Məhkəmə qərarları › İş №2(103)-59/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-59/2022

20.10.2022 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-59/2022 20.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kərimli İlham Əziz oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənova Nəzirə Altay qızının katibliyi, İddiaçı, Cavabdeh “X12 Limited” şirkətinin vəkili Vəkil iştirakları ilə, Xətai Rayon Məhkəməsinin 2(011)-6790/2019 saylı, 09 sentyabr 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı cavabdeh “X12 Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı “əmək haqqı və ödənişin gecikdirilməsinə görə kompensasiyanın verilməsi” tələbinə dair məhkəməyə müraciət etmişdir.

2. İddiaçı yuxarıda göstərilən iddia tələbi ilə məhkəməyə müraciət edərək iddia ərizəsində göstərmişdir ki, Əmək Müqaviləsinə əsasən “X10 Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialı ilə onun arasında 01 May 2012-ci il tarixində 50410 tabel nömrəli, gəmi kapitanı vəzifəsi üçün müqavilə imzalanmışdır. Bundan sonra müqavilənin kökü dəyişilməyərək, düzəliş əlavə edilməklə əmək haqqı artımı ilə bağlı dəyişikliklər olunmuşdur. 05 fevral 2014-cü il tarixə qədər "X7" dalğıc gəmisində, 26 fevral 2014-cü il tarixdən 21 İyun 2018-ci İİ tarixə qədər "X13" (X11) şirkətinə məxsus Xüsusi xidmət və tədqiqat "Seabed Supporter" gəmisində müddətsiz müqavilə ilə qeyd olunan vəzifədə işləmişdir. 21 iyun 2018-ci il tarixdən etibarən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 75-ci maddəsinin, 2a bəndinə əsasən Proyektin başa çatması ilə əlaqədar olaraq, tərəflərin qarşılıqlı razılığı əsasında əmək müqaviləsinə xitam verilmişdir. Əmək fəaliyyətinə başladığı gündən 2014-cü ilin iyun ayına qədər hər iş günü və istirahət günü üçün gündəlik ödənilən əmək haqqı ilə işləmişdir. Lakin 2014-cü ilin iyun ayından etibarən aylıq əmək haqqı metoduna keçirildi. Bu metod tətbiq olunduqdan sonra indiyə qədər hələ də qaranlıq olan "B" bayram günlərinin hansı düstura əsasən hesablanması ilə əlaqədar şifahi və yazılı sorğusuna kadrlar şöbəsindən və mühasibatlıqdan cavab verən olmamışdır. Uzun yazışmadan sonra mühasibatlıqdan ona bu düsturu göndərmişlər: "Salam. Aylıq maaşınız (10788) bölünür ayın iş günlərinə və vurulur işlədiyiniz günün sayına, yəni 10778/30*30 və əgər bayram günü varsa həmin gün 10778/30* bayram günlərinin sayına. İyun ayı Sizin maaşınız 28 iş, 2 istirahət və 2 bayram 10778/30*32=11496.53”. Bu hesablama düsturu onu qane etmədi, hətta belə hesablama metodu qanunda olmadığı üçün uzun-uzadı mübahisələr və yazışmalar davam etdi. Sonda kadrlar şöbəsinin əməkdaşları ilə görüşsələr də, ona həmin hesablama metodunun Əmək Məcəlləsinə uyğun olduğuna dair sübut təqdim edə bilmədilər. Müzakirənin sonunda kadrlar şöbəsinin meneceri Səbinə Əliyeva bu barədə X6 sorğu göndərəcəyini bildirdi. Lakin "B" bayram günlərinin hansı hesablanması bərədə heç bir əsaslı cavab verilmədi. Cavabdehin ona olan əmək haqqının verilməməsi ilə əlaqədar X6 müraciət etmiş, həmin qurum tərəfindən ona cavab məktubunda qeyd olunub ki, şikayəti haqlıdır və artıq saatlar aşkar olunub və ödənilməsi üçün cavabdeh şirkətin rəhbərliyinə məktub göndərilib. X4 rəsmi cavabını xx.xx.2019-cu il tarixdə aldıqdan sonra, Novruz bayram günlərini gözləmiş və prosesin uzun olmasını nəzərə alaraq cavabdehə xx.xx.2019-cu il tarixdə müraciət etsə də, ona heç bir cavab verilməmişdir.

3. Xətai Rayon Məhkəməsinin 2(011)-6790/2019 saylı, 09 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir.

4. Rayon məhkəməsi iddiaçı tərəfindən bir illik iddia müddətinin ötürülməsinə və cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə ərizəyə istinad etmişdir. Apellyasiya şikayəti və onun dəlilləri:

5. İddiaçı qətnamədən apellyasiya şikayəti vermiş və şikayətinin əsas dəlili kimi qeyd etmişdir ki, onunla şirkət arasında bağlanmış müddətsiz əmək müqaviləsinə xitam verilən zaman, ona işdən çıxarma müavinəti ödənilmişdir. Bu da Əmək Məcəlləsinin tələbinə əsasən olmuşdur. Onun hazırkı tələbi isə işlədiyi bütün müddətdə artıq işlədiyi saatlar üçün əmək haqqının Əmək Məcəlləsinə əsasən hesablanıb ödənilməsi ilə bağlıdır. Rayon məhkəməsi onun tərəfindən bir illik iddia müddətinin ötürülməsinə və cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə ərizəyə istinad etməklə iddia tələbini təmin etməmişdir. Halbuki onun tərəfindən iddia müddəti ötürülməmişdir. Belə ki, onun əmək müqaviləsinə xitam verilməsi ilə bağlı Şirkətlə bağlanmış xx.xx.2018-ci il tarixli sazişdən sonra, ilk dəfə xx.xx.2018-ci il tarixdə o, hazırkı tələbi ilə bağlı məsələ ilə Şirkətə müraciət etdi, lakin onun müraciətinə cavab verilmədi. Bundan sonra o, xx.xx.2018-ci il tarixdə ƏƏSMN yanında X8 Xidmətinə müraciət etmiş, X8 Xidməti onun məktubuna cavab olaraq şikayətdə haqlı olması, artıq saatların aşkar edilməsi və ödənilməsi üçün cavabdeh şirkətə məktub göndərmişdir. Həmin məktubu rəsmi olaraq xx.xx.2019-cu il tarixdə aldığından, Əmək Məcəlləsində nəzərdə tutulan bir illik müddət həmin tarixdən hesablanmalıdır. Bundan başqa cavabdeh hazırkı məsələ ilə bağlı 2015-ci ildə müraciət etdiyini qeyd edir. Halbuki, o, 2015-ci ildə Əmək Məcəlləsinin 164-cü maddəsinə istinad edərək şirkətə məktub yazmışdır. Hazırda iddia tələbinin maddi əsasını isə Əmək Məcəlləsinin 165-ci maddəsi təşkil edir. Bu səbəbdən, apellyasiya şikayətinin təmin edilməsi, rayon məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələblərinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:

6. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. İddiaçı alınmış ekspert rəyləri ilə razı olmadığını bildirdi. Hesab edir ki, işin obyektiv, tam və hərtərəfli araşdırılmasının təmin olunması məqsədi ilə zəruri sənədlər cavabdehdən alınmaqla ekspertlərə təqdim olunmalı idi, lakin cavabdeh “tabel-qeydiyyat” uçot cədvəlini təqdim etməmiş, hər vasitə ilə iş üzrə hərtərəfli araşdırmanın keçirilməsinə mane olmuşdur, cavabdehdən ekspertizanın keçirilməsi üçün zəruri olan sənədlər məcuri olaraq götürülməli, obyektiv rəyin əldə olunması təmin edilməlidir.

7. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi və alınmış rəylərlə onların da razı olmadığını bildirdi, bununla belə iş üzrə hər hansı əlavə və ya təkrar ekpertizanın keçirilməsinə ehtiyac olmadığını göstərdi, çünki hazırkı iş üzrə iddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür, bu hal rayon məhkəməsinin qətnaməsi ilə də müəyyən olunmuşdur. Bu səbəbdən apellyasiya şikayətinin əsassız olduğundan təmin edilməməsini xahiş etdi. Sübutların tədqiqi:

8. Tərəflər arasında xx.xx.2012-ci il tarixdə S0410 saylı əmək müqaviləsi bağlanmışdır. Əmək müqaviləsinin müddəti xx.xx.2012-ci il tarixdən xx.xx.2012-ci il tarixədək, əmək haqqı hər iş günü üçün 149 manat, istirahət günü 98 manat (qarşılıqlı razılığa əsasən istirahət günü üçün əmək haqqı əsas iş günün əmək haqqısı ilə bir yerdə ödənilə bilər) müəyyən edilmişdir.

9. Əmək müqaviləsinə xx.xx.2013-cü il tarixdə 001 saylı əlavə edilmiş, əlavəyə görə müqavilənin 4.1-ci maddəsinə dəyişiklik edilərək, işçinin gündəlik əmək haqqı vergilər daxil olmaqla, hər iş günü üçün 256 Azərbaycan manatı müəyyən edilmişdir.

10. Tərəflər arasında yenidən xx.xx.2014-cü il tarixdə S0410 saylı müddətli əmək müqaviləsi bağlanmış, müqavilənin qüvvəyə minmə tarixi xx.xx.2015-ci il, müddəti isə xx.xx.2015-xx.xx.2015-ci il olaraq razılaşdırılmışdır. Müqaviləyə görə əmək haqqı işçiyə ayda bir dəfə, növbəti təqvim ayının 6-cı iş günündən gec olmayaraq bank hesabına köçürülməklə, hər iş günü üçün 371 manat, istirahət günü üçün 217 manat məbləğində müəyyən edilmişdir.

11. Həmin müqaviləyə dəyişiklik haqqında xx.xx.2015-ci il tarixdə bağlanmış (xx.xx.2016-cı il tarixdən qüvvəyə minməklə) 1 saylı sazişə görə işçinin gündəlik əmək haqqı vergilər daxil olmaqla hər iş günü üçün 419 manat, hər istirahət günü üçün 244 manat,

12. xx.xx.2015-ci il tarixdə bağlanmış (xx.xx.2016-cı il tarixdən qüvvəyə minməklə) 2 saylı sazişə görə işçinin əmək haqqı vergilər daxil olmaqla 10.778 manat,

13. 30.09.2016-cı il tarixdə bağlanmış (xx.xx.2016-cı il tarixdən qüvvəyə minməklə) 3 saylı sazişə görə işçinin əmək haqqı vergilər daxil olmaqla 14.467 manat,

14. 29.12.2017-ci il tarixdə imzalanmış (xx.xx.2018-ci il tarixdən qüvvəyə minməklə) 5 saylı sazişlə 15.648 manat müəyyən edilmişdir.

15. Həmçinin, həmin müqavilənin müddətsiz bağlanması barədə xx.xx.2017-ci il tarixdə (xx.xx.2017-ci il tarixdən qüvvəyə minməklə) 6 saylı saziş də bağlanmışdır.

16. Tərəflər arasında xx.xx.2018-ci il tarixdə əmək müqaviləsinə xitam verilməsi barədə qarşılıqlı razılaşma sazişi bağlanmış, xx.xx.2018-ci il tarixli, 045/TO/18 saylı əmrlə iddiaçı ilə cavabdeh arasında xx.xx.2014-cü il tarixdə bağlanmış S0410 saylı əmək müqaviləsinə Əmək Məcəlləsinin 75-ci maddəsinin “2a” (tərəflərin qarşılıqlı razılığı) bəndinə əsasən xitam verilmiş, həmin tarixdə 16.619,80 manat pul vəsaiti iddiaçıya ödənilmiş və iddiaçı həmin tarixdə əmək kitabçasını almışdır.

17. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti 23 saylı region üzrə Dövlət X1 Abdullayevə ünvanladığı xx.xx.2019-cu il tarixli məlumatda aşağıdakılar qeyd edilir:

18. “X9 Limited şirkətinin Azərbaycan Respublikasındakı Filialında əmək hüquqlarınızın pozulması barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığınız müraciətə X8 Xidmətinin 23 saylı region üzrə X5 baxılmışdır.

19. Araşdırma zamanı “X9 Limited” şirkətinin Azərbaycan Respublikasındakı Filialının rəhbərliyi tərəfindən təqdim edilmiş sənədlərdən cəmiyyətlə aranızda bağlanmış əmək müqaviləsinə işəgötürən tərəfindən orta aylıq əmək haqqının 2 (iki) mislinin ödənilməsini öhdəsinə götürərək AR ƏM 75-ci maddəsinin 2-ci hissəsinin a bəndinə (tərəflərin qarşılıqlı razılığı) əsasən xitam verildiyi, lakin işlədiyiniz dövr ərzində iş vaxtı normasından artıq vaxt ərzində görülən işin hər saatı üçün saatlıq tarif (vəzifə) maaşınızın ikiqat məbləğindən aşağı olmamaq şərti ilə əmək haqqınızın ödənilməməsi müəyyən edilmişdir.

20. Bununla əlaqədar “X9” MMC-nin direktoru barəsində AR iXM-nin 192.4-cü və 198.0.5 ci maddələrinə əsasən İnzibati xəta haqqında protokol tərtib edilmişdir.

21. Eyni zamanda nəzərinizə çatdırırıq ki, cəmiyyətdə işlədiyiniz müddətdə iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün saatlıq tarif (vəzifə) maaşınızın iki qat məbləğindən aşağı olmamaqla əmək haqqınızın ödənilməsi barədə cəmiyyətin rəhbərliyinə tərəfimizdən məktub göndərilmişdir” (i/v 10).

22. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-14552/2019 saylı, 11 dekabr 2019cu il tarixli qərardadı ilə, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspert qarşısında İddiaçı 2012-ci ilin may ayından əmək müqaviləsinə xitam verildiyi xx.xx.2018-ci il tarixədək işlədiyi müddət ərzində artıq işlədiyi saatlara görə (Əmək Məcəlləsinin 165-ci maddəsinə əsasən) ödənməli olan vəsaitin məbləği müəyyən edilməsi sualı qoyulmuşdur.

23. Məhkəmə Ekspertizası Mərkəzinin 1676 saylı, xx.xx.2020-ci il tarixli rəyində cavabdehin təqdim etdiyi hesablama vərəqlərindəki məlumatlara əsasən, İddiaçı işlədiyi əlavə saatlara görə ödənməli olan vəsaitin məbləği 22.940,69 manat təşkil etdiyi müəyyən olunmuşdur.

24. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-711/2020 saylı, 30 sentyabr 2020-ci il tarixli qərardadı ilə, iş üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspert qarşısında İddiaçı 2012-ci ilin may ayından əmək müqaviləsinə xitam verildiyi xx.xx.2018-ci il tarixədək artıq işlədiyi saatlara görə (Əmək Məcəlləsinin 165-ci maddəsinə əsasən) ödənməli olan vəsaitin məbləğinin müəyyən edilməsi sualı qoyulmuşdur. Ekspertizanın keçirilməsi AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətindən mütəxəssis cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin başqa ekspertlərinə həvalə edilmişdir.

25. Məhkəmə Ekspertizası Mərkəzinin 9/4549 saylı, xx.xx.2020-ci il tarixli məlumatına əsasən, AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətindən mütəxəssis tədqiqatda iştirak etmədiyindən, qərardad icrasız qalmışdır.

26. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-711/2020 saylı, 30 sentyabr 2020-ci il tarixli qərardadı icra edilməsi üçün təkrar Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmiş, Mərkəzin 9/1367 saylı, xx.xx.2021-ci il tarixli məlumatına əsasən, ekspert qarşısında qoyulmuş sualların tədqiq edilməsi üçün əlavə məlumatların təqdim edilməsi barədə vəsatət təmin edilmədiyindən, qərardad icrasız saxlanılır.

27. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-711/2020 saylı, 30 sentyabr 2020-ci il tarixli qərardadı icra edilməsi üçün xx.xx.2021-ci il tarixdə təkrar Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir.

28. Məhkəmə Ekspertizası Mərkəzinin 9/4208 saylı, xx.xx.2021-ci il tarixli rəyi ilə cavabdehin təqdim etdiyi hesablama vərəqlərindəki məlumatlara əsasən, İddiaçı işlədiyi əlavə saatlara görə ödənməli olan vəsaitin məbləği 22.940,69 manat təşkil etdiy müəyyən olunmuşdur. Həmin rəydən görünür ki, rəy iş materiallarına əsaslanmaqla verilmiş, həmçinin ekspertiza AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətindən mütəxəssisin iştirakı olmadan (mütəxəssislə əlaqə saxlamaq mümkün olmadığından) keçirilmişdir.

29. Bundan sonra, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-196/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə, iş üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspert qarşısında İddiaçı 2012-ci ilin may ayından əmək müqaviləsinə xitam verildiyi xx.xx.2018-ci il tarixədək artıq işlədiyi saatlara görə (Əmək Məcəlləsinin 165-ci maddəsinə əsasən) ödənməli olan vəsaitin məbləğinin müəyyən edilməsi sualı qoyulmuş, ekspertizanın keçirilməsi üçün lazımi sənədlərin təqdim edilməsi cavabdeh “X12 Limited” şirkətinə həvalə edilmiş, cavabdeh “X12 Limited” şirkətinə münasibətdə MPM-in 106.2-ci maddəsinin tələbi yəni, digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edilə bilməsi izah edilmiş, ekspertizanın keçirilməsi AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətindən mütəxəssis cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin başqa ekspertlərinə həvalə edilmişdir.

30. Məhkəmə Ekspertizası Mərkəzinin 9/8679 saylı, xx.xx.2022-ci il tarixli məlumatına əsasən, rəy verilməsindən AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin mütəxəssisin tədqiqatda iştirakı təmin edilmədiyi üçün imtina edilmişdir.

31. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-59/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspert qarşısında İddiaçı 2012-ci ilin may ayından əmək müqaviləsinə xitam verildiyi xx.xx.2018-ci il tarixədək iş vaxtından artıq işlədiyi saatlara görə (Əmək Məcəlləsinin 165-ci maddəsinə əsasən) işəgötürən tərəfindən ödənməli olan vəsaitin məbləğinin müəyyən edilməsi sualı qoyulmuşdur.

32. Ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinə həvalə edilmiş. Ekspertizanını keçirilməsi üçün zəruri sənədlərin təqdim olunması cavabdeh “X12 Limited” şirkətinə həvalə edilmişdir.

33. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-59/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı 2012-ci ilin may ayından əmək müqaviləsinə xitam verildiyi xx.xx.2018-ci il tarixədək işlədiyi müddət üzrə “Tabel- Qeydiyyat uçot” cədvəlinin təsdiqlənmiş surəti və əmək haqqının hər ay üçün “Hesablama vərəqi” sənədlərinin cavabdeh “X12 Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialından götürülməsi, qərardadın icrasının müvafiq icra şöbəsinə və “X12 Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialına həvalə edilməsi qərara alınmışdır.

34. Həmin qərardada əsasən, müvafiq icra vərəqi Bakı şəhəri Xətai rayon İcra şöbəsinə göndərilmişdir.

35. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-59/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadının icra edilməsi üçün mülki iş materialları Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinə təqdim edilmiş, Xidmət tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məlumatda ekspertizanın keçirilməsi üçün Bakı şəhər İdarəsinin əməkdaşının mütəxəssis qismində ayrılması qeyd edilmiş.

36. Bundan sonra xx.xx.2022-ci il tarixdə mülki iş materialları rəy verilmədən məhkəməyə geri qaytarılmışdır. Tətbiq edilən maddi hüquq normaları: Əmək Məcəlləsi: Maddə 296. Fərdi əmək mübahisələrinin həllində iddia müddətləri

1. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.

2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən biləbilə qəsdən pozulduğu gündür.

4. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir.

5. İşəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. Maddə 165. İş vaxtından artıq vaxtda görülən işə görə əmək haqqının ödənilməsi

1. İşçilərə iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əmək haqqı aşağıdakı kimi ödənilir:

37. əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla;

38. əməyin işəmuzd ödənilmə sistemində işəmuzd əmək haqqı tam ödənilməklə müvafiq dərəcəli (ixtisaslı) vaxtamuzd işçinin saatlıq tarif (vəzifə) maaşından aşağı olmamaqla əlavə haqq məbləğində.

2. Əmək müqaviləsində, kollektiv müqavilədə iş vaxtından artıq vaxt ərzində görülən işə görə işçilərə daha yüksək məbləğdə əlavə haqqın ödənilməsi nəzərdə tutula bilər.

3. İş vaxtından artıq işlərin əlavə istirahət günü ilə əvəz edilməsinə yol verilmir. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə

39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

41. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

42. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

43. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

44. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

45. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

46. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

47. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:

48. 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

49. 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır:

50. 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; Apellyasiya Məhkəməsinin baxışının hədləri:

51. Hazırkı halda iddiaçı tərəfindən rayon məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyindən Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının şikayətinə əsasən tam yoxlanılır. Apellyasiya Məhkəməsinin mövqeyi:

52. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi qismən təmin edilməlidir.

53. Kollegiya ilk növbədə qeyd edir ki, rayon məhkəməsi hazırkı iddia tələbini ancaq iddia müddəti tətbiq etməklə rədd etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü bəndinə görə pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Tərəflər arasında xx.xx.2018-ci il tarixdə əmək müqaviləsinə xitam verilməsi barədə qarşılıqlı razılaşma sazişi bağlanmış, xx.xx.2018-ci il tarixli, 045/TO/18 saylı əmrlə iddiaçı ilə cavabdeh arasında xx.xx.2014-cü il tarixdə bağlanmış S0410 saylı əmək müqaviləsinə Əmək Məcəlləsinin 75-ci maddəsinin “2a” (tərəflərin qarşılıqlı razılığı) bəndinə əsasən xitam verilmiş, həmin tarixdə 16.619,80 manat pul vəsaiti iddiaçıya ödənilmiş və iddiaçı həmin tarixdə əmək kitabçasını almışdır.

54. Rayon məhkəməsi qətnaməsində qeyd etmişdir ki, iddiaçı xx.xx.2018-ci il tarixdə əmək müqaviləsinə xitam verilməsi barədə sazişi imzalayaraq, həmin gün müvafiq kitaba imza edərək əmək kitabçasını və son haqq-hesabını alsa da, iddia ərizəsi ilə xx.xx.2019-cu il tarixdə məhkəməyə müraciət etmişdir ki, bunula da bir illik müddətini ötürmüşdür.

55. İddiaçı rayon məhkəməsinin bu mövqeyi ilə razılaşmamış, həm şikayətində, həm də izahatlarında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinə müraciət etdiyini, həmin müraciətinə Xidmətin 23 saylı region üzrə X4 xx.xx.2019-cu il tarixli cavabını xx.xx.2019-cu ildə aldığını həmin müddətdən hasabladıqda isə iddia müddətinin ötürülmədiyini bildirmişdir. İddiaçının müddətə dair bildirdikləri, yəni onun DƏMX-yə müraciət etməsi, müraciətinə xx.xx.2019-cu il tarixində cavab verilməsi, həmin cavabın iddiaçıya xx.xx.2019-cu il tarixində çatdırılması, iddiaçının hazırkı iddia ərizəsinin isə xx.xx.2019-cu il tarixdə rayon məhkəməsinə daxil olması hazırkı işin mübahisəsiz halı kimi müəyyən olunur.

56. Müddətin axımının başlanğıcının iddiaçının bildirdiyi kimi, onun DƏMX-yə müraciətinə verilmiş cavabın alınması tarixdən, yəni xx.xx.2019-cu il tarixindən hesabladıqda bir illik müddətin ötürülmədiyi bəlli olur.

57. Lakin cavabdeh tərəf müddətin axımının başlanması anı kimi iddiaçının bildirdiyi vaxtı deyil, tərəflər arasında əmək münasibətlərinə xitam verildiyi xx.xx.2018ci il tarixinin əsas götürülməli olduğunu bildirir.

58. Göründüyü kimi hazırkı iş üzrə iddiaçının məhkəməyə müraciət etməsi üçün qanunla müəyyən olunmuş müddətin ötürülüb-ötürülməməsi məsələsində tərəflər arasında tam fərqli yanaşmalar mövcuddur.

59. Bununla bağlı Kollegiya qeyd edir ki, Avropa Məhkəməsi özünün bir çox qərarlarında, o cümlədən də, «Önəryıldız Türkiyəyə qarşı» işi üzrə xx.xx.2004-cü il tarixli Qərarında göstərmişdir ki, Konvensiyanın İ saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil;..müvafiq olaraq, bu maddənin məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «əmlak hüquqları» və beləliklə də «mülkiyyət» kimi qiymətləndirilə bilər. («İatridis Yunanıstana qarşı», şikayət №31107/96, b.54, AİHM 1999-İİ; «Beyeler İtaliyaya qarşı», şikayət №33202/96, b.100, AİHM 2000-1)

60. Avropa Məhkəməsi bir çox sonrakı qərarlarında da ərizəçilərə müəyyən məbləğlərdə pulun ödənilməsindən (məsələn:əmək haqqı, pensiya və sair) imtina hallarını da Konvensiyanın İ saylı Protokolunun 1-ci maddəsinin pozuntusu kimi qiymətləndirmişdir. Məsələn: AİHM xx.xx.2012-ci il tarixli Qərarında («Burdov Rusiyaya qarşı») Çernobıl qəzasının iştirakçısı kimi ərizəçiyə təyin olunmuş kompensasiyanın ödənilməməsini onun mülkiyyət hüququna müdaxilə kimi qiymətləndirmişdir.

61. Yuxarıda qeyd edilənlərdən belə nəticəyə gəlinir ki, hazırkı iş üzrə iddiaçının ona ödənilməmiş əmək haqqı tələbi Konvensiyanın İ saylı Protokolunun 1-ci maddəsinin təsiri altına düşür və onun «mülkiyyəti» hesab olunur.

62. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsinə görə isə mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında (özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə) tələblərə iddia müddəti şamil edilmir.

63. Belə olan halda aydın olur ki, iddiaçının hazırkı iddia tələbinə iddia müddəti tətbiq oluna bilməz.

64. Kollegiya onu da qeyd edir ki, qeyd olunan məsələyə dair oturuşmuş məhkəmə təcrübəsi də mövcuddur. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)565/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindəki analoji (əmək haqqı tələbinin müddətə tabe tutulmamasına dair) mövqeyi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-4957/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı ilə təsdiq edilmişdir.

65. Demək ki, rayon məhkəməsinin yalnız bir illik müddətə istinadən iddia tələblərini rədd etməsi əsaslı olmamışdır.

66. Məhkəmə kollegiyası onu da qeyd edir ki, cavabdeh tərəfin iddiaya etirazının yeganə dəlili iddiaçı tərəfindən məhkəməyə müraciət olunarkən ƏM-nin 296cı maddəsinin dördüncü bəndində təsbit olunmuş bir illik müddətin ötürülməsi olmuşdur. Cavabdeh tərəf nə iddia tələbinin mahiyyəti ilə bağlı halları, nə də ki, tələb olunan məbləği mübahisələndirməmişdir.

67. Hazırkı mülki işə apellyasiya qaydasında baxılması ilə bağlı Kollegiya xüsusi olaraq qeyd edir ki, İddiaçı 2012-ci ilin may ayından əmək müqaviləsinə xitam verildiyi xx.xx.2018-ci il tarixədək iş vaxtından artıq işlədiyi saatlara görə (Əmək Məcəlləsinin 165-ci maddəsinə əsasən) işəgötürən tərəfindən ödənməli olan vəsaitin məbləğinin müəyyən edilməsi üçün dəfələrlə ekspertiza təyin edilmiş, icra edilməsi üçün göndərilmiş, dolğun rəyin verilməsi təmin edilməmiş, iddiaçının vəsatətinə əsasən (ekspertiza orqanına etimad etməməsi dəlilinə görə) sonuncu dəfə mülki iş materialları rəy verilməsi üçün bu sahədə ixtisaslaşmış qurum kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinə təqdim edilmiş, buna baxmayaraq, həmin orqan tərəfindən də müvafiq rəyin verilməsi təmin olunmamış, bütün bunlar isə öz növbəsində hazırkı mülki işə ağlabatan müddətdə baxılmasına əngəl olmuşdur.

68. Bununla belə, Məhkəmə Ekspertizası Mərkəzinin 1676 saylı, xx.xx.2020-ci il tarixli rəyində cavabdehin təqdim etdiyi hesablama vərəqlərindəki məlumatlara əsasən, İddiaçı işlədiyi əlavə saatlara görə ödənməli olan vəsaitin məbləği 22.940,69 manat təşkil etdiyi müəyyən olunmuşdur.

69. Məhkəmə Ekspertizası Mərkəzinin 9/4208 saylı, xx.xx.2021-ci il tarixli təkrar rəyi ilə də cavabdehin təqdim etdiyi hesablama vərəqlərindəki məlumatlara əsasən, İddiaçı işlədiyi əlavə saatlara görə ödənməli olan vəsaitin məbləği 22.940,69 manat təşkil etdiyi müəyyən olunmuşdur.

70. Məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, hazırkı iddia tələbində tələb olunan məbləğin müəyyən olunması xüsusi bilik tələb edən suallarla bağlı olduğundan, yuxarıda da qeyd olunduğu kimi, iş üzrə müvafiq ekspertizalar təyin olunmuş və rəyin alınması məqsədi ilə prosessual qanunvericiliyin müəyyən etdiyi imkanlar daxilində zəruri tədbirlər həyata keçirilmiş, xx.xx.2020-ci il tarixli və xx.xx.2021-ci il tarixli ekspert rəyləri ilə İddiaçı işlədiyi əlavə saatlara görə ödənməli olan vəsaitin məbləği 22.940,69 manat təşkil etdiyi müəyyən olunmuşdur.

71. Qeyd olunanlara əsasən Məhkəmə Kollgiyası hesab edir ki, iddia tələbi qismən, 22.940,69 manat məbləğə dair hissədə sübut olunmuş hesab edilməli və təmin edilməlidir.

72. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

73. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

74. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

75. Həmin Məcəllənin 387.1-ci maddəsinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə:

76. Göstərilənlərə əsasən, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının tətbiqi və təfsirində səhvə yol verildiyindən apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilərək, cavabdehdən 22.940,69 manat məbləğində pul vəsaiti alınaraq ona ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

77. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, işüzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

78. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia ərizəsi və apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilməli olan (30+15=45) 45 manat dövlət rüsumu, ekspertiza tədqiqatlarının dəyəri cavabdehdən tutulmalıdır.

79. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 393 və 405.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

QƏT ETDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunsun. Xətai Rayon Məhkəməsinin 2(011)-6790/2019 saylı, 09 sentyabr 2019-cu il tarixli qətnaməsi ləğv olunsun, iş üzrə yeni qətnamə qəbul edilsin, iddia tələbi qismən təmin olunsun. Cavabdeh “X12 Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialınadan 22.940,69 (iyirmi iki min doqquz yüz qırx manat altmış doqquz) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilsin, iddia tələbi qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatlarının dəyəri (145+150=295) 295 manat (iki yüz doxsan beş) manat isə dövlət büdcəsinə SAP (XİİS) hesabı X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE******************** hesablaşma hesabına, İddia ərizəsi və apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilməli olan (30+15=45) 45 manat dövlət rüsumu isə dövlət büdcəsinə cavabdeh “X12 Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialınadan tutularaq ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: İlham Kərimli Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar