Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5873/2021 26.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X2 (sədrliyi və məruzəsilə), Eyvazov Rafael Əmir oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, iddiaçının nümayəndəsi vəkil X1 və cavabdeh ləğv prosesində olan "xxxx" ASCnin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı Hərrac Mərkəzi "Külək” MMC-ni və Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətini üçüncü şəxs qismində cəlb etdiyi cavabdehlər ləğv prosesində olan "xxxx" ASC-yə və onun ləğvedicisi Azərbaycan Əmanətlərin Sığortalanması Fonduna qarşı "ipoteka müqaviləsinə xitam verilməsi” tələbinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-409/2020 saylı işi üzrə 22.01.2020-ci il tarixli qətnaməsindən cavabdeh ləğv prosesində olan Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Hərrac Mərkəzi "Külək” MMC-ni və Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətini üçüncü şəxs qismində cəlb etdiyi cavabdehlər ləğv prosesində olan "xxxx" ASC-yə və onun ləğvedicisi Azərbaycan Əmanətlərin Sığortalanması Fonduna qarşı iddia (tələbinin dəqiqləşdirilməsinə dair) ərizə ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, Ağcabədi rayonu, Hacıbədəlli kəndində 0.08 ha torpaq sahəsində yerləşən 44.9 kv.m, bir mərtəbəli iki otaqlı fərdi vaşayış evinin ipotekasına xitam verilməsi və ipoteka yüklülüyündən azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-409/2020 saylı işi üzrə 22.01.2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Ağcabədi rayonu, Hacıbədəlli kəndində 0.08 ha torpaq sahəsində yerləşən 44.9 kv.m, bir mərtəbəli iki otaqlı fərdi vaşayış evinin ipotekasına xitam verilməsi və həmin fərdi vaşayış evinin ipoteka yüklülüyündən azad edilməsi, məhkəməyə müraciət edilməsi ilə əlaqədar ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Cavabdeh ləğv prosesində olan Cavabdeh ASC apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-409/2020 saylı işi üzrə 22.01.2020-ci il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 357-362, 385, 386, 390-cı maddələrinə istinadən göstərilmişdir ki, məhkəmə qətnaməni onunla əsaslandırmışdır ki, Bank hərracın keçirilməsi barədə məlumatlı olmamışdır və qeyd edilən hazırki işə baxan məhkəmənin nəzərinə çatdırılmış, lakin məhkəmə işə qeyri-obyektiv baxaraq qanunsuz qərar qəbul etmişdir. Cavabdeh ASC-yə nə "xxxx" MMC tərəfindən nə dəki, Ağcabədi rayon Probasiya şöbəsi tərəfindən hər hansı təklif məktubu daxil olmamışdır. İddia irəli sürən tərəf əsaslı və mötəbər sübutlarla əsaslandırmalıdır, lakin iddiaçı bununla bağlı hər hansı sübut təqdim etməmişdir. Məsələlər məhkəmənin diqqətinə çatdırılaraq bildirilmişdir ki, onların əmlakı əldə heç bir etirazı olmayıb və bununla bağlı qanuni prosedurları həyata keçirmişlər, bundan başqa məhkəmə tərəfindən hərrac təşkilatından sənədlər əldə edilmədən qərar çıxarılmışdır. Hərracın düzgün keçirilib keçirilməməsi, elanların verilməsi məsələsi ümumiyyətlə məhkəmə tərəfindən araşdırılmamışdır. Məhkəmə bütün sübutları araşdırmamış və qətnamədə səhv nəticəyə gəlmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5539/20 saylı, 21.08.2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, hazırkı iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-409/2020 saylı işi üzrə 22.01.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh ləğv prosesində olan Cavabdeh ASC kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 12.04.2021-ci il tarixli, 2(102)-1393/2021 saylı Qərarı ilə cavabdeh Ləğv prosesində olan Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 avqust 2020-ci il tarixli, 2(103)-5539/2020 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Qərarda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 325, 408; “İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 43; “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 28 oktyabr 2014-cü il tarixli Qərarına; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 76, 77, 88, 217, 416, 418; İnsan Hüquqları üzrə Avropa Məhkəməsi "Hiro Balani İspaniyaya qarşı" iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarına; Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarına istinadən qeyd edilmişdir ki, cavabdeh bankın nümayəndəsi birinci instansiya məhkəməsində verdiyi izahatda iddia tələbinə etiraz etmiş və hərrac təşkilatının l7 avqust 2015-ci il tarixli məktubunun banka təqdim olunmamasını, bununla bağlı sübutun iş materiallarında olmadığını göstərmişdir. Cavabdehin apellyasiya şikayəti də həmin hal ilə və eyni zamanda bankın ümumiyyətlə hərracın keçirilməsi barədə məlumatlandırılmaması ilə əsaslandırılmışdır. İş materiallarında "Külək” MMC tərəfindən keçirilən hərracların vaxtı, yeri və şərtləri barədə sifarişçi icra şöbəsinə, ipoteka saxlayana və ipotekaqoyana ünvanlanmış bildirişlərin, habelə hərracın baş tutmaması barədə 07 dekabr 2015-ci il tarixli məlumat məktubunun surətləri əlavə edilsə də, həmin sənədlərin tələbkar banka təqdim olunmasını təsdiq edən müvafiq sübut iş materiallarında mövcud deyildir. Məhkəmə kollegiyasının qənaətinə görə cavabdehin etirazının və apellyasiya şikayətinin dəlilləri hərrac təşkilatından poçt xəbərnamələrinin, keçirilmiş hərracların protokollarının surətlərinin alınması, icra işinin öyrənilməsi vasitəsi ilə araşdırıla bilərdi. Lakin apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinə baxarkən Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd olunan qərarında irəli sürülmüş mövqeyə zidd olaraq hər hansı araşdırma aparmamış, prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq bununla bağlı sübutların təqdim edilməsini tərəflərə təklif etməmiş və faktiki olaraq apellyasiya şikayətinin dəlillərini cavabsız saxlamışdır. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi prosessual hüquq normalarının tələblərinə cavab vermir. Odur ki, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh ləğv prosesində olan "xxxx" ASC-nin nümayəndəsi X7 apellyasiya şikayətini müdafiə edərək, hərracların keçirilməsi barədə məlumatların daxil olduğunu, banka hərracda olan mübahisəli əmlakla bağlı məlumatın daxil olmadığını bildirmiş, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi vəkil X1 apellyasiya şikayətini qəbul etməyərək, banka məlumatların çatdığını, xəbərdalıq barədə qəbzin iş materiallarında olduğunu, xəbərdalıq barədə məlumatın çatmamasının imkansız olduğunu, bank təcrübəsinə əsasən hərracda olan əmlaklarla bağlı onlara təklif daxil olduğunu bildirmişdir . Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsinə baxmayaraq üçüncü şəxslər Hərrac Mərkəzi "Külək” MMC-nin və Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin nümayəndələrinin iştiraklarını təmin etmək mümkün olmadığından işə baxılması mümkün hesab edilmişdir. Bakı Apellyasiya Məhkəməsində icraat zamanı müəyyən olunur: Ağcabədi Rayon İcra Şöbəsi tərəfindən daxil olmuş 22.07.2021-ci il tarixli məktubuna əsasən, Ağcabədi rayon Məhkəməsinin 2(017)-58/13 saylı, 25.01.2013-cü il tarixli icra sənədi 10.04.2013-cü il tarixdə Ağcabədi rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuşdur.İcra sənədi üzrə tələbin könüllü icrası haqqında bildiriş və icraata başlamaq haqqında qərarın sürəti borcluya göndərilmişdir.Ancaq borclu tələbi könüllü icra müdətində icra etməmiş və tələb borclunun ipoteka ilə yüklü edilmiş əlmakına yönəlmişdir.Tələb Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə "xxxx" MMC vasitəsi ilə hərraca çıxarılmışdır. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1, 41.1; Mülki Məcəllənin 269-323-1, 414-416, 560; Mülki Prosesual Məcəllənin 14.2, 76.1, 77.1, 80- 82, 106.2, 217.4, 372, 385, 386, 388, 390, 420-cı maddələrinə, kassasiya instansiya məhkəməsinin göstərişləri, kredit və ipoteka müqavilələri (öhdəlikləri) üzrə mülki hüquq münasibətlərə dair qeyd edilməlidir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri, qanunla müəyyən olunmuş qaydada əldə edilən, habelə işdə tərəflərin öz tələb və etirazlarını müəyyən edən (sübuta yetirən) faktlarla və hallarla əlaqədar (məhkəmə iclasında tədqiq olunmuş) sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. İlk növbədə iddia tələbinin hər bir cavabdehə qarşı olmasına dair mülki prosessual qanunvericiliyə uyğun verilməsi diqqətə çatdırılmalıdır. Hazırki tələb üzrə ümumiyyətlə qeyd edilən hüquqi şəxslərin cavabdehlik daşıması və hər bir cavabdehə qarşı yönələn tələbin nədən ibarət olması təsnif edilməmiş, bunlara aydınlıq gətirilməmiş və apellyasiya baxışı hədləri daxilində tələbin və onun yönəldiyi şəxslərin dəyişməsi mümkünsüzlüyü prosessual qeyri-müəyyənliklə müşayyət edilən halların müzakirəsini istisna etmişdir. Hərracın nəticələrinə istinadən verilən iddia üzrə işin baxılması zamanı hərraclar və onların nəticələri barədə cavabdehin məlumatlı olmaması və məlumatlı olmasının sübuta yetirilməməsi səbəbi ilə mübahisələndirilən qətnamə ləğv edilməli və iddia rədd edilməlidir. Belə ki, kasassiya instansiya məhkəməsinin göstərişlərinə müvafiq üçüncü şəxslərə göndərilən sorğular cavabdehə məlumatların verilməsini və onun iştirakının təmin edilməsi üçün görülmüş tədbirləri təsdiq etməmişdir. Qeyd edilməlidir ki, ipoteka saxlayanın təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməməsinin ipotekaya xitam verilməsi “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsi, ipotekasaxlayanın iştirakını və hərəkətlərini müəyyən edən ondan qabaqki müddəaların kontekstində nəzərdən keçirilməlidir. Ona görə ipoteka predmeti üzrə keçirilən hərrac üzrə tərəflərin, ələlxüsus tələbkarın iştirak etməməsi icra hərəkətlərinin mahiyyətinə ziddir və ondan irəli gələn hərəkətlərə istinad edilən maddənin dispozitiv şərtinə uyğun təfsir edilə bilməz. Qeyd edilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli və iddia rədd (birinci instansiya məhkəməsinin qətnaməsi ləğv) edilməlidir. Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək qeyd edir ki, ödənilmiş dövlət rüsumları üzrə məhkəmə xərcləri onları ödəyən şəxslərə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393, 402-406-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh ləğv prosesində olan Cavabdeh ASC apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-409/2020 saylı işi üzrə 22.01.2020-ci il tarixli qətanməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Hərrac Mərkəzi "Külək” MMC-ni və Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətini üçüncü şəxs qismində cəlb etdiyi cavabdehlər ləğv prosesində olan "xxxx" ASC-yə və onun ləğvedicisi Azərbaycan Əmanətlərin Sığortalanması Fonduna qarşı "ipoteka müqaviləsinə xitam verilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5873/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5873/2021
26.07.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver