Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-588/2024 09.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi barədə” iddiasına dair Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X2 və İmanov Azad Nizami oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki iş üzrə Bakı şəhər Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 18 sentyabr 2023-cü il tarixli qətnamədən İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən işə, apellyatorun iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi barədə məlumat
1. İddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, cavabdehin ona ümumilikdə vurduğu 160.000 manat məbləğində zərərin ödənilməsi məqsədi ilə cavabdehdən onun xeyrinə, zərərin 1/2-dən çox olmayan məbləğin, yəni 70.000 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, alıcı olaraq onunla satıcı olaraq cavabdeh ilə aralarında xx.xx.2018-ci il tarixdə bağlanmış “Alğı-satqı müqaviləsinə” əsasən ünvan 1 ünvanında yerləşən 267,1 kv.metrlik qeyri-yaşayış sahəsini cavabdehdən satın almışdır. Bundan sonra həmin qeyri-yaşayış sahəsi xüsusi mülkiyyətdə olan daşınmaz əmlak kimi “Daşınmaz əmlakın dövlət reyestrində” iddiaçının adına qeydiyyata alınmışdır. Bunlara baxmayaraq, cavabdeh, qeyri-yaşayış sahəsini iddiaçıya təhvil verməmiş və oradan istifadə etməkdə davam etmişdir. O, hazırki iş üzrə iddiaçıya qarşı “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbi barədə” iddia irəli sürsə də, həmin iddia bütün instansiya məhkəmələrinin baxışı predmeti olmuş və əsassız hesab edilmişdir. Buna baxmayaraq cavabdeh yenə də qeyri-yaşayış sahəsindən çıxamamış, sahəni iddiaçıya təhvil verməmişdir. Bundan sonra hazırki iş üzrə iddiaçı məcburiyyət qarşısında qalaraq cavabdehə qarşı “zəbt olunmuş sahənin boşaldılması, maddi (borc) və mənəvi zərərin tutulması tələbi barədə” iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Həmin iddia da, bütün instansiya məhkəmələrinin baxışı predmeti olmuş və son nəticədə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin həmin iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli, 2(008)- 200/2022 №-li qətnaməsi qanuni qüvvəyə minərək, icra edilmişdir. Göründüyü kimi iddiaçı, cavabdehdən qanuni əsasla aldığı və artıq üzərində mülkiyyət hüququnu əldə etdiyi qeyri-yaşayış sahəsindən cavabdehin qəsdlə yaratdığı maneələrə görə 5 il müddətində istifadə edərək, gəlir əldə etmək imkanından məhrum olunmuşdur. İddiaçı bildirir ki, Mərdəkan qəsəbəsində yerləşən qeyri-yaşayış sahəsinin hər bir kv.m-in bazar qiyməti ilə aylıq icarə haqqı minimum 10 manat təşkil edir. 267 kv.m sahə üçün bu rəqəm aylıq 2.670 manat, illik 32.000 manat, beş illik isə 160.000 manat təşkil edir. Bu hal "xxxx" MMC-nin ana verdiyi “qiymətləndirmə arayış” ilə təsdiq edilir. Göstərilənləri və cavabdehin maddi vəziyyətini nəzərə alan iddiaçı hesab edir ki, cavabdehin ona ümumilikdə vurduğu 160.000 manat məbləğində zərərin ödənilməsi məqsədi ilə cavabdehdən onun xeyrinə, zərərin 1/2-dən çox olmayan məbləğ, yəni 70.000 manat məbləğində pul b) iddia tələbinə dair cavabdehlərin münasibəti barədə məlumat
3. Cavabdeh işə baxılmasının yeri və vaxtı barədə Rayon Məhkəməsi tərəfindən lazımi qaydada xəbərdar edilsə də məhkəmə baxışı iclaslarında iştirak etməmiş, bunun səbəbləri barədə Rayon Məhkəməsinə məlumat verməmiş, iddia tələbinə dair yazılı münasibət göndərməmişdir. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
4. İşə cavabdehin iştirakı olmadan baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, iddiaçıya dəymiş zərərin ödənilməsi məqsədi ilə 5.000 manat, iddianın məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 70 manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsini, iddianın qalan hissədə təmin edilməməsini qət etmişdir.
5. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qeyriyaşayış sahəsi iddiaçının mülkiyyətinə vaxtında verilsəydi, o bu sahəni icarəyə verməklə kifayət qədər gəlir əldə edə bilərdi. Belə olan halda, iddia qismən təmin edilməli, əldən çıxmış fayda olaraq ağlabatan məbləğ kimi 5.000 manat cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. İddia tələbinin qalan hissəsi isə əsassız olduğundan təmin edilməməlidir. d) apellyasiya şikayəti barədə məlumat
6. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verərək, qətnamənin dəyişdirilməsini, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, Rayon Məhkəməsi ziyanın niyə məhz 5.000 manat məbləğində müəyyən edilməsini əsaslandıra bilməmiş, iddiaçının təqdim etdiyi sübutları düzgün qiymətləndirməmiş, iş üzrə əsassız nəticəyə gəlmişdir. e) apellyasiya baxışı iclasında iş üzrə tərəflərin iştirakı və işə qiyabi icraat qaydasında baxılmanın əsasları barədə məlumat
8. İddiaçı apellyasiya baxışında iştirak edərək, şikayətin dəlillərini müdafiə etdi və şikayətin, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdi.
9. Cavabdeh işə apellyasiya qaydasında baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmənin iclasında iştirak etməmiş və bunun səbəbi barədə Məhkəməyə məlumat verməmişdir.
10. İddiaçı ərizə ilə Məhkəməyə müraciət edərək işə, apellyasiya baxışı iclasına gəlməmiş cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını xahiş etmişdir.
11. Məhkəmə ərizəni, işin materiallarını, cavabdehin gəlməməsinin səbəbi barədə məlumatın olmamasını, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 238 və 376.3-cü maddələrinin tələblərini nəzərə alaraq işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmiş və bu barədə müvafiq qərardad qəbul etmişdir. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi barədə məlumat
12. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli və iddianın təmin edilməsi barədə iş üzrə qiyabi qətnamə qəbul edilməlidir.
13. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli, AN-İ seriyalı, ******* №-li “Daşınmaz əmlakın alğı-satqı müqaviləsindən” görünür ki, iddiaçı, alıcı olaraq onunla satıcı olaraq cavabdeh arasında bağlanmış həmin müqaviləyə əsasən (mübahisəli) 267,1 kv.metrlik qeyri-yaşayış sahəsini 73.000 manat ödəməklə cavabdehdən satın almışdır.
14. “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş RX seriyalı, ******* nömrəli “Çıxarışdan” görünür ki, qeyd edilən müqavilə əsasında iddiaçının həmin qeyri-yaşayış sahəsi üzərində yaranmış mülkiyyət hüququ xx.xx.2018-ci il tarixdə dövlət reyestrində qeydə alınmışdır.
15. İş üzrə tərəflər arasında bağlanmış və yuxarıda qeyd edilmiş müqavilənin 11-ci bəndindən görünür ki, cavabdeh qeyri-yaşayış sahəsini müqavilə bağlanan xx.xx.2018-ci il tarixdən iddiaçının faktiki sahibliyinə verməyi öhdəsinə götürmüşdür.
16. İşin hallarından və işdə olan sənədlərdən görünür ki, cavabdeh, üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, qeyri-yaşayış sahəsini iddiaçıya təhvil verməmiş və oradan istifadə etməkdə davam etmişdir. Cavabdeh, hazırki iş üzrə iddiaçıya qarşı “alğısatqı müqaviləsinin etibarsız hesab edilməsi tələbi barədə” iddia irəli sürsə də, həmin iddia bütün instansiya məhkəmələrinin baxışı predmeti olmuş və əsassız hesab edilmişdir. Buna baxmayaraq cavabdeh yenə də qeyri-yaşayış sahəsindən çıxamamış, sahəni iddiaçıya təhvil verməmişdir. İşin hallarından və işdə olan sənədlərdən daha sonra görünür ki, daha sonra hazırki iş üzrə iddiaçı məcburiyyət qarşısında qalaraq cavabdehə qarşı “zəbt olunmuş sahənin boşaldılması, maddi (borc) və mənəvi zərərin tutulması tələbi barədə” iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Həmin iddia da, bütün instansiya məhkəmələrinin baxışı predmeti olmuş və son nəticədə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin həmin iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli, 2(008)-200/2022 №-li qətnaməsi qanuni qüvvəyə minərək, icra edilmişdir. Göründüyü kimi iddiaçı, cavabdehdən qanuni əsasla aldığı və artıq üzərində mülkiyyət hüququnu əldə etdiyi qeyri-yaşayış sahəsindən cavabdehin qəsdlə yaratdığı maneələrə görə 5 il müddətində istifadə edərək, gəlir əldə etmək imkanından məhrum olunmuşdur.
17. Hazırda iddiaçı qeyri-yaşayış sahəsinin ona təhvil verilməməsi səbəbindən cavabdeh tərəfindən ona vurulmuş ziyanın əvəzini tələb edir.
18. Göstərilənləri nəzərə alan Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1.). Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın (maddə 152.5.). Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir (maddə 157.5.). Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (maddə 21.1.). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2.).
19. Qeyd edilən maddi hüquq normalarının tələblərini və işin hallarını nəzərə alan Məhkəmə bildirir ki, müqavilənin bağlanmasından sonrakı ötən dövr ərzində iddiaçı qeyriyaşayış sahəsini icarəyə verməklə gəlir (fayda) əldə edə bilərdi ki, lakin cavabdehin qanunazidd hərəkəti nəticəsində iddiaçı həmin gəliri əldə etməkdən məhrum olmuşdur. İddiaçı əldən çıxmış fayda kimi ona vurulmuş zərərin əvəzini cavabdehdən tələb etməkdə haqlıdır.
20. İddiaçı tərəfindən Rayon Məhkəməsinə təqdim edilmiş xx.xx.2023-cü il tarixli “İcarə müqaviləsindən” görünür ki, iddiaçı, ona məxsus (mübahisəli) qeyri-yaşayış sahəsinin 9 kv.metr hissəsini (hazırki iş üzrə tərəf olmayan) X1 6 ay müddətinə aylıq 200 manata icarəyə verilmişdir.
21. İddiaçı tərəfindən Rayon Məhkəməsinə təqdim edilmiş xx.xx.2023-cü il tarixli digər “İcarə müqaviləsindən” görünür ki, iddiaçı, ona məxsus (mübahisəli) qeyri-yaşayış sahəsinin 10 kv.metr hissəsini (hazırki iş üzrə tərəf olmayan) X3 6 ay müddətinə aylıq 200 manata icarəyə verilmişdir.
22. "xxxx" MMC tərəfindən iddiaçıya, sonuncu tərəfindən isə Rayon Məhkəməsinə təqdim edilmiş “Daşınmaz əmlakın real bazar münasibətlərinə uyğun icarə haqqının müəyyənləşdirilməsinə dair arayışından” görünür ki, xx.xx.2023-cü il tarixdə aparılmış qiymətləndirmənin nəticəsində sahəsi 267,1 kv.m olan qeyri-yaşayış sahəsinin aylıq icarə haqqısı 1 kv.m üçün 10 manat təşkil edir. Bu qiymət keçən 5 il ərzində dəyişməz olaraq təxminən 10 manat təşkil etmişdir.
23. İddiaçı həmin Arayışa əsasən hesablama apararaq cavabdehin 5 il ərzində qeyri-yaşayış sahəsini iddiaçıya təhvil verməməsi nəticəsində ona 160.000 manat ziyan vurulduğunu bildirir (hesablama hazırki qətnamənin 2-ci bəndində göstərilmişdir). Buna baxmayaraq o, cavabdehdən həmin məbləğin 2/1 hissəsindən çox olmamaqla 70.000 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
24. Məhkəmə bildirir ki, tələbinin miqdarını müəyyən etmək iddiaçının hüququdur, məhkəmə isə iddiaçının tələbi həddində işə baxmaqda haqlıdır. Məhkəmə iclasında iştirak edib iddiaya etiraz etmək və ya etməmək isə cavabdehin hüququdur. Cavabdehin iddiaya etirazı daxil olmadığı üçün Məhkəmə iddiaçının təqdim etdiyi sübutları işin həlli üçün kifayət hesab edir və işə qiyabi icraat qaydasında baxmaqla iddianın tam sübuta yetirildiyini hesab edir.
25. Rayon Məhkəməsi əldən çıxmış faydanın əvəzi olaraq cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan məbləğin miqdarını 5.000 manat müəyyən etsə də, bu mövqeyini əsaslandıra bilməmişdir. Apellyasiya şikayətinin dəlilləri əsaslıdır. g) apellyasiya baxışının nəticəsi
26. Beləliklə apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, iddia tələbi tam əsaslıdır. Lakin işə baxmış Rayon Məhkəməsi tələbi qismən təmin etməklə işin hallarına və iş üzrə tərəflər arasında yaranmış hüquq münasibətlərinə uyğun olmayan səhv nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri əsaslıdır və formal mülahizə xarakteri daşımır.
27. MPM-in 385-ci maddəsinin tələbinə görə isə, qeyd edilənlər birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin apellyasiya qaydasında ləğv edilməsi və iş üzrə yeni qətnamənin qəbul edilməsi üçün əsasdır.
28. İddia və apellyasiya şikayəti təmin edildiyindən MPM-in 119-cu maddəsinin tələbinə əsasən məhkəmə xərcləri cavabdehə aid edilməlidir. Bu məqsədlə iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumlarının əvəzi olaraq cəmi 451 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
29. Bundan başqa Məhkəmə bildirir ki, iddiaçı hazırki qətnamədən kassasiya şikayəti verə bilməz. Çünki iddiaçının tələbi tam təmin olunmuşdur. MPM-in 403.1-ci maddəsinə görə isə, MPM-in 402-ci maddəsində nəzərdə tutulmuş qətnamələrdən tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər.
30. Cavabdeh, hazırki (qiyabi) qətnamə ona rəsmi qaydada verildikdən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün Bakı Apellyasiya Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra, cavabdeh hazırki qətnamədən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
31. Odur ki, göstərilənləri nəzərə alan, MPM-nin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən və MPM-nin 119, 392, 393, 405-ci maddələrini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
İddiaçı verdiyi apelyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhər Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 18 sentyabr 2023-cü il tarixli qətnamə ləğv edilsin. İş üzrə yeni (və qiyabi) qətnamə qəbul edilərək, iddia tələbi təmin edilsin. Cavabdeh vurulmuş maddi ziyanın əvəzi olaraq 70.000 (yetmiş min) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumları Cavabdeh aid edilsin. Bu məqsədlə cəmi 451 (dörd yüz əlli bir) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. Cavabdeh, qiyabi qətnamə ona rəsmi qaydada verildikdən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün Bakı Apellyasiya Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra, qiyabi qətnamədən Cavabdeh tərəfindən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. İddiaçı hazırki qətnamədən kassasiya şikayəti verə bilməz.