Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5918/2024 29.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə (açar sözlər: aliment tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), X5 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hafiz qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 iyul 2024-cü il tarixli, 2(006)-3111/2024 nömrəli qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Cavabdeh ilə İddiaçı faktiki nikah münasitlərindən 28 fevral 2019-ci il təvəllüdlü X8 doğulmuşdur.
2. 15 iyul 2024-cü il tarixli əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişinə əsasən Cavabdeh 24 aprel 2024-cü il tarixdə “Palma” kafesində ofisinat vəzifəsinə işə qəbul edilməsi ilə bağlı onun əmək müqaviləsi bağlanmış və aylıq əmək haqqı 400 manat təşkil edir.
3. «Yeni Nəsil» Uşaq Bağcasının arayışına əsasən, X8 2022-ci ilin sentyabr ayından həmin bağcaya qəbul olunmuş və hal-hazıradək orada təhsil alır, aylın ödəniş olaraq bağçaya 350 manat, ingilis dili hazırlığına 200 manat, cəmi 550 manat ödənilir. Bu ödənişlər Orucov Kamalın ana babası Nümayəndə tərəfindən həyata keçirilir.
4. “FSclub Network” tərəfindən verilmiş 01 nömrəli 16 iyul 2024-cü il tarixli arayışa əsasən, X8 07 iyul 2024-cü il tarixdən FS X14 və Sağlamlıq kompleksində üzgüçülüklə məşğul olur. Aylıq abunənin ödənişi 200 manat təşkil edir.
5. Elektron məhkəmə informasiya sistemindən çıxarışa əsasən Cavabdeh müxtəlif illərdə Dubay, İstanbul, Abu dabi, Bodrum və s. kimi turistik şəhərlərə səfərini əks etdirən sərhədkeçmə əməliyyatları həyata keçirmişdir.
6. Elektron məhkəmə informasiya sistemindən çıxarışa əsasən Cavabdeh kredit müqavilələri üzrə kredit borcu "xxxx" ASC-yə aylıq 2496 manat, "xxxx" ASC-yə isə aylıq 385,91 manat ödəniş məbləğləri həyata keçirir.
7. Elektron məhkəmə informasiya sistemindən çıxarışa əsasən Cavabdeh mülkiyyətində BMW 428 Xİ markalı, 2015-ci il buraxılışlı tünd göy metallik rəngdə və KİA SPORTAGE 2012-ci il buraxılışlı, ağ rəngdə minik avtomoblləri mövcuddur.
Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 28 fevral 2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 1000 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə 2018-ci ildə faktiki nikaha dazil olmaqla ailə qurmuşdur. Faktiki münasibətlərindən 28 fevral 2019-cu il təvəllüdlü X8 doğulub. 2019-cu ilədək birlikdə “AZURE” yaşayış kompleksində aylıq 3500-4000 manat ödəməklə kirayədə yaşamışlar, cavabdeh iş adamıdır və şəxsi biznesi var. Birgə yaşadığı müddətdə uşağın və onun tələbatlarını yüksək səviyyədə qarşılamışdır. Hətta müxtəlif xarici ölkələrə birlikdə gedib, müxtəlif istirahət məkanlarında vaxt keçirmişlər. Cavabdehlə 2018-ci il birlikdə yaşadığı müddətdə aralarında heç bir problem olmamışdır. Cavabdeh heç bir səbəb göstərmədən getmiş və bir daha evə qayıtmamışdır, kirayə tutduğu evin və uşaq üçün tutulan dayənin ödənişlərini etmədən səbəbsiz olaraq əlaqəni tamamilə kəsmişdir. Artıq 2021-ci il iyul ayından ayrı yaşayırlar və maddi cəhətdən dəstək olmur. Bu müddət ərzində cavabdeh övladının necə yaşaması ilə maraqlanmır, onun təlim-tərbiyəsi ilə məşğul olmur. İddiaçı özü işləmədiyindən övladının saxlanmasında çətinlik çəkir. Bununla bağlı cavabdhin anası ilə əlaqə saxladıqda anası uşağa maddi dəstək olacağını bildirsə də, bu günə qədər nə anası, nə də cavabdeh uşağa maddi köməklik göstərməyiblər.
10. Cavabdeh iddia ərizəsinə etiraz ilə məhkəməyə müraciət edərək, himayəsində iki azyaşlı 03 dekabr 2014-cü il təvəllüdlü X7 və 06 yanvar 2018-ci il təvəllüdlü X9 uşağının olmasını, 24 aprel 2024-cü il tarixdən «Palma kafedə» ofisant kimi işlədiyini bildirmiş və aylıq məvacibinin 400 manat olmasını sübut edən sənədləri məhkəməyə təqdim etmişdir.
11. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 iyul 2024-cü il tarixli, 2(006)- 3111/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 28 fevral 2019-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün 21 may 2024-cü il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay 500 manat sabit pul məbləğində aliment tutulması, iddia qalan hissədə təmin edilməməsi, qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra edilməsi, Cavabdeh dövlət nəfinə 80 manat məbləğdə dövlət rüsumunun tutulması qət edilmişdir.
12. Qətnamənin əsaslarına görə, tərəflər faktiki nikah münasibətlərində olmuşlar və uşağın atası kimi Cavabdeh uşağın maddi təminatını yüksək səviyyədə saxlamışdır. Belə ki, iddiaçının heç bir yerdə işləməməsi, cavabdehin də öz növbəsində mövcud reallıq üçün yetərli sayda maliyyə imkanlarına sahib olması onun maddi təminatının yüksək olmasını və yetkinlik yaşına çatmayanın məhz belə bir şəraitdə böyüməsini təsdiqləyən faktdır. Lakin valideynlər arasında münasibətlərin kəskinləşməsi uşağın maddi-məişət şəraitinə öz təsirini göstərməkdədir. Həmçinin cavabdehin məhkəməyə göndərdiyi ərizəsinə xx.xx.2014-cü il təvəllüdlü X7 və xx.xx.2018-ci il təvəllüdlü X9 adlı uşaqlarının doğum haqqında şəhadətnamələrinin notarial qaydada təsdiq olunmuş surətlərini əlavə etməklə irəli sürdüyü dəlil olaraq himayəsində iki azyaşlı uşağının olması xx.xx.2019-cu il təvəllüdlü X1 maddi cəhətdən iştirak etmək vəzifəsindən azad olunmasına əsas hesab edilə bilməz. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Elektron məhkəmə informasiya sistemində Cavabdeh məhkəmə qətnaməsinə əsasən digər uşaqlarına aliment ödəməsi halı müəyyən edilməmişdir. Buna görə də məhkəmə qeyd edir ki, cavabdehin başqa iki uşağının olması onun uşağın saxlanması xərclərindən kənarda qalmasına əsas verən hal deyildir. Cavabdehin ərizəsinə əlavə etdiyi “Palma kafe”də ofisant kimi 400 manat əmək haqqı alması ilə bağlı arayışa münasibətdə məhkəmə qeyd edir ki, işdə olan ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə 07 may 2024-cü il tarixli arayışdan görünür ki, alimentlə bağlı mediasiya sessiyasında iştiraka dair bildiriş cavabehə xx.xx.2024-cü il tarixdə çatdırılmışdır. Təqdim edilmiş iş yerindən arayışdan da görünür ki, cavabdeh xx.xx.2024cü il tarixdə müvafiq əmək müqaviləsini bağlamaqla ofisiant işinə qəbul olunmuşdur. Bu da cavabdehin ona qarşı alimentin ödənilməsi tələbinin irəli sürülməsi barədə məlumatlandırılmasından sonra az əmək haqqı ödənilən işə qəbul olunmaqla, bununla da məhkəməyə həqiqətə uyğun olmayan məlumat verməklə alimentin ödənilməsindən məqsədli şəkildə yayınmasına dəlalət edən hal kimi qiymətləndirilməsi qənaətinə gəlməyə əsas verir. Məhkəmə onu da qeyd edir ki, elektron məhkəmə informasiya sistemindən çıxarılmış Cavabdeh əmlak və müxtəlif illərdə Dubay, İstanbul, Abu dabi, Bodrum və s. kimi turistik şəhərlərə səfərini əks etdirən sərhədkeçmə, habelə məhkəməyə təqdim etdiyi iş yerindən arayışda göstərilən əmək haqqından qat-qat yüksək həddə qüvvədə olan kredit müqavilələri üzrə kredit borcu - "xxxx" ASC-yə aylıq 2496 manat, "xxxx" ASC-yə aylıq 385,91 manat ödəniş məbləğlərini həyata keçirməli olmasına dair kredit məlumatlarına əsasən onun kifayət qədər maliyyə imkanları olduğu halda, heç bir gəlirə malik olmayan şəxs kimi uşaq üçün yaşayış minimumu həddində aliment ödənilməsinə cəlb edilməsi ağlabatan deyildir. Görünən hal ondan ibarətdir ki, cavabdeh məqsədli şəkildə alimentin ödənilməsindən yayınmaqla nəticə etibarilə yetkinlik yaşına çatmayan övladın yaşayış təminatına mənfi təsir yaradır, məhkəmə isə uşağın hüquqlarının bu cür məhdudlaşdırılmasının yolverilməz olduğunu xüsusilə vurğulayır. Odur ki, işin faktiki əsasları baxımından iddia tələbi cavabdehə qarşı alimentin məbləğinin minimum yaşayış həddindən yuxarı həddə təyin edilməsi nöqteyi-nəzərindən əsaslıdır. İddiaçı cavabdehin əmlakının və gəlirlərinin kifayət qədər çox olmasını əsas gətirərək tutulan aliment məbləğinin 1000 manat məbləğində müəyyən edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iddiaçının bir uşağın saxlanması üçün 1000 manat məbləğində alimentin tutulması tələbini və uşağın saxlanmasında hər iki valideynin bərabər məsuliyyət daşımasını və bütün bunların fonunda isə yetkinlik yaşına çatmayanın üstün mənafeyinin gözlənilməsini və əvvəlki maddi vəziyyətinə təsiri nəzərə alır. Eyni zamanda məhkəmə iddiaçı tərəfindən irəli sürülmüş alimentin bir uşaq üçün 1000 manat müəyyən edilməsini isə ağlabatan saymır. Nəzərə alınmalıdır ki, uşağın maddi məişət şəraitinin yüksək səviyyədə saxlanması hər iki valideynin vəzifəsidir və həmçinin tərəflər arasında münasibətlərin pozulması halında uşaqla bağlı məsələ qarşı tərəfi cəzalandırmaq metodu kimi istifadə edilə bilməz. Məhkəmə hər bir halda uşağın mənafeyini üstün hesab edərək, normal mühakimə ilə məhkəmə qətnaməsinin də icra olunabilənlik meyarına cavab verməsini nəzərə alır. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay 500 manat sabit pul məbləğində alimentin tutulması hər iki tərəfə münasibətdə ədalətli və ağlabatandır.
13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 17, 34cü, “Uşaq hüquqlarına dair” BMT Konvensiyasın 3-cü, “Uşaq Hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu 3, 5-ci, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 78.1, 78.2, 100.2-ci maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
14. Cavabdeh qətnamədən şikayət verərək, qətnamənin ləğv edilib, 28 fevral 2019cu il təvəllüdlü Orucov KamalSamir oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün 21 may 2024-cü il tarixdən Cavabdeh İddiaçı xeyrinə hər ay 150 manat sabit pul məbləğində alimentin tutulmasını xahiş etmişdir.
15. Şikayətinin dəlillərinə görə, onun Gülgaz Mamedova ilə rəsmi nikahı 03 dekabr 2014-cü il təvəllüdlü X7 və 06 yanvar 2018-ci il təvəllüdlü X9 adlı uşaqları var. Hazırda həmin uşaqlar onun himayəsindədirlər. Bundan əlavə məhkəmənin “onun Dubay, İstanbul, Abu Dabi, Bodrum və s. kimi turistik şəhərlərə səfərini əks etdirən sərhədkeçmə, habelə məhkəməyə təqdim etdiyi iş yerindən arayışda göstərilən əmək haqqımdan qat-qat yüksək həddə qüvvədə olan kredit müqavilələri üzrə kredit borcunun - "xxxx" ASC-yə aylıq 2496 manat, "xxxx" ASC-yə aylıq 385,91 manat ödəniş məbləğlərini həyata keçirməsinə dair kredit məlumatlarına əsasən onun kifayət qədər maliyyə imkanlarının olması qənətinə gəlməsi tamamilə əsassız və yanlışdır. Belə ki, onun qeyd edilən turistik şəhərlərə səfərləri valideynlərinin dəstəyi, maddi köməklikləri ilə baş tutmuşdur. Banklara kredit ödənişlərinə gəldikdə isə, o həqiqətən müəyyən zamanlarda biznes fəaliyyəti olmuşdur. Həmin biznesi isə ona keçmiş qaynatası tərəfindən təşkil olunmuşdur. Hazırda bu məsələlərdən sonra Gülgaz Mamedova ilə ailə münasibətlərinin pozulduğundan, artıq onun onlarla heç bir iş birliyi, şərikli biznes fəaliyyəti də dayanmışdır. Hal-hazırda “Palma” kafedə ofisiant işləməklə, aylıq əmək haqqı 400 manat təşkil edir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu isə özlüyündə müəyyən meyar kimi çıxış etməklə minimum təminat səviyyəsini nəzərdə tutur. Bu baxımdan hesab edir ki, birinci instansiya məhkəməsi “uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması” prinsipini əsas götürərkən tərəflərin maddi və ailə vəziyyətlərini, eləcə də işin konkret halları üzrə müəyyən olunmuş digər diqqətəlayiq halları, ən əsası isə onun əvvəlki nikahdan olan 2 övladının olmasını və hazırda həmin uşaqların onun himayəsində olmasını nəzərə almamışdır. Birinci instansiya məhkəməsinin qətnaməsinin məzmunundan göründüyü kimi, işə baxan hakim yalnız iddiaçı tərəfin dəlillərini əsas götürməklə iddiaçının tələbinin əsaslı olduğu qənaətinə gəlmişdir. Göründüyü kimi, qanunun tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. İşə baxan birinci instansiya məhkəməsi isə işi hərtərəfli araşdırmamış, sübutlara düzgün hüquqi qiymət verməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətlərinə qarşı etiraz təqdim olunmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Cavabdehin nümayəndəsi Vəkil apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etmişdir.
18. İddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
19. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Maddə 34. Analıq, atalıq, uşaqlıq qanunla qorunur. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir.
20. “Uşaq hüquqlarına dair” BMT Konvensiyası Maddə 3. Məhkəmələr, uşaqlar barəsində görülən bütün tədbirlərdə, uşaqların maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət etməlidirlər.
21. “Uşaq Hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 3. Uşaqlar barəsində dövlət siyəsəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir; Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi tə minat almaq hüququ vardır.
22. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər; Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar; Maddə 76.2. Təyin edilmiş alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər; Maddə 78.1 Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.
23. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minumumu haqqında” Qanunu: Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2024-cü il üçün yaşayış minimumu ... uşaqlar üçün 235 manat məbləğində müəyyən edilsin.
24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli Qərarı: “Bu baxımdan nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. ... - aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. - göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.”
25. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarı: “... məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. ... alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir.
26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” - “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” - “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir. ... Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.”
Apellyasiya baxışının hədləri
28. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti ilə qətnamənin qismən ləğv olunması, yəni 28 fevral 2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 21 may 2024-cü il tarixdən Cavabdeh İddiaçı xeyrinə hər ay 150 manat sabit pul məbləğində alimentin tutulması xahiş edilsə də, mübahisənin predmeti bölünən olduğu, iddiaçı iddianın rədd olunduğu hissədə qətnamə onun tərəfindən mübahisə edilmədiyi üçün birinci instansiya məhkəməsinin qətnaməsinə iddia təmin olunan hissədə hüquqi müdaxilə dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilə bilər. Odur ki, qətnamənin əsaslılığına onun düzünə mübahisələndirilən hissədə (apellyasiya şikayəti həddində) hüquqi qiymət verilməli, qalan hissə tərəflər arasında mübahisəsiz olduğu, həmçinin, bütövlükdə prosessual hüquq normalarına riayət olunmaqla qəbul edildiyi üçün, qətnamənin mübahisələndirilməyən hissəsinə toxunulmamalı, qətnamə iddia təmin olunan hissədə və apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
29. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.
30. Cavabdehin apellyasiya şikayətinin ilkin dəlili ondan ibarətdir ki, onun Gülgaz Mamedova ilə rəsmi nikahından 03 dekabr 2014-cü il təvəllüdlü X7 və 06 yanvar 2018-ci il təvəllüdlü X9 adlı uşaqları var, hazırda həmin uşaqlar onun himayəsindədirlər.
31. Bu dəlillə bağlı birinci instansiya məhkəməsi tərəfindən düzgün qiymətləndirmə aparılaraq qeyd olunmuşdur ki, onun məhkəmə qətnaməsinə əsasən digər uşaqlarına aliment ödəməsi halı müəyyən edilməmişdir, buna görə də cavabdehin başqa iki uşağının olması onun uşağın saxlanması xərclərindən kənarda qalmasına əsas verən hal deyildir.
32. Digər bir dəlil kimi ona istinad olunmuşdur ki, məhkəmənin “onun Dubay, İstanbul, Abu Dabi, Bodrum və s. kimi turistik şəhərlərə səfərini əks etdirən sərhədkeçmə, habelə məhkəməyə təqdim etdiyi iş yerindən arayışda göstərilən əmək haqqımdan qat-qat yüksək həddə qüvvədə olan kredit müqavilələri üzrə kredit borcunun - "xxxx" ASC-yə aylıq 2496 manat, "xxxx" ASC-yə aylıq 385,91 manat ödəniş məbləğlərini həyata keçirməsinə dair kredit məlumatlarına əsasən onun kifayət qədər maliyyə imkanlarının olması qənətinə gəlməsi tamamilə əsassız və yanlışdır, onun qeyd edilən turistik şəhərlərə səfərləri valideynlərinin dəstəyi, maddi köməklikləri ilə baş tutmuşdur. Məhkəmə kollegiyası bu dəlilləri inandırıcı hesab etməməklə yanaşı qeyd edir ki, bu xüsusatla bağlı birinci instansiya məhkəməsinə hər hansı sübut təqdim olunmamışdır.
33. Cavabdehin “Palma” kafesində ofisiant işləməklə, 400 manat əmək haqqı alması ilə bağlı da birinci instansiya məhkəməsi düzgün əsaslandırma apararaq qeyd etmişdir ki, mediasiya sessiyasında iştiraka dair bildiriş cavabehə xx.xx.2024-cü il tarixdə çatdırıldıqdan sonra sonuncu xx.xx.2024-cü il tarixdə müvafiq əmək müqaviləsini bağlamaqla ofisiant işinə qəbul olunmuşdur, bu da cavabdehin ona qarşı alimentin ödənilməsi tələbinin irəli sürülməsi barədə məlumatlandırılmasından sonra az əmək haqqı ödənilən işə qəbul olunmaqla, bununla da məhkəməyə həqiqətə uyğun olmayan məlumat verməklə alimentin ödənilməsindən məqsədli şəkildə yayınmasına dəlalət edən hal kimi qiymətləndirilməsi qənaətinə gəlməyə əsas verir.
34. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
35. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 iyul 2024-cü il tarixli, 2(006)-3111/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 iyul 2024-cü il tarixli, 2(006)-3111/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.