Məhkəmə qərarları › İş №2(103)-5857/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5857/2020

25.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5857/2020 25.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X5, İddiaçı, Cavabdehin vəkili X10, Tərcüməçi Əhmədova Könül Seyidələkbər qızının iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(008)-2108/2020 saylı qətnaməsindən iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının və (və ya) başqa gəlirlərinin, təqaüdünün dörddə bir hissəsi miqdarında alimentin tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(008)-2108/2020 saylı qətnaməsi ilə iddia təmin edilmiş,Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2020-ci il tarixdən başlayaraq hər ay qazancının və (və ya) başqa gəlirlərinin, təqaüdünün dörddə bir hissəsi miqdarında alimentin alınaraq, İddiaçı verilməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onun ümumiyyətlə nə 4 saylı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, AZ-İ 280935 saylı atalığın müəyyən edilməsi haqqında şəhadətnamədən nədəki, Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli doğum haqqında şəhadətnamədənxəbəri olmamışdır. xx xxxxx 2010-cu ildə doğulmuş X8 öz soyadını heç vaxt verməmişdir. Hansı şəkildə yuxarıda qeyd olunan sənədlərin tərtib olunması və İddiaçı tərəfindən əldə olunaraq məhkəməyə təqdim edilməsi ona məlum deyil. Ümumiyyətlə hesab edir ki, xx xxxxx 2010-cu ildə doğulmuş X6 uşağı deyil. Onun uşağı olsaydı o, bunu bilərdi və uşağının boya başa çatdırılmasında valideyn kimi hərtərəfli köməklik edərdi. Lakin yaşını nəzərə alaraq həmin vaxt 59, hazırda isə 69 yaşı olması, rəsmi nikahda olması, iki uşağı və üç nəvəsinin olmasını nəzərə alaraq bu halı yol verilməz və qeyri-mümkün hesab edir. Bundan başqa İddiaçı iddia tələbində qeyd etmişdir ki, xx.xx.2010-cu il təvəllüdlü X3 maddi cəhətdən saxlanılması üçün Cavabdeh tərəfindən hər ay 500-600 manat pul verirdi. İddiaçı məhz uşağa görə hər hansı bir məbləğin ona verilməsini necə sübut etdiyi və məhkəmə tərəfindən bunun qəbul edilməsi ona məlum deyil. Onun tərəfindən X12 saxlanılması üçün İddiaçı hər hansı bir məbləğdə pul verilməmişdir. Həmin uşağın atası olması qanuni sübutlar əsasında təsdiq edilsə idi o, özü həmin uşağa baxmaqdan heç vaxt nə etiraz nədə imtina etməzdi. İ Ümumilikdə isə hesab edir ki, İddiaçı iddia tələbi yol verilməzdir və əsassızdır. O, İddiaçı ilə bir qurumda uzunmüddət birgə çalışmışdır. İddiaçı dəfələrlə ondan müxtəlif rüsvayedici bəhanələrlə pul alırmış, tələb olunan məbləği verməkdən imtina etdikdə N. Safonova onu hədələyərək ailəsində, uşaqlarının, azyaşlı nəvələrinin yanında, qonşuların içində və işdə biabır edəcəyi ilə dəfələrlə müxtəlif üsullarla şantaj etmişdir. Məhz bu səbəbdən onun tələbi əsasında hər dəfə ona pul vermək məcburiyyətində qalmışdır. Lakin bir müddətdən sonra pul verməkdən imtina etdikdə İddiaçı iddia ilə məhkəməyə müraciət etmək qərarına gəlmiş və hal-hazırda məhkəmə tərəfindən mübahisələndirilən qətnamə qəbul edilmişdir. Məhz İddiaçı dəfələrlə baş vermiş şantaj və pul tələb etməsi hərəkətlərindən sonra onun səhhətində ciddi problemlər yaranmış, geniş “infarkt” keçirmiş və nəticədə ürəkdən əməliyyat olub və müalicəni davam etdirmək üçün oğlunun dəvəti ilə Türkiyəyə getmişdir. Onun xx.xx.2010-cu il təvəllüdlü X12 atası kimi tanınması barədə hər hansı bir sənəd verilməmişdir. Bundan başqa o, səhhəti ilə əlaqədar olaraq xx xxxxxx 2019-cu il tarixdə X1 şəhərinə getmişdir. Lakin hamıya məlum olan səbəblərə görə, yəni koronovirus pandemiyası ilə əlaqədar olaraq məhkəmə tərəfindən qəbul edilmiş qətnamənin mövcudluğundan qonşusu vasitəsilə xəbəri olmuşdur. Bu günə kimi Azərbaycan Respublikasına qayıda bilməmiş və Türkiyədə qalmaq məcburiyyətində qalmışdır. Lakin məhkəmə cavabdehin məhkəmə iclasında hansı səbəbdən iştirak etməməsini araşdırmamış, ünvanına göndərilmiş hər hansı poçt qəbzinə nə özü nədə ki, ailə üzvləri tərəfindən imza edərək qəbul edilməmiş, hər hansı bir elektron bildiriş, xəbərdarlıq məktub almadığım halda məhkəmə tərəfindən birtərəfli qaydada işə baxılmış və məlum olan qətnamə qəbul edilmişdir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili X14 apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək, şikayətin rədd edilməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Beləliklə məhkəmə kollegiyası, işdə iştirak edən şəxslərin izahatlarını, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verməzdən əvvəl onu qeyd etməyi zəruri hesab edir ki, yetkinlik yaşına çatmayan uşaq üçün aliment təyin edilərkən aşağıdakı hallar xüsusilə nəzərə alınmalıdır. 1) Təyin ediləcək alimentin miqdarı yetkinlik yaşına çatmayan uşağın hüquq və mənafeləri, o cümlədən uşağın psixi və fiziki inkişafına uyğun həddə təyin edilməli, hər bir halda uşaq hüquq və mənafeləri birinci gözlənilməlidir. 2) Təyin ediləcək alimentin miqdarı aliment ödəmək vəzifəsi qoyulan valideynin hüquq və mənafelərini zərbə altında qoymamalı, onların hüquqlarını pozmamalıdır. Bu hal uşağın hüquq və mənafeləri nəzərə alınmaqla həyata keçirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qeyd edilən tələbləri gözləməklə iddianı təmin edərkən, istər azyaşlı uşağın hüquq və mənafeyini, istərsə də valideynlərin hüquq və mənafelərini gözlənilmişdir. Belə ki, məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, 4 saylı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, AZ-İ 280935 saylı atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətinə əsasən, Cavabdeh xx xxxxx 2010-cu ildə İddiaçı doğulmuş X9 atası hesab edilmişdir.Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ 520602 saylı, xx.xx.2015-ci il tarixli doğum haqqında şəhadətnaməsinə əsasən, X4 xx.xx.2010-cu ildə anadan olmuşdur, atası qrafasında Cavabdeh, anası qrafasında İddiaçı qeyd edilmişdir. Bundan başqa müəyyən olunmuşdur ki, Cavabdeh təqaüdçüdür və 2700 manat məbləğində təqaüd alır. Məhkəmə kollegiyası qeyd dir ki, Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34-cü maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 55.1-ci maddəsinə əsasən, uşaq öz valideynlərindən və ailənin digər üzvlərindən bu Məcəllənin beşinci bölməsində müəyyən olunmuş qaydada və miqdarda vəsait almaq hüququna malikdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) məhkəmə qaydasında tutulur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valildeynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «Uşaq hüquqlarına dair BMT Konvensiyası»nın 3-cü maddəsinə görə, məhkəmələr uşaqlar barəsində görülən bütün tədbirlərdə, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət etməlidirlər. Məhkəmə xüsusi ilə vurğulayır ki, hər bir uşağın layiqli həyat tərzi yaşamağa hüquqi vardır və uşağın inkişafı üçün valideynlərin maddi və mənəvi dəstək olmaları onların vəzifəsi və borcudur. Mövcüd qanunvericilik normaları istənilən yaranmış vəziyyətdə uşağın mənafeylərinin daha üstün tutulmasını imperativ olaraq göstərir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2020-ci il tarixdən başlayaraq hər ay qazancının və (və ya) başqa gəlirlərinin, təqaüdünün dörddə bir hissəsi miqdarında alimentin alınaraq, İddiaçı verilməklə düzgün nəticəyə gəlmişdir. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, cavabdehin uşağın atası olması işin mübahisəsiz halıdır. Belə ki, uşağın doğum haqqında şəhadətnaməsində və atalığın müəyyən edilməsi haqqında şəhadətnamədə ata qrafasında cavabdehin adı qeyd edilmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində olan dəlillərin münasibətdə qeyd edir ki, cavabdeh bir ata kimi övladının qayğısına qalmalı, onu zəruri vəsaitlə təmin etməli və bundan irəli gələn vəzifələrini layiqincə yerinə yetirməlidir. Onun şikayətində göstərilən hallar,uşağının artan tələbatının ödənilməməsinə əsas ola bilməz. O, valideynlik vəzifələrinə malik olduğunu başa düşərək həm öz tələbatını, həm də uşağının artan tələbatını təmin etməlidir. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, işə cavabdehin iştirakı olmadan baxılması barədə apellyasiya şikayətindəki dəlillərlə məhkəmə kollegiyası razılaşmır. Belə ki, cavabdehin rəsmi qaydada qeydiyyatda olduğu ünvana məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məhkəmə bildirişləri göndərilmişdir. Bununla da birinci instansiya məhkəməsi haqlı olaraq Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri cavabdehin formal mülahizələrinə əsaslanır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas ola bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin məhkəmə xərclərinin tutulması hissəsində düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 387.1-ci maddəsinə əsasən, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə aparılmış araşdırma zamanı birinci instansiya məhkəməsi tərəfindən prosessual-hüquq normalarının pozulması müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-nin 9.1, 9.3, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin ləğvi üçün Azərbaycan Respublikası MPMnin 385-ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(008)-2108/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar