Məhkəmə qərarları › İş №2(103)-5865/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5865/2025

04.11.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5865/2025 04.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki iş üzrə (Açar sözlər: “aliment tələbi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Quliyeva Gültac Sadıq qızının katibliyi, Cavabdeh iştirakı ilə, Sabunçu Rayon Məhkəməsinin 2(008)-4357/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair məhkəməyə müraciət edərək, Cavabdeh ilə aralarında olan faktiki nikah münasibətlərindən dünyaya gələn xx.xx.2020-ci il təvəllüdlü X6, xx.xx.2021-ci il təvəllüdlü X3, xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşma çatanadək saxlanılması üçün hər uşağa görə hər ay 246 manat məbləğində olmaqla, ümumilikdə 738 (yeddi yüz otuz səkkiz) manat alimentin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırmışdır ki, cavabdeh ilə aralarında qeyri-rəsmi nikah münasibətləri olmuş, bu münasibətlərindən xx.xx.2020-ci il təvəllüdlü X11, xx.xx.2021-ci il təvəllüdlü X8, xx.xx.2022-ci il təvəllüdlü X9 doğulmuşdur. Atalığın müəyyən edilməsi haqqında şəhadətnamələrdən xx.xx.2020-ci il təvəllüdlü X11, xx.xx.2021-ci il təvəllüdlü X8, xx.xx.2022-ci il təvəllüdlü X5 atasının Cavabdeh olduğunu təsdiq edir. Hal-hazırda övladları ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Gilavan sanatoriyasında faktiki yaşayır. Bir neçə aydır ki, cavabdehlə ayrı ünvanlarda yaşayırlar. Bu müddət ərzində cavabdeh yetkinlik yaşına çatmayan uşaqlarının böyüməsində iştirak etməmiş, onların təlim tərbiyəsi ilə məşğul olmamışdır.

3. Sabunçu Rayon Məhkəməsinin 2(008)-4357/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi (hakim Ruslan Mirzəliyev) ilə iddia təmin edilmiş, xx.xx.2025-ci il tarixindən başlayaraq xx.xx.2020-ci il təvəllüdlü X6, xx.xx.2021-ci il təvəllüdlü X3 və xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,62 misli həddində sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilməsi, mediasiya üçün 60 manat ödənilmiş pul Cavabdeh tutularaq iddiaçıya qaytarılması qərara alınmışdır.

4. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəliləri:

5. Cavabdeh apellyasiya şikayət vermiş, əsas dəlili ondan ibarət olmuşdur ki, uşağı saxlamaq, onun maddi tələbatlarını ödəmək tək atanın deyil, həm də ananın, yəni valideynlərin vəzifəsidir. Məhkəmənin ondan bir uşaq üçün tutduğu 248 manat məbləğində aliment ölkə üzrə uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunun məbləğindən (246 manat) artıqdır. Məhkəmə qərarı ilə təyin olunmuş 248 manat məbləği ödəmək iqtidarında deyil. Çünki bu 3 uşaq üçün 744 manat pul edir. O isə Yevlax rayonu Əkşəm kəndində yaşayır, heç bir yerdə işləmir. Adına hər hansısa bir əmlak, avtomobil, mülk və s. yoxdur. Himayəsində yaşlı ata və anası vardır. Eyni zamanda 02 sentyabr 2025-ci il tarixdə məhkəmə iclasının keçiriləcəyi barədə ona məlumat verilməmişdir. Qeyd olunanlara əsasən, qətnamənin dəyişdirilməsini və uşaqlar yetkinlik yaşına çatanadək saxlanılmaları üçün ondan hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,40 misli (bir uşaq üçün 160 manat olmaqla, 3 uşaq üçün 480 manat) həddində sabit pul məbləğində aliment tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatı:

6. Məhkəmə kollegiyasının iclasında cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi və bildirdi ki, Yevlax rayonunun Əkşəm kəndində yaşayır, rəsmi gəliri yoxdur, rayonda meyvə yığmaqla, ot biçməklə fəhlə kimi çalışır, rayon məhkəməsinin riyazi toplama qaydasında ondan cəmi 744 manat aliment tutulmasına dair gəldiyi nəticə əsaslı olmamışdır, çünki həmin məbləği ödəməyə onun maddi imkanı yoxdur, bu icrası əvvəlcədən mümkünsüz olan qərar olacaq, o uşaqların saxlanılmasında indi də iştirak edir, valideynlərinin köməyi ilə real olaraq hər uşağa görə 150-160 manat ödəyə bilər.

7. Məhkəmə kollegiyasının iclası barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

8. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi:

9. 5 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı 420897 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2020-ci il il tarixdə Bakı şəhərində doğulmuş X4 atası Cavabdeh, anası İddiaçıdır.

10. AZ-İ seriyalı 383789 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh 30 yanvar 2020-ci ildə vətəndaş İddiaçı doğulmuş Əsma İsmət qızının atası hesab edilmişdir. Bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2020-ci il tarixdə 95 nömrə ilə qeyd edilmişdir.

11. AZ-İV seriyalı 603176 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə Bakı şəhərində doğulmuş X1 atası Cavabdeh, anası İddiaçıdır.

12. AZ-İ seriyalı 413242 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh xx.xx.2021-ci ildə vətəndaş İddiaçı doğulmuş Əlizamin İsmət oğlunun atası hesab edilmişdir. Bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixdə 316 nömrə ilə qeyd edilmişdir.

13. AZ-İV seriyalı 827666 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə Bakı şəhərində doğulmuş X2 atası Cavabdeh, anası İddiaçıdır.

14. AZ-İ seriyalı 442656 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh xx.xx.2022-ci ildə vətəndaş İddiaçı doğulmuş Zülfüqar İsmət oğlunun atası hesab edilmişdir. Bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2023-cü il tarixdə 03 nömrə ilə qeyd edilmişdir. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Konstitusiyası:

15. 17 (İİ). Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

16. 34 (İV). Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Ailə Məcəlləsi:

17. 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.

18. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

19. 76.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı.

20. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

21. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

22. 85.1. Aşağıdakı şəxslər nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdirlər:

23. 85.1.1. hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad;

24. 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.

25. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Qanunla 2024-cü il üzrə uşaqlar üçün yaşayış minimumu 246 manat məbləğində müəyyən edilmişdir.

26. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ 20 ” dekabr 2024-cü il 15 nömrəli qərarı

27. 1. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilsin:

28. 1.2.1. 8.4-cü bəndə aşağıdakı məzmunda 8.4-1, 8.4-2 və 8.4-3-cü yarımbəndlər əlavə edilsin: “8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir).

29. 1.2.3. 8.11-ci bəndə aşağıdakı məzmunda 8.11-1-ci yarımbənd əlavə edilsin: “8.11-1. Alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə

30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Maddə 112.1. İddianın qiyməti aşağıdakı qaydada müəyyən edilir:

33. 112.1.3. aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə;

34. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

35. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

36. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın

37. Maddə 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

38. Maddə 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

39. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

40. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

41. Maddə 376.2. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər.

42. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır.

43. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:

44. Maddə 384.0.3. qətnaməni dəyişdirə bilər.

45. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

46. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

47. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır.

48. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin apellyasiya şikayətinə əsasən alimentin məbləğinə aid hissədə yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

49. Məhkəmə kollegiyası cavabdehin izahatını dinləyib, mülki işin materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli və qətnamə dəyişdirilməlidir.

50. Cavabdehin apellyasiya şikayətinin yeganə dəlili alimentin məbləği ilə bağlıdır, o hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,40 misli həddində (bir uşaq üçün 160 manat olmaqla, 3 uşaq üçün 480 manat) sabit pul məbləğində alimentin tutulmasını xahiş edir.

51. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

52. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.

53. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin sabit qazancı yoxdur, rayon məhkəməsi tərəfindən hər uşaq üçün müəyyən edilmiş 248 manat, 3 uşaq üçün ümumilikdə 744 manat məbləğində alimenti ödəmək cavabdehin maddi vəziyyəti baxımından kifayət qədər ağır olduğundan, alimentin məbləğinin dəyişdirilərək, hər uşaq üçün 160 manat müəyyən edilməsi ağlabatandır.

54. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “20” dekabr 2024-cü il 15 nömrəli qərarının 8.11-1-ci maddəsinə görə, alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir.

55. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “20” dekabr 2024-cü il 15 nömrəli qərarının “8.4-1-ci bəndinə görə, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir).

56. Məlumdur ki, 2025-ci il üçün ölkə üzrə müəyyən edilən minimum əmək haqqı 400 manat təşkil edir.

57. Məhkəmə kollegiyası cavabdehin izahatını, şikayətin dəlilərini mülki işin mateerialları ilə birlkdə araşdıraraq belə qənaətə gəlir ki, rayon məhkəməsinin alimentin məbləğini müəyyən edərkən uşaqların sayını, eləcə də cavabdehin maddi imkanlarının reallığını nəzərdən qaçırmış, riyazı üsullardan istifadə etməklə kifayətlənmişdir. Halbuki cavabdehin rayonda yaşaması, daimi işinin olmamsı, yalnız düşəndən- düşənə iş taparaq işləməsi müəyyən olunmuşdur. İddiaçı da öz ərizəsində, eləcə də rayon məhkəməsinə verdiyi izahatında tələb edilən məbləğdə alimentin tutlması üçün cavabdehin yetərli qazancının olmasına dair hər hansı hala istinad etməmiş, buna dair məhkəməyə sübutlar verməmişdir.

58. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, rayon məhkəməsinin qətnaməsi dəyişdirilməli və cavabdehin hazırkı vəziyyətdə maddi imkanları nəzərə alınmaqla və qətnamənin real icrasının təmini üçün hər ay bir uşaq üçün tutulan aliment məbləği 160 manat olmaqla (160/400=0,4 misli X 3= 1,2 misli= 480 manat) sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,4 misli həddində sabit pul məbləğində müəyyən edilməlidir. Göründüyü kimi, rayon yerində yaşayan və mütəmadi işi olmayan cavabdehin hər ay 480 manat (bu məbləğ 2025-ci il üçün müəyyən olunur) ödəməsi ağlabatan hesab edilməlidir. Nəticə:

59. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə dəyişdirilməli, hər ay hər uşaq üçün tutulan aliment məbləği (160/400=0,4 misli) sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,4 misli həddində sabit pul məbləğində müəyyən edilməlidir.

60. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

61. MPM-in 112.1-ci maddəsinə görə, iddianın qiyməti aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir.

62. Hazırkı halda iddianın qiyməti 2952 (246X12=2952) manat təşkil etdiyindən, qətnamədən MPM-in 402.1-ci maddəsinə görə, kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.

63. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən qeyd edir ki, apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir.

64. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.3, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

QƏT ETDİ:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunsun. Sabunçu Rayon Məhkəməsinin 2(008)-4357/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilsin. Cavabdeh İddiaçı xeyrinə xx.xx.2020-ci il təvəllüdlü X6, xx.xx.2021-ci il təvəllüdlü X3 və xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay tutulmalı olan alimentin məbləği (160/400=0,4 misli) sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,4 misli həddində sabit pul məbləğində müəyyən edilsin. Qətnamə dərhal icra edilsin. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir, qanunvericilikdə hazırkı qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar