Məhkəmə qərarları › İş №2(103)-590/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-590/2020

16.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-590/2020 16.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi: İsmayıl Kamil oğlu Xəlilov Hakimlər: Xəyalə Adil qızı Cəmilova və İlham Əziz oğlu Kərimlidən ibarət tərkibdə, Raul Firdovsi oğlu Ağakişiyevin katibliyi ilə, İddiaçı vəkili və nümayəndəsi X3, Cavabdeh1, onun vəkili və nümayəndəsi X1, Maraqlı şəxs Cavabdeh4 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2017-ci il tarixli Bakı şəhəri 7 saylı Dövlət Notariat Kontorunda cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız sayılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır: Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi 306 saylı sahədə yerləşən 0,0679 ha olan torpaq sahəsi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. Həmin torpaq sahəsini satmaq üçün iddiaçı Ramiz adlı makler ilə tanış olmuş və o, iddiaçıya Cavabdeh1 torpaq sahəsini almaq istədiyini bildirərək onları tanış etmişdir. Bundan sonra cavabdeh mübahisəli torpaq sahəsinə baxmış və tərəflər torpağın 56000 manata satılmasına dair razılığa gəlmişlər. Cavabdeh iddiaçıya 2500 manat beh vermiş və iddiaçı 7 saylı Dövlət Notariat Kontorunda sonuncuya etibarnamə vermişdir. Cavabdeh qalan 53500 manat pulu vermək üçün ona bir müddət vaxt lazım olduğunu demiş, iddiaçı da razılaşmışdır. Lakin iddiaçı bir müddət gözləsə də cavabdeh onun pulunu qaytarmamışdır. Sonradan iddiaçıya məlum olmuşdur ki, Cavabdeh1 iddiaçının ona verdiyi etibarnaməni bacısı Cavabdeh2 adına rəsmiləşdirmiş və sonradan bacısı həmin etibarnaməyə əsasən torpaq sahəsini 12000 manata ona satmışdır. xx.xx.2017-ci il tarixdə Xəzər rayonu 7 saylı Dövlət Notariat Kontorunda Cavabdeh1 ilə bacısı Cavabdeh2 arasında bağlanmış AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi formal xarakter daşımış, torpaq sahəsi cavabdehin adına rəsmiləşdirilməsinə baxmayaraq faktiki olaraq iddiaçının istifadəsindədir. Cavabdeh tərəfindən iddiaçıya yalnız 2500 manat beh verilmiş, pulun 53500 manatı isə verilməmişdir. Uzun müddətdir ki, torpaq sahəsinin yerləşdiyi yerdə sənədli torpağın x xxxx 8000-9000 manat təşkil edir. Torpaq sahəsinin sənədi Cavabdeh1 adına formal olaraq sənədləşdirilməsinə baxmayaraq, həmin torpaq sahəsinin mülkiyyətçisi iddiaçıdır, hazırda torpaq sahəsi üzərində faktiki sahiblik və istifadə hüquqlarını iddiaçı həyata keçirir. xx.xx.2017-ci il tarixli Bakı şəhəri 7 saylı Dövlət Notariat Kontorunda cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız sayılmalıdır. Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən ümumi sahəsi 0,0679 ha olan 306 saylı sahənin Cavabdeh1 satılması barədə xx.xx.2017-ci il tarixdə bağlanmış AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır: İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 306 saylı sahədə yerləşən 0,0679 ha olan torpaq sahəsini satmaq qərarına gələrək Ramiz adlı maklerə müraciət etmişdir. Torpağın çıxarışı olmadığı üçün iddiaçının oğlu Qəmbərlə həmin torpaq sahəsinin 12000 manata satılması barədə razılığa gələrək həmin pulu İddiaçı vermişdir. İddiaçı onun adına etibarnamə vermişdir. Həmin etibarnamədə təkcə özəlləşdirmə deyil, digər səlahiyyətlər də, o cümlədən əmlak üzərində sərəncam vermək səlahiyyəti də göstərilmişdir.Bundan başqa, məhkəmə Şüvəlan qəsəbəsində 7 sot torpağın 12000 manata satılmasının real qiymətlərə uyğun olmadığını göstərmişdi. Həmin torpağın çıxarışı yox idi. Bu səbəbdən həmin qiymətə razılaşma əldə etmişlər. İddiaçı sənədi tam olmayan torpaq sahəsi satmışdır.Həmin torpaq sahəsində yaşayış evi olmamış, torpaq sahəsini aldıqdan sonra ev tikmək üçün evin bünövrəsini tökmüşdür. Məhkəmə tərəfindən həmin ünvana baxış zamanı 306 saylı sahədə yaşayış evinin yerləşdiyi müəyyən edilmişdir. Ona iddiaçı tərəfindən satılan torpaq sahəsi başqa ünvanda yerləşir. İddiaçı tərəfindən satılan torpaq sahəsi 0,0679 ha olmuşdur, lakin Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyəti Başçısının 1991-ci il tarixli sərəncamına əsasən 306 saylı sahədə 700 kv.metr torpaq sahəsi göstərilmişdir.İddiaçı bu proseslərdən xəbəri və razılığı olmuş, torpağın satılması onun iradə ifadəsidir, o, bu alqı-satqıda tərəfdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək, bildirmişdir ki, onların istifadəsində sənədsiz torpaq sahəsi olmuşdur. Hazırda onun istifadəsində olan 7 sot torpaq sahəsi onların istifadəsindədir. Torpaq sahəsini sənədləşdirmək üçün iddiaçının oğlu Qəmbərlə razılığa gəlmiş və ona 6500 manat pul vermişdir. İddiaçının adından onun adına etibarnamə verəndə həmin pul vəsaiti qarşı tərəfə verilişdir. Torpağın alqı-satqı müqaviləsindən sonra həmin sənəd onların istifadələrində olan torpaq sahəsinin kordinatlarına işlənmişdir. Bundan sonra iddiaçı tərəfin qanunsuz tələbləri nəticəsində razılaşmaları pozulmuş və hazırkı iddianı irəli sürmüşdür. Sonradan ona məlum olmuşdur ki, onun istifadəsində olan torpaq sahəsinə rəsmiləşdirmiş sənəd iddiaçının keçmiş gəlinin yaşadığı evin sənədi olmuşdur. Torpağı özəlləşdirən zaman sənədin başqa sahəyə aid olduğunu bilməmişdir. Torpağa görə 60 000 manat pul ödəmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi X4 apellyasiya şikayətini qəbul etməyərək bildirmişdir ki, iddiaçının adından satılan torpaq sahəsi əslində həmin sahə deyil. Cavabdeh iddiaçının adına olan sənədlərin kordinatlarına başqa ərazidə olan torpaq sahəsinin kordinatlarının rəsmiləşməsinə nail olmuşdur. Cavabdehin faktiki istifadə etdiyi ərazi iddiaçıya məxsus torpaq sahəsindən 4 km. aralıda yerləşir. İddiaçının sənədi qanunsuz olaraq həmin sahəyə işlənmişdir. Torpağın kordinatları sürüşdürülmüşdür. Cavabdeh həmin torpağa görə iddiaçıya cəmi 2500 manat pul vermişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən maraqlı şəxs Cavabdeh4 bildirmişdir ki, Cavabdeh1 satılan torpağın onun yaşadığı torpağa aidiyyəti yoxdur. O, başqa evdə-306 saylı bağ evində yaşayır. Zeynəb isə tamam başqa evdə yaşayır. Zeynəbin aldığı torpaq sahəsi onlardan 4-5 km uzaqda yerləşir. Onun yaşadığı 306 saylı evə məhkəmə qətnaməsi ilə istifadə hüququ tanınmışdır. İddiaçı keçmiş qayınanasıdır. Onun yaşadığı evin sənədlərini başqa ünvanda olan torpaq sahəsinə işləyərək alqı-satqı etmişlər. İşin faktiki halları bunlardır: Mübahisəli torpaq sahəsi Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 306 saylı sahədir. Həmin torpaq sahəsi xx.xx.1998-ci il tarixli qərarla iddiaçının əri X2 ayrılmış, qərarda Şüvəlan qəsəbəsində 306 saylı sahədə fərdi ev tikmək üçün 700 kv.m. torpaq sahəsinin ayrıldığı göstərilmişdir. Torpaq sahəsi xx.xx.2017-ci il tarixli çıxarışa əsasən həmin tarixdən İddiaçı mülkiyyətində olmuşdur. İddiaçı torpaq sahəsinin satılması məqsədi ilə Cavabdeh1 etibarnamə vermiş, xx.xx.2017-ci il tarixdə Cavabdeh1 iddiaçı tərəfindən ona verilmiş səlahiyyətləri bacısı Cavabdeh2 ötürmüşdür. Bundan sonra, xx.xx.2017-ci il tarixdə Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 306 saylı sahəyə dair Cavabdeh2 ilə Cavabdeh1 arasında alqısatqı müqaviləsi bağlanmış, əmlak sonuncuya satılmışdır. Alqı-satqı müqaviləsindən görünür ki, xx.xx.2017-ci il tarixdə İddiaçı etibarnamə üzrə nümayəndəsi Cavabdeh2 Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 306 saylı sahə ünvanında yerləşən 0,0679 ha torpaq sahəsini 12000 manata Cavabdeh1 satmışdır. xx.xx.2018-ci il tarixdə İddiaçı Cavabdeh1 verdiyi etibarnamə ləğv edilmiş, həmçinin Cavabdeh1 Cavabdeh2 verdiyi etibarnamə avtomatik qüvvədən düşmüşdür. Əzizbəyov Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli qətnaməsi ilə Cavabdeh4 Bakı şəhəri, Şüvəlan qəsəbəsi, 331 nömrəli sahədə yerləşən evə yaşayış hüququ tanınmışdır. Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərardadından görünür ki, Əzizbəyov Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli qətnaməsində “Bakı şəhəri Şüvəlan qəsəbəsi 331 nömrəli sahənin” “Bakı şəhəri Şüvəlan qəsəbəsi 306 nömrəli sahə “olmasına dair izah verilmişdir. Beləliklə qanuni qüvvəsini almış məhkəmə qərarları ilə iddiaçının keçmiş gəlini Cavabdeh4 306 saylı sahəyə istifadə hüququ tanınmışdır. Mübahisə ilə bağlı dəyərləndirmə: Məhkəmə kollegiyası xx.xx.2017-ci il tarixli çıxarışla iddiaçıya məxsus olmuş Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən ümumi sahəsi 0,0679 ha olan 306 saylı sahənin koordinatlarının Cavabdeh1 tərəfindən xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsi əsasında alınmış və onun istifadəsində olan sahənin koordinatları ilə üst-üstə düşüb-düşmədiyi müəyyənləşdirmək məqsədi ilə məhkəmə-torpaqşünaslıq ekspertizası təyin etmiş və “xxxx” MMC tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli rəylə müəyyən edilmişdir ki, RX seriyalı ******* nömrəli xx.xx.2017-ci il tarixli çıxarışla iddiaçıya məxsus olmuş Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən ümumi sahəsi 0,0679 ha olan 306 saylı sahənin koordinatları Cavabdeh1 tərəfindən xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsi əsasında alınmış və onun istifadəsində olan sahənin (faktiki ona verilmiş) koordinatları ilə üst-üstə düşür. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsində göstərilmiş və cavabdehin faktiki istifadəsində olan torpaq sahəsi iddiaçıya məxus mübahisəli torpaq sahəsi deyil. Belə ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə Cavabdeh4 iddiaçıya məxsus Bakı şəhəri, Şüvəlan qəsəbəsi, 306 nömrəli sahədə yerləşən evə yaşayış hüququ tanınmışdır. Məlum olmayan səbəbdən iddiaçı bilə-bilə ki, cavabdehin istifadəsində olan torpaq sahəsi başqa ünvanda yerləşir (Keçmiş gəlini ilə davam edən mübahisədən qurtulması səbəbindən edilməsi istisna deyil) 306 saylı sahənin sənədini etibarnamə ilə cavabdehə vermiş və alqı-satqıdan sonra hüquqları qeydə alan orqan həmin sənədin koordinatlarını cavabdehin istifadəsində olan və heç bir hüquqi sənədi olmayan torpaq sahəsinə işləmişdir. Əslində həmin əqdi bağlamaqla tərəflər pis niyyətlə razılığa gəlmişlər. Onların hansı səbəbdən belə razılığa gəlmələri aydın deyil. Aydın olan ondan ibarətdir ki, Cavabdeh1 istifadəsində olan qanunsuz zəbt edilmiş torpaq sahəsini bu yolla sənədləşdirmək niyyətində olmuşdur. İddiaçı belə əqdə daxil olarkən hansı məqsəd güdməsi aydın deyil. Amma hər iki müqavilə tərəfinin niyyətinin mövcud olmayan torpaq sahəsinə başqa torpaq sahəsinin sənədlərinin işlənməli olması təsdiq olunur. Deməli bağlanan əqd əslində yalançı, əhəmiyyətsiz bir əqd olmuşdur. Ona görə məhkəmə kollegiyası qeyd edir ki, tərflər arasında bağlanmış əqd eyni zamanda həmin əsasla (MM-nin 340.2.) etibarsız hesab oluna bilərdi. İşə baxan məhkəmə tərəflər arasında bağlanmış əqdi etibar olunanın öz mənafeyi üçün əqd bağlamasına istinad etməklə etibarsız hesab etmişdir. Həmin əsasla da əqdin etibarsız hesab olunması əsaslı sayıla bilər. Beləki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 359.1-ci maddəsinə əsasən, əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Həmin Məcəllənin 359.3-cü maddəsinə görə, təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında brokerlik halı istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz. Təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. Göstərilən qadağanın mahiyyəti ondan ibarətdir ki, təmsil olunan etibardan sui-istifadə hallarından qorunsun. Təmsil olunan təmsilçilikdə ən üstün müdafiəyə malikdir və onun qanuni maraqları təmin edilməlidir. Etibarnamədə təmsil olunanın iradə və maraqları müəyyən şəkildə ifadə olunur və təmsilçinin hərəkətləri də etibar edənin istək və maraqlarının təmin olunmasına yönəlməlidir. Hazırkı işdə təmsilçi Cavabdeh1 torpaq sahəsini öz mülkiyyətinə keçirmişdir. Belə ki, Cavabdeh1 ona verilmiş səlahiyyətləri bacısı Cavabdeh2 etibar etmiş və sonuncu ilə aralarında özü üçün əqd bağlamışdır. Beləliklə, cavabdeh şəxsən özü barəsində əqd bağlayaraq Mülki Məcəllənin 359.3-cü maddəsində göstərilmiş tələbləri pozmuşdur ki, buda əqd bağlanarkən qanunvericiliyin tələblərinə riayət olunmaması (MM-nin 337.1. maddəsi) qənaətinə gəlməyə əsas verir. Bundan başqa, mülki qnunverilik tələb edir ki, etibarnamə verilmiş şəxs hərəkətləri şəxsən özü etməlidir. Yalnız iki istisna halda təmsilçi həmin hərəkətlərin icrasını başqa şəxsə tapşıra bilər. Birincisi, o buna vəkil edilməlidir, ikincisi etibarnaməni verənin mənafelərinin qorunması üçün şərait buna məcbur etməlidir. Hazırkı işdə İddiaçı Cavabdeh1 verdiyi etibarnamədən görünür ki, ona verilmiş səlahiyyətlərin başqa şəxsə etibar edilməsi səlahiyyəti nəzərdə tutulmamışdır. Həmçinin ikinci istisna halın şərtləri də hazırkı işdə mövcud deyil, iddiaçının mənafeyinin qorunması üçün səlahiyyətlərin başqasına etibar edilməsini məcbur edən heç bir hal olmamışdır. Lakin buna baxmayaraq, cavabdeh iddiaçıya məlumat vermədən ona verilmiş səlahiyyətləri üçünçü şəxs, bacısına etibar etmiş və təmsil olunan öz mənafeyi üçün əqd bağlamışdır. Cavabdehin həmin səlahiyyətləri iddiaçıdan xəbərsiz bacısına etibar etməsi halı elə özlüyündə təsdiq edir ki, onun məqsədi öz maraqlarını təmin etmək olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 364.1. maddəsinə əsasən, etibarnamə verilmiş şəxs vəkil edildiyi hərəkətləri şəxsən özü etməlidir. O, etibarnamə ilə buna vəkil edildikdə və ya etibarnaməni verənin mənafelərinin qorunması üçün şəraitin buna məcbur etdiyi halda həmin hərəkətlərin icrasını başqa şəxsə etibar edə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı işdə Mülki Məcəllənin 337.5. maddəsinin tətbiqi istisna olunur. Çünki sübuta yetirilmişdir ki, tərəflər arasında real alqı-satqı müqaviləsi mövcud olmamış, satılan bağa görə pul alınmamış, mövcud olan sənədin başqa torpaq sahinə işlənməsi üçün əqd bağlanmışdır. Həmin əqd yalançı əqd olduğu üçün Mülki Məcəllənin 337.5. maddəsinin tətbiqi istisna olunur. Məhkəmə kollegiyası əqdin etibarsız əqd olması ilə bağlı işə baxan məhkəmənin qənaəti ilə razılaşır və formal əsaslara görə qətnamənin ləğv olunaraq yenidən iddianın rədd edilməsini məqsədəmüvafiq hesab etmir. Azərbaycan Respublikası MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Eyni zamanda nəzərə alaraq ki, hazırkı işdə bir neçə şəxsin əvvəlcədən əlbir olaraq sənədlərin saxtalaşdırılması cinayətinin tərkib əlamətləri var, bu barədə xüsusi qərardad çıxarılaraq prokurora məlumat verilməlidir. Beləki, 306 saylı sahənin sənədlərinin hüquqi sənədi olmayan torpaq sahəsinin kordinatlarına işlənməsi təkcə işdə iştirak edən şəxslərin hərəkətləri ilə məhdudlaşmır və bu hərəkətləri iki qadının törətməsi ağlabatan deyil. Həmin kordinatları buna səlahiyyəti olan reyestr xidmətinin əməkdaşlarının köməkliyi olmadan həyata keçirilməsi mümkün deyil. Azərbaycan Respublikası MPM-nin 384.0.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilməsin. Həmin iş üzrə Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər. Hakimlər: imzalar Əsli ilə düzdür Hakim: İsmayıl Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar