Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5907/2022 23.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07 iyul 2022-ci il tarixli, 2(001)-4412/2022 saylı qərardadından cavabdehin nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2016-cı ildə anadan olmuş X1 və xx.xx.2017-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər birinə 200 manat olmaqla, ümumilikdə 400 manat məbləğində alimentin Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh yazılı vəsatət ilə məhkəməyə müraciət edərək, hazırkı mülki işin baxılması üçün aidiyyəti üzrə Qazax Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07 iyul 2022-ci il tarixli, 2(001)-4412/2022 saylı qərardadı ilə Cavabdeh mülki işin baxılması üçün aidiyyəti üzrə Qazax Rayon Məhkəməsinə göndərilməsinə dair vəsatəti təmin edilməmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini, mülki işin baxılması üçün Qazax Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə Azərbaycan Respublikası MPM-nin 35.1 və 36.3-cü maddələrinə istinad etmişdir. Bununlada məhkəmə istinad etdiyi prosessual hüquq normalarını işin hallarına münasibətdə düzgün şərh etməmişdir. Bu normanın tələbərinə əsasən iddiaçı seçməli hüququna əsasən öz yaşayış yeri üzrə, yəni qeydiyyatda olduğu yer üzrə məhkəməyə iddia ərizəsini verə bilər. Məhkəmə isə bu normanı işin hallarına münasibətdə düzgün şərh etməmiş və buna görədə səhv nəticəyə gəlmişdir. Eləcə də formalaşmış məhkəmə təcrübəsinə əsasən şəxsin yaşayış yeri onun qeydiyyatda olduğu yer qəbul edilir. Şəxsin müvəqqəti olaraq qeydiyyatsız yaşadığı yer onun yaşayış yeri olaraq qəbul edilə bilməz. Bu hal formalaşmış məhkəmə təcrübəsinədə ziddir. Belə ki, iddiaçı Qazax rayonu, Yuxarı Salahlı kəndində yaşayıb və həmin ərazidə qeydiyyatdadır. Şəxsin müvəqqəti olaraq Bakı şəhərinə getməsi və qeydiyyatsız yaşaması onun yaşayış yerini Bakı şəhəri demək deyildir. Bu normanın məhkəmənin yanaşması kimi şərh edilməsi azərbaycan Respublikası MPM-nin və eləcə də “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası qanununun tələblərinə ziddir. Bundan başqa formalaşmış məhkəmə təcrübəsinə əsasəndə şəxsin yaşayış yeri onun pasport qeydiyyatında olduğu yer qəbul edilir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 iyul 2022-ci il tarixli, 2(001)-4412/2022 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Mülki Prosessual Məcəllənin 10.8-1-ci maddəsinə görə bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. İşə apellyasiya instansiyası məhkəməsində yazılı icraat qaydasında baxılarkən tərəflərin etiraz və ya vəsatətləri daxil olmamışdır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, hazırki işin mahiyyətini alimentin alınması tələbi təşkil edir. İddiaçı isə iş materiallarına Binəqədi qəsəbəsi, 1 mədən, korpus 43 ünvanında qeydiyyatsız yaşadığı barədə Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının Binəqədi Qəsəbə üzrə Nümayəndəsi tərəfindən verilən xx.xx.2022-ci il tarixli, 1920 saylı arayış təqdim etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 36.3-cü maddəsinə əsasən, alimentin alınması və atalığın müəyyən edilməsi haqqında iddialar iddiaçı tərəfindən özünün yaşadığı yerə görə də verilə bilər. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına əsasən Konstitusiyanın norma və prinsiplərini inkişaf etdirən Mülki Prosessual Məcəllənin 4-cü Fəsli ərazi aidiyyəti qaydalarını müəyyən etməklə işlərə ədalət mühakiməsinin həyata keçirilməsi şərtlərinə uyğun olaraq tam, hərtərəfli və vaxtında baxılmasının təmin edilməsinə yönəlmişdir. Mülki prosessual qanunvericiliyin ərazi aidiyyətinə dair normalarından görünür ki, qanunvericinin ərazi aidiyyətinin müəyyənləşdirilməsində başlıca məqsədi: - şəxslərin məhkəməyə əlçatanlığının; - işlərə ağılabatan müddətdə baxılmasının; - prosessual qənaət prinsipinin; - ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsidir. Eyni zamanda Mülki Prosessual Məcəllədə mübahisənin predmeti, iş üzrə iddiaçının hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət imkanının asanlaşdırılması və s. amillər nəzərə alınmaqla ümumi qaydadan fərqli ərazi aidiyyəti nəzərdə tutulmuşdur. Qanunvericilikdə göstərilən bəzi hallarda iddiaçıya prosessual qənaət prinsipinə uyğun olaraq iddia irəli sürməkdə seçim hüququ verilmişdir. Həmçinin tərəflərin öz iradəsinə uyğun olaraq müqavilə ilə müəyyən etdikləri aidiyyət üzrə iddia irəli sürmək imkanı tanınmışdır (Mülki Prosessual Məcəllənin 36 və 40-cı maddələri). Qeyd olunanları nəzərə alaraq, kollegiya hesab edir ki, iddiaçı aliment tələbi ilə bağlı yaşadığı yerin məhkəməsinə - Binəqədi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etməkdə haqlı olmuşdur. Odur ki, şikayətin dəlilləri formal mülahizələrə əsaslanmaqla birinci instansiya məhkəməsi qərardadının ləğv edilməsi və işin ərazi aidiyyəti üzrə göndərilməsinə əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 398.0-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 36, 44, 397-398, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07 iyul 2022-ci il tarixli, 2(001)-4412/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-5907/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5907/2022
23.08.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver