Məhkəmə qərarları › İş №2(103)-5867/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5867/2024

04.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5867/2024 04.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə (Açar sözlər: yetkinlik yaşına çatmayan uşaqla birlikdə yaşayış sahəsinə köçürülmə, özbaşına tikili) X1 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlundan və X2 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X3, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “yetkinlik yaşına çatmayan uşaqla birlikdə yaşayış sahəsinə köçürülmə” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)- 2092/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı (bundan sonra “iddiaçı”) ilə Cavabdeh3 arasında xx.xx.2020-ci il tarixdə nikah bağlanmışdır. Onların birgə nikahından xx.xx.2021-ci il tarixdə X6 doğulmuşdur. Tərəflər arasında nikah xx.xx.2023-cü il tarixdə məhkəmə qaydasında pozulmuş, birgə nikahdan doğulmuş uşaq iddiaçının yanında qalmışdır. Nikaha daxil olduqdan sonra iddiaçı Bakı şəhər, Xətai rayonu, Babək Prospekti, İlham Məmmədov küçəsində yerləşən 26 saylı fərdi yaşayış evinə köçmüş və xx.xx.2023-cü il tarixədək cavabdehlərlə birlikdə həmin evdə yaşamışdır. Həmin ev hüquqi vəziyyətinə görə özbaşına tikintidir, iddiaçı köçəndə artıq mövcud olmaqla, cavabdehlərin istifadə və sahibliyində olmuşdur.

Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı Cavabdeh3 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, himayəsində olan yetkinlik yaşına çatmayan xx.xx.2021-ci il təvəllüdlü X6 ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi, mediasiya xərcinin əvəzi olaraq 50 manat pulun, vəkil orderi üçün ödənilmiş pulun əvəzi olaraq 180 manat pulun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 50 manat pulun, ümümilikdə 280 manat məbləğində pulun Cavabdeh3 onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı tələbini işin yuxarıda göstərilən faktiki hallarına istinad etməklə onunla əsaslandırmışdır ki, o, Cavabdeh3 ilə nikaha daxil olduqdan sonra onun yaşadığı Bakı şəhəri, Xətai rayonu, Babək Prospekti, İlham Məmmədov küçəsində yerləşən 26 saylı fərdi yaşayış evinə köçmüş və cavabdeh, habelə onun valideynləri ilə birlikdə yaşamaqla birgə təsərrüfat aparmışdır. İlk vaxtlar münasibətlərinin yaxşı olmasına baxmayaraq, sonradan cavabdehin təqsiri ucbatından münasibətləri pisləşmiş və nəticədə xx.xx.2023-ci il tarixdə həmin evdən iradəsinə zidd olaraq, zorla çıxarılmışdır. Hazırda valideynləri ilə birlikdə kirayə əsaslarla istifadələrində olan evdə yaşayır. Heç bir yerdə işləmir.

4. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(007)- 2487/2023 saylı qərardadı ilə mülki iş aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir.

5. Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən xx.xx.2024-cü il tarixdə mübahisəli fərdi yaşayış evində yerində müayinə keçirilmiş və cehiz əşyalarının həmin evdə olmadığı, evdə Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 yaşadığı müəyyən edilmişdir.

6. İddiaçı tərəfin müraciətinə əsasən Cavabdeh2 və Cavabdeh1 də cavabdeh qismində işə cəlb edilmişdilər.

7. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-2092/2024 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir. (hakim X7)

8. Məhkəmə iddianı rədd edərkən qeyd etmişdir ki, iddiaçının fərdi yaşayış evinə köçürülməsi ilə bağlı tələbə düzgün qiymət verilməsi üçün, ilkin olaraq xx.xx.2009-cu il tarixli, 845-İİİQ saylı Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müvafiq maddələri analogiya üzrə tətbiq edilməklə, mübahisəli evə dair mülkiyyət hüququnun qeydə alındığı təqdirdə həmin evdən iddiaçının istifadə hüququnun olub-olmayacağı məsələsinə qiymət verilməlidir. Belə ki, iddiaçı mübahisəli evin sahibi olan Cavabdeh2 gəlini olmuş, o, iddiaçının ailə üzvü və ya özünün saxlanılmasını tələb etmək hüququ olan qohum hesab edilə bilməz. Belə olan halda, iddiaçının mübahisəli evdən istifadə hüququ da yarana bilməzdir. Odur ki, iddiaçının Bakı şəhər, Xətai rayon, Babək Prospekti, İlham Məmmədov küçəsində yerləşən 26 saylı fərdi yaşayış evinə köçürülməsi barədə tələbi əsassız hesab edilməli və rədd edilməlidir.

9. Məhkəmə iddianı iddiaçının azyaşlı uşağının həmin fərdi yaşayış evinə köçürülməsinə dair hissəsini araşdıraraq, hesab etmişdir ki, birgə nikahdan doğulmuş uşaq iddiaçının yanında qaldığından və iddiaçıya münasibətdə iddia tələbi rədd edilməli olduğundan, habelə yetkinlik yaşına çatmamış X5 yaşayış yeri anasının yaşayış yeri sayıldığından iddia tələbi bu hissədə də təmin edilməməlidir.

10. Məhkəmə iddiaya mediasiya xərcinin ödənməsi üçün 50 manat dövlət rüsumu, vəkil orderi üçün 180 manat pulun və məhkəmə büdcəsinə ödənilmiş 50 manat dövlət rüsumu olmaqla, ümümilikdə 280 manat məbləğində pul vəsaitinin cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi hissəsində qiymət verərək, qərara almışdır ki, iddia fərdi yaşayış evinə köçürülmə hissəsində təmin edilmədiyinə görə, iddianın qaldırılması ilə bağlı xərclərin ödənilməsi hissəsində də təmin edilməməlidir.

11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178-ci, 180-cı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

12. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

13. İddiaçı apellyasiya şikayətini qanunvericiliyin bir sıra müddəalarına istinad etməklə onunla əsaslandırmışdır ki, məhkəmə iddianı rədd edərkən iddia ərizəsində cavabdehin valideyinləri Cavabdeh2 və Cavabdeh1 adları qeyd olunsa da, onların məhkəməyə cəlb olunmasini təmin etməmişdir. Məhkəmə evin sahibi olan Cavabdeh2 nəvəsi X5 onun nəvəsi olmağını nəzərə almamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, cavabdeh tərəflə münasibətləri gərgindir və faktiki olaraq onun həmin evə köçüb yenidən onlarla birgə yaşamağı qeyri-mümkündür. Onun iddia tələbini irəli sürməsinin əsas məqsədi cehiz əşyalarının geri götürülməsi ilə bağlıdır.

16. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzrlü səbəb göstərmədən cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasına gəlməmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə kollegiyası apellyasiya şikayətinə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası); 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər; 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur; 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır; 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.

18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 15 yanvar 2010-cu il tarixli qərarında nümayiş etdirilmiş hüquqi mövqeyə əsasən tərəflərin razılığı ilə yanaşı, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Belə ki, Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin bir sıra prinsip və müddəalarının, eləcə də Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliklərin pozulmasına gətirib çıxara bilər.

Apellyasiya baxışının hədləri

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

21. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

22. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv olunaraq, iddianın təmin olunması xahiş olunduğundan, qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası iddiaçını dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və iddianın təmin edilməsinə hər hansı əsas yoxdur.

24. Məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, bu sahəni tənzimləyən qanunvericilikdə özbaşına tikintiyə istifadə hüququnun tanınması ilə bağlı hər hansı norma mövcud deyil. Lakin belə tikintilərin reallıqda mövcud olması və onlardan yaşayış sahəsi kimi istifadə edilməsi orada şəxslərin yaşamasını və zərurət yarandıqda köçürülməsini hüquqi baxımdan mümkün edir. Belə olan halda, özbaşına tikintiyə köçürülmə barədə iddiaların birmənalı şəkildə təmin olunmaması sosial ədalət prinsiplərinə uyğun olmayan bir mövqedir. Bu qəbildən olan iddiaların uğurluluğu həmin tikintinin hansı şəxsin vəsaiti hesabına inşa edilməsindən, köçmək istəyən şəxsin həmin tikintiyə hər hansı hüququnun yaranıb-yaranmamasından, habelə onun tikintinin sahibinə münasibətdə hüquqi statusundan asılıdır.

25. Hazırki işin halları baxımından məhkəmə kollegiyası vurğulayır ki, iddiaçı və Cavabdeh3 keçmiş ər-arvaddır, digər cavabdehlər isə iddiaçının keçmiş qaynana və qaynatasıdır. Onlar arasında xx.xx.2020-ci il tarixdə nikah bağlanmış və birgə nikahdan xx.xx.2021-ci il tarixdə X6 doğulmuşdur. xx.xx.2023-cü il tarixdə tərəflər arasında bağlanmış nikah pozulmuş, birgə nikahdan doğulmuş uşaq iddiaçının yanında saxlanılmış və hazırda da onun himayəsindədir. İddiaçı nikaha daxil olduqdan sonra mübahisəli evə köçmüş və xx.xx.2023-cü il tarixədək cavabdehlərlə birlikdə orada yaşamışdır.

26. Mübahisəli ev bügünədək mülkiyyət kimi dövlət qeydiyyatına alınmamış, həmin əmlak üzərində hər hansı şəxsin mülkiyyət hüququ tanınmamışdır, əmlak hüquqi vəziyyətinə görə özbaşına tikintidir. Hazırda iddiaçı birgə nikahdan doğulmuş övladı ilə birlikdə həmin mübahisəli tikiliyə köçürülməsini tələb edir.

27. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddiaçının mübahisəli fərdi yaşayış evinə köçürülüb-köçürülməməsinin mümkünlüyü bilavasitə fərdi yaşayış evinin hansı şəxsin vəsaiti hesabına inşa edilməsindən, bu əmlakın hansı şəxsin mülkiyyətində olmasından, onun həmin fərdi yaşayış evinə hər hansı, o cümlədən istifadə hüququnun yaranıb-yaranmamasından və iddiaçının həmin evin alınmasında hər hansı vəsait sərf etməsindən asılıdır. Belə ki, iddiaçının rəsmi nikaha daxil olduqdan sonra həmin tikintiyə köçməsi və tikilidən çıxarıldığı tarixədək orada yaşaması, habelə himayəsində yetkinlik yaşına çatmayan 1 övladının olması onun həmin mənzilə köçürülməsi üçün əsas ola bilməz.

28. Mübahisəli fərdi yaşayış evinin Cavabdeh3 mülkiyyətində olması, həmin evin iddiaçı ilə bu cavabdehin birgə (gəlirləri) vəsaiti hesabına alınması, o cümlədən evin inşası və ya yaxşılaşdırılması üçün onların (iddiaçının) hər hansı məbləğdə vəsait sərf etməsi, habelə iddiaçının həmin evə hər hansı hüququnun yaranması müəyyən edilməmişdir. İddiaçı nikaha daxil olduqdan sonra artıq mövcud olan tikintiyə köçmüş və orada yaşadığı dövrdə onun keçmiş həyat yoldaşı tərəfindən orada hər hansı yaxşılaşdırma, o cümlədən əsaslı təmir işlərinin aparılması müəyyən edilmir. İddiaçının mübahisəli evə köçməsi və orada yaşaması nəticə etibarı ilə həmin evdə yaşayan şəxslərin könüllü razılığı əsasında olmuş və onunla cavabdehlər arasında olan və ailə üzvülüyündən irəli gələn münasibətlərə söykənmişdir. Hazırda isə iddiaçı cavabdehlərə münasibətdə keçmiş ailə üzvü statusuna malik olan şəxsdir və cavabdehlər onun həmin evə köçürülməsinə razı deyillər. Bu səbəbdən iddiaçının 2020-ci-2023-cü il tarixlərində evdə yaşaması onun həmin evə köçürülməsi üçün əsas ola bilməz və iddiaçının cavabdehlər tərəfindən evə buraxılmaması onun bu evdə yaşamaqdan qanunsuz olaraq məhrum edilməsi kimi qiymətləndirilə bilməz. Bu da öz növbəsində iddianın əsassız olmasına dəlalət edir və onun rədd edilməsini şərtləndirir.

29. Məhkəmə kollegiyası eyni zamanda vurğulayır ki, iddiaçının maddi imkanının olmaması, hazırda kirayə əsaslarla başqa bir yaşayış sahəsində yaşamaq məcburiyyətində qalması da onun mübahisəli tikintiyə köçürülməsinə hər hansı əsas yaratmış olmur. Nəzərə alınmalıdır ki, iddiaçının bu tikintini 2023-ci ilin fevral ayında tərk etməsinə baxmayaraq, hazırki iddia ilə həmin tarixdən 6 aya yaxın vaxt keçdikdən sonra məhkəməyə müraciət etməsi də onun bu mövqeyinin əsassız olduğunu təsdiq edir.

30. Nəzərə alınmalıdır ki, iddiaçı özü də izahatında əsl məqsədinin tikintiyə köçürülmə deyil, oradan olan cehiz əşyalarının çıxarılması olmasını deməklə də əslində hazırki tələbinin reallaşmasının qeyri-mümkünlüyünü qəbul edir.

31. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə istinadən onu da qeyd edir ki, iddiaçı ilə Cavabdeh3 birgə nikahından doğulmuş xx.xx.2021-ci il təvəllüdlü X6 da həmin tikintidə yaşamışdır. Onların arasında bağlanmış nikah pozulduqdan sonra uşaq iddiaçının yanında saxlanılmış, hazırda da onun himayəsindədir. Bu baxımdan iddiaçının həmin tikintiyə köçürülməsi üçün hər hansı əsasın olmaması uşağa münasibətdə də eyni hüquqi nəticələr yaratmış olur. Belə ki, uşaq yetkinlik yaşına çatmadığından hazırki mübahisə üzrə mülki-prosessual fəaliyyət qabiliyyətli deyil. Onun bu mübahisə üzrə hüquq, azadlıq və qanunla qorunan mənafelərini məhkəmədə onun qanuni nümayəndəsi, yəni mövcud vəziyyətdə iddiaçı (anası) qoruyur. Bu səbəbdən həmin tikintidə yaşayan Cavabdeh3 oğlu, digər cavabdehlərin isə nəvəsi olmasına baxmayaraq, onun da həmin tikintiyə köçürülməsi üçün hər hansı hüquqi əsas yoxdur.

32. Məhkəmə kollegiyasının bu qənaəti iddianın xərclərin tutulması hissəsində də rədd edilməsini şərtləndirir.

33. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir. Faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

34. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-2092/2024 nömrəli qətnaməsi İddiaçı apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar