Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5862/2021 07.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-686/2021 saylı, 16 fevral 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı 16 sentyabr 2020-ci ildə iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, "xxxx" KB ASC ilə X3 arasında 22.04.2014-cü il tarixdə 09QB/14 saylı əsas kredit müqaviləsinin zaminlik təminatı olan cavabdeh "xxxx" KB ASC ilə onun arasında bağlanmış zaminlik müqaviləsinə, həmin zaminlik müqaviləsi üzrə zaminliyə, onun cavabdeh "xxxx" KB ASC qarşısında zaminlik öhdəliklərinə xitam verilməsi, bu barədə onun Mərkəzləşdirilmiş Kredit Reyestrindəki kredit tarixçəsinə müvafiq qeydlər aparılması, bu öhdəliklərin onun zamin olduğu aktiv öhdəliklər sırasından çıxarılması; cavabdeh "xxxx" KB ASC ilə onun arasında bağlanmış zaminlik müqaviləsinə əsasən bu müqavilə məhz "xxxx" KB ASC ilə X3 arasında 22.04.2014-cü il tarixdə 09QB/14 saylı əsas kredit müqaviləsi üzrə açılmış kredit xətti üzrə öhdəliklərin təminatı kimi bağlandığından həmin zaminlik müqaviləsinin X3 ilə "xxxx" KB ASC arasında bağlanmış 24.04.2014-cü il tarixli 09QB/14-İ saylı əlavə kredit müqaviləsi, 30.10.2014-cü il tarixli 09QB/14-2 saylı əlavə kredit müqaviləsi və 03.09.2014- cü il tarixli 6mspXCHZ/14 saylı əlavə kredit müqaviləsi üzrə öhdəliklərə münasibətdə bağlanmamış hesab edilməsi, həmin əlavə kredit müqavilələrindən irəli gələn öhdəliklərin zaminliklə təmin edilmiş öhdəliklər kimi qiymətləndirilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-686/2021 saylı, 16 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayəti vermiş və şikayətinin dəlili ondan ibarət olmuşdur ki, məhkəmə MPM-nin 82.3-cü maddəsinə əsaslanmışdır. Qətnamə qanunsuz və əsassızdır. Odur ki, apellyasiya şikayətinin təmin edilməsi, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi S.Məmmədov apellyasiya şikayəti ilə razılaşmayaraq məhkəməyə hazırkı işdə iddiaçının zaminliyini mübahisələndirdiyi kredit müqaviləsi ilə bağlı Xaçmaz Rayon Məhkəməsinin 2(067)- 18/2018 saylı, 17.04.2018-ci il tarixli qətnaməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-85/2020 saylı, 09.06.2020-ci il tarixli qətnaməsini, Ali Məhkəmənin 2(102)- 5451/2020 saylı, 24.11.2020-ci il tarixli qərarını təqdim edərək, həmin məhkəmə aktlarının hazırkı iş üzrə MPM-nin 82.3-cü maddəsinə əsasən preyudisial əhəmiyyət daşıdığını bildirdi, bu səbəbdən, şikayətin əsassız olduğundan təmin edilməməsini xahiş etdi. Məhkəmə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, digər tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPMin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkündür. Sübutların tədqiqi: Mülki iş materiallarında olan «xxxx» KB ASC ilə borcalan X3 və zamin İddiaçı arasında bağlanmış 22 aprel 2014-cü il tarixli 09QB/14Z nömrəli zaminlik müqaviləsindən görünür ki, zamin İddiaçı 22 aprel 2014-cü il tarixli əsas kredit müqaviləsinə əsasən «xxxx» KB ASC-dən kredit götürmüş borcalan X1 borcverən qarşısında götürdüyü öhdəliyi tam şəkildə icra etməsi üçün məsuliyyəti borclu ilə birgə öz üzərinə götürmüşdür. Cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş Xaçmaz Rayon Məhkəməsinin 2(067)-18/2018 saylı, 17.04.2018-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı “xxxx” KB ASC-nin cavabdehlər Ə.Qəhrəmanov, İddiaçı və K.Qəhrəmanova qarşı “kredit müqaviləsi üzrə borc tələbi və sair” üzrə iddiası qismən təmin edilmiş, həmin qətnamədən cavabdeh Ə.Qəhrəmanov tərəfindən verilmiş apellyasiya şikayəti Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-85/2020 saylı, 09.06.2020-ci il tarixli qətnaməsi ilə qismən təmin edilərək, qətnamə dəyişdirilmişdir, həmin qətnamədən cavabdeh Ə.Qəhrəmanov tərəfindən verilmiş kassasiya şikayəti Ali Məhkəmənin 2(102)-5451/2020 saylı, 24.11.2020-ci il tarixli qərarı ilə təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-85/2020 saylı, 09.06.2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiançının şikayətinə münasibətdə tam yoxlayır. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş Xaçmaz Rayon Məhkəməsinin 2(067)-18/2018 saylı, 17.04.2018-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı “xxxx” KB ASC-nin cavabdehlər Ə.Qəhrəmanov, İddiaçı və K.Qəhrəmanova qarşı “kredit müqaviləsi üzrə borc tələbi və sair” üzrə iddiası qismən təmin edilmiş, həmin qətnamədən cavabdeh Ə.Qəhrəmanov tərəfindən verilmiş apellyasiya şikayəti Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-85/2020 saylı, 09.06.2020-ci il tarixli qətnaməsi ilə qismən təmin edilərək, qətnamə dəyişdirilmişdir, həmin qətnamədən cavabdeh Ə.Qəhrəmanov tərəfindən verilmiş kassasiya şikayəti Ali Məhkəmənin 2(102)-5451/2020 saylı, 24.11.2020-ci il tarixli qərarı ilə təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-85/2020 saylı, 09.06.2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin normanın mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Konstitusiya Məhkəməsi Plenumunun 15 iyun 2015-ci il tarxili Qərarındakı hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir. Göründüyü kimi, hazırkı iş üzrə preyudisial əhəmiyyət kəsb edən məhkəmə aktları mövcuddur. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış zaminlik müqaviləsi üzrə öhdəliklərin icrası ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə aktları mövcuddur və həmin müqavilələrin etibarlılığı sözügedən iş üzrə məhkəmələr tərəfindən araşdırılmış, ona münasibət bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472-ci maddəsinin tələblərinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair” 04.09.2012-ci il tarixli Qərarında da Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu gələcəkdə yaranacaq öhdəliyin icrası üzrə bağlanmış zaminlik müqaviləsini ilkin müqavilədən fərqləndirərək göstərmişdir ki: “MM-in 470.2-ci maddəsinə görə gələcəkdə yaranacaq öhdəlik üzrə zaminlik müqaviləsi tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılıq əldə etdikdə bağlana bilər. Bu maddənin mənasına görə, “gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi” müddəası zaminin əvvəlcədən razılaşdırılımış əsas borca dair gələcəkdə yaranacaq öhdəliyə zamin durması kimi başa düşülməlidir. Gələcəkdə yaranacaq əsas öhdəliyi təmin edən zaminlik müqaviləsi üzrə öhdəlik həmin müqavilənin bağlandığı andan deyil, zaminliklə təmin olunmalı əsas öhdəliyin yarandığı andan əmələ gəlir. Bu halda kreditor zaminə qarşı olan tələblərini yalnız MM-in 472.1-ci maddəsinə müvafiq olaraq borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə irəli sürə bilər.” Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, birinci instaniya məhkəməsi iş üzrə düzgün nəticəyə gələrək, iddia tələbini təmin etməməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Nəticə: Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməməkdə haqlı olmuş, qətnamə qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri isə əsassız olmaqla, qətnamənin ləğvinə səbəb olmadığından şikayət təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş iddiaçının özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 387, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-686/2021 saylı, 16 fevral 2021-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə münasibətdə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmən təqdim edildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-5862/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5862/2021
07.07.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver