Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-587/2024 16.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Alıeva (Əliyeva) Arzu Fazil qızının Cavabdeh qarşı “alimentin tutulması” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “alimentin tutulması”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Əkbərov Kamran Hüseyn oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi, İddiaçı Alıeva (Əliyeva) Arzu Fazil qızı, Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Nəsimi Rayon Məhkəməsinin 2(006)-3617/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı Alıeva (Əliyeva) Arzu Fazil qızı Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2017-ci il təvəllüdlü X1 üçün Cavabdeh əmək haqqının və gəlirlərinin ¼ hissəsi miqdarında alimentin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı Alıeva (Əliyeva) Arzu Fazil qızı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, cavabdeh ilə 03 dekabr 2016-cı il tarixdə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahdan 09 sentyabr 2017-ci il təvəllüdlü X4 adlı övladları doğulmuşdur. Hal-hazırda rəsmi olaraq nikah münasibətlərində olsalar da, faktiki olaraq onların ər-arvad münasibətləri mövcud deyildir. Belə ki, cavabdehlə xasiyyətləri uyğun gəlmir. Ailənin saxlanılması qeyrimümkündür. Qeyd etmək istəyir ki, bir neçə ildir ki, qızı Banu ilə öz valideynlərinin yanında yaşayırlar. Həyat yoldaşı X6 oglu "xxxx" MMC-də işləyir. Cavabdehin gəlirləri kifayət qədər yuksəkdir (1.545,77 manat təşkil edir). O, qızı Banunun ehtiyaclarını təkbaşına qarşılaya bilmir və çətinlik çəkir. Onlar cavabdehin evini tərk etdikləri vaxtdan indiyə kimi cavabdeh uşağının saxlanılması üçün heç bir maddi köməklik göstərməmişdir. Uşağın bütün ehtiyaclarını özü və onun valideynləri qarşılayırlar, onun təlim-tərbiyəsi ilə özü məşğul olur və bu səbəbdən ali təhsilli olduğuna baxmayaraq işləmir.
3. Nəsimi Rayon Məhkəməsinin 2(006)-3617/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi (hakim Ceyhun Tağıyev) ilə iddia təmin edilmiş, xx.xx.2017-ci il təvəlüldlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən (iddia ərizəsi ilə müraciət edildiyi vaxtdan) başlayaraq Cavabdeh Alıeva (Əliyeva) Arzu Fazil qızının xeyrinə hər ay qazancın (başqa gəlirlərin) 1/4 hissəsi miqdarında aliment tutulması, qətnamənin dərhal icra edilməsi qərara alınmışdır.
4. Cavabdeh isə qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəliləri:
5. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermiş və şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, iddiaçı iddia ərizəsində və məhkəmə ifadəsində bildirir ki, uşağın təlimtərbiyəsi ilə özü məşğul olur və bu səbəbdən ali təhsilli olduğuna baxmayaraq heç bir yerdə işləmir. Məhkəmənin diqqətinə çatdırır ki, iddiaçı məhkəməyə yalan məlumat verir. Çünki, iddiaçı hal-hazırda müəllim kimi fəaliyyət göstərir (sübut məhkəməyə təqdim ediləcəkdir) və kifayət qədər yaxşı gəlir əldə edir. Övladının altı yaşı olmasına baxmayaraq 3 yaşında olan uşaq kimi görünür. Hesab edir ki, tələb edilən aliment məbləği övladı üçün istifadə edilməyəcəkdir. İddiaçı alimenti öz gəlirlərinə qatacaqdır. Ona görə də tələb edir ki, qanunvericiliyin tələbinə uyğun olaraq, qızı X3 tərəfindən ödəniləcək alimentin 50 faiz məbləği qızının adına bank hesabı açılaraq həmin hesaba köçürülsün və Banu 18 yaşına çatanda hüququndan istifadə edərək bank hesabına yığılan pul məbləğini özü götürüb öz məsrəflərinə sərf etsin. Digər tərəfdən, o, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-3617/2023 saylı qətnaməsi qəbul olunduqdan bir neçə gün sonra işlədiyi "xxxx" MMC-dən işdən çıxmış və hal-hazırda işsizdir. Ona görə də apellyasiya instansiyası məhkəməsinə işsizlik barədə arayışı təqdim edir. Qeyd edilənlərə əsasən, qətnamənin dəyişdirilməsi, iddiaçının iddia tələbinin təmin edilməməsi, alimentin sabit pul məbləğində müəyyən edilməsi və müəyyən edilmiş alimentin 50 faiz məbləğində hissəsinin X2 adına bank hesabı açılaraq həmin hesaba köçürülməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:
6. Məhkəmə kollegiyasının iclasında cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil ayrılıqda apellyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun izahat verərək alimentin 50 faiz məbləğində hissəsinin azyaşlının adına bank hesabı açılaraq həmin hesaba köçürülməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etdi.
7. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayəti ilə razılaşmayaraq bildirdi ki, indiki dövrdə uşaqların bütün xərcləri, tələbatları artmışdır. Belə ki, uşağın məktəbəqədər hazırlığı üçün 4 dəfə hər biri 150 manatlıq ödəniş qəbzlərini, cəmi 600 manat, rus dili hazırlığı ilə bağlı 2 dəfə hər biri 60 manatda, cəmi 120 manat, həmçinin dərman, geyim, qida kimi xərclərlə bağlı cəmi 153,5 manat olmaqla, ümumilikdə 873,5 manat məbləğində ödəniş qəbzlərini təqdim edərək, tutulan alimentin məbləğinin uşağın hazırkı xərcləri baxımından o qədər də böyük olmadığını, həmin məbləğin 50 faizinin uşağın bank hesabına köçürülməsi üçün əsas olmadığını bildirdi. Həmçinin bildirdi ki, cavabdehin işsiz olması barədə JEK-dən (MKİS) aldığı arayış da saxtadır. Bu səbəbdən apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin qüvvədə qalmasını xahiş etdi. Sübutların tədqiqi:
8. 05 dekabr 2016-cı il tarixdə verilmiş AZ-İİ seriyalı 170918 saylı nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə Alıeva (Əliyeva) Arzu Fazil qızı arasında nikah 05 dekabr 2016- cı il tarixdə 1 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində 2372 saylı akt qeydi ilə bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada Alıeva (Əliyeva) soyadı verilmişdir.
9. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahdan doğulmuş xx.xx.2017-ci il təvəlüldlü X4 adlı bir yetkinlik yaşına çatmamış uşaqları var.
10. Bakı 16 saylı Mediasiya Təşkilatının xx.xx.2023-cü il tarixli, MŞB/16-00359 saylı ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, tərəflər ilkin mediasiya sessiyasında iştirak etsələr də, ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər (mediator: E.Məmmədov).
11. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Cavabdeh "xxxx" MMC-də baş mühasib vəzifəsində çalışmaqla, aylıq əmək haqqısı 1.750,59 manat təşkil edir. Tətbiq edilən maddi hüquq normaları:
12. Azərbaycan Respublikası Konstitusiyası
13. Maddə 34.3. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.
14. Azərbaycan Respublikasının Ailə Məcəlləsi
15. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.
16. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.
17. Maddə 76.1.2. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə—qazancın (başqa gəlirlərin) dörddə bir hissəsi miqdarda aliment tutulur.
18. Maddə 76.2. Məcəllənin 76.1-ci maddəsində müəyyən edilmiş payların miqdarı məhkəmə tərəfindən, tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər.
19. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını xahiş edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.
20. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu
21. Maddə 8. Hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür.
22. Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
23. Maddə 19. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.
24. “Uşaq Hüquqları haqqında” Konvensiyanın müddəalarında qeyd olunur ki, yetkinlik yaşına çatmayanlarla bağlı məsələlər məhkəmə tərəfindən həll edilərkən ilk növbədə uşaqların layiqli həyat səviyyəsinin təmin edilməsi təmin edilməlidir.
25. “Uşaq Hüquqları haqqında” Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsədə məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən
26. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə görə də, valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə məsuliyyət daşıyırlar.
27. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyaları “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55.3-cü maddəsinin tətbiqi üzrə” 08 dekabr 2023-cü il tarixli qərardadı. Tətbiq edilən prosessual hüquq normaları:
28. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
32. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
33. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
34. Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
35. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
36. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
37. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
38. Cavabdehin şikayətinin dəlilləri ondan ibarətdir ki, qətnamə qəbul edilərkən işləsə də, qətnamənin qəbul edilməsindən bir neçə gün sonra həmin işdən çıxmışdır, iddiaçı isə işləmədiyini qeyd etsə də əslində işləyir, həmçinin alimentin 50 faiz hissəsinin X2 adına bank hesabı açılaraq həmin hesaba köçürülməsini xahiş edir.
39. Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi çıxandan bir neçə gün sonra işdən çıxdığını, ona görə də apellyasiya şikayətinə işsiz olması barədə buna səlahiyyəti olmayan qurumdan, yəni Bakı şəhəri Nəsimi RİH MKTB 31 saylı MKİS tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayış əlavə etmişdir. Kollegiya qeyd edir ki, məlum olduğu kimi, 31 saylı MKİS cavabdehin işsiz olub-olmaması faktının müəyyən edilməsi üçün səlahiyyətli deyil. Həmçinin araşdırma zamanı, “Elektron məhkəmə” informasiya sistemindən məlum olmuşdur ki, cavabdeh hazırda "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində “baş mühasib” vəzifəsində 1750.59 manat əmək haqqı almaqla işləyir. Demək ki, iddiaçının işsiz olması barədə dəlilləri sübutlarla təsdiq edilmir, əsassızdır.
40. Apellyasiya şikayətinin digər dəlili alimentin 50 faiz məbləğində hissəsinin azyaşlının adına bank hesabı açılaraq həmin hesaba köçürülməsidir.
41. Kollegiya bununla bağlı aşağıdakıları qeyd edir. MPM-in 220.6-cı maddəsinə görə, məhkəmə qətnamənin icra qaydası və müddətini müəyyən etdiyi və ya onun icrasının təmin edilməsi üçün tədbirlər gördüyü hallarda, bunu qətnamənin nəticə hissəsində göstərməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyaları “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55.3-cü maddəsinin tətbiqi üzrə” 08 dekabr 2023-cü il tarixli qərardadının 40-cı bəndinə görə, ödənilən alimentin məbləğinin ölkədə uşaqlar üçün müəyyən olunan yaşayış minimumundan yüksək olması özü-özlüyündə alimentin artıq olan hissəsinin bank hesabına köçürülməsi üçün əsas vermir. Belə ki, bu zaman uşağın yaşı, təhsili (ödənişli və ya ödənişsiz), o cümlədən əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, müxtəlif dərnəklərə getməsi, səhhəti, həmçinin bu qaydanın müəyyən edilməsinin uşağın mənafelərinə uyğunluğu da nəzərə alınmalıdır. Qərardadın 41-ci bəndinə görə, ödənilən aliment məbləğinin yüksək olması əsası ilə onun bir hissəsinin bank hesabına köçürülməsi barədə müraciət edən şəxs bu qaydanın müəyyən edilməsinin məhz uşağın mənafeyinə xidmət etdiyini əsaslandırmaq və sübut etmək vəzifəsi daşıyır. Müraciət, alimentin (bir hissəsinin) uşağa deyil, başqa məqsədlərə sərf olunması əsası ilə edildiyi halda da mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı ümumi prinsiplərinə uyğun olaraq, sübutetmə yükü bu müraciəti edən tərəfin üzərinə düşür (bənd:42). Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55.3-cü maddəsində nəzərdə tutulan tələb qətnamənin icra qaydasının müəyyən edilməsi barədə müraciətdir. Alimentin tutulması tələbinə dair iddiaya baxılarkən bu barədə edilmiş müraciət Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.6-cı maddəsində nəzərdə tutulan qaydada həll edilir. Alimentin (bir hissəsinin) uşağa deyil, başqa məqsədlərə sərf olunması əsası ilə edildiyi halda da mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı ümumi prinsiplərinə uyğun olaraq, sübutetmə yükü bu müraciəti edən tərəfin üzərinə düşür. Hazırda cavabdeh belə sübut təqdim edə bilmir. Eyni zamanda işə apellyasiya qaydasında baxılarkən, iddiaçı uşağın xərclərinin kifayət qədər çox olduğunu bildirmiş, bunun təsdiqi kimi uşağın məktəbəqədər 4 dəfə hər biri 150 manatlıq ödəniş qəbzlərini, cəmi 600 manat, rus dili hazırlığı ilə bağlı 2 dəfə hər biri 60 manat, cəmi 120 manat, həmçinin dərman, geyim, qida kimi xərclərlə bağlı cəmi 153,5 manat olmaqla, ümumilikdə 873,5 manat məbləğində ödəniş qəbzlərini də təqdim etmişdir. Məhkəmə Kollegiyası yuxarıda qeyd edilənlərə əsasən, belə qənatə gəlir ki, hazırkı halda alimentin 50 faiz məbləğində hissəsinin azyaşlının adına bank hesabı açılaraq həmin hesaba köçürülməsinə dair əsaslar olmadığından cavabdehin apellyaisya şikayətində qeyd etdiyi həmin müraciəti (vəsatəti) əsassızdır.
42. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iddiaçının əslində işləsə də, iddia ərizəsində işləmədiyini qeyd etməsi barədə dəlili üzrə qeyd edir ki, ARK-ın 17-ci maddəsinin 2-ci bəndinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Ailə Məcələsinin 75.1-ci maddəsinə görə, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcələnin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. İddia ərizəsindən görünür ki, iddiaçı bir neçə ildir cavabdehlə ayrı yaşadığını, cavabdehin övladının saxlanmasına maddi köməklik etmədiyini qeyd edərək aliment tələbinə dair hazırkı iddianı irəli sürmüşdür. Uşaqların saxlanması valideynlərin borcu olduğundan, cavabdehdən, yəni atadan aliment tutulması barədə məsələ həll edilərkən iddiaçının, yəni ananın işləyib-işləməməsi hər hansı əhəmiyyət kəsb etmir. Beləliklə, cavabdehin apellyasiya şikayətinin dəlilləri onu, birgə nikahdan olan uşağı saxlamaq və maddi təminatlarını ödəmək vəzifəsindən azad etmədiyindən, apellyasiya şikayətinin dəlilləri əsassızdır və təmin edilə bilməz. Nəticə:
43. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməkdə haqlı olmuş, qətnamə qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri isə əsassız olmaqla, qətnamənin ləğvinə səbəb olmadığından şikayət təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
44. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
QƏT ETDİ:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Nəsimi Rayon Məhkəməsinin 2(006)-3617/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.