 620 manat pul ödəməsi faktını təsdiq edir.

28. Ailə Məcəlləsinin yuxarıda qeyd edilən 81-ci maddəsi valideynlərin əlavə xərclərə cəlb olunmasının əsası kimi ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar digər xərcləri təsbit edilmişdir.

29. Kollegiya qeyd edir ki, iş materiallarında olan iddiaçının müəyinə və müalicə olunmasına dair tibbi sənədlər Paşayeva Aylanın əlilliyinin olmasını və ya ciddi xroniki xəstəlikdən əziyyət çəkməsini təsdiq edən sənədlər deyildir. Paşayeva Aylanın əlilliyi və ya xroniki xəstəliyinin olması iş materialları ilə öz təsdiqini tapmadığından cavabdeh (ata) hər ay əlavə xərclərin ödənilməsinə cəlb edilə bilməz.

30. Kollegiya iddia tələbinin X6 müayinə və müalicəsi üçün ödədiyi 620,22 manatın ½ hissəsi olan – 310 manatın tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin hissədə birinci instansiya məhkəməsinin mövqeyi əsaslı olmuşdur. Belə ki, məhkəməyə təqdim edilmiş tibbi sənədlər əsasında sübut edilir ki, X10 xx.xx.2018-ci il tarixdən Azərbaycan Tibb Universiteti X3 “Cinsi yetkinliyin dəqiqləşdirilməmiş pozğunluğu” diaqnozu ilə qeydiyyata alınmış və həmin klinikada ambulator qaydada həkim müayinəsindən keçmiş, o, davamlı olaraq həkim göstərişi ilə tibbi müayinələrindən (analiz, resept vərəqələri və s.) keçir. Eyni zamanda məhkəməyə təqdim edilmiş ödəniş çekləri ilə sübut olunur ki, 2021-ci ilin dekabr ayı üzrə tibbi müalicə üçün dərman vəsitələrinə ümumilikdə 620,22 manat vəsait ödənilmişdir.

31. Cavabdeh apellyasiya şikayətində qeyd edilən tibbi sənədlərin və çeklərin saxta olmasını qeyd etmişdir. Kollegiya bununla bağlı qeyd edir ki, cavabdeh həmin sənədlərin saxta olmasını bildirsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmiş, apellyasiya şikayətini yalnız mülahizə xarakterli dəlillərlə əsaslandırmışdır. Bu səbəbdən də, kollegiy hesab edir ki, apellyasiya şikayətinin bu dəlili əsassızdır və qətnamənin həmin hissədə ləğvi üçün əsaslar mövcud deyildir.

32. Azərbaycan Respublikası MPM-nın 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

35. Kollegiya iş materiallarına və apellyasiya şikayətinin dəlillərinə əsasən hesab edir ki, qətnamə cavabdehdən əlavə xərclərə görə hər ay 50 manat məbləğində pul tutulması qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Odur ki, qətnamə qismən - əlavə xərclərə görə 50 manat tutulması hissədə ləğv edilməli, həmin hissədə iddia tələbi rədd edilməli, qətnamə mübahisələndirilən digər hissədə dəyişdirilmədən saxlanılmalıdır.

36. Kollegiya həmçinin qeyd edilməsini zəruri hesab edir ki, cavabdeh apellyasiya şikayətində yalnız qətnaməni 50 manat əlavə xərcin tutulması və müayinə xərclərinə görə 310 manatın tutulması hissəsində mübahisələndirdiyindən hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz (50x12+310=910).

37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

38. Həmin Məcəllənin 385.1. və 385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

39. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

40. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun.

41. Həmin Məcəllənin 388-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.

42. Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Nəticə:

43. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, qətnamə qismən - əlavə xərclərə görə 50 manat tutulması hissədə ləğv edilməli, həmin hissədə iddia tələbi rədd edilməli, qətnamə mübahisələndirilən digər hissədə dəyişdirilmədən saxlanılmalıdır.

44. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi

q ə t e t d i:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1740/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi qismən - əlavə xərclərə görə 50 manat tutulması hissəsində ləğv edilsin. İddia tələbi həmin hissədə rədd edilsin. Qətnamə yoxlanılan digər hissədə - X6 müayinə və müalicəsi üçün ödədiyi 620,22 manatın ½ hissəsi – 310 manatın tutulması hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar