Məhkəmə qərarları › İş №2(103)-5904/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5904/2023

10.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5904/2023 10.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “uşağın atanın yanında saxlanılması tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X3 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 07 iyul 2023-cü il tarixli qətnamədən Cavabdeh verdiyi apellyasiya şikayətinə əsasən işə, İddiaçı özünün və vəkili (nümayəndəsi) Vəkil1, Cavabdeh iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi barədə məlumat

1. İddiaçı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, onunla cavabdehin birgə nikahından doğulmuş xx.xx.2015-ci il təvəllüdlü Zəhranın onun yanında saxlanılması və Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(003)-123/2020 saylı qətnaməsi ilə Zəhranın yetkinlik yaşına çatana kimi saxlanılması üçün ondan cavabdehin xeyrinə tutulmalı olan alimentin ödənilməsindən azad olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xəzər Rayon Məhkəməsinin xx.xx.2020ci il tarixli həmin qətnaməsi ilə hazırki iş üzrə tərəflərin arasındakı nikahın pozulması, nikahdan doğulmuş xx.xx.2016-cı il təvəllüdlü Mədinənin anasının yanında saxlanılması, Mədinənin yetkinlik yaşına çatana kimi saxlanılması üçün hazırki iş üzrə iddiaçıdan, onun qazancının və başqa gəlirinin 1/4 hissəsi miqdarında alimentin tutularaq hazırki iş üzrə cavabdehə ödənilməsi, nikahından doğulmuş xx.xx.2015-ci il təvəllüdlü Zəhranın atasından alınaraq anasına verilməsi, onun anaya verildiyi vaxtdan etibarən hazırki iş üzrə iddiaçıdan, iki uşağın (Mədinənin və Zəhranın) yetkinlik yaşına kimi saxlanılması iddiaçının qazancının və başqa gəlirinin 1/3 hissəsi miqdarında alimentin tutularaq hazırki iş üzrə cavabdehə ödənilməsi qət edilmişdir. Həmin qətnamə qüvvəyə mindikdən sonra icraya yönəldilsə də, qətnamənin icra edilməsi, yəni Zəhranın iddiaçıdan alınaraq cavabdehə verilməsi qeyri-mümkün olmuş, çünki uşaq anasının yanına getməkdən qəti imtina etmişdir. Zəhra hazırda da iddiaçının yanında qalır və iddiaçıya çox bağlıdır. Qətnamənin icrasını həyata keçirən icra qurumu icranın qeyri-mümkün olduğunu müəyyən etdiyindən, qətnamə əsasında verilmiş icra vərəqəsini məhkəməyə geri qaytarılmışdır. Bundan başqa qeyd edilməlidir, digər icra vərəqəsinə əsasən Zəhra anası ilə ünsiyyətdə olmalıdır. Lakin Zəhra anası ilə ünsiyyətdə olmaqdan imtina etmiş və bu səbəbdən də həmin icra vərəqəsinin icrası qeyri-mümkün olmuş, icra hərəkətləri dayandırılmışdır. Göründüyü kimi, qətnamənin icrası və uşağın iddiaçıdan alınıb anasına verilməsi qeyri-mümkündür. Bu səbəbdən də iddiaçı Zəhranın onun yanında saxlanılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. b) iddia tələbinə dair cavabdehin münasibəti barədə məlumat

3. Cavabdeh iddianı qəbul etməyərək öz etirazını belə əsaslandırmışdır ki, iddiaçı uşağı özündə zor gücü ilə saxlayır. Dəfələrlə uşağının qaytarılmasını tələb etsə də iddiaçı bundan imtina edir və Xəzər Rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsini qərəzli olaraq icra etmir. Uşağa atası və nənəsi tərəfindən hədə-qorxu və psixoloji təsirlər göstərilir. İddia əsassız olduğu üçün təmin edilməməlidir. c) birinci instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə barədə məlumat

4. İşə baxmış Rayon Məhkəməsi hazırki iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir.

5. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2015-ci il təvəllüdlü Zəhranın fikri, azyaşlı uşağın hüquq və mənafeyi, onun mənəvi, psixi və fiziki inkişafına təsir edən amillər, uşağın ataya bağlılığı və anası ilə ünsiyyətdə olmaq istəməməsinə dair qəti mövqeyi nəzərə alınaraq onun atasının yanında saxlanılması onun mənafeyinə uyğundur. Zəhra iddiaçının yanında saxlanıldığı üçün, iddiaçı, Zəhranın yetkinlik yaşına çatana kimi ondan cavabdehin xeyrinə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə qət edilmiş alimentin ödənilməsindən azad edilməlidir. d) apellyasiya şikayəti barədə məlumat

6. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Əsasları iddiaya etirazın əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, işə baxmış Rayon Məhkəməsi işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış, uşağın yaşını, bacısı Mədinə ilə birgə yaşamasının onun mənafeyinə daha uyğun olmasını, işdə olan rəyləri nəzərə almamış, məhkəmə qətnaməsini icra etməyən icra məmurunun hərəkətlərinə qiymət verməmiş və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etməmişdir. e) iş üzrə tərəflərin apellyasiya baxışı iclasında iştirakı və iclasda iştirak etmiş şəxslərin verdikləri izahatlar barədə məlumat

8. Cavabdeh apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətini müdafiə etdi və şikayətin məzmununa uyğun izahat verdi.

9. İddiaçı və onun vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətin dəlillərinə etiraz etdilər və Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnamənin əsaslarına, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdilər. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

10. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

11. Belə ki, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi (İş № 2(003)-123/2020) ilə tərəflər arasında xx.xx.2014-cü il tarixdə bağlanmış nikahın pozulması, nikah pozulduqdan sonra xx.xx.2016-cı il təvəllüdlü Mədinənin anasının – hazırki iş üzrə cavabdehin yanında saxlanılması, Mədinənin yetkinlik yaşına çatana kimi saxlanılması üçün hazırki iş üzrə iddiaçıdan, onun qazancının və başqa gəlirinin 1/4 hissəsi miqdarında alimentin tutularaq hazırki iş üzrə cavabdehə ödənilməsi, nikahından doğulmuş xx.xx.2015-ci il təvəllüdlü Zəhranın atasından alınaraq anasına verilməsi, onun anaya verildiyi vaxtdan etibarən hazırki iş üzrə iddiaçıdan, iki uşağın (Mədinənin və Zəhranın) yetkinlik yaşına kimi saxlanılması iddiaçının qazancının və başqa gəlirinin 1/3 hissəsi miqdarında alimentin tutularaq hazırki iş üzrə cavabdehə ödənilməsi qət edilmişdir.

12. İşdə olan sənədlərdən görünür ki, həmin qətnamə qanuni qüvvəyə mindikdən sonra onun əsasında verilmiş icra vərəqəsi icra edilməsi üçün Xəzər Rayon İcra Şöbəsinə göndərilmiş, icra sənədi üzrə icraat başlansa da, qətnamənin icrası mümkün olmadığından (Zəhra anasının yanına getməkdən imtina etdiyi üçün) İcra Şöbəsinin xx.xx.2021-ci il tarixli qərarı ilə icra sənədinin Xəzər Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır.

13. Hazırki işə baxılan zaman Rayon Məhkəməsi tərəfindən izahatı alınmış Xəzər Rayon İcra Şöbəsinin icra məmuru Şəfəq Neymətzadə məhkəməyə bildirmişdir ki, tərəflərin işləri üzrə onun icraatında iki icra vərəqəsi var. Xəzər Rayon Məhkəməsinin 2(003)-123/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin xx.xx.2015-ci il təvəllüdlü Zəhranın atasından alınaraq anasının himayəsinə verilməsi hissəsində icra olunması mümkün olmamış, bu səbəbdən də icra vərəqəsi məhkəməyə geri qaytarılmışdır. İkinci icra vərəqəsi Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(003)-2108/2021 saylı qətnaməsi ilə cavabdehin Zəhra ilə ünsiyyət hüququ müəyyən edilmişdir. Hal-hazırda uşaq anası ilə ünsiyyətə girməkdən imtina etdiyindən həmin icra vərəqəsi də icrasız qalmışdır.

14. İddiaçı iddia ərizəsində bildirir ki, yetkinlik yaşına çatmamış Zəhra anası ilə qalmaq istəmədiyi üçün hazırki iddia tələbini irəli sürmək qərarına gəlmişdir.

15. Cavabdeh isə apellyasiya şikayətində bildirir ki, iddiaçı, Zəhraya zor gücü ilə, fiziki və psixi təsir göstərməklə anadan imtina etməyə məcbur edir. İşə baxmış Rayon Məhkəməsi bunu və Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinin icra məmuru tərəfindən düzgün icra edilmədiyi və bu səbəbdən qətnamənin icrasız qalmasını nəzərə almamışdır.

16. Bunları nəzərə alan Məhkəmə qeyd edir ki, Xəzər Rayon İcra Şöbəsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Xəzər Rayon Məhkəməsinin 2(003)-123/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən tərəflərin birgə nikahından olan uşaqları xx.xx.2015-ci il təvəllüdlü Zəhra atası İddiaçı alınaraq anası X4 verilməlidir. xx.xx.2021-ci il tarixdə icraata başlanılmışdır və bu barədə bildiriş tərəflərə göndərilmişdir. Borclu İddiaçı azyaşlı uşağı ilə birlikdə təyin olunmuş vaxtda icra yerinə gəlmələrinə baxmayaraq, tələbkar 1 saat gec gəldiyindən atası uşağı narahat olduğu üçün icra yerini tərk etdi və bu barədə şöbəyə ərizə ilə müraciət etdi. Bu səbəbdən təyin olunmuş icra baş tutmadı və xx.xx.2021-ci il tarixinə saat 10:00-a təxirə salındı. xx.xx.2021-ci il tarixdə tərəflər və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Şüvəlan Uşaq və X7 əvvəlcədən şöbəyə dəvət olunmuş psixoloq təyin olunmuş icra yerinə gəldilər. Bundan sonra icra prosesi davam etdirilərək uşağın anasına verilməsinə cəhd edildi, lakin uşaq aqressiv şəkildə qışqırdı, ağlayaraq nənəsi (atasının anası) tərəfə getdi və anasının yanına getməkdən qəti imtina etdi. Bu zaman psixoloqa 2 dəfə uşaqla fərdi söhbət üçün şərait yaradılmasına baxmayaraq, uşaq anaya getməkdən qəti imtina etdi və ağladı. Psixoloq hazırkı vəziyyətdə uşağın psixoloji vəziyyətinə və iş materiallarına əlavə olunmuş uşağın sağlamlıq vəziyyətini əks etdirən epikriz rəyini əsas tutaraq, uşağın məcburi olaraq anasına verilməsini məqsədə uyğun olmadığını bildirdi. İcra sənədinin icrası mümkün olmadı. Bu hal akt tərtib edilməklə rəsmiləşdirildi. Tərəflərindən videoçəkiliş icraat materiallarına əlavə olundu. Daha sonra tərəflərin (ata iştirak etmədi) və əvvəlcədən dəvət olunmuş Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Şüvəlan Uşaq və X9 psixoloqunun iştirakı ilə xx.xx.2021-ci il tarixdə saat 10:00-a təyin olunmuş növbəti dəfə uşağın atadan alınaraq anaya verilməsinə dair icra başladı. Tərəflərindən edilən çoxsaylı cəhdlərə baxmayaraq, uşağın alınıb anaya verilməsini təmin edə bilməmişlər. Belə ki, uşaq anasına getməkdən imtina edərək qışqırmağa və ağlamağa başladı. Bu zaman dəvət olunmuş psixoloq onu sakitləşdirərək, uşaqla fərdi söhbət apardı. Bundan sonra uşağın alınmasına yenidən cəhd olundu, lakin uşaq nənəsinin əlindən bərk tutaraq, yenə ağladı. Psixoloq uşağa güc tətbiq olunaraq anaya verilməsini uşağın səhhəti və psixologiyasına mənfi təsir edəcəyini bildirdi. Tələbkar tərəfin nümayəndəsi gələn icrada nənəsini iştirakı olmadan icra prosesinin aparılmasını xahiş etdi, belə ki uşağın ataya deyil daha çox nənəyə bağlılığı müşahidə edilirdi. Bu səbəbdən icra vərəqəsini icra etmək mümkün olmadı. Bu barədə akt və videoçəkiliş iş materiallarına əlavə olunaraq icrası xx.xx.2021-ci il tarixə təxirə salındı. xx.xx.2021-ci il tarixə təyin olumuş icra baş tutmadı. Buna səbəb tələbkarın üzürsüz səbəbdən icra yerinə gəlməməsidir və bu hal akt tərtib olunaraq icraat materiallarına əlavə olunmuşdur. Növbəti icra xx.xx.2021-ci il tarixinə təyin olunmuşdur. Sonuncu yəni, xx.xx.2021-ci il tarixdə Ədliyyə Nazirliyinin məsləhətçipsixoloqu X1 iştirakı ilə təyin olunmuş icrada tərəfimizdən tərtib olunmuş aktda da psixoloq qeyd etmişdir ki, uşaq qorxu hissi nümayiş etdirir və ünsiyyətdən qəti imtina edir. Anadan ayrı qaldığı üçün ana ilə münasibət qurmur. X10 anası X5 hal-hazırda qəbul etməsi mümkün deyil. xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, 23704.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixlərdə təyin olunmuş icralar zamanı uşağın alınıb anaya verilməsi tərəflərindən mümkün olmadı. Bu hal icraat materiallarına əlavə olunmuş aktlarda və video çəkilişlərdə öz əksini tapmışdır. Həmin videoçəkilişlərə istinadən uşaq anasına getməkdən ağlayaraq dəfələrlə qəti imtina edir. Bu hal hər dəfə uşağın alınması ilə bağlı keçirilən icra tədbirləri zamanı hər dəfə təkrarlanır və uşağın psixoloji durumuna mənfi təsir göstərir. Yuxarıda göstərilənləri nəzərə alaraq icra zamanı müəyyən olunmuşdur ki, X10 qəti şəkildə iş üzrə tələbkar anası X4 qaytarılaraq birgə yaşaması mümkün hesab edilmir. Belə ki, uşağın anası ilə münasibət yaratmağına kifayət qədər vaxt tələb olunur. Həmçinin xx.xx.2021-ci il tarixdə daxil olmuş anası X2 uşağı X10 ilə hər həftənin bazar günü saat 13:00-dan, saat 17:00-dək atasının iştirakı olmadan ünsiyyətdə olmasına dair Xəzər rayon məhkəməsinin 2(003)- 2108/2021 saylı, xx.xx.2021ci il tarixli icra vərəqəsinin icrası zamanı keçirilmiş görüşlərdə də uşağın anası ilə ünsiyyətini təmin etmək mümkün olmamışdır. Belə ki, uşaq hər dəfə də anasını gördükdə ağlayaraq qışqırmağa başlayır. Bu barədə aktlar və video çəkilişlər icraat materiallarına əlavə olunub. Beləliklə də bugünə qədər keçirilmiş görüşlər zamanı nəinki uşağın qaytarılması, hətta uşaqla görüşün təmin edilməsi mümkün olmayıb. Eləcə də tələbkar X6 xx.xx.2021-ci il tarixdə şöbəyə ərizə ilə müraciət edərək uşağın qaytarılması ilə bağlı icra işinin icrasının mümkün olmaması və xx.xx.2021-ci il tarixdə daxil olmuş Xəzər rayon məhkəməsinin 2(003)-2108/21 saylı, xx.xx.2021-ci il tarixli uşaqla ünsiyyət hüququnun təmin olunmasını xahiş etmişdir. Odur ki, Xəzər rayon Məhkəməsinin 2(003)-123/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsinin geri qaytarılması qərara alınmışdır.

17. Qərardan da göründüyü kimi icra məmuru tərəfindən icra vərəqəsinin icra edilməsi üçün lazım olan bütün imkanlardan istifadə edilmiş, lakin icra vərəqəsinin icrası mümkün olmamışdır.

18. Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(003)- 2108/2021 saylı icra sənədindən görünür ki, X2 xx.xx.2015-ci il təvəllüdlü Zəhra ilə ardıcıl olaraq hər həftənin çərşənbə axşamı və cümə günü saat 14:00-dan 19:00-dək ünsiyyətdə olmaq hüququ müəyyən edilmişdir.

19. X8 tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli psixoloji rəyindən görünür ki, yetkinlik yaşına çatmamış Zəhra xx.xx.2021-ci il tarixdə psixoloqun qəbulunda olub və uşaqda həyəcan, təşviş hissi və qorxular müəyyən olunmuşdur. Uşaq psixorreksiya işinə cəlb olunmuş, uşağın ana ilə görüşlərinə fasilə vermək və ananı psixokorreksiya işinə cəlb edərək icra tədbirlərini dayandırmaq məsləhət görülmüşdür.

20. Hazırki iş üzrə cavabdeh qeyd edilən rəyin Rayon Məhkəməsi tərəfindən nəzərə alınmadığını qeyd etsə də, rəydən müəyyən edilir ki, uşağın ana ilə görüşlərinə fasilə verilməsi və ananı psixokorreksiya işinə cəlb edərək icra tədbirlərini dayandırmaq məsləhət görülmüşdür.

21. Bakı Şəhəri Xəzər Rayon İcra Hakimiyyətidə fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Komissiyasının Rayon Məhkəməsinə verdiyi xx.xx.2023-cü il tarixli rəyi ilə müəyyən edilmişdir ki, Zəhranın psixi inkişafına, yaş və fərdipsixoloji xüsusiyyətlərinə görə ailədaxili qarşılıqlı münasibətlərlə bağlı fikirlərini müstəqil olaraq formalaşdırmaq və sərbəst qərar qəbul etmək qabiliyyətinə malik olmamaqla, onun psixikasında və davranışlarında hansı valideynin himayəsində yaşamağı seçməsi, anasına və bacısına münasibəti ilə bağlı kənar psixoloji təsir əlamətləri müəyyən olunduğuna görə azyaşlının anasından alınaraq atasının himayəsinə verilməsinə dair iddia ərizəsi uşağın gələcək mənafeyi üçün məqsədəuyğun hesab edilməmişdir.

22. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin işə baxmış Rayon Məhkəməsinə verdiyi xx.xx.2023-cü il tarixli, 11/549 saylı rəyində göstərmişdir ki, Zəhra psixi inkişafına, yaş və fərdi-psixoloji xüsusiyyətlərinə görə ailədaxili qarşılıqlı münasibətlərlə bağlı fikirlərini müstəqil olaraq formalaşdırmaq və sərbəst qərar qəbul etmək qabiliyyətinə malik olmamaqla, onun psixikasında və davranışlarında hansı valideynin himayəsində yaşamağı seçməsi, anasına və bacısına münasibəti ilə bağlı kənar psixoloji təsir əlamətləri müəyyən olunur. Zəhranın hal-hazırda atasına bağlılığı (qarşılıqlı əlaqə zamanı müsbət emosiyalar keçirmək, vasitəsiz münasibət qurmaq arzusu, müntəzəm ünsiyyətə can atmaq, əlaqələrin azalması ilə əlaqədar narahat olmaq) müəyyən olunmaqla, anasına və bacısı Mədinəyə bağlılığı üzə çıxmır. Zəhranın valideynləri olan iddiaçı ilə cavabdehin hal-hazırda fərdi-psixoloji xüsusiyyətlərində Zəhranın emosionaliradi sferasına neqativ təsir göstərə biləcək əlamətlər müəyyən olunmur. Valideynləri və digər yaxın qohumları arasındakı qarşılıqlı münasibətlərdə mövcud olan gərginlik Zəhranın emosional-iradi sferasına sirayət etməklə, anasına və bacısına olan münasibətinə neqativ təsir göstərmiş, hal-hazırda Zəhranın psixoloji vəziyyəti qənaətbəxş deyildir.

23. Göstərilənləri nəzərə alan Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) tələblərinə görə, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir (maddə 103.1.). Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir (maddə 101.3.).

24. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 52-ci maddəsinə əsasən, uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər.

25. İş materiallarından görünür ki, yetkinlik yaşına çatmamış Zəhra onun haqqında həll edilən məsələ barəsində dinlənilmək hüququna malik olduğundan valideynlərinin və təhsil aldığı təhsil idarəsinin nümayəndəsinin iştirakı ilə Rayon Məhkəməsi tərəfindən dinlənilmiş və bildirmişdir ki, hal-hazırda atası ilə birlikdə yaşayır, gələcəkdə də atası ilə qalmaq niyyətindədir. Qətiyyən anası ilə birlikdə yaşamaq istəmir.

26. Məhkəmə uşağın fikrini nəzərə alaraq, iş üzrə verilmiş rəyləri tədqiq edərək və iş üzrə digər sübutlarla birgə qiymətləndirərək hesab edir ki, Zəhra atasına (iddiaçıya) sıx bağlı olmaqla, anası (cavabdeh) və bacısına hər hansı bağlılıq nümayiş etdirmir. Uşağın anasına və bacısına qarşı münasibətində kənar təsir müəyyən olunsa da, eləcə də Qəyyumluq və Himayəçilik Orqanı iddianın təmin olunmasının uşağın mənafeyinə uyğun olmaması barədə rəy vermiş olsa da, hazırkı halda nəzərə alınmalıdır ki, valideynləri və digər yaxın qohumları arasındakı qarşılıqlı münasibətlərdə mövcud olan gərginlik Zəhranın emosional-iradi sferasına sirayət etməklə ona neqativ təsir göstərir. Eləcə də, Zəhranın anasının himayəsinə verilməsi barədə məhkəmə qərarı xx.xx.2020-ci il tarixdə qəbul edilsə də, ötən üç ildən artıq zaman ərzində qərarın icrası mümkün olmamış, həyata keçirilən icra prosesləri azyaşlı uşağın psixologiyasına neqativ təsir etmişdir.

27. İşin hallarını nəzərə alan Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin tələblərinə görə, ailənin bir üzvü öz hüquqlarını həyata keçirərkən və vəzifələrini yerinə yetirərkən ailənin başqa üzvlərinin və digər vətəndaşların hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdır (maddə 6.2.). Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir (maddə 49.2.). Uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir (maddə 49.3.). Uşaq öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi hüququna malikdir (maddə 51.1.). Valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz (maddə 60.1.). Valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir (maddə 60.4.).

28. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, uşağın mənafeyinin tələb etdiyi bütün hallarda onun məhkəmə iclasında dinlənilmək hüququ təmin olunmalıdır. Uşaq hüquqları haqqında Konvensiyanın 12-ci və Ailə Məcəlləsinin 52-ci maddələrinin tələbinə müvafiq olaraq maraqlarına toxunulan istənilən məsələnin həlli zamanı uşaq öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Maraqlarına zidd olan hallar istisna olmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır: uşağın yaşı; onun fikri; uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı; valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri; valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər; uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla); ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar.

29. “Uşaq Hüquqları Haqqında” xx.xx.1989-cu il tarixli BMT Konvensiyasının 18-ci maddəsinə görə, uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir.

30. Yuxarıda qeyd edilən maddi və prosessual hüquq normalarının tələblərinin hazırki mübahisənin həllinə tətbiqi nəticəsində Məhkəmə belə qənaətə gəlir ki, xx.xx.2015ci il təvəllüdlü Zəhranın fikrini, azyaşlı uşağın hüquq və mənafeyini, onun mənəvi, psixi və fiziki inkişafına təsir edən amilləri, uşağın ataya bağlılığını və anası ilə ünsiyyətdə olmaq istəməməsinə dair qəti mövqeyini nəzərə almış Rayon Məhkəməsi tərəflərin birgə nikahından doğulan xx.xx.2015-ci il təvəllüdlü Zəhranın atasının himayəsinə verilməsinin azyaşlının mənafeyinə uyğun hesab edilməsi ilə bağlı iş üzrə düzgün nəticəyə gəlmişdir.

31. Apellyasiya şikayətinin Rayon Məhkəməsinin müzakirə edilən bu nəticəsinə dair dəlilləri əsassızdır.

32. Yuxarıda artıq qeyd edildiyi kimi hazırki işə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi qətnamə ilə həmçinin o nəticəyə gəlmişdir ki, Zəhra iddiaçının yanında saxlanıldığı üçün, iddiaçı, Zəhranın yetkinlik yaşına çatana kimi ondan cavabdehin xeyrinə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə qət edilmiş alimentin ödənilməsindən azad edilməlidir.

33. Rayon Məhkəməsinin bu nəticəsi ilə bağlı Məhkəmə qeyd edir ki, Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər (maddə 112.1.). Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə - qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 2 uşağa görə - qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarda aliment tutulur (maddə 76.1.).

34. Qeyd edilənlərə əsasən Məhkəmə hesab edir ki, hazırda Zəhranın iddiaçının himayəsində saxlanılması iddiaçının aylıq qazancının 1/3 hissəsi miqdarında aliment öhdəliyindən azad edilməsi üçün əsas təşkil edir. İddiaçı, yalnız 1 uşağa görə, yəni iddiaçının yanında qalan Mədinəni yetkinlik yaşına çatana kimi Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə qət edilmiş, onun qazancının və başqa gəlirinin 1/4 hissəsi miqdarında alimenti cavabdehə ödəməlidir.

35. Bu səbəbdən də Məhkəmə hesab edir ki, işə baxmış Rayon Məhkəməsi eyni əsasla eyni nəticəyə gəlməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin Rayon Məhkəməsinin müzakirə edilən bu nəticəsinə dair dəlilləri də əsassızdır. g) apellyasiya baxının nəticəsi

36. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və formal mülahizə xarakteri daşıyır. Qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

37. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

38. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

39. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 384, 392, 393, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏT ETDİ:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 07 iyul 2023-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar