Məhkəmə qərarları › İş №2(103)-5904/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5904/2022

10.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5904/2022 10.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “Kapital Bank" Açıq Səhmdar Cəmiyyəti cəlb edilməklə) iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-5904/2022 (Açar sözlər: “birgə nikah dövründə ödənilmiş kredit borcu üzərində payların müəyyən edilməsi və s.”) Bakı şəhəri 10 oktyabr 2022-ci il Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi (məruzəsi) ilə, Fuad Fikrət oğlu Babayev və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, Cavabdeh nümayəndəsi X1, vəkili Vəkil iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 21 iyun 2022-ci il tarixli, e-2(006)- 1792/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə xx.xx.2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı Cavabdeh ilə nikahda olmuş, birgə nikahdan 2 uşaqları doğulmuşdur.

2. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur.

3. Faktiki olaraq tərəflər 2021-ci ilin aprel ayından ayrılmış və ayrı-ayrı ünvanlarda yaşamışlar.

4. Birgə nikah dövründə "xxxx" ASC ilə İddiaçı arasında xx.xx.2019-cu il tarixdə bağlanmış 105CLM33507128AA saylı kredit müqaviləsindən görünür ki, bank İddiaçı 6600 (altı min altı yüz) manat məbləğində pul vəsaitini 24,72 % dərəcəsi ilə 48 ay müddətində ödəmək şərti ilə şəxsi istehlak təyinatlı gündəlik tələbat kreditinin verilməsini, İddiaçı isə kredit üzrə borcları qaytarmağı, kreditdən istifadəyə görə hesablanacaq faizləri və digər borcları banka qaytarmağı öz öhdələrinə götürmüşlər.

5. xx.xx.2019-cu il tarixli 105CLM33507128AA saylı kredit müqaviləsinə əlavə olan ödəniş qrafikindən görünür ki, İddiaçı tərəfindən Banka sözügedən müqavilə üzrə 47 ay müddətində hər ay 217,81 manat, sonuncu ay isə 225,22 manat olmaqla, cəmi 10 462,29 manat məbləğində ödəniş edilməlidir.

6. İddiaçı Cavabdeh İddiaçı qarşı “nikahın pozulması və s.” tələblərinə dair iddia ərizəsi xx.xx.2021-ci il tarixində Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur.

7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(006)-3241/2021 saylı qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2005-ci il tarixdə bağlanmış və Bakı şəhəri Yasamal rayonu VVADQ şöbəsi tərəfindən həmin tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 245 nömrə ilə qeyd edilmiş nikah pozulmuşdur.

8. AZ-İ seriyalı 411590 nömrəli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, nikaha xx.xx.2021-ci il tarixində xitam verilmiş və bu barədə Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2021- ci il tarixində 389 nömrə ilə qeyd edilmişdir.

9. 18.12.2021-ci il tarixli MŞİH 09660 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir.

10. “X4”nın xx.xx.2022-ci il tarixli 01/211 saylı cavab məktubundan görünür ki, xx.xx.2022-ci il tarixdə klinikanın mərkəzi kompüter sisteminin serverində baş vermiş texniki nasazlıq nəticəsində məlumat və informasiya bazasında olan bütün məlumatlar silinmişdir, bu səbəbdən də, İddiaçı barəsində hər hansı məlumatın verilməsi mümkün olmamışdır.

11. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli 157000/1-2978 saylı cavab məktubundan görünür ki, "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli 105CLM33507128AA saylı kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək 5033,78 manat, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 3146,40 manat ödəniş olunmuşdur.

12. Faktiki olaraq tərəflərin ayrıldığı 2021-ci ilin aprel ayından 17.06..2022-ci il tarixədək iddiaçı 3.146,40 manat banka pul ödəmişdir.

İş üzrə qəbuledilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

13. İddiaçı "xxxx" ASC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdeh qarşı “birgə nikahdan əldə edilən kredit borcu üzərində payların müəyyən edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-dən 48 ay müddətinə, hər ay 220 manat olmaqla ödəmə şərti müəyyən edilmiş 105CLM33507128AA saylı müqavilə üzrə götürülmüş 6600 (altı min altı yüz) manat, ümumilikdə isə 10 560 manat məbləğində kredit borcu üzərində ½ paylarının tanınmasını və kredit borcu üzrə müəyyən edilmiş ümumi məbləğin 10 560 manat pulun ½ hissəsi, yəni 5280 (beş min iki yüz səksən) manat pulun Cavabdeh alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı Cavabdeh ilə nikahda olmuş, birgə nikahdan 2 uşaqları vardır. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Faktiki olaraq tərəflər 2021-ci ilin aprel ayından ayrılmış və ayrı-ayrı ünvanlarda yaşamışlar. Birgə nikah dövründə iddiaçı öz adına 48 ay müddətinə, hər ay 220 manat ödəmək şərti ilə xx.xx.2019-cu ildə "xxxx" ASC-də 105CLM33507128AA saylı müqaviləyə əsasən 6600 (altı min altı yüz) manat gündəlik tələbat kredit xətti götürmüş, kreditin pulunu götürdükdən sonra həmin məbləğin bir hissəsini əvvəlcədən götürdükləri ümumi kredit borcunun bir hissəsinə ödəmiş, qalan məbləği isə evə divan, cavabdehə 500 manat dəyərində telefon və uşaqlara velosiped almağa xərcləmişlər. Götürdükləri kredit borcu oktyabr ayına 3779,53 manat təşkil etmişdir. Banka aylıq ödənişlər iddiaçının maaşından birbaşa ona xəbərdarlıq edilmədən bank tərəfindən kartdan tutulur. Cavabdeh isə istər nikah dövründə, istərsə də faktiki ayrıldıqdan sonra həmin borc üzrə hər hansı ödəniş etməmiş, kreditin ödənilməsində köməklik etməmişdir. Borc məbləği 48 ay müddətində hər ay 220 manat ödəməklə, ümumilikdə 10 560 manat, həmin məbləğin ½ hissəsi isə 5280 manat təşkil edir. Ona görə də iddiaçı həmin kredit borcu üzərində ½ paylarının tanınmasını, bank tərəfindən bütövlükdə həmin məbləğlər iddiaçıdan tutulduğundan, tanınmış paya münasibətdə cavabdehə aid kredit borcunun iddiaçıya ödənilməsini məqsədəmüvafiq edərək, iddia tələblərinin təmin olunmasını məhkəmədən xahiş etmişdir.

15. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib iddia ərizəsinin məzmununa və əvvəlki məhkəmə iclaslarında verdiyi izahatlara uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Belə ki, iddiaçı əvvəlki məhkəmə iclaslarında iddia ərizəsində qeyd etdiklərinə əlavə olaraq bildirmişdir ki, cavabdehlə birgə nikah dövründə evin bütün xərclərini, demək olar ki, özü çəkmiş, cavabdeh birgə nikahdan olan uşaqlarına qarşı məsuliyyətsiz olmuş və onlara qayğı göstərməmişdir. Qarşılıqlı razılıq əsasında bankdan götürdükləri kredit ilə evin və uşaqların lazımi xərcləri qarşılanmışdır, çünki cavabdeh ailəni kifayəq qədər lazımi səviyyədə saxlaya bilməmişdir. Buna görə də kredit götürmüşlər. Hazırda ödənişləri çətinliklə edir. Bu səbəbdən iddiaçının iddia tələbləri təmin olunmalıdır.

16. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə xəbərdar olunmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, lakin nümayəndəsi və vəkilinin məhkəmə iclasında iştirakını təmin etmişdir. Əvvəlki məhkəmə iclaslarından birində iştirak edən Cavabdeh iddia ərizəsini qəbul etməyib bildirmişdir ki, iddiaçı həmin krediti əsasən üzündə plastik əməliyyatlar etmək məqsədilə götürmüşdür. Lakin həmin kredit məbləğindən cavabdehin adına olan əvvəlki krediti bağlamaq üçün 486 manat “X5” ASC-yə ödənilmişdir. Əlavə olaraq, iddiaçı ilə 2021-ci ilin aprel ayından birgə yaşamadıqlarını, münasibətlərinin isə 2021-ci ilin yanvar ayından etibarən pozulduğunu qeyd etmişdir. Divan mebelinin təxminən 2016-2017-ci illərdə, yəni kredit müqaviləsindən əvvəl 375 manata alındığını, velosipedin kredit məbləği hesabına alınmadığını, mobil telefonun isə onun ad gününə hədiyyə olaraq alındığını və hazırda qiymətini xatırlamadığını bildirərək, iddiaçının gözaltı, yanaq və iki dəfə olmaqla burun əməliyyatları etdiyini də əlavə etmişdir. İddiaçı tərəfindən götürülən kreditin ailənin maddi ehtiyacları üçün xərclənmədiyini və zəruri xərclərin onun tərəfindən qarşılandığını bildirərək, iddia tələblərinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

17. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X2 iddia tələbini qəbul etməyib əvvəlki məhkəmə iclasında verdiyi izahata uyğun izahat verərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Belə ki, cavabdehin nümayəndəsi əvvəlki məhkəmə iclasında bildirmişdir ki, cavabdeh onun oğludur. "xxxx" ASC-dən götürülmüş kredit iddiaçının plastik əməliyyatları və zinyət əşyaları üçün xərclənmişdir. Cavabdeh ailəsinin zəruri ehtiyaclarını və xərclərini daimi olaraq qarşılamışdır. Tərəflərin ailə münasibətlərinin pozulmasına səbəb iddiaçının dözülməz xarakteri olmuşdur. Cavabdeh bu münasibətlərdən çox böyük fiziki və psixoloji sarsıntı keçirmiş, xx.xx.2021-ci il tarixdə nikahın pozulmasına dair ərizə ilə məhkəməyə müraciət etmiş və tərəflər boşanmışlar. Kreditin pulu ilə cavabdehə alındığı iddia edilən mobil telefon onun iştirakı ilə cavabdeh tərəfindən alınmış və cavabdehin adınadır. Divan mebeli və uşaqlara alınan velosipedlərin xərci isə onun tərəfindən çəkilmişdir. Buna görə də iddia təmin edilməməlidir.

18. Məhkəmə iclasında Cavabdeh vəkili Vəkil cavabdehin nümayəndəsinin izahatlarını təsdiq edərək iddia tələblərini qəbul etmədiklərini və iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

19. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 21 iyun 2022-ci il tarixli, e-2(006)- 1792/2022 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, xx.xx.2019-cu il tarixli 105CLM33507128AA saylı kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək iddiaçı tərəfindən ödənilmiş 3146,40 manat hissəsinə münasibətdə Cavabdeh 195 manat pul alınaraq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur.

20. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, İddiaçı Cavabdeh ilə xx.xx.2005-ci il tarixdə nikaha daxil olmuşlar, İddiaçı birgə nikah dövründə xx.xx.2019-cu il tarixdə "xxxx" ASC ilə 105CLM33507128AA saylı kredit müqaviləsi bağlamış və bankdan şəxsi istehlak təyinatlı gündəlik tələbat krediti qismində 6600 (altı min altı yüz) manat məbləğində pul vəsaitini 24,72 % dərəcəsi ilə 48 ay müddətində ödəmək şərti ilə götürmüşdür. Həmin kredit məbləği hesabına xx.xx.2019-cu il tarixdə Cavabdeh tərəfindən “X5” ASC-yə 486 manat və xx.xx.2019-cu il tarixdə “Meizu M8 4/64 GB” markalı mala görə "xxxx" MMC-yə 329,99 manat məbləğində pul ödənilmişdir. Sonradan tərəflər arasında münasibətlər pozulmuş, hazırki iş üzrə Cavabdeh iddiaçı qismində hazırki iş üzrə İddiaçı qarşı “nikahın pozulması və s.” tələblərinə dair iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixində Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Faktiki olaraq həmin vaxtdan birgə yaşamamışlar və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(006)-3241/2021 saylı qətnaməsi ilə onlar arasında olan nikah pozulmuşdur.

21. Həmçinin, məhkəmə qeyd etmişdir ki, iş materialları və məhkəmə tərəfindən verilən sorğulara təqdim edilmiş cavablar əsasında məhkəmə tərəfindən müəyyən edilən digər mübahisəsiz hal ondan ibarət olmuşdur ki, İddiaçı tərəfindən xx.xx.2019-cu il tarixdə götürülmüş kredit üzrə kreditin götürüldüyü gündən tərəflərin münasibətlərinin pozulmasınadək olan birgə təsərrüfat apardıqları müddətdə, yəni xx.xx.2019-xx.xx.2021-ci il aralığında iddiaçı tərəfindən banka 5033,78 manat, münasibətlər pozulduqdan və tərəflərin faktiki olaraq birgə təsərrüfat aparmadıqları müəyyənləşdirildikdən sonra, yəni xx.xx.2021-xx.xx.2022-ci il aralığında isə 3146,40 manat məbləğində ödəniş edilmişdir. Birgə təsərrüfat apardıqları dövrdə 6600 manat məbləğində kredit götürülmüş pul vəsaitinin cəmi 815,99 manat (486+329,99) hissəsi ailənin ümumi ehtiyacları üçün xərclənmişdir. Qalan hissənin ailənin saxlanılması ilə əlaqədar çəkilmiş məsrəflərə aid edilməsini təsdiq edəcək hər hansı sübut isə iddiaçı tərəfindən təqdim edilməmişdir.

22. Məhkəmə müəyyən etmişdir ki, birgə nikah dövründə iddiaçı tərəfindən 6600 manat məbləğində kredit götürülmüş, tərəflərin birgə təsərrüfat apardıqları dövrdə bu məbləğin yalnız 815,99 manat hissəsinin ailə ehtiyacları üçün xərcləndiyi sübuta yetirilmişdir. Bununla əlaqədar ailə qanunvericiliyinin tələblərindən irəli gəlir ki, onların kimin adına olmasından asılı olmayaraq ailə ehtiyaclarının təmin edilməsi məqsədilə əldə etdiyi əmlak xarakterli öhdəliklər də ümumi birgə əmlaka daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır. Bu səbəbdən də məhkəmə belə qənaətə gəlir ki, birgə nikah dövründə iddiaçı tərəfindən götürülmüş 6600 manat məbləğində kredit borcunun birgə təsərrüfata xərclənən hissəsinə (815,99) nəzərən, cavabdehin ümumi kredit borcundakı payı 407,99 manat məbləği ilə müəyyən edilərək, iddiaçının tərəflərin münasibətləri pozulduqdan və birgə təsərrüfat aparmadıqları müəyyənləşdirildikdən sonra, yəni xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək iddiaçı tərəfindən ödənilmiş 3146,40 manat (əsas və faiz borcu) məbləğinə münasibətdə cavabdehdən tələbetmə hüququ yaranmışdır. Məhkəmə göstərilənləri əsas götürərək, iddiaçının xeyrinə cavabdehdən tutulmalı olan məbləği aşağıdakı kimi müəyyən etmişdir: 1) 815,99 / 2 = 407,99 2) 407,99 / 6600 * 100 = 6,18 % 3) 3146,40 * 6,18 / 100 ≈ 195

23. Beləliklə, məhkəmə tərəfindən gəlinən nəticəyə əsasən, iddia tələbi qismən təmin edilərək, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək iddiaçı tərəfindən ödənilmiş 3146,40 manat hissəsinə münasibətdə Cavabdeh 195 manat pul tutularaq İddiaçı ödənilməlidir.

24. Bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, birgə mülkiyyət qanunvericilikdə nəzərdə tutulan əsaslardan əmələ gəlir. Birgə mülkiyyət rejiminin yaranmasını şərtləndirən əsaslardan biri nikahdır. Ər-arvadın ümumi birgə mülkiyyətində olan əmlakın qanuni rejimi isə Mülki Məcəllənin 225-ci və Ailə Məcəlləsinin 31-37-ci maddələri ilə müəyyən edilmişdir.

25. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 224.1-ci maddəsinə, 225.1-ci maddəsinə, 225.6-cı maddəsinə, Ailə Məcəlləsinin 32.1-ci maddəsinə, 33-cü maddəsinə, 37-ci maddəsinə, 37.2-ci maddəsinə, 37.3-cü maddəsinə, 41-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

26. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1792/2022 saylı iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsinin qismən ləğv edilməsini və iddia tələbinin təmin edilməmiş hissəsində iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

a) Apellyasiya şikayətinin dəlilləri

27. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırır ki, birgə nikah dövründə öz adına 48 ay müddətinə hər ay 220 manat ödəmək şərti ilə xx.xx.2019-cu ildə "xxxx" ASCdə 105CLM33507128AA saylı müqaviləyə əsasən 6600 (altı min altı yüz) manat Gündəlik Tələbat kredit xətti götürmüşdür. Bu kredit pulunu onlar götürdükdən sonra, həmin məbləğin bir hissəsini əvvəl götürdükləri ümumi kredit borcunun bir hissəsini ödəmişlər, qalan məbləğini isə evə divan, cavabdehə 500 manat dəyərində telefon və uşaqlara velosiped almaqla xərcləmişlər. Götürdükləri kredit borcu oktyabr ayına 3779.53 manat təşkil edir. Banka aylıq ödənişlər iddiaçının iş yerindən verilən maaş əsasında birbaşa ona xəbərdarlıq edilmədən kartdan bank tərəfindən tutulur. Cavabdeh istər birgə nikah dövründə, istərsə də faktiki ayrıldıqdan sonra həmin borc üzrə hər hansı bir ödəniş etməmiş, kreditin ödənilməsində köməklik etməmişdir. Bildirir ki, 48 ay müddətində , hər ay 220 manat ödəməklə, ümumilikdə 10.560 manat borc məbləği təşkil edir. Həmin məbləğin ½ hissəsi isə 5.280 manat təşkil edir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, kredit məbləği birgə nikah dövründə götürülmüşdür, həmin kredit birgə nikah dövründə müəyyən edilmiş aylarda qismən ödənilmiş, nikah pozulduqdan sonra da tərəfindən şəxsən ödənilir. Bütün bu hallar mövcud olduğu halda məhkəmə kredit borcu üzərində cavabdehin çox cüzi hissədə təmin etmişdir. Cavabdeh onun plastik əməliyyat keçirməyini bildirsə də, bu hallar məhkəmə iclasında sübut edilməmişdir. Bundan başqa qeyd edir ki, cavabdehin öz adına 500 AZN manatlıq world kart olmuşdur. Götürdükləri kreditin 500 manatı cavabdeh öz 500 manatlıq borcunu da ödəmişdir. Belə ki, qanuna əsasən cavabdeh ümumi borc üzrə də öhdəlik daşıyır və bu səbəbdən də qeyd edilən kreditlər üzrə aylıq ödəniləcək ödənişlərin cavabdeh tərəfindən ½ hissədə müvafiq Banka ödəniş iddiaçının tərəfindən həyata keçirildiyindən, ona ödənilməlidir. Məhkəmə işi tam aydınlaşdırmamışdır. Belə ki, cavabdeh alınmış kredit məbləğindən guya onun plastik əməliyyat keçirməyinə sərf etdiyini qeyd etmişdir. Lakin bütün bunlar yalandır. Cavabdeh söylədiyi bu sözləri təsdiq edəcək hər hansı sübutu da məhkəməyə təqdim edə bilməmişdir. Lakin məhkəmə sözləri nəzərə almış, birgə nikah dövründə xərclənən pulun cəmi 815,99 manat olmasını qeyd edir. Halbu ki, kredit sənədləri sübut olunur ki, bankdan 6600 manat kredit götürülmüş və hamısı ailənin xərclərinə sərf edilmişdir. Lakin təəssüflər olsun ki, Məhkəmə işin bu hallarına heç bir əhəmiyyət verməmişdir. Bundan başqa bildirir ki, cavabdehə alınan iki əşyanın qəbzini təqdim etmişdir. Həmin iki əşya cavabdehə alınmışdır. Həmin əşəyaların alınmasını cavabdeh özü də təsdiq etmişdir. Lakin, təssüflər olsun ki, hakim bu məqamlara fikir verməmişdir.

b) Apellyasiya şikayətinə yazılı etiraz

28. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

29. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi X2, vəkili Vəkil iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişlər.

30. İş üzrə digər tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

31. 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin:

32. 29.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə munasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər.

33. 32.1-ci maddəsi nikah müddətində ər-arvadın əldə etdikləri əmlakın onların məhz ümumi birgə mülkiyyəti olduğunu müəyyən edir.

34. 37.1-ci maddəsi ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onların payına uyğun olaraq müəyyən edilir.

35. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci, Ailə Məcəlləsinin 32, 36 və 37-ci maddələrinə görə əksi sübut edilməyənədək ailə büdcəsinə daxil olmuş vəsaitlər ailənin ümumi gəlirlərinə, xərclənmiş vəsaitlər isə ümumi xərclərinə aid edilir. Ailə Məcəlləsinə müvafiq olaraq ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir.

Azərbaycan Respublikası Konstitusiyasının:

36. 25.2-ci maddəsinə əsasən, kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı:

37. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, birgə mülkiyyət qanunvericilikdə nəzərdə tutulan əsaslardan əmələ gəlir. Birgə mülkiyyət rejiminin yaranmasını şərtləndirən əsaslardan biri nikahdır. Ər-arvadın ümumi birgə mülkiyyətində olan əmlakın qanuni rejimi isə Mülki Məcəllənin 225-ci və Ailə Məcəlləsinin 31-37-ci maddələri ilə müəyyən edilmişdir.

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin:

38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

40. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

41. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

42. 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirə bilər.

43. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

44. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

45. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

46. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

Apellyasiya baxışının hədləri

47. Apellyasiya şikayətində qətnamə iddianın təmin olunmamış hissəsində mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı həmin hissədə yoxlanılır.

48. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırır. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

49. Məhkəmə kollegiyası mübahisənin həlli ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə qismən razılaşaraq qeyd edir ki, apellyasiya şikayəti qismən təmin olunmamalı və birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh 195 manat pulun tutulması hissəsində dəyişdirilməlidir.

50. Belə ki, iddiaçı birgə nikah dövründə öz adına 48 ay müddətinə hər ay 220 manat ödəmək şərti ilə xx.xx.2019-cu ildə "xxxx" ASC-də 105CLM33507128AA saylı müqaviləyə əsasən 6600 (altı min altı yüz) manat Gündəlik Tələbat kredit xətti götürmüşdür.

51. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli 157000/1-2978 saylı cavab məktubundan görünür ki, "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli 105CLM33507128AA saylı kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək 5033,78 manat, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 3146,40 manat ödəniş olunmuşdur.

52. Yəni faktiki olaraq tərəflərin ayrıldığı 2021-ci ilin aprel ayından 17.06..2022-ci il tarixədək iddiaçı 3.146,40 manat banka pul ödəmişdir.

53. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh yuxarıda qeyd edilən krediti iddiaçının plastik əməliyyatına sərf etdiyini bildirsə də, bu hallar məhkəmə iclasında sübut edilməmişdir.

54. Belə ki, Kollegiya qeyd edir ki, “X4”nın xx.xx.2022-ci il tarixli 01/211 saylı cavab məktubundan görünür ki, xx.xx.2022-ci il tarixdə klinikanın mərkəzi kompüter sisteminin serverində baş vermiş texniki nasazlıq nəticəsində məlumat və informasiya bazasında olan bütün məlumatlar silinmişdir, bu səbəbdən də, İddiaçı barəsində hər hansı məlumatın verilməsi mümkün olmamışdır.

55. Beləliklə, məhkəmə kollegiyası toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1792/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilməli, Cavabdeh 195 (yüz doxsan beş) manat əvəzinə tərəflərin ayrıldığı 2021-ci ilin aprel ayından 17.06..2022-ci il tarixədək iddiaçının 3.146,40 manat banka ödədiyi pul vəsaitinin yarısı, yəni 1573,2 (bir min beş yüz yetmiş üç manat iyirmi qəpik) manat tutularaq İddiaçı ödənilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

56. Həmçinin, iddia məbləği 5000 manatdan az olduğundan, Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən (MPM-in 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.) qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.

57. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 402.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qət etdi:

Apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1792/2022 saylı, 21 iyun 2022-ci il tarixli qətnaməsi Cavabdeh 195 (yüz doxsan beş) manat tutulması hissəsində dəyişdirilsin. Cavabdeh 1573,2 (bir min beş yüz yetmiş üç manat iyirmi qəpik) manat tutularaq İddiaçı ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə dərhal qanuni qüvvəsini alır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar