Məhkəmə qərarları › İş №2(103)-588/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-588/2022

25.01.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-588/2022 25.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh2, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2491/2021 saylı, 01 iyul 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “cehiz və hədiyyə verilmiş zinət əşyalarının, şəxsi və uşağa məxsus əşyaların qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildə saxlanılan və həmin mənzildə faktiki yaşayan cavabdehlər - Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 istifadəsində olan, bu iddia ərizəsinin təsviri hissəsində qeyd olunan ümumi dəyəri “123 570” (bir yüz iyirmi üç min beş yüz yetmiş) manat təşkil edən cehiz əşyaları, hədiyyə verilmiş zinət əşyaları, şəxsi və uşağa məxsus əşyaların cavabdehlər - Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 alınaraq ona qaytarılması, qaytarılması mümkün olmadığı halda dəyərinin ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildə saxlanılan və həmin mənzildə faktiki yaşayan cavabdehlər - Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 istifadəsində olan, bu iddia ərizəsinin təsviri hissəsində qeyd olunan ümumi dəyəri42.900,00 (qırx iki min doqquz yüz) manat təşkil edən, yuxarıda adları çəkilən iddiaçıya məxsus və ona hədiyyə verilmiş qızıl-zinət əşyaların cavabdehlər - Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 alınaraq iddiaçıya qaytarılması, qaytarılması mümkün olmadığı halda dəyərinin iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildə saxlanılan və həmin mənzildə faktiki yaşayan cavabdehlər - Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 istifadəsində olan, bu iddia ərizəsinin təsviri hissəsində qeyd olunan ümumi dəyəri “123 570” (bir yüz iyirmi üç min beş yüz yetmiş ) manat təşkil edən cehiz əşyaları, hədiyyə verilmiş zinət əşyaları, şəxsi və uşağa məxsus əşyaların cavabdehlər - Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 alınaraq mənə qaytarılması, qaytarılması mümkün olmadığı halda dəyərinin iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi barədə iddia tələbi üzrə 2(006)-2491/2021 saylı mülki iş icraatdadır. 23.02.2021-ci il tarixində Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinin icra məmurları X1, X4, borclu Cavabdeh2, hal şahidləri: X6 və X2 iştirakı ilə akt tərtib edilmiş, həmin aktda göstərilmişdir ki: “Nəsimi rayon məhkəməsinin 2(006)- 2491/2021 saylı, 18.02.2021-ci il tarixli icra sənədinə əsasən, ünvan 1 ünvanında saxlanılan qızıl-zinət əşyaları, İddiaçı qızma məxsus geyim, kosmetika, cehiz əşyalarının üzərinə həbs qoyulmuşdur” (həmin aktın surəti qoşmaya əlavə edilir). Həmin aktda həm də o göstərilmişdir ki: “İcra sənədində göstərilən tələbi icra etmək məqsədilə Nəsimi rayonu, Azadlıq prospekti, ev 89, mənzil 33 ünvanına gəldik, mənzilə baxış zamanı tələbkara məxsus olan: Yataq mebel dəsti (tam); Xalca 2 ədəd- (tam); Stolüstü saat - firuzeyi rəngdə; (tam); Televizor - “TOSHİBA” markalı (Samsung); (tam); Taxt döşək- 1 ədəd (tam); Taxt yorğan - 1 ədəd (tam); Taxt odeyal- 3 ədəd (tam); Taxt örtüyü- 1 ədəd (tam); Taxt yataq dəstləri- 15 ədəd (tam); Uşaq yataq dəstləri - 4 ədəd (tam); Balış - 6 ədəd (tam); Təknəfərlik yorğan- 2 ədəd (tam); Odeyal- 2 ədəd (tam); Pərdə-4 ədəd (tam); 2 ədəd tül 2 ədəd günqoruyucu (tam); Gözmüncuğu gümüş- (tam); Stəkanaltı gümüş -1 ədəd (tam); Uşaq gəzinti arabası -1 ədəd (tam); Kosmetika (istifadə olunmuş) (tam); Ətirlər - istifadə edilmiş (tam); Uşaq geyimləri, uşaq ayaqqabıları- tam; Ülkər Qafarov ay a məxsus ziyafət geyimləri, ayaqqabılar, çantalar-tam olaraq; Uşaq yatağı MOGNO MOBİLYA markalı- ağ rəngdə (markası müəyyən edilmədi)- (tam); Çay qaşığı gümüş -2 ədəd (tam), Dəst - Gümüşdəndir, sırğa və üzükdən ibarətdi, 925 əyarlıdır, 2014-ci ilin noyabr ayında Cavabdeh2 tərəfindən bal ayı zamanı Dubay şəhərində olarkan hədiyyə edilmişdir. Üzük - 1 ədəd (tam); Broş - Poladdan, 2012-ci ilin dekabr ayında İddiaçı tərəfindən Silver Style mağazasından alınmışdır-1 ədəd (tam); “Əşyalar” tələbkar İddiaçı imzası ilə qəbul edilmişdir. Yuxarıda qeyd edilən həmin aktda həm də göstərilmişdir ki, “siyahıya əlavə edilməyən digər əmlaklar (qızıl-zinət əşyaları, gümüş əşyaları və sair )” aşkar edilməmişdir. Hesab edirlər ki, həmin aktda göstərilməyən və cavabdehlər tərəfindən təqdim edilməyən iddiaçıya məxsus daşınar əşyaların sayı, ölçüsü, çeşidi, istehsal markası və sair detalları məhkəmə qətnaməsi ilə müəyyən edilməli və məcburi qaydada cavabdehlərdən alınaraq indiyədək iddiaçıya təhvil verilməlidir. Buna görə də, iddia tələblərinin həcminin dəqiqləşdirilməsinə zəruriyyət yaranmışdır. Bununla da, iddiaçının hal-hazırda tələb etdiyi digər daşınar əşyalar aşağıdakı kimi qeyd edilmişdir: Həri üzüyü sadə alyans ağ qızıldandır, 750 əyarlıdır, 2014-cü ilin iyun ayında alınmışdır (Cavabdeh3 tərəfindən alınmışdır. Cavabdeh4 tərəfindən verilmişdir. Ülkərə ata mənzilində, həri mərasimi münasibəti ilə verilmişdir. Ülkərə hər iki tərəfin ailə böyükləri önündə verilmişdir. Qiyməti 1000 (bir min) manatdır; Nişan üzüyü (“dorojka”) ağ qızıldandır, 750 əyarlıdır, ortasında 5 ədəd brilyant qaşı, kənarlarında xırda brilyant qaşları vardır, 2014-cü ilin iyun ayında alınmışdır (Cavabdeh3 tərəfindən alınmışdır. Cavabdeh4 tərəfindən verilmişdir. Ülkərə ata mənzilində, həri mərasimi münasibəti ilə verilmişdir. Ülkərə hər iki tərəfin ailə böyükləri önündə verilmişdir. Qiyməti 3000 (üç min) manatdır; Dəst sarı qızıldandır sarı qaşlar ilə, 750 əyarlıdır, 2014-cü ilin iyulun 28-də Qurban bayramı münasibəti ilə Cavabdeh4 Surxay qızı tərəfindən hədiyyə edilmişdir (Ülkərə atası evində, Qurban bayramı münasibəti ilə təşkil edilmiş şənlik mərasimində verilmişdir. Ülkərə hər iki tərəfin ailə böyükləri önündə verilmişdir. Qiyməti 2300 (iki min üç yüz) manatdır; Qızıl beşlik sarı qızıldandır 999 prob gedimi qulpsuz, 2014- cü ilin oktyabr ayının 19-da Xına mərasimi zamanı nəmər kimi hədiyyə verilmişdir (Cavabdeh4 Surxay qizi tərəfindən hədiyyə edilmişdir. Xına yaxtı mərasimi Muğam Ocağı restoranında olmuşdur. Ülkərə hər iki tərəfin ailə böyükləri önündə verilmişdir. Qiyməti 450 (dörd yüz əlli) manatdır; Dəst - qızıldan, ağ brilyant qaşlıdır, üzük, sırğa, bilərzik və boyunbağıdan ibarətdir, 2014-cü ilin oktyabr ayının 15-də Qız toyuna hədiyyə edilmişdir (Cavabdeh3 tərəfindən alınmışdır. Ülkərə ata mənzilində, Cavabdeh4 tərəfindən Qız toyu mərasimi münasibəti ilə verilmişdir. Ülkərə hər iki tərəfin ailə böyükləri önündə verilmişdir. Qiyməti 25 000 (iyirmi beş min) manatdır; Sırğa (“kəpənəy”) ağ qızıldandır, 585 əyarlıdır, cerkon qaşlıdır, 2014-cü ilin may ayının 13- də Ad günü münasibəti ilə alınmışdır (Ülkər özü almışdır. Qiyməti 350 (üç yüz əlli) manatdır; Üzük (tək qaş) - sarı və ağ qızıldandır, 585 əyarlı, 2014-cü ilin oktyabrın 23-də Cavabdeh2 əmisi ailəsi adindan hədiyyə edilmişdir (Ülkərə toy günü münasibəti ilə verilmişdir. X11 şadlıq sarayında verilmişdir. Ülkərə toyda olan qonaqların yanında verilmişdir. Qiyməti 800 (səkkiz yüz) manatdır; üzük - sarı qızıldan üzəri ağ yaşıl minalı , 585 əyarlı , 2014-cü ilin iyul ayında Cavabdeh2 tərəfindən hədiyyə edilmişdir (Ülkərə nişanlanan gündən bir ay ötməsi münasibəti ilə verilmişdir. Ülkərə ata evində hədiyyə edilmişdir. Qiyməti 200 (iki yüz) manatdır; Üzük - sarı qızıldan üzəri brilyant qaşlar ilə bəzədilib, 583 əyarlı, 2014-cü ilin oktyabr ayında Cavabdeh3 tərəfindən hədiyyə edilmişdir (Ülkərə ər evində keçirilən üzə çıxdı mərasimində hədiyyə verilmişdir. Qiyməti 350 (üç yüz əlli) manatdır; bilərzik və üzərində kulon - sarı qızıldandır, 750 əyarlıdır, 2004-ci ilin martın 8-də İddiaçı atası tərəfindən bayram münasibəti ilə hədiyyə edilmişdir (Ülkərə atası evində 8 Mart beynalxalq qafınlar günü bayramı münasibəti ilə hədiyyə edilmişdi. Ülkərə ailə üzvlərinin yanında hədiyyə edilmişdi. Qiyməti 850 (səkkiz yüz əlli) manatdır; Saat (Chopard) 2 ədəd - Gümüş 925 əyyardır, üzəri və əqrəbin içi svarovski daşları ilə bəzədilib. Ülkərə atası tərəfindən 2010-ci ilin yanvar ayında yeni il bayramı münasibəti ilə hədiyyə edilmişdir. Ülkərə bacısı və qardaşı yanında hədiyyə edilmişdir. Qiyməti 750 (yeddi yüz əlli) manatdır; Dəst - Gümüşdəndir, sırğa və üzükdən ibarətdir (yalnız sırğa, üzük artıq iddiaçıya təhvil verilib), 925 əyarlıdır, 2014-ci ilin noyabr ayında Cavabdeh2 tərəfindən bal ayı zamanı Dubay şəhərində olarkan hədiyyə edilmişdir. Qiyməti 250 (iki yüz) manatdır Qiyməti 190 (bir yüz doxsan) manatdır; Dəst - Gümüşdəndir, 925 əyarlı sırğa və üzükdən, 2012-ci ilin dekabr ayında İddiaçı tərəfindən “Silver Style” mağazasından alınmışdır. Qiyməti 280 (iki yüz səksən) manatdır; Dəst - ağ qızıldandır, sırğa, üzük və kulondan ibaretdi, 585 əyarlıdır, 2015-ci ilin yanvar ayında Cavabdeh2 əmisi (Asif) və ailəsi tərəfindən evlərinə ilk dəfə qonağ çağırıldığım üçün hədiyyə edilmişdir (Qonaqlıq evdə keçirilmişdir. Ülkərə qaynatası, qaynanası, yoldaşının və əmisi ailəsinin yanında verilmişdir. Qiyməti 420 (dörd yüz iyirmi) manatdır; Boyunbağı (“sünbül”) - sarı qızıldandır, 583 əyarlıdır, çəkisi 40 qramdır, 2016-ci ilin dekabr ayında Cavabdeh3 iş yoldaşı (Tərlan) tərəfindən uşağın doğulması münasibəti ilə hədiyyə edilmişdir (Ülkərə yaşadığı evdə verilmişdir. Ülkərə qaynatası,qaynanası və yoldaşının yanında verilmişdi. Qiyməti 2800 (iki min səkkiz yüz) manatdır; Boyunbağı (“traktor”) - sarı qızıldandır, 583 əyarlıdır, çəkisi 20 qramdır, 2016-ci ilin noyabrın 22-də Cavabdeh4in ailə dostu (Suqra) tərəfindən uşağın ad günü münasibəti ilə hədiyyə edilmişdir (Ad günü cıdır restoranında kecirilmişdir. Ülkərə qaynatası, qaynanası və yoldaşının yanında verilmişdi. Qiyməti 1400 (bir min dörd yüz) manatdır; Dəst (tək qaş) ağ qızıldandır, sırğa və boyunbağından ibaretdir, 750 əyarlıdır, 2016-ci ilin noyabrın 22-də Cavabdeh3 ailəvi dostu (Fazil) tərəfindən uşağın ad günü münasibəti ilə hədiyyə edilmişdir (Ad günü cıdır restoranında keçirilmişdir. Ülkərə qaynatası, qaynanası və yoldaşının yanında verilmişdi. Qiyməti 1850 (bir min səkkiz yüz əlli) manatdır; bilərzik (uşaq) - sarı qızıldandır, 750 əyarlıdır, 2017-ci ilin aprelin 22-də İddiaçı bacısı X3 tərəfindən uşağın 6 ayının tamam olması münasibəti ilə hədiyyə edilmişdir (Ülkərə er evində hədiyyə edilmişdir. Ülkərə ailə üzvlərinin yanında hədiyyə edilmişdi. Qiyməti 320 (üç yüz iyirmi) manatdır; Qızıl nəzərlik sarı qızıldandır 999 prob gedimi, 2016-cü ilin noyabr ayının 28-də İddiaçı nənəsi Miriyeva Sənübər tərəfindən Cavabdeh4 Ramin qızına hədiyyə verilmişdir (Ülkərə hər iki tərəfin ailə böyükləri önündə verilmişdir. Qiyməti 250 (iki yüz əlli) manatdır; Sancaq üzərində kulon ilə (uşag) - sarı qızıldandır, 750 əyarlıdır, 2016-cı ilin dekabrın 31də İddiaçı bacısı X3 tərəfindən uşağın “40 günün” tamam olması münasibəti ilə hədiyyə edilmişdir (Ülkərə ata evində hədiyyə edilib. Ülkərə ailə üzvlərinin yanında hədiyyə edilmişdi). Qiyməti 280 (iki yüz səksən) manatdır. Belə ki, hazırki iddia tələbinin həcminin azaldılmasına dair dəqiqləşdirmə ərizəsinə müvafiq olaraq, iddiaçıya qaytarılmamış daşınar əşyaların qiymətlərinin ümumi məbləği 42 840,00 (qırx iki min səkkiz yüz qırx) manat təşkil edir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2491/2021 saylı, 01 iyul 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “qızıl-zinət əşyalarının qaytarılması” tələbinə dair iddiası təmin edilməmişdir. Birinci instansiya məhkəməsi iddia tələbinin Cavabdeh2 münasibətdə təmin edilməməsi barədə iş üzrə gəldiyi nəticəni iddiaçı tərəfindən təqdim edilmiş sübutların iddianın təmin edilməsi üçün əsas verməməsi ilə, digər cavabdehlər Cavabdeh3 və Cavabdeh4 qarşı iddiaçının irəli sürdüyü iddia tələbləri üzrə cavabdehlik daşımamaları əsası ilə iddia tələbinin onlara münasibətdə rədd edilməli olması ilə əsaslandırmışdır. Məhkəmə iş üzrə gəldiyi nəticəni hüquqi cəhətdən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinin tələbləri ilə əsaslandırmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2491/2021 saylı, 01 iyul 2021-ci il tarixli qətnaməsindən İddiaçı apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddiaçı tərəfindən təqdim edilmiş sübutları lazımi qaydada araşdırıb hüquqi qiymət verməmiş, sübutetmə yükünü bütünlüklə iddiaçının üzərinə qoymaqla, ədalətli məhkəmə araşdırması hüququ pozulmuşdur. Qətnamə maddi və prosessual hüquq normalarının tələblərinin pozuntusu ilə qəbul edildiyindən, ləğv edilib, iddia tələblərinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməlidir. Apelyasiya məhkəməsinin iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1 apelyasiya şikayətinin və iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdilər. Apelyasiya məhkəməsinin iclasında Cavabdeh2 və onun nümayəndəsi və vəkili Vəkil2 apelyasiya şikayətinin dəlillərini qəbul etmədiklərini bildirərək, apelyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin isə qanuni və əsaslı olduğundan, dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmin Məcəllənin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda İddiaçı apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qalaraq, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yoxlanılmalıdır. Kollegiya iş üzrə tərəflərin izahatlarını, işin materiallarını, apelyasiya şikayətinin dəlillərini araşdırıb və toplanmış sübutları məcmu halında qiymətləndirib hesab edir ki, apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsaslı olmadığından təmin edilməməlidir. Belə ki, işin mübahisələndirilməyən hallarından görünür ki, tərəflər 23 oktyabr 2014cü il tarixdə rəsmi nikaha daxil olmuş, birgə nikahlarından 22 noyabr 2016-cı il təvəllüdlü Cavabdeh4 Ramin qızı adında uşaqları anadan olmuşdur. İlk vaxtlar mehriban yaşasalar da, bir müddət sonra aralarında problemlər yaşanmış, bunun nəticəsi olaraq da, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3795/2019 saylı, 24.12.2019-cu il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. İddiaçı iddiasına görə, o, cehiz əmlaklarını və hədiyyə verilən qızıl-zinət əşyaları Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, ev 89 ünvanında yerləşən 33 saylı mənzildə yerləşdirmiş, münasibətləri pozulduqdan sonra iddia ərizəsində göstərilən əşyalar ona geri qaytarılmamışdır. Cavabdeh2 isə iddiaçının iddia etdiyi cehiz əşyalarının icra məmurunun aktında sadalanan hissəsinin mövcud olduğunu, onları qaytarmağa etiraz etmədiyini, qalan əşyaların bir qismini isə iddiaçının evi tərk etdiyi zaman özü ilə apardığını, bir qismini isə müəyyən müddət sonra onun istəyinə əsasən tərəfindən qaytarıldığını bildirmişdir. Hazırda İddiaçı məhkəməyə müraciət edərək Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildə saxlanılan və həmin mənzildə faktiki yaşayan cavabdehlər - Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 istifadəsində olan, bu iddia ərizəsinin təsviri hissəsində qeyd olunan ümumi dəyəri - 42.900,00 (qırx iki min doqquz yüz) manat təşkil edən ona məxsus və hədiyyə verilmiş qızıl-zinət əşyaların cavabdehlər - Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 alınaraq ona qaytarılması, qaytarılması mümkün olmadığı halda dəyərinin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Baxılan mülki işdə iddiaçının tələb etdiyi qızıl-zinət əşyalarının bir qisminin ona cavabdeh tərəfindən hədiyyə verilməsi, bir qisminin isə nikaha daxil olmamışdan özünə məxsus olması, yəni iddiaçının həmin əşyaların mülkiyyətçisi olması mübahisələndirilməyən haldır. Mübahisələndirilən hal cavabdeh tərəfindən həmin əşyaların üzərində iddiaçının faktiki sahiblikdən məhrum olub-olmaması və cavabdehin həmin əşyalara faktiki sahiblik edib-etməməsidir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddiaçının irəli sürdüyü faktiki hallar özgəsinin qanunsuz sahibliyində olan əşyanın geri qaytarılması (vindikasiya) iddiasına uyğun olduğu üçün tələbin hüquqi əsası kimi Mülki Məcəllənin 157.2-ci maddəsi nəzərdən keçirilməlidir. Mülkiyyətin müdafiəsini təmin edən bu normanın mənasından aydın olur ki, iddiaçının həmin tələblə çıxış edə bilməsi üçün üç şərtin gerçəkləşməsi zəruridir: iddiaçının əşyanın mülkiyyətçisi olması, cavabdehin əşyanın sahibi olması, cavabdehin əşyaya sahiblik hüququnun olmaması. Göstərilən şərtlərdən hər hansı birinin mövcud olmaması həmin normaya söykənən tələbin rədd edilməsi üçün əsasdır. Baxılan mülki işdə iddiaçının tələb etdiyi qızıl-zinət əşyalarının bir qisminin ona cavabdeh tərəfindən hədiyyə verilməsi, bir qisminin isə nikaha daxil olmamışdan özünə məxsus olması, yəni iddiaçının həmin əşyaların mülkiyyətçisi olması mübahisələndirilməyən haldır. Bununla da, istinad olunan maddi hüquq normasının birinci şərti - iddiaçının əşyaların mülkiyyətçisi olması halı sübuta yetirilmişdir və həmin xüsusat üzrə əlavə araşdırma aparılmasına gərək olmamışdır. İkinci dispozisiya şərtinin - əşyaların cavabdehlərin sahibliyində olması ilə bağlı iddiaçı bildirmişdir ki, ailə münasibətləri pozulduğu üçün 2018-ci ilin oktyabr ayında cavabdehlə birgə yaşadığı evi tərk etməli olmuş, bu zaman iddia tələbində göstərdiyi qızılzinət əşyaları cavabdehdə qalmış, tələb etməsinə baxmayaraq qaytarılmamışdır. Göründüyü kimi iddiaçı, ona məxsus qızıl-zinət əşyalarının iradəsinə zidd şəkildə cavabdeh tərəfindən qaytarılmamasına istinad etmişdir. Cavabdeh isə bu halları təsdiq etməyərək bildirmişdir ki, mübahisəli qızıl-zinət əşyaları onun sahibliyində deyil, iddiaçı tələb etdiyi qızıl-zinət əşyalarının bir hissəsini gedərkən özü ilə aparmış, qalanları isə iddiaçının tələbinə əsasən ona göndərmişdir. İddiaçı hətta özünə aid olmayan qızılları ona qaytarmışdır. Göründüyü kimi, cavabdeh qızıl-zinət əşyalarının onun sahibliyində olması halını mübahisələndirmişdir. Kollegiya aşağıdakılara əsasən bildirir ki, bu xarakterli mübahisənin düzgün həlli üçün yuxarıda sadalanan dispozisiya şərtlərinin mövcudluğunu sübuta yetirmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü düzgün müəyyən olunmalıdır. Məlum olduğu kimi hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur. (MPM-nin 77.1-ci maddəsi) Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Nəzərə alınmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı bir hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur. (MPM-nin 78, 80-ci maddələri) Məhkəmə hansı halların sübuta yetirilməli olduğunu təsbit etdikdən sonra həmin halların sübut edilməsi yükünün kimin üzərinə düşdüyünü müəyyən etməlidir. Nəzərə alınmalıdır ki, sübutetmə yükü qanunda xüsusi bir qayda nəzərdə tutulmadığı təqdirdə iddia edilən halın mövcudluğuna (baş verməsinə) bağlanan hüquqi nəticədən xeyir görən tərəfə aiddir. Qayda olaraq sübutetmə yükü əvvəlcə iddiaçının üzərinə düşür. Lakin bu ümumi qaydanın bəzi istisnaları vardır. Əgər sübutetmə yükü qanunla başqa tərəfin üzərinə qoyulubsa, yaxud şəxs qanuni və ya faktiki prezumpsiyaya, yaxud normal bir vəziyyətin əksi olan hala istinad edirsə ümumi qayda işləmir. Prezumpsiya dedikdə isə bəlli bir (əsas qaydanın təməlini təşkil edən) hadisədən hərəkət edilərək bəlli olmayan digər bir halın təsbit olunması başa düşülür. Məsələn, Mülki Məcəllənin 166.1-ci maddəsinə görə, daşınar əşyanın sahibi haqqında ehtimal edilir ki, o əşyaya mülkiyyətçi hüququ ilə sahiblik edir. Burada daşınar əşyanın sahibi mülkiyyət prezumpsiyasının təməlini təşkil edən sahiblik faktını (əşyanın sahibi olduğunu) sübut etməlidir. Bu halın sübuta yetirilməsi kifayət edir ki, prezumpsiyanın nəticəsi kimi həmin şəxs əşyanın mülkiyyətçisi kimi qəbul olunsun. Başqa sözlə, şəxs prezumpsiyanın nəticəsini deyil, onun təməlini təşkil edən halı sübut etməklə prezumpsiyanın nəticəsini ayrıca sübut etmək yükündən azad olur. Yuxarıdakı hüquqi mövqeyi hazırkı işin müəyyən edilmiş hallarına tətbiq etdikdə aydın olur ki, tələb edilən qızıl-zinət əşyalarının cavabdehin sahibliyində olması və bu sahibliyin qanunsuz xarakter daşıması hallarının mövcudluğuna MM-in 157.2-ci maddəsinin bağladığı hüquqi nəticə iddiaçının xeyrinə bir vəziyyət əmələ gətirdiyi üçün həmin halları sübuta yetirmək yükü də məhz iddiaçının üzərinə düşür. Digər tərəfdən bu ümumi qaydadan istisna təşkil edən (sübutetmə yükünü cavabdehə keçirən) hallar aşkar edilməmişdir. Əksinə, məsələ faktiki prezumpsiya baxımından dəyərləndirildikdə həyatın normal axınına görə təbii olan hal, qızıl-zinət əşyalarının aid olduğu qadının üzərində olması və ya özündə (evində) saxlamasıdır (mühafizə etməsidir). Belə əşyaların bir qayda olaraq saxlanıla və ya daşına bilən növdə olması nəzərə alındıqda evdən (ərindən) ayrılma vəziyyətini görən, yaxud bunu planlaşdıran qadın üçün onları öncədən götürmək əsasən mümkündür. Bununla belə Kollegiya istisna etmir ki, qadının evdən çıxarkən və ya əri ilə faktiki ailə münasibətləri başqa formada kəsilərkən həmin əşyaları götürmək imkanı mövcud olmasın. Yəni, öz əşyalarına sahib çıxmaq və onları özü ilə götürmək imkanı qadının iradəsindən asılı olmayaraq məhdudlaşdırıla bilər (məsələn, zor tətbiq edilməklə evdən qovulması, öz əşyalarını götürmək imkanından başqa cür maneələr yaradılmaqla məhrum edilməsi və s.). Belə olan halda isə iddiaçı istinad etdiyi bu hadisələrin baş verdiyini, yəni həqiqətən də birgə yaşadıqları evi əşyalarını özü ilə aparmaq imkanı olmadan tərk etdiyini sübuta yetirməlidir. Belə sübut cavabdehin etirafı ola biləcəyi kimi, iddiaçının dərhal polisə etdiyi şikayət, həmin şikayətin araşdırılması nəticəsində müəyyən edilən hallar və s. ola bilər. Kollegiya onu da bildirir ki, iddiaçının bu xarakterli halların baş verməsinə dair izahatı özü-özlüyündə həmin faktların təsdiq olunması nəticəsinə gəlmək üçün kifayət deyil. Həmin hallarla bağlı iddiaçının və ya işdə iştirak edən digər şəxsin izahat(lar)ı o zaman mötəbər sübut kimi qəbul oluna bilər ki, həmin məlumatlar işdəki digər sübutlarla təsdiqlənmiş olsun. Diqqətdən qaçırılmamalıdır ki, heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməlidir. (MPM-nin 14, 76, 77, 80, 88-ci maddələri) Hazırki işdə iddiaçı 2018-ci ilin oktyabr ayında mənzili tərk edib gedərkən özünə məxsus qızıl-zinət əşyaları götürmədiyini və həmin zinət əşyalarının cavabdeh sahibliyində olan mənzildə qaldığını, sonradan tələbi əsasında zinət əşyalarının bir hissəsinin qaytarıldığını, iddia tələbində göstərilən qızıl-zinət əşyalarını isə qaytarmayıb özündə saxladığını bildirmiş, apelyasiya şikayətində isə yaşadığı mənzildən cavabdeh tərəfindən uşağı ilə birlikdə məcburi qaydada çıxarıldığını, münasibətləri kəskinləşdiyi üçün isə bir daha həmin mənzilə qayıda bilməməsini göstərmiş və tələbinin sübutu kimi bir sıra fotoşəkilləri və “whatsapp” yazışmaları təqdim etmişdir. Apelyasiya məhkəməsinin iclasında iddiaçı və cavabdeh tərəfindən mübahisə ilə bağlı əlavə olaraq “whatsapp” yazışmaları, iddiaçı tərəfindən isə iddiaçı ilə “Mətin” adlı şəxs arasında olan səs yazıları sübut kimi təqdim edilmişdir. Azərbaycan Rеspublikası Mülki Prosessual Məcəlləsinin 78-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsində işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana kimi təqdim edilir. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Kollegiya iddiaçı və cavabdeh tərəfindən apelyasiya baxışında əlavə təqdim edilmiş “whatsapp” yazışmalarını və səs yazılarını birinci instansiya məhkəməsinə təqdim edilmiş sübutların davamı olması və mübahisənin predmeti ilə əlaqəli olması, mübahisənin obyektiv həlli üçün əhəmiyyət kəsb etməsini nəzərə alıb, tədqiq edilib qiymətləndirilməklə yuxarıda qeyd edilən prosessual qanunvericiliyin tələblərinə zidd hesab etməmişdir. Apelyasiya məhkəməsinin iclasında iddiaçı tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş fotoşəkillər, “whatsapp” yazışmaları, həmçinin apelyasiya baxışında əlavə olaraq təqdim edilmiş “whatsapp” yazışmaları, habelə iddiaçı tərəfindən təqdim edilmiş iddiaçı ilə Mətin adlı şəxs arasında olan səs yazısı tədqiq edilərkən müəyyən edilmişdir ki, iddiaçı evdən getdikdən sonra cavabdehdən evdə qalmış qızıl-zinət əşyalarının ona göndərilməsini xahiş etmiş və cavabdeh iki dəfəyə dayısıoğlu Mətin adlı şəxslə tələb olunan qızıl-zinət əşyalarını iddiaçıya göndərmişdir. Həmçinin müəyyən edilir ki, iddiaçı cavabdeh tərəfindən göndərilmiş qızıl-zinət əşyalarının özünə aid olmayanları cavabdehə geri qaytarmışdır. İşin müəyyən edilmiş bu halları iddiaçı tərəfindən də etiraf edilmişdir. Lakin, iddiaçı işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarını qəbul etsə də, iddia tələbində göstərilən qızıl-zinət əşyalarının ona qaytarılmadığını iddia edir. Kollegiya işin müəyyən edilmiş hallarına əsasən iddiaçının tələb etdiyi qızıl-zinət əşyalarının cavabdehin sahibliyində qalması barədə dəlillərini inandırıcı hesab etmir. Ona görə ki, həmin dəlillər işin digər sübutları ilə təsdiq edilmir. Əksinə işin materialları ilə cavabdehin evdən gedərkən ona hər hansı bir təsir, təzyiq olunması, onun evdən məcburi qaydada çıxarılması halı müəyyən olunmamışdır. Bu hal iddiaçının evdən getdikdən sonra cavabdehlə mütəmadi əlaqə saxlaması, özünə məxsus qızıl-zinət əşyalarını tələb etməsi, onun tələbi əsasında cavabdeh tərəfindən qızıl-zinət əşyalarının iddiaçıya göndərilməsi, iddia tələbində göstərilən digər cehiz əmlakların hamısının yerində olması və həmin cehiz əşyalarını qaytarmağa cavabdehin hər hansı maneçilik törətməsi faktının müəyyən olunmaması, habelə 2018-ci ilin oktyabr ayından 2021-ci ilin fevral ayına kimi qızıl-zinət əşyaları tələbi ilə məhkəməyə, hüquq mühafizə orqanlarına müraciət etməməsi (baxmaraq ki, 2019-cu ildə nikahın pozulması barədə məhkəmə mübahisəsi olmuşdur) iddiaçının qızıl-zinət əşyalarının cavabdehin sahibliyində qalmasını istisna edir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iş üzrə sübuta yetirilməli olan hallarla bağlı sübutetmə yükünü düzgün bölüşdürmüş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən məlumat və sübutları lazımi şəkildə araşdırmaqla, onlara hüquqi qiymət verməklə, iddia tələbinin rədd edilməsi barədə gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Azərbaycan Rеspublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası prosessual normaların tələblərinə əsasən apelyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirir, faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyət üzrə düzgün olan qətnamənin ləğvi üçün əsaslı hesab etmir və bu səbəbdən də hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2491/2021 saylı, 01 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2491/2021 saylı, 01 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar