Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5862/2022 04.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, İddiaçı, Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdeh “X7” MMC-yə və Cavabdeh2 qarşı “qəsdən sağlamlığa vurulmuş ağır zərərin və böyük mənəvi zərərin ödənilməsi” barədə mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27 may 2022-ci il tarixli, 2(011)-551/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları: İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2013-cu il tarixində Qusar rayonunda anadan olmuşdur. Onun valideynləri qrafasında anası “İddiaçı” olaraq göstərilmişdir. İddiaçının iddiasına görə “X7” klinikasında həkim tərəfindən oğlunun dişlərinin müayinə və müalicəsi zamanı səhlənkarlıq nəticəsində qanunla qorunan mənafelərinə mühüm zərər vurulmuşdur. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh “X7” MMCnə qarşı – cavabdehlər “X7” MMC və Cavabdeh2 törətdiyi cinayət əməlinə görə qəsdən övladının sağlamlığına vurulmuş ağır zərərə görə və iddiaçıya dəymiş böyük mənəvi zərərə görə cavabdehdən 20.000 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2021-ci ildə 8 yaşlı oğlunu Bakı şəhərində yerləşən “X7” MMC-nin klinikasına aparmışdır. Cavabdeh2 iddiaçının uşağının altıncı dişini müayinə edərək tam sağaldacağını əminliklə söyləmiş və müalicə dəyərinin 200 manat olmaq şərti ilə tam müalicə üçün 6 dəfə gəlmək lazım olduğunu bildirmişdir. İddiaçı övladının dişinin sağlam və gözəl görünüşə malik olmasına görə məmnuniyyətlə razılaşmışdır. İkinci gəlişdə cavabdeh uşağın yan tərəfdən eyni dişdən olan altıncı dişində az qaralma olduğunu demiş və sinirsiz müalicə olduğuna görə bunun qiyməti 100 manat olduğunu bildirmişdir. Beləliklə, iddiaçı altıncı gəlişdə cavabdehdən uşağının çürük qalan süd dişini də müalicə etməyini istəmişdir. Lakin iddiaçının ona olan etibarından sui-istifadə edərək, ondan gedib kresloda əyləşməyi xahiş etmişdir. Cavabdeh əlavə qazanc əldə etmək məqsədi ilə qəsdən yuxarıdan hər iki tərəfdən iki tam sağlam həmişəlik olan dişlərini yonaraq, uşağının sağlamlığına çox ciddi zərər vurmuş və yonulmuş sağlam dişlərinə görə ondan 200 manat pul tələb etmişdir. Bundan sonra uşağının bəyaz, parıldayan, gözəl, qüsursuz dişləri solub qaralmağa başlamışdır. Bu hadisədən sonra iddiaçı Xətai rayon prokurorluğuna şikayət ərizəsini yazmış və onun Cavabdeh2 ödədiyi ümumi 500 manat pulu ona qaytarılmışdır. Hətta az müddət sonra “X7” MMC-nə getmə səbəbi olan uşağının altıncı dişində şişərək yararsız hala düşdüyü məlum olmuşdur. Cavabdeh2 uşağının dişlərində apardığı çoxsaylı səhv müalicələr nəticəsində uşağının dişləri tamamilə dəyişilib yararsız hala düşmüş, damaqlarda qaralma ağrıları əmələ gəlmişdir. İddiaçı sonradan məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək məhkəmədən, cavabdehlər qəsdən törətdiyi ağır cinayət əməlinə görə, qəsdən övladının sağlamlığına vurmuş zərərə görə cavabdeh “X7” MMC-dən maddi zərərə görə 10000 manat, mənəvi zərərə görə 10000 manat və Cavabdeh2 maddi zərərə görə 20000 manat, mənəvi zərərə görə 10000 manat olmaqla, ümumilikdə cavabdehlərdən 50000 manat məbləğində pul vəsaitlərinin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27 may 2022-ci il tarixli, 2(011)-551/2022 saylı qətnaməsinə əsasən iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi mövqeyini Mülki Məcəllənin 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1 və 1112-ci maddələri, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarları ilə əsaslandıraraq, belə nəticəyə gəlmişdir ki, İddiaçı iddiasının əsası kimi göstərilən halların müəyyən edilməsi üçün təyin edilmiş məhkəmə-tibbi ekspertizası tərəfindən verilmiş ekspert rəyinə əsasən, uşağın dişlərində aparılmış müalicələrin düzgün olduğu və müalicə nəticəsində hər hansı fəsadın yaranması müəyyən edilməmişdir. İddiaçının xx.xx.2013-cü il təvəllüdlü Cami Bayramov adlı uşağının sağlamlığına cavabdehlərin təqsiri ucbatından hər hansı zərərin dəyməsi iş üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizasının rəyi və işin digər materialları ilə müəyyən edilmədiyindən, iddia maddi ziyanın vurulması hissəsində də əsassız hesab edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə tibb ekspertizası həyata keçirilərkən onun övladının iştirakının təmin edilmədiyini, yalnız sənədlər əsasında rəy verildiyini göstərib qətnamənin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinə etiraz edərək, şikayətin rədd edilməsini xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər cavabdeh məhkəmə kollegiyasının iclasında öz nümayəndəsinin iştirakını təmin etmədiyindən və bu barədə məhkəməyə məlumat vermədiyindən, məhkəmə kollegiyası işə onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi nəzərdə tutulduğundan qətnamənin bütövlükdə yoxlanılmasını təşkil edir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Tətbiq edilən hüquq Mülki Məcəllə: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 23.1-ci maddəsinə əsasən, fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1112-ci maddəsinə əsasən, tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Məhkəmə kollegiyasının mövqeyi
Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. İşin materiallarından görünür ki, iddia tələblərini nəzərə alaraq iş üzrə üzrə tam və hərtərəfli araşdırma aparılması məqsədi ilə birinci instansiya məhkəməsi tərəfindən məhkəmə tibb ekspertizası təyin edilmiş və Azərbyacan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” X6 155/KEŞ saylı ekspert rəyi verilmişdir. Həmin rəydə Xətai rayon prokurorluğunun xx.xx.2021-ci il tarixli qərarı əsasında keçirilmiş xx.xx.2021-ci il tarixli ekspertiza rəyinə istinad edilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, iş üzrə üzrə tam və hərtərəfli araşdırma aparılması məqsədi ilə sorğu ilə Xətai Rayon Prokurorluğuna müraciət edərək İddiaçı şikayəti üzrə toplanmış materialların məhkəməyə təqdim edilməsini tələb etmiş, xx.xx.2022-ci ildə materiallar məhkəməyə daxil olmuş, kollegiya tərəfindən materiallar ətraflı araşdırılaraq müəyyən edilmişdir ki, iddiaçının tələbi ilə iş müvafiq prokurorluqda araşdırılarkən məhkəmə komission ekspertiza təyin edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X9 tərəfindən verilmiş 1988/KEŞ saylı ekspert rəyindən görünür ki, azyaşlı xx.xx.2013-cü il təvəllüdlü X2 ekspertizada iştirakı təmin olunmuş, onun adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, özünün məhkəmə-tibbi və mütəxəssis müayinələrinə əsasən, 36-cı dişin kanal müalicəsinin rentgenoloji və kliniki olaraq adekvat olduğu, 16-cı, 26-cı dişlərin kariesə görə müalicə olunmuş və plomblanmışdır. 84 və 85-ci süd dişlərinin çıxarılması isə düzgün seçim olmuş, müayinə və müalicələr qüvvədə olan təlimat qaydalarına uyğun olmuş, bu zaman müəyyən olunmuş qaydada baxılması nəzərdə tutulmuş dioqnostika, müalicə metodlarından və dərman preparatlarından istifadə olunmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin məhkəmə tərəfindən təyin edilmiş ekspertiza zamanı azyaşlı uşağın müayinə edilməməsinə və ekspertiza qarşısında qoyulan süalların araşdırılmamasına dair dəlili ilə bağlı hesab edir ki, Xətai rayon prokurorluğunun xx.xx.2021-ci il tarixli qərarı əsasında keçirilmiş ekspertiza zamanı azyaşlı uşağın iştirakı təmin edildiyindən apellyasiya şikayətinin məhkəmə tərəfindən təyin edilmiş ekspertiza zamanı onun təkrar iştirakına zərurət olmamışdır. Buna görə də uşağın təkrar ekspertizada iştirakı təmin edilmədiyi üçün ekspertiza rəynin düzgün olmaması və qətnamənin də əsassız ekspert rəyi əsasında çıxarılmasına dair apellyasiya şikayətinin dəlillərini məhkəmə kollegiyası əsassız sayır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkəmə tərəfindən təyin edilmiş ekspertiza ilə bağlı prokurorluğun qərarı ilə təyin edilmiş ekspertizanın sualları eynilik təşkil etdiyinə görə apellyasiya şikayətinin ekspertiza qarşısında qoyulan süalların araşdırılmamasına dair dəlili əsassızdır. Xətai Rayon Prokurorluğundan təqdim edilmiş İddiaçı şikayəti üzrə toplanmış materialdan daha sonra görünür ki, iddiaçının prokurorluqda verdiyi xx.xx.2021-ci il tarixli izahatında onun prokurorluğa yazdığı müraciətində istəyi Cavabdeh2 oğlu Cami Bayramovun dişlərinin müayinəsi zamanı xərclədiyi 500 manat pulu geri almaq olmasını, onun barəsində heç bir şikayət və tələbinin olmamasını göstərmişdir. Eyni tarixli prokurorluğa verdiyi ərizəsində də istəyi olan ona verdiyi 500 manat pulu geri almasını, hazırda diş həkimi Cavabdeh2 barəsində heç bir şikayətin və tələbinin olmamasını, gələcəkdə heç bir şikayət və tələbinin olmayacağını göstərərək, araşdırmanın dayandırılmasını xahiş etmişdir. Xətai Rayon Prokurorluğundan təqdim edilmiş materialdan həmçinin görünür ki, iddiaçı xx.xx.2021-ci il tarixdə Xətai rayon prokurorluğuna, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə Azərbaycan Respublikasının Baş Prokuroruna ərizə ilə müraciət edərək Cavabdeh2 barəsində cinayət işinin açılmasını, onun cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçı prokurorluğun təyin etdiyi ekspertiza nəticəsində alınan rəyi və prokurorluğun cinayət işinin başlanmasının rədd olunmasına dair xx.xx.2021-ci il tarixli qərarın qanuniliyini mübahisələndirməmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlillərində göstərilən hallar faktik olaraq araşdırılmış və birinci instansiya məhkəməsi düzgün hüquqi qənaətə gəlmişdir, iş üzrə tədqiq edilmiş sübutların mötəbərliyinə şübhə ilə yanaşmağa əsas verən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli 7 saylı qərarının 6-cı bəndinə əsasən, iddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №li qərarının 1-ci bəndində göstərilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin prsedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər. Həmin Qərarın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Hüquqları Məhkəməsinin prsedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı cavabdehlər “X7” MMC -nə və Cavabdeh2 qarşı – cavabdehlərin qəsdən törətdiyi ağır cinayət əməlinə görə, qəsdən övladının sağlamlığına vurmuş zərərə görə tələbi əsassız olduğu üçün törəmə tələb olan mənəvi zərərə görə tələbin də əsassız olmasına dair birinci instansiya məhkəməsinin mövqeyi düzgün və əsaslı olmuşdur. Beləliklə də, məhkəmə kollegiyası Xətai Rayon Prokurorluğundan təqdim edilmiş material və iş üzrə mövcud sübutlar əsasında hesab edir ki, birinci instansiya məhkəməsi mübahisə üzrə düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyildir. Məhkəmə kollegiyası qeyd edir ki, hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Göründüyü kimi, qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuşdur. Apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə səbəb ola biləcək hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin təmin edilməməsi nəticəsinə gəlir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu isə apellyatorun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27 may 2022-ci il tarixli, 2(011)-551/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Vahid Sadıqov