Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5865/2021 07.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçının nümayəndələri X8 və X3, Cavabdeh1 və onun nümayəndəsi və vəkili X2, cavabdeh Aslanova (Əliyeva) Təzəgül Davud qızının iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1093/2021 saylı, 15 mart 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı Rzayeva (Aslanova) Günay Elman qızı cavabdehlər Cavabdeh1 və Aslanova (Əliyeva) Təzəgül Davud qızına qarşı “qızıl-zinət əşyalarının qaytarılması və sair” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1093/2021 saylı, 15 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Apellyasiya şikayəti və onun dəlilləri: İddiaçı apellyasiya şikayəti verərək göstərmişdir ki, rayon məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarını pozmuşdur, bu səbəbdən qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi E.Rzayev apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi S.Rzayeva apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi, eyni zamanda qızılların cavabdehlərdə olmasına dair hər hansı sübut verə bilməyəcəyini bildirdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apellyasiya şikayəti ilə razılaşmayaraq, qeyd etdi ki, onlar ailə qurduqdan sonra valideynlərindən ayrı yaşayıblar, ona görə də qızıllar iddiaçının özündə olub. Bu səbəbdən, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdeh T.Aslanova (Əliyeva) apellyasiya şikayəti ilə razılaşmayaraq, təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 nümayəndəsi və vəkili X.İsmayılova apellyasiya şikayəti ilə razılaşmayaraq, bildirdi ki, iddiaçı qızıllarını hansı şəraitdə və nə vaxt qayınanasına verdiyini deyə bilmir, hələ də bəlli deyil ki, iddiaçı qızılları itirib, ya neynəyib. Həmçinin iddiaçı evdən özü çıxıb və evdən çıxana əşyalarını aparıb. Bu səbəbdən, apellyasiya şikayətinin əsassız olduğunu və təmin edilməməsini xahiş etdi. Sübutların tədqiqi: 1 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 15 aprel 2018-ci il tarixdə verilmiş AZ-İİ № 268275 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 ilə X9 arasında nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 944 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Aslanova soyadı verilmişdir. Qusar şəhər sakinləri - X1, X7 və X5 tərəfindən tərtib olunmuş 07 avqust 2020-ci il tarixli aktda qeyd edilmişdir ki, 15 aprel 2018-ci il tarixdə ünvan 1 ünvanda yaşayan İddiaçı ünvan 2 ünvanda yaşayan Cavabdeh1 ilə rəsmi nikaha daxil olaraq, ailə qurmuş, 2020-ci ilin yanvar ayında ərindən ayrılaraq, valideynlərinin evinə yuxarıda göstərilən ünvana qayıtmış, hazırda həmin ünvanda yaşayır. Məlum olmuşdur ki, ona məxsus 5 adda müxtəlif qızıl-zinət əşyası Cavabdeh1 qalmışdır. Qızıl-zinət əşyalarının itirilməsini əsas tutaraq Cavabdeh1 həmin qızıl-zinət əşyalarının qaytarmaqdan imtina etmişdir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının apellyasiya şikayətinə münasibətdə tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyərək, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki işin materiallarını araşdıran məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və iddiaya münasibətdə gəldiyi qənaətlə razılaşır, eyni zamanda, əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, ilk əvvəl nəzərə almaq lazımdır ki, hazırkı işdə olduğu kimi, qızıl-zinət əşyalarının tələbi ilə bağlı hallarda, ümumi qaydaya müvafiq olaraq-«sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi tətbiq edilir. Bu isə öz növbəsində aşağıdakıları nəzərədə tutur, başqa sözlə, iddiaçı sübut etməlidir ki: Birinci - tələb olunan əşya mövcuddur; İkinci - tələb olunan əşya iddiaçıya məxsusdur; Üçüncü - tələb olunan əşya cavabdehdədir; Dördüncü - tələb olunan əşyanı cavabdehin saxlaması qanunsuzdur, başqa sözlə, o, qanunsuz sahibdir. Yalnız qeyd olunan bu halların, həm də hamısının sübut edilməsi iddianın təmini üçün əsas ola bilər. Həm də nəzərə almaq lazımdır ki, bu vaxt sübutetmə ardıcıllığı mühüm əhəmiyyət kəsb edir və bu ardıcıllıq əşyanın mövcudluğundan başlayıb, cavabdehin onun saxlamasının qanunsuz olması istiqamətində həyata keçirilməlidir. Məlum məsələdir ki, iddiaçı yalnız mövcudluğu sübut olunan əşyanın qaytarılmasını tələb edə bilər, əks təqdirdə digər halların yoxlanılmsı zərurəti aradan qalxır. Tələb olunan əşyanın mövcudluğu sübut olunduqdan sonra iddiaçı həmin əşyanın ona məxsusluğunu sübut etməlidir. Çünki özgənin qanunsuz sahibliyindən əşyanı yalnız mülkiyyətçi və ya qanuni sahib tələb edə bilər. (Mülki Məcəllə, maddə 157.2, 157.8, 164.2.) Əşyanın mövcudluğunu və özünə məxus olduğunu sübut etmiş iddiaçı, növbəti mərhələdə tələb olunan əşyanın məhz cavabdehdə olmasını, başqa sözlə, cavabdehin həmin əşyanı özündə saxlamasını sübut etməlidir. Çünki qanunun mənasına görə iddia tələbinin yönəldiyi şəxs (fiziki və ya hüquqi), yəni irəli sürülmüş tələbə cavab verməli olan şəxs, başqa sözlə, mübahisənin həlli bilavasitə ixtiyarından və iradəsindən asılı olan şəxs cavabdeh hesab olunur. İddia tələbi iddiaya cavab verməli olmayan şəxsə qarşı verildikdə, iddia təmin oluna bilməz. (Mülki Prosessual Məcəllə, maddə 50.4, 54.1, 54.2.) Bununla belə, iddiaçı tərəfindən birinci üç halın-əşyanın mövcud olmasının, onun iddiaçıya məxsus olmasının və nəhayət onun cavabdehdə qalmasının- sübut olunması, hələ öz-özlüyündə iddianın təmini üçün yetərli sayıla bilməz. Bunun üçün sonuncu halın, yəni əşyanın cavabdehdə qalmasının, başqa sözlə, iddiaçının tələb etdiyi əşyanı cavabdehin özündə saxlamasının qanunsuz olması da sübut olunmalıdır. Çünki qanun yalnız qanunsuz sahiblikdən əşyanın geri tələb edilməsini nəzərdə tutur. (Mülki Məcəllə. 157.2 və 164.2-ci maddələr.) Mümkündür ki, iddiaçıya məxsus əşya cavabdehdə olsun, lakin cavabdehin onu özündə saxlaması, başqa sözlə, cavabdehin həmin əşyaya sahibliyi qanuni olsun. Məsələn: cavabdeh iddiaçıya məxsus əşyanı öhdəliklərin qarşılıqlı icrası halında özündə saxlaya bilər, (Mülki Məcəllə. maddə 441.1, 441.2 ); əşya iddiaçının özünün və ya üçüncü şəxsin cavabdeh qarşısındakı öhdəliyinin təminatı kimi cavabdehə verilmişdir; (Mülki Məcəllə. Maddə 460.1); habelə cavabdeh ləngitmə hüququna əsasən əşyanı özündə saxlayır (Mülki Məcəllə. maddə 562.1). Hazırkı işin hallarından görünür ki, yuxarıda qeyd olunan şərtlərdən ilk ikisi yerinə yetirilmişdir. Belə ki, cavabdeh tərəf iddiaçının iddia ərizəsində göstərdiyi qızıl-zinət əşyalarının mövcudluğunu və onların iddiaçıya məxsus olmasını mübahisələndirməmişdir. Yuxarıda göstərilən üçüncü şərt - tələb olunan əşyanın cavabdehdə olmasını sübut etmə vəzifəsi hazırkı halda iddiaçının üzərinə düşür. Bununla belə, iddiaçı bu xüsusatla bağlı yalnız qızıl-zinət əşyalarının qayınanasın götürdüyünü bildirmişdir. Cavabdeh1 isə iddiaya etiraz və məhkəməyə verdiyi izahatında iddiaçının qızıl-zinət əşyalarını ona yaxud digər cavabdeh onun anasına vermədiyini, ailə qurduqdan sonra iddiaçı ilə öz evlərində ayrı yaşadıqlarını və qızıl-zinət əşyalarının da iddiaçının özündə olduğunu bildirmişdir. İddiaçının nümayəndəsi S.Rzayeva isə qızılların cavabdehlərdə olmasına dair hər hansı sübut verə bilməyəcəyini bildirmişdir. Belə olan halda aydın olur ki, iddiaçı tələb olunan əşyaların cavabdehlərdə olması ilə bağlı məhkəməyə əsaslı, şübhədənkənar və təkzibolunmazlıqla bağlı tələblərə cavab verən sübut təqdim edə bilmədiyindən, iddia təmin edilə bilməz. Nəticə: Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən tam haqlı olmuş, qətnamə qanuni və əsaslı, iddiaçının apellyasiya şikayəti isə əsassız olduğundan, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş iddiaçının özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Rzayeva (Aslanova) Günay Elman qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1093/2021 saylı, 15 mart 2021-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-5865/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5865/2021
07.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver