Məhkəmə qərarları › İş №2(103)-5923/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5923/2020

06.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5923/2020 06.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), X7 və X2 ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı sığorta ödənişinin tam həcmdə ödənilməsi, vaxtında ödənilməyən sığorta ödənişinə görə dəbbə pulunun tutulması və mənəvi ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətlərinə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, əskik ödənilmiş 2825 manat məbləğində sığorta ödənişinin və sığorta ödənişinin vaxtında ödənilməməsinə görə 1252 manat məbləğində dəbbə pulunun, 30 manat ödənilmiş dövlət rüsumunun, məhkəmədə işin aparılması üçün vəkil xərci kimi 60 manat, mənəvi ziyanın əvəzi kimi 500 manat, ümumilikdə isə 4667 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Cavabdeh Sığorta Şirkəti ASC-də “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” şəhadətnaməsi ilə sığortalanmış “Hovo Yük” markalı Az **-JP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X4 xx xxxxxx 2018-ci il tarixində Bakı-Şamaxı yolunun 112-ci kilometrliyində əks istiqamətli yola çıxaraq iddiaçıya təhlükə törədib onun hərəkət istiqamətini məcburi dəyişməsinə səbəb olmuş, nəticədə iddiaçının idarə etdiyi “Volkswagen Amorok” markalı Az **-VA-*** dövlət qeydiyyat nişanlıavtomobil yolun kənarında yerləşən dərəyə düşərək zədələnmişdir. Hadisə ilə əlaqədar polis orqanında araşdırma aparılmış və sürücü barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. Hadisə baş verən gün iddiaçı hadisə haqqında cavabdeh sığorta təşkilatının nümayəndələrinə məlumat versə də, qanunda nəzərdə tutulmuş müddət ərzində əmlaka dəyən zərər cavabdeh tərəfindən qiymətləndirilməmişdir. Bundan sonra iddiaçı ərizə ilə Cavabdeh Sığorta Şirkəti ASC-yə müraciət etmiş və baş vermiş sığorta hadisəsi nəticəsində əmlakına dəymiş zərərin qiymətləndirilməsini, həmçinin müvafiq sığorta ödənişinin verilməsini xahiş etmişdir. Lakin cavabdeh təşkilat buna məhəl qoymamış və müəyyənləşdirilmiş müddət ərzində üzərinə düşən vəzifələri yerinə yetirməmişdir. Belə ki, Cavabdeh Sığorta Şirkəti ASC baş vermiş yol nəqliyyat hadisəsini sığorta hadisəsi kimi qiymətləndirməmiş və sığorta ödənişi verməkdən imtina etmişdir. Sığortaçı tərəfindən əmlaka dəymiş zərərin qiymətləndirilməsi üçün qanunla nəzərdə tutulmuş müddət keçdikdən sonra, iddiaçı əmlakına dəymiş ziyanın aradan qaldırılması məqsədilə avtomobilə dəymiş ziyanın məbləğini “Volkswagen” markalı avtomobillərin təmiri sahəsində ixtisaslaşmış “Euro Style LTD” şirkətində hesablatmış, həmin şirkət tərəfindən verilmiş qüsur aktına əsasən avtomobilə 5760 manat məbləğində ziyan dəyməsi müəyyən edilmişdir. Bundan sonra o, avtomobil üzərində zəruri təmir-bərpa işlərinin həyata keçirilməsinə başlamışdır. Avtomobil tam bərpa olunduqdan sonra iddiaçı təkrarən cavabdeh sığorta təşkilatına müraciət edərək baş vermiş sığorta hadisəsi nəticəsində əmlakına dəymiş zərərin əvəzi qismində 5760 manat məbləğə görə “İcbari sığortalar haqqında” Qanunda nəzərdə tutulmuş 5000 manat məbləğində sığorta ödənişinin 7 iş günü müddətində ödənilməsini xahiş etmişdir. Ancaq sığorta təşkilatı sığorta ödənişinin verilməsindən əsassız olaraq imtina etmişdir. Yaranmış problemin həlli üçün iddiaçı məcburiyyət qarşısında qalaraq cavabdeh sığorta təşkilatının fəaliyyətinə nəzarət edən Maliyyə X3 (sığorta sektoruna) şikayətlə müraciət etmişdir. Nəticə etibarilə X6 Palatası baş vermiş hadisəni sığorta hadisəsi hesab etmiş və məcburi göstəriş verərək müvafiq sığorta ödənişinin iddiaçıya ödənilməsini cavabdehdən tələb etmişdir. Lakin cavabdeh təşkilat guya vaxtilə özünün hesabladığı zərər məbləği müəyyən etmiş və ümumilikdə 2175 manat sığorta pulunun ödənilməsinə razılıq verərək pulu iddiaçıya ödəmişdir. Cavabdeh təşkilatın həmin məbləği hansı qaydada hesablaması məlum deyildir. Buna görə də iddiaçı yenidən Maliyyə X3 müraciət etmiş, lakin Palata qeyrimüəyyən mövqe tutaraq zərərin məbləğinin yenidən hesablanmasını təklif etmişdir. Buna görə də iddiaçı məhkəməyə müraciət etməyə məcbur olmuşdur. İddiaçı hesab edir ki, cavabdeh sığorta təşkilatı ona icbari sığorta ödənişi kimi 5000 manat əvəzinə 2175 manat sığorta ödənişi verdiyinə görə qalan 2825 manat sığorta ödənişi, habelə 2175 manat sığorta ödənişi yol nəqliyyat hadisəsindən xeyli müddət keçdikdən sonra verildiyinə görə xx xxxxxxxx 2018-ci il tarixdən etibarən xx xxxxxx 2018-ci il tarixinədək hər gecikdirilmiş gün üçün 5000 manat sığorta ödənişinin 0,1 faizi məbləğində, yəni 5 manat olmaqla cəmi 235 manat dəbbə pulu, 2175 manat sığorta ödənişinin verildiyi xx xxxxxx 2018-ci il tarixdən iddia tələbinin həcminin artırıldığı xx xxxxxx 2019-cu il tarixədək hər gecikdirilmiş gün üçün ödənilməmiş 2825 manat sığorta ödənişinin 0,1 faizi məbləğində, yəni 2,825 manat olmaqla cəmi 1017 manat dəbbə pulu, habelə mənəvi ziyanın əvəzi kimi 500 manat, ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat, məhkəmədə işin aparılması üçün vəkil xərci kimi 60 manat pul Cavabdeh Sığorta Şirkəti ASC-dən tutulub iddiaçıya ödənilməlidir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(009)-156/2020 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, sığorta ödənişinin əvəzi olaraq 2825 manat, iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumunun 20 manat hissəsi və hüquqi yardım üçün ödənilmiş xidmət haqqı olan 60 manatın 50 manat hissəsi, ümumilikdə 2895 manat məbləğində pul vəsaitinin Cavabdeh Sığorta Şirkəti ASCdən tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Həmin qətnamədən həm iddiaçı, həm də cavabdeh apelyasiya şikayəti vermişdir. İddiaçı apelyasiya şikayətində iddianın təmin olunmamış hissəsində qətnamənin ləğv edilərək iddianın tam həcmdə təmin olunmasını, cavabdeh isə qətnamənin ləğv olunub iddianın rədd edilməsini xahiş etmişdir. İddiaçı apelyasiya şikayətini belə əsaslandırmışdır ki, Cavabdeh Sığorta Şirkəti ASC sığorta ödənişinin verilməsini gecikdirdiyi halda, birinci instansiya məhkəməsi əsassız olaraq iddia tələbini dəbbə pulunun ödənilməsi hissəsində təmin etməmiş, qətnamə qəbul olunarkən maddi hüquq normaları pozulmuşdur. Cavabdeh isə apelyasiya şikayətini belə əsaslandırmışdır ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 16.2-ci maddəsinə əsasən, sığortaçı sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən etdiyi halda, İddiaçı bu maddənin tələblərini pozaraq qanunvericilikdə müəyyən edilmiş müddəti gözləmədən dəymiş zərəri özü müəyyən edərək zərər məbləğini daha çox göstərmişdir. Məhkəmə əmtəəşünaslıq ekspertizası keçirilərkən iddiaçının “Euro Style LTD” şirkətindən alınmış mötəbərliyi şübhə doğuran qüsur aktına istinad olunmuşdur. Məhkəmə gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi Nümayəndə və cavabdehin nümayəndəsi Nərminə Hüseynzadə təmsil etdikləri şəxslərin apelyasiya şikayətini müdafiə etdiklərini bildirdilər. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını və apelyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayətləri təmin edilməməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(009)- 156/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan sübutlardan görünür ki, Cavabdeh Sığorta Şirkəti ASCdə PAT ********** nömrəli "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” şəhadətnaməsi ilə sığortalanmış "Howo" markalı Az **-JP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X4 xx xxxxxx 2018-ci il tarixində Bakı-Şamaxı yolunun 112-ci kilometrliyində əks istiqamətli yola çıxaraq iddiaçıya təhlükə törədib onun hərəkət istiqamətini məcburi dəyişməsinə səbəb olmuş, nəticədə iddiaçının idarə etdiyi “Volkswagen Amorok” markalı Az **-VA-*** dövlət qeydiyyat nişanlıavtomobil yolun kənarında yerləşən dərəyə düşərək zədələnmişdir. X4 həmin yol nəqliyyat hadisəsində təqsirli bilinərək xx.xx.2018-ci il tarixli inzibati xəta haqqında qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən 60 manat məbləğində cərimə olunmuşdur. Yol nəqliyyat hadisəsi nəticəsində "Howo" markalı Az **-JP-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı məxsus “Volkswagen Amarok” markalı Az **-VA-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmasa da, "Howo" markalı avtomobilin sürücüsü qarşı hərəkət yoluna çıxaraq təhlükə yaratdığına görə sonuncunun avtomobili yolun sağında dərəyə düşərək zədələnmişdir. “Euro Style LTD tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli qüsur aktına əsasən “Volkswagen Amorok” markalı Az **-VA-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği ehtiyat hissələrinin və görülən işlərin ümümi dəyəri nəzərə alınmaqla 5760 manat məbləğində müəyyən edilmişdir. X5 (iddiaçının nümayəndəsi) sığorta ödənişinin verilməsi üçün tələb olunan bütün sənədlər də əlavə edilməklə xx.xx.2018-ci il tarixli ərizə ilə Cavabdeh Sığorta Şirkəti ASC-yə müraciət edərək hadisə nəticəsində “Volkswagen Amorok” markalı Az **-VA- *** dövlət qeydiyyat nişanlı avtomobilə görə 5760 manat məbləğində sığorta ödənişinin verilməsini xahiş etmiş, Cavabdeh Sığorta Şirkəti ASC isə qeyd edilən hadisə zamanı şirkətdə sığorta olunan “Howo" markalı Az **-JP-*** dövlət qeydiyyat nişanlı avtomobillə İddiaçı məxsus “Volkswagen Amarok” markalı **-VA-*** dövlət qeydiyyat nişanlı avtomobil arasında heç bir toqquşma baş vermədiyini əsas gətirərək, qeyd edilən hadisəni sığorta hadisəsi kimi qəbul etməmiş və bu hadisə ilə bağlı sığorta ödənişinin verilməsindən imtina edərək, bununla bağlı ərizəçiyə xx.xx.2018-ci il tarixli məktubla yazılı surətdə məlumat vermişdir. İddiaçı daha sonra Azərbaycan Respublikası Maliyyə X3 şikayət etmiş, Palata tərəfindən Cavabdeh Sığorta Şirkəti ASC-yə şikayətlə bağlı xx.xx.2018-ci il tarixli məktub ünvanlanaraq sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini müəyyən etdikdən 7 gün müddətində faydalanan şəxsə ödənilməsinin təmin edilməsini, 7 iş günü müddətində sığorta ödənişi həyata keçirilmədiyi təqdirdə hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulunun ödənilməsinin faydalanan şəxs tərəfindən tələb edilə bilməsi bildirilmişdir. Cavabdeh şirkətin texniki ekspertiza şöbəsi tərəfindən xx.xx.2018-ci il tarixli hesabatla zərərin məbləği 2175 manat müəyyən edilmiş və həmin məbləğin xx.xx.2018-ci il tarixdə İddiaçı ödənilməsi təmin olunmuşdur. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2020ci il tarixli 32360 saylı rəyinə əsasən, nəzəri hesablama yolu ilə, iş materiallarında olan “Euro Style” LTD tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2011-ci il buraxılışlı “Volkswagen Amorok” markalı Az **-VA-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci, avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 5008 manat müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925.1-ci maddəsinə əsasən, sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir. Sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla, təyin olunan müstəqil ekspert tərəfindən aparılır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 16.4-cü maddəsinə əsasən sığortaçı sığorta hadisəsinin baş verməsi barədə məlumatlandırıldığı tarixdən 7 iş günü müddətində əmlaka dəymiş zərərin məbləğinin qiymətləndirilməsini təşkil etmədikdə sığortalı və sığorta olunan, həmçinin zərər çəkmiş üçüncü şəxs təyin etdiyi qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert və ya mütəxəssis vasitəsilə əmlaka dəymiş zərərin ədalətli şəkildə qiymətləndirilməsinə və aradan qaldırılmasına başlaya bilər. Bu halda əgər sığortaçı əmlaka dəymiş zərərin vaxtında qiymətləndirilməməsini əmlak sahibinin ölümü və ya xəstəliyi, həmçinin sığortalının, sığorta olunanın və ya zərər çəkmiş üçüncü şəxsin əmlakın qiymətləndirilməsi üçün şərait yaratmaması nəticəsində baş verdiyini sübut edə bilməsə, o, zərər çəkmiş üçüncü şəxs tərəfindən bu maddədə nəzərdə tutulmuş qaydada həyata keçirilmiş qiymətləndirmənin nəticələrini qəbul etməlidir. Həmin Qanunun 56.1, 56.1.2-ci maddələrinə əsasən, üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə sığorta məbləği 5000 manat müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh Sığorta Şirkəti ASC baş vermiş yol nəqliyyat hadisəsini əsassız olaraq sığorta hadisəsi kimi qiymətləndirməmiş, sığorta hadisəsinin baş verməsi barədə məlumatlandırıldığı tarixdən 7 iş günü müddətində əmlaka dəymiş zərərin məbləğinin qiymətləndirilməsini təşkil etməmiş, buna görə də zərər çəkmiş üçüncü şəxs özü “Euro Style LTD” şirkətinə müraciət edərək avtomobilə dəymiş ziyanın qiymətləndirilməsini təşkil etmişdir. Həmin şirkət tərəfindən verilmiş qüsur aktına əsasən ziyanın məbləği 5760 manat, məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyinə əsasən isə 5008 manat müəyyən edilmişdir. Sığorta təşkilatı tərəfindən isə zədələnmiş avtomobilə harada baxış keçirilməsi qeyri-müəyyən olduğuna görə məhkəmə kollegiyası hesab edir ki, ziyanın məbləğinin 2175 manat müəyyən edilməsi barədə xx xxxxxx 2018-ci il tarixli hesabat əsaslı şübhədən kənar deyil. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, zədələnmiş avtomobilin qiymətləndirilməsi məhz sığortaçının təqsiri üzündən qanunla müəyyən edilmiş müddətdə həyata keçirilmədiyinə görə o, zərər çəkmiş üçüncü şəxs tərəfindən həyata keçirilmiş qiymətləndirmənin nəticələrini qəbul etməlidir. Birinci instansiya məhkəməsi “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 56.1, 56.1.2-ci maddələrinə əsasən üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə sığorta məbləğinin 5000 manat müəyyən edilməsini, ekspert rəyinə əsasən avtomobilə 5008 manat məbləğində ziyan vurulmasını, zərərçəkmiş üçüncü şəxsə 2175 manat məbləğində sığorta pulunun verilməsini nəzərə alaraq, (5000- 2175=2825) 2825 manat məbləğində sığorta ödənişinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə düzgün nəticəyə gəlmişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə əsasən, bu Qanunun 17.1-ci maddəsində göstərilən sənədlərdən sonuncusunun sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, müvafiq hallarda zərərin qiymətləndirilməsi, əmlakın təmiri, bərpası və ya yenisi ilə əvəz edilməsi üçün yazılı qaydada təsdiqlənən tədbir görməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verməlidir. Sığortaçı sığorta ödənişini bu Qanunun 18.1ci maddəsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. Məhkəmə kollegiyası hesab edir ki, sığorta ödənişinin vaxtında verilməməsinə görə dəbbə pulunun tutulması barədə iddia tələbini təmin etməməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Belə ki, sığorta təşkilatı əvvəlcə yol nəqliyyat hadisəsini sığorta hadisəsi kimi qəbul etməmiş, hadisə sığorta hadisəsi kimi tanındıqdan 3 gün sonra isə sığorta məbləğini müəyyən edərək ödəniş etmişdir. Daha sonra tərəflər arasında sığorta ödənişinin məbləği ilə bağlı mübahisə yaranmışdır. Beləliklə, sığortaçının sığorta ödənişini “İcbari sığortalar haqqında” Qanunun 18.1-ci maddəsi ilə müəyyən olunmuş müddətdə ödəməməsi iş materialları ilə təsdiq olunmadığına görə sığorta məbləğinin vaxtında ödənilməməsinə görə sığorta təşkilatından dəbbə pulu tutula bilməz. Bundan əlavə, İddiaçı cavabdeh təşkilatın sığorta ödənişini vaxtında ödəməməsi nəticəsində mənəvi ziyana məruz qalmasını sübuta yetirə bilmədiyinə görə birinci instansiya məhkəməsi iddia tələbini həmin hissədə təmin etməməklə də düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402- 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı və Cavabdeh Sığorta Şirkəti ASC-nin apelyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(009)-156/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətləri verilməsi üçün ödənilmiş dövlət rüsumu tərəflərin özlərinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar