Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5885/2025 26.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (açar sözlər: alimentin tutulması qaydasının dəyişdirilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Abbasova Günel Məhərrəm qızından ibarət tərkibdə, Quluzadə Jalə Vadət qızının katibliyi, İddiaçı, İddiaçı nümayəndəsi (vəkili) Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “alimentin tutulması qaydasının dəyişdirilməsi” barədə iddiasına dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(011)-5030/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı "xxxx" MMC-nin direktoru A.B.Rəfiyev ilə İddiaçı arasında bağlanmış 15 sentyabr 2024-cü il tarixli təhsil müqaviləsindən görünür ki, X7 "xxxx" MMC-də 15 sentyabr 2024-cü ildən təhsil almağa başlamışdır. MŞB/6/2025-00234 nömrəli xx.xx.2025-ci il tarixli Bakı 6 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş “ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi” barədə arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, Cavabdeh iştirak etməmişdir. Nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh X3 ilə olan nikah qeydi 07 aprel 2019-cu ildə pozulmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2754/2019 saylı, 19 fevral 2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, iddia təmin edilərək, iddiaçı X3 ilə Cavabdeh arasında Bakı “ASAN Xidmət” mərkəzinin qeydiyyat şöbəsi tərəfindən 27 iyun 2018-ci il tarixdə verilmiş 213 nömrəli akt qeydinə əsasən qeydiyyata alınmış nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş 29 noyabr 2017-ci il təvəllüdlü X4 anası X2 yanında saxlanılmaqla onun himayəsinə verilməsi, 29 noyabr 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün 10 yanvar 2019-cu il tarixdən başlayaraq Cavabdeh iddiaçı X2 xeyrinə hər ay 200 (iki yüz) manat sabit pul məbləğində alimentin tutulması, iddiaçı X2 ödədiyi 20 (iyirmi) manat dövlət rüsumunun iddiaçının özünə aid edilməsi, qətnamənin alimentin tutulmasına dair hissəsinin dərhal icra olunması qət edilmişdir. Elektron məlumatlarının çıxarışından görünür ki, Cavabdeh “X5” MMC-nin "xxxx" X1 aparıcı mütəxəssis vəzifəsində işləyir və onun aylıq əmək haqqı 2.228,93 manat təşkil edir. Elektron məlumatlarının çıxarışından görünür ki, Cavabdeh “X6” MMC-də hüquqşünas vəzifəsində işləyir və onun aylıq əmək haqqı 1.246,5 manat təşkil edir. Elektron məlumatlarının çıxarışından görünür ki, İddiaçı “Psixi Sağlamlıq Mərkəzi” publik hüquqi şəxsində psixoloq vəzifəsində işləyir və onun aylıq əmək haqqı 636 manat təşkil edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı “alimentin tutulması qaydasının dəyişdirilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, alimentin tutulması qaydasının dəyişdirilərək, Cavabdeh övladı xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cavabdehin qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin tutularaq ona ödənilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2017-ci il tarixdə nikahını qeyd etdirməklə Cavabdeh ilə ailə qurmuşdur. Həmin nikahdan 1 uşaqları, xx.xx.2017ci il təvəllüdlü X7 doğulmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 2754/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə onunla Cavabdeh arasında Bakı “ASAN Xidmət” mərkəzinin qeydiyyat şöbəsi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş 213 nömrəli akt qeydinə əsasən qeydiyyata alınmış nikahı pozulmuş, birgə nikahdan doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X4 onun yanında saxlanılmaqla onun himayəsinə verilmiş və uşağın saxlanılması üçün xx.xx.2019-cu il tarixdən başlayaraq Cavabdeh onun xeyrinə hər ay 200 manat sabit pul məbləğində aliment tutulmuşdur. Qeyd olunan qətnamənin “alimentin tutulması”na dair hissəsi aidiyyəti üzrə Bakı şəhəri Xətai rayon İcra şöbəsinə göndərilmiş, lakin icra sənədi üzrə icra mərhələsində cavabdehin psixoloji təzyiqi altında aliment tələbindən imtina etməsi barədə ərizə ilə icra şöbəsinə müraciət etmişdir. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmurunun xx.xx.2019-cu il tarixli qərarına əsasən, alimentin tutulması ilə bağlı icra sənədi məhkəməyə qaytarılmışdır (qərarın surəti ərizəyə əlavə olunur). Sonradan alimentin tutulması barədə icra sənədinin yenidən icraya yönəldilməsi barədə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2754/2019 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə icra sənədi icra edilməsi üçün yenidən Bakı şəhəri Xətai rayon İcra şöbəsinə göndərilmişdir. Hazırda isə birgə nikahdan doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X4 nikahın pozulmasından ötən müddət ərzində saxlanılması üçün xərclər də təbii olaraq artmışdır və uşağın saxlanılması üçün aliment tutulması zərurəti yaranmışdır. O cümlədən, "xxxx" MMC (oğlunun təhsil aldığı məktəb) ilə arasında bağlanmış xx.xx.2024-cü il tarixli təhsil müqaviləsinin sürətindən də müəyyən olunur ki, uşağın saxlanılması üçün digər zəruri xərclər bir kənara, təkcə Cavabdeh Ayaz oğlunun təhsil haqqı 5.500 manat təşkil edir və bu məbləğin ödənilməsində uşağın atası hər hansı miqdarda köməklik göstərmir. (müqavilə surəti əlavə olunur). Eyni zamanda uşağın bütün digər qayğı və ehtiyaclarını iddiaçı ödəyir. Qeyd etmək istəyir ki, icra mərhələsində müvafiq səbəbdən, aliment tələbindən həmin vaxt imtina etdiyi üçün, “alimentin artırılması” barədə ərizə ilə məhkəməyə müraciət edə bilməyib. Buna görə də, ayrıca qaydada yenidən “alimentin tutulması” tələbinə dair məhkəməyə müraciət etməsi üçün ilk öncə qanunvericiliyin tələbinə uyğun olaraq mediasiya təşkilatına müraciət etmişdir. Onda olan məlumata görə Cavabdeh işləməklə aylıq rəsmi əmək haqqı alır. Odur ki, Cavabdeh 29 noyabr 2017-ci il təvəllüdlü oğlu X4 yetkinlik yaşına çatanadək saxlanması üçün qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin tutularaq ona ödənilməsi zərurəti yaranmışdır. İddiaçının vəkili və nümayəndəsi Vəkil1 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianı müdafiə etmişdir və məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında iddia tələbinə etiraz etdiyini bildirmişdir. O bildirmişdir ki, təhsili ilə əlaqədar xaricə gedəcəyinə görə işdən azad olunma ehtimalı var. O, hesab edir ki, alimentin sabit pul məbləğində, 450-500 manat məbləğində tutulması məqsədəmüvafiqdir. Bu məbləğ onun maaşının ¼ hissəsinə uyğundur. Əlavə sual-cavab zamanı o, bildirmişdir ki, alimentin tutulması dövründə, yəni 2019-cu ildə doktorantantura pilləsində təhsil aldığından işləməyib. Daha sonra "xxxx" Şirkətində işləyib. Daha sonra digər şirkətdə yarımştat işləyib 180 manat maaş alıb. İndi hal-hazırda “X5” MMC-də "xxxx" X1 çalışır. O, məhkəməyə yazılı etiraz ünvanlayaraq bildirmişdir ki, İddiaçı ondan sabit pul məbləğində tutulan alimentin qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında tutulma qaydasına dəyişdirilməsinə dair iddia ərizəsi ilə tanış olub, lakin həmin iddiaya etiraz edir və hesab edir ki, aliment sabit pul məbləği qaydasında tutulmalıdır. İddiaçı ilə xx.xx.2017-ci ildə nikaha daxil olmuşlar, birgə nikahdan xx.xx.2017-ci il tarixində övladları X7 dünyaya gəlmişdir. Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(011)- 2754/2019 nömrəli qətnaməsi ilə aralarında bağlanan nikaha xitam verilmiş, azyaşlı övladları iddiaçının himayəsində saxlanılmış, məhkəmə tərəfindən 200 manat sabit pul məbləğində aliment müəyyən edilmişdir. Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(011)-4660/2019 nömrəli qətnaməsi ilə onunla uşaq arasında ünsiyyət qaydası müəyyən edilmişdir. Sözügedən qətnaməyə əsasən, hər həftənin bazar ertəsi, çərşənbə, cümə günləri saat 17:00-19:30, hər həftənin şənbə günü isə saat 16:00-20:00 saat aralığında uşaq onunla saxlanılır. Nikaha xitam verildiyi tarixdən hazırki tarixədək aliment məbləğinin tam və vaxtlı vaxtında ödənilməsi ilə kifayətlənməmiş, alimenti məhkəmə qətnaməsi ilə müəyyən edilmiş məbləğdən artıq ödəmiş, uşağın digər xərclərində iştirak etmiş, uşaq onunla saxlanıldığı vaxtlarda onun istedadını və marağını dəyərləndirərək öz hesabına rəsm və idman (futbol, karate və şahmat) məşğuliyyətlərinə cəlb edib. Uşaq dünyaya gəlməzdən əvvəl və dünyaya gəldikdən sonra ona maraq və bağlılıq nümayiş etdirmişdir. İddiaçının maneə törətməsinə baxmayaraq uşağın təlim tərbiyəsində iştirak edir, onunla sıx münasibətlər qurur, problemləri ilə maraqlanmışdır. Uşaq özünü onunla eyni ailənin üzvü olaraq identikləşdirir, şəxsiyyətini formalaşdırarkən bir ata olaraq ona istinad edir. Aşağıdakı səbəblərdən iddia əsassızdır və iddia təmin edilməməlidir: 1. İddiaçı ərizəsində qeyd etmişdir ki, o, uşağın saxlanılması xərcləri ilə əlaqədar ona heç bir köməklik göstərmir. İddiaçı bu iddiası əsassızdır. Belə ki, təqdim etdiyi sübutlardan aydın olur ki, məhkəmə tərəfindən müəyyən edilmiş aliment məbləği tərəfindən vaxtlı vaxtında ödənmiş, bəzi hallarda isə təyin edildiyindən 2-3 dəfə artıq ödənmişdir; təqdim etdiyi sübutlardan da aydın olur ki, o, uşağı idman məşğələlərinə cəlb edərək xərclərini özü qarşılayır; uşaq onunla həftədə dörd dəfə vaxt keçirir və bu müddət ərzində uşağın bütün digər xərcləri, eləcə də istədiyi qidalar və oyuncaqlar onun tərəfindən alınır; bundan əlavə iddiaçı uşağın hər hansı əlavə xərcləri ilə bağlı ona müraciət etdikdə, həmin xərclər tərəfindən qarşılanır. Məsələn, ona göndərdiyi istənilən dərman resepti apteklərdən alınaraq uşaqla birlikdə iddiaçıya göndərilir. 2. İddiaçı uşağı "xxxx" MMC nəzdində tam orta məktəbə yazdırdığını qeyd edir və uşağın təhsil haqqının 5.500 manat olduğunu iddia edir və onun təhsil haqqı ilə bağlı iddiaçıya köməklik göstərmədiyini bildirir. İddiaçının bu hissəyə aid əsasları da hazırki iddianın predmeti üçün əhəmiyyətli deyildir. Belə ki, iddiaçının "xxxx" MMC ilə bağladığı xx.xx.2024-cü il tarixli müqavilənin 1.3-cü bəndinə əsasən, həmin müqavilə 1 dərs ili üçün bağlanmışdır. Nəzərə alınsa ki, dərs ili may ayında yekunlaşmışdır, sözügedən müqavilə artıq qüvvədə deyildir. İddiaçının "xxxx" MMC ilə yeni müqavilə bağlaması faktı isə hazırda yoxdur; o uşağı özünün də məzunu olduğu, tədris keyfiyyəti ilə fərqlənən, lakin ödənişsiz qaydada təhsil verən “Heydər Əliyev adına” liseydə təhsilə cəlb etmək niyyətində olmuşdur. Lakin iddiaçı onun Ailə Məcəlləsinin 61.1-ci maddəsi ilə müəyyən olunmuş hüquqlarını pozaraq uşağın tərbiyə və təhsili ilə bağlı məsələlərin həllində iştirak etməyinə maneə törətmişdir. Özü təktərəfli qaydada və ondan gizlədərək etdiyi seçimi ilə uşağı yüksək ödənişli "xxxx" MMC nəzdində tam orta məktəbdə təhsilə cəlb etmişdir. Bu qərarı ilə əlaqədar ona məlumat verməmiş, uşağın təhsil aldığı məktəbi ondan qərəzli olaraq gizlətmiş, o, özü bu barədə məlumat alaraq ilk dərs günündə uşağı təbrik etmək üçün məktəbə yaxınlaşanda isə uşağı təbrik etməyinə qərəzli olaraq maneə törətmişdir. 3. İddiaçı aliment məbləğindən sui-istifadə etməyə çalışır. İddiaçı məhkəmə proseslərində iddiaları təmin edilmədiyi üçün uşağı və onu cəzalandırmaq üçün uşaqla ünsiyyətinə mane olmaqdadır, hazırda Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(011)-4660/2019 nömrəli qətnaməsinin təmin edilməsi ilə əlaqədar icra hərəkətləri həyata keçirilməkdədir. İddiaçı uşağı onunla görüşdən yayındırmaq məqsədilə ona psixoloji təzyiq etdiyindən Nizami rayon İcra şöbəsinin xx.xx.2025-ci il tarixli qərarı ilə uşaq psixoloji-reablitasiya mərkəzinə cəlb edilmişdir. Mütəxəssisə çəkilən xərclərin icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər hesab edilərək iddiaçıdan (borcludan) tutulması qət edilmişdir. Borclu mütəxəssisin işinə mane olaraq prosesi uzatmağa çalışır, bunun əvəzində prosesin zaman baxımından uzanmasının onun özünə maddi baxımdan zərər vurmaması üçün aliment məbləğinin artırılmasını tələb edir. Yəni özü ixtisasca psixoloq olan iddiaçı ondan alacağı aliment məbləği ilə mütəxəssisə çəkilən xərci ödəmək, qarşılığında mütəxəssisin uşaqla onun ünsiyyətinin bərba edilməsi istiqamətində işinə maneə törətməq məqsədi daşıyır. Uşağın qayğısına qalmaq və onun yaşam xərclərini qarşılamaq bir valideyn olaraq yalnız onun deyil, eyni zamanda iddiaçının da vəzifəsidir. Bildirir ki, iddiaçı Psixi Sağlamlıq Mərkəzində psixoloq vəzifəsində işləyir, eləcə də onun instagram səhifəsindən və psixoloji kurslardan əlavə gəliri vardır. Əlavə olaraq bildirir ki, onun hazırki işinin daimi olmaması, eləcə də təhsili ilə əlaqədar (postdoktoral təhsili) hazırki iş yerindən ayrılacağı səbəbi ilə, həmçinin iddiaçının onunla məhkəmədən kənar qaydada heç bir halda razılığa gəlmək istəməməsi səbəbi ilə alimentin məhz sabit pul məbləği şəklində yenidən müəyyən edilməsi məqsədəuyğundur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(011)-5030/2025 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(011)-2754/2019 saylı qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin tutulması qaydasının dəyişdirilməsi, xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2025-ci il tarixdən hesablanaraq hər ay Cavabdeh qazancının (başqa gəlirlərinin) 1/4 (dörddə bir) hissəsi miqdarında alimentin Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməsi, 62,87 (altmış iki manat səksən yeddi qəpik) manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə uşağın üstün mənafeyini əsas götürməklə alimentin tutulması qaydasını təhlil edərək qeyd edir ki, cavabdeh işləməklə hər ay sabit əmək haqqı alır. Bu vəziyyət, ondan Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən sabit pul məbləğində aliment tutulması halını aradan qaldırır. Ona görə də cavabdehdən Ailə Məcəlləsinin 76-cı maddəsinin şərtlərinə uyğun aliment tutulmalıdır. Belə ki, həmin Məcəllənin 76.1.2.-ci maddəsinə əsasən 1 uşağa görə qazancın (başqa gəlirlərin) dörddə bir hissəsi miqdarında aliment tutulur. İş materialları ilə müəyyən edilmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2754/2019 saylı, 19 fevral 2019-cu il tarixli qətnaməsi çıxarılarkən cavabdehin daimi iş yeri olmamış, daha sonra isə cavabdeh əmək fəaliyyətinə başlayaraq müntəzəm gəlirə malik olmuşdur. Alimentin tutulmasına dair tərəflərin münasibətləri davam edən xarakter daşıdığından və bu münasibətlərdə cavabdehin gəlirlərinin artmasına işarə edən dəyişikliklər baş verdiyindən, cavabdehin işə düzəlməsi alimentin müəyyən olunmasından sonra sonuncunun maddi vəziyyətində müsbət dəyişiklik kimi qiymətləndirilməli və iddia tələbləri təmin edilməlidir. Bununla da, xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(011)-2754/2019 saylı qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin tutulması qaydası dəyişdirilməli, onun saxlanılması üçün xx.xx.2025-ci il tarixdən hesablanaraq hər ay Cavabdeh qazancının (başqa gəlirlərinin) 1/4 (dörddə bir) hissəsi miqdarında aliment Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 76, 78.1, 78.2, 100.2, 101.2, 112.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 4.1, 14.2, 77.1, 107, 119.1, 119.2, 217.2-ci maddələrinə, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı Qərarının 8.11-1-ci bəndinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayəti verərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(011)-5030/2025 nömrəli qətnaməsinin ləğv edilməsini, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(011)-2754/2019 saylı qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarının artırılaraq xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Cavabdeh 500 manat məbləğində sabit pul şəklində alimentin tutularaq İddiaçı xeyrinə ödənilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiṣ etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(011)-5030/2025 nömrəli qətnaməsi ilə razı deyildir, hesab edir ki, məhkəmə işə baxarkən uşağın üstün maraqları diqqətə alınmamışdır. Bildirir ki, hazırda o, 1.800 manat (net) əmək haqqı alır, bu məbləğin 1\4 hissəsi 450 manat təşkil edir. Lakin işin hallarından da aydın olduğu kimi, iş yerləri və əmək haqqı stabil deyildir. Eləcə də, təhsili ilə bağlı müvəqqəti ölkə xaricinə getməlidir. Məhkəmə prosesində iddiaçı tərəfə dəfələrlə 500 manat məbləğində sabit pul şəklində aliment təklif etsə də, iddiaçı qərəzli olaraq bununla razılaşmamışdır. Məhkəmə tərəfindən də işə dair diqqətəlayiq olan hallar kifayət qədər araşdırılmadan və onlara qiymət verilmədən qətnamə qəbul edilmişdir. Hesab edir ki, yuxarıda qeyd edilən halları və uşağın üstün mənafelərini nəzərə alaraq Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(011)-5030/2025 nömrəli qətnaməsi ləğv edilməlidir və aliment məbləğinin 500 manat sabit pul şəklində müəyyən edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən isə, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. İşin hallarından da məlum olduğu kimi, onun qazancı qeyri-stabildir. Eyni zamanda onun tərəfindən təklif edilən aliment məbləği aylıq qazancının 1/4 miqdarından daha yüksəkdir. Bu səbəbdən alimentin tutulma qaydasının sabit pul məbləğində müəyyən edilməsi uşağın üstün maraqlarına uyğun olacaqdır. Lakin məhkəmə tərəfindən bu hallar, Məcəllənin 78.2-ci bəndində nəzərdə tutulan “diqqətəlayiq olan hal” nəzərə alınmamışdır. Uşaq hüquqları haqqında BMT-nin Konvensiyasının 3-cü maddəsinə əsasən, “Uşaq barəsində bütün tədbirlərdə onun mənafeləri tam həcmdə nəzərə alınmalıdır.” Aylıq gəlirinin 1/4 hissəsinin 450 manat təşkil etməsi, onun sabit pul məbləğində təklif etdiyi aliment məbləğinin isə 500 manat təşkil etməsi faktının uşağın üstün mənafelərinə uyğun olması halı məhkəmə tərəfindən nəzərə alınmadan qətnamə qəbul edilmişdir. Məhkəmə tərəfindən onun iş yerinin və maaşının qeyri-stabil olduğu halı kifayət qədər araşdırılmamışdır. Eləcə də, məhkəmə tərəfindən nəzərə alınmamışdır ki, onun aylıq maaşının əmək haqqı kartına köçürülən hissəsi 2.228 manat deyil, cəmi 1.800 manat təşkil edir və bu məbləğin 1\4 hissəsi 450 manat edir. Bu isə onun sabit pul şəklində təklif etdiyi 500 manat aliment məbləğindən daha azdır. Beləliklə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(011)-5030/2025 nömrəli qətnaməsinin ləğv edilməsini, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(011)- 2754/2019 saylı qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarının artırılaraq xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Cavabdeh 500 manat məbləğində sabit pul şəklində alimentin tutularaq İddiaçı xeyrinə ödənilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiṣ edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil2 apellyasiya şikayəti ilə razılaşmayıb şikayətin təmin edilməməsini xahiş etmişlər. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh rəsmi qaydada məlumat verilmiş, lakin cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Cavabdeh Məhkəməyə ərizə ilə müraciət edərək səhhətində gözlənilməz narahatlıq yaranması səbəbindən iclasda iştirakının mümkün olmadığını qeyd etsə də, ərizəsində qeyd etdiyi halı təsdiq edən sübutunu Məhkəməyə təqdim etməmiş, bu səbəbdən də Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 17. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 76.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. 1 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 76.1.2. 2 uşağa görə-qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 76.1.3. 3 və daha çox uşağa görə-qazancın (başqa gəlirlərin) yarısı. Maddə 76.2. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Maddə 19. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mə nəvi tələbatlarının tə min edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Valideynlərin uşaqlar barəsində hüquq və vəzifələrinin həyata keçirilməsinə dövlət orqanlarının qarışmasına yalnız qanunla nəzərdə tutulmuş hallarda və uşağın maraqları naminə yol verilə bilər. Uşaqların vurduğu maddi ziyana görə onun valideynləri, övladlığa götürənlər, qəyyumlar və ya himayəçilər Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarı Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Qanunvericinin yuxarıda göstərilən maddədə müəyyən etdiyi əsas şərtlərdən biri də ondan ibarətdir ki, alimentin sabit məbləğində tutulması yalnız uşaqların saxlanılması üçün aliment tutulması ilə bağlı məhkəməyə müraciət edən şəxsin tələbi əsasında mümkündür. Yəni qanunverici məhkəməyə alimentin sabit pul məbləğində tutulmasını öz təşəbbüsü əsasında, yaxud cavabdehin vəsatəti əsasında həll etmək hüququnu verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 112.1.3. İddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki işdə iddia təmin olunduğundan, cavabdeh qətnaməni bütövlükdə mübahisələndirdiyindən, qətnamənin əsaslılığı tam olaraq yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iddiaçının və nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair” 5 oktyabr 2012-ci il tarixli Qərarda formalaşdırdığı hüquqi mövqeyə əsasən, uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, onlarla birgə yaşamaq hüququna malikdir. Eyni zamanda, uşağın öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququ vardır. Kollegiya həmçinin qeyd edir ki, ailədə uşaqların hüquqlarının və mənafelərinin müdafiəsinin və bununla bağlı digər məsələlərin tənzimlənməsinin hüquqi əsasları Ailə Məcəlləsində təsbit olunmuşdur. Ailə Məcəlləsi Konstitusiyada nəzərdə tutulan əsas insan və vətəndaş hüquqlarına və azadlıqlarına uyğun olaraq ailə münasibətlərinin yaranmasının və möhkəmlənməsinin, onlara xitam verilməsinin prinsiplərini, ailə münasibətləri iştirakçılarının hüquq və vəzifələrini, dövlət orqanlarının bu sahədə vəzifələrini, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması qaydalarını tənzimləyən normaları müəyyən edir. Ailə Məcəlləsi uşaqların qayğısına qalmaqla bağlı konstitusiya prinsipinə əsaslanaraq valideynlərin üzərinə uşaqları saxlamaq vəzifəsini qoymuşdur. Belə ki, həmin Məcəllənin 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Qanunverici yetkinlik yaşına çatmayan uşaqların saxlanılmasını valideynlərin vəzifəsi kimi müəyyən etmiş və bunun qaydasını və formasını müəyyənləşdirməkdə onlara müstəqillik vermişdir. Lakin uşaqların saxlanılmasından boyun qaçıran valideynlər bu vəzifəni həyata keçirməyə məhkəmə qaydasında məcbur edilə bilərlər. Valideynlər Ailə Məcəlləsinin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir (Ailə Məcəlləsinin 75.3, 75.4 və 75.5-ci maddələri). Ailə qanunvericiliyində məhkəmə qaydasında alimentin tutulmasının 2 qaydası müəyyən edilmişdir: aliment ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında; sabit pul məbləğində. Ailə Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 1 uşağa görə - qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 2 uşağa görə - qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 3 və daha çox uşağa görə - qazancın (başqa gəlirlərin) yarısı. Ailə Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən isə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qanunverici göstərilən maddədə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin sabit məbləğdə tutulmasının bir neçə əsasını müəyyən etmişdir: aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa; aliment verməyə borclu olan valideyn qazancının (gəlirinin) hamısını və ya bir hissəsini natura və ya xarici valyuta ilə alırsa; aliment verməyə borclu olan valideynin qazancı və ya sair gəliri yoxdursa; alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda. Bu əsaslardan hər hansı biri mövcud olduqda alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Məhkəmə, alimenti qazancın (gəlirin) müəyyən hissəsi kimi deyil, sabit pul məbləğində tutarsa bunu qətnamədə əsaslandırmalıdır. Qanunvericinin yuxarıda göstərilən maddədə müəyyən etdiyi əsas şərtlərdən biri də ondan ibarətdir ki, alimentin sabit məbləğində tutulması, yalnız uşaqların saxlanılması üçün aliment tutulması ilə bağlı məhkəməyə müraciət edən şəxsin tələbi əsasında mümkündür. Yəni qanunverici məhkəməyə alimentin sabit pul məbləğində tutulmasını öz təşəbbüsü əsasında, yaxud cavabdehin vəsatəti əsasında həll etmək hüququnu verməmişdir. Hazırkı mülki iş üzrə tədqiq olunan sübutlardan müəyyən olunur ki, xeyrinə aliment tutulan uşaq tərəflərin hər birinin yeganə uşağıdır. Nikah pozularkən həmin uşaq anasının yanında saxlanılmış və uşağın saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə sabit pul məbləğində aliment tutulmuşdur. Lakin məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra cavabdehin maddi vəziyyətində müsbət istiqamətdə dəyişiklik olmuşdur. Belə ki, aliment verməyə borclu olan cavabdehin qazancı (gəliri) müntəzəm xarakter almışdır. Beləliklə də, Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda istinad olunan tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün təqdim olunmuş sübutları tam, hərtərəfli araşdıraraq iddia tələbini təmin etməklə düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmişdir. Apellyasiya şikayətinin dəlilləri isə qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 402, 403-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(011)-5030/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-5885/2025
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5885/2025
26.11.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver