Məhkəmə qərarları › İş №2(103)-5863/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5863/2021

22.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5863/2021 22.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Hüseynli Gültəkin Xalıq qızının katibliyi, İddiaçı cavabdeh Azərbaycan Respublı̇ kası Dövlət Siğorta Kommersı̇ ya Şı̇ rkətı̇ nə qarşı "sağlamlığa dəymiş zərərin ödənilməsi" tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22.02.2021-ci il il tarixli, 2(006)-1110/2021 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 2024-cü ilədək maddi təminatının və sığorta haqqının alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Göyçay Rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmət Şöbəsinə çağırılmış, N yanvar 2018-ci ildə hərbi hissəyə göndərilmişdir. İddiaçı Tibbi Hərbi Komissiyadan keçmişdir. Həmin komissyanın rəyinə əsasən iddiaçı hərbi xidmətə yararlı və sağlam olduğu üçün hərbi hissəyə göndərilmişdir. N aprel 2019-cu il tarixə qədər hərbi hissədə xidmət etmişdir. Xidmət dövründə ağır şəkildə xəstələnmişdir. N aprel 2019-cu ildə N nömrəli hərbi hissənin komandiri HHK tərəfindən xəstəliklər cədvəlinin İİ qrafasının 2b maddəsinə əsasən (AR NK -nın 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı) s/d h/x yararlıdır,h/d məhdud yararlıdır. Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Hərbi həkim komissiyasının 16.04.2019-cu il tarixli 279 nömrəli xəstəlik haqqında şəhadətnaməsinin (xəstəlik cədvəlinin 2b maddəsinin İİ qrafasına və ƏTC-nə əsasən sülh dövründə hərbi xidmətə yararsız,müharibə dövründə məhdud yararlıdır) əsasən həqiqi hərbi xidmətdən xəstəliyə görə ehtiyata buraxılıb. Buna əsaslanaraq iddiaçını xidmətinin başa vurmağına 2 ay qalmış ordudan təxris etdilər. Hərbi tibbi komissiyanın rəyinə əsasən hərbi hissədən təxris olunduqdan sonra 2024-cü ilədək əmək qabiliyyəti olmadığından, işləmək qadağan edilmişdir. Bu hərbi tibbi komissiyanın rəyinə əsasən iddiaçının işləmək qabiliyyəti olmadığından onun maddi təminatı Müdafiə Nazirliyi və ya Sığorta Şirkəti tərəfindən ödənilmədi. Lakin bu ödənişləri heç kim etmir, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti iddiaçıya sığorta haqqının düşmədiyini deyir və ödəməkdən imtina edir. İddiaçı sağlamlığını tam itirmişdir. Bu günə qədər valideynlərinin vəsaiti hesabına müalicə olunur. Görmə qabiliyyətini itirmişdir. Dəfələrlə Müdafiə Nazirliyinə və Sığorta şirkətinə müraciət etsə də, onun sağlığı ilə bağlı heç bir köməklik göstərilmir. Göstərilənlərə əsasən cavabdehdən 2024-cü ilədək maddi təminatı və sığorta haqqının alınıb ona verilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22.02.2021-ci il tarixli, 2(006)-1110/2021 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətində iddiaçı iddia ərizəsində sadalanan eyni əsaslara istinad edərək rayon məhkəməsinin qətnaməsinin ləğv edilməsini iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin 08.01.2020-ci il tarixli məktubda qeyd edilmişdir ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının 20 may 1997-ci il tarixli Qanununa dəyişikliklər edilməsi barədə 03 dekabr 2013-cü il tarixli Qanununun 5-ci maddəsinin "d" bəndinə əsasən sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) oldunu zaman xəsarət (yaralanma, travma, kontuziya) aldıqda sığorta ödənişi verilir. Lakin iş materialları ilə müəyyən edildiyi kimi, İddiaçı həbi xidmətdən tərxis olunmasına səbəb “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanununa əsasən sığorta hadisəsi sayıla biləcək hallar (yaralanma, travma, kontuziya) deyil, ümumi xəstəliyi olmuşdur. Buna görə də ona Qanunda nəzərdə tutulmuş sığorta ödənişinin verilməsi qeyrimümkündür. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən bu Qanuna uyğun olaraq hərbi qulluqçu on bir min manat məbləğində sığorta edilir. Sığorta haqqı sığorta məbləğinin 1 faizi miqdarında müəyyən edilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən aşağıdakılar sığorta hadisələri hesab edilir və onlara görə sığorta ödənişləri bu Qanunun 4-cü maddəsi ilə müəyyən edilmiş sığorta məbləğinin müvafiq faiz nisbətlərində verilir: a) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olduqda, öldükdə və ya xəbərsiz itkin düşdüyünə görə məhkəmə qərarı ilə ölmüş elan edildikdə — 100 faiz; b) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəsarət (yaralanma, travma, kontuziya) alması, habelə xəstələnməsi nəticəsində xidmətdən (toplanışdan) buraxıldıqdan sonra üç il müddətində öldükdə — 100 faiz; c) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəbərsiz itkin düşdükdə (məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda) — 100 faiz; ç) hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığorta olunana əlillik təyin olunduqda: - İ qrup əlilliyə görə — 80 faiz; - İİ qrup əlilliyə görə — 60 faiz; - İİİ qrup əlilliyə görə — 40 faiz; d) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman, bu maddənin a, b və ç bəndlərində nəzərdə tutulmuş hallarla nəticələnməyən: - ağır xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 25 faiz; - yüngül xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 5 faiz. İşin araşdırılan halları ilə müəyyən olunur ki, İddiaçı N yanvar 2018-ci il tarixdə həqiqi hərbi xidmətə çağırılmış, hərbi xidmətdə olduğu müddətdə xəstələnmiş (ağ ciyərin ocaqlı vərəmi) və N aprel 2019-cu ildə AR Nazirlər Kabineti tərəfindən 29.02.2008-ci il tarixli Qərarı ilə təsdiq edilmiş «Xəstəliklər cədvəli»nin İİ qrafasının 2b maddəsinə əsasən xəstəliyi ilə əlaqədar hərbi xidmətdən təxris olunmuşdur. Hazırda iddiaçı bununla əlaqədar sığorta ödənişi tələb edir. Halbuki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin “ç” bəndinin tələbinə əsasən hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığorta olunana əlillik təyin olunduqda sığorta ödənişi verilir. Göründüyü kimi, iddiaçı həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) almamış, eyni zamanda onda yaranmış xəstəlik (sağ ağciyərin yuxarı payının ocaqlı vərəmi) ilə əlaqədar əlillik dərəcəsi təyin olunmamışdır. Belə olan halda iddiaçıda yaranmış xəstəlik “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanununa əsasən sığorta hadisəsi sayılmır. Beləliklə müəyyən edilir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı "sığorta ödənişinin verilməsi" tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni, əsaslı və işin hallarına uyğun nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22.02.2021-ci il il tarixli, 2(006)-1110/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Şeyda Məhərrəmova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar