Məhkəmə qərarları › İş №2(103)-5869/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5869/2022

16.08.2022 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5869/2022 16.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, İddiaçı X1 Masoudun cavabdeh "xxxx" MMC-yə qarşı “ödənilməmiş əmək haqqının və son haqq-hesabın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 iyun 2022-ci il tarixli, 2(011)-2517/2022 nömrəli qərardadından cavabdeh "xxxx" MMC tərəfindən verilmiş şikayət üzrə işə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X1 Masoud cavabdeh "xxxx" MMC-yə qarşı "xxxx" MMC-dən 2020-ci ilin oktyabr, noyabr və dekabr ayı üzrə vergi və ödənişlər çıxılmaqla ödənilməmiş hər ay üçün 1948 manat olmaqla, cəmi 5844 manat, 2021-ci ilin yanvar, fevral və mart ayları üzrə vergi və ödənişlər çıxılmaqla hər ay üçün 2448 manat olmaqla cəmi 7344 manat və 2020 və 2021-ci illər üzrə ödənilməmiş məzuniyyət haqqı olaraq 4448 manat olmaqla cəmi 17636 manat məbləğin və həmin məbləğin ödənilməməsinə görəə xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixədək 345 günün hər günü üçün gündəlik olaraq gecikdirilmiş məbləğin 0,1% cərimə hesablanmaqla 6084 manat məbləğində pulun və mediasiya xərci olaraq ödənilmiş 50 manat mediasiya xərcinin iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin olunaraq 3232,88 manat məbləğində pul vəsaitinin X1 Masouddan tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 iyun 2022-ci il tarixli, 2(011)-2517/2022 saylı qərardadı ilə qarşılıqlı iddia ərizəsinin icraata qəbulundan imtina edilmişdir. Cavabdeh həmin qərardadından şikayət vermiş, şikayət Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22 iyun 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Prosessual məsələlər: İşə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında baxılmış, bu barədə tərəflərə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, tərəflərin işə məhkəmə iclasında baxılması barədə vəsatətləri daxil olmamışdır Hüquqi məsələlər: Məhkəmə kollegiyası, şikayətin dəlililərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, MPM-in 154.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir. MPM-in 155.1-ci maddəsinin tələbinə görə cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində verilməlidir. MPM-in 155.2-ci maddəsinə əsasən bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra və ya məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar həmin dövrdə əmələ gəlmiş olsun və ya cavabdeh qarşılıqlı iddianın həmin müddətdə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra bu Məcəllənin 156.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslarla qarşılıqlı iddianın verilməsinə yol verilmir. İşdə olan sənədlərdən (məhkəmə iclas protokolları, bildirişlər və s.) görünür ki, məhkəmənin hazırlıq iclası 04 aprel 2022-ci il tarixə təyin olunmaqla, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri, həmçinin hüquq və vəzifəlrin izahına dair bildiriş cavabdeh hüquqi şəxsin ünvanına göndərilmiş, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmədyindən, hazırlıq iclası 15 aprel 2022-c il tarixə, saat 14.30-a təxirə salınmış, bu barədə məlumat həmçinin cavabdehin elektron kabinetinə yerləşdirilmiş, həmçinin SMS məlumatlandırma həyata keçirilmişdir. Cavabdehin nümayəndəsi 15 aprel 2022-c il tarixə, saat 14.30-a təxirə salınmış hazırlıq iclasında da iştirak etməmiş, bu səbəbdən də məhkəmə baxışı 16 may 2022-ci il tarixə, saat 15.30-a təyin olunmuş, bu barədə bildiriş cavabdehin elektron kabinetinə yerləşdirilmiş, eyni zamanda poçt vasitəsilə ünvanına göndərilmişdir. Cavabdehin nümayəndəsi məhkəmə baxışında da iştirak etməmiş, işə mahiyyəti üzrə baxılmasına başlanılmış, məhkəmə baxışı 01 iyun 2022-ci il tarixə, saat 14.00-a təxirə salınmış, cavabdeh yuxarıda göstərilən eyni qaydada məlumatlandırılmışdır. Cavabdehin nümayəndəsi yalnız 01 iyun 2022-ci il tarixə, saat 14.00-a təxirə salınmış məhkəmə baxışı iclasında iştirak etmiş və qarşılıqlı iddia təqdim etmişdir. Birinci instansiya məhkəməsi qarşılıqlı iddianın vaxtında verilməməsi əsası ilə onun qəbulundan imtina etmişdir. Cavabdeh şikayətini - əvvəlki məhkəmə iclaslarından məlumatlı olmaması, qarşılıqlı iddiaya ilk iddia ilə birlikdə baxılması üçün əsasların olması kimi əsaslandırsa da, məhkəmə kollegiyası bununla razılaşmır. Çünki, yuxarıda da qeyd edildiyi kimi cavabdehin əvvəlki məhkəmə iclaslarından məlumatlı olmaması barədə şikayətin dəlilləri iş materialları ilə təsdiq olunmur. Əksinə, cavabdehə istər elektron kabinet, istər SMS məlumatlandırma, istərsə də poçt vasitəsilə dəfələrlə məhkəmə bildirişləri və s. sənədlər göndərilmişdir. MPM-in 10-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. MPM-in 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. MPM-in 10-1.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz MPM-in 135.6-cı maddəsinə əsasən, «Elektron məhkəmə» informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər «Elektron məhkəmə» informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış «elektron kabinet»lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Həmin Məcəllənin 135.5-ci maddəsinə əsasən, bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Göründüyü kimi, cavabdeh ilk iddianın mahiyyətindən məlumatlı olduğu halda, qarşılıqlı iddianı qanunla nəzərdə tutulmuş müddət ərzində verməmiş, bunun ondan asılı olmayan səbəblərdən baş verməsi ilə bağlı isə hər hansı sübut təqdim etməmişdir. Beləliklə, qarşılıqlı iddianın qəbul edilməsi üçün əsasların mövcudluğu müəyyən edilmir. Şikayətin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi qarşılıqlı iddianı qəbul etməməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası, həmçinin qeyd edir ki, qarşılıqlı iddianın qaytarılması, maraqlı şəxsin müvafiq tələblə müstəqil qaydada məhkəməyə müraciət etmək imkanını istisna etmir. MPM-in 398.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366, 395, 397-400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı X1 Masoudun cavabdeh "xxxx" MMC-yə qarşı “ödənilməmiş əmək haqqının və son haqq-hesabın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 iyun 2022-ci il tarixli, 2(011)-2517/2022 nömrəli qərardadından cavabdeh "xxxx" MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. İş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 iyun 2022-ci il tarixli, 2(011)- 2517/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar