Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5901/2024 04.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı işi üzrə QƏTNAMƏSİ Açar sözlər: (" mənəvi zərərin əvəzinin ödənilməsi”) hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə (Azərbaycan Respublikası Müdafiə Nazirliyi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı vurulmuş mənəvi zərərin ödənilməsi tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3122/2024 saylı işi üzrə xx.xx.2024- cü il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:
1. İddiaçı vurulmuş mənəvi zərərə görə 200000 manat məbləğində kompensasiyanın dövlət büdcəsi hesabına cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddiası Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3122/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi ilə qismən təmin edilmiş, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına mənəvi zərərin əvəzi olaraq 3000 manat məbləğində pulun İddiaçı xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
2. İddia tələbi onunla əsaslandırlmışdır ki, İddiaçı 10 aprel 2009-cu il tarixdə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabirabad rayon şöbəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmış, 02 oktyabr 2010-cu ildə hərbi xidmətdən ehtiyata buraxılmışdır. xx.xx.2011-ci il tarixdən xx.xx.2012-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində fəaliyyət göstərən qoşun kəşfiyyat qrup komandiri üzrə gizir hazırlığı kursunu bitirmiş, könüllü bağlaşma əsasında müddətdən artıq həqiqi hərbi xidmətini davam etdirmişdir. 2016-cı ilin aprel döyüşlərində iştirak etmiş, nümunəvi hərbi xidmətinə, döyüş, ictimai-siyasi hazırlığında əldə etdiyi nailiyyətlərə görə fəxri fərmanlarla təltif edilmişdir. 07 may 2017-ci il tarixdə Azərbaycan Respublikasının Baş Prokurorluğu, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti birgə bəyanatla çıxış etmişdir. Bəyanatda göstərilmişdir ki,: “Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat və xüsusi xidmət orqanları tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Tərtər rayonu istiqamətində yerləşən bölmələrinə və yaşayış məntəqələrinə qarşı genişmiqyaslı təxribat fəaliyyətinin həyata keçirilməsinin planlaşdırıldığı barədə əldə edilmiş məlumat əsasında aparılmış tədbirlər nəticəsində müəyyən olunub ki, xalqına, vətəninə və dövlətinə xəyanət yolunu tutan iradəsi zəif, vətəndaşlıq ruhunu və vətəninə bağlılığını itirmiş bir qrup hərbi qulluqçular və digər mülki şəxslər Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə zidd olaraq düşmən kəşfiyyatçıları ilə məxfi əməkdaşlığa cəlb edilərək müxtəlif vaxtlarda maddi maraqları naminə hərbi sirr təşkil edən məlumatları əldə etməklə düşmən tərəfinə ötürüblər” Sonradan mətbuatda və sosial şəbəkələrdə çoxsaylı hərbi qulluqçuların və onların ailə üzvlərinin şərti olaraq “Tərtər işi” adlandırılan və yuxarıda qeyd edilən bəyanatda nəzərdə tutulmuş cinayət işlərinin gedişində ağır işgəncələrə, qeyri-insani rəftara, qanunsuz və əsassız dindirmələrə və digər qanunsuz əməllərə məruz qalması ilə bağlı şikayətləri yayılmağa başlamış, müxtəlif hüquq-mühafizə orqanlarına və dövlət qurumlarına ərizələr ünvanlanmış, ictimai etirazlar təşkil olunmuşdur. 18 dekabr 2021-ci il tarixdə Azərbaycan Respublikasının Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Nazirliyi birgə məlumatla çıxış etmişdir. Həmin məlumatda bildirilmişdir ki, Müdafiə Nazirliyinin Tərtər, Ağdam, Beyləqan rayonları istiqamətində yerləşən hərbi hissələrində yol verilmiş qanunazidd əməllərlə bağlı icraat təzələnmişdir. Bununla da şərti olaraq “Tərtər işi” adlandırılan hadisələrin yenidən araşdırılmasına başlanılmışdır. Aparılmış istintaq hərəkətləri nəticəsində çoxsaylı hərbi qulluqçular, o cümlədən hazırkı iş üzrə iddiaçı zərərçəkmiş şəxs qismində tanınmış, cinayət işləri baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilmişdir. Bakı Hərbi Məhkəməsinin 1-1(093)-73f2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə müəyyən edilmişdir ki, X6 xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin birinci müavini-qərargah rəisi vəzifəsində general-mayor rütbəsində işləyərkən hərbi qulluqçu kimi vəzifəli şəxs olaraq yaradılmış mütəşəkkil dəstəyə yuxarı komandanlıq tərəfindən cəlb olunaraq dəstənin üzvləri və qeyriləri ilə mütəşəkkil dəstədə birləşib Azərbaycan Respublikasının 23 sentyabr 1994-cü il tarixli, 887 saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili xidmət” Nizamnaməsinə əsasən öz borcunu dərindən dərk etmək, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına müqəddəscəsinə və sarsılmazcasına riayət etmək, Azərbaycan dövlətinin işinə və mənafeyinə uyğun sayıq, namuslu və sədaqətli olmaq və bunun uğrunda mübarizədə öz qüvvələrini əsirgəməmək, öz xidməti vəzifələrini vicdanla yerinə yetirmək, nalayiq hərəkətlər etməmək və yoldaşlarını belə hərəkətlərdən çəkindirmək kimi funksiyaları və digər bu kimi vəzifələri, həmçinin dövlətə xəyanət faktları üzrə ilkin təhqiqat apararaq sərancamverici funksiyaları yerinə yetirən vəzifəli şəxs olmaqla Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2014-cü il tarixli, 26 nömrəli qərarı ilə təsdiq edilmiş, “Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidməti araşdırmaların və cinayət əlamətləri olan hadisələr üzrə təhqiqatın aparılması Qaydaları”nın, xx.xx.2014-cü il tarixli, 72 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hüquqi iş üzrə Təlimat”m və digər rəhbəredici sənədlərin tələblərinə əsasən, yuxarı komandanlıq tərəfindən ilkin təhqiqat aparmaqla bağlı şifahi şəkildə ona həvalə olunmuş, prosessual şəxs kimi CinayətProsessual Məcəlləsinin 86-cı maddəsinin tələbinə görə təhqiqat aparmaqla cinayət təqibi həyata keçirmək və ya cinayət törətməkdə şübhəli bildikləri şəxsləri çağırıb törədilməsi ehtimal olunan cinayət hadisələri ilə bağlı sorğusual etmək kimi faktiki vəzifələrini icra edərkən heç bir halda onlara qarşı fiziki və psixi zor tətbiq etmək səlahiyyətlərinin olmamasına baxmayaraq, 30 may 2017-ci il tarixdəfiziki və psixi zor tətbiq edilərək işgəncə verilməklə sorğu-sual edilməsi üçün Beyləqan rayonu Daşburun qəsəbəsində yerləşən N nömrəli hərbi hissənin əvvəllər haupvaxt kimi, həmin vaxt isə əşya anbarı kimi istifadə edilən köhnə tikilisinə gətirilmiş N nömrəli hərbi hissənin 3-cü tabor 7-ci bölüyün tağım komandirinin müavini, gizir İddiaçı barəsində düşmənlə əməkdaşlıq şübhəsi faktı ilə bağlı ilkin təhqiqatı qanunvericilikdə qadağan olunmayan qaydada aparmalı olduğu halda İddiaçı əllərini və gözlərini bağlamaqla onda psixoloji qorxu yaratmaqdan ötrü əxlaq və mənəviyyat normalarına zidd formada lüt soyundurub onun düşmənlə əməkdaşlıq etməsinə əsaslı şübhələr olmadığı halda ondan düşmən tərəfindən kimin vasitəsilə, hansı şəraitdə, nə vaxtdan məxfi əməkdaşlığa cəlb edilməsi, düşmənlə əlaqələri və digər məlumatlar verməsini tələb edərək İddiaçı düşmən hərbi qulluqçuları və ya xüsusi xidmət orqanları ilə əlaqəsinin olması ilə bağlı etirafedici ifadələr almaqdan ötrü qəddar, qeyri-insani, ləyaqəti alçaldan rəftar və hərəkətlər edərək vəzifəli şəxs kimi silah tətbiq olunmaqla İddiaçı hüquqlarının kobud şəkildə pozulmasında ifadə olunan ağır nəticələrə səbəb olan təkrarən qulluq səlahiyyətlərini aşmış, həyat və sağlamlığı üçün təhlükəli olan zor tətbiq edərək konstitusion hüquqlarının pozulmasında ifadə olunan, yəni İddiaçı və onun yaxın qohumlarının cəmiyyət arasında mövcud nüfuzunu reallığı əks etdirməyən məlumatların yayılması formasında aşkarcasına alçaltmaqla sonuncunun “düşmənlə əməkdaşlıq edən hərbi qulluqçu” kimi “vətən xaini” adı ilə ləkələməklə ağır nəticələrə səbəb olmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1-1(103)-16/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Bakı Hərbi Məhkəməsinin hökmü cəza hissəsində dəyişdirilmiş, hökm digər hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, iddiaçıya sonuncu həqiqi hərbi xidmətdə olarkən hərbi qulluqçu və prosessual şəxs kimi Cinayət-Prosessual Məcəlləsinin 86-cı maddəsinin tələbinə görə təhqiqat aparmaqla cinayət təqibi həyata keçirmək və ya cinayət törətməkdə şübhəli bildikləri şəxsləri çağırıb törədilməsi ehtimal olunan cinayət hadisələri ilə bağlı sorğu-sual etmək kimi faktiki vəzifələrini icra edən vəzifəli şəxslər tərəfindən ona qarşı təqsirli olaraq hüquqazidd hərəkətləri nəticəsində birbaşa zərər vurulmuşdur. İddiaçı işgəncələrə, qeyriinsani rəftara məruz qalması nəticəsində mənəvi zərər çəkmiş, özü və ailəsi stress, sarsıntı keçirmişdir. İddiaçı ehtiyata buraxılandan sonra yaşadığı kəndin sakinləri, qonşuları onu “Vətən xaini” hesab edərək ona nifrətlə baxmış, buna görə evdən çıxa bilməmişdir. Hərbi xidmət zamanı hərbi qulluqçuların gözü qarşısında “Vətən xaini” adlandırılaraq döyüldüyündən bu onda ciddi və bərpaolunmaz mənəvi sarsıntı yaratmış, iztirab çəkməsinə səbəb olmuşdur. Onun dövlətə xəyanət adı altında qanunsuz əməllərə məruz qalması təkcə onun özündə deyil, ailə üzvlərində də iztirablar yaşatmışdır. Ailəsinin günlərlə ondan xəbəri olmamış, yaşadığı rayonda və kənddə qonşular və qohumlar arasında onunla bağlı söz-söhbətlər yayılmış, bütün bunlar ona və ailə üzvlərinə mənəvi iztirab, qeyri-müəyyənlik, narahatlıq hissləri yaşatmışdır.
3. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, iş materiallarından göründüyü kimi İddiaçı Müdafiə Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz olaraq azadlığının məhdudlaşdırılmastnın, qeyri-insani rəftara məruz qalmasının hüquqi əsası kimi Bakı Hərbi Məhkəməsinin 1-1(093)-73/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünü əsas gətirib mənəvi ziyanın ödənilməsi tələbi ilə çıxış edərək Azərbaycan Respublikasının Maliyyə Nazirliyini cavabdeh qismində müəyyən etmiş və iddia tələbini ərizəsində qeyd etdiyi kimi hüquq pozuntusunu törədən Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə deyil, Maliyyə Nazirliyinə yönəltmişdir. Aşağıda qeyd olunanlara əsasən hesab edirlər ki, həmin iddia tələbi rədd edilməlidir. İlk növbədə qeyd edilir ki, iddia predmentinin əsasını təşkil edən hallar «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikasının Qanununda göstərilən əsasları özündə ehtiva etməmişdir. Belə ki, iddiaçı iddia ərizəsində “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa istinad edərək hüquqlarının pozulduğunu və bu əsasla da ona dəymiş ziyanın dövlət büdcəsi hesabına ödənilməsini məhkəmədən tələb etmişdir. Həmçinin iddia ərizəsində İddiaçı barəsində ibtidai istintaq orqanları tərəfindən cinayət işinin başlanması, ona ittiham edilməsi, habelə ibtidai araşdırma dövründə təhqiqat və ibtidai istintaq orqanlarının qanunsuz hərəkətlərini sübuta yetirə biləcək sənədlər qeyd olunmamış və əlavə edilməmişdir. Eyni zamanda Maliyyə Nazirliyinin sözügedən məhkəmə işlərində cavabdeh qismində cəlb edilməsi və sonrakı prosessual hərəkətlərin (vəsatətlərin, apellyasiya və kassasiya şikayətlərinin verilməsi və s.) onun tərəfindən həyata keçirilməsi cəmiyyətdə və mediada Nazirliyin fiziki şəxslərə zərər vurulmasında təqsirli olması imicini yaratmaqla, Mülki Məcəllənin 23-cü maddəsində qeyd olunan işgüzar nüfuzuna xələl gətirməkdədir. İş materialları əsasında sübut olunur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya qarşı onun hüquq və azadlıqlarını pozan, habelə mənəvi zərərə məruz qalmasına gətirib çıxaran heç bir qanunsuz hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir, onunla mənəvi zərər arasında səbəbli əlaqə mövcud deyildir. Buna görə də iddia mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh Maliyyə Nazirliyinə münasibətdə təmin edilə bilməz. İddiaçı mənəvi zərərə məruz qaldığını bildirsə də, bu zərərin məhz Maliyyə Nazirliyi tərəfindən vurulması ilə bağlı heç bir sübut göstərməmişdir. İddia ərizəsindən görünür ki, iddiaçı hüquq pozuntusunun Müdafiə Nazirliyi tərəfindən törədildiyini bildirsə də, əsaslı səbəb göstərmədən ona dəymiş mənəvi zərərin Maliyyə Nazirliyi tərəfindən ödənilməsini tələb edir.
4. Qətnamədə Azərbaycan Respublikası Konstitusiyasının 68; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096.1, 1097.1, 1100, 1115; Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2008-ci il tarixli Qərarına; Azərbaycan Respublikası Ali Məhkəməsinin vahid məhkəmə təcrübəsini müəyyən edən xx.xx.2023-cü il tarixli 2(102)- 388/2023 nömrəli qərarına; “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” AR Ali Məhkəməsinin İnzibati Kollegiyasının 17 fevral 2022-ci il tarixli qərardadına; İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli qərarına; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2 77.1, 82.4, 88, 217.3, 217.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırman irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddiaçının iddia tələbi, dövlət orqanının vəzifəli şəxslərinin qanunsuz hərəkətləri nəticəsində vurulmuş mənəvi zərərin ödənilməsindən ibarətdir; belə növ iddia tələblərinin həllinin qanuni əsasını isə Mülki Məcəllənin 1097 və 1100-cü maddələri təşkil edir. İddiaçının tələbi müvafiq maddi hüquq normalarının dispozisiya şərtlərinə uyğundur. Belə ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin vəzifəli şəxslərinin təqsirli hərəkətləri nəticəsində iddiaçının işgəncəyə məruz qalması işin sübuta yetirilmiş halıdır. Bununla bağlı Bakı Hərbi Məhkəməsinin 1-1(093)-73/2023 nömrəli xx.xx.2023-cü il tarixli hökmünə əsasən, "Tərtər işi" kimi tanınan cinayət işi üzrə İddiaçı zərərçəkmiş şəxs qismində tanınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1-1(103)-16/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən, Bakı Hərbi Məhkəməsinin hökmü cəza hissəsində dəyişdirilmiş, hökm digər hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Deməli, hazırkı işdə zərərçəkənin işgəncəyə məruz qalmasının dövlət orqanının - Müdafiə Nazirliyinin vəzifəli şəxslərinin qanunsuz hərəkəti nəticəsində baş verməsi, həmin hərəkətlə mənəvi zərər arasında səbəbli əlaqənin olması sübuta yetirilmişdir. İşgəncələrə və təzyiqə məruz qalmasının iddiaçı üçün mənəvi məhrumiyyətlərlə nəticələnməsi labüddür. Çünki işdə belə zərərin vurulmasını istisna edən halları məhkəmə müəyyən etməmişdir. İddiaçı iddia ərizəsində qeyd etdiyi mənəvi sarsıntı və iztiraba məruz qalmış və iddiaçının hazırki iddia tələbi ilə məhkəmə müraciət etməsinə subyektiv hüququ yaranmışdır. Hazırda iddiaçı qanunsuz olaraq qəddar, qeyri- insani, ləyaqəti alçaldan rəftar və hərəkətlərə məruz qalmasını, habelə cəmiyyət arasında mövcud nüfuzunu reallığı əks etdirməyən məlumatların yayılması formasında alçaltmaqla onun “düşmənlə əməkdaşlıq edən hərbi qulluqçu” kimi “vətən xaini” adı ilə ləkələnməklə ağır nəticələrə səbəb olması nəticəsində ona mənəvi ziyan vurulduğunu bildirərək 200.000 manat məbləğində kompensasiyanın ödənilməsini tələb edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X2rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. hazırkı işin spesifik halları baxımından, habelə iddiaçının işgəncəyə məruz qaldığı 6 gün müddətinə mütənasib olaraq keçirdiyi mənəvi iztirabın və sarsıntının, psixoloji stressin və əzab-əziyyətin qarşılığı olaraq mənəvi zərərin məbləği 3000 manat məbləğdə müəyyənləşdirilməlidir. İddiaçıya ödənilməli mənəvi ziyanın həcmini 3000 manat müəyyən edərkən, bütün diqqətəlayiq məqamları nəzərə alınır. Azadlıq hər insan üçün ən dəyərli nemət olmaqla, onu heç bir maddi nemətlə əvəz etmək mümkün deyil. İddiaçının qanunsuz olaraq azadlığı məhdudlaşdırılmaqla qəddar, qeyri insani, ləyaqəti alçaldan rəftar və hərəkətlərə məruz qalmasının ona həqiqətən də inamsızlıq, narahatlıq, məyusluq hissləri, stress, əzab və əziyyətlər yetirməsi işin mübahisəsiz halıdır. Lakin məhkəmə iddiaçının qanunsuz olaraq müvafiq hərəkətlərə məruz qalması müddətini (6 gün), habelə işin sair diqqətəlayiq hallarını nəzərə almaqla hesab edir ki, ona 3000 (üç min) manat məbləğində kompensasiyanın müəyyən edilməsi qanuni olmaqla yanaşı, ağlabatan və ədalətlidir. O da qeyd olunmalıdır ki, Bakı Hərbi Məhkəməsinin 1-1(093)-73/2023 nömrəli xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, cinayət işinin materiallarında olan məhkəmə tibb ekspertizasının 03 mart 2022-ci il tarixli, 279 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, İddiaçı bədən səthində aşağıdakı xəsarətlər aşkar edilmişdir: alt çənəssində ortada 4 diş aşkar olunmadı. Şəxsin deməsinə görə 2017-ci ilin may ayında N saylı hərbi hissədə işgəncələrə qalan zaman 4 dişi qırılmışdır. Sağlamlığa az ağır zərər vurmaya aiddir. Bundan başqa hazırkı işdən müəyyən olunur ki, baş vermiş hadisədən artıq 7 il keçməsi onu qəti surədə deməyə əsas verir ki, iddiaçının hadisənin ilk vaxtlarında keçirdiyi arzuolunmaz mənəvi-psixoloji stressin səviyyəsi ilə hazırkı vaxtda keçirdiyi stressin səviyyəsi eyni ola bilməz. Ona görə də iddia tələbinin iddiaçının qeyd etdiyi formada, tam həcmdə təmin olunması əsasları hazırda mövcud deyildir. Cavabdeh tərəfindən təqdim edilmiş iddiaya etirazda göstərilmiş məqamlarla bağlı qeyd edilməlidir ki, Maliyyə Nazirliyi özünün cavabdeh qismində göstərilməsini düzgün hesab etməmişdir, lakin nəzərə alınmalıdır ki, Maliyyə Nazirliyinin cavabdehliyi gələcəkdə qətnamənin icrası baxımından müəyyən edilən haldır. Belə ki, Maliyyə Nazirliyindən ümumən dövlət büdcəsinin icrasına nəzarət edən orqan kimi pul şəklində kompensasiya məbləğlərinin tutulması barədə mübahisələr üzrə qəbul edilmiş məhkəmə qərarları Maliyyə Nazirliyinin hüquqlarına toxunmur. 5.Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilmişdir ki: - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin AO seriyalı ******* nömrəli hərbi biletinin surətinə əsasən, İddiaçı xx.xx.1991-ci il tarixdə Sabirabad rayonunda anadan olmuşdur. 10 aprel 2009-cu il tarixdə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabirabad rayon şöbəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmış, 02 oktyabr 2010-cu ildə hərbi xidmətdən ehtiyata buraxılmışdır; - 1464 nömrəli gizir hazırlığı kursunu bitirmə haqqında sertifikata əsasən, İddiaçı Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində xx.xx.2011-ci il tarixdən xx.xx.2012-ci il tarixədək fəaliyyət göstərən qoşun kəşfiyyat qrup komandiri üzrə gizir hazırlığı kursunu bitirmişdir; - Hərbi hissənin xx.xx.2014-cü il tarixli fəxri fərmanına əsasən, İddiaçı nümunəvi hərbi xidmətinə, döyüş və ictimai-siyasi hazırlığında əldə etdiyi nailiyyətlərə və 9 may alman faşizmi üzərində qələbənin 69-cu il dönümü münasibətilə təltif olunmuşdur; - Hərbi Hissənin xx.xx.2013-cü il tarixli fəxri fərmana əsasən, İddiaçı dünya azərbaycanlılarının həmrəyliyi günü və yeni il münasibətilə döyüş və ictimaisiyasi hazırlıqda əldə etdiyi nailiyyətlərə təltif olunmuşdur; - Bakı Hərbi Məhkəməsinin 1- 1(093)-73/2023 nömrəli xx.xx.2023-cü il tarixli hökmünə əsasən, "Tərtər işi" kimi tanınan cinayət işi üzrə İddiaçı zərərçəkmiş şəxs qismində tanınmışdır; - Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1-1(103)-16/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən, Bakı Hərbi Məhkəməsinin hökmü cəza hissəsində dəyişdirilmiş, hökm digər hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
6. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(006)-3122/2024 nömrəli qətnaməsinin ləğv olunmasını və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096; Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun“Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli 7 №-li Qərarına; “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının xx.xx.2002-ci il tarixli, 358-İİQ nömrəli qanununun 15-ci və 17- ci maddələrinə; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 387.2.8-ci maddələrinə istinadən qeyd edilmişdir ki, İddiaçıya münasibətdə Maliyyə Nazirliyi h e ç bir delikt törətmədiyi və iddiaçıya Nazirlik tərəfindən heç bir ziyan vurulmadığı halda, iddiaçının kompensasiya tələbini cavabdeh qismində Maliyyə Nazirliyinə yönəltməsinin heç bir hüquqi əsası yoxdur. İddiaçının tələbi onun barəsində müvafiq hərəkətlərə yol verən orqana yönəlməli və iddia tə lə b i nə həmin orqana münasibətdə baxılmalıdır. Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi halda son nəticədə yanlış olaraq Nazirlik iş üzrə delikt törətmiş şəxs kimi dəyərləndirilmişdir. İşə baxan məhkəmə də bu məsələ ilə bağlı konkret qanunverciliyə söykənməmişdir. Mövcud qanunvericilikdə zərər vurulmuş şəxsə dövlətin adından ziyanın ödənilməsi öhdəliyi heç bir halda Maliyyə Nazirliyinə aid edilməmişdir. Analoji məhkəmə təcrübəsindən göründüyü kimi (məsələn: yerli icra hakimiyyəti orqanlarının hərəkət və hərəkətsizliyi ilə bağlı iddia tələbləri üzrə məhkəmə işlərində və s.) ziyanı vuran qurum delikt törədən şəxs kimi müəyyən edilməklə, ziyanın əvəzinin ödənilməsi öhdəliyi həmin qurumun üzərinə qoyulur. habelə istintaq fəaliyyəti ilə bağlı zərərçəkmiş şəxslərə vurulmuş ziyanın hansı qurum və ya hansı şəxs tərəfindən ödənilməli olması məsələsi hazırda məhkəmələr tərəfindən araşdırılmır və köhnə (vaxtı keçmiş) məhkəmə praktikasının təsiri altında bu məsələ hər dəfə Maliyyə Nazirliyinə yönəlir. Halbuki, ədalət mühakiməsi müstəqil surətdə və azad şəkildə qərar qəbul etməyə bocludur. Tam şəkildə aydındır ki, iddiaçıya ziyan vuran tərəf müvafiq hüquq-mühafizə orqanıdır. Lakin məhkəmə praktikasında bu məsələ hər dəfə Nazirlik tərəfindən qaldırılsa da məhkəmələr tərəfindən nədənsə buna əhəmiyyət verilmir və belə olanda iddiaçıya ziyan vurmuş həqiqi şəxslər məsuliyyətdən kənarda qalır. Qəbul edilmiş məhkəmə qərarlarında həqiqi ziyanı vurmuş şəxslərin kimliyi barədə izah belə verilmir. Bu məsələdə ziyan vuran şəxsin “dövlət” və ya “Azərbaycan Respublikası” məhfumu ilə eyniləşdirilməsi isə kökündən səhv yanaşmadır. Həqiqi ziyan vurmuş qurumun və şəxslərin məsuliyyətdən kənarda qalması yolverilməz hesab olunmalıdır. Eyni zamanda Azərbaycan Respublikası h ü q u q münasibətlərində orqanları (qurumları) vasitəsilə təmsil olunur. Bu mənada yalnız Maliyyə Nazirliyi dövləti təmsil etmir. Hər bir dövlət orqanı (qurumu) müvafiq səlahiyyətlər çərçivəsində fəaliyyət göstərir və dövlət adından çıxış edir. Buna görə də dövlətin cavabdehlik daşıması onu ayrı-ayrı sahələrdə təmsil edən və müvafiq qərarlar qəbul edən orqanların öz hərəkətlərinə görə məsuliyyət daşıması kimi qəbul edilməlidir. Məhkəmə Maliyyə Nazirliyini cavabdeh qismində tanımaqla qanunvericiliyin tələblərini pozmuşdur. Burada iddia tələbi hüquq pozuntusu törətmiş orqan və onun vəzifəli şəxsinə qarşı yönəlməli və iddiaya həmin tərəflərə münasibətdə baxılmalıdır
Apellyasiya icraatı zamanı müəyyən edilən hallar:
7. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini əsassız hesab etdiyini, uzun müddət əsassız olaraq azadlığının əlindən alındığını və bunun nəticəsində həm sağlamlığında ciddi problemlər yaşadığını, həm də mənəvi sarsıntı keçirdiyini qeyd etmiş, dediklərinin nəzərə alınaraq apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etmişdir. 8.Məlumatlandırılması üçün qanununvericilikdən nəzərdə tutulan tədbirlərin görülməsi nəticə vemədiyindən cavabdehin və üçüncü şəxsin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri: 9.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə və əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi: 10.Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı mübahisələndirilən hissədə yoxlayan məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiyasının 28-71; 1966-cı ildə BMT tərəfındən qəbul edilmiş «Vətəndaş və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt»ın 9cu maddəsinə; «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyanın 5-ci maddəsinə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 56-63; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına; Mülki Məcəllənin 21; 1097, 1100, 1101; Mülki Prosessual Məcəllənin 4.1, 39.1, 76.1, 77.1, 80-82, 89, 106.2, 119, 217.4, 220.5, 385-390-cı maddələrinə istinadən hesab edir ki, apellyasiya şikayətinin faktiki və hüquqi əsasları olmayan dəlilləri formal mülahizə xarakteri daşıdığından əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz.
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.1 və 82.4-cü maddələrinin tələblərinə əsasən: Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məcəllənin 9.3-cü maddəsinə əsasən, Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. 12.Mülki Məcəllənin 1101.1-ci maddəsinə əsasən Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Məcəllənin 1101.2-ci maddəsinin tələblərinə görə, Təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir. 13.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 56.0.2 və 56.0.3-cü maddəsinə əsasən bu Məcəllənin 39.1.1, 39.1.2, 39.1.6—39.1.8, 39.2-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilmiş və həmçinin, bu Məcəllənin 39.1.3, 39.1.4, 39.1.10 və 39.1.11-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan, lakin vaxtında xitam verilməyən və haqqında cinayət təqibi davam etdirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. 14.«Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» 29 dekabr 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun tələblərinə (maddələrinə) əsasən Azərbaycan Respublikası ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanları tərəfindən hər hansı şəxsin qanunsuz olaraq təqsirləndirilən şəxs qismində cəlb edilməsi, məhkum edilməsi, işdən (vəzifədən) kənarlaşdırılma və ya onun hüquqlarını məhdudlaşdıran digər prosessual hərəkətlərin həyata keçirilməsi nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir. Göstərilən Qanunun 4-cü maddəsinə əsasən vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş miqdarda və qaydada ödənilməsi hüququ bəraətverici hökm çıxarıldıqda, cinayət hadisəsinin, əməldə cinayət tərkibinin olmaması və ya şəxsin cinayət törətməkdə iştirakının sübut edilməməsi ilə əlaqədar cinayət işinə xitam verildikdə və ya cinayət işinin başlanması rədd edildikdə yaranır.5.Bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə:1) məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər;2) müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları Tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı;3) ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə;4) hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər;5) vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həbsdə saxlanılmasına, məhkəmə məsrəflərinə, həbsdə saxlanılarkən gördüyü məcburi işlərə görə haqqın verilməsinə sərf olunmuş məbləğlər təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş ziyanın ödənilməsi üçün nəzərdə tutulmuş məbləğdən çıxıla bilməz. 6. Bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.Bu Qanunun 5-ci maddəsinin 1-ci bəndində nəzərdə tutulmuş ödənilməli olan məbləğlərin miqdarı şəxsin işdən (vəzifədən) kənarlaşdırıldığı, təyin olunmuş cəzanı çəkdiyi dövrdə əldə edilməmiş gəliri nəzərə almaqla müəyyən edilir.Bu Qanunun 5-ci maddəsinin 2-ci bəndində nəzərdə tutulmuş əmlak natura formasında, bu mümkün olmadıqda isə, onun dəyəri dövlət və ya onu əvəzsiz olaraq əldə etmiş müəssisə, idarə və təşkilatların hesabına ödənilir.Evlərin və digər tikililərin dəyəri, yalnız bu əmlakın natura şəklində qalmadığı, şəxsin dəyərcə bərabər olan yaşayış sahəsinin və ya digər tikililərin əvəzsiz olaraq onun mülkiyyətinə verilməsindən imtina etdiyi hallarda və ya həmin şəxsin yaşayış evlərinin və digər tikililərin dəyərinin ödənilməsinə razılığı olduqda ödənilir. Yaşayış sahəsinin və digər tikililərin dəyəri mövcud bazar qiymətlərinə əsasən müəyyən edilir.Əmlakın dəyəri onun ödənilməsi haqqında qərarın qəbul edildiyi vaxtda mövcud olan qiymət əsasında ödənilir. Əmlakın zədələnməsi və ya köhnəlməsi hallarında vurulmuş ziyan tam həcmdə ödənilməlidir.Ödənilməli olan əmlakı əvəzsiz olaraq əldə etmiş müəssisənin, idarənin və təşkilatın ləğv edildiyi və ya vurulmuş ziyanın ödənilməsi üçün onların vəsaiti çatışmadığı hallarda, əmlakın dəyəri (əmlakın dəyərinin çatışmayan hissəsi) dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.Qanunsuz məhkum edilməsi nəticəsində yaşayış sahəsindən istifadə etmə hüququndan məhrum edilmiş şəxsə müvafiq icra hakimiyyəti orqanları tərəfindən həmin yaşayış sahəsi bir ay müddətində, bu yaşayış sahəsi natura şəklində qalmadığı hallarda isə, bununla əlaqədar edilmiş müraciətdən sonra altı ay müddətində həmin yaşayış məntəqəsində ailə tərkibi və yaşayış sahəsinə dair qüvvədə olan normalar nəzərə alınmaqla növbədənkənar eyni dəyərli abadlaşdırılmış yaşayış sahəsi verilməlidir.Ödənilməli olan əmlakı əldə edilmiş şəxs, bu əmlakın vurulmuş ziyanın ödənilməsi qaydası əvvəlki sahibinə qaytarılması ilə əlaqədar əvəzində dövlətdən abadlaşdırılmış, dəyərcə və bütün digər əlamətlərlə bərabər olan əmlakı və ya onun dəyərini tələb etmək hüququna malikdir. Belə tələb irəli sürüldükdən sonra bir ay müddətindən gec olmayaraq dövlət tərəfindən təmin edilir.Bununla əlaqədar bütün mübahisələr məhkəmə qaydasında həll olunur. 15.Azərbaycan Respublikası Prezidentinin 09 fevral 2009-cu il tarixli, 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə"nin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Maliyyə Nazirliyi (bundan sonra - Nazirlik) Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. 16.Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən hazırki iş üzrə qəbul edilmiş Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qətnaməsindən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. 17.Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyini tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-3122/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın.