Məhkəmə qərarları › İş №2(103)-5923/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5923/2022

13.09.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5923/2022 13.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi, hakimlər Həsənov Elnur Məmmədsaat oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Abbaslı Əsgər Əbülfət oğlunun katibliyi, İddiaçı vəkili-nümayəndəsi Vəkil1, Cavabdeh1, onun vəkili-nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “alimentin azaldılması” tələbinə dair ilkin və Cavabdeh1 İddiaçı qarşı “alimentin artırılması və əlavə xərcin tutulması” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 iyun 2022-ci il tarixli e-2(004)-2586/2022 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(010)-1630/2010 saylı icra vərəqəsinə əsasən, xx.xx.2010-cu il tarixdən başlayaraq cavabdeh İddiaçı xx.xx.2009-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün aylıq qazancının (başqa qəlirlərinin) ¼ (dörddə bir) hissəsi miqdarında aliment tutularaq tələbkar X4 ödənilməlidir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1367/2021 saylı, xx.xx.2021-cı il tarixli qətnaməsi ilə xx.xx.2021-ci il tarixindən başlayaraq xx.xx.2012-ci il təvəllüdlü X9 və xx.xx.2016-cı il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh İddiaçı hər ay qazancının və digər gəlirlərinin 1/3 (üçdə bir) hissəsi miqdarında aliment alnaraq iddiaçı Cavabdeh2 ödənilməsi qət edilmişdir. Bakı şəhəri Suraxanı rayon icra şöbəsinin xx.xx.2021-ci il tarixli 3945/2011-18-21 saylı məktubundan müəyyən olunur ki, xx.xx.2010-cu il tarixdən başlayaraq borclu İddiaçı xx.xx.2009-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün aylıq qazancının (başqa qəlirlərinin) ¼ (dörddə bir) hissəsi miqdarında aliment tutularaq tələbkar X4 ödənilməlidir. xx.xx.2021-ci il tarixinə qədər aliment üzrə borcu cəmi 38071 (otuz səkkiz min yetmiş bir manat) təşkil edir. Nərimanov Rayon İcra şöbəsinin xx.xx.2021-ci il tarixli, 7775/3945/11-15-28 saylı məktubundan müəyyən olunur ki, Nərimanov Rayon İcra şöbəsinin icra məmuru Zaur Abdullayev tərəfindən Suraxanı Rayon Məhkəməsinin 2(010)-1630/2010 saylı, xx.xx.2010cu il tarixli icra sənədi üzrə borclu olan İddiaçı məxsus Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi ünvanında yerləşən 41/3665 saylı torpaq sahəsi və Mercedes Benz E270 CDİ minik markalı **-ZM-*** dövlət qeydiyyatı nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə təqdimatla Nərimanov Rayon Məhkəməsinə müraciət edilmişdir. "xxxx" QSC-nin xx.xx.2022-ci il tarixli LS18/1525 saylı arayışından müəyyən olur ki, X10 həqiqətəndə Landau School Təhsil Kompleksinin ingilis bölməsinin 7-ci sinfində təhsil alır və illik təhsil haqqı 8000 manatdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İlkin iddia ərizəsi üzrə: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı alimentin azaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.3-cü maddəsini, yəni 3 və daha çox uşağa görə-qazancın yarısı, normasını tətbiq edərək, üzərinə yuxarıda qeyd olunan müvafiq məhkəmə qərarları ilə qoyulmuş aliment öhdəliklərini cavabdehlərə Cavabdeh1 və Cavabdeh2 münasibətdə azaldılmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh1 ilə arasında olan nikaha Bakı şəhər Suraxanı rayon məhkəməsinin 2(010)-1630/2010 saylı, xx.xx.2010-cu il tarixli qətnaməsi ilə son qoyulmuşdur. Eyni zamanda həmin qətnamə ilə xx.xx.2009-cu il təvvəllüdlü, birgə nikahdan dünyaya gəlmiş oğlu X6 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay qazancının və digər gəlirlərin ¼ hissəsində alimentin cavabdehin xeyrinə tutulması qət edilmişdir. Hazırda həmin pul məbləği onun maaşından cavabdehin xeyrinə tutulur. Eyni zamanda Cavabdeh2 ona qarşı Bakı şəhər Nərimanov rayon məhkəməsində iddia qaldıraraq xx.xx.2012-ci il təvəllüdlü X9 və xx.xx.2016-cı il təvəllüdlü X1 üçün aliment tələb etmiş, məhkəmənin xx.xx.2021-ci il tarixli, 2(005)-1367/2021 saylı qətnaməsi ilə adları qeyd olunan övladlarının yetkinlik yaşına çatana qədər saxlanmaları üçün iddiaçı Cavabdeh2 xeyrinə qazancının və digər gəlirlərinin 1/3 hissəsi miqdarında aliment tutulması qət edilmişdir. Hazırda o faktiki olaraq 3 uşağın saxlanması üçün aliment ödəyir. Daha əvvəlki nikahdan olan övladı, xx.xx.2009-cu il təvvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay qazancının və digər gəlirlərin ¼ hissəsində aliment ondan tutulur. Hesab edir ki, bu düzgün hal deyildir, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76-cı maddəsinin mahiyyətinə ziddir. Belə ki, o, faktiki olaraq 3 uşağa aliment ödəyir və bu halda ondan cavabdehin xeyrinə gəlirinin ¼ hissəsində aliment tutulması qanunsuzdur. Qeyd olunan halda AR Ailə Məcəlləsinin 76.1.3-cü maddəsi, yəni 3 və daha çox uşağa görə-qazancın yarısı, norması tətbiq edilməlidir. Hazırda nə Bakı şəhər Suraxanı rayon məhkəməsinin 2(010)-1630/2010 saylı, xx.xx.2010-cu il tarixli qətnaməsini, nə də ki, Bakı şəhər Nərimanov rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)-1367/2021 saylı qətnamələrini mübahisələndirə bilmir, çünki, artıq qanuni qüvvələrini almışdır. Digər halda isə, onun üzərində həddindən artıq aliment yükü yaranır, o, faktiki olaraq maaşının yarısından çoxunu aliment ödəməyə sərf edir. Buna görə də hesab edir ki, hazırda AR Ailə Məcəlləsinin 76.1.3- cü maddəsi, yəni 3 və daha çox uşağa görə-qazancın yarısı, norması tətbiq edilməli, onun üzərinə məhkəmə qərarları ilə qoyulmuş aliment öhdəlikləri cavabdehlərə münasibətdə azaldılmalıdır. Cavabdeh1 iddia ərizəsinə etiraz təqdim edərək, bildirmişdir ki, iddia ərizəsi iki cavabdehə ona və Cavabdeh2 qarşı qaldırılsa da, əslində iddia ərizəsinin məzmunundan aydın olur ki, iddiaçının əsl niyyəti oğlu xx.xx.2009-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadak saxlanılması üçün hər ay iş üzrə iddiaçının qazanc və gəlirlərin 1/4 hissəsində tutulan aliment məbləğinin azaldılmasıdır. Çünki iş materiallarından da aydın olur ki, İddiaçı və digər Cavabdeh2 faktiki olaraq eyni ünvanda yaşamaqla, birgə təsərrüfat aparır, uşaqlarını birgə böyüdürlər, xərcləri birgə qarşılayırlar. Qeyd olunan bu halı iddia ərizəsində iddiaçı və cavabdeh yaşayış ünvanlarının eyni - yəni, ünvan 2ası da bir daha təsdiq etməkdədir. İddiaçı hər vəchlə övladı Mustafa Məmmədova münasibətdə aliment öhdəliklərini icra etməkdən bu və ya digər formada yayınmaqdadır. Belə ki, Suraxanı Rayon Məhkəməsinin 2(010)-1630/2010 saylı, xx.xx.2010-cıı il tarixli icra sənədinə əsasən xx.xx.2010-cıı ildən xx.xx.2020-ci ilədək tutulmalı olan aliment borcunun 38071 (otuz səkkiz min yetmiş bir) olduğu müəyyən edilmişdir. iddiaçının ikinci dəfə ailə həyatı qurması, həmin nikahdan iki uşağının dünyaya gəlməsi onun əvvəlki nikahdan doğulmuş uşağın saxlanması vəzifəsindən azad etmir. Odur ki, iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi üzrə: Cavabdeh Nəsirli X5 Zaur Məzahir oğluna qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın iddianın təmin edilməməsi, qarşılıqlı iddianın isə təmin edilərək, xx.xx.2009-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün Nurlana Nəsirulla qızının xeyrinə hər ay İddiaçı aylıq qazanc və gəlirlərinin ¼ hissəsində alimentin müəyyən edilməsi, uşaqla bağlı əlavə xərclərə görə hər ay sabit pul məbləğində olmaqla 250 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, ilkin iddia üzrə iddiaçı iddiasının əsasını xx.xx.2009-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadak saxlanılması üçün hər ay İddiaçı qazanc və gəlirlərin 1/4 hissəsində tutulan aliment məbləğinin azaldılmasıdır. İddiaçı qaldırdığı iddiası üzrə cavabdeh N.Nurlanaya aid olsa da o qəbul etmir. X10 böyüdükcə onun gündəlik xərcləri hər gün artır. Ölkə və dünya iqtisadiyyatında baş verən və hamıya bəlli olan bahalaşma təsirin gündəlik təlabat xərclərinin belə ödənilməsində uşağı təkbaşına böyüdən ananın çətinliklərlə qarşılaşması mübahisə olunmazdır. Digər tərəfdən övladlarının sağlam, cəmiyyətə xeyirli, hərtərəfli inkşaf etmiş bir fərd kimi formalaşması təmin etmək bir valideyn kimi onun ən əsas məqsəd və borclarındarından biridir. Bunun üçün o övladının sağlamlığının qorunması, keyfiyyətli təhsilin olunması, istirahətinin səmərəli keçirilməsi və s. üçün də mütəmadi əlavə xərclər çəkir. Hazırda qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən ödənilməli olan aliment məbləği uşağı saxlanılması üçün faktiki olaraq yaranan xərcləri qarşılamır. Ona görə də müəyyənləşdirilmiş aliment məbləğinin artırılması zərurəti yaranmışdır.Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin təhlükəsizlik və müdafiə məsələləri sektorunda baş məsləhətçi vəzifəsində işləyir və orta aylıq əmək haqqı 4200 (dörd min iki yüz ) manatdan çox təşkil edir. Buna görə də tələb edilən məbləğ cavabdeh üçün heç bir çətinlik yaratmamaqla, oğullarının layiqli həyat səviyyəsini təmin edilməsinə kömək edəcəkdir. Övladının qayğısına qalmaq hər bir valideynin borcu olduğu haldır, qarşılıqlı iddia üzrə cavabdeh nə maddi, nə də mənəvi cəhətdən bunu yerinə gətirir. Hətta hər vəchlə öz aliment öhdəliklərindən bu və ya digər qanunsuz və hüquqa və ədalətə zidd üsullarla yayınmağa çalışır. Hazırda alimentin azaldılması tələbinə dair iddianın qaldırılması da bu halın bariz nümunəsidir. Cavabdehin öz atalıq vəzifəsini mənəvi olaraq yerinə yetirməyini ona məcbur edə bilməyəcəyi nəzərə alaraq, onun maddi cəhətdən ən azından bu vəzifənin bir qismini yerinə yetirməyini tələb edə bilər. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 iyun 2022-ci il tarixli e-2(004)- 2586/2022 saylı qətnaməsi ilə ilkin iddia tələbinin qismən təmin edilməsi, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1630/2010 saylı 25 noyabr 2010-cu il tarixli qətnaməsi ilə uşağın saxlanması üçün İddiaçı Nəsirli (Məmmədova) Nurlana Nəsirulla qızının xeyrinə tutulan alimentin miqdarının dəyişdirilməsi, xx.xx.2009-cu il təvəllüdlü X2 üçün İddiaçı Cavabdeh1 xeyrinə tutulan alimentin miqdarının aylıq qazancının 1/6 hissəsində müəyyən edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, alimentin tutulmasının qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanması, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “xx.xx.2009-cu il təvvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün onun xeyrinə cavabdehin aylıq qazanc və gəlirlərinin ¼ hissəsində alimentin müəyyən edilməsi, uşaqla bağlı əlavə xərclərə görə hər ay 250 manat sabit pul məbləğində vəsaitin tutulması” dair qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsinin ilkin iddia ərizəsi ilə bağlı mövqeyinə görə, ilkin iddia üzrə iddiaçı 3 uşaq üçün aliment ödəyir. Bir uşağa görə ¼ hissədə, digər iki uşağa görə isə 1/3 hissədə aliment ödəyir. Göründüyü kimi iddiaçının ödədiyi aliment onun əmək haqqının yarısından çoxunu təşkil edir. Məhkəmə hesab edir ki, iddiaçı alimentin miqdarının dəyişdirilməsi barədə iddia qaldırmaqda haqlıdır. Ona görə də məhkəmə qeyd edir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(010)-1630/2010 qətnaməsi ilə uşağın saxlanması üçün İddiaçı X3 xeyrinə tutulan alimentin miqdarı dəyişdirilməli, xx.xx.2009-cu il təvəllüdlü X2 üçün İddiaçı X3 xeyrinə tutulan alimentin miqdarı aylıq qazancının 1/6 hissəsində müəyyən edilməlidir (4281/6=715.50). Lakin məhkəmə qeyd edir ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1367/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə xx.xx.2012-ci il təvəllüdlü X9 və xx.xx.2016-cı il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan alimentin miqdarının azaldılması hissəsində iddia təmin edilməməlidir. Məhkəmə hesab edir ki, iddiaçının maaşının 1/3 hissəsi elə 2/6 hissəyə (4281/6×2=1427) bərabər olduğuna görə həmin hissədə alimentin miqdarının dəyişdirilməsinə zərurət yoxdur. Birinci instansiya məhkəməsinin qarşılıqlı iddia ərizəsi ilə bağlı mövqeyinə görə, qanunun məzmunundan və Konstitusiya Məhkəməsinin qərarından aydın olur ki, uşaqların xəstəliyi ilə əlaqədar əlavə xərclərə valideynlər o vaxt cəlb olunur ki, uşaqlar ağır xəstə, şikəst olması ilə yanaşı bu və ya digər şəkildə tibbi xidmət və müalicə ilə əlaqəli olmaqla göstərilən analoji xidmətlər (ağır bədən yarasının sağaldılması, protezləşdirmə, uşağın reabilitasiya təlimləri, sanatoriya-kurort müalicəsi və s.) olsun. Qarşılıqlı iddia üzrə iddiaçı isə uşağın özəl məktəbdə oxumasına dair sənədi məhkəməyə təqdim etsə də məhkəmə hesab edir ki, bu hal əlavə xərcin tutulması üçün əsas deyildir. Məhkəmə ilkin və qarşılıqlı iddia tələbləri ilə bağlı mövqelərini Azərbaycan Respublikası Konstitusiyasının 17.2, Ailə Məcəlləsinin 76.1, 112.1, 81.1, 81.2-ci maddələri, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd olunan hüquqi mövqelərə istinada əsaslandırmışdır. Apelyasiya instansiyası məhkəməsində icraat Qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(004)-2586/2022 saylı qətnaməsinin ləğv edilərək, ilkin iddia üzrə idda tələblərinin tamamilə rədd edilməsi, qarşılıqlı iddia üzrə iddia tələblərinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, iddia ərizəsi iki cavabdehə Cavabdeh1 və Cavabdeh2 qarşı qaldırılsa da, əslində iddia ərizəsinin məzmunundan aydın olur ki, iddiaçının əsl niyyəti oğlu xx.xx.2009-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadak saxlanılması üçün hər ay iş üzrə iddiaçının qazanc və gəlirlərin 1/4 hissəsində tutulan aliment məbləğinin azaldılmasıdır. Çünki iş materiallarından da aydın olur ki, İddiaçı və digər Cavabdeh2 faktiki olaraq eyni ünvanda yaşamaqla, birgə təsərrüfat aparır, uşaqlarını birgə böyüdürlər, xərcləri birgə qarşılayırlar. Qeyd olunan bu halı iddia ərizəsində iddiaçı və cavabdeh yaşayış ünvanlarının eyni - yəni, ünvan 3sı da bir daha təsdiq etməkdədir. İddiaçı hər vəchlə övladı Mustafa Məmmədova münasibətdə aliment öhdəliklərini icra etməkdən bu və ya digər formada yayınmaqdadır. Qanunvericiliyin müvafiq müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi və sonradan dəyişdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Uşağın əvvəlki təminat səviyyəsinin maksimal səviyyədə saxlanması anlayışı nikahın pozulmasının, valideynlərinin ayrı yaşamasının uşağa çəkilən xərclərin kəskin azaldılmaması, uşağın maddi rifahının pisləşməməsi və ya digər məhrumiyyətlərə məruz qalmamasını ehtiva edir. İşə baxan birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, digər cavabdehlə iddiaçının birgə nikahlarından dünyaya gələn uşaqlarının xeyrinə aliment ödənilməsinə dair iddiaya məhkəmədə baxılarkən hazırkı ilkin iddia üzrə cavabdeh, qarşılılı iddia üzrə iddiaçı olan Cavabdeh1 həmin məhkəmə prosesinə cəlb edilməmiş, bu barədə məlumatı olmamışdır. Halbuki qanunvericiliyin tələblərinə əsasən o həmin işə maraqlarına toxunulan şəxs kimi cəlb olunmalı idi. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 və onun vəkilinümayəndəsi Vəkil2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı vəkili-nümayəndəsi Vəkil1 apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının “ilkin iddia tələbinin təmin edilməsi və qarşılıqlı iddianın təmin edilməməsi” hissələrində yoxlanılması təşkil edir. İlkin iddia üzrə iddiaçı iddia tələblərinin təmin edilməyən hissələrini mübahisələndirmədiyindən qətnamə həmin hissədə yoxlanılmır. Tətbiq edilən hüquq Mülki Prosessual Məcəllə: - 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. - 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. - 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. - 385.1.1 və 385.1.2-ci maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiyası: - 17 (İİ). Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. - 34 (İV). Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Ailə Məcəlləsi: - 55.1. Uşaq öz valideynlərindən və ailənin digər üzvlərindən bu Məcəllənin beşinci bölməsində müəyyən olunmuş qaydada və miqdarda vəsait almaq hüququna malikdir. - 75.1. valideynlər uşaqlarını saxlamağa borcludurlar. - 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) məhkəmə qaydasında tutulur. - 78.1. valideynlər arasında yetkinlik yaşınaçatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişkən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. - 81.1. Alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. - 81.2. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. - 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanunu: - 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. - 19. Valildeynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Məhkəmə kollegiyasının mövqeyi Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli, ilkin iddia tələblərinə dair mübahisələndirilən hissədə iddia rədd edilməli, qalan hissələrdə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(010)-1630/2010 qətnaməsi ilə uşağın saxlanması üçün İddiaçı X3 xeyrinə tutulan alimentin miqdarı dəyişdirilməsi, xx.xx.2009-cu il təvəllüdlü X2 üçün İddiaçı X3 xeyrinə tutulan alimentin miqdarı aylıq qazancının 1/6 hissəsində müəyyən edilməli olması qənaətinə gələrkən iddiaçının təzlükəsizlik və müdafiə məsələləri üzrə sektorunda baş məsləhəhətçi vəzifəidə işləməklə orta əmək haqqının 4.281,73 manat olmasına dair Azərbaycan Respublikasının Nazirlər Kabinetinin İşlər İdarəsinin xx.xx.2021-ci il tarixli 21/37 saylı arayışını nəzərə almışdır. İddiaçı tələbində faktiki olaraq 3 uşağa aliment ödəməsini və bu halda ondan cavabdehin xeyrinə gəlirinin ¼ hissəsində aliment tutulması qanunsuz olmasını Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76-cı maddəsinin mahiyyətinə zidd olması ilə əsaslandırır. Yəni, onun üzərində həddindən artıq aliment yükü yaranır, o, faktiki olaraq maaşının yarısından çoxunu aliment ödəməyə sərf edir. Buna görə də hesab edir ki, hazırda AR Ailə Məcəlləsinin 76.1.3- cü maddəsi, yəni 3 və daha çox uşağa görə-qazancın yarısı, norması tətbiq edilməlidir. Başqa sözlə, iddiaçının tələbindən aydın olur ki, o, 3 uşağına ödəmək istədiyi alimentin məbləği, maaşı olan 4281 manat məbləğin yarısı, yəni 2140,5 manat məbləğində olmalıdır. Əvvəla kollegiya qeyd edir ki, aliment tutulmasına dair qətnamələr arasında 11 il fərq var və hər dəfə işə baxılarkən məhkəmələr qaldırılan iddia tələbi üzrə 1 və 2 uşağa ayrılıqda aliment məbləğini müəyyən edərkən Ailə Məcəlləsinin 76.1.1 və 76.1.2-ci maddələrini rəhbər tutmuşlar. İşin materiallarından görünür ki, iddiaçının etiraf etdiyi kimi, Nərimanov Rayon Məhkəməsinin 2(005)-1367/2021 saylı, xx.xx.2021-cı il tarixli qətnaməsi qanuni qüvvəsini almış, onun qanuniliyini mübahisələndirməmişdir. Başqa sözlə, həmin qətnamə ilə razılaşsa da, hazırda Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 76.1.3-cü maddəsini rəhbər tutaraq hazırki iddianı qaldırır. Kollegiya qeyd edir ki, həmin normada 3 və daha çox uşağa görə qazancın (başqa gəlirlərin) yarısı məbləğində aliment tutulması nəzərdə tutulmuşdur. Ailə Məcəlləsinin 76.2-ci maddəsinə əsasən isə bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ail əvə maddi vəziyyəti, eləcə də diqqətə layiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Kollegiya qeyd edir ki, sadalanan normalar 3 və daha uşağa görə aliment təyin edilməsi barədə qaldırılan iddialar baxılan zamanı tətbiq edilir. Aliment tutulmasına dair qətnamə qəbul ediləndən sonra (qanuni qüvvəsini aldıqda) alimentin müəyyən olunmuş miqdarını dəyişdirilməsinin hüquqi əsasını həmin Məcəllənin 112.1-ci maddəsi təşkil edir. Həmin normaya görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətə layiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. İstinad olunan normanın əsas dispozitiv şərtindən göründüyü kimi, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla müəyyən edilir. Eləcə də məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, alimentin müəyyən olunmuş miqdarının dəyişməsi üçün zəruri şərt tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmasıdır. Kollegiya qeyd edir ki, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli qətnaməsinə əsasən iddiaçıdan xx.xx.2009-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün aylıq qazancının (başqa qəlirlərinin) ¼ (dörddə bir) hissəsində tutulmalı olan aliment miqdarı 1070,25 manat təşkil edir. Həmçinin, Nərimanov Rayon Məhkəməsinin 2(005)-1367/2021 saylı, xx.xx.2021-cı il tarixli qətnaməsi ilə iddiaçıdan xx.xx.2012-ci il təvəllüdlü X9 və xx.xx.2016-cı il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının və digər gəlirlərinin 1/3 (üçdə bir) hissəsində tutulmalı olan alimentin miqdarı 1427 manat təşkil edir. Beləliklə də, müəyyən edilir ki, iddiaçı hər iki qətnaməyə əsasən üç uşağına ümumilikdə 2497 manat məbləğində aliment ödədikdən sonra ona qalan məbləğ 1783,75 manat təşkil edir. Göründüyü kimi, iddiaçı faktiki olaraq maaşının yarısından çoxunu aliment ödəməyə sərf etsə də, onun üzərində həddindən artıq aliment yükü yaranmır. Kollegiya daha sonra qeyd edir ki, iddiaçı hələ Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1367/2021 saylı, xx.xx.2021-cı il tarixli qətnaməsi qəbul edilənə kimi Suraxanı Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(010)-1630/2010 saylı qətnaməsini icra etməyərək iş materiallarında olan Suraxanı rayon icra şöbəsinin xx.xx.2021-ci il tarixli 3945/2011-18-21 saylı məktubuna əsasən xx.xx.2021-ci il tarixinə qədər aliment üzrə 38071 manat borcu yaranmışdır. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, xx.xx.2009-cu il təvəllüdlü X2 üçün İddiaçı X3 xeyrinə tutulan alimentin miqdarı aylıq qazancının 1/6 hissəsində (4281/6=715.50) müəyyən edilməli olması azyaşlının mənafeyinə uyğun olmamaqla birinci instansiya məhkəməsi öz nəticəsini Ailə Məcəlləsinin 112-ci maddəsinin tələblərinə uyğun düzgün əsaslandırılmamışdır. Həmçinin kollegiya hesab edir ki, məhkəmə göstərilən nəticəyə gələrkən Cavabdeh2 iddiaçıya qarşı aliment tələbinə dair qanuni qüvvəsini almış məhkəmə qətnaməsində olmasına baxmayaraq aralarında olan nikahlarının pozulmamasına və onların hazırki faktiki münasibətlərinin hansı qaydada olmasına dair ilk iddiaya etirazın dəlillərinə də diqqət yetirməmiş, onların birgə təsərrüfat ararıb-aparmamasını aydınlaşdırmamışdır. Belə ki, əvvəla işin materiallarından görünür ki, iddia ərizəsində iddiaçı və Cavabdeh2 yaşayış ünvanları eyni - yəni, ünvan 4ilmişdir. İkincisi də işin materiallarından görünür ki, xx.xx.2021-ci il tarixli, 7775/3945/11-15-28 saylı məktubla Nərimanov Rayon İcra şöbəsinin icra məmuru Zaur Abdullayev tərəfindən Suraxanı Rayon Məhkəməsinin 2(010)-1630/2010 saylı, xx.xx.2010-cu il tarixli icra sənədi üzrə borclu olan İddiaçı məxsus Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi ünvanında yerləşən 41/3665 saylı torpaq sahəsi və Mercedes Benz E270 CDİ minik markalı **-ZM-*** dövlət qeydiyyatı nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə təqdimatla Nərimanov Rayon Məhkəməsinə müraciət etdikdən sonra həmin avtomaşın xx.xx.2021-ci il tarixdə Cavabdeh2 adına rəsmiləşdirilmişdir. İşin bu halı iş materiallarında olan Cavabdeh2 adına olan AE 155677 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin məzmunu ilə təsdiq edilir. Həmçinin iş materiallarında olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»dan görünür ki, Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi ünvanında yerləşən 41/3665 saylı torpaq sahəsi xx.xx.2021-ci il tarixdən, yəni, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1367/2021 saylı, xx.xx.2021-cı il tarixli qətnaməsinin qəbulundan 1 ay sonra Cavabdeh2 adına xüsusi mülkiyyət hüquu əsasında qeydə alınmışdır. Kollegiya iclasında iddiaçının nümayəndəsi qeyd edilən əmlakların Cavabdeh2 adına keçirilməsində məqsədin ailə münasibətlərinin bərpası və yaxşılaşdırılması məqsədi ilə edildiyini göstərsə də, kollegiya bu izahata tənqidi yanaşır və birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya şikayətinin dəlilləri əsasında yoxlamaqla yanaşı xüsusi olaraq qeyd edir ki, hər bir uşağın layiqli həyat tərzi yaşamağa hüquqi vardır və uşağın inkişafı üçün valideynlərin maddi və mənəvi dəstək olmaları onların vəzifəsi və borcudur. Mövcüd qanunvericilik normaları istənilən yaranmış vəziyyətdə uşağın mənafeylərinin daha üstün tutulmasını imperativ olaraq göstərir. Məhkəmə aliment tutularkən iddiaçının işləməsini, tərəflərin maddi və ailə vəziyyətini, hər bir uşağın öz anasının yanında yaşamasını, eyni zamanda diqqətəlayiq olan digər hallar nəzərə almaqla uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlamaqla əsas götürülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibətdə nəzərə çatdırır ki, uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün atanın aliment öhdəliklərinin yerinə yetirilməsinə cəlb edilməsi zamanı uşaqların maraqlarını və mənafeyini əks etdirən bütün diqqətəlayiq hallar xüsusən nəzərə alınmalı və atanın bir valideyn kimi uşaqlarının maddi cəhətdən təmin edilməsində daha aktiv şəkildə iştirak etməsini səjiyyələndirən xüsusatlar əsas götürülməlidir. Alimentin miqdarının dəyişdirilməsi zamanı əsas meyar kimi uşaqların maddi təminatının normal səviyyədə təmin edilməsi təşkil etməlidir. Digər tərəfdən, alimentin miqdarının dəyişdirilməsi məsələsi mübahisələndirilən zaman əsas meyar kimi tərəflərin ailə və ya maddi vəziyyətində dəyişikliyin olması aydınlaşdırılmalıdır. Birinci instansiya məhkəməsi alimentin miqdarını dəyişdirən zaman İ nikahdan olan uşağının tərbiyəsində və saxlanmasında ananın üzərinə daha çox yükün düşdüyünü və habelə tərəflərin maddi vəziyyəti ilə əlaqədar halları tam nəzərə almamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iddiaçının maddi vəziyyətində piçləşməyə doğru hər hansı hal müəyyən etməsə də onun digər aliment öhdəliklərinin olması əsası ilə Suraxanı rayon məhkəməsinin icra sənədi üzrə alimentin miqdarının azaltması nəticəsinə və iddiaçının alimentin miqdarının dəyişdirilməsi barədə iddia qaldırmaqda haqlı olması kimi qənaətə gəlməkdə haqlı olmamışdır. Belə ki, İddiaçı bir ata kimi övladının qayğısına qalmalı, onu zəruri vəsaitlə təmin etməli, onun təminatını əvvəlki kimi yüksək saxlamalı və bundan irəli gələn vəzifələrini layiqincə yerinə yetirməlidir. O, valideynlik vəzifələrinə malik olduğunu başa düşərək həm öz tələbatını, həm də bütün uşaqlarının tələbatını təmin etməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinini İİ-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İİİ hissəsinə görə analıq, atalıq, uşaqlıq qanunla qorunur. Həmin maddənin İV hissəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 3.0.4-cü maddəsinə əsasən ana və uşaqların mənafeyinin hərtərəfli müdafiəsini və hər bir uşağın xoşbəxt həyatının təmin edilməsi ailə qanunvericiliyinin ümdə vəzifələri kimi qeyd edilmişdir. “Uşaq Hüquqları haqqında” 19 may 1998-ci il tarixli Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 4-cü maddəsinə əsasən uşaq hüquqlarını müdafiə edən orqanlar, birliklər və təşkilatlar Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. “Uşaq Hüquqları haqqında” Azərbaycan Respublikası 19 may 1998-ci il tarixli Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. Həmin Qanunun 8-ci maddəsində qeyd edilir ki, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. “Uşaq hüquqları bəyənnaməsi”nin (BMT Baş Assambleyasının xx.xx.1959-cu il tarixli 1386 ( XİV) saylı qətnaməsi ilə elan edilmişdir) 2 saylı prinsipinə görə «Uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. Bu məqsədlərlə qanunlar qəbul edilərkən başlıca mülahizə uşağın mənafeyinin ən yaxşı şəkildə təmin edilməsi olmalıdır. Həmin Bəyənnamənin 4 saylı prinsipinə əsasən uşaq sosial təminatın faydalından istifadə etməlidir. O, sağlam böyümək və inkişaf etmək hüququna malik olmalıdır, bu məqsədlə o eləcə də anası, doğumdan əvvəl və sonra müvafiq qulluq daxil olmaqla, xüsusi qulluq və mühafizə ilə təmin olunmalıdır. Uşağın lazımi qidalanma, mənzil, əyləncə və tibbi xidmət hüququ olmalıdır. «Uşaq hüquqları haqqında» BMT-nin konvensiyasının (12 noyabr 1989-cu ildə qəbul edilib) 3-cü maddəsində uşaqları barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı da ata kimi öz borcunu yerinə yetirərək, uşaqlarının saxlanılmasında iştirak etməli və qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə müəyyən olunmuş aliment məbləğlərini ödəməlidir. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ilk iddia üzrə hazırki nəticəyə gələrkən iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, nəticədə tətbiq edilməli olan qanunu tətbiq etməyərək maddi və prosessual hüquq normalarını pozmaqla qətnamə qəbul etmişdir. Bu da qətnamənin ləğvi üçün əsasdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1 və 385.1.2-ci maddələrinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 iyun 2022-ci il tarixli e-2(004)-2586/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə, ilkin iddia tələblərinə dair mübahisələndirilən hissədə ləğv edilməli, İddiaçı Cavabdeh1 qarşı “alimentin azaldılması” iddia tələbi təmin edilməməlidir. Belə ki, hazırkı halda alimentin azaldılması qanunvericiliyin tələblərinə uyğun və məqsədəmüvafiq olmaması səbəbindən ilk iddia əsassızdır, ona görə də təmin edilə bilməz. Məhkəmə kollegiyası apellyatorun qarşılıqlı iddia ərizəsinin təmin edilməməsinə yönəlmiş dəlillərinə münasibətdə qeyd edir ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarında göstərilmişdir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. Qərarda qeyd olunmuşdur ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Kollegiya qeyd edir ki, uşağın özəl məktəbdə oxuması, cavabdehin maddi vəziyyətində əhəmiyyətli dəyişikliklərin olması müəyyən edilmədiyindən və qeyd olunan hallar iddia edən tərəfindən sübuta yetirilmədiyindən, birinci instansiya məhkəməsi qarşılıqlı iddia tələbini təmin etməməkdə haqlı olmuşdur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ilkin iddia ərizəsinə münasibətdə işin faktiki hallarını nəzərə almadan, mübahisəni tam, hərtərəfli və obyektiv araşdırmadan səhv nəticəyə gəlmişdir. Kollegiya qeyd edir ki, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” qərarının izahına əsasən istənilən məhkəmə aktının qanuni və əsaslı tanınması üçün zəruri şərt onun ədalətli olmasıdır, belə ki, ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsi ilə ədalətin qələbəsi aşkar görünməlidir Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «Cavabdeh2 şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qarşılılıqlı iddianın təmin edilməməsi hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, apellyatorun ödədiyi dövlət rüsumu onun özünə aid . Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384-386, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 iyun 2022-ci il tarixli e-2(004)- 2586/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə ləğv edilsin. İddiaçı Cavabdeh1 qarşı “alimentin azaldılması” iddia tələbi təmin edilməsin. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar